Ardını oxu...

Xankəndi şəhərində kabinentində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlətməkdə təqsirləndirilən vəzifəli şəxsə hökm oxunub. 

 

Sozcu.info xəbər verir ki, məhkəmədə "Azərpoçt" MMC-nin Xankəndi şəhər Rabitə qovşağın rəisi (Xankəndi Poçt şöbəsinin) Cavid Əliyev 177.2.3, 177.2.4, 228.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılıb. 

Cavid Əliyev özünü təqsirli bilməyərək deyib ki, 1992-ci ildən "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Xocalı poçt şöbəsinin rəisi vəzifəsində işləyib. Xankəndi şəhəri işğaldan azad olunduqdan sonra, yəni 11 noyabr 2023-cü ildən Xankəndi poçt şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra etməyə başlayıb. 

Həmin poçt şöbəsinin inzibati binası isə rəsmi qaydada "Azərpoçt" MMC-yə təhvil verilməyib. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri 18 aprel 2024-cü ildə binadakı əmlaklara baxış keçirmək üçün poçt şöbəsinə gəlib və onun razılığı ilə binaya daxil olub. 

Onlar binanın birinci mərtəbəsində yerləşən otaqlara, o cümlədən ümumi xidmət otağının baş tərəfindən yerləşən otağa baxış keçirərkən oradakı dolabın üzərindən "Kalaşnikov" konstruksiyalı avtomat silah tapıblar. Ondan sözügedən silahın kimə məxsus olmasını soruşduqda silahın mənsubiyyətini bilməyidini və erməni hərbiçilərdən qaldığını düşündüyünü deyib. 

Rəisin xidməti otağında aparılan yoxlama zamanı "Kalaşnikov" konstruksiyalı avtomat silahına məxsus sandıqça, istirahət otağındakı dolabın içərisinə yığılmış ərzaq bağlamalarının üstündə 250 ədəd patron və həmin dolabın üzərindən isə 1430 ədəd piston aşkar edilərək götürülüb.

Ardını oxu...

Bundan sonra Cavid Əliyevin Goranboy

rayonu Aşağı Ağcakənd qəsəbəsində yaşayan bacısı Təzgül Əliyevaya məxsus evdə də yoxlama aparılıb. Məlum olub ki, rəis Xankəndi şəhərindən icazəsiz olaraq götürdüyü 2 ədəd smart tipli televizor, 7 ədəd generator, 1 ədəd şirniyyat bişirən soba, 1 ədəd su qızdırıcı, 1 ədəd kartof qızardan avadanlıq, 4 ədəd avtomobil təkəri, 5 ədəd laqonda, 2 ədəd elektirik mişarı, 2 ədəd perfarator, 1 ədəd təzə kombi, 1 ədəd işlənmiş kombi, 1 ədəd qabyuyan maşın, 2 qutu elektrik lampası, 1 ədəd pirinter, 1 ədəd soba, 1 ədəd su qızdırıcı, 1 ədəd təzə kondisioner, 2 ədəd meyvə qurudan avadanlıq, 1 ədəd otbiçən maşın, 1 ədəd tozsoranı (ümumi bazar dəyəri 14 min manatdan çox) bacısının evinə aparıb. 

Cavid Əliyev məhkəmədə bacısının evindən çıxan əşyalarla bağlı məsələni isə belə şərh edib: "Bacımın fərdi yaşayış evindən aşkar olunmuş məişət avadanlıqlarını Xənkəndi şəhərindən deyil, kiçik sahibkarlıq fəaliyyəti ilə muşğul olmaq üçün Bərdə rayonunda yol kənarından ucuz qiymətə almışam". 

Məhkəmənin hökmü ilə Cavid Əliyev Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 228.1-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 23 aprel 2024-cü ildən hazırki tarixədək həbsdə olduğu 5 ay müddət cəzadan çıxılmaqla 2 il 2 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Təqsirləndirilən şəxsin üzərinə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək şərti ilə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 06.00-dək tərk etməmək, üzərində elektron nəzarət vasitəsini gəzdirmək tələbi qoyulub.

 
 
Ardını oxu...
“Qanlı göl”ün ətrafında bulvar salınması işlərinə başlanılıb. Bu barədəYasamal Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, layihəyə əsasən, gölün ətrafı bulvar olacaq.”Hazırda gölün təmizlənməsi üçün işlər görülür, yol salınır, ağaclar əkilir və düzləmə işləri gedir. Bulvarın nə vaxta hazır olacağı hələ məlum deyil. Layihə orada bina tikən tikinti şirkətinin üstünə öhdəlik olaraq qoyulub”, – Yasamal RİH-dən bildirilib.

