Ardını oxu...
“Mən sevdiyim sənətlə yaşadım. Qiymət verildi yaxud verilmədi, məni istədilər yaxud istəmədilər bunlarla maraqlanmadım. Uğurlarımla yanaşı mənə badalaq gələnlər də oldu. Hamısına can sağlığı arzulayıram. Həyatdır, mənim də qismətim belə imiş yəqin. Qismətimdən küsmürəm. Doya-doya baxıram, fəxr edirəm ki, mən varam. 50 il teatrda çalışmışam. Bəxtimdən razıyam, narazı deyiləm. Öz arzularıma çatmaq qismətim olub. Neçə-neçə filmlərdə çəkilmişəm, tamaşalarda rol almışam. Həyatımdan razıyam, küsməmişəm. Mənim də bəxtimə belə yazılıb. Teatr rəhbərliklərinin mənə qiymət verməkləri onlar üçün çətin olub”

Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa, doğum gününü qeyd edən Məsumə Babayeva deyib. O daha sonra səhhətindən danışıb.

“Az qalmışdılar ayağımı kəssinlər, amma müalicə etdirdim, qoymadım. Ürəyimdən müalicə alıram. Şəkər xəstəliyinə tutulmuşam. Evin içində güc-bəla ilə yeriyirəm. Nevrpotoloqa apardı qızım məni, üstümə nə qədər xərc qoydu. Dərmanlar da bahadır. Hər şeyi sığorta ilə ediblər. Dövlət xəstəxanalarına yaxın düşmək olmur. Mən bu gün ölürəmsə növbəyə dayanmalıyam ki, 3 aydan sonra mənə baxsınlar?! Əlbəttə ki, mən özəl klinikaya gedəcəm. Damarlarım da nazikləşib, sistemləri də mənə vura bilmirlər” deyə aktrisa gileylənib.

Aktrisa bildirib ki, teatrda daim yaşlı, qocaman sənətkarlar çalışmalıdır.

“Bu gün teatrdan rəhbərlikdən heç kim mənimlə maraqlanmır, əlaqə saxlamır. Dekabr ayında İlham Əsədov gəlib hədiyyə gətirmişdi. Teatrın bəzi gənc aktyor-aktrisaları mənimlə danışırlar. Anar Seyfullayev, Simuzər Ağakişiyeva və bəzi aktyorlar yazır hərdən. Teatrdan çıxarıblar, çıxarıblar da. İnsan xəstələnəndən sonra heç kimə lazım olmur sən demə. Halbuki mən teatrdan çıxarılandan sonra xəstələndim. Məni yaşlı sayırlar. Efirdə gedən verilişlərdə də bar-bar bağırırlar ki, yaşlılar, yaşlılar. İndi istəsəm belə nə verilişlərə, nə də film və seriallara gedə bilmərəm. Yaxşı vaxtımda çəkilmişəm. Artıq həyatda özümü lazımsız sayıram. Qızımın xətrinə yaşayıram. Bu cür yaşamaq mənlik deyil. Qızım qulluğumda dayanır, amma onun da işləri, problemləri var axı. O olmasa mən ümumiyyətlə yaşamaram. Nəvəm deyir ki, mən sənə icazə vermirəm ki, öləsən. Onlar üçün yaşayıram. Adam sənətdə incidiləndə teatr üçün etdiyi fədakarlıqlar göz önünə gəlir. Gündə 5-6 dəfə tamaşa oynamışam. Kimisə əvəz etmişəm. İndi də səni saymırlar. Adama pis təsir etməz? Kim olsa ona pis təsir etməz ki? Mən teatrda müqavilədəyəm. Rollarıma cavan aktrisaları səhnəyə buraxırlar ki, mənə qonorar verməsinlər. Bu pul teatrın fondundan mənə verilir, kiminsə cibindən yox. Onlar bunu etməklə deyirlər ki, sənə ehtiyacımız yoxdur. Direktordur da. O gedəcək, başqası gələcək. O teatrda işləyə-işləyə neçə direktor yola salmışam. Hamısı gəlib mənə ilişib, sonuncusu da belə” deyə o bildirib.
 
Ardını oxu...
““Cənab leytenant” mənim öz iç sifarişimdir. Bu kənardan mənə sifariş olunmayan bir mahnıdır. Mən ümumiyyətlə sifarişlə 1-2 mahnıdan əlavə mahnı yazmamışam. Sayca 40-a yaxın mahnım var. “Cənab leytenant” mənim 7-ci mahnımdır. Əvvəla onu deyim ki, mahnının pafosdan uzaq, dinləyicilərlə sadə dialoq qurmağa hesablanan mətni var. Janr etibarı ilə bu müəllif musiqisidir, şanson tərzində yazılıb. Keçmişin, sülh dövrünün romantizmi var burada. Eyni zamanda müharibənin, savaşın, acı gerçəklərin və bu həqiqətlərin hiss və həyəcan dolu gözləntiləri, melodiyası var burada”

Bunu Moderator.az-a açıqlamasında məşhur vətənpərvərlik mahnılarının müəllifi, şair-bəstəkar, AYB-nin Hərbi-Vətənpərvərlik Komissiyasının sədri Şahin Musaoğlu deyib. O daha sonra əlavə edib.

