Bu gün, 08:56           
Ardını oxu...
Bu gün çox mühüm bir siyasi hadisələrin astanasındayıq. Qarşıdan xalqımız və dövlətçiliyimiz üçün böyük əhəmiyyət kəsb edən tarixi hadisə –15 oktyabr 2003-cü ildə Cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 21-ci ildönümü gəlir. Xalqımız ilk dəfə 2003-cü ildə cənab İlham Əliyevə səs verməklə Ulu Öndərimiz Heydər Əliyev siyasi kursunun davamına, xoşbəxt və firavan yaşayışının etibarlı şəkildə təmin edilməsinə dəstək verdi. Bu, ilk növbədə, xalqın müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevə olan inamının göstəricisi idi.
Çünki dahi şəxsiyyət seçkilərdən öncə - 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciət edərək tam əmin idi ki, müstəqil Azərbaycanın işıqlı gələcəyi üçün məyyənləşdirdiyi inkişaf konsepsiyasını məhz cənab İlham Əliyev uğurla davam etdirərək reallığa çevirə bilər: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Ümummilli liderin siyasi kursunun yeganə düzgün yol olduğunu görən vətəndaşların tam əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədi, Azərbaycan Respublikasının Baş naziri İlham Əliyevə səs verməklə bir daha düzgün seçim etdiyini təsdiqlədi. Bəli, bu günümüzdən dönüb ötən 21 ilə nəzər saldıqda Azərbaycanın nə qədər möhtəşəm inkişaf mərhələsi yaşadığının canlı şahidi oluruq.
Həmin dövrü Azərbaycanın yeni və parlaq inkişaf mərhələsi, Prezident İlham Əliyevin isə onun memarı adlandırılması üçün bütün əsasların olduğunu indi hamı birmənalı şəkildə təsdiq edir. Ötən dövr bir daha sübuta yetirdi ki, Azərbaycan xalqı 2003-cü ildə tariximizin yeni mərhələsinin ən mühüm qərarını qəbul edərək, ölkəyə Heydər Əliyev miqyasında olan siyasətçidən sonra yeni lider və prezident seçərkən özünə xas müdrikliyinə əsaslanan yeganə düzgün seçimini edə bilmişdir. Bu, yeni əsrin Qalib Lideri, Prezident İlham Əliyevdir.
Bəli, 2003-cü ildən bu günə qədər Azərbaycan sürətli inkişaf dövrü yaşayır və Ümummilli lider Heydər Əliyev siyasəti uğurla davam etdirilir. Ötən 21 il ərzində, Ulu Öndər Heydər Əliyevin hüquqi-demokratik və dünyəvi dövlət quruculuğuna yönəldilmiş müstəqillik siyasətini qətiyyətlə həyata keçirən Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü.
Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. 5 ildə gördüyü işlər Onun 2008-ci il 15 oktyabr prezident seçkilərində 88,73 faiz səs qazanmasına imkan yaratdı. 2013, 2018 və 2024-cü il prezident seçkilərində də qələbəsini təkrarlaması hər bir vədini konkret əməli işdə təsdiqləməsi ilə şərtləndirdi. Xalq-iqtidar birliyi uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə geniş imkanlar açır.
Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkəmiz 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü ilə kimi sədrlik etməsi ilə bir ilkə imza atdı. Ölkəmizin son üç ildə istər İkinci Qarabağ müharibəsi, istərsə də COVID-19 pandemiyası ilə mübarizə dövründə qazandığı uğurlar, atdığı addımlar ona olan etimadın daha da yüksəlməsini şərtləndirdi.
Ordu quruculuğu məsələlərinin dövlət siyasətinin prioriteti kimi müəyyən olunması illər sonra öz nəticəsini göstərdi və Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. 2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər güclü müdafiə sənayesi qurulmasını şərtləndirdi. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı.
Dövlətimizin başçısı İlham Əliyev 44 günlük müharibə dövründə xalqa müraciətlərində, eyni zamanda, 10 noyabr Zəfər tariximiz münasibətilə xalqa təbrikində Qələbəmizdə iqtisadi və siyasi müstəqilliyin rolunu da xüsusi qeyd etmişdir.
Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyi, ən əsası Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu Azərbaycan Ordusunun döyüş meydanında qələbəsinə yol açdı. Azərbaycan dünyaya sübut etdi ki, beynəlxalq hüququn norma və prinsipləri mövcuddur və onların icrası üçün vahid mexanizm olmalıdır. Bu Qələbə dünyanın yeni xarici siyasətinin formalaşmasında, yeni reallıqların yaradılmasında əhəmiyyətli rol oynadı.
Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan torpaqlarının işğaldan azad edəcəyi vədini şərəflə yerinə yetirdi. Cənab İlham Əliyev daim bildirirdi ki, mən nəyi nə zaman etmək lazım olduğunu bilirəm.
Ölkə Prezidenti bütün təzyiqlərə baxmayaraq qətiyyətli mövqeyindən bir addım da belə geri çəkilmədi, işğalçı Ermənistanın baş nazirinin irəli sürdüyü 7 şərtə cavab olaraq yalnız bir şərti qoydu ki, o da erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxmaları idi. 300-ə qədər yaşayış məntəqəsi, 5 şəhər, 4 qəsəbə, xeyli sayda strateji yüksəkliklər işğaldan azad edildikdən sonra diz çökən Ermənistan çıxılmaz vəziyyətdə qaldı. Ya tamamilə məhv olmalı idi, ya da Bəyanata imza atıb məğlubiyyətini etiraf etməli idi. Noyabrın 10-da imzalanan Bəyanat Azərbaycanın 30 ilə yaxın dövrdə gözlədiyi anın dünyaya təqdimatı oldu.
Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən Zəfəri Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı.
Bəli, bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. 44 günlük Zəfər Qələbəsi “Qarabağ Azərbaycandır və nida işarəsi”- söyləyən Prezidentimiz son 21 ildə - hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdiyinin sübutudur.
Beləliklə, 2003-2024-cü il tariximizin inkişafla başlayıb zəfərlə davam edən ən qüdrətli mərhələsi olmaqla Azərbaycan bundan sonra növbəti illərdə də Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən siyasəti və müdrik rəhbərliyi ilə daim inkişaf edəcək.

