Ardını oxu...
2023-cü ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-iyul aylarına nisbətən 112,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 114,3 faiz, qeyri-ərzaq məhsulları üzrə 111,0 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4 faiz təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, 2023-cü ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,3 faiz, əvvəlki ilin iyul ayına nisbətən 109,4 faiz təşkil edib.
“2023-cü ilin iyul ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 98,5 faiz, əvvəlki ilin iyul ayına nisbətən 109,7 faiz təşkil etmişdir.
Cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma çörəyin, unun, qarabaşaq yarmasının, vaflinin, təzə balığın, yoqurtun, südün, pendirin, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, qarpızın, yemişin, üzümün, bananın, armudun, gavalının, bibərin, badımсanın, xiyarın, pomidorun, göy lobyanın, soğanın, kartofun, konfetlərin, çayın, mineral suların, arağın, bahalaşma isə əsasən qoyun ətinin, zeytun yağının, gilasın, əriyin, kələmin, sarımsağın, çuğundurun, yerkökünün, şəkər tozunun qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2023-cü ilin iyul ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, əvvəlki ilin iyul ayına nisbətən 108,8 faiz təşkil etmişdir. 2023-cü ilin iyul ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin iyul ayına nisbətən 109,6 faiz təşkil etmişdir. İyul ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma, taksi nəqliyyatı ilə şəhərdaxili sərnişindaşıma xidmətlərinin və respublikadan kənara istirahət turlarının qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir”, - Komitənin yaydığı məlumatda bildirilir.
 
Ardını oxu...
ABŞ-ın neft ehtiyatları bir həftə ərzində 5,9 milyon barel artıb
ABŞ-da kommersiya məqsədli neft ehtiyatları bir həftə ərzində 5,9 milyon barel artaraq avqustun 4-nə 445,6 milyon barel təşkil edib.

Bu barədə ABŞ-ın Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ehtiyatların hazırkı səviyyəsi ilin bu dövrü üçün xarakterik olan son beş ildəki orta səviyyədən bir qədər aşağıdır.
 
Ardını oxu...
Türkiyə 2023-cü ilin yanvar-iyul aylarında Gürcüstana avtomobil sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 68,9 faiz artıraraq 95,3 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyul ayında Türkiyə Gürcüstana avtomobil sənayesi məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 27,6 faiz azaldaraq 7,8 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq, 20,1 milyard dollara çatıb.

Bu ilin iyul ayında Türkiyə 2,7 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 33,2 faiz çoxdur.

Son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 33,7 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.
 
Ardını oxu...
Bu il Azərbaycanda orta illik inflyasiyanın 10,4 faiz səviyyəsində olacağı proqnozlaşdırılır.

Bu barədə Maliyyə Nazirliyinin “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə bildirilib.

2023-cü ildə orta illik inflyasiya ilkin proqnozlar zamanı 6,9 faiz səviyyəsində nəzərdə tutulsa da, yenidən baxılma zamanı faktiki göstəricilər, gözlənilən meyillər nəzərə alınmaqla 10,4 faiz səviyyəsində olacağı proqnozlaşdırılır ki, bu da ilkin proqnozdan 3,5 faiz bəndi çoxdur.

Bu da ərzaq və qeyri-ərzaq məhsullarının bahalaşacağını deməyə əsas verir. Xüsusilə son bir ildə bir çox sahələrdə qiymət artımı görülür.

Maraqlıdır, hansı məhsullar yenidən bahalaşa bilər?

TEREF.AZ-ın məlumatına görə, Cebhe.info-ya açıqlamasında iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, əsasən ərzaq məhsulları bahalaşacaq:

"Bu ilin proqnozlarına əsasən, inflyasiya təkrəqəmli olaraq nəzərdə tutulmuşdu. Lakin Rusiya-Ukrayna müharibəsinin bitməməsi, Rusiyanın "Taxıl sazişi"ndən imtina etməsi düyü, şəkər, buğda, yağ kimi məhsulların qiymətinin artmasına səbəb olub.

Bu da öz növbəsində digər ərzaq məhsullarının artımına təsir edəcək. Hazır iqlim şəraiti ilə əlaqədar olaraq da dünya ölkələrində məhsulların istehsalında azalma var.