“Müharibə təkcə ön cəbhədən ibarət olmur. Müharibənin arxa cəbhəsi də var. Burada iki obraz var. Biri sevgilisini, həyat yoldaşını, yaxud oğlunu, atasını cəbhəyə yola salan və gözü yolda, qulağı səsdə olan minlərlə Azərbaycan qadının ümumiləşdirilmiş obrazı, digər isə Azərbaycan Silahlı Qüvvələrinin zabitləri timsalında olan bir leytenantın obrazı. Daha doğrusu bu mahnıda həmin iki obrazın dialoqunu verməyə çalışmışam. Burada həm də bir sublimal mesaj var. O demək istəyir ki, mənim cənab leytenantım, unutma ki, vətən uğrunda ölmək şərəfdirsə, sənin borcun, qələbə, zəfər naminə geri dönmək və yaşamaqdır. Bilirsiniz ki, bu mahnı mənim bütün mahnılarımın içərisində sevilən və daha çox populyarlıq, məşhurluq qazanan mahnılarımdan biri olub. Dünyanın bir çox ölkələrində, hətta Ermənistanda da bu mahnı böyük bir auditoriya qazanıb. Mən bu mahnını yazarkən Müdafiə Nazirliyinin tibb idarəsində, eləcə də Müdafiə Nazirliyinin hərbi kinotelestudiyasında çalışırdım. Mən həmin dövrlərdə Azərbaycan zabiti olaraq tez-tez cəbhə bölgələrində, ön cəbhədə olurdum. Eyni zamanda qospitallarda həkim olaraq fəaliyyət göstərirdim. Bu mahnı həmin dövrlərdə yarandı. O ki, qaldı “Vətən əmanəti” mahnıma... Bir dəfə bir jurnalist məndən soruşdu ki, “İgid əsgər möhkəm dayan” yoxsa “Cənab leytenant” mahnısı? Dedim ki, “Vətən əmanəti”. Düzdür, bütün sənət adamlarının, şairlərin, bəstəkarların yaratdığı bütün əsərlər onlar üçün övlad, doğma kimidir. Sən deyə bilməzsən ki, hansı övladını çox sevirsən. Amma mən “Vətən əmanəti”-ni dedim. Vətən anlayışı ən üst, uca məqamda dayanan bir anlayış, məvhumdur. Vətən bir xalqın, bir millətin həm yaddaşının, hafizəsinin, tarixinin, adət ən-ənəsinin, şüurunun, iradəsinin, kimliyinin, onun coğrafiyasında təşəkkül tapdığı məkandır. Vətən hər birimizin şəxsiyyətinin fərdiyyəti üzərində inşa edilmiş danılmaz həqiqətdir. Kiminə üçrəngli bayraqdır, kiminə bu bayraqdakı ay-ulduzdur, kiminə dədə-baba torpaqlarıdır. Mən də bütün bunları anlatmaq, dinləyicilərə çatdırmaq üçün yazmışam bu mahnını. Öz sifarişimdir, öz istəyimlə yazmışam. Bu mahnı da janr etibarı ilə şanson tiplidir. Dialoq var. Ana-ata duası var burada. Nakam arzuların fəryadı, narahat ruhların harayı, çağırışı var burada. Bu da mənim cəbhə illərimdə, hərbi mütəxəsis, zabit olaraq yazdığım mahnılardan biridir” deyə Şahin Musaoğlu bildirib.

Şahin Musaoğlu bildirib ki, bu gün hərbi-vətənpərvərlik mahnılarının auditoriyası məhduddur. Buna da səbəblər var..

