Ardını oxu...
“Sosial durumumdan, işsizliyimdən hər kəs xəbərdardır. Dəfələrlə bu haqda paylaşımlar olub, müsahibələr alınıb, ad çəkib kimlərdənsə yardım istəmişəm. Amma bir kömək edən olmayıb. Kim kömək edəcək? Ölən ölüb, torba dolub. Kimdir Vahidin qızına baxan?! O sağ olanda yanından əl çəkmirdilər, qəzəllərini oxuyub, şeirlərinə yazılan mahnıları ifa edirdilər. İndi kimin “dayday”-ı var o qabaqdadır. Atamın adı mənə bu gün də yaşıl işıq yandırır. Hara gedirəmsə hörmət edirlər. Əliağa Vahidin qızı deyəndə hamı sevinir. Onun qəzəllərinə yazılan mahnılar bu gün də oxunur. Sadə camaat nə edə bilər ki?”

Bunu Moderator.az-a açıqlamasında məşhur qəzəlxan Əliağa Vahidin qızı Firəngiz Əliağa Vahid qızı deyib. O daha sonra əlavə edib.

“O vaxt uşaq olanda bizimlə 20 illik müqavilə bağlanmışdı. Atamın hər qəzəli oxunanda bizə pensiya verirdilər. Universiteti, texnikomu bitirəndən sonra həmin pensiya dayandırıldı. Sonra qardaşım həmin vaxtı 5 il müddətinə uzatdı. O vaxt da bitdi. Rəhmətlik Tükəzban İsmayılova anamla birlikdə internatda işləyirdi. O da bizim gözəl müğənnimiz idi. Onun bizə qohumluğu da çatırdı. Deyirdi ki, mən Vahiddən oxuyuram ki, həm xalq mənə hörmət etsin, sevir, həm də siz buna görə pul ala biləsiz. Atam Əbülfət Əliyevlə, Əlibaba Məmmədovla, İslam Rzayevlə, Habil Əliyevlə dost idi” deyə qəzəlxanın qızı deyib.

Firəngiz Əliağa Vahid qızı atası ilə bağlı yayılan şayiələrdən də danışıb.

“Atam haqda çox sözlər deyirlər. Bəzilərinin doğru yaxud da yalan olduğunu bilirəm. Deyirlər ki, Əliağa Vahid Leyla Bədirbəylini sevib, ona erotik şeirlər həsr edib. Hətta “Qəzəlxan” filmindəki aktrisa Nübar Novruzovanın oynadığı rol Leyla Bədirbəylinin prototipidir. Filmdə də belə göstərilib ki, Leyla Bədirbəyli Yazıçılar Birliyində işləyir. Leyla Bədirbəyli o illərin aktrisası olub. Mən biləni heç ona maraq göstərməyib. Anam heç vaxt demirdi ki, atan Leyla Bədirbəylini sevib yaxud da aralarında nəsə olub. Bir onu bilirdik ki, atam Fenya adlı rus qadınla qanuni nikahda yaşayırdı, amma anamla münasibətləri qanuni deyildi. Çünki anam atamı heç vaxt bəyənməyib. Atam anamdan 29 yaş böyük olub. Anam axır vaxtlar deyirdi ki, atanın şairliyinə, ad-sanına görə ona hörmət edirəm. Atam gəzəyən kişi olmayıb. Düzdür, qızlara, gözəllərə baxıb ilhamlanıb şeirlər yazıb. Özü üçün yaşayan bir adam olub” deyə qəzəlxanın qızı deyib.
 
Ardını oxu...
Son vaxtlar sosial şəbəkələrdə İranda türkcə kitablara tətbiq edilən senzura nümunələri olan bəzi sənədlərin surəti paylaşılıb. O cümlədən, Urmiyədəki “Yaz” nəşriyyatının direktoru Bəhram Əsədi ətraflı bir açıq məktub yayımlayaraq İran mədəniyyət nazirliyinin türk dili ilə əlaqəli siyasətlərinə etiraz bildirib.

Sosioloq və Türkiyədə fəaliyyət göstərən Qobustan nəşriyyatının sahibi Ural Hatəmi Amerikanın Səsinə söhbətində deyib ki, “mədəniyyət nazirliyinin naşirlərə göndərdiyi islahiyyələr (düzəltmə tələbləri) göstərir ki, senzura siyasətində türkcəyə qarşı ciddi bir hərəkətlilik var.”

Keçən iki il ərzində Yaz nəşriyyatının çapa hazırladığı kitablara tətbiq edilən senzura nümunələrini açıqlayan Bəhram Əsədinin yazdığına görə, İranın Mədəniyyət və İslami İrşad Nazirliyi bir çox kitabda istifadə edilən kəlmələrin “İstanbul türkcəsində” olduğunu irəli sürərək onlara çap icazəsi verməyib. Cənab Əsədinin məktubunda yerləşdirdiyi nümunələrdə mədəniyyət nazilriyinin ekspertləri dilin adına “türkcə” yerinə “azəri” və ya “azərbaycanca” ifadələrinin işlədilməsini tələb ediblər. Bir nümunədə isə nazirlik “Azərbaycan” adlı bir şeirin kitabdan çıxarılmasını istəyib.
Ural Hatəminin sözlərinə görə, “sadəcə Yaz nəşriyyatı deyil, əgər o biri naşirlərimiz də bu şəkildə bu günə qədər verilən senzura nümununələrini, o İrşad idarəsindən verilən o islahiyyələri yaysalar, bizim əlimizdə minlərlə səhifə sənəd olar. Ancaq bilirik ki, İranda bunların üzərində çox ciddi basqı var və bunlar eyni zamanda həm işlərini, həm ticarətlərini qorumalıdırlar.”

Hatəmi İranda türk naşirlərin yalnız senzura kimi basqı və məhdudiyyətlərə məruz qalmadığını, eyni zamanda digər naşirlərin aldığı dövlət dəstəyindən də məhrum olduqlarını önə çəkib.

