Hələ ötən ilin dekabrında məlum idi ki, sığorta şirkətləri ili böyük mənfəətlə başa vurur. Ödənilən məbləğ toplanan vəsaiti 600 milyon manatdan çox geridə qoyurdu. Avtomobillərə dəyən zərəri lazımınca ödəməməyin nəticəsində bu göstərici ortaya çıxmışdı. 2022-ci ilin analoji dövrü ilə müqayisədə yığımlarda 300 milyon manatdan çox artım nəzərə çarpır. Bizimyol.info xəbər verir ki, 2023-cü ildə sığorta şirkətlərinin rekordu qeydə alınıb. Şirkətlər heç vaxt olmadığı qədər ili böyük mənfəətlə başa vurublar. Ümumiyyətlə, 18 sığorta şirkətindən 17-si ödənilən məbləğdən xeyli çox vəsait toplaya bilib. Yalnız “Azərbaycasn Sənaye Sığorta” daha çox pul ödəməli olub. Şirkət bunun səbəbini açıqlayıb. 2022-ci ildə Sumqayıtda yerləşən “Azərbaycan Sənaye Parkı”nda böyük yanğın olmuşdu, ciddi zərər qeydə alınmışdı. “Azərbaycan Sənaye Sığorta” bu fakta görə 25 milyon manata yaxın ödəniş edib. Təsəvvür edin, şirkətin il ərzində həyata keçirdiyi ödənişlərin 80 faizi həmin hadisənin payına düşür. “Azərbaycan Sənaye Sığorta” ümumilikdə 20 milyon manat toplaya bilmişdi. “Azərsun Holdinq”ə ödənilən həmin böyük məbləğlə birlikdə 32 milyon manat ödəniş rəsmiləşib.
“Meqa Həyat Sığorta” il ərzində cəmi 15 min, “İpək Yolu Sığorta” isə 620 min manat ödəniş həyata keçirib. Yəni ümumi məbləğ heç 1 milyon manata çatmayıb. “İpək Yolu Sığorta” da bir hadisəyə görə böyük xərcə düşüb. AZAL-a məxsus sərnişin təyyarəsinin mühərriki zədələnib, 431 min manatdan çox ödəmək lazım gəlib. Naxçıvan-Bakı reysi zamanı təyyarənin mühərrikinə yad cisim düşüb, problem yaranıb.
Təsəvvür edin, sürücülərə nə qədər az pul ödənilir. Böyük şirkətlərin başına iş gəlməsə, sığorta şirkətləri heç ciddi xərcə düşmür. Sürücülər şirkətlərin arxasınca aylarla sürünür. Avtomobilə dəyən zərəri ödətmək cəhənnəm əzabına çevrilir. Dərinə gedəndə, sığorta şirkəti heç üzərinə məsuliyyət də götürmür, məhkəməyə yönləndirir. Amma il başa çatandan sonra məlum olur ki, yığımlarda, qazancda rekord qeydə alınıb. Sürücülərin halına acımaqdan başqa deməyə söz də qalmayıb.