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru

 
Ardını oxu...
Ermənistan MDB-yə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının toplantısında qəbul olunan iki bəyanatın müzakirəsinə qatılsa da, sonradan bu sənədləri imzalamaqdan imtina edib.

APA-nın xəbərinə görə, bunu ənənəvi brifinqində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O bildirib ki, həmin bəyanatlar hazırlanarkən rəsmi İrəvanın təkliflərinin əksəriyyəti nəzərə alınıb.

Zaxarova həmçinin rəsmi İrəvanın sözügedən sənədləri imzalamamasının səbəbləri barədə suala qısa cavab verib: "Bu sualı onların özünə ünvanlayın”.

Qeyd edək ki, sözügedən qurumun son iclasında iştirak edən Ermənistanın nümayəndə heyəti "Avrasiya regionunda təhlükəsizliyin təmin olunmasının prinsipləri” və "Beynəlxalq Əlaqələrin qurulması zamanı təktərəfli tədbirlərin həyata keçirilməsi” barədə bəyanatları imzalamayıb.
 
Ardını oxu...
ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris Rusiyanın Ukraynaya müdaxiləsi ərəfəsində Ukrayna lideri Volodimir Zelenskidən "əsir götürüləcəyi və ya öldürüləcəyi” halda "varislik planı” hazırlamasını tələb edib.

Qaynarinfo "The Washington Post”a istinadən xəbər verir ki, bu barədə Pulitzer mükafatı laureatı jurnalist Bob Vudvordun "Müharibə” adlı yeni kitabında deyilir.

Vudvordun sözlərinə görə, Harris 2022-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransında Zelenski ilə bu mövzuda söhbət edib. Eyni zamanda, jurnalistin yazdığı kimi, ABŞ-ın hazırkı prezidenti Co Bayden administrasiyası üçün Rusiya prezidenti Vladimir Putinin işğala qərar verəcəyinə inanmaq asan olmayıb. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Baydenə gözlənilən təcavüzlə bağlı Amerika kəşfiyyat məlumatlarını təqdim edərkən, Amerika prezidenti bunu "dəlilik” adlandırıb. "Aman Tanrım, indi Ukraynanı işğal edən Rusiya ilə məşğul olmalıyam?" - Baydenin dediyi iddia edilir.

Bundan əvvəl "Time” jurnalı yazıb ki, Harris Ukraynada hərbi əməliyyatların başlamasından bir həftə əvvəl Zelenskiyə silah verməkdən və Rusiyaya qarşı qabaqlayıcı sanksiyalar tətbiq etməkdən imtina edib. Nəşrin yazdığına görə, siyasətçilərin Münhen Konfransındakı görüşü onların "heç vaxt xüsusilə isti olmayan” gələcək münasibətlərinin tonunu müəyyən edib.
 
Ardını oxu...
Belə ki, gələn ilin yanvarın 1-dən etibarən Ermənistan-İran və Ermənistan-Türkiyə sərhəd xətləri boyunca xidmət Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti ilə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin hərbçiləri tərəfindən birgə təşkil olunacaq.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) sərhədçiləri Ermənistanın Türkiyə ilə sərhədinin qorunmasını rusiyalı həmkarları ilə birgə təmin edəcəklər.

Ermənistanla İranın sərhəd bölgəsində yerləşən nəzarət-buraxılış məntəqəsində isə bilavasitə Ermənistan sərhədçiləri keşik çəkəcək.

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti İrəvanın “Zvartnots” keçid məntəqəsində dövlət sərhədinin mühafizəsi funksiyasını bu il avqustun 1-də Ermənistan tərəfinə verib.
Ardını oxu...
“Heç kim zəmanət vermir ki, təzə gələn rəhbərlik Ermənistanda bu qaydaları və konstitusiyanı yenidən dəyişməyəcək”

Azərbaycanın Ermənistanla sülh imzalaması üçün qoyduğu əsas şərtlərdən biri olan Konstitusiya dəyişikliyi məsələsi ilə bağlı maraqlı vəziyyət yaranıb. Rəsmi Bakı bildirmişdi ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasında, Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadın ləğv olunması, bunun üçün isə konstitusiyanın dəyişdirilməsi vacibdir. İrəvan ötən aylarda bu məsələyə bir neçə dəfə toxunaraq, yaxın zamanlarda referendum keçirilməsinin mümkün olmadığını bəyan etmişdi.

