Ardını oxu...
2003-cü il fevralın 23-də Həsən Turabov dünyasını dəyişdi. Onunla vida mərasimi Milli Dram Teatrının səhnəsində oldu. Səhər hələ heç kim yox idi, Turabovun cənazəsi vida üçün səhnəyə qoyulmuşdu. Zalın düz ortasında Həsən Məmmədov əyləşmişdi. Səssiz-səmirsiz gözlərini son dəfə sevimli səhnəyə “çıxan” həmkarına zilləmişdi, onun “son roluna” baxırdı. Baxırdı və eynəyinin altından yamaqları boyu göz yaşları axırdı - dağdan səssiz-səssiz qaynayıb aşağı yol alan bulaq suyu kimi. Və elə bil, deyirdi ki, məni də apar, nə xoşbəxtsən ki, gedirsən, çox çəkməz, gələrəm arxanca.

Çox qəribədir, Turabov özü də getməyə çox böyük yanğı ilə tələsirdi, Həsən Məmmədov da göz yaşları ilə bunu deyirdi. Həm dostuna, həm də özünə ağlayırdı elə bil, yekunlaşdırırdı. Cəmi altı ay sonra avqust istisində özü də səhnədə “son rolunu” oynadı...

Əli qabarlı atanın oğlu “qoltuğu papkalı” olmaq istəmədi

Çox sadə bir ailədə dünyaya göz açıb. 1938-ci il noyabrın 22-də Salyan rayonunda doğulub. Sovet vaxtı bu rayona “Azərbaycanın Sibiri” deyirmişlər. Hökumət kimi cəzalandırmaq istəsə, bu rayona işləməyə, ən yaxşı halda, uzunmüddətli ezamiyyətə göndərərmiş. Sonralar bu rayon Azərbaycan elminə, mədəniyyətinə çox görkəmli şəxsiyyətlər bəxş etdi. O cümlədən Həsən Məmmədovu.

Həsən Məmmədov orta məktəbi 1956-cı ildə bitirib. Sovet dövrünün bütün nümunəvi gəncləri kimi, valideynlərinin istəyi ilə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olub. Əlləri qabarlı atası oğlunu ali təhsilli müəllim görmək istəyirdi. Düşünürdü ki, oğlu ali təhsil almaqla onun da yarımçıq qalan arzularını həyata keçirər. “Əynində kostyum, qoltuğu qovluqlu” məktəbə gedib-gələr. Daha onun kimi alnının təri ilə çörək pulu qazanmağa məcbur olmaz. Oğlunun isə içində aktyor olmaq yanğısı günü-gündən alovlanırdı. Nəhayət, universitetin 2-ci kursunda içindəki bu yanğı onu təhsilini dayandırmağa məcbur etdi. Artıq teatr dərnəklərində təcrübə qazandığından bu dəfə yolunu teatrlara salır. Bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq edir. İstədiyinə damla-damla çatmağa başlayır. Qınaqlar, tənələr onu əzsə də artıq sevdiyi işlə məşğul olmağı hər şeyə qalib gəlməsinə yardımçı olur.

1958-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olan Həsən tələbəlik illərində dövlət radiosunda diktor da işləyib (1960-1961).

1962-ci ildə Mehdi Məmmədovun kursunu bitirib, təyinatla Akademik Milli Dram Teatrına göndərilir.

Ağaməmmədin oğlu Həsəni televizorda göstəriblər

Bu vaxta qədər ona qəzəbi soyumayan ata hələ də oğlunun o yoldan qayıdacağını gözləyirdi. Bir səhər eşidir ki, rayonda hamı Ağaməmmədin oğlu Həsəndən danışır. “Zalım oğlu yaman yaradıb, elə bil elə Rüstəm kişinin oğludur”, “məktəbdə elə hiss olunurdu ki, ondan bir şey çıxacaq”, “bəxtəvər anasının başına, daha gözləri ayaqlarının altını görməz”. “Böyük dayaq” filmindən sonra dillərdə dolaşan bu söhbətlər ata-anasına çatmışdı. Üzə vurmasa da Ağaməmməd kişi oğlunu bağışlamışdı, artıq içində bir qürur hissi də baş qaldırmışdı ki, oğlu hansı yolu seçməyi özü daha yaxşı bilirmiş. İlk rolundan sonra atasından xeyir-dua alan Həsən Məmmədov bir-birinin ardınca dürlü-dürlü obrazlar yaradır. “Böyük dayaq”da Qaraşdan sonra “Arşın mal alan”da Əsgər, “Gün keçdi”də Oqtay kimi lirik obrazların ifaçısının öz həyatının lirik dövrü gəlib çıxır.

Kinostudiyanın yaxınlığında kirayə qaldığı həyətdə ondan başqa da tələbələr qalırdı. Onlardan biri Lətifə adlı qız Həsənin bütün diqqətini özünə cəlb etmişdi. Çəkilişlərdən vaxt tapan kimi Həsən Məmmədov qarabaqara qızın arxasınca düşərdi. Bunu görən rəfiqələri Lətifəni qısqanırdılar. Artıq kino ulduzu olmuş bir aktyorun həyat yoldaşı olmaq o vaxt hansı qızın arzusu deyildi?! Bu minvalla, sevgi ilə bir ailənin təməli qoyulur.

Çox keçmir, onlara ev də verilir, çox uzaqda yox, elə kinostudiyanın həyətində tikilən yeni binalarda.

Bu illər ərzində Həsən Məmmədov Akademik teatrda da müxtəlif obrazlara imza atır. 1972-ci ildə kino çəkilişlərinin çoxluğu ilə əlaqədar teatrdan kinostudiyaya işə keçirilir.

Yaradıcılığının lirika dövrünü isə artıq qəhrəmanlıq obrazları əvəz etməyə başlayır. “Arxadan vurulan zərbə” (Qəmərlinski), “Birisi gün gecə yarısı” (Baba Əliyev), “İstintaq” (Murad).

Öhdəsinə hansı obraz düşürdüsə, Tanrıdan bəxş olunmuş fakturasına yaraşırdı. Azərbaycan kinosunda çox az tapılan gözəl səs tembri vardı. Ələsgər Ələkbərovda, Həsən Turabovda, Məlik Dadaşovda olan səs tembrinin fərqli çalarlarında biri də onda idi. O qədər də qəddi-qamətli deyildi, amma kamera arxasında, obraza daxil olub, möhtəşəm olurdu. “Dədə Qorqud” (Dədə Qorqud), “Axırıncı aşırım” (Abbasqulu ağa Şadlinski), “Sevil” (Balaş), “Yeddi oğul istərəm” (Bəxtiyar), “Bir cənub şəhərində” (Murad). “Qızıl qaz” (Fərman), “Bakıda küləklər əsir” (General), “Alma almaya bənzər” (Qurban), “Səmt küləyi” (Əlibala), “İstintaq davam edir” (Əzimov), “Şahid qız” (polkovnik), “Qəm pəncərəsi” (Məmmədhəsən əmi), “Papaq” (Mirzə Səfər), “Həm ziyarət, həm ticarət” (Əlimurad), “Zirvə” (Kamil) “Bizi bağışlayın” (Nəriman).
Siyahını ümumilikdə götürəndə bəlkə də adama heç nə demir bu obrazlar, amma bir-bir yada saldıqca bu qədər fərqli xarakterlərin bir bədəndə necə öz əksini tapdığına təəccüb edirsən. Dədə Qorqud hara, Balaş hara? “Papağını da götürüb kontordan gedən” Mirzə Səfər hara, Məmmədhəsən əmi hara? Eləcə də Abbasqulu ağa ilə “Alma almaya bənzər”dəki Qurban nə qədər təzadlı obrazlardır. Bu xoşbəxtlik hər aktyora nəsib olmur. Hər aktyor da bu qədər müxtəlif obrazlara öz canını verməyi bacarmır.

