Bu gün Azərbaycanın boks üzrə milli komandası Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.
Bu gün bir bokçumuz rinqə çıxıb. Bu, 2021-ci ildə dünya çempionu adını qazanmış Alfonso Domingesdir (92 kq).
O, turnirə 1/8 finaldan başlayıb. Domingesin rəqibi isə Paris-2024-ün favoritlərindən olan Kuba boksçusu Xulio Sesar Krus olub. Sesar Rio-2016 və Tokio-2020 Olimpiya Oyunlarının qalibi, eləcə də beşqat dünya çempionudur.
Dominges 3:2 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib
“İyulun 26-da Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimində Fransanın dövlətə məxsus milli televiziyası olan “France2” telekanalının müxbiri Azərbaycan və Ermənistan idmançılarının paraddan keçidi zamanı ayrı-seçkilik nümayiş etdirərək Azərbaycanı Ermənistanla toqquşmalarda ittiham edib. Eyni zamanda Ermənistanı Fransanın dostu adlandırıb və qeyd edib ki, bu il erməni xalqı üçün “Dağlıq Qarabağ”ın Azərbaycan ordusu tərəfindən süqutu kimi yadda qalıb”.
Bu barədə Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsinin Paris Olimpiadasında Azərbaycana qarşı təxribatla bağlı bəyanatında bildirilib.
Bəyanatda, həmçinin deyilir:
“Bu, faktiki olaraq Olimpiya Xartiyasının Əsas Prinsiplərinin pozulmasıdır. Həmin prinsiplər son illərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının bir neçə qətnaməsi ilə, o cümlədən açıq şəkildə “Olimpiya Xartiyasının əsas prinsiplərinin etirafı” (A/RES/78/10) ilə tanınıb və dəstəklənib. Xartiyada açıq şəkildə qeyd edilib ki, “BOK-un missiyası olimpizmi bütün dünyada təbliğ etmək, Olimpiya Hərəkatına rəhbərlik etmək, idmana və idmançılara qarşı hər hansı siyasi və ya kommersiya istismarına qarşı çıxmaqdır”.
Baş vermiş halla bağlı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən Beynəlxalq Olimpiya Komitəsinə rəsmi olaraq etiraz məktubu göndərilib. Məktubda qeyd olunub ki, dövlət telekanalının Azərbaycana qarşı bu cür hörmətsiz münasibəti Olimpiya Xartiyasının açıq-aşkar pozulmasıdır. Bu cür təbliğat oyunların ruhuna zidd olmaqla yanaşı, Azərbaycan və Ermənistan arasında sülh səylərini pozmağa xidmət edir. Buna görə də BOK-dan Paris-2024 Olimpiadası zamanı idmanın siyasiləşdirilməsinə qarşı qəti mövqe göstərilməsi, açıq bəyanat verməklə Fransa hökumətinə, Fransa Milli Olimpiya və İdman Komitəsinə, eləcə də adıçəkilən telekanala etiraz bildirilməsi xahiş edilib”.
Bu günə planlaşdırılan triatlonçuların üzgüçülük məşqi Sena çayında suyun keyfiyyətinin aşağı olmasına görə ləğv edilib.
“Report” xəbər verir ki, bu barədə Olimpiadanın təşkilat komitəsinin mətbuat xidməti məlumat yayıb.
“Olimpiya Təşkilat Komitəsi, Beynəlxalq Triatlon Federasiyası və yerli hakimiyyət orqanları Sena çayında suyun keyfiyyətinin kifayət qədər zəmanət vermədiyi üçün triatlon tədbirinin bir hissəsini ləğv etmək barədə birgə qərar qəbul ediblər. Çünki suyun səviyyəsi kifayət qədər təminat vermir”, - deyə məlumatda bildirilib.
Təşkilatçılar iyulun 30 və 31-nə nəzərdə tutulan yarışların vaxtında baş tutacağına əmindirlər.
Qeyd edək ki, Sena çayının “E.coli” və “enterokokk” bakteriyaları ilə yüksək dərəcədə çirklənməsi Parisdə keçiriləcək Olimpiya Oyunlarının iştirakçıları üçün təhlükə yaradır.
Fransa yepiskopları Paris Olimpiadasının açılış mərasiminin bəzi epizodlarını tənqid ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.
Qeyd olunur ki, açılış mərasimində xristianlığı lağa qoyan səhnələr olub.