Bu günlərdə Ermənistan Konstitusiya Məhkəməsi məsələyə baxaraq, öz şərhini elan edib. Belə məlum olur ki, rəsmi İrəvan referendum keçirmədən, asan yolla problemi “həll etməyə” çalışır. Məhkəmənin qərarı ilə Bəyannamədə yer alan ərazi iddialarının hüquqi qüvvəsinin olmadığı elan edilib. Rəsmi açıqlamada bildirilir ki, Müstəqillik Bəyannaməsi Konstitusiya qəbul olunandan sonra əhəmiyyətini itirib, bəyannamənin Konstitusiyada açıq şəkildə əks olunmayan müddəalarının hüquqi qüvvəsi yoxdur və Azərbaycanın Ermənistan qanunvericiliyinə qarşı iddia irəli sürmək üçün əsası yoxdur.

“Məhkəmə qərarında... Azərbaycan ərazilərinə iddianı ehtiva edən Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın əks olunduğu preambulanın konstitusiyanın ayrılmaz hissəsi kimi əhəmiyyəti vurğulanıb. Xüsusən də, məhkəmə qərarında preambula və dolayısı ilə Müstəqillik Bəyannaməsi “erməni dövlətçiliyinin əsas prinsipləri” kimi səciyyələndirilib və onların dəyişilməz müddəalar olduğu qeyd edilib ki, bu da Ermənistanın Azərbaycan ərazilərə qarşı iddialarından irəli gələn təhdidi daha da artırır".

Yaranmış vəziyyət sülh danışıqlarına necə təsir göstərəcək? Hüquqi və siyasi baxımdan Ermənistan Konstitusiya Məhkəməsinin qərarı Azərbaycanın tələbinin yerinə yetirilməsi sayıla bilərmi?

Mövzu ilə bağlı Pressklub.az-a açıqlama verən hüquqşünas Xalid Ağaliyevin sözlərinə görə, Ermənistan Konstitusiya Məhkəməsi bu ölkənin konstitusiyasına nəzarət baxımından ən yüksək pillədə duran məhkəmə quruluşudur: “Hüquqi baxımdan, onun qərarlarının icrası həmin qərarların qüvvəyə minməsindən sonra məcburidir və ona qeyd-şərtsiz əməl edilməlidir. Konstitusiyanın Konstitusiya Məhkəməsinin qərar verməsinə səbəb olan norması dəyişdirildiyi hallarda, məhkəmənin qərarı qismən, yaxud da tamamilə qüvvədən düşür. Konstitusiya Məhkəməsi haqqında qanunda “məhkəmənin baxıb, qərar verdiyi məsələlərə yenidən baxıla, qərar verilə bilməz” göstərişi də yoxdur”.

Müsahibimiz deyir ki, məhkəmənin hazırkı heyəti iki ölkə arasındakı danışıqlarda açar nöqtə sayılan məsələyə aydın şərh verib, Ermənistanın konstitusion sərhədlərinin cizgisini çəkib, Qarabağın bu cizgiyə heç bir aidiyyatının olmadığını ifadə edib.

“Daha detallı ifadə etsək, Ermənistanın müstəqillik sənədi Konstitusiyadan əvvəl qəbul edilib, daha sonra qəbul edilmiş Konstitusiyanın müddəalarının Qarabağ torpaqlarına hər hansı iddia ehtiva etmədiyi şərhi qəbul olunub. Ümumiyyətlə isə bu, hüquqdan çox, siyasi məsələdir. Tutarlı arqumentlərə söykənərək, “bu qərarın bir daha dəyişdirilməyəcəyinin, fərqli heyətin fərqli qərar verəcəyinin qarantiyası yoxdur”, “bu çətinlik aşıldı” deyilə də bilər, fərqli yanaşma ortaya qoyula da bilər” – hüquqşünas bildirib.

“Ermənistan Konstitusiya Məhkəməsinin qərarı dövlətin adından verildiyi üçün qəbul ediləndir. Bu, Azərbaycanın istəyinin yerinə yetirməyə yönəlmiş ən qısa yoldur”.

Bu sözləri isə politoloq Xaqani Cəfərli saytımıza açıqlamasında deyib.

Onun sözlərinə görə, konstitusiyada dəyişiklik etməyin bir neçə yolu var, onlardan biri də məhkəmə qərarıdır. Azərbaycanın ərazisinin bir hissəsini Ermənistan torpağı kimi göstərən qanunvericilik aktlarının ləğvi və ya qüvvədən salınması sülhün əldə olunması ehtimalını daha da artır: “Ancaq tərəflər arasında mübahisələrin tamamilə aradan qalxdığını söyləmək çətindir. Çünki bölgədə sülhə maneə olan qüvvələr hələ güclüdürlər və sülhə imkan vermirlər. Buna görə də tərəflər müxtəlif məsələləri bəhanə etməklə hələlik sülh müqaviləsi imzalamayacaqlar. Məncə, sülh prosesi ABŞ-dəki prezident seçkilərindən sonra sürətlənəcək”.

Digər müsahibimiz, politoloq Mətin Məmmədli isə deyir ki, Ermənistan Konstitusiya Məhkəməsinin qərarı Azərbaycanı heç vaxt qane edə bilməz, çünki biz həmin qərarı əsaslı hesab etmirik və Konstitusiya şurası qərara gələcəkdə yenidən baxa, ona fərqli şərh verə bilər.