Əmlak məsələləri üzrə ekspert Orxan Rüstəmov açıqlamasında bildirib ki, ümumiyyətlə, parkların və bulvarların salınması, şəhərin estetik görünüşünü artırmaqla yanaşı, bir neçə mühüm fayda da gətirir.

“Qanlı göl” ətrafında bulvarın salınması şəhərin mənzərəsini daha cəlbedici edəcək. Bulvarlar şəhər sakinləri və turistlərin istirahət və əyləncəsi üçün çox yaxşıdır. Yaşıl sahələrin artırılması şəhərin ekoloji balansını yaxşılaşdıracaq.

Ağaclar və digər bitki örtüyü havanın keyfiyyətini artıraraq, ekosistemə müsbət təsir göstərə bilər. “Qanlı göl” ətrafında bulvarın salınması şəhərin görünüşünü gözəlləşdirmək, ekoloji tarazlığı artırmaq və ictimai həyatın canlanmasına kömək edəcək. Bu cür layihələr həm yerli sakinlər, həm də turistlər üçün cəlbedici bir mühit yaradır”, – deyə o qeyd edib.


 
 
 
Ardını oxu...
Qrenlandiya köpəkbalığı uzunluğu 5 metrə qədər böyüyə bilən nəhəng heyvanlardır. Onların Şimali Atlantikanın dərin və soyuq sularında yavaş-yavaş üzdüyünü müşahidə etmək mümkündür.

İndex.az xəbər verir ki, elm adamları bu yavaş temp və yavaş böyümə sürətinə görə Qrenlandiya köpəkbalıqlarının uzun müddət yaşadığını düşünürdülər. Ancaq son araşdırmalarına qədər onlar üçün hər hansı bir yaş müəyyən etmək çətin olub.

Böyük ağ köpəkbalığı kimi bəzi növlər, arxa sümüklərində təbəqələrdə böyüyən kalsifikasiya edilmiş toxumalara malikdir. Bu toxumalardan heyvanların yaşını təyin etmək üçün istifadə olunur.

Ancaq Qrenlandiya köpəkbalıqlarının çox yumşaq toxumaları və quruluşları var. Başqa sözlə, sərt bədən quruluşlarına sahib deyillər. Bu səbəblə onların yaşlarının heç vaxt müəyyən edilə bilməyəcəyi düşünülürdü. Xoşbəxtlikdən, mütəxəssislər bunun yolunu tapdılar.

Qrenlandiya köpəkbalığının göz lensi xüsusi bir maddədən ibarətdir və tərkibində metabolik cəhətdən inert zülallar var. Bu o demək idi ki, zülallar bədəndə sintez edildikdən sonra onlar artıq əvəz olunmur.

Bu yolla, köpəkbalığı yetkinlik yaşına çatmayan və radiokarbon tarixli kimi təcrid edilə bilər. Tədqiqatçılar bu məlumat və texnikaya əsaslanaraq Qrenlandiya köpəkbalıqlarının son dərəcə yaşlı olduğunu müəyyən etdilər.

Uzun araşdırmalar nəticəsində onlardan xüsusilə birinin 400 yaşında olduğu təsbit edildi və beləliklə Qrenlandiya köpəkbalığı dünyanın ən uzunömürlü onurğalısı oldu.
 