“Səbəblərdən biri kimi bəstəkarlarımızın və bəstəkar iddiasında olanların bu mövzuya olan marağından, həvəsindən, bacarıq və istedadından qaynaqlanır deməyə dilim gəlmir, amma çox təəssüflər olsun ki, bu belədir.. Söhbət müasir, bugünümüzün bəstəkarlarından gedir. Bizə qədər yazıb-yaradan bəstəkarların bu dediklərimə heç bir aidiyyatları yoxdur. Kifayət qədər bu sahədə çox populyar, xalq tərəfindən bəyənilən əsərlər var. Burada həm maraq, həm həvəs olmalıdır. İkinci bir səbəb isə vətənpərvərlik mövzusu əslində hər kəsin intelektindən, dünyagörüşündən, zövqündən asılı olmayaraq hamımızın ruhuna və ağlına hakim kəsilməsi olduğu halda, yenə də təəffüslər olsun ki, bu belə deyil. Görürsən ki, intellekt, zövq, dünyagörüşü məsələsi yenə öz sözünü deyir. Bunun iki səbəbi var. Bu işi özünə peşə, sənət bilənlərin öz problemidir. İkinci də auditoriya problemidir. Vətənpərvərlik mövzusu, auditoriyası bütün dünyada belədir. Amma onlardan fərqli olaraq bu bizdə özünü daha qabarıq göstərir. Hərbi-vətənpərvərlik auditoriyası az və məhduddur. Hərbi-vətənpərvərlik təbliğatı kortəbii, kampaniya xarakterli və görüntü xətrinə aparılılır. Baxmayaraq ki, müasir dövrümüzdə, yaxın 30-40 il ərzində başımız nə qədər zülmlər çəkdi. Biz bunlardan bir dərs almalıyıq. Mənə elə gəlir ki, bir xalq olaraq bu 44 günlük müharibəmizin də düzəməlli bir tarixi qiymətini özümüz-özümüz üçün verməmişik. Bu günlərdə cənab prezidentimiz bir günlük antiterror əməliyyatı ilə bağlı Dövlət Suverenliyi gününü təsis etdi. Bu bir xəbərdarlıq oldu ki, axı biz dövlət olaraq böyük işlər görmüşük. Mümkünsüz olanın mümkün olduğunu görmüşük. Bu çox önəmli məsələdir. 30 ilə yaxın idi ki, bizə təqdim edirdilər ki, bu savaş sülh yolu ilə həll olunmalıdır. Amma bir günün içərisində biz bu məsələni həll edə bildik. Məsələ ermənini Dağlıq Qarabağın içərisində çıxarmaq deyil. Məsələ Dağlıq Qarabağı erməninin içindən çıxarmaqdır. Ordumuz, dövlətimiz, sərkərdələrimiz, Ali Baş Komandanımız bu məsələni həll etdi, separatçıları oradan çıxartdılar. İndi o biri məsələlər bizim, sənət adamlarının üstündə dayanır. Biz elə etməliyik, o qədər təbliğatımız güclü olmalıdır ki, bu Qarabağı onların içindən çıxartmalıyıq. Gəlsinlər, yaşasınlar, qalsınlar, amma Qarabağ bizimdir deməsinlər” deyə bəstəkar bildirib.
Ardını oxu...
Avstriyalı bəstəkar və virtuoz musiqiçi Volfqanq Amadey Motsartın əvvəllər məlum olmayan musiqi əsəri Almaniyanın şərqindəki Leypsiq (Saksoniya) şəhərindəki kitabxanada aşkar edilib.
TEREF lent.az-a istinadən bildirir ki, bu barədə yerli hakimiyyət orqanları bəyanat yayıblar.

"Musiqi aləmində sensasiya: Leypsiq Şəhər Kitabxanası İdarəsinin musiqi kitabxanasından tapılan 12 dəqiqəlik musiqi parçası bəstəkar Volfqanq Amadey Motsartın əsəri kimi müəyyən edilib. Bu musiqi əsəri, ilk dəfə Almaniyada təqdim olunacaq və şənbə günü, sentyabrın 21-də Leypsiq Operasında nümayiş olunacaq.

Əsərin 1760-cı illərin ortalarında və sonlarında yaradıldığı güman edilir. O zaman Motsart hələ çox gənc bəstəkar idi", - məlumatda bildirilir.
 
Ardını oxu...
  

Hollivud əfsanəsi Merilin Monro 62 il əvvəl faciəvi şəkildə dünyasını dəyişib. Onun haqqında nəşr edilən yeni kitabda aktrisanın öldüyü gecə lentə alınan və yeni üzə çıxan səs yazıları barədə qeydlər var.

Əsl adı Norma Jean Mortenson olan dünya şöhrətli aktrisa Merilin Monro 1962-ci ildə barbiturat maddəsinin həddindən artıq dozada qəbul etməsi səbəbindən vəfat edib. Monronun ölümünü Los-Angeles polisi rəsmi olaraq "intihar" hesab etsə də, o vaxtdan bəri məşhur aktrisanın vaxtsız ölümü ilə bağlı çoxlu fərziyyələr səslənir. Bəziləri hətta deyirdilər ki, Monronun ölümündə bu hadisədən bir il sonra sui-qəsd nəticəsində öldürülən ABŞ prezidenti Con Kennedi və onun qardaşı, baş prokuror Robert Kennedi ilə ehtimal olunan sevgi əlaqələri rol oynamış ola bilər.