“Məsələnin köklü həlli Ermənistan Konstitusiyasında dəyişiklik edilməsidir. Bunun üçün də referendum keçirilməlidir. Belə olarsa, gələcəkdə konstitusiyaya yenidən baxılması və həmin bəndin dəyişdirilməsi o qədər də asan olmayacaq. Bizim üçün önəmli olan Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarının aradan qaldırılmasıdır” - deyə, politoloq sonda bildirib.

Hərbi-siyasi ekspert Azad İsazadə də düşünür ki, Konstitusiya məhkəməsi bu gün hansısa qərar qəbul edibsə, sabah onunla bağlı fərqli qərar da qəbul edə bilər: “Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad olunur, orada isə göstərilir ki, Qarabağ Ermənistanın torpağıdır və qadağa qoyulub ki, Ermənistanın heç bir rəhbərliyi Qarabağ məsələsini təkbaşına həll edə bilməz. Yəni bu məsələ Qarabağda yaşayan erməni əhali ilə birgə müzakirə olunmalıdır. Bu məqamlar öz yerində qalır və dəyişdirilməyib”.

A.İsazadənin fikrincə, heç kim zəmanət vermir ki, təzə gələn rəhbərlik Ermənistanda bu qaydaları və konstitusiyanı yenidən dəyişməyəcək. Deyirlər ki, Ermənistan 2027-ci ildə konstitusiya ilə bağlı referendum keçirməyi planlaşdırır. Bu isə o deməkdir ki, 2027-ci ilə qədər sülh müqaviləsinin imzalanması çətinləşəcək.
 
Ardını oxu...
Rusiya lideri Vladimir Putin oktyabrın 8-də MDB sammitindən əvvəl Kremldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli görüşlər keçirəcək.
Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə məlumat verib.

O qeyd edib ki, görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələləri müzakirə olunacaq.
 
Ardını oxu...
Oktyabrın 1-də Cimmi Karterin 100 yaşı tamam oldu.
Karter tarixdə bu yaşa çatmış ilk Amerika prezidentidir.
O, həm də xəstəxanada doğulmuş ilk ABŞ prezidentidir.
Onun səyləri nəticəsində Misir və İsrail arasında Kemp-Devid Sülh müqaviləsi (1978) imzalandı.
Bu fəaliyyətinə görə Karter Nobel Sülh mükafatına (2002) layiq görüldü.
Sovet Ordusunun Əfqanısatan girməsinə cavab olaraq Karter SSRİ-yə sanksiyalar tətbiq etdi, 1980 Moskva Olimpiadasını boykot etdi.
O dövrün insanları xatırlayacaqlar, Bakı məktəblərinin şagirdlərinə Olimpiadaya yardım üçün butulka gətirilməsini əmr etmişdilər.
Müəllimlər nə qədər təzyiq etsə də bir butulka belə gətirmədim məktəbə…
Məhz Karterin prezidentliyi dövründə Sovet sistemi çat-çat çatlamağa başladı və qısa bir zaman içində də dağılıb getdi.
Tarixçilər Karter və onun Dövlət katibi Zbiqnev Bzejinskinin Soveti yıxan əsas insanlar olaraq görürlər…
Cimmi Karter peşəkar hərbiçidir, elitar Hərbi Dəniz Akademiyası məzunudur.
Doğum günündə də ailəsi Karteri qoca arabasında Plains şəhərindəki evinin həyətinə çıxardılar ki, eks-prezident hərbi təyyarələrin uçuşunu seyr etsin.
Amerikan tarixinin ən yaraşıqlı prezidentlərindən sayılan Karterin əldən-ayaqdan düşmüş acınacaqlı görüntüsü milyonlarla insanın ürəyini sancdı.
100 yaşındakı bir insanın bu görüntüsü ağlıma “Bir insana 100 yaşa demək nə dərəcədə yaxşı diləkdir?” sualını gətirdi.
Mən dostlarıma adətən “Yaxşı və uzun yaşa” arzulayıram.
Zənnimcə, bu daha uyğun diləkdir.
Yaxşı yaşayın, uzun və sağlıqlı yaşayın!
https://t.me/ibrahim_nebioglu

 
       
Ardını oxu...
Üzv dövlətlər arasında mədəni-humanitar əməkdaşlıq sahəsində mandata malik olan Beynəlxalq Frankofoniya Təşkilatının (BFT) Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur.

Bu barədə XİN məlumat yayıb.

Fransa Azərbaycanın üzv olmadığı bu təşkilatda onun suverenliyi və ərazi bütövlüyünü hədəf alan müddəaları təşkilatın sammitinin qətnaməsinə daxil etmək üçün sədrlik statusunu kobud şəkildə istismar etmiş, çoxtərəfli diplomatik formatlarda sənədlərin hazırlanması ilə bağlı ümumi qəbul edilmiş praktikanı və elementar çoxtərəfli danışıq qaydalarını açıq şəkildə pozaraq, bir neçə üzv dövlətin məlum müddəalarla bağlı təkliflərini müzakirə etməyə belə imkan verməyib.

Nəticə etibarilə, Ermənistan tərəfinin guya BFT Sammitində qəbul olunduğunu iddia etdiyi müddəalar əslində təşkilatda konsensus qazanmayıb, bəzi müddəalara etiraz olaraq sənədə qeyd-şərt əlavə edilib.