Ardını oxu...
Ən yeni tarix. Maraqlı faktlar.
Dünyaya sülh ölkəsi kimi təqdim olunan SSRİ-də həmişə narazı kütlələr olub. Yarandığı gündən süqutuna qədər mövcud rejimin sərtliyinə baxmayaraq, bu narazı kütlələr öz etiraz səslərini ucaltmaqdan çəkinməyiblər.
Etirazların səbəbləri fərqli motivlər olsa da, narazılığın, qiyamların, üsyanların bir hədəfi olub: ölkə rəhbərliyinin yarıtmaz siyasəti, sosial problemlər, yerinə yetirilməyən vədlər.
Bütün bu hadisələr ictimaiyyətdən böyük peşəkarlıqla gizlədilib, SSRİ rəhbərləri hadisələri yerindəcə qapayıb. Amma bu da uzun çəkməyib. 1990-cı illərdən sonra “məxfi” qrifli qovluqlar açıldıqca “kommunizm”ə doğru gedən ölkədə baş verən tam fərqli hadisələrin şahidi oluruq.
Etiraz dalğaları təkcə sənaye şəhərlərindən, kənd təsərrüfatı rayonlarından keçməyib, o cümlədən qapalı məkanlarda da, hərbi hissələrdə, cəzaçəkmə müəssisələrində, həbsxanalarda da etiraz səsləri eşidilib.
Belə hadisələrdən biri də 1970-ci ilin may ayında Kuybışev vilayətinin (indiki Samara) Tolyatti şəhərindəki 7 və 16 saylı islah-əmək koloniyasında baş verib.
1970-ci ildə SSRİ-də Leninin 100 illiyi ilə bağlı böyük tədbirlər keçirilib. Ölkənin ayrı-ayrı bölgələrindən azadlıqdan məhrum olan məhkumların valideynləri, doğmaları Mərkəzi Komitəyə teleqramlar, məktublar ünvanlayaraq ölkə rəhbərliyindən Leninin 100 illik yubileyi ilə əlaqədar amnistiya verilməsini xahiş ediblər.
Ardını oxu...
Ayrı-ayrı tədbirlərdə rəsmilər belə bir qərarın verilməsinin mümkünlüyünü söyləyiblər və bununla da insanlarda bir ümid yeri saxlayıblar.
Aprel ayında ölkəni bürüyən yubiley tədbirləri sona çatıb. Daha sonra 1 May və 9 May bayramları təntənə ilə qeyd olunub. Amma amnistiya məsələsi reallaşmayıb. Bu isə cəzaçəkmə müəssisələrində ciddi narazılığa və etirazlara səbəb olub.
Mayın 21-də Tolyatti şəhərindəki 17 saylı islah-əmək koloniyasında axşam saatlarında 1-ci postun gözəçti əsgəri Kiselyova məhbuslar hücum ediblər. Hadisə Kiselyovun məhbuslardan birinə xəbərdarlıq etməsi ilə başlayıb.
Belə ki, gözətçi əsgər elan lövhəsindən taxta hissələri qopartmaq istəyən məhbusa geri çəkilmək əmrini verib. Əmr icra olunmayanda əsgər havaya xəbərdarlıq atəşi açıb. Lakin bu atəşin də nəticəsi olmayıb. Belə olan halda Kiselyov məhbusun ayaqlarına bir neçə dəfə atəş açaraq onu yaralayıb. Yaralanı tibb məntəqəsinə çatdırdıqdan sonra təxminən 30 nəfərə yaxın məhbus Kiselyovu tərksilah edib ölümcül vəziyyətə qədər döyüblər. Onlar daha sonra koloniyanın inzibati binasına hücum edərək içəridə olan növbətçi zabitləri və nəzarətçiləri tanınmaz hala salıblar. Növbətçi otaqdan cərimə kameralarının (karserlərin) açarları götürülüb, 40 nəfərdən artıq adam dözülməz şəraiti olan cərimə kameralarından azad olunublar.
Qiyama iki “avtoritet”, Aleksandr Boqaçov və Aleksandr Yaxonov başçılıq edib. Qiyamçı məhbusların sayı 500 nəfərə çatıb. Koloniyanın ərazisindəki inzibati bina, klub, yardımçı təsərrüfat otaqları yandırılıb.
Sonra qiyamçılar koloniyaya bitişik olan digər cəzaçəkmə müəssisənə, 6 saylı islah-əmək düşərgəsinə hücum ediblər.
Aradakı ikiqat daş hasarı bir göz qırpımında dağıdan məhbuslar burada da nəzarətçiləri və növbətçi zabitləri tərksilah edib kabinetlərdən birinə doldurublar. Koloniyanın ərazisində olan bütün tikililər yandırılıb.
Koloniyanın sənaye zonasına daxil olan məhbuslar anbarlardan böyük miqdarda spirt əldə ediblər. Qatqısız texniki spirti içən qiyamçılar daha qəzəbli şəkildə qarşılarına çıxan hər şeyi darmadağın ediblər.
Saat 22-23 radələrində islah-əmək müəssisəsinin rəisi Quryev, müavini Brener və əməliyyat hissəsinin rəisi Kostyuk hadisə yerinə gəliblər. Yüksək rütbəlilərin məsələni dinc yolla həll etmək cəhdi baş tutmayıb. Hər üçü dəhşətli dərəcədə döyülərək koloniyanın giriş qapısının qarşısına atılıb.
Məsələdən xəbər tutan Kuybışev vilayət daxili işlər idarəsinin rəisi Vasili Çistyakov gecədən xeyli keçməsinə baxmayaraq, hadisə ilə bağlı SSRİ daxili işlər naziri Nikolay Şelokovu məlumatlandırıb. Həmin dövrdə daxili qoşunları hər hansı bir hadisəyə cəlb edilməsi üçün ölkənin birinci şəxsinin razılığı mütləq şərt sayılıb. Cəmisi 15 dəqiqə ərzində Şelokov Brejnevin razılığını alıb.
Gecə yarısı daxili qoşunların hissələri koloniyaya yeridilib. 6 saata yaxın davam edən əməliyyatdan sonra koloniyada vəziyyət sabitləşdirilib.
İnsident zamanı koloniyanın 3 əməkdaşı və 4 məhbus həlak olub.
Hadisə ilə bağlı cinayət işi açılıb. Düz bir il davam edən istintaqa 140 nəfər cəlb edilib. 29 nəfər 5 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum olunub və onların cəza yerləri dəyişdirilib. 3 nəfərə isə ən ağır cəza, güllələnmə hökmü oxunub.
Hadisə ilə bağlı Mərkəzi Komitədə xüsusi iclas keçirilib.
Həmin dövrdə cəzaçəkmə müəssisələri DİN-ə tabe olduğundan Nikolay Şelokova həbsxanalardakı vəziyyət ilə daha yaxından tanış olmaq tövsiyə edilib.
Nazir bu hadisədən sonra cəzaçəkmə müəssisələrində məhbusların sosial vəziyyətinin yaxşılaşması ilə bağlı bir sıra tədbirlər həyata keçirib.
İlham Cəmiloğlu, Musavat.com
 