İyun və iyul aylarında inflyasiya səngimişdi. Lakin üzü payıza doğru inflyasiya meyillərini yenidən müşahidə edəcəyik. Ərzaq, qeyri-ərzaq məhsullarında bu baxımdan artım qaçılmazdır. Azərbaycan da idxaldan asılı ölkədir.

Bu səbəbdən əsasən də ərzaq məhsullarında qiymət artımı olacaq. Bu da öz növbəsində digər sahələrdə də artıma təkan verəcək və yeni qiymət artımları görəcəyik".
Ardını oxu...
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) sədri Mürvət Həsənli ilə Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov arasında görüş keçirilib.

TEREF.AZ-ın məlumatına görə, bu barədə Mürvət Həsənli Cebhe.info-ya açıqlamasında bildirib.

O qeyd edib ki, həmçinin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyevlə də görüş təşkil olunub.

Görüşdə Azərbaycanın quşçuluq təsərrüfatları üçün problem yaradan məsələlərlə bağlı problemlər müzakirə edilib.

Mürvət Həsənli saytımıza açıqlamasında bildirib ki, bu həftə də digər nazirliklərdə də görüş keçirməyi düşünürük:

"Görüşün nəticələrinə uyğun olaraq da Nazirlər Kabineti qərar verəcək. Bu idxal bizdə həqiqətən böyük problemlər yaradır. Özəlliklə yaz aylarında vaxtı keçmiş məhsulların gətirilməsindən dolayı sahibkarlar normal məhsulları maya dəyərindən aşağı satmalı olur. Bu da sahibklarlara təsir edir. Yaxın zamanda yəqin ki, buna çarə tapılacaq”.

O vurğulayıb ki, bunun qiymətlərə təsiri olmayacaq:

“Hazırda qiymətlərdə bahalaşma yoxdur, yaxın gələcək üçün də proqnozlaşdırılımır. Bu il keçən ilin müvafiq dövrünə nisbədə bahalaşma yoxdur, əksinə ucuzlaşma var. Hazırda yumurtanın bir ədədinin topdan satış qiyməti 11 qəpikdir. Keçən ilin müvafiq dövründə bu, 16 qəpik idi. O cümlədən toyuq ətinin hər kiloqramı ölkə üzrə 4.80 manat idisə, bu il 3.80-4.20 AZN arasında dəyişir. Mən sizə fabrikdən çıxma qiymətləri deyirəm. Gələcəkdə də qiymələrin qalxma ehtimalı yoxdur. Qış aylarında qiymətlərin qalxması isə yemin qiymətlərindən asılıdır.

Ölkədə ciddi şəkildə xaricdən idxal var. Həmin ixrac bizim yerli fabriklərin bir çoxuna təsir edir. Bu gələcəkdə damazlıq yumurtanın qıtlığına səbəb ola bilərsə, toyuq ətinin qiymətində bahalaşma görünəcək. Görüşdə bu məsələləri də müzakirə etdik, yekun nəticə açıqlanacaq”.
 
Ardını oxu...
Azərbaycanda qiymətləndirmə bazarında hərcmərclik hökm sürür. Bəzi təşkilatlar özlərinə qiymətləndirici qrupları yaradıb yalnız onlarla işləyirlər. Bir sıra şirkətlər heç bir maddi texniki bazası, hətta ofisi olmadığı halda fəaliyyət göstərir, hətta müxtəlif saxta üsullarla tenderlərə qatılaraq qalib gəlirlər. Bunun qarşısını almaq üçün isə bazarda heç bir rıçaq yoxdur.

Teref.az bildirir ki, bu barədə FED.az-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib.

Qeyd edək ki, qiymətləndirmə sahəsindəki vəziyyət və problemlər bir neçə gün əvvəl Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Auditorlar Palatasının, Azərbaycan Sahibkarlar Konfederasiyasının və Qiymətləndiricilər Cəmiyyətinin (AQC) dəstəyi ilə keçirilən «Audit və qiymətləndirmə fəaliyyəti» tədğiində müzakirə edilib.

Tədbirdə həm Auditorlar Palatası, həm də, qiymətləndiricilər eyni problemlərdən söhbət edərək bildiriblər ki, qiymətləndirmə bazarında dələduzluq və özbaşınalıq halları artıb, bazar tənzimlənmir və bunun üçün mütləq müəyyən quruma ehtiyac var.