“2013 ilindən sonra biz bir müddət türkcə kitab və dərgilərdə açılış kimi bir şey gördük. Belə baxanda, o ildən sonra Güney Azərbaycanda bir çox türkcə dərgi çıxmağa başladı. Yəni, biraz boş buraxdılar. Ancaq, dəstək vermədilər. İranda bütün dərgilər və nəşriyyatlara rejim ideologiyasına uyğun olduğu təqdirdə kağız dəstəyi verilir və ya çap üçün dəstəklər verilir. Amma, bizimkilər deyirdi, icazəsini verib, amma dəstək yoxdur. Dəstək olmadığı zaman da bir neçə sayı dərgi çıxır, ondan sonra artıq maddi imkan olmur. Yəni, biz İrşad idarəsinin türkcə nəşrə görə siyasətlərini biraz daha geniş ələ almalıyıq, sadəcə senzura məsələsini deyil,” Hatəmi bildiirb.
Qobustan nəşriyyatının sahibi müsahibədə həmçinin “illərdir İranda türk dilinin dəyişimi və inkişafını əngəlləmək üçün yürüdülən sistemli basqı siyasətinin tamamilə uğursuz” olduğunu vurğulayıb.

O, deyib ki, “dil çox dəyişkəndir. Dilin dəyişiminin qarşısını almaq mümkün deyil. Bunlar bunu bir yerlərə yönləndirmək istəyir. Tamam yönləndirsinlər, ancaq bununla bir dilin dəyişiminin qarşısını almaq, qonşu ləhcələr ilə etkiləşimini (qarşılıqlı əlaqəsini) və ya təsir almasını əngəlləmək mümkün deyil. O sənəddə deyir ki, bu kəlmələr İstanbul türkcəsidir filan. Deyək ki, sənin dediyin doğrudur və bu kəlmələr bizim bölgədə yoxdur. Sən Türkiyədən bizim oraya kəlmələrin girməsini, istifadə edilməsini bütün gücünlə belə əngəlləyə bilməzsən! Çünki, dediyim kimi, dil axışqandır, etkiləşməyə və təsir almağa açıq bir sistemdir. Farsca da belədir. Farscanın özündə hər il yeni kəlmələr, yeni danışıq şəkilləri, hətta yeni cümlə strukturu ortaya çıxır.”

Ural Hatəmi bütün basqılara rəğmən İranda türk dilinin hələ də canlı bir dil olduğunu ifadə edib.
Onun sözlərinə görə, “illərdir sistematik bir şəkildə türk dilinin dəyişimini və inkişafını əngəlləməyə çalışırlar. Mənim şəxsi görüşüm budur ki, bu basqı siyasəti tamamilə uğursuz olub. Çünki, türkcə hələ də İranda yaşayır, hələ də ədəbiyyat yazılır, şeir yazılır və üstəlik Azərbaycan və Türkiyədən də bəzən başqa türk ləhcələrindən təsir alır. Bu da bu dilin hələ də canlı olduğunu göstərir. Bu islahiyyələr göstərir ki, hər keçən gün bunu əngəlləmək üçün siyasətlərini daha da sərtləşdirirlər. Demək ki, İrşad və Mədəniyyət İdarəsində bu senzura məsələsində türkcəyə qarşı ciddi bir hərəkətlilik var. Kaş o biri nəşriyyatlar da sənədləri yaysalar və bu, ciddi şəkildə gündəmə gəlsə. Yoxsa, başqa şəkildə bu siyasətə qarşı durmaq olmaz.”
Ardını oxu...
Avqustun 30-da Bakıda Bəhreyndə fəaliyyət göstərən RAK İncəsənət Fondunun rəssamlarının əsərlərindən ibarət sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov iştirak ediblər.

Sərginin açılışında çıxış edən RAK İncəsənət Fondunun təsisçisi, görkəmli bəhreynli rəssam və kolleksiyaçı Raşid Al Xalifa bəhreynli rəssamların tükənməz istedadlarını Azərbaycandakı sənətsevərlərlə bölüşmələrindən məmnunluğunu ifadə edib. O qeyd edib ki, RAK İncəsənət Fondu beynəlxalq tərəfdaşlığı və qarşılıqlı anlaşmanı təşviq edir.

Raşid Al Xalifa bildirib ki, əməkdaşlıqda məqsəd bəhreynli sənətkarların zəngin qobelenlərini Bakının canlı və rəngarəng incəsənət səhnəsinə təqdim etməkdir.

Sonra çıxış edən "Azərxalça" ASC-nin sədri Emin Məmmədov deyib ki, rəssam Raşid Al Xalifa və RAK İncəsənət Fondu ilə əməkdaşlıq incəsənətin, beynəlxalq dostluğun və mədəni anlaşmanın daha geniş təşəkkül tapdığını əks etdirir.

"Bəhreynin müasir incəsənət nümunələrinin ümumi mənzərəsinin Bakıda canlandırılmasından məmnunluq duyuram. İnanıram ki, bu, ölkələrimiz arasında tərəfdaşlıq imkanlarının daha da genişlənməsinə gətirib çıxaracaq".

Qeyd edək ki, bundan əvvəl Heydər Əliyev Mərkəzində Raşid Al Xalifanın bir neçə sərgisi təşkil olunub.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

 