Sevimli müraciəti “Qurban” idi

Ailədə isə artıq iki övlad böyüyür, bir oğlan, bir qız. Ata kino ulduzudur. Ətrafda hamı bunu bilir, uşaqlar məktəbdə əvvəlcə qeyri-adi qarşılanırlar. Axı Həsən Məmmədovun övladlarıdır. Yoldaşları onlara qəribə baxırlar. Bir müddət keçir, görürlər ki, onlarda qeyri-adi heç nə yoxdur. Əksinə, hansısa mağaza müdirinin övladlarının geydiyi pal-paltarı onlar heç yuxularında belə geyə bilməzlər.

Sovet vaxtı film qəhrəmanları kolxozlara, zəhmətkeşlərlə görüşlərə gedərdilər, onları tez-tez aparardılar belə görüşlərə. Həsən Məmmədov həmişə arxada bir yerdə çəkilib oturarmış. Adını çəkib irəli dəvət edəndə sifəti rəng verib, rəng alırmış. Heç vaxt yaşadığı zəmanəyə uyğunlaşmayıb. Həmkarlarının dediyinə görə, onunla dost olduğuna, hətta təsadüfi şəkil çəkdirdiyinə görə nələrisə əldə edən insanlar var. Amma Həsən Məmmədov özünə görə kimsəyə ağız açmağı, xahiş etməyi xoşlamazmış. Heç vaxt “mənim yaratdığım rollar” ifadəsini onun dilindən eşidən olmayıb.

İllər keçir, zaman dəyişir, insanlar zamana adaptasiya olunur. Həsən Məmmədov dəyişmir. Sovet quruluşu iflasa uğrayır, hər kəs bu dolanbacda nələrsə əldə etməyə çalışır, mənfəət güdür. Onun yenə halına təfavüt etmir, bacardıqca filmə çəkilir, dostu Həsən Turabovun dəvəti ilə yenidən qayıtdığı Akademik teatrda 1992-ci il noyabrın 21-dən elə ömrünün sonunadək aktyor truppasında çalışır.

Heç vaxt onun dilindən kimsə sərt cavab, təhqir eşitməyib. Mülayim adam olub. Hamıya “qurban sənə” deyə müraciət edirmiş. Bəzən onun “sənə”sini də demirdi elə “qurban” formasında qalmışdı dilində.

“Azərbaycan mədəniyyətində ən əxlaqlı adam olub”

Yaxın dostu, kino adamı Şeyx Əbdül Mahmudov deyir: “O vaxt kinoya Gürcüstandan, Orta Asiyadan, Baltik yanı respublikalardan aktyorlar dəvət olunardı. Hər biri Həsənlə bir kadra çəkildisə, heyrətə gəlirdilər. Çəkilib kənara onun ustalığına tamaşa edirdilər. Həsən indi sağ olsaydı, dünya kinosu ondan əl çəkməzdi. Sovet məkanında onun kimi ikinci aktyor V. Tixonov hesab olunurdu. Bir onu soruşurdu ki, filmi hansı planda çəkirsən? Qalanını özü bilirdi. Daha ona demək lazım gəlmirdi ki, Həsən sən nəyi necə eləməlisən. “Kapriz” deyilən bir şey onda yox idi. Çəkilişi qurtarırdı, meydançadan getmirdi ki, birdən rejissorun ağlına nə isə gələr lazım olaram, bir də niyə arxamca maşın göndərib axtarsın məni. İşə gəlmişəm, çəkilişim qurtarsa da çəkiliş boyu burda olmalıyam. Onun qədər ikinci əxlaqlı aktyor yoxdur, içi mən qarışıq. Zarafatımız vardı, bir dəfə qastrolda gördüm ki, ətrafda nə qədər qadın, qız var, hamısı bunun əsiridir, bunun heç eyninə deyil. Eyham vurdum ki, adə, hərəkət elə, mənə elə acığı tutdu ki, olmayan kimi”.

Bütün fəxri adları almışdı

Kino sənətində göstərdiyi xidmətlərə görə 1971-ci ildə Azərbaycanın əməkdar artisti, 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. “İstintaq” bədii filmindəki Murad roluna görə SSRİ, “Birisi gün gecə yarısı” kino lentindəki Baba Əliyev obrazı üçün Azərbaycan SSR dövlət mükafatları ilə təltif edilib. 1970-ci ildə “7 oğul istərəm” filmindəki Bəxtiyar roluna görə Respublika Lenin komsomolu mükafatı laureatı olub. Bütün bunlardan öndə duran bir fəxri adı hələ də yaşayır - Həsən Məmmədov.

“Bəxtiyar rolu” dedim, bir məqamı xatırladım. Bir dəfə teatrda müsahibə alırdım ondan. Qış idi, uzun qara palto geyinmişdi, təpədən-dırnağa kino adamı olan bu şəxsdə qəribə bir magiya vardı. O qara paltoda, iri addımlarla teatrın girişindən keçəndə hamı kənara çəkilib yol verdi. Söhbətləşdik, sonda belə bir fikir dedi: “İndi sən demədin, qızım, amma çox vaxt mənə deyirlər ki, çəkildiyiniz filmlər sovet təbliğatına xidmət edib. Bəxtiyar komsomol olub, bizə düşməndir. Bu günün nəzərləri ilə baxsaq, Bəxtiyar sadəcə bir insan, şəxsiyyət idi, xalqının əmin-amanlığını istəyirdi...”

Hiss etdim ki, bu mövzu Həsən müəllimin yaralı yeridir. İllərlə yaratdığı obrazlar, çəkildiyi filmlər kimlərinsə nəzərində, sən demə, havayı atılmış güllə kimi qəbul olunur. O vaxt haqqında yazdığım yazı ilə ona nə qədər təsəlli ola bildim, deyə bilmərəm. Hər halda sonralar, ömrünün son günlərinə qədər zənglərimə məmnuniyyətlə cavab verib, həmsöhbət olurdu. Bildiyim odur ki, bəzən özləri heç bir işə qadir olmayan kəslər başqalarının gördüyü işləri kölgələməyə çalışmaqla təsəlli tapırlar.

Axı, ürək neyləsin...

Ömrünün son illərində Azərbaycan kinosunun qızıl illəri artıq arxada qalmışdı. Təltifləri, fəxri adları, hörməti, amma maddi cəhətdən o qədər də böyük təminatı yox idi. Ailəsi də sovet vaxtı ona verilən dar mənzilə sığmırdı. Zəmanəyə uyğunlaşa bilmədiyinə görə qınaqlar rahatlıq vermirdi. İstədiyini ailəsinə bəxş etmək üçün fikirləşib tapdığı yollar isə şəxsiyyətinə, xarakterinə yad idi.