«Toplantıda ümumi fikir o oldu ki, bütün problemləriqn səbəbi Azərbaycanda qiymətləndirmə sektorunu tənzimləyən qurumun olmamasıdır. Həmin qurum lisenziyalaşmanı təmin etməli və bazarda inzibati rıçaqlara sahib olmalıdır» - deyə V.Oruc bildirib.

Onun sözlərinə görə, AQC ictimai birlik olduğuna görə, pozuntuya yol verən, standartlardan kənara çıxan və ya qeyri-peşəkar şirkətləri cəzalandırmaq, onlara hər hansı sanksiya tətbiq etmək hüququ yoxdur.

«Bizim yalnız pozuntuya daxil olan üzvlərimizə qarşı tədbirlər görmək, məsələn, həmin şirkətləri təşkilatdan kənarlaşdırmaq imkanlarımız var» deyən Vüqar Orucun sözlərinə görə, bir qədər əvvəl Cəmiyyətin üzvü olan iki şirkət – «Uniprşcu» və «Coral» şirkətləri təşkilatdan kənar edilib.

Amma Azərbaycandakı bütün qiymətləndiricilər AQC-nin üzvü deyil. Bazarda heç bir qeydiyyata düşməyən, nəzarətdən kənarda yüzlərlə qiymətləndirmə şirkəti var: «Bazarda yüzlərlə hal-hazırda özünə şirkət deyən qiymətləndirmə şirkətləri var, hansılar ki, çoxları bir nəfərdən ibarətdir. Onların ofisləri və resursları yoxdur, peşəkar qiymətləndiricilərə malik deyillər».

Amma belə şirkətlər ölkədə qiymətləndirmə bazarının bəzi əsas hissələrini ələ keçiriblər: «Bu şirkətlər müxtəlif bazarları, məsələn məhkəmələr və ədliyyə orqanları üçün qiymətləndirmə xidmətlərini, hərrac qiymətləndirmələrini, sığorta məqsədləri ilə qiymətləndirmə xidmətlərini zəbt ediblər».

Tədbirdə bildirilib ki, dövlət satınalmalarında, yəni qiymətləndirmə tenderlərində də problemlər var. Əsas problemlərdən biri tender və kotirovka sorğularında vəzifəli şəxslərin maraqlı tərəf qismində çıxış etməsidir.

Məsələn, Vüqar Orucun sözlərinə görə, hazırda ölkədə fəaliyyət göstərən 7 qiymətləndirmə şirkəti qrup şəklində, dəstə halında tenderlərdə iştirak edirlər: «O şirkətlərin sahibi bir nəfərdir. Həmin şəxs tenderlərə girərək müxtəlif vasitələrlə həmin tenderləri qazanır. Son 2 il ərzində müxtəlif bazarlardan təqribən 2 milyon manata yaxın tender uduşu həmin şirkətlərə aiddir».

AQC sədrinin sözlərinə görə, bu hal hüquq-mühafizə orqanlarının diqqətini cəlb etmir: «Sadəcə, bu hüquq-mühafizə orqanlarının diqqətini ona görə cəlb eləmir ki, şirkətlər yeddi-səkkiz şirkətdir və onların hər biri ayrı-ayrı şəxslərin adınadır. Amma bu şirkətlər hamısı bir nəfərindir və yeddi şirkət həmin 1 nəfərin rəhbərlik etdiyi bir kollektivdə birləşib. Həm eyni zamanda müxtəlif şirkətlərin direktorlarıdır, həm də bir şirkətin işçiləridir».

Bazarda digər problem dempinq, yəni qiymətinsüni surətdə azaldılması ilə bağlıdır. Vüqar Orucun sözlərinə görə, hazırda bazarda qiymətləndirmə şirkətləri arasında dempinq siyasəti aparanlar var. «Bu şirkətlər bazara daxil olmaq üçün ağıla gəlməyəcək dərəcədə aşağı qiymətlər təklif edirlər. Həmin şirkətlər keyfiyyətli iş təqdim etmirlər, yalnız qiymətləri aşağı salmaqla bazara daxil olmaq yolunu tutublar. Bu da ki, təbii ki, bazarda ürəkaçan bir mənzərə yaratmır. Həm qiymətləri və bazarın çəkisini aşağı salır, həm keyfiyyətin aşağı düşməsinə səbəb olur, həm də qiymətləndirici şəxsin və yaxud da şirkətin cəmiyyətdəki nüfuzuna zərbə vurur. Ona görə də hesab edirəm ki, bu istiqamətdə dəyişikliklər aparılmalıdır».