Beləliklə, hətta Azərbaycanın üzv olmadığı bir platformada belə Ermənistanın özünün saxta hekayələrini beynəlxalq ictimaiyyətə qəbul etdirmək cəhdləri Fransanın açıq dəstəyinə baxmayaraq iflasa uğrayıb.

Qərar qəbuletmə qaydalarının açıq-aşkar pozulması yolu ilə əslində mədəni-humanitar məsələlərin müzakirəsi üçün nəzərdə tutulmuş bir təşkilatın sənədinə konsensus əldə edilmədən salınmış, Ermənistan tərəfinin “diplomatik qələbə” kimi təqdim etməyə çalışdığı sözügedən müddəaların heç bir siyasi və hüquqi dəyəri yoxdur.

BFT çərçivəsində baş verənlər Ermənistanın sülh prosesində maraqlı olmadığını, mümkün hər fürsətdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qəsd etmək niyyəti güddüyünü və Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürü kimi dəyərləndirilməlidir.

Azərbaycan tərəfi Fransanın açıq təhdid və şantajlarına rəğmən, beynəlxalq hüquqa və BFT-nin humanitar mandatına dönməz sadiqlik göstərərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü hədəf alan və normallaşma prosesinə xələl gətirən pozucu fəaliyyətə qətiyyətlə qarşı çıxdıqlarına görə tərəfdaş BFT üzv dövlətlərinə təşəkkürünü bildirir.

Azərbaycan tərəfi Ermənistanı bu kimi pozucu addımlardan əl çəkməyə, normallaşma prosesinin məntiqi sonluğa çatdırılması yolunda qalan əngəlləri, ilk növbədə bu ölkənin konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddiaları ehtiva edən müddəaları dəyişmək istiqamətində siyasi iradə və məsuliyyət nümayiş etdirməyə çağırır.

Ermənistan tərəfi ya bu yolla normallaşma prosesini yekunlaşdırmaq ya da bütün müstəvilərdə qarşıdurmanı davam etdirmək arasında seçim etməlidir. Azərbaycan tərəfi özünün irəli sürdüyü və siyasi müdriklik və məsuliyyət hissi ilə ardıcıl şəkildə irəlilətdiyi normallaşma prosesinə sadiqdir.
 
Ardını oxu...
Rusiyalı milyarder İvanişvili Gürcüstanı yenidən Rusiyanın “qucağına” oturdur

Ukraynada müharibəyə başlayan Rusiya beynəlxaslq aləmdən təcrid edildi. Lakin dünyanın bir sıra ölkələrində 2022-ci ilin fevralından sonra Rusiyanın təsiri zəifləmədi, əksinə artdı. İran və Şimali Koreya Rusiyanın müttəfiqi oldu. Xüsusilə, Rusiyanın təcavüzündən qorxan və çox ehtiyatlı siyasət yürütmək məcburiyyətində qalan Qazaxıstanda, ümumiyyətlə, Orta Asiya respublikalarında mövqeləri güclənib. Rusiyanın Azərbaycandakı mövqeləri də gücləndi, amma Putin uzunmüddətli müttəfiqi Ermənistanı faktiki olaraq təslim etdi.

Lakin Gürcüstan xüsusilə güclü şəkildə Rusiyaya doğru irəliləyir. Deyəsən, belə bir nəticəni heç bir hal qabaqcadan göstərmirdi. Hələ 2000-ci illərin ortalarında Gürcüstan Avropa İttifaqına (Aİ) daxil olmaq niyyətini açıq şəkildə ifadə etdi və 2023-cü ildə Aİ üzvlüyünə namizəd statusu aldı. Gürcüstan artıq 7 ildir ki, Şengen ölkələri ilə vizasız rejimə malikdir. 2008-ci ildən Gürcüstan və NATO arasında əməkdaşlıq ölkəyə hərbi infrastrukturunun bərpasına kömək etmək məqsədilə başladı.

Gürcüstan vətəndaşlarının hissləri

Artıq on il yarımdır ki, Gürcüstan siyasətinin Qərb vektoru ölkə vətəndaşları tərəfindən birmənalı şəkildə dəstəklənir. 2023-cü ilin sonunda NDI və “CRRC Georgia” tərəfindən sorğuda iştirak edənlərin 79 faizi Gürcüstanın Aİ-yə qoşulması ideyasını dəstəkləyib. NATO-ya üzv olmaq lehinə respondentlərin payı da yüksək olaraq qalır (67%), baxmayaraq ki, on il əvvəl bu rəqəm 81%-ə çatırdı.

Gürcüstan siyasətinin Qərb vektorunun tərəfdarlarının payının bir qədər azalması 2012-ci ildən hakim partiya olan “Gürcü arzusu”nun son illərdə xeyli gücləndirdiyi sistemli anti-Qərb təbliğatının nəticəsidir. 2022-ci ildən Gürcüstan siyasətinin vektorunun qərbyönlü olması lazım olduğuna inanan respondentlərin payı 47%-dən 37%-ə qədər azalıb. Gürcüstanın qərbyönlü siyasət yeritməklə Rusiya ilə yaxşı münasibətləri saxlamalı olduğuna inananların payı isə 31%-dən 36%-ə yüksəlib.