Qatar getmişdi, arxasınca çatmaq olmazdı. Bəlkə vaxtında daha uzaqgörən olmayıb? Niyə o, kiməsə ağız açmalıdır? Bəlkə düz eləmir, hamı necə, o da elə? Niyə zəmanə adamı ola bilmir? Bunları düşünəndə gah özünə haqq qazandırır, gah özünü qınayırdı. Hərdən üzv olduğu partiyanın da qapısına qədər gedib çıxır, nə isə yenidən geri qayıdırdı.

Niyə Tanrı ona bu xarakteri verib? Başqa cür olsaydı, bəlkə ailəsini daha yaxşı təmin edərdi? Axı, onun yerində kim olsaydı...? Bu ağrılar onu ürək əməliyyatına qədər gətirib çıxartdı. Əməliyyatdan sonra rahat, qayğısız, təmin olunmuş həyat yaşamalı idi, ürək bunu tələb edirdi. Əks halda...

Avqustun cırhacırı idi. Zəng elədim, Həsən müəllim, necəsiniz? Ömür boyu şikayət etməyən adam elə bil dilə gəlmişdi: “Əməliyyatdan sonra Allahın bir putyovkasını tapmıram ki, gedib bu istilərdən kənarda bir az dincəlim...”

Bu həmin 2003-cü ilin avqustu idi ki, iki gün sonra əvəzsiz aktyor, nümunəvi sovet adamı Həsən Məmmədov dünyasını dəyişdi. Bəlkə də onunla da böyük, şaxəli bir çinarın son yarpağı qopub düşdü. Onu II Fəxri Xiyabanda dəfn etdilər. O itkini isə Azərbaycan kino sənətinə geri heç bir qüvvə qaytara bilməz. Bəlkə nə vaxtsa haqqında dastanlar yazılacaq, amma o, qayıtmayacaq. Yenə seviləcək, yenə zəmanə adamı olmadığı, iradəsinin ziddinə gedə bilmədiyi, şəxsiyyətli, abırlı, əxlaqlı, yalnız saf sənətkar olduğuna, yaşamağın başqa - ənənəvi yollarını bilmədiyinə görə qınanacaq, amma seviləcək. Seviləcək və bir də ondan olmayacaq.

Ramilə Qurbanlı - Pressklub.Az
 
Ardını oxu...
"Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayının qonağı şair, tərcüməçi Səlim Babullaoğlu olub. S.Babullaoğlu şairin Allahla münasibətlərindən bəhs edib:

"Düşünmürəm ki, şairin Allahla xüsusi münasibətləri olmalıdır. Məncə, bəndənin Allahla və ya Allahın bəndə ilə münasibətləri var, olmalıdır. Belə bir ifadə var ki, Allahla danışmaq istəyirsənsə, ibadət et, Allahın sənə dediklərini eşitmək istəyirsənsə, baş verən hadisələrə diqqət et. Allah yeganə məbuddur ki, onu aldatmaq mümkün deyil. O nəinki bizim istədiklərimizi, hətta istəməyə utandıqlarımızı, yaxud qəlbimizin dərinliklərində gizlətdiklərimizi bilir və bir qayda olaraq bizə nəsib edəndə istəklərimizin ən xeyirlisini qismət edir. Allah bizi peşələrə görə ayırmır, inananlara və inanmayanlara, xeyirli və yaxud ziyanlı əməl sahiblərinə görə ayırır".

Səlim Babullaoğlu "Şair özünü rüşvətdən necə qorumalıdır?" sualına belə cavab verib:

"Məncə, insan özünü rüşvətdən qorumalıdır, şair yox. Təəssüf ki, mənə dəfələrlə rüşvət təklif olunub. Əvvəla, daxilən dərin təəssüf hissi keçirmişəm, qüssələnib, kədərlənmişəm. 3 ildir Yazıçılar Birliyinin Qəbul Komissiyasının rəhbəriyəm. O insanları başa düşə bilmirəm ki, rüşvət verib Yazıçılar Birliyinin vəsiqəsini almaq istəyirlər. Bu, çox acınacaqlı haldır. Təbii ki, həmin insanlara qarşı kobudluq etməmişəm. Amma izah etməyə çalışmışam ki, pulları belə çoxdursa, ehtiyacı olan bir adama kömək etsinlər".

Ətraflı Baku TV-nin süjetində:

 
 
 
Ardını oxu...
Qədim Şəmkir şəhərində uzun müddət aparılan qazıntılardan sonra 2019-cu ildə Tarix-Mədəniyyət Qoruğu yaradılıb.

Bundan sonra məlum olub ki, qoruğun mühafizə ərazisinə düşən bəzi torpaqlar kənar məqsədlər üçün istifadə olunur.

Buna misal kimi qədim körpü qalıqlarının yaxınlığında əkin işlərinin aparılmasını göstərmək olar.

Bu ərazilər kənd sakinlərinə 1998-ci ildə Torpaq İslahat Komissiyası tərəfindən pay torpağı kimi verilib.

Məsələ ilə bağlı "Qədim Şəmkir Şəhəri" Qoruğunun direktoru Nurlan Həsənov bildirib ki, müvafiq dövlət qurumlarına müraciət olunub. Evlər və əkin sahələrinin gələcəkdə köçürülməsi planlaşdırılır.

Daha ətraflı Baku TV-nin materialında:

 
 
 

 
Ardını oxu...
Məşhur fransalı aktyor Alen Delon Duşi kommunasında malikanəsinin ərazisində dəfn edilib.

APA xəbər verir ki, mərasimə sənət adamının üç övladı və yaxın dostları qatılıb.

Delon sağlığında vida mərasiminin kiçik olmasını, rəsmi və ya dini tədbirlər olmadan baş tutmasını arzuladığını bildirib.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Dünyanın 150-dən çox ölkəsində yayımlanan və 700 milyondan çox insanın izlədiyi türk serialları Türkiyənin “​yumşaq güc”ünə çevrilib.

“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr İdarəsi nəzdində Marka Ofisi araşdırma aparıb.

Araşdırmada serialların Türkiyənin marka dəyərini, izlənilən ölkələrdən Türkiyəyə gələn ziyarətçilərin sayını və türk məhsullarına tələbatı artırdığı qeyd edilib.

Qurumun türk seriallarının dünyadakı təsirindən bəhs edən “Türkiyənin yumşaq gücü: Türk serialları” adlı araşdırması “Ayın tarixi” dərgisinin son sayında dərc olunub.

Araşdırmada türk seriallarının həm iqtisadi uğurları, həm də yaratdığı cazibə ilə Türkiyənin müxtəlif coğrafiyalardakı insanlarla əlaqə qurması üçün ən mühüm vasitələrdən birinə çevrildiyi vurğulanıb. Bundan başqa bildirilib ki, iqtisadi ölçü baxımından dünyada ABŞ-dən sonra ən çox serial ixrac edən Türkiyə, seriallar vasitəsilə ölkənin marka dəyərini digər ölkələrlə müqayisədə artırmaqda böyük üstünlüyə malikdir.

Araşdırmada Türkiyənin tanıdılmasına, ixracına, turizminə və iqtisadiyyatına birbaşa və ya dolayısı ilə qatqı təmin edən seriallar sayəsində müxtəlif coğrafiyalarda türk məhsullarına tələbatın gündən-günə artdığı ifadə edilib. Bundan əlavə, insanların türkcə öyrənmək ,Türkiyə və türklər haqqında müsbət fikirlərdə olması da qeyd edilib. Ən əsası isə bu il teleserial ixracından 1 milyard dollar gəlir gözlənildiyi bildirilib.