Cəmiyyət sədrinin sözlərinə görə, hazırki vəziyyətdə bazardakı belə saxtakarlıq və dələduzluq hallarını cəmizləmək və qarşısını almaq mümkün deyil. Amma AQC bunun üçün qardaş Türkiyənin təcrübəsini öyrənir. «Biz qardaş Türkiyədə Dəyərlənmə Uzmanları Birliyi ilə ikitərəfli müqavilə imzalamışıq və müqaviləyə əsasən müxtəlif istiqamətlərdə məsləhətləşmə işləri aparırıq. Layihələrimizdən biri də Azərbaycan qiymətləndirmə sektoruna Türkiyədəki kimi tənzimləmə metodlarını tətbiq etmək və oradakı kimi qurumun yaradılmasına aiddir. Belə bir ortaq layihəmiz var, həmin layihə yaxınlarda dövriyyəyə buraxılacaq».

«Biz bu layihəni təqdimat şəklində Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və digər dövlət qurumlarına təqdim edəcəyik ki, Azərbaycanda qiymətləndirmə sektorunun tənzimlənməsini qardaş Türkiyədəki kimi bu cür görürük və bu addımları atmaq lazımdır ki, Azərbaycanda qiymətləndirmə sahəsində problem olmasın»-deyə AQC rəhbəri bildirib.

Qeyd edək ki, Türkiyədə 152 şirkət var, onlar hamısı bir qurumda birləşib. Həmin qurum dövlət qurumu olmasa da, orada dövlətin iştirakçı payı var: «Həmin qurum hansısa şirkətin lisenziyasını ləğv edirsə, həmin şirkət artıq qiymətləndirmə sektorunda fəaliyyət göstərmir. Yəni bu tip islahatların aparılması Azərbaycanda da vacibdir. Adını Palata qoyaq və yaxud da ki, Azərbaycan Qiymətləndirmə Cəmiyyətinə o statusu, o səlahiyyəti verək. Bu, artıq o qədər də önəmli deyil. Ancaq sektorda vəziyyəti normallaşdırmaq üçün bir qurum lazımdır, əks halda sadaladığım kimi problemlərin həlli mümkün deyil».

Hələlik isə Qiymətləndiricilər Cəmiyyəti bu işi öz imkanları ilə həyata keçirməyə çalışır. Məsələn, AQC ilə Auditorlar Palatası arasında saziş imzalanacaq ki, artıq auditorlar qeyri-professional qiymətləndirici şirkətlərlə işləməsinlər, yalnız AQC-nin tövsiyə etdiyi şirkətlərlə, AQC üzvləri ilə əməkdaşlıq etsinlər.

Azərbaycanda qiymətləndirici şirkətlərin digər problemləri rəsmi qurumların əmlak məlumatlarının əlçatan olmamasıdır. AQC təklif edib ki, Ədliyyə Nazirliyinin notarial kontorlarındakı, eləcə də əmlak xidmətlərinin məlumatlarına əlçatanlıq təmin olunsun, o cümlədən alqı-satqı faktları barədə rəsmi məlumatlara çıxış əldə edə bilsin.

Amma bununla bağlı dövlət qurumlarına edilən müraciətlər cavabsız qalır: «Statistik məlumatlar qiymətləndirici üçün vacib elementdir, amma Azərbaycanda o yoxdur. Digər qonşu dövlətlərdən fərqli olaraq Azərbaycan qiymətləndiricisi dövlət qurumlarına müraciət etdikdə cavab ala bilmir və ya informasiya əldə etmək imkanları olmur. Əmlakın qiymətlərinin bazarda müqayisəsi üçün bu olduqca vacib elementdir. Hal-hazırda biz yalnız rieltorların və daşınmaz əmlak saytlarının məlumatlarına əsaslanırıq».

Qiymətləndiricilər bazarında yaşanan digər problemlərdən biri də ayrı-ayrı qurumların özlərinin qiymətləndirmə fəaliyyəti ilə məşğul olmasıdır. Bura banklar və dövlət qurumları da aiddir.