Ardını oxu...
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayevi geri çağıraraq Rusiya Federasiyasına səfir təyin edib. Polad Bülbüloğlunun 18 illik diplomatik karyerasının sona çatması ilə Azərbaycanın Şimal qonşusunda səfiri də dəyişdi.

R.Mustafayev Avropadan qayıtsa da, Rusiya ictimai-siyasi mühitinə yad diplomat deyil. 61 yaşlı səfir 1980–1985-ci illərdə Moskva Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil alıb. Karyerasının 1994–1997-cı illər dövründə Azərbaycanın Rusiyadakı səfirliyinin əvvəlcə üçüncü, sonra ikinci, ardınca birinci katib işləyib.1997–1999-cu illərdə Dövlət Əmlak Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri olub. 2000–2006-cı illərdə yenidən Azərbaycanın Rusiyadakı səfiriliyinə qayıdaraq müşavir vəzifəsini tutub.

Rəhman Mustafayevdən həm Azərbaycan cəmiyyətinin, həm Rusiya ictimai-siyasi həyatına qaynayıb-qarışmaq istəyənlərin, həm də bu ölkəyə çörək dalınca üz tutmuş yüzminlərlə azərbaycanlı miqrantın gözləntiləri var.

Rusiya, Azərbaycan dövləti qədər azərbaycanlılar üçün də vacib ölkədir. İttifaq dövründən qalan bağlar, müstəqilliyin ilk illərindəki çətin sosial-iqtisadi şəraitin diqtəsi altında başlayan iqtisadi-ticarət əlaqələri sonrakı dövrlərdə daha da genişlənərək milyonları əhatə edib. Bu ölkəyə əmək miqrantı kimi üz tutan başqa postsovet ölkələrinin vətəndaşları ilə yanaşı azərbaycanlıların da dolanışığı rus bazarlarından çıxıb. Son illərdə Rusiyanın cəlbediciliyi xeyli azalsa da, böyük bazar kimi yenə də əhəmiyyətini qoruyub saxlayır. Bu ölkədən qazanılıb göndərilən yüz milyonlar Azərbaycanla yanaşı digər ölkələrdə sosial-iqtisadi sabitliyin qorunmasında, rifahın təmin olunmasında rol oynayır.