Ardını oxu...
Atakişiyeva Həcər - DİA-AZ.İNFO


Cəfər Cabbarlı 20 mart 1899-ci ildə Xızıda yoxsul kəndli ailəsində anadan olmuşdur. Cəfər Cabbarlı görkəmli dramaturq, şair, nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, əməkdar incəsənət xadimi kimi tanınır. Onun Azərbaycan ədəbiyyatının zənginləşməsində çox böyük xidmətləri olmuşdur. Cəfər Cabbarlının yaradıcılığı çox zəngindir. Onun şeirləri, pyesləri, hekayələri Azərbaycan ədəbiyyatı üçün olduqca qiymətlidir. Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafında danılmaz xidmətləri vardır. Azərbaycan dramaturgiyasının, pеşəkar tеatrının, yеni aktyor nəslinin inkişafı üçün dram əsərlərinin yazılması labüd idi. Cəfər Cabbarlı bu məsələdə əhəmiyyətli rol oynaya biləcək ilk pyeslərini “Vəfalı Səriyyə”, “Solğun çiçəklər”, “Ulduz”, “Ədirnə fəthi”, “Aydın”, “Oqtay Еloğlu” və b. yazdı. Bu pyеslər indi də öz aktuallıqlarını qoruyurlar. Azərbaycan dramaturgiyasının istеdadlı, böyük sənətkarı, Azərbaycan ədəbiyyatının klassiki, görkəmli dramaturq, nasir, şair, ictimai xadim Cəfər Cabbarlının yaradıcılığındakı çoxşaxəlilikdə onun pyeslərinin rolu danılmazdır. Ədibin müstəqillik dövrünün elmi düşüncəsi ilə qələmə aldığı "Ulduz" və "Ədirnə fəthi" əsərləri onun türkçülük ideyalarını yüksək səviyyədə estetik cəhətdən təcəssüm etdirmişdir. Dramaturq "Ədirnə fəthi" əsərində islam xalqlarının birliyinin onların taleyində həlledici faktorlardan biri olduğunu sübut etmişdir. Cəfər Cabbarlının “Ədirnə fəthi” əsəri səhnədə oynanılan zaman tamaşanı seyr edən Nuri Paşa əsəri olduqca yüksək qiymətləndirir. Bu baş vermiş tarixi görüş gənc yazıçı, dramaturq C.Cabbarlının yaradılığına verilən ən böyük dəyərlərdən biri idi. Cəfər Cabbarlı 1917-ci ildə yazdığı "Ədirnə fəthi" əsərində türk milli düşüncəsinin, türkün vətəndaşlıq şüurunun formalaşmasının, türkün tarixi taleyinin bədii təsvirini əks etdirmişdir. "Ədirnə fəthi" əsərində Bizans imperiyası ilə Osmanlı imperiyası arasında Ədirnənin fəthi uğrunda olan mübarizə və Osmanlı qoşunlarının qələbəsi, millətin vətən-torpaq uğrunda apardığı böyük çətinliklər müəllif qələminin gücü ilə oxucuya çatdırılmışdır. "Ədirnə fəthi" əsərində Türk dünyasının Avropa dünyası ilə apardığı qanlı mübarizələr ədibin Türk millətinə, tarixinə qarşı olan həqiqəti və sonsuz məhəbbəti ilə təsvir olunmuşdur. Əsərin qəhrəmanları vətən torpaqlarını bütün güc və qüvvətləri ilə müdafiə edən şəxslər idi. Əsərdə Türklərin milli və dini hisləri ilə bərabər inancları da təsvir obyektinə çevrilmişdir. Türkçü olan Cəfər Cabbarlının “Ədirnə fəthi” əsəri dramaturqun türkçülük ideallarına həsr olunmuşdur. Belə ki, əsərdə dövrün çox mühüm ictimai-siyasi hadisələri C.Cabbarlının böyük yaradıcılığı vasitəsilə qələmə alınmışdır. Ədib əsərdə sübut edir ki, Ədirnənin fəthinin yolu nə qədər çətin və ziddiyyətli olsa da, Türk milləti buna yüksəliş və tərəqqi yolu ilə nail olmuşdur. Dramaturq türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizələri, türk məişətini, türk qəhrəmanlığını və şücaətini, türklərin mübarizə dolu tarixini yaradıcı münasibətlə yanaşaraq, dolğun əsər yaratmışdır. Ədib əsərdə qəhrəmanların xarakterlərindəki ziddiyyətli məqamları müharibənin dağıdıcı və fəlakətli gücü ilə balanslaşdırmışdır. Əsərdə itirilmiş Ədirnə torpaqları uğrunda vətənpərvərlik hərəkatı, qəhrəmanlıq və rəşadət göstərən düşmənə qarşı qəzəbli türk xalqı təsvir olunmuşdur. Əsərin çox böyük uğur qazanmasının başlıca səbəblərindən biri də o idi ki, faciədə milli və dini inancdan irəli gələn güc türkün qələbəsinin mənəvi-psixoloji əsasını təşkil edirdi. Dramaturq əsərdə qadın fədakarlığını və qəhrəmanlığını Zöhrə və İnci kimi obrazların simasında canlandırmışdır. Belə ki, bu qəhrəman Türk qadınları хəstəхanalarda fədakarlıqla mübarizə aparırdılar. Ədib “Ədirnə fəthi” əsərində türkçülük ideallarına heyranlığını baris şəkildə göstərirdi. Dramaturq “Ədirnə fəthi” əsərini milli problematika, milli iftixar, qürur və vətənpərvərlik ruhu ilə qələmə almışdır. Əsərdə türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizələrdə göstərdikləri şücaət əsərin əsasını təşkil edir. Ədib əsəri ömrünün gənclik çağında (18 yaşında) yazmışdır. Əsərin məğzi türklərin Ədirnə torpaqları uğrunda qəhrəmanlıq və rəşadətlə apardıqları vətənpərvərlik hərəkatıdır. Dramaturq “Ədirnə fəthi” əsərində Ədirnə küçələrinin, geniş hərb səhnələrinin təsvirinə geniş yer verməmişdir. Əsərdə türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizələrin geniş təsviri ilə yanaşı tibb bacısı Zöhrə və gənc zabit Rüfətin məhəbbəti də təsvir olunmuşdur. Hər iki gənc bir-birini saf məhəbbətlə sevirdilər. Ədib əsərdə bu saf məhəbbətə qarşı olacaq yeganə bir qüvvə