«Banklarda qiymətləndiricilər var və biz onların mövcudluğunu qiymətləndirici kimi yox, sadəcə risklərdən qorunmaq üçün bir qurum kimi təsəvvür edirik. Eləcə də dövlət qurumlarının özlərinin daşınmaz əmlak qiymətləndirməsi fəaliyyəti var, halbuki, qurumun özü qiymətləndirmə həyata keçirə bilməz, qiymətləndirici müstəqil olmalıdır».

Bu hətta hazırda köhnəlmiş sayılan 1998-ci ildə qəbul olunmuş «Qiymətləndirmə fəaliyyəti haqqında» qanunda da göstərilib: «Yəni əgər bank kredit verirsə, kredit alan şəxslə bankın arasında qiymətləndirmə işini hökmən müstəqil qiymətləndirici aparmalıdır».

Eləcə də dövlətin müxtəlif qurumlarında vətəndaşla dövlət arasında mübahisəli işlər olursa, qiymətləndirməni mütləq müstəqil qiymətləndirici həyata keçirməlidir.

Qiymətləndirici şirkətlər üçün daha bir yenilik ASAN Xidmətlərdə bu xidmətin tətbiqi ilə bağlıdır.

Bir qədər əvvəl prezident İlham Əliyevin fərmanı ilə ASAN Xidmət mərkəzlərində göstərilən xidmətlərin siyahısına qiymətləndirici fəaliyyəti də əlavə edildi. Yəni artıq ASAN xidmət mərkəzlərində belə bir pəncərə də olacaq, amma hələlik bu işin necə qurulacağı dəqiqləşməyib. Vüqar Orucun sözlərinə görə, ASAN Xidmət bu məsələdə Qiymətləndiricilər Cəmiyyəti ilə əməkdaşlıq etməli və ASAN xidmətdə fəaliyyəti göstərəcək vəkil şirkətləri AQC ilə birlikdə müəyyən olunmalıdır: «Yaxşı olar ki, partnyor kimi, bütövlükdə Azərbaycan Qiymətləndirmə Cəmiyyətini qəbul etsinlər və Qiymətləndirmə Cəmiyyəti özü hansı şirkətlərlə əməkdaşlıq daha uyğun olar və daha professional şəkildə həmin şirkətlər xidmət göstərə bilər, bunları həmin dövlət qurumlarına təqdim etsin. Bu da bizim təkliflərimizdən biridir».

Nəhayət, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti dövlət tərəfindən təşkilatın fəaliyyəti üçün müvafiq ofis sahəsinin ayrılmasını istəyir. V.Orucun sözlərinə görə, əvvəllər ictimai qurumlara ofis təqdim edilirdi, amma hazırda bu qayda yoxdur:

«Biz istəyirik ki, Azərbaycan Qiymətləndirmə Cəmiyyəti daha da inkişaf etsin deyə, Əmlak Xidməti orada maariflənmə işi aparılmasına şərait yaransın deyə bizim kurslar təşkil etməyimizə dəstək versin, eyni zamanda, Cəmiyyət öz işini həyata keçirsin. Həmçinin bir qiymətləndirmə mərkəzi olsun ki, orada şirkətlər öz problemlərini həll edə bilsinlər. Belə bir mərkəzin formalaşması üçün inzibati binanın olmasını biz arzulayırıq. Bu da bizim təkliflərimizin içərisindədir».
 
Ardını oxu...
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun (MKSİF) keçirdiyi tender müsabiqəsinin qalibi “Konsept Holding” MMC olub.

Yeniavaz.com xəbər verir ki, MKSİF Laçın rayonunun Zabux yaşayış məntəqəsinin salınması ilə əlaqədar mövcud dağılmış, sökülmüş yaşayış binalarının və digər tikililərin söküntü işlərinə görə “Konsept Holding” MMC-yə 1 milyon 371 min 829 manat 76 qəpik ödəyəcək.

Nizamnamə kapitalı 2 min manat olan “Konsept Holding” MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, M.Mirqasımov , ev 29, m. 150 A-də yerləşir. MMC-nin qanuni təmsilçisi Mustafazadə Nasir Nadiq oğludur.
 