Bununla belə, Qərb vektorunu Gürcüstan vətəndaşlarının 73%-i dəstəkləyir. Əksinə, Gürcüstanın xarici siyasətinin rusiyayönümlü olması (NATO və Aİ ilə yaxşı münasibətləri olan və ya olmayan) hesab edən respondentlərin payı 10%-i keçmir. 2008-ci ildə Rusiya ilə müharibə yaşayan və ərazisinin 20%-ni itirən bir ölkədən başqa nəsə gözləmək çətin olardı.

Gürcüstan vətəndaşlarının əksəriyyəti (51-52%) hesab edir ki, Gürcüstanın milli təhlükəsizliyinə ən mühüm təhdidlər Rusiyadan gəlir. Digər sorğuda isə respondentlərin 77%-i Rusiyanı Gürcüstan üçün milli təhlükəsizliyə “ən mühüm təhdid” sayıb.

Rusiya ilə dialoqa tam dəstək verənlərin payı son 8 ildə iki dəfə azalaraq 65%-dən 33%-ə (xüsusilə gənclər arasında 21%-ə) düşüb. Gürcüstan vətəndaşlarının dörddə üçü Rusiyanın Gürcüstana təcavüzünün davam etdiyinə inanır.

Belə bir şəraitdə Gürcüstan liderləri ardıcıl olaraq ölkəni Rusiya orbitinə yaxınlaşdırmağa necə nail olurlar?

Demokratiyadan geri çəkilmə

Rusiya ilə yaxınlaşmanın əsas hərəkətverici qüvvəsi “Gürcü Arzusu”nun qeyri-rəsmi lideri və sərvətini 1990-2000-ci illərdə Rusiyada qazanan oliqarx Bidzina İvanişvilinin siyasəti olub. Rusiyanın biznes aləmindən çıxdığını elan etsə də, İvanişvili Rusiya ilə sıx əlaqədə qalır. Bu isə o deməkdir ki, İvanişvili Kremlin təzyiqinə məruz qalır. Gürcüstan Rusiya Federasiyasına qarşı sanksiyalardan faydalanır: son on ildə Rusiyanın Gürcüstanın xarici ticarətindəki payı 4-5%-dən 11-13%-ə qədər artıb. Mixail Saakaşvilinin 10 illik hakimiyyətdən sonra geridə qoyduğu demokratik institutlar isə o qədər də sabit deyil. Bu, İvanişviliyə Gürcüstanın siyasi sistemini getdikcə avtoritar sistemə çevirməyə imkan verir.

Gücünü maksimuma çatdırmağa və hakimiyyət müddətini uzatmağa çalışan “Gürcü arzusu” və onun formalaşdırdığı hakimiyyət müxalifət mediasının fəaliyyətini məhdudlaşdırır, seçiciləri rüşvətlə ələ alır, seçkilərdə inzibati resurslardan sui-istifadə edir, iqtidardakı mövqeləri və biznesi dostlarına, həmfikirlərinə paylayır. “Gürcü arzusu” əslində məhkəmə sistemini icra hakimiyyətinə tabe etdirdi.

“Gürcü arzusu”nun başlatdığı təbliğat Brüssel və Vaşinqtonu Gürcüstanın düşməni kimi təqdim edir: guya onlar ölkənin Rusiyaya qarşı “ikinci cəbhə” açılmasında maraqlıdırlar. Təbliğat gürcü vətəndaşlarının (ölkədə pravoslavlıq çox güclüdür) dini hissləri üzərində məharətlə oynayır, gəncləri qocalara, ənənəvi dəyərlərin tərəfdarlarına və müasir baxışların tərəfdarlarına qarşı qoyur.

İvanişvili qeyri-sabit demokratiyanı avtokratiyaya çevirmək üçün bir çox üsulları onun diqqətli və istedadlı tələbəsi kimi çıxış edərək Putindən götürdü. Avtoritar idarəçiliyə doğru sürüklənmədə ən mühüm mərhələ 2024-cü il “Xarici təsir agentləıri haqqında” Qanun oldu. Qanun yalnız rus dilindən tərcümə edilmir, hətta bütün podratçıların və qeyri-kommersiya təşkilatlarının işçilərinin şəxsi məlumatlarının tam açıqlanmasını tələb edən şiddət baxımından onu üstələyir.

Gürcüstan kiçik ölkədir (3,7 milyon nəfər) və kiçik iqtisadiyyata malikdir (2023-cü ildə ÜDM - 31 milyard dollar). Onun qeyri-kommersiya sektoru üçün Avropa və Amerika fondlarından maliyyələşmə prinsipial əhəmiyyət kəsb edir və vəsaitlərin 95%-ni təşkil edir. Gürcüstanda da müxalifət mediası əsasən xaricdən maliyyələşir. Ölkənin siyasi sistemində avtoritar meyillər ildən-ilə artır və fondlar hakimiyyəti tənqid edən media və QHT-ləri açıq şəkildə maliyyələşdirə bilmir. İvanişvili Putindən nümunə götürərək, xaricdən itirilmiş maliyyəni “əvəz etməklə” hökumətə sadiq QHT-ləri maliyyələşdirəcək fond yaratdı.