kimi ancaq vətən eşqini təsvir edir. Belə ki, hər iki gənc öz sevgilərindən yalnız Ədirnənin azadlığı yolunda keçə bilərdilər. Tibb bacısı Zöhrə və gənc zabit Rüfət vətən məhəbbətilə Vətən uğrunda çalışan igid vətən övladları idilər. Onlar millət, vətən mənafеyi uyğunda ölümə getməyə hazır olan gənclər idilər. Cəfər Cabbarlı “Ədirnə fəthi” əsərində vətən müharibəsi üçün canını fəda еdən belə gənclərin obrazını yaratmaqla ədəbiyyatı zənginləşdirmişdir. Gənclər vətən yolunda töküləcək hər bir qətrə qanları ilə fəxr edirdilər. Hər bir türk vətən uğrunda öldürülən türklərin intiqamını almaq üçün çalışırdı və bunun üçün də yaşayırdı. Ədib əsərdə müharibələri pisləyərək, bildirirdi ki, bütün fəlakətlərə səbəb olan müharibə igid oğulları qıran, anaları balasız, qızları qardaşsız, oğulları atasız qoyan bir məfhumdur. Cəfər Cabbarlı “Ədirnə fəthi” əsərində tarixi şəxsiyyətlər olan Mustafa Kemal Atatürkün və Ənvər paşanın prototipini yaratmışdır. Əsərdə Ənvər paşanın xalqa müraciətlə dediyi sözlər insanlar arasında himn kimi səslənir. “Qardaşlar! Еy bir kaç ailədən ibarət ufacıq bir əşirətdən qocaman Türkiyə hökmranlığını yaradan Sultan Osmanın balaları, bu gün bütün Türkiyənin səcdəgahı olan Ədirnə düşmənlərin kobud çarıqlarının altında əzilməkdədir. Məsum türk qızlarının namusu düşmənlər ayağında tapdanmaqdadır. Osmanlı hilalı ayaqlarda, bolqar səlibləri Sultan Səlim minarələrində ürəkləri dəlməkdə ikən, siz hələ “Sülhmü еdəlim”, “Hərbmi еdəlim” – dеyə düşünürsünüz. Əcəba, qanınız dondumu? Еy səfalət uçurumu qarşısında özlərini itirən qafillər! Ləkələnmiş namusilə dünya üzərində yaşamağa da həyatmı dеyirsiniz? Хayır, namuslu bir türk bunu qəbul еdəməz. Mən böylə həyatı istəməm, bu gün bütün Türkiyə əsgərləri adından dеyirəm: Ölümündən qorхanlar namussuzdurlar, еvlərinə girib qarılarının yanında gizlənirlər. Fəqət biz əsgərlər, son fərdimiz qalanadək hərb еdəcəyik. Ədirnəni gеri almayınca, silahımızdan ayrılmayacağıq və bütün dünyaya bildirməliyik ki, türk gənclərinin, türk qızlarının, türk əsgərlərinin ürəyində bir “idеal”, dilində bir söz vardır: Ya şərəfli bir ölüm və ya dəyərli bir həyat”! Cəfər Cabbarlı “Ədirnə fəthi” əsərində Türk xalqının şərəfli yaşamağını və şərəfli ölümünü qələmə almışdır. Osmanlılar öz şərəflərini, namuslarını və torpaqlarını qorumaq naminə hərb etməyə məcbur olunmuşdular. Bunun üçün də Ədirnəni alıncaya qədər igid əsgərlər son nəfəslərinədək düşmənlə pəncələşmək məcburiyyətində idilər. Dramaturq “Ədirnə fəthi” əsərində Türk gənclərinin, iхtiyarlarının, əsgərlərinin, qızlarının, qadınlarının, uşaqlarının vətən yolunda birlikdə şərəflə apardıqları mübarizəni təsvir etmişdir. Canını, malını Vətən və millət uğrunda fəda еtməyə hazır olan Türk xalqı əsər boyunca bir an olsa belə, düşmənə təslim olmadı. Uşaqdan iхtiyarlara və qızdan iхtiyar qadınlara qədər, bütün Türkiyə silaha sarılmış, dayanmadan vətən üçün mübarizə aparırdı. İgid Türk xalqı Ədirnə uğrunda apardıqları müharibəni yalnız tapdanmış namuslarını düşmən ayaqlarında əzilməkdən xilas olmaqdan ötrü edirdilər. Çünki Türk xalqının damarlarınında axan türk qanı donmamış, o qan rəzalət qəbul еdə bilməzdi. Bütün türklərin düşmənə qarşı boyun əyməsinə yol vеrməyən o mübarək Türk qanı sayəsində Ədirnə fəth olunur. Cəfər Cabbarlı “Ədirnə fəthi” əsərində bütün Türk xalqının şanlı əcdadının köməyinə yetdiyini qeyd edirdi. Şanlı Türk xalqının bacı və anaları əllərində Quran, bütün türklük üçün dua edirdi, hətta göylərdəki bütün mələklər belə Ədirnənin müqəddəs torpaqlarının azadlığı üçün Allaha yalvarırdı. Şanlı Türk xalqının tək istəyi Ədirnə üzərində Osmanlı hilalını görmək idi. Ədib Şanlı Türk xalqının bu qələbə əzminin mənbəyi kimi Ədirnənin müqəddəs torpaqları altında yatan türk qəhrəmanlarını qeyd edirdi. Şanlı türk övladları heç vaxt icazə verə bilməzdilər ki, müqəddəs Ədirnə torpaqları düşmən ayağı altında tapdalansın. Türk xalqı Şərq günəşinin hərarətli qoynunda bəslənən, azad Asiyanın istiqanlı, igid övladlarıdırlar. Dramaturq “Ədirnə fəthi” əsərində Türk millətinin qəlbində olan həqiqi vətən sevgisini elə aydın, rəvan şəkildə oxucuya çatdırmışdır ki, əsərin əvvəlindən oxucunun heç bir şübhəsi yox idi ki, Ədirnə şanlı Türk ordusu tərəfindən fəth olunacaqdır. Əsərdə Türk xalqının Ənvər bəy kimi igidlərə vətən və millət müdafiəsini tapşırdıqları üçün rahatlıqları öz əksini tapmışdır. Cəfər Cabbarlının “Ədirnə fəthi” əsərinin sonu bir-birinə sədaqətlə bağlı olan Zöhrə və Rüfətin qovuşmasının və Ədirnənin şanlı Türk ordusu tərəfindən fəth olunmasının təsviri ilə bitir. Əsər tarixi faktları əks etdirməsi baxımından bütün Türk ədəbiyyatı üçün olduqca böyük əhəmiyyətə malikdir.
Ardını oxu...
 