"Bizimlə həmrəylik ifadə edən digər dinlərin nümayəndələrinə təşəkkür edirik. Biz bəzi səhnələrin təxribat xarakterli olmasından incimiş dünya xristianları ilə birlikdəyik", - deyə nəşr fransız yepiskoplarının bəyanatından sitat gətirir.
Bununla belə, fransız yepiskopları etiraf ediblər ki, açılış mərasimində gözəllik və sevinc anlarını təcəssüm edən səhnələr də olub.
Qeyd edək ki, Paris Olimpiadası avqustun 11-də başa çatacaq.
Sena çayı boyunca 6 kilometrlik marşrutda 12 bədii səhnə, Fransanın irsi, Paris, şəhərin abidələri və marşrut boyunca körpüləri nümayiş etdirilib. Parisdə keçirilən Oyunların açılış mərasimində Olimpiya bayrağı Eyfel qülləsi yaxınlığındakı bayraq dirəyinə tərsinə asılıb. Bayraq səhnəyə aparılıb, sonra isə səhv vəziyyətdə bayraq dirəyinə yerləşdirilib və qaldırılıb. Olimpiya Oyunlarının açılış mərasimi ilk dəfədir ki, stadiondan kənarda keçirilir. Olimpiadada Rusiya və Belarus idmançıları neytral statusda mübarizə aparacaqlar. Bundan əlavə, Beynəlxalq Olimpiya Komitəsi onların açılış mərasimində yalnız tamaşaçı qismində iştirakına icazə vermək qərarına gəlib. Olimpiya Oyunları avqustun 11-dək keçiriləcək. Yarış çərçivəsində 41 idman növü üzrə 329 dəst mükafat veriləcək. Oyunlarda Rusiya Federasiyasından 15 idmançı iştirak edəcək. Qeyd edək ki, iyulun 26-da Parisdəki “Hotel du Collectionneur”un işçiləri 7 ildir maaş artımı almadıqları üçün tətilə başlayıblar. Bildirilib ki, Olimpiya Oyunları zamanı BOK nümayəndələri burada qalmalı idi.
Bu gün üç komandamız UEFA Konfrans Liqasında mübarizəyə start verir.
Oxu.Az xəbər verir ki, komandalarımızdan ikisi "Sumqayıt" və "Zirə" doğma meydanda, "Sabah" isə səfərdə oynayacaq.
"Zirə" - "Dunayska Ştreda" görüşü Bakı vaxtı ilə saat 19:30-da, "Sumqayıt" - "Fehervar" matçı saat 20:00-da, "Sabah" - "Makkabi Hayfa" qarşılaşması isə saat 21:15-də başlayacaq.
Qeyd edək ki, komandalar arasında cavab matçları isə iyulun 31-də baş tutacaq.
25 İyul
"Zirə" - "Dunayska Ştreda"
Saat 19:30, "Dalğa Arena"
"Sumqayıt" - "Fehervar"
Saat 20:00, "Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu"
Fransanın cənub-qərbindəki Jironde departamentinin polisi Paris Olimpiadası zamanı terror aktı hazırlamaqda şübhəli bilinən şəxsi saxlayıb.
“Report”un məlumatına görə, bu barədə RMC radiostansiyası Fransa Milli Antiterror Prokurorluğuna (PNAT) istinadən məlumat verib.
“18 yaşlı gənc Jironde departamentində saxlanılıb”, - məlumatda deyilir.
Saxlanılan şəxs terrorçu qruplaşmada iştirakda şübhəli bilinir. Qeyd olunur ki, o, sosial şəbəkələrdəki mesajlarında xüsusən də idman yarışları zamanı cinayət əməlləri törətmək niyyətində olduğunu bildirib.
Qeyd edək ki, Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək. 2024-cü il Olimpiadasının açılış mərasimi ilk dəfə olaraq stadiondan kənarda keçiriləcək, 10 500 idmançı Parisin mərkəzindən qayıqlarla Sena çayı boyunca üzəcək. Potensial təhlükə riskinin yüksək olduğu nəzərə alınaraq, açılış mərasimində tamaşaçıların sayının 600 mindən 326 min nəfərə endirilməsi qərara alınıb. Yarış zamanı təhlükəsizliyi təxminən 45 min fransız polisi və jandarması, həmçinin 20 min hərbçi təmin edəcək.