Gürcüstanda iki partiya - hakim “Gürcü arzusu” və Saakaşvilinin yaratdığı Vahid Milli Hərəkat istisna olmaqla, siyasi partiyalar o qədər də populyar deyil. Seçicilərin əksəriyyəti (respondentlərinin 62%-i) gənclərin 69%-i ilə müqayisədə heç bir partiyanın onların maraqlarını təmsil etmədiyini deyir. Bu, QHT-ləri İvanişvili rejiminin əsas tənqidçilərinə çevirir. Gürcüstan QHT-ləri müxalif siyasi partiyalarla sıx əlaqədədir. Hakimiyyət bundan çox narazıdır.

“Xarici agentlər” haqqında qanuna qarşı irimiqyaslı etirazlar olmasaydı, 2023-cü ildə qəbul ediləcəkdi. Onların intensivliyi 2024-cü ildə azalmayıb, lakin bir aydan az vaxt qalan parlament seçkilərinə qədər hakimiyyət Gürcüstan vətəndaş cəmiyyətini müstəqillikdən məhrum etməli olan qanunun irəli sürülməsində daha qətiyyətli olub.

İvanişvilinin planı kifayət qədər şəffafdır. Milyarder Qərbi, Gürcüstan müxalifətini və QHT-ləri Rusiyaya növbəti zərbə vurmaq üçün Gürcüstanı qurban verməyə hazır olan qlobal birləşmiş “müharibə partiyası” kimi təqdim edir. İvanişvilinin ritorikası Macarıstanın Baş naziri Viktor Orbanın çıxışlarını xatırladır - bir fərqlə ki, Gürcüstanın belə bir siyasəti ilə Aİ-yə daxil olmaq şansı yoxdur və Rusiya ona Macarıstandan bir neçə dəfə güclü təzyiq göstərə bilər.

Seçkilərdə qalib gələn İvanişvili həm müxalifəti, həm də onunla əlaqəli vətəndaş cəmiyyəti strukturlarını dərhal ləğv etmək imkanı əldə edəcək: onlara “Gürcüstanın düşmənləri” kimi damğa vurulacaq. Onun gücü mübahisəsiz olacaq.

Həlledici seçkilər

Gürcüstan parlamentli respublikadır, lakin ölkənin partiya sistemi son dərəcə zəifdir. Müxtəlif sorğulara görə, “Gürcü arzusu”nun tərəfdarlarının təxminən 20-30%-i var. Ən böyük müxalifət partiyası olan Saakaşvilinin Vahid Milli Hərəkatının səsi iki dəfə çoxdur. Lakin onun nəhəng mənfi reytinqi var: bir çox gürcü Saakaşvilini tiranlıqda və təhlilsiz özbaşına qəbul edilən qərarlarda günahlandırır. Bir neçə kiçik müxalifət partiyası var ki, cəmi 1-4% səs toplayır.

“Qafqaz barometri”nin məlumatına görə, 2024-cü ilin yazında seçicilərin 21%-i “Gürcü arzusu”na (2021-ci ildə - 24%), bütün müxalif qüvvələrə birlikdə 19%-i (2021-ci ildə - 32%) səs verməyə hazırdır. Seçki üstünlükləri ilə bağlı suala cavab verməkdən boyun qaçıranların və bütün partiyalardan məyus olanların payı nəzərəçarpacaq dərəcədə artıb.

Gürcüstanın müxalifət siyasətçiləri arasında birləşmə ilə bağlı son vaxtlara qədər dəfələrlə aparılan danışıqlar uğurla nəticələnməyib. Bu, İvanişvili üçün son dərəcə əlverişli situasiyadır. Əslində bu, onun parlamentdə “Gürcü arzusu”nun varlığını gücləndirməsinə yol açır.

Vəziyyəti çətinləşdirən seçicilərin güclü affektiv qütbləşməsidir: seçicilərin üçdə biri əmindir ki, onlara qarşı çıxan siyasi düşərgə ölkənin maraqlarına uyğun işləmir. Qütbləşmə ən çox kəndlərdə yaşayan yaşlı insanlar, daha çox dindar insanlar və dövlət sektorunda işləyən insanlar üçün xarakterikdir. “Gürcü arzusu” onları hərəkətə gətirməyə, demokratik düşərgənin müharibə və ənənəvi gürcü dəyərlərinin rədd edilməsini istədiyini göstərməyə çalışır. Bir çox cəhətdən o, uğur qazanır.

Demokratiya tərəfdarlarının yeganə ümidi müxalifətin son vaxtlar Gürcüstan Prezidenti Salome Zurabişvili ətrafında birləşmək cəhdlərindədir. Lakin müxalifət qüvvələrinin tam birləşməsi mümkün görünmür (“üçüncü qüvvə” yarada biləcək əsas partiyalar razılığa gələ bilmədilər) və indiki formada “Gürcü arzusu”na ciddi rəqib ola bilməyəcək. Amma bir çox seçiciləri özündən uzaqlaşdıran odioz Vahid Milli Hərəkatın birləşmiş müxalifətə daxil olmaması vacibdir. Son sorğulara görə, respondentlərin 30-35%-i “Gürcü arzusu”na, 25-30%-i isə müxtəlif müxalifət birliklərinə səs verəcək.

“Hakimiyyətdə olan partiya” əsas mediaya nəzarət edir, dövlət işçilərinə təzyiq göstərir və dindarları Avropada əxlaq azadlığı ilə hədələyərək fəal şəkildə öz tərəfinə çəkməyə çalışır. Bu məqsədlə Gürcüstan Parlamenti sentyabrda LGBT təbliğatını qadağan edən homofob qanun qəbul edib.