Xalq artisti Firəngiz Mütəllimova instaqram hesabındakı paylaşımı ilə diqqət çəkib.

Aktrisa arxiv fotosunu izləyiciləri ilə bölüşüb.

O, paylaşımına "Yazdığınız gözəl, səmimi, dolğun fikirlərinizə görə hər birinizə dərin təşəkkürümü bildirirəm. Var olun" sözlərini yazıb. (Axşam.az)

Ardını oxu...

 
 
 
Ardını oxu...
Cavab verməyə dəyməsə də…

Hələ 2020-ci il parlament seçkilərində ətrafımdakı şəxslərə bildirmişdim ki, növbəti seçkilərə qatılmayacağam. Ömrə etibar yoxdur, niyyətimdəki yazıları yazmalıyam. Bu il, növbədənkənar seçkilər qərarlaşdırılandan sonra Vətəndaş Həmrəyliyi Partiyasında dəyərli məsləkdaşlarım təkidlə seçkilərə qatılmağımın vacibliyini sübut etməyə çalışdılar.

Partiyanın Milli Məclisdəki yerinin itirilməsini istəmirdilər. Lakin sözümü demişdim. Bundan sonra Tənzilə xanımın söhbəti çıxdı ortaya, çünki partiyanın yaranmasında da, inkişafında da zəhməti böyükdür, bir QHT rəhbəri kimi fəaliyyəti də hamıya məlumdur, işgüzardır, deməyə sözü var...

Seçkilərə hansı dairədən qatılması məsələsində tərəddüd etmədim: Əlbəttə, Neftçala! Dörd il yarımda heç bir millət vəkili öz dairəsində mənim Neftçalada gördüyüm qədər iş görməyib! Hər halda neftçalalılar mənim təşəbbüsümlə çəkilən yolları, su, qaz xətlərini, Kürün şorlaşmasının qarşısını alan bəndi, şəhidlərin ruhunu sevindirmək üçün gördüyüm işləri, Qəhrəmanlar parkını, şəhid və qazi ailələrinə yardımlarımı, seçicilərdən aldığım tək bir məktubu belə diqqətdən kənarda saxlamadığımı, nəhayət, parlamentdə həm Neftçalanın, həm də ölkəmizin, bölgələrimizin problemləri barədə çıxışlarımı az-çox bilmiş olarlar. Normal insanların bunlardan xəbərsiz olması mümkün deyil. Eyni zamanda, Azərbaycan Konstitusiyasına görə, vətəndaş istənilən rayonda işləyə və ya seçilə bilər.

Seçki kampaniyasında namizədlər bütün bunlardan xəbərsiz kimi ortaya iki bəhanəylə çıxırlar:

1. Sabir Rüstəmxanlı Neftçala üçün heç bir iş görməyib.

2. Neftçalalılar öz yerlilərini seçməlidirlər.

Bizə atılan böhtanlara, şəkillərin cırılmasına sona qədər səbrlə yanaşmışıq…

Əksinə, bizə yardım edənlərə tapşırmışıq ki, başqalarının şəklini qopmuş görsəniz, yapışdırın, kimsənin əleyhinə danışmayın və s.

İndi sosial mediadakı yalan və təhqirləri oxuduqca hərdən mənə elə gəlir ki, bir ömür milli istiqlal, dövlət müstəqilliyi, söz və mətbuat azadlığı uğrunda apardığımız mübarizə, çəkdiyimiz əziyyətlər ya qəsdən unutdurulur, ya da yeni nəslin vecinə deyil. Hədəf Azərbaycanın Xalq şairi, ömrünü milli idealların təbliğinə sərf etmiş bir adam və onun ailəsi deyil, bütövlükdə millət üçün fədakarlıqla çalışan adamlardır…

Bizim yanımızda olan birisi jurnalisti salondan çıxarmaqla səhv edib, xəbərim olsa, buna imkan verməzdim, lakin o jurnalistlərə mən geniş müsahibə vermişdim, onları xoş üzlə qarşılamışdım. Əsas mənim mövqeyimdir. Bəs bu niyə unudulur? Demokratiyadan danışanlar, demokratik mətbuatın tərəfdarları o mətbuatın ilk nümunəsini mənim yaratdığımı niyə unudurlar? Yeni əxlaq bu qədər huşsuz ola bilməz. Dünyaya açılanda kökünü unuda bilməzsən. Xəstə və satqın düşüncəni sağlam ruha qarşı silaha çevirmək olmaz! Seçki irəlidədir. Neftçala da öz seçimini edəcək!

Söyüş söyənlər öz söyüşlərini kiməsə verilən səs hesab edirlər. Doğrudanmı, bu adamlar otuz il “Xocalı soyqırımı”, “Qarabağa azadlıq!”, “Azərbaycana qarşı təzyiqlərə son!” və s. mövzuları dünyanın müxtəlif məclislərinə daşıyan bir ailəyə bu qədər hörmətsizliyi normal iş hesab edirlər? Elədirsə, onda bunlar özləri normal adam deyillər! Mən söyüşləri oxumuram və cavab vermirəm. Cavabsız söyüş onu yazanın özünə, ailəsinə, onlara tərbiyə verməyən böyüklərinə qayıdır.

Belə görünür ki, hədəf təkcə biz deyilik, bütövlükdə milli düşərgə və milli ideallardır… Bu niyyətə düşənlər çox olub! Hamısının da sonu bəllidir.

Sabir Rüstəmxanlı,

Xalq yazıçısı
 

Ardını oxu...
2003-cü il fevralın 23-də Həsən Turabov dünyasını dəyişdi. Onunla vida mərasimi Milli Dram Teatrının səhnəsində oldu. Səhər hələ heç kim yox idi, Turabovun cənazəsi vida üçün səhnəyə qoyulmuşdu. Zalın düz ortasında Həsən Məmmədov əyləşmişdi. Səssiz-səmirsiz gözlərini son dəfə sevimli səhnəyə “çıxan” həmkarına zilləmişdi, onun “son roluna” baxırdı. Baxırdı və eynəyinin altından yamaqları boyu göz yaşları axırdı - dağdan səssiz-səssiz qaynayıb aşağı yol alan bulaq suyu kimi. Və elə bil, deyirdi ki, məni də apar, nə xoşbəxtsən ki, gedirsən, çox çəkməz, gələrəm arxanca.

Çox qəribədir, Turabov özü də getməyə çox böyük yanğı ilə tələsirdi, Həsən Məmmədov da göz yaşları ilə bunu deyirdi. Həm dostuna, həm də özünə ağlayırdı elə bil, yekunlaşdırırdı. Cəmi altı ay sonra avqust istisində özü də səhnədə “son rolunu” oynadı...