Ümumiyyətlə, Monronun Kennedi qardaşlarının hər ikisi ilə sevgili olduğu barədə də fərziyyələr dolaşır.

Monronun Con Kennedi ilə münasibəti olması barədə şayiələr 1962-ci il mayın 19-da “Madison Square Garden”də keçirilən 45 illik yubiley mərasimində prezident üçün "Happy Birthday" mahnısını oxumasından sonra ortaya çıxıb. Daha sonra jurnalda Monronun Kennedinin qardaşı Robert ilə münasibətdə olması barədə şayiələr yayılmağa başlayıb.

Merilin Monronun 36 yaşında dünyasını dəyişməsindən uzun illər keçməsinə baxmayaraq, onun ölüm sirri hələ də insanları maraqlandırır. Merilin Monronun faciəvi ölümündə Con Kennedi və onun qardaşı Robert hansı rolu oynayıblar?

Polis məmuru vəzifəsindən istefaya getdikdən sonra özəl dedektivliklə məşğul olan Fred Otaş Monronun ölümündən bir neçə saat əvvəl ABŞ-ın o zamankı baş prokuroru Robert Kennedi ilə şiddətli mübahisə etdiyi və Kennedinin onu susdurmaq üçün aktrisaya narkotik maddə verdiyinə dair sübutların olduğunu deyib.

Otaşın qeydlərinə görə, Robert Merilinin yaxın dostu Piter Loufordun ona zəng edərək "Merilinin psixi sağlamlığından narahatam, gəlməlisən" deməsindən sonra San-Fransiskodan Los-Ancelesə uçub.

Şəxsi detektiv qeydlərinə aşağıdakı ifadələri daxil edib:

“Robert Merilinin evinə gələndə səhər saat 11 idi, onlar arasında intim yaxınlıq olub. Günorta Robert evdən çıxıb. Eyni günün axşamı Robert Monrronun yaxın dostu Piter Lavford ilə birlikdə Merilinin evinə qayıdıb. Merilin əsəbləşərək Robertə qışqırmağa başlayıb. Merilin Roberti hədələyərək, ona çoxlu vədlər verdiyini xatırladıb, “Uşağımızı abort etmək məcburiyyətində qalanda sən harada idin, əclaf!”, - deyib. Robert və ya Peter Merilini yastıqla susdurana qədər qışqırıqlar davam edib. Ola bilsin ki, o vaxt iki kişidən biri Merilinə sakitləşdirici dərman da verib. Saat 17.30-da Robert Kennedi evdən gedib.

Sonra Piter Merilindən onunla nahara getmək istəyib-istəmədiyini soruşub. Merilin deyib: “Özümü yaxşı hiss etmirəm. Mən bunu edəcək vəziyyətdə deyiləm, yatmaq istəyirəm, pis bir neçə gün oldu".

Həmin gecə Merilin Robertin qardaşı Con Kennedi ilə bir neçə dəfə əlaqə saxlamağa çalışıb. Gecə o dostu Piterə zəng edərək, “özünü qoru, sən yaxşı adamsan” deyib və telefonun dəstəyi əlindən düşüb. Monro ölüb.

Merilin Monronun 1954-cü ildə evləndiyi və 1955-ci ildə boşandığı ikinci əri, aktyor Jo Di Maggio: "Kennedilərin hamısı qadın qatilləri idi və onlar etdiklərinin cəzasını çəkmədilər" - demişdi. Con Kennedi Maggionun Monronun dəfn mərasiminə gəlməyini qadağan eləmişdi”, - keçmiş dedektiv kitabda xatirələrini bölüşüb./Lent.az

 
 
 

VİDEO

Ardını oxu...
 

Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayı mərhum aktyor Ruslan Nəsirova həsr olunub.

O, 1974-cü ildə Bakıda anadan olub. İlk dəfə 1984-cü ildə Əbdül Mahmudbəyov və Həsənağa Turabovun çəkdiyi "Tənha narın nağılı" filmində Sadıq rolunu canlandırıb. Ruslan Nəsirovun bu filmdəki ifası həmin dövrün aktyorlarını heyran edib və o, karyerasında ilk addımını uğurla atıb.

1991-ci ildə İsi Məlikzadənin ssenarisi əsasında Həsən Əblucla Ənvər Əblucun çəkdiyi "Pəncərə" filmi R. Nəsirovun çəkildiyi ən uğurlu ekran əsərlərindən biri olub. Bu filmdə Köçəri rolunu oynayan aktyor bunu o qədər məharətlə edib ki, "Köçərinin həbsi" səhnəsində Nərminə rolunu canlandıran aktrisa Simuzər Atakişiyeva həqiqətən göz yaşları töküb. R. Nəsirov ailəsinin və dostlarının israrlı tələblərinə baxmayaraq, ailə qurmayıb. O, bu məsələyə belə aydınlıq gətirirdi: "Mənim ömrümə az qalıb. Niyə kiminsə balasını bədbəxt edim?!". Bir dəfə isə dublyaj redaksiyasında aktrisa Venera Abbasovaya 40 yaşında öləcəyini deyib. Aktyorun dediyi kimi də olub. Ruslan Nəsirov qaraciyərində yaranan problem səbəbindən 2015-ci ilin martın 6-da vəfat edib.