Sentyabrda partiyasının seçkilərdə qalib gəlməsinə kömək etmək üçün yenidən siyasətə qayıdan İvanişvili sürpriz addıma əl atıb. O, bəyan edib ki, Gürcüstan Cənubi Osetiyadakı müharibəyə görə üzr istəməlidir. Milyarder müharibə başlamasına səbəb olan keçmiş hakim, indiki müxalif Vahid Milli Hərəkat Partiyasına “Gürcüstan Nürnberqi” vəd edib. Gürcüstanda bu mövqe son dərəcə qeyri-populyardır - Gürcüstan vətəndaşları Cənubi Osetiya və Abxaziyadakı müharibələrdə özlərini günahkar hesab etmirlər.

Amma belə bir mövqe Rusiya ilə yaxınlaşmağa ümid edən və onun peykləri olan Abxaziya və Cənubi Osetiyanı keçmişi unutmağa, Gürcüstanla hansısa müttəfiqliyə girməyə vadar edəcəyinə ümid edən “Dream” tərəfdarlarında rezonans doğura bilər. Düzdür, bu, Rusiyanın himayəsində olan ittifaq olacaq ki, orada Gürcüstan müstəqil xarici siyasət apara bilməyəcək.

Gürcüstanda seçkilərə hazırlıq çoxlu sayda pozuntularla davam edir və Aİ-nin bu ölkədəki səfiri seçkilərin Avropa İttifaqı tərəfindən tanınmayacağını istisna etməyib. Aİ Gürcüstan vətəndaşlarının vizasız girişini dayandırmaq barədə də düşünür ki, bu da ölkə üçün böyük zərbə olacaq. Xaricdə bir milyona yaxın Gürcüstan vətəndaşı var, onların da əksəriyyəti Aİ ölkələrindədir (İtaliya, Yunanıstan, Almaniya, Fransa, Belçika).

Amerika səfiri Gürcüstandakı son hadisələrlə bağlı da çox sərt açıqlamalar verib. Amma Gürcüstan seçkilərindən sürpriz gözlənilir. Müxalifətin seçkilərdə hakim partiyanın alacağı səsdən daha çox səs toplamaq şansı var. Bu halda səslərin hesablanması zamanı çoxlu qanun pozuntuları olacaq və müxalifət seçkinin nəticələrini tanımayanda küçə toqquşmalarının baş verməsi ehtimalı böyükdür. 2024-cü ilin yazında “Xarici agentlər” haqqında qanuna qarşı keçirilən mitinqlərin dağıdılması göstərdi ki, gürcü polisi çox sərt hərəkət etməyə hazırdır. Hansı ki, bu, bir neçə il əvvəl belə deyildi.

Gürcüstan siyasəti sürprizlərlə zəngindir. Bir çox seçicilər və hətta siyasətçilər çox vaxt impulsiv davranırlar. Ancaq indi yalnız iki ssenari mümkündür: “Gürcü arzusu” hakimiyyəti xeyli gücləndirəcək, seçkilərdən sonra müxalifəti əzəcək və Gürcüstanı Rusiyaya daha da tabe etdirəcək, ya da gürcü cəmiyyəti bu tendensiyanı birtəhər möcüzəvi şəkildə aradan qaldıracaq və öz ölkəsinə sahib çıxacaq.

Müəllif: Boris Qrozovski - Rusiyalı siyasi icmalçı, “EventsAndTexts” “Telegram” kanalının müəllifi.

Mənbə: “The Moscow Times”

Tərcümə AYNA-ya məxsusdur.
 
 
 
Ardını oxu...
Avropa İttifaqı (Aİ) Gürcüstan rəhbərliyi ilə görüşləri dayandırıb.

Demokrat.az xəbər verir ki, bunu Avropa İttifaqının Tbilisidəki səfiri Pavel Herçinski deyib.

O qeyd edib ki, Avropa İttifaqı Gürcüstan hökumətinin Avropaya qarşı ritorikasına görə Gürcüstana yüksək səviyyəli səfərlər etməmək və Gürcüstan hökumətinin nümayəndələri ilə Brüsseldə yüksək səviyyəli görüşlər keçirməmək qərarına gəlib.

“Bu ilin iyun ayında biz üzv dövlətlərlə Avropa İttifaqına qarşı qeyri-dost hesab etdiyimiz Gürcüstan hakimiyyətinin münasibətinə necə yanaşmaq barədə daxili müzakirə apardıq. Həmçinin, biz anti-Qərb və anti-Avropa povestinə, təbliğatına və konspirasiya nəzəriyyəsinə necə yanaşmalı olduğumuzu müzakirə etdik. Avropa İttifaqı olaraq Gürcüstanın hazırkı hökuməti ilə yüksək səviyyəli əlaqə saxlamamağa qərar verdik və buna görə son aylarda Gürcüstana yüksək səviyyəli səfərlər olmayıb. Brüsseldə də Gürcüstan hökumətinin nümayəndələri ilə yüksək səviyyəli görüşlər olmayıb. Bir daha təkrar edirəm, Avropa İttifaqının təsisatları Gürcüstan hökumətinin nümayəndələri ilə bütün yüksək səviyyəli görüşləri dayandırmaq qərarına gəliblər”, - deyə Pavel Herçinski vurğulayıb.
 
 
 

Dünyapress TV

Xəbər lenti