Əli qabarlı atanın oğlu “qoltuğu papkalı” olmaq istəmədi

Çox sadə bir ailədə dünyaya göz açıb. 1938-ci il noyabrın 22-də Salyan rayonunda doğulub. Sovet vaxtı bu rayona “Azərbaycanın Sibiri” deyirmişlər. Hökumət kimi cəzalandırmaq istəsə, bu rayona işləməyə, ən yaxşı halda, uzunmüddətli ezamiyyətə göndərərmiş. Sonralar bu rayon Azərbaycan elminə, mədəniyyətinə çox görkəmli şəxsiyyətlər bəxş etdi. O cümlədən Həsən Məmmədovu.

Həsən Məmmədov orta məktəbi 1956-cı ildə bitirib. Sovet dövrünün bütün nümunəvi gəncləri kimi, valideynlərinin istəyi ilə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olub. Əlləri qabarlı atası oğlunu ali təhsilli müəllim görmək istəyirdi. Düşünürdü ki, oğlu ali təhsil almaqla onun da yarımçıq qalan arzularını həyata keçirər. “Əynində kostyum, qoltuğu qovluqlu” məktəbə gedib-gələr. Daha onun kimi alnının təri ilə çörək pulu qazanmağa məcbur olmaz. Oğlunun isə içində aktyor olmaq yanğısı günü-gündən alovlanırdı. Nəhayət, universitetin 2-ci kursunda içindəki bu yanğı onu təhsilini dayandırmağa məcbur etdi. Artıq teatr dərnəklərində təcrübə qazandığından bu dəfə yolunu teatrlara salır. Bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq edir. İstədiyinə damla-damla çatmağa başlayır. Qınaqlar, tənələr onu əzsə də artıq sevdiyi işlə məşğul olmağı hər şeyə qalib gəlməsinə yardımçı olur.

1958-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olan Həsən tələbəlik illərində dövlət radiosunda diktor da işləyib (1960-1961).

1962-ci ildə Mehdi Məmmədovun kursunu bitirib, təyinatla Akademik Milli Dram Teatrına göndərilir.

Ağaməmmədin oğlu Həsəni televizorda göstəriblər

Bu vaxta qədər ona qəzəbi soyumayan ata hələ də oğlunun o yoldan qayıdacağını gözləyirdi. Bir səhər eşidir ki, rayonda hamı Ağaməmmədin oğlu Həsəndən danışır. “Zalım oğlu yaman yaradıb, elə bil elə Rüstəm kişinin oğludur”, “məktəbdə elə hiss olunurdu ki, ondan bir şey çıxacaq”, “bəxtəvər anasının başına, daha gözləri ayaqlarının altını görməz”. “Böyük dayaq” filmindən sonra dillərdə dolaşan bu söhbətlər ata-anasına çatmışdı. Üzə vurmasa da Ağaməmməd kişi oğlunu bağışlamışdı, artıq içində bir qürur hissi də baş qaldırmışdı ki, oğlu hansı yolu seçməyi özü daha yaxşı bilirmiş. İlk rolundan sonra atasından xeyir-dua alan Həsən Məmmədov bir-birinin ardınca dürlü-dürlü obrazlar yaradır. “Böyük dayaq”da Qaraşdan sonra “Arşın mal alan”da Əsgər, “Gün keçdi”də Oqtay kimi lirik obrazların ifaçısının öz həyatının lirik dövrü gəlib çıxır.

Kinostudiyanın yaxınlığında kirayə qaldığı həyətdə ondan başqa da tələbələr qalırdı. Onlardan biri Lətifə adlı qız Həsənin bütün diqqətini özünə cəlb etmişdi. Çəkilişlərdən vaxt tapan kimi Həsən Məmmədov qarabaqara qızın arxasınca düşərdi. Bunu görən rəfiqələri Lətifəni qısqanırdılar. Artıq kino ulduzu olmuş bir aktyorun həyat yoldaşı olmaq o vaxt hansı qızın arzusu deyildi?! Bu minvalla, sevgi ilə bir ailənin təməli qoyulur.

Çox keçmir, onlara ev də verilir, çox uzaqda yox, elə kinostudiyanın həyətində tikilən yeni binalarda.

Bu illər ərzində Həsən Məmmədov Akademik teatrda da müxtəlif obrazlara imza atır. 1972-ci ildə kino çəkilişlərinin çoxluğu ilə əlaqədar teatrdan kinostudiyaya işə keçirilir.

Yaradıcılığının lirika dövrünü isə artıq qəhrəmanlıq obrazları əvəz etməyə başlayır. “Arxadan vurulan zərbə” (Qəmərlinski), “Birisi gün gecə yarısı” (Baba Əliyev), “İstintaq” (Murad).

Öhdəsinə hansı obraz düşürdüsə, Tanrıdan bəxş olunmuş fakturasına yaraşırdı. Azərbaycan kinosunda çox az tapılan gözəl səs tembri vardı. Ələsgər Ələkbərovda, Həsən Turabovda, Məlik Dadaşovda olan səs tembrinin fərqli çalarlarında biri də onda idi. O qədər də qəddi-qamətli deyildi, amma kamera arxasında, obraza daxil olub, möhtəşəm olurdu. “Dədə Qorqud” (Dədə Qorqud), “Axırıncı aşırım” (Abbasqulu ağa Şadlinski), “Sevil” (Balaş), “Yeddi oğul istərəm” (Bəxtiyar), “Bir cənub şəhərində” (Murad). “Qızıl qaz” (Fərman), “Bakıda küləklər əsir” (General), “Alma almaya bənzər” (Qurban), “Səmt küləyi” (Əlibala), “İstintaq davam edir” (Əzimov), “Şahid qız” (polkovnik), “Qəm pəncərəsi” (Məmmədhəsən əmi), “Papaq” (Mirzə Səfər), “Həm ziyarət, həm ticarət” (Əlimurad), “Zirvə” (Kamil) “Bizi bağışlayın” (Nəriman).
Siyahını ümumilikdə götürəndə bəlkə də adama heç nə demir bu obrazlar, amma bir-bir yada saldıqca bu qədər fərqli xarakterlərin bir bədəndə necə öz əksini tapdığına təəccüb edirsən. Dədə Qorqud hara, Balaş hara? “Papağını da götürüb kontordan gedən” Mirzə Səfər hara, Məmmədhəsən əmi hara? Eləcə də Abbasqulu ağa ilə “Alma almaya bənzər”dəki Qurban nə qədər təzadlı obrazlardır. Bu xoşbəxtlik hər aktyora nəsib olmur. Hər aktyor da bu qədər müxtəlif obrazlara öz canını verməyi bacarmır.