Ətraflı süjetdə:

 
 
 
Ardını oxu...
Əməkdar artist Elza Seyidcahanın bu yaxınlarda efirdə səsləndirdiyi şeirdəki söz oyunlarının yaratdığı assosiasiya vulqarizm elementləri təsiri bağışlayıb, bu səbəbdən ictimai hiddət və narazılıqla qarşılanıb.

Kulis.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin Katibliyi bütün bunları Elza Seyidcahanın nəzərinə çatdıraraq onu belə çıxışlardan, leksikonunda mənfi təəssürat oyadan kəlmə və ifadələrə yer verməkdən çəkinməyə çağırıb.

İctimaiyyətin, xüsusən ədəbi mühitin nümayəndələri həmin materialda geniş auditoriyaya hörmətsizlik, cəmiyyətə meydan oxumaq, ədəbi dəyərləri, poeziyanı gözdən salmaq, onu gülüş obyektinə çevirmək, üzvü olduğu Azərbaycan Yazıçılar Birliyinin nüfuzuna xələl gətirmək kimi məqamlar görərək kəskin etiraz bildiriblər. Ortaq və doğru olan qənaət belədir ki, diqqət çəkmək üçün bu cür bayağı, qeyri-məqbul üsullardan istifadə etmək ciddi sənət adamına yaraşmır.

Qeyd olunan məqamlara, həmçinin üzvü olduğu təşkilatın ictimai-ədəbi nüfuzuna xələl gətirdiyinə görə AYB Katibliyi tərəfindən qurumun üzvü Elza Seyidcahana xəbərdarlıq edilib.


Ardını oxu...
Azərbaycanda yeni televiziya kanalı yaradılıb.

OLAY yazır ki, bununla bağlı "SOY production”nın bədii rəhbəri və həmtəsisçisi Sayavuş Hüseynli məlumat yayıb.

Sayavuş "Sport TV” adlanan yeni telekanalın tezliklə fəaliyyətə başlayacağını bildirib.

Sözügedən kanalın idman formatında olacağı və tezliklə yerli kabel operatorları tərəfindən yayımlanacağı diqqətə çatdırılıb.

Qeyd edək ki, ölkə ərazisində idman formatında "İdman Azərbaycan” və "CBC sport” kanalları mövcüddur.

 
 
 

Ardını oxu...
“Bilirsiniz ki, Üzeyir Hacıbəylinin doğum günü münasibəti ilə musiqi festivalı keçirilir. Bu festival çərçivəsində Bəstəkarlar İttifaqı olaraq biz də iki tədbir təşkil etmişik. Həm elmi konfransımız, həm də kamera instrumental alətlərin müşayiəti ilə konsertimiz baş tutacaq. Biz çalışırıq ki, bu əsərlərin çoxu gənc bəstəkarların əsərləri olsun. Bu bizim milli bayramımızdır. Musiqimizin bayramıdır. Bundan başqa Mədəniyyət Nazirliyi özü də bir sıra konsertlər təşkil edib ki, bu konsertlərdə də biz yaxından iştirak edəcəyik”

Bunu Moderator.az-a açıqlamasında Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə deyib. O daha sonra əlavə edib.

“Müxtəlif ölkələrdə varlı, imkanlı insanlar var. Onlar görürlər ki, çox istedadlı gənc bəstəkarlar, yazarlar, dirijorlar var. Deyirlər ki, gəl mənə sənə kömək edim. Onlar üçün elə şərait yaradırlar ki, heç bir problemləri olmur. Çünki yaradıcı insanın problemi olmamalıdır. Biz bu faktları görürük. Amma nədənsə bizdə Hacı Zeynalabdin Tağıyevdən sonra bunu edən olmadı. Düzdür dövlətimiz gənclər üçün hər şey edib. Amma bir zəngin insan desin ki, mən sənə kömək edim belə bir şey olmayıb. Mənə sual verirlər ki, Firəngiz xanım, sizə kömək edən olub? Cavabında isə deyirəm ki, bir nəfər çıxıb qabağa desin ki, mən Firəngiz Əlizadəyə 5 manat vermişəm. O mənim üzümə baxsın, mən də onun üzünə. Belə bir şey olmayıb, ola da bilməz. Mənim buna ehtiyacım olmasa da gənclərin buna ehtiyacı var” deyə sədr deyib.
Xalq artisti bildirib ki, musiqişünaslar sanballı məqalələr yazıb, araşdırma etməlidirlər.