Əlbəttə, Rusiyada yaşayıb, işləyən azərbaycanlılar üçün şərait güllük-gülüstanlıq olmayıb. Rusiya kriminal şəbəkələrin ən geniş yayıldığı ölkələrdən biridir, hətta onu postsovet ölkələrindəki cinayətkar qrupları birləşdirən mərkəz də adlandırmaq olar. On illərdir bu şəbəkələr arasında gedən nüfuz müharibələri minlərlə insanın həyatını itirməsinə səbəb olub. Azərbaycanda az-az kəndlər tapmaq olar ki, onun azı 1 sakini Rusiyada öldürülməsin. Ölkənin hüquq-mühafizə orqanlarının bərbad işi, bir çox hallarda kriminal qruplaşmalarla ortaq hərəkət etməsi miqrantlar üçün ən böyük problemlərdən biri olub. Belə çətin şəraitdə əmək miqrantlarının ümid yeri ölkəsinin Rusiyadakı səfirliyi, konsulluqları olmalıdır. Amma təəssüf ki, Azərbaycan səfirliyi həmvətənlərimizin bu ümidlərini heç vaxt doğrultmayıb. İctimailəşən bəzi insidentlər xaric, başda Polad Bülbüloğlu olmaqla, azərbaycanlı diplomatların vətəndaşların problemləri ilə məşğul olduğunu görən olmayıb. Məsələn, ötən 3 onillikdə minlərlə azərbaycanlı Rusiyada kriminal razborkalarda öldürülsə də, onların qanı batırılıb, çünki hüquq-mühafizə orqanlarından araşdırma tələb edən səfirlik olmayıb…

Yaxud, Azərbaycan səfirliyinin qapıları sənədələri qaydasında olmayan, digər səbəbələrə görə çətinliklərlə üzləşən azərbaycanlıların üzünə bağlı olub. Mediada konsulluq xidmətlərində dəfələrlə rüşvət, korrupsiya, süründürməçilik halları barədə şikayətlər dərc edilsə də, nəticəsiz qalıb.

Rusiyada 2 milyona yaxın azərbaycanlının yaşadığı haqda statistik məlumatlar var: olduqca böyük rəqəmdir, onların 600 minə qədəri bu ölkənin vətəndaşlığını əldə edib. Amma bu rəqəmlərin müqabilində Rusiyadakı Azərbaycan diasporu hansı vəziyyətdədir? Səfirlik azərbaycanlıların təşkilatlanması, rus ictimai-siyasi mühitində aktiv iştirak etməsi ilə bağlı hansı işi aparıb? Azərbaycanlılar seçkili orqanlarda necə təmsil olunurlar, mediada, vətəndaş cəmiyyətində, siyasi partiyalarda və başqa sahələrdə niyə azdırlar?

Bunlar Azərbaycan dövlətinin Rusiyadakı maraqlarından biridir – ictimai-siyasi sferada yetərli səviyyədə təmsil olunmaq, nüfuz qazanmaq, yumşaq güc əldə etmək… Bu işi təşkil etmək ilk növbədə Azərbaycanın bu ölkədəki səfirliyinin üzərinə düşür.

Azərbaycan Respublikasının bütün yüksək dövlət mükafatlarını əldə etmiş Polad Bülbüloğlu 18 illik səfirliyi dövründə dövlət maraqlarını olduqca pis təmsil edib, ictimai çıxışlarında bəzən onu rus məmurlarından fərqləndirmək çətin olub. Burada Rusiya Prezidenti V.Putinin onu xidmətlərinə görə “Aleksandr Nevski ordeni” ilə təltif etməsi o qədər də təəccüblü görünmür. Çünki bir səfir kimi o Rusiya hökumət orqanlarını azərbaycanlıların problemlərinə görə az narahat edib, bəlkə də heç etməyib...

Yeni səfir Rəhman Mustafayevin Rusiyadakı diplomatik fəaliyyətinə sadalanan problemlərin öyrənilməsindən başlaması yaxşı olardı. O, səfirliyi Bülbüloğlunun dünya görüşünə uyğunlaşdırılmış idarəetmədən çıxarıb dövlət maraqlarına, azərbaycanlılara xidmətə qaytarmalıdır. Bu, səfir kimi ondan hamının gözləntisidir./azpolitika.info
 
Ardını oxu...
Mağaradan tapılan qocanın yaşı eşidənləri şoka saldı Hindistanda boş bir mağaradan 188 yaşlı insan tapılıb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, yaşlı adam səlahiyyətli şəxslər tərəfindən böyük çətinliklə mağaradan çıxarılıb. Şəxsiyyəti müəyyən edilən kişinin 188 yaşında olduğu bəlli olub.

Uzun saç və saqqallı, hədsiz arıq qoca mağaradan çıxarılaraq polislərin qucağında xəstəxanaya aparılıb.

Onun mağarada olma səbəbi hələ ki öyrənilməyib