Araşdırmada fikirləri yer alan Kommunikasiya Direktoru Fahrettin Altun, son 3 ildə türk seriallarına qlobal tələbatın yüzdə 183 artdığını ifadə edərək “Bu istehsallar bizim mədəni korrupsiya cəhdlərinə qarşı müqavimət səyimizdir” deyib.

Məqalədə 2000-ci illərin əvvəllərində Orta Asiya ölkələrində “Deli Yürek” serialının nümayişinin türk seriallarının beynəlmiləlləşməsinin başlanğıcı kimi qiymətləndirildiyi diqqətə çatdırılıb. 2007-ci ildə Yaxın Şərq ölkələrində Kanal D-də yayımlanan “Gümüş” daha bir dönüş nöqtəsi olaraq görülüb. “İçerde” və “Bir Zamanlar Çukurova” seriallarının uğurları da nümunə göstərilərkən, Kanal D-də də yayımlanan “Yargı” serialının ən uğurlu serial seçildiyi xatırladılıb. Xaricdən ən çox tələb olunan TRT serialları “Diriliş Ertuğrul”, “Benim Adım Melek”, “Elimi bırakma”, “Masumlar Apartmanı”, “Filinta” və “Payitaht Abdülhamit” kimi sıralanıb.

Böyük Britaniyada yerləşən Exeter Universiteti tərəfindən 2023-cü ildə nəşr olunan kitabda türk seriallarına artan maraq akademik nöqteyi-nəzərdən müzakirə edilib.

AB Təhlükəsizlik Araşdırmaları İnstitutunun 2024-cü ilin may ayında dərc etdiyi “Dünyada Türkiyənin Kartları” adlı hesabatda “Türkiyənin dünyanın müxtəlif bölgələrində ayaq izi genişlənib” deyə yazılıb. “Bu, təkcə iqtisadi baxımdan deyil, həm də ölkənin öz yumşaq gücünün uğurlu proyeksiyasında özünü büruzə verir” sözləri qeyd edilib.

“The Economist” jurnalında bildirilib ki, İspaniyada 2023-cü ilin birinci yarısında ən çox yayılan üç ssenarili serial türk seriallarından ibarətdir.

2023-cü ilin iyul ayında ABŞ-də yerləşən Bloomberg internet saytında dərc edilən məqalədə Türkiyənin yumşaq gücündən uğurla istifadə etdiyi və seriallar sayəsində özünü dünyaya yeni bir güc kimi satdığı ifadə edilib. “Türkiyə NATO-nun ikinci ən böyük ordusunun belə çata bilmədiyi qədər uzaqlarda da ürəkləri və ağılları fəth etmək istəyir”,- deyə bildirilib.

Ardını oxu...
Ramiz Rövşənin poeziyası, şeirlərindəki tərz, üslub, intonasiya haqqında heç nə deyə bilmərəm. Çünki poeziyadan o qədər də yaxşı başım çıxmır. Sevdiyim şairlər, şeirlər olsa da, bu sahədə özümü piyada hesab edirəm. Başım çıxmadığı sahə haqqında danışmağım, bu yaşda – saqqalımın ağardığı bir vaxtda başım çıxmadığı mövzuda ciddi-ciddi nəsə fikir bildirməyim axmaqlığa, ədalətsizliyə yol aça bilər.

Ramiz Rövşənin nəsri haqqında da geniş məlumata malik deyiləm. Nədənsə onun nəsrini oxumaq həvəsim və istəyim heç vaxt olmayıb. Tamamilə təsadüfən bir-iki hekayəsi ədəbiyyat saytlarında qarşıma çıxıb. Açıb orasına-burasına baxmışam. Mənə həddindən artıq zəif, zövqsüz, texnika, mövzu və mövzunun işlənməsi nöqteyi-nəzərindən olduqca nimdaş təsir bağışlayıb. O qədər zəif, zövqsüz, nimdaş təsir bağışlayıb ki, bir sual ətrafında düşünməyə başlamışam:

“Özünü ciddi, intellektual ədəbi fiqur hesab edən və cəmiyyətdə də bu cür qəbul olunan bir qələm adamı necə belə zəif, zövqsüz, nimdaş hekayə yaza bilər? Yazmağı bir tərəfə qalsın, bu zəif, zövqsüz, hər cəhətdən nimdaş hekayəni necə dövriyyəyə buraxıb, oxucuların müzakirəsinə vermək olar?”. Sayt yaratmaq

Ramiz Rövşən poeziyasına gənclik illərimdə marağım olub. Minnət kimi başa düşülməsin, Ramiz Rövşən poeziyası bir növ özü mənim qarşıma çıxıb. Bir tanışım vardı. Ramiz Rövşən poeziyasının və personasının qatı azarkeşi idi. Şeirlərini əzbər bilirdi və münasib yerlərdə, münbit şərait yarananda Ramiz Rövşəndən mütləq şeirlər deyirdi. Ramiz Rövşəni müasir Azərbaycan ədəbiyyatında bir nömrəli şair kimi qəbul edirdi. Başqa söhbət ola bilməzdi. Hansısa əks bir arqumenti heç yaxına belə buraxmazdı.

O vaxtlar ölkə siyasi mövqe mənasında ikiyə bölünmüşdü. Ramiz Rövşən başqalarına nisbətən bizim üçün həm də bir köynək yaxın adam, bir köynək yaxın şair kimi qəbul olunurdu. Bizim düşərgənin adamı sayılırdı. Müxalifyönlü qəzetlərdə Ramiz Rövşən poeziyasına, personasına siyasətçilər, jurnalistlər, ziyalılar, sıravi partiya üzvləri tərəfindən daima ciddi və yüksək bir hörmət göstərilirdi. Bütün müxalifət qəzetlərinin qapısı Ramiz Rövşənin üzünə və poeziyasına taybatay açıq idi. Ramiz Rövşənin müsahibəsi, yazısı, şeiri bir qəzet üçün, necə deyim, prestij sayılırdı. Elə iqtidar düşərgəsi də Ramiz Rövşəni məşhur, ağır bir ədəbi fiqur kimi inkar etmirdi. İqtidar düşərgəsinin ziyalıları, poeziya vurğunları, şeir xiridarları da Ramiz Rövşənin şeirlərini əzbər bilirdilər. Onu müasir Azərbaycan ədəbiyyatında ciddi bir şair, intellektual bir ədəbi fiqur kimi qiymətləndirirdilər.

Bəli, fakt, həqiqət ortadadır. Nadir istisnaları çıxsaq, Ramiz Rövşən Azərbaycan cəmiyyəti, ədəbi ictimaiyyəti tərəfindən müasir Azərbaycan ədəbiyyatının ağır, ciddi bir şairi, intellektual ədəbi fiquru kimi tanınıb, tanınır, belə qəbul edilib, belə qəbul edilməkdədir. Bunu heç kim inkar edə bilməz. Ramiz Rövşəni sevməyən adamlar da bu faktı, bu həqiqəti qəbul etmək məcburiyyətindədirlər.

Deməyim odur ki, Ramiz Rövşən çörək, yoxsa mənlik, çörək, yoxsa ləyaqət, çörək, yoxsa azadlıq, aclıq, yoxsa həyat dilemması qarşısında qalmayıb. Belə bir vəziyyət onun üçün ümumiyyətlə, yaranmayıb, mövcud olmayıb. Müxalifətin ən yaxşı vaxtlarında müxalifətdə olub və qarşı tərəf də onu şair, ədəbi fiqur qəbul edib. Ta təfərrüatlara girmirəm, bilənlər nə demək istədiyimi bildi.

Asif Ata deyirdi ki, mən insanları imtinaları ilə tanıyıram. Yaxşı sözdür. İmtina etməyi bacarmayan, nəfsinə yiyəlik etməyən, nəfsinə cilov taxa bilməyən adam böyüyə bilməz. Qədim şərq mənbələrində nəfsi havayı yerə əfi ilana bənzətməyiblər. Lənətə gəlmiş nəfs nə qədər insanı cıqqılılaşdırıb, alçaldıb, cılızlaşdırıb, nə qədər insanı bir ziyalı, bir təfəkkür, bir istedad sahibi kimi bədbəxt edib. Nəfs – o əfi ilan nə qədər istedad sahiblərini çalıb, zəhərləyib. O əfi ilandan yayılan zəhər nə qədər istedad sahiblərinin şəxsiyyət kimi böyüməsinə, müdrikləşməsinə imkan verməyib. Nəfs istedadı, mənliyi, ləyaqəti boğub, məhv edib.

Doğrudan da, həyatın elə anları var ki, insan əldə etməklə deyil, imtina etməklə böyüyür. Ramiz Rövşən div ola bilərdi. Div olmaq üçün onun hər cür imkanı var idi. Amma o div olmağı deyil, cırtdan olmağı seçdi. Özü də könüllü seçdi. Dünya malına, xırda- xuruş şeylərə universal həqiqətlərdən daha çox qiymət verdi. Ədəbiyyat, əbədiyyət, həqiqət aşiqi kimi deyil, tipik bir bazar alverçisi kimi hərəkətlər elədi. Bu sadəcə dəhşətdir. Bir insanın div olmaq imkanı olduğu halda, o cırtdan olmağı seçir. Mənə maraqlıdır, görəsən, o öz faciəsini başa düşürmü? Nəyi nələrə dəyişdiyini bilirmi?

... Zövqüm, siyasi düşüncəm formalaşdıqca Ramiz Rövşənə qarşı məndə qəzəb yaranırdı. Bu qəzəb bəzən açıq nifrətə çevrilirdi. Onun "sovet bülbüllərini", ədəbi generalları, ədəbi nomenklaturanı daima təbliğ etməsini, qorumasını heç cür başa düşə və qəbul edə bilmirdim. Azadlıq, demokratiya carçısı "sovet bülbüllərini", ədəbi generalları, atalarının qucağında ədəbiyyata gələnləri necə müdafiə edə bilər? Azadlıq, demokratiya carçısının "sovet bülbüllərini", ədəbi nomenklaturanı qoruması, təbliğ etməsi heç bir məntiqə sığmır. Bu barədə yazılar yazırdım. Yazılar süngüylə qarşılanırdı. Xüsusən müxalifət düşərgəsinə aid şəxslər daha sərt reaksiyalar verirdilər. Bir növ öz düşərgələrinə aid fiquru, bütü tənqidlərdən qoruyurdular. Onların bütünə, demokratiya, azadlıq carçısına "daş atmaq" dəlilik, əclaflıq, savadsızlıq, xəyanətin kiçik forması, ən yaxşı, ən yumşaq halda, cavanlıq səhvi kimi qəbul edilirdi.

Məsələni qəlizləşdirən, adamları çaşdıran, çaş-baş salan məhz Ramiz Rövşənin azadlıq, demokratiya carçısı kimi tanınması, mitinqlərdə, müxtəlif yığıncaqlarda odlu-alovlu çıxışlar etməsi, müxtəlif məclislərdə azadlıq-zad haqqında bəlağətlə danışması, onun məşhur ədəbi fiqur, intellektual, gözəl şair kimi qəbul edilməsi idi.

Məhz bu sifətlərə görə Ramiz Rövşən ədəbiyyatın azad olmasına, müstəqilləşməsinə, azad, tənqidi düşüncəyə, tərəqqiyə, azadlığa, demokratiyaya başqalarından daha çox, daha ağır zərbə vurub. Ramiz Rövşən "sovet bülbüllərini", ədəbi nomenklaturanı, azad rəqabətin olmadığı vaxtlarda atalarının hesabına şair, yazıçı olanları, ədəbi generalları, parnik ziyalılarını başqalarından daha çox qoruyub və təbliğ edib. Leninə poema yazan Rəsul Rzaya, dövlətdən maliyyələşən Yazıçılar Birliyini öz şəxsi mülki kimi idarə edən Anara haqq qazandırıb və ən pisi də odur ki, bunu çox gözəl bacarıb. Ona inanan, onun poeziyasını, şeirlərini sevən adamları da öz məşhurluğundan, çəkisindən istifadə edərək pis, səhv yola çəkib. Yəni daha aydın desək, Ramiz Rövşən demokratiya, azadlıq carçısı kimi tanınsa da, öz məhşurluğundan, çəkisindən istifadə edərək mütləqqiyəti, sovet ənənələrin, sosrealizmi, senzuranı dəstəkləyib. Eyni missiyanı, lakeylərə müxtəlif yollarla, müxtəlif vasitələrlə lakeylik etmək missiyasını bu gün Cəmil Həsənli canla-başla və etiraf edim ki, çox uğurla yerinə yetirir.

Namaz qılan, oruc tutan, ziyarətlərə gedib Məşhədi, Kərbəlayı, Hacı titulu qazanan, bütün günü halaldan, haramdan danışan adamların pis əməlləri dinə nə qədər zərbə vurursa, demokratiya, azadlıq carçılarının parnik ziyalılarını, ədəbi nomenklaturanı qoruması, təbliğ etməsi də demokratiyaya, azadlığa, tərəqqiyə, azad düşüncəyə, ədəbiyyatın müstəqilləşməsinə, ədəbiyyatın inkişafına bir o qədər zərbə vurur.

Seymur Baycan - Yenisabah.Az
 
Ardını oxu...
Avqustun 23-də Daşkənddə Azərbaycan və Özbəkistan incəsənət ustalarının birgə qala konserti olub.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Özbəkistan lideri Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva, qızları Saida Mirziyoyeva konsertdə iştirak ediblər.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Bu gün Azərbaycanda yaşayan xalqların və etnik qrupların bəzi nümayəndələri, xarici təsirlər altında öz milli kimliklərini qabardır və ölkəmizdə ayrı-seçkilik salmağa çalışırlar. Qədim həqiqətlərdən xəbəri olmayan bu bir qrup insan, Avropa alimlərinin ortaya atdığı "dil qrupu" nəzəriyyəsini əsas götürərək, yad xalqları özlərinə qardaş hesab etməyə başlamışlar. Bəs həqiqət necədir? Necə ola bilər ki, bir məkanda min illər qardaş kimi yaşamış xalqlar birdən birə bir-birinə yad, qonşunun özgə xalqına isə dil oxşarlığına görə doğma olsunlar? Mən, ilk dəfə olaraq bütün bu sualların cavabını bu məqalədə verəcəyəm və ölkəmizlə bağlı heç kimin bilmədiyi sirləri açacağam.
Hər şeydən əvvəl ondan başlamaq istəyirəm ki, bütün qədim həqiqətlər kitablarda yazılıb. Lakin bu yazını qədim müdriklər müəyyən səbəbdən rəmzlərlə yazıblar. Bu səbəb isə bilavasitə insanların yaradılışı ilə bağlıdır. Qədim dünyanın ən ciddi mənbəyi Tövrat kitabı hesab olunur ki, yazılara görə Allah dünyanı yaradanda bu kitaba baxıb yaradırmış. Tövrat isə açıq yazır ki, əvvəl bir xalq və onun vahid bir dili olmuşdur. Şərqdən gələn bu xalq Xaldeyada, başı göylərə çatan Babil qülləsini tikdi. Allah, ikinci belə bir qüllənin tikilişinin qarşısını almaq üçün, onların vahid dilindən 70 müxtəlif dil yaradıb, onları dünyaya səpələdi (məqalə: "Тайна святого языка Азери", sayt: https://firudin.blogspot.com/2020/08/blog-post_34.html). Deməli, qədim dillər xüsusi məqsədlə və məntiqlə, Babil qülləsi tikildikdən sonra bir dildən yaradılmışdır. Babil sözü - "Allahın qapısı" mənasını verir ki, sufi müdriklərinə görə, məhz Şərqdən gələnlər İlahdan göydə nəhəng Allah yaratmış və onun qapısını da Xaldeyada tikmişlər. Xaldeyada yaradılmış bu Allahın və onun qapısının sirr kimi qalması üçün Allah vahid dildən 70 müxtəlif dil yaratmışdır.
Sadəcə bu həqiqətlər kifayət edir ki, insanların danışdığı dillərə görə xalqlara bölünməsinin cəfəngiyat olması birdəfəlik anlaşılsın. Lakin dünya alimləri nədənsə ciddi mənbədəki bu faktı qəbul etmirlər və bunun səbəbini də mən bu məqalədə açacağam.
Ardını oxu...
Mənbələrdə Şərqdən gəlmişlər dedikdə, Qafqaz Albaniyasından gəlmiş insanlar nəzərdə tutulur. Lakin məşhur sufi Şihabəddin Yəhya Sühravərdi Şərq rəmzi altında göyləri, göydəki dünyanı nəzərdə tutur (məqalə: "Dünyanın ilk dili - Türk dilidir!", sayt: https://gilarbek.blogspot.com/2018/04/dunyann-ilk-dili-turk-dilidir.html?m=1). Göydən gəlmiş xalq isə mətnlərdə - şahlığı göydən endirilmiş kutilər adlanır. Deməli, sufilərə görə vahid dilindən 70 dil yaradılan ilk xalq - kutilərdir.
Tövrata görə cəmi iki növ insan - göy və yer insanı yaradılmışdır ki, Şərqdən gələn kutilər, mənbələrdə ölümsüz göy insanları mənasında Assurlar adlanırlar. Bu ilk varlıqlar Misir mənbələrində Asar, yəni Osiris Allahları mənalarındadırlar. Sufi məntiqində kuti sözü də, Allah mənasını verən Qad, Xuda rəmzləri ilə eyni mənalıdır. Başqa sözlə, ilk insanlar dedikdə mənbələr - Allahlar nəslini nəzərdə tutur ki, bunlar da Osiris Allahları nəslidir. Əflatuna görə, adi yer insanlarını da bu göy insanları yaratmışlar. Məşhur sufi Mühiddin ibn Ərəbi yer insanlarını - “təbiət və şəhvətin idarə etdiyi, zəif ağılda olan, məntiqsiz” sayır və “heyvani insan” adlandırır. Mən, "Истина о небесных и земных людях" adlı məqalədə bu haqda geniş məlumat vermişəm (sayt: https://firudin.blogspot.com/2020/07/blog-post.html?m=1). Deməli, qədim mətnlərə görə cəmi iki növ insan yaradılmışdır ki, bütün yazılanlar ilk insanların, yəni assurların vahid səfa dilində yazılmışdır və yalnız onlara aiddir. Şərqdən, yəni Albaniyadan gəlmiş vahid səfa dilli bu İlahi varlıqlar yazılarda "İhvani səfa", yəni sufi dilli Aqvan-Alban qardaşlığı adlanırlar.
Sufizmdə Assur/Asar/Aşşur/Azər rəmzləri eyni mənalıdır və qədim Misir yazılarında onlar, qeyd etdiyim kimi Osiris Allahları adlanırlar. Əhdi-ətiqə görə, bu azərilərin varisləri xaldeylər sayılır ki, mənbələrdə xaldey rəmzi altında Xelat əhli, yəni Azərbaycanın Xelat Atabəglər Ailəsi nəzərdə tutulur. Bu isə o deməkdir ki, vahid səfa dilindən yaradılmış 70 müxtəlif dillərdə danışan xalqlar - bir elin, yəni Azərbaycan Atabəglər Ailəsinin xalqlarıdır. Sufi müdriklərinə görə, adi insanların qədim mənbələrə heç bir aidiyyatı yoxdur. Başqa sözlə, mənbələrdə söhbət Azərbaycan Atabəglər Ailəsinin xalqlarından gedir.
Bütün bu həqiqətlərin fonunda ortaya belə bir sual çıxır: qədim həqiqətlər mənbələrdə açıq yazıldığı halda, niyə bu gün insanlar danışdığı dilə görə xalqlara, millətlərə bölünürlər? Bunun cavabı isə son dövrün alimləri ilə bağlıdır.
Ardını oxu...
Masonluqla bağlı yazılarımda mən göstərişəm ki, mənbələrə görə Avropanı son 3 əsrə qədər "Quş dili" bilən Qulyardlar, yəni "Gel oğulları" adlanan Gilar bəgləri idarə etmişlər (məqalə: "Древние масоны – прямые потомки богов", sayt: https://gilarbek.blogspot.com/2012/12/blog-post.html?m=1). Lakin son əsrlərdə hakimiyyətə göy insanları ilə qarışığı olan yer insanları gəlməyə başladı. Onlar, qədim dünyanın sahiblərinin məhz Azərbaycan Atabəglər Ailəsinin olmasını anladılar və bunu qəbul edə bilməyib, dilləri qruplara bölərək həqiqətləri gizlətdilər. Qədim sirləri bilməyən müasir alimlər də əvvəlki alimləri ağıllı sayıb, onların məntiqi ilə ağıllarına gələnləri yazdılar.
Bütün bunlar o deməkdir ki, danışdığı dilə görə xalq olmur. Mənbələrə görə hələ Aşinanın vaxtında Türk dilində danışan iki qrupun biri əsla Türk hesab olunmurdu. Qədim dilləri Allah xüsusi sufi məntiqi ilə yaratmış və məhz Xelatdan, yəni Xaldeyadan insanları dünyaya səpələmişdir. Mən, "Правители мира и их единый "язык птиц" adlı məqalədə bu haqda geniş izah vermişəm (sayt:
https://firudin.blogspot.com/2020/08/blog-post.html?m=1). Mətnlərdə Altay dedikdə də sufilər El-Teo, yəni Allahlar eli olan Azərbaycanı nəzərdə tuturlar.
Ardını oxu...
Qədim Misir yazılarında Azərbaycan Atabəglər Ailəsi - "Vahid əsilli xalqların Böyük İttifaqı" kimi qeyd olunur və Ruten adlanır. Ruten rəmzi digər mətnlərdə Allah mənasını verən Neter, Turan və Tanrı kimi qeyd olunur. Ruten eli iki torpaqdan - yuxarıdakı, yəni göydəki və aşağıdakı, yəni yerdəki torpaqlardan ibarət olmuşdur. Mən, "Великая тайна иудаизма и иудеев Хазарии" adlı məqalədə bu haqda geniş yazmışam (sayt: https://firudin.blogspot.com/2021/01/blog-post.html). Bu o deməkdir ki, ən qədim mənbələrdə Allah mənasını verən Ruten/Neter/Tanrı və Turan rəmzləri altında - öz kosmik "bədəni" ilə iki dünyanı birləşdirən, qədim Misirin Atum və ya Osiris adlanan Allahı nəzərdə tutulur. Öz "bədəni" ilə iki dünyanı birləşdirən Ruten (Turan) Allahının yerdəki eli isə elə Babil qülləsinin yaradıldığı Xaldeya-Xelat elidir. Başqa sözlə, Azərbaycanın avtoxton xalqları - vahid əsilli, yəni eyni kökdən olan xalqlardır və onlar qədim Misir Allahları nəslinin varisləridir. Kitabi Dədə Qorqudda bu Atabəglər Ailəsi - iki elin, yəni yerdəki Taş Oğuz elinin və göydəki İç Oğuz elinin bəgləri adlanır. Mən, "Assuriya qədim Azərbaycan ölkəsidir" adlı məqalədə bu haqda geniş yazmışam (sayt
https://gilarbeg.wordpress.com/2021/06/14/assuriya-qədim-azərbaycan-olkəsidir/).
Ardını oxu...
Buddizmdə Azərbaycan Atabəglər Ailəsi - ekstatik durumda tam kamilliyə çatmış 33 Buddanın törəmələri hesab olunur və onlar Trayastrimşa adlanırlar. İslamda, Azərbaycan Atabəglər Ailəsinin əcdadları olan bu 33 müqəddəs - "Sadat silsiləsi", "Əli silsiləsi", "Qızıl silsilə", rus əfsanələrində isə 33 bahadır adlanır (məqalə: "Azərbaycan Atabəglər Ailəsi və Onun 32 müqəddəs xalqı", sayt: https://firudin.blogspot.com/2021/01/azrbaycan-atabglr-ailsi-v-onun-32.html).
Ardını oxu...
Bütün bunlar o deməkdir ki, bu gün Azərbaycan adlanan ölkə ən qədim mənbələrdəki Azər, yəni Osiris Allahları nəslinin ölkəsidir. Onun əhalisi isə bütün bəşəriyyəti yaratmış Amon Allahı və Onun 32 silahdaşının törəmələridir. Bu törəmələr bu gün Qafqaz, Asiya və Rusiya xalqlarının əksəriyyətini təşkil edir. Onlar ayrılıqda müxtəlif dillərdə danışsalar da, ümumi dil kimi İlahla, yəni ilkin materiya ilə bağlı olan Allahlar və padişahlar dilində - Türk dilində danışırdılar. Çünki bu dil bəglərin ekstatik durumdakı tərikə yolunun İlahı dərkinin dilidir. Tövrat bu dili - ilk insanların vahid səfa dili, Quran isə Süleyman peyğəmbərə verilmiş "Quş dili" adlandırır.

Firudin Gilar Bəg
TEREF
21.08.2024
 
Ardını oxu...
Bu gün mərhum xanəndə Aygün Bəylərin doğum günüdür.

Bu münasibətlə Mir Şahin Ağayevin Aygün Bəylər haqqında məqaləsini təqdim edirik.

Tut ağacı üçün elegiya...

…Ömürlə ölüm hər kəsdə birlikdə yaşayır. Yeni doğulmuş uşaqda da, yaşı yüzü adlamış qocada da. Amma həyatın işlək, adi, cari çağlarında bu daimi müttəfiqliyin yalnız bir üzünü görürsən. Səninlə ünsiyyətdə yalnız qarşı tərəfin ömür tayı qüvvədə olur. Ölüm üzü yada düşmür.

… Amma istisnalar var!

Şəxsən mən ölüm-dirim cütlüyü haqqında yalnız xərçəng xəstələri ilə danışanda, onlara baxanda fikirləşirəm.

Yalnız onlarla ünsiyyətdə olarkən görürəm ki, qarşımda hər iki dünyanı birlikdə daşıyan İNSAN var.

Onlarda həm ömür, həm ölüm birlikdə dilə gəlir, birlikdə gülür, birlikdə hərəkət edir…birlikdə bişirir, birlikdə yazır, birlikdə uşağı bağçadan götürür…
birlikdə…
birlikdə…
birlikdə…
Ömür-ölüm tandemi ilə bir yerdə “Salam!”laşır, bir yerdə “Sağ ol!”laşırıq.
Etiraf edim ki, olduqca qəribə hissdir. Bir tərəfdən bilirik ki, onsuz da hamımız öləcəyik. Amma fərdi təqviminin ölüm vərəqini hər dəfə hiss etdiyin, virtual şəkildə “gördüyün” o şəxslərin yaratdığı hisslər, oyatdığı təəssüratlar, etdiyi əməllər sanki iki dəfə artıq olur. Hər iki aləmə vurulduğuna görə çəki, miqyas, miqdar, həcm də artır…hasilləşir!

… Aygün Bəylər özündə iki aləm daşıyırdı...

Bəylər vəfat edəndən sonra onun adını özünə soyad götürmüşdü…

Aygün ömür, Bəylər ölüm hissəsi kimi Tək Vücudda yaşayırdı.

Xərçəng xəstəliyi onu hər dəfə həyatın ölüm payını da özü ilə gəzdirməyə vadar edirdi.

Qızının əlindən yapışanda ölümlə-xərçənglə yapışırdı…

Mikrofonu tutanda ölümlə-xərçənglə tuturdu.

Müsahibə verəndə ölümlə-xərçənglə verirdi…

Azərbaycanda çox mədəniyyət adamı xərçəngdən vəfat edib. Amma heç biri ölümlə duetdə konsert verib getməyib. O nə oxumaq, o nə qüdrətli Səs, hələ O nə Dəsmal idi, İlahi!??! Aygünün son konsertinə getmək istəmişdim. Mədəniyyət və incəsənət sahəsində yaxşı əlaqələrə malik olan Tarixi ( MTV-nin aparıcısı) axtarmışdım. Bilmirəm, zəng çatmamışdı ya başqa bir səbəbdən - hər halda sonda bilet tapmadım… Və mən o konsertə düşə bilmədim. Sonra onun konsertindən bəzi parçalar gördüm: əlində dəsmalla. Sanki ayrılığın rəmzi idi.

Aygün Bəylər mənim məsuliyyətlə: “Dahi!” - deyə bildiyim nadir musiqi varlığı idi. Həmişə ona vəcdlə, emosiyalarımın Everestində qulaq asmışam. İstənilən yüksəklik üçün təbii olan hallar da yaşamışam. Məsələn, ya başım gicəllənib ya havam çatmayıb. Amma dərk etmişəm ki, Aygün Bəylərdə ifa edən, oxuyan, yaradan İki Aləmdir: həm Olum, həm Ölüm!

Ona görə Aygün iki dəfə çoxdur! İki dəfə artıqdır! Aygün “Tut Ağacı!” deyə bütün insanlığa, canlıllğa, cansızlığa müraciət edir, hər dəfə sanki hər kəsdən, hər nədən halallıq alırdı…

“Neçə körpə budağını mən əzmişəm…!?!” Bu, hər birimizin bir Ömür və bir Ölüm boyu hər kəs və hər nə qarşısında etməli olduğumuz yeganə etiraf olmalıdır…

Qəribədir…
Aygün Bəylər xərçəngdən vəfat etdi. Amma ilk dəfədir ki, məni “Şiş harasında idi?” kimi bəsit sualın maraqlandırmadığının fərqinə varıram. Bəlkə, şiş onun Ömür yerində deyildi, elə Ölüm hissəsində idi…!? Biz Aygün Bəylərin səsini hər dəfə eşidəcək, amma o DƏSMAL-ın timsalında həm də görəcəyik…

Tarixdən isə həmişə soruşmaq istəyəcəyəm: Aygün Bəylərin son konsertinə bileti hardan tapa bilərəm!?


Ardını oxu...
Musiqi məktəbləri ilə bağlı əldə etdiyim məlumatların doğruluğuna əmin olmasaydım və bu sahədə atılan neqativ addımların həqiqi hədəflərini təxmin edə bilməsəydim, bu kiçik məqaləni də qələmə almazdım.
Hədəf - gələcəkdə Azərbaycanda “intellektual şəxsiyyət problem” yaratmaq, yeni nəslin nümayəndələrinin fiziki və mənəvi harmoniyasını pozmaq, şikəst nəsil formalaşdırmaq və onların zərərli vərdişlərə daha tez aludə olmasını təmin etməkdir.
Heç şübhəsiz, musiqinin insan həyatında və şəxsiyyətin formalaşmasındakı rolunu təhlil etsək, musiqi olmadan (və yaxud ölkədə musiqi məktəblərinin mövqeyini ciddi dərəcədə azaltsaq) hansı təhlükələrlə üz-üzə qalacağımızı təxmin etmək elə də çətin deyil. Mən pis vərdişləri təbliğ edən musiqilərdən yox, musiqi məktəblərindən danışıram.
Azərbaycanda musiqi məktəbləri Mədəniyyət Nazirliyinə tabedir. Yəni, musiqi məktəbləri də başda olmaqla, Nazirlik musiqinin, incəsənətin və mədəniyyətin keşiyində durmalıdır. Torpaqlarımızın keşiyində duran əsgər-zabitin funksiyası nədirsə, Mədəniyyət Nazirliyi də mədəniyyət sahəsində eyni funksiyanı yerinə yetirməlidir. Yeri gəlsə, “şəhid” olmalıdır.
Amma mənzərə fərqlidir. Əbülfəs Qarayevdən sonra nazir vəzifəsinə gətirilən Anar Kərimov bu sahədəki problemləri daha da dərinləşdirdi, mədəniyyət və incəsənət sahəsində aqressiv qudurğanlıq hökm sürməyə başladı. Hazırki nazir Adil Kərimli mövcud problemləri görməli və musiqi məktəblərinin əhəmiyyətinin azaldılması istiqamətində atılan addımları tormozlamağı bacarmalıdır. Bəlkə də görür, amma əyləc öz əlində deyil.
Bu, birmənalıdır - musiqi məktəblərinin əhəmiyyətinin azaldılması Azərbaycan xalqının genefonduna, milli təfəkkürünə, fiziki və mənəvi varlığına qarşı həyata keçirilən planların bir tərkib hissəsi kimi çıxış edir.
Bunlar hansı planlardır?
- Narkomaniyanın və narkotik maddələrin dövriyyəsi
- Paralel olaraq, cinayətkarlığın səviyyəsinin ilbəil artması (narkotik, dələduzluq, oğurluq, silahlanma, kriminal aləmə meyllilik, dini radikallaşma və s.)
- Təhsil sisteminin ictimai əhəmiyyətinin itirilməsi, inamsızlıq, təhsilin ideoloji-milli çərçivədən çıxması, gələcəkdə heç bir perspektiv vəd etməməsi
Bütün bu amillər Azərbaycan xalqının genefondunu məhv etmək üçün düşünülmüş və ciddi cəhdlə həyata keçirilən, oturuşmuş planlardır. Məhz belə bir məqamda uşaqların musiqidən kənar tutmaq üçün atılan addımlar və musiqi məktəblərinin əhəmiyyətini azaltmaq eyni dərəcədə cinayət tərkibi sayıla bilməzmi?! Bilər! Çünki musiqi uşaqları zərərli vərdişlərdən çəkindirir və şəxsiyyətin formalaşmasını təmin edir. Şəxsiyyət ola yerdə oğurluq, dələduzluq, kənar təsirlərin altına düşmək riski, narkomanlıq minimuma enir.
Azərbaycanda uşaqlar arasında da cinayətkarlığın səviyyəsinin ilbəil artması heç kəsə sirr deyil. Statistikaya görə, 2021-ci illə müqayisədə 2022-ci ildə uşaqlar arasında cinayətlərin sayı 24,1% artaraq 433-ə çatıb. 2023-cü ildə ölkədə cinayət törədən 14-17 yaşlı uşaqların sayı 2022-ci illə müqayisədə 14,1% artıb. Eləcə də, ölkədə cinayətkarlığın səviyyəsi və hüquqpozmalara görə axtarışda olan şəxslərin sayı artmaqdadır. Bu ilin əvvəlinə olan məlumata görə Azərbaycanda 8 min 106 nəfər müxtəlif hüquqpozmalara görə axtarışda olub. Əvvəlki illə müqayisdə axtarışda olan şəxslərin sayı 14% və ya 988 nəfər artıb. Bu ilin əvvəlinə olan məlumata görə, 2 min 311 nəfər dələduzluğa görə axtarışda olub. Onların sayı 2020-ci ildə 428 nəfər olub. Son bir ildə isə onların sayı 38,5% artıb. 2010-cu illə müqayisədə narkotik vasitələrlə bağlı cinayətlərin sayı 3,2 dəfə, oğurluqla bağlı cinayətlərin sayı 80%, dələduzluqla bağlı cinayətlərin sayı isə 4,7 dəfə artıb. 2010-2023-cü illərdə qadınlar tərəfindən törədilən dələduzluq halları 3,8 dəfə, uşaqlar (14-17 yaş) tərəfindən törədilən dələduzluq halları isə 4,4 dəfə artıb.
Musiqi məktəbərindəki problemlər və onların detalları barədə kifayət qədər yazmaq olar. Amma o məsələlərə toxunmuram. Məqələni yazmaqda məqsədim musiqi məktəblərinə olan total münasibətin yarada biləcəyi riskləri göstərməkdir. Öncə münasibət dəyişməlidir, daha sonra nəinki mövcud problemləri həll etmək, həm də musiqi məktəblərinin sayını artırmaq lazımdır. Azərbaycan yalnız Bakıdan ibarət deyil, elə regionlarımız var ki, orada musiqi məktəbi yoxdur. Uzağa getməyək, lap elə Bakının bir sıra kənar qəsəbə və kəndləri də musiqi məktəblərindən məhrum edilib.
Samir Feyruzov
TEREF
 

Dünyapress TV

Xəbər lenti