“Bizim sözümüz keçərli olsaydı çox şeylər dəyişə bilərdi. Bizim əvvəllər Bəstəkarlar İttifaqı olaraq sözümüz daha kəsərli idi. Biz çox danışırıq, yazırıq, konfranslar keçiririk. Bizim musiqişünaslarımız nədənsə fəal deyirlər. Mən onlara bunu dəfələrlə demişəm. Musiqişünaslar fəal olmalı, daha kəskin məqalələr yazmalıdırlar. Onlar hələ facebookda bəzi postlar paylaşmaqla kifayətlənirlər. Facebookda bir neçə post paylaşmaqla musiqişünaslıq inkişaf edə bilməz. Bunların hamısı çox böyük məsələlərdir. Bizim imkanlarımız geniş deyil. Təəssüf ki, ziyalılar da bir-birlərini dəstəkləmir, birlik göstərmir. Ziyalılar öz həmkarlarının ünvanına heç bir dənə də gözəl söz demirlər. Bu hal məni çox üzür” deyə bəstəkar deyib.
Ardını oxu...
18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.

1995-ci ildə Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.

Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını Maestro Niyazi qoyub. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. Ənənəvi olaraq bu günü Azərbaycan Dövlət Konservatoriyasının (indiki - Bakı Musiqi Akademiyası) önündə minlərlə insan toplaşırdı. Burada Üzeyir Hacıbəyovun adını daşıyan Azərbaycan Dövlət Simfonik Orkestri Niyazinin rəhbərliyində bəstəkarın əsərlərini ifa edərdi.

Mədəniyyət ocaqlarında, musiqi məktəblərində, xüsusilə konservatoriyamızın - indiki Musiqi Akademiyasının qarşısında Üzeyir Hacıbəylinin şərəfinə onun ölməz əsərlərindən fraqmentlər səsləndirilərdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda, xüsusilə də Bakıda yaşanan siyasi böhranla əlaqədar bu ənənə bir müddət unuduldu.

Mədəniyyət Nazirliyi Milli Musiqi Günü ilə əlaqədar bir sıra tədbirlər keçirirː Bakı musiqi akademiyası önündə bu tarixi günlə bağlı təntənəli mərasim keçirilir, Üzeyir Hacıbəyovun ev-muzeyində mədəni tədbirlər təşkil olunur, Heydər Əliyev adına sarayda Üzeyir Hacıbəyovun xatirəsinə həsr olunmuş təntənəli gecə keçirilir.

"Bakı Metropoliteni" QSC tərəfindən də Milli Musiqi Günü ilə bağlı getdikcə hər il üçün ənənəvi hal alan sosial layihəni gerçəkləşdirilir. Bu münasibətlə stansiyalarda artıq ənənə halını alan musiqili proqram təşkil olunur. Metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə sentyabrın 18-i sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramı təşkil edilir. Proqramda milli və klassik musiqi nümunələri səsləndirilir.
 