Ardını oxu...
Dəyişikliklər gələcəkdə investisiya fondlarına yatırım edən investorların hüquqlarının qorunmasına xidmət edəcək.
Azərbaycanda "İnvestisiya fondları haqqında" qanunda edilmiş, avqustun 1-dən qüvvəyə minmiş dəyişikliyə əsasən, bundan sonra Milli Depozit Mərkəzi müvafiq lisenziya almadan investisiya fondunun depozitarı fəaliyyəti ilə məşğul ola biləcək, investisiya fondları və onların idarəçiləri reyestrə daxil edilmiş məlumatlarda dəyişikliklər barədə Azərbaycan Mərkəzi Bankına (AMB) 5 iş günü müddətində yazılı bildiriş göndərməli olacaq, "Qiymətli kağızlar bazarı haqqında" qanunda nəzərdə tutulan sənədlər AMB-yə əvvəlcədən təqdim edildikdə və həmin sənədlərdə dəyişiklik olmadıqda onların yenidən təqdim edilməsi tələb edilməyəcək, bu şərtlə ki, quruma bu barədə yazılı məlumat verilsin.
Bəs bu yeniliklərin məqsədi nədir, belə demək mümkünsə, bazara nə verəcək?
Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərindən birinin direktor müavini Pərvanə Qasımova bildirib ki, bunların arasında ən mühüm dəyişiklik Milli Depozit Mərkəzinə yeni səlahiyyətin verilməsidir:
"Bunun hesabına investisiya fondlarının depozitar problemi həll olundu. Yəni, indiyə qədər investisiya fondu yaratmaq istəyənlərin qarşısında depozitarın olmaması ilə bağlı əngəl var idi. Heç kim də investisiya fondları üçün depozitar yaratmırdı, çünki bunu edənlər bəri başdan bilmirdilər ki, investisiya fondu yaradan olacaq ya yox? Artıq bu məsələ həllini tapıb".

"Digər tərəfdən ümumi qanunvericilikdə uyğunlaşdırma və əlavə tənzimləmələr baxımından dəqiqləşdirilmələr aparılıb ki, onlar da gələcəkdə investisiya fondlarına yatırım edən investorların hüquqlarının qorunmasına xidmət edəcək. İqtisadiyyatın, o cümlədən maliyyə sektorunun tam funksional olaraq inkişaf etməsi üçün investisiya fondlarının olması vacib məqamdır", - deyə P.Qasımova əlavə edib.
(Report)
 
   
Ardını oxu...
Son vaxtlar dünya bazarında düyünün bahalaşması müşahidə olunur. Bu da düyü istehsal edən ölkələrin bu məhsulun ixracına tətbiq etdiyi qadağalardır. Dünyanın ən böyük düyü istehsalçısı Hindistanın ixraca qoyduğu qadağadan sonra, Birləşmiş Ərəb Əmirlikləri və Rusiya da dünyada ən çox tələbat duyulan məhsulun ixracını dayandırıb.

Dünyada düyünün bahalaşması Azərbaycan bazarına necə təsir edəcək?

Məsələ ilə bağlı Konkret.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, ölkəmizdə də bahalaşmadan qaçmaq mümkün olmayacaq:

“Azərbaycan iqtisadiyyatı inhisarçı iqtisadiyyat olduğuna görə, dünyada baş verən ucuzlaşmalar ölkə daxilindəki qiymətlərə təsir eləmir. Amma dünyada məhsullar bahalaşan kimi dərhal Azərbaycan bazarına təsir edir. Rəqabət mühiti olmadığından dünyada qiymətlər ucuzlaşanda, sahibkarlar həmin ucuzlaşmadan istifadə edib mənfəətlərini genişləndirirlər. Amma qiymətləri azaltmırlar. Lakin qiymətlərin bahalaşması haqqında məlumatı alan kimi, həmin bahalaşan məhsulların partiyası Azərbaycana girməmiş ölkədə qiymətlər bahalaşır.

İxracatçıların məhsulun satışına məhdudiyyət qoyması dünya bazarında düyünün qiymətinin bahalaşmasına gətirib çıxaracaq. Üstəgəl Ukrayna böhranı da düyünün bahalaşmasında əsas faktorlardan biridir. Ukrayna faktoru bir başa olmasa da, dolayısı ilə düyü bazarına təsir edir. Afrika ölkələrində buğda tapmayanlar düyü yeyir. Bu da düyüyə tələbatı artırır. Həm də bu il dünyada düyü istehsalında məhsuldarlıq aşağı düşüb.