Sevimli müraciəti “Qurban” idi

Ailədə isə artıq iki övlad böyüyür, bir oğlan, bir qız. Ata kino ulduzudur. Ətrafda hamı bunu bilir, uşaqlar məktəbdə əvvəlcə qeyri-adi qarşılanırlar. Axı Həsən Məmmədovun övladlarıdır. Yoldaşları onlara qəribə baxırlar. Bir müddət keçir, görürlər ki, onlarda qeyri-adi heç nə yoxdur. Əksinə, hansısa mağaza müdirinin övladlarının geydiyi pal-paltarı onlar heç yuxularında belə geyə bilməzlər.

Sovet vaxtı film qəhrəmanları kolxozlara, zəhmətkeşlərlə görüşlərə gedərdilər, onları tez-tez aparardılar belə görüşlərə. Həsən Məmmədov həmişə arxada bir yerdə çəkilib oturarmış. Adını çəkib irəli dəvət edəndə sifəti rəng verib, rəng alırmış. Heç vaxt yaşadığı zəmanəyə uyğunlaşmayıb. Həmkarlarının dediyinə görə, onunla dost olduğuna, hətta təsadüfi şəkil çəkdirdiyinə görə nələrisə əldə edən insanlar var. Amma Həsən Məmmədov özünə görə kimsəyə ağız açmağı, xahiş etməyi xoşlamazmış. Heç vaxt “mənim yaratdığım rollar” ifadəsini onun dilindən eşidən olmayıb.

İllər keçir, zaman dəyişir, insanlar zamana adaptasiya olunur. Həsən Məmmədov dəyişmir. Sovet quruluşu iflasa uğrayır, hər kəs bu dolanbacda nələrsə əldə etməyə çalışır, mənfəət güdür. Onun yenə halına təfavüt etmir, bacardıqca filmə çəkilir, dostu Həsən Turabovun dəvəti ilə yenidən qayıtdığı Akademik teatrda 1992-ci il noyabrın 21-dən elə ömrünün sonunadək aktyor truppasında çalışır.

Heç vaxt onun dilindən kimsə sərt cavab, təhqir eşitməyib. Mülayim adam olub. Hamıya “qurban sənə” deyə müraciət edirmiş. Bəzən onun “sənə”sini də demirdi elə “qurban” formasında qalmışdı dilində.

“Azərbaycan mədəniyyətində ən əxlaqlı adam olub”

Yaxın dostu, kino adamı Şeyx Əbdül Mahmudov deyir: “O vaxt kinoya Gürcüstandan, Orta Asiyadan, Baltik yanı respublikalardan aktyorlar dəvət olunardı. Hər biri Həsənlə bir kadra çəkildisə, heyrətə gəlirdilər. Çəkilib kənara onun ustalığına tamaşa edirdilər. Həsən indi sağ olsaydı, dünya kinosu ondan əl çəkməzdi. Sovet məkanında onun kimi ikinci aktyor V. Tixonov hesab olunurdu. Bir onu soruşurdu ki, filmi hansı planda çəkirsən? Qalanını özü bilirdi. Daha ona demək lazım gəlmirdi ki, Həsən sən nəyi necə eləməlisən. “Kapriz” deyilən bir şey onda yox idi. Çəkilişi qurtarırdı, meydançadan getmirdi ki, birdən rejissorun ağlına nə isə gələr lazım olaram, bir də niyə arxamca maşın göndərib axtarsın məni. İşə gəlmişəm, çəkilişim qurtarsa da çəkiliş boyu burda olmalıyam. Onun qədər ikinci əxlaqlı aktyor yoxdur, içi mən qarışıq. Zarafatımız vardı, bir dəfə qastrolda gördüm ki, ətrafda nə qədər qadın, qız var, hamısı bunun əsiridir, bunun heç eyninə deyil. Eyham vurdum ki, adə, hərəkət elə, mənə elə acığı tutdu ki, olmayan kimi”.

Bütün fəxri adları almışdı

Kino sənətində göstərdiyi xidmətlərə görə 1971-ci ildə Azərbaycanın əməkdar artisti, 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. “İstintaq” bədii filmindəki Murad roluna görə SSRİ, “Birisi gün gecə yarısı” kino lentindəki Baba Əliyev obrazı üçün Azərbaycan SSR dövlət mükafatları ilə təltif edilib. 1970-ci ildə “7 oğul istərəm” filmindəki Bəxtiyar roluna görə Respublika Lenin komsomolu mükafatı laureatı olub. Bütün bunlardan öndə duran bir fəxri adı hələ də yaşayır - Həsən Məmmədov.

“Bəxtiyar rolu” dedim, bir məqamı xatırladım. Bir dəfə teatrda müsahibə alırdım ondan. Qış idi, uzun qara palto geyinmişdi, təpədən-dırnağa kino adamı olan bu şəxsdə qəribə bir magiya vardı. O qara paltoda, iri addımlarla teatrın girişindən keçəndə hamı kənara çəkilib yol verdi. Söhbətləşdik, sonda belə bir fikir dedi: “İndi sən demədin, qızım, amma çox vaxt mənə deyirlər ki, çəkildiyiniz filmlər sovet təbliğatına xidmət edib. Bəxtiyar komsomol olub, bizə düşməndir. Bu günün nəzərləri ilə baxsaq, Bəxtiyar sadəcə bir insan, şəxsiyyət idi, xalqının əmin-amanlığını istəyirdi...”

Hiss etdim ki, bu mövzu Həsən müəllimin yaralı yeridir. İllərlə yaratdığı obrazlar, çəkildiyi filmlər kimlərinsə nəzərində, sən demə, havayı atılmış güllə kimi qəbul olunur. O vaxt haqqında yazdığım yazı ilə ona nə qədər təsəlli ola bildim, deyə bilmərəm. Hər halda sonralar, ömrünün son günlərinə qədər zənglərimə məmnuniyyətlə cavab verib, həmsöhbət olurdu. Bildiyim odur ki, bəzən özləri heç bir işə qadir olmayan kəslər başqalarının gördüyü işləri kölgələməyə çalışmaqla təsəlli tapırlar.

Axı, ürək neyləsin...