Ardını oxu...
Atakişiyeva Həcər
Filosof şair, mütəfəkkir dramaturq İsmayıl Şıxlı 22-i mart 1919-cu ildə Qazaxın İkinci Şıxlı kəndində anadan olmuşdur. Xalq yazıçısı, alim-müəllim, millət vəkili olmuş İsmayıl Şıxlının yaradıcılığı olduqca zəngindir. Onun “Konserv qutuları”, “Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay oğlan?”, “Raykom katibi”, “Daşkəsən” oçerkləri Azərbaycan ədəbiyyatı nəsrinin zənginləşməsində birbaşa rol oynamışdır. Ədibin “Ayrılan yollar”, “Dəli Kür”, “Ölən dünyam” romanları həm məzmun, həm də forma gözəlliyinə malikdir. İsmayıl Şıxlı Azərbaycan nəsrinin uğur qazanmasında əvəzsiz rola malikdir. İsmayıl Şıxlı 26 iyul 1995-ci ildə Bakıda vəfat etmişdir. Ədib Fəxri xiyabanda dəfn olunmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi ictimai fəaliyyət göstərən böyük insan, istedadlı yazıçı, gözəl natiq-pedaqoq, alovlu vətənpərvər-soydaş olan İsmayıl Şıxlı “Namus qaçağı”, “Namərd gülləsi”, “Ölüləri qəbristanda basdırın” hekayələri ilə milli ədəbiyyatımızın inkişafına çox böyük dəyər qatmışdır. Qüdrətli nasir, müdrik dramaturq İsmayıl Şıxlının “Namus qaçağı” əsəri Azərbaycan ədəbiyyatında dəyərli nümunələrdəndir. Əsərdə insan qəlbinin ağrı-acıları, insan həyatının çətinlikləri, insan hiss və duyğuları, insan psixologiyasının nüansları, düşmənə nifrət, yaşamaq istəyi, həyat eşqi, toy və yas evinin əhvali-ruhiyyəsi, ölüm-dirim mübarizəsi, insanın iradəsi və həyat eşqi motivləri təbii və real cizgilərlə təsvir olunmuşdur. Əsərin dili mükəmməlliyi, yığcamlığı, obrazlılığı, rəvanlığı, təsvir əlvanlığı ilə olduqca qiymətlidir. “Namus qaçağı” əsərində lirik münasibətlər xətti qabarıq təsvir olunmuşdur. Əsərdə qəhrəmanlarının mənəvi-əxlaqi aləmləri real həyati-ədəbi üslub vasitəsilə təsvir olunub. İsmayıl Şıxlının “Namus qaçağı” əsərinin konflikt və ziddiyyəti kimi insan təbiətindəki naqislik, dünya malına tamah, düzlük və doğruluq, insanın mənəvi aləmi, həyatdakı uğursuzluqlar təsvir olunmuşdur. Qayğıkeş və mehriban müəllim İsmayıl Şıxlının özünəməxsus kompozisiyası olan dəyərli “Namus qaçağı” əsəri Azərbaycan ədəbiyyatında mühüm ədəbi mövqeyə sahibdir. Müəllif tərəfindən əsərdə bir-birindən maraqlı, yaddaqalan, kamil obrazlar yaradılmışdır. Tənqidçilər tərəfindən yüksək dəyərləndirilən əsər o dövrün mürəkkəb tarixi şəraiti haqqında aydın bədii təsəvvür yaradır. Yazıçının “Namus qaçağı” əsəri müxtəlif taleli, müxtəlif təbiətli, müxtəlif dünya duyumlu obrazların zənginliyi baxımından olduqca qiymətlidir. Əsərdə milli mentalitet, vətənin azadlığı, müstəqillik duyğusu, millilik, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, milli mədəniyyət, milli əxlaqın gənc nəslə düzgün ötürülməsi, mənəvi-ictimai problemlər, mühitdəki eybəcərliklər, milli hiss və Vətən sevgisi kimi məsələlər təsvir obyektidir. Görkəmli Azərbaycan yazıçısı İsmayıl Şıxlı “Namus qaçağı” əsəri vasitəsilə milli xüsusiyyətləri, milli keyfiyyətləri, milli ruhun adət-ənənələrini Azərbaycan ədəbiyyatında yaşatmağa nail olmuşdur. Belə ki, əsərdə milli ideyaların təlqin və təbliği olduqca güclüdür. Ədibin “Namus qaçağı” əsərini yazmasındakı əsas səbəb vətənpərvərlik duyğularını, vətəndaşlıq qürurunu ədəbiyyat vasitəsilə qorumaqdır. Əsərdə xalq yaddaşı və xalq ruhu güclüdür. Əsər hekayə janrında qələmə alınıb və süjet xətti el-oba üçün evindən-ailəsindən didərgin düşmüş qaçaqların həyatından bəhs edir. Əsərin baş qəhrəmanlarından biri olan dağda-daşda qaçaqlıq edən qaçaq Süleyman kasıb nəslə mənsub olsa da heç kimin qabağında əyilməyən, kişinin birinci qorumalı xüsusiyyətinin namusu olduğu fikrində olan bir şəxs idi. Qaçaq Süleyman el-obasının qız və gəlinlərinin namusunu öz namusu bilib, namusa toxunmağı bağışlanması mümkün olmayan bir günah sayırdı. Əsərdə qaçaq Süleymanın qaçaq düşməmişdən əvvəlki həyatı təsvir olunaraq, bildirilir ki, kənddə yenicə yaranmış komsomola katib seçilən Süleyman kəndlərində komsomola tabe olmayan Əbdülrəhman adında bir bəyin oğlanları ilə birlikdə sürgün olunmasından sonra qızlarının Keçəl Xondulu tərəfindən namuslarının ləkələndiyini görəndə beyni uğuldayıb, gözləri qan canağına dönüb, naqanını çıxardıb, Keçəl Xondunu öldürüb, elin namusunu təmizləyir. Bu hadisədən sonra Süleyman qaçaq düşməyə məcbur qalır. Əsərdə Süleyman obrazı elin namusunu qorumağı özünə şərəf borcu bilən şəxs kimi təqdim olunmuşdur. İsmayıl Şıxlı “Namus qaçağı” əsərində tezliklə toyu olacaq İlyasın nişanlısına göz dikən binamus Rəşidi məhz el namusunu qoruyan qaçaq Süleyman vasitəsilə cəzalandırır. Rəşidin el namusunu ləkələmək fikrinə düşdüyünü onun öz dilindən öyrənən qaçaq Süleyman bu səhvi ona bağışlamayaraq, qarlı bir gündə buz bağlamış çayda onu çimməyə məcbur edərək, ölümcül dərəcədə sətəlcəm olaraq, ölməsinə qərar verir. Nişanlı bir qızın namusuna göz dikən Rəşid çox güclü sətəlcəm olaraq, evində ölür. Ədib arxalı koxalılar tayfasına mənsub olan Rəşidin ölümü ilə İlyasın sevgilisi ilə qovuşub, toyunun olmasının təsvirini eyni gündə verərkən, çox güclü bədii təzad yaratmışdır. Həyətin birində toy, şənlik, digərində isə yas, qəm-qüssə təsvir olunaraq, xeyirin şər üzərindəki layiqli qələbəsi oxucuya çatdırılmışdır. İsmayıl Şıxlı “Namus qaçağı” əsərində İlyasın toyunun hazırlıq mərhələsini təsvir edərkən, keçmişdəki toy məslislərinin bədii portretini təsvir etmişdir. “Samanlığı süpürüb təmizləmişdilər. Döşəməyə ot sərib üstünə kilim salmışdılar. Pərdilərdən otuzluq lampalar asılmışdı. Bacaları basdırıb peçləri qalamışdılar ki, içəri isti olsun. Zurnaçılar çoxdan hazır idilər. Dəfçi dəfini qurudur, zurnaçı ilə züyçü zurnaları qoşalaşdırırdılar. Qız-gəlinlər boğçadakı paltarlarını çıxardıb ora-burasını sığallayır, donların, koftaların qırışını açır, bəzənib-düzənir, qaşlarına, gözlərinə sığal verib, tellərini bururdular. Qış aylarında səhərəcən toyda qoşa-qoşa oynamaq bu kəndin adəti idi. Göyə fişəng atar, gecə lopa işığında gəlin gətirərdilər”.
İsmayıl Şıxlı “Namus qaçağı” əsərində bir sıra keçmiş adət-ənənələri yaşatmaq və unudulmağa qoymamaq üçün qələmə alır. İlyasın nişanlısı Zöhrə ilə bulaq üstündə görüşən zaman İlyasın ondan su istəməsi, dolçadakı suyu yarıya qədər içib, qalanını Zöhrənin yalın ayağına tökməsi, oğlanın qıza sevgi etirafı idi. Ədib əsərdə dədə-babadan qalma adətləri yaşatmaq üçün onları kiçik epizodik təsvirlərlə olsa belə əsərinə daxil edir. Ayağına su tökülən qızın hirslənməməsi, başını aşağı salıb qızarması onu göstərirdi ki, onun da ürəyi oğlanı tutub. Əsərdə təsvir olunan digər bir qədim adət isə elçi düşülməmişdən əvvəl qızın toyda bəyin bacısı tərəfindən oynadılması və rəqs zamanı kəlağayısının ucuna pul düyünləmək idi. Bu qızı bəlləmək demək idi. Əgər qız dartınsa, pulu açıb atsa, demək razı deyil.
İsmayıl Şıxlı “Namus qaçağı” əsərində milli əxlaq, tarixi-etnik yaddaş, milli özünüdərk kimi konseptual məna daşıyıcılarını ön planda təqdim etmişdir. Əsər vasitəsilə milli özünüifadə, milli özünüdərk uğrunda mücadilə ədəbiyyatda genişləndirilmişdir. Ədib inam və etiqadla yaşayan, namus və qeyrətlə ömür sürməyi seçən, vətən və millət naminə qurbana çevrilən insanların həyatını yüksək qiymətləndirərək, əsərində təsvir obyektinə çevirmişdir. Yazıçı əsərdə milli əxlaq normasının pozulmasına qətiyyən icazə verməyən el namusunu qoruyan qaçaqların prototipini yaratmışdır.
İsmayıl Şıxlını “Namus qaçağı” əsəri özünün yığcamlığı, dilinin obrazlılığı, rəvanlığı, təsvirlərinin əlvanlığı ilə ədibin ən dəyərli əsərlərindəndir. Bu əsər yazıçının nəsrinin gücünü özündə ehtiva edə bilir. Yazıçı əsəri ilə Azərbaycan ədəbiyyatına yeni nəfəs vermiş, poetik, oxunaqlı bir formaya malik əsər yaratmışdır. Əsər Azərbaycan dilinin, eləcə də söz sənətinin imkanları baxımından olduqca qiymətlidir və Azərbaycan nəsrinin zənginləşməsinə xidmət edir.
 

Dünyapress TV

Xəbər lenti