Hardasa dünyada əvvəlki illərə nisbətən 9 milyon ton az düyü istehsal edilib və bu, sözsüz ki, dünya bazarına təsir edəcək, düyünün bahalaşmasına səbəb olacaq. Bu da təbii ki, Azərbaycanda düyünün bahalaşmasına gətirib çıxardacaq”.

Daha sonra Akif Nəsirli duru yağlara olan tələbatdan danışdı:

“Bu məhsulun qiyməti onsuz da Azərbaycanda kifayət qədər bahadır. Mən hesab eləmirəm ki, yaxın günlərdə duru yağların qiymətinin bahalaşmasına getsinlər. Çünki Azərbaycan daxilində bitki yağlarını dünya bazarından ən azı iki dəfə baha satırlar. Ona görə də hələlik kiçik bahalaşmalar Azərbaycan bazarına təsir eləməyəcək. Amma payıza doğru əgər bitki yağlarının da qiyməti bahalaşacaqsa Azərbaycan bazarına təsir edəcək. Ölkəmizdə bitki yağlarının qiyməti bir qədər də artacaq”.
Ardını oxu...
Son dövrlərdə işçilərin əmək haqqından qanunsuz tutulmalarla bağlı Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına çoxlu suallar daxil olurdu. Müraciət edən işçilər, bunların içərisində neftçilər də çoxluq təşkil edirdi, bildirirdilər ki, Banklar - onlarla bağlanmış müqaviləni və yaranmış borcu əsas tutaraq, razılıqları olmadığı hallarda, qanunsuz olaraq bütün əmək haqqları tutulur.
Nəhayət ki, verilmiş sorğuya uyğun olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu barədə ədalətli və qanuni qərarı da qəbul olundu.
Həmin dövrdə də, indi də bizim mövqeyimiz əmək qanunvericiliyinə uyğun belə idi:
1. Əmək Məcəlləsinin 176-cı maddəsinə əsasən işçilərin əmək haqqından tutulmalar 100 faiz məbləğdə həyata keçirilə bilməz, yalnız bu qanunda nəzərdə tutulan qaydada və həddə tutula bilər.
2. İşçilərin könüllü razılığı olmadan, onların əmək haqqından Əmək Məcəlləsinin 176-cı maddəsində nəzərdə tutulan həddən artıq və ya 100 faiz həddə tutulmalar ola bilməz.
3. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 176-cı maddəsində tutulmalar aşağıdakı qaydada tənzimlənir:
4. Əmək Məcəlləsinin 176-cı maddəsinin 1-
ci hissəsi: hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının 20 faiz, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə 50 faizindən artıq ola bilməz.
5. Əmək Məcəlləsinin 176-cı maddəsinin 2-
ci hissəsi: əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının 50 faizi saxlanmalıdır.
6. Əmək Məcəlləsinin 176-cı maddəsinin 3-
cü hissəsi: maddənin 1 və 2-ci hissələri ilə müəyyən edilmiş məhdudiyyətlər: islah işləri çəkərkən, alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı işçiyə verilən əmək haqqından məbləğlərin tutulmasına şamil edilmir.
7. Əmək Məcəlləsinin 176-cı maddəsinin 3-
cü hissəsində göstərilən tutulmalar işçinin əmək haqqının 70 faizindən çox ola bilməz.
8. Əmək Məcəlləsinə və Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını yerinə yetirən işçinin qanunvericiliklə müəyyən edilmiş məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır.
9. Konstitusiya Məhkəməsinin 20. 07. 2023 -cü il tarixli Qərarı: Azərbaycan Respublikası Konstitusiyasının 12,16, 35-ci maddələrinin, habelə, AR Əmək Məcəlləsinin 175 və 176-cı maddələrinin hüquqi mahiyyəti və təyinatına uyğun olaraq, əmək haqqının sosial-iqtisadi funksiyasının təmin edilməsi baxımından kreditorla bağlanmış könüllü razılaşmaya əsasən borclunun əmək haqqından akseptsiz qaydada tutmanın ƏLLİ faiz həddində aparılması mümkün hesab edilsin.
Azer Quliyev
hüquqşunas
Teref.az

Dünyapress TV

Xəbər lenti