Ömrünün son illərində Azərbaycan kinosunun qızıl illəri artıq arxada qalmışdı. Təltifləri, fəxri adları, hörməti, amma maddi cəhətdən o qədər də böyük təminatı yox idi. Ailəsi də sovet vaxtı ona verilən dar mənzilə sığmırdı. Zəmanəyə uyğunlaşa bilmədiyinə görə qınaqlar rahatlıq vermirdi. İstədiyini ailəsinə bəxş etmək üçün fikirləşib tapdığı yollar isə şəxsiyyətinə, xarakterinə yad idi.

Qatar getmişdi, arxasınca çatmaq olmazdı. Bəlkə vaxtında daha uzaqgörən olmayıb? Niyə o, kiməsə ağız açmalıdır? Bəlkə düz eləmir, hamı necə, o da elə? Niyə zəmanə adamı ola bilmir? Bunları düşünəndə gah özünə haqq qazandırır, gah özünü qınayırdı. Hərdən üzv olduğu partiyanın da qapısına qədər gedib çıxır, nə isə yenidən geri qayıdırdı.

Niyə Tanrı ona bu xarakteri verib? Başqa cür olsaydı, bəlkə ailəsini daha yaxşı təmin edərdi? Axı, onun yerində kim olsaydı...? Bu ağrılar onu ürək əməliyyatına qədər gətirib çıxartdı. Əməliyyatdan sonra rahat, qayğısız, təmin olunmuş həyat yaşamalı idi, ürək bunu tələb edirdi. Əks halda...

Avqustun cırhacırı idi. Zəng elədim, Həsən müəllim, necəsiniz? Ömür boyu şikayət etməyən adam elə bil dilə gəlmişdi: “Əməliyyatdan sonra Allahın bir putyovkasını tapmıram ki, gedib bu istilərdən kənarda bir az dincəlim...”

Bu həmin 2003-cü ilin avqustu idi ki, iki gün sonra əvəzsiz aktyor, nümunəvi sovet adamı Həsən Məmmədov dünyasını dəyişdi. Bəlkə də onunla da böyük, şaxəli bir çinarın son yarpağı qopub düşdü. Onu II Fəxri Xiyabanda dəfn etdilər. O itkini isə Azərbaycan kino sənətinə geri heç bir qüvvə qaytara bilməz. Bəlkə nə vaxtsa haqqında dastanlar yazılacaq, amma o, qayıtmayacaq. Yenə seviləcək, yenə zəmanə adamı olmadığı, iradəsinin ziddinə gedə bilmədiyi, şəxsiyyətli, abırlı, əxlaqlı, yalnız saf sənətkar olduğuna, yaşamağın başqa - ənənəvi yollarını bilmədiyinə görə qınanacaq, amma seviləcək. Seviləcək və bir də ondan olmayacaq.

Ramilə Qurbanlı - Pressklub.Az
 
Ardını oxu...
"Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayının qonağı şair, tərcüməçi Səlim Babullaoğlu olub. S.Babullaoğlu şairin Allahla münasibətlərindən bəhs edib:

"Düşünmürəm ki, şairin Allahla xüsusi münasibətləri olmalıdır. Məncə, bəndənin Allahla və ya Allahın bəndə ilə münasibətləri var, olmalıdır. Belə bir ifadə var ki, Allahla danışmaq istəyirsənsə, ibadət et, Allahın sənə dediklərini eşitmək istəyirsənsə, baş verən hadisələrə diqqət et. Allah yeganə məbuddur ki, onu aldatmaq mümkün deyil. O nəinki bizim istədiklərimizi, hətta istəməyə utandıqlarımızı, yaxud qəlbimizin dərinliklərində gizlətdiklərimizi bilir və bir qayda olaraq bizə nəsib edəndə istəklərimizin ən xeyirlisini qismət edir. Allah bizi peşələrə görə ayırmır, inananlara və inanmayanlara, xeyirli və yaxud ziyanlı əməl sahiblərinə görə ayırır".

Səlim Babullaoğlu "Şair özünü rüşvətdən necə qorumalıdır?" sualına belə cavab verib:

"Məncə, insan özünü rüşvətdən qorumalıdır, şair yox. Təəssüf ki, mənə dəfələrlə rüşvət təklif olunub. Əvvəla, daxilən dərin təəssüf hissi keçirmişəm, qüssələnib, kədərlənmişəm. 3 ildir Yazıçılar Birliyinin Qəbul Komissiyasının rəhbəriyəm. O insanları başa düşə bilmirəm ki, rüşvət verib Yazıçılar Birliyinin vəsiqəsini almaq istəyirlər. Bu, çox acınacaqlı haldır. Təbii ki, həmin insanlara qarşı kobudluq etməmişəm. Amma izah etməyə çalışmışam ki, pulları belə çoxdursa, ehtiyacı olan bir adama kömək etsinlər".

Ətraflı Baku TV-nin süjetində:

 
 
 
Ardını oxu...
Qədim Şəmkir şəhərində uzun müddət aparılan qazıntılardan sonra 2019-cu ildə Tarix-Mədəniyyət Qoruğu yaradılıb.

Bundan sonra məlum olub ki, qoruğun mühafizə ərazisinə düşən bəzi torpaqlar kənar məqsədlər üçün istifadə olunur.

Buna misal kimi qədim körpü qalıqlarının yaxınlığında əkin işlərinin aparılmasını göstərmək olar.

Bu ərazilər kənd sakinlərinə 1998-ci ildə Torpaq İslahat Komissiyası tərəfindən pay torpağı kimi verilib.

Məsələ ilə bağlı "Qədim Şəmkir Şəhəri" Qoruğunun direktoru Nurlan Həsənov bildirib ki, müvafiq dövlət qurumlarına müraciət olunub. Evlər və əkin sahələrinin gələcəkdə köçürülməsi planlaşdırılır.

Daha ətraflı Baku TV-nin materialında:

 
 
 

 
Ardını oxu...
Məşhur fransalı aktyor Alen Delon Duşi kommunasında malikanəsinin ərazisində dəfn edilib.

APA xəbər verir ki, mərasimə sənət adamının üç övladı və yaxın dostları qatılıb.

Delon sağlığında vida mərasiminin kiçik olmasını, rəsmi və ya dini tədbirlər olmadan baş tutmasını arzuladığını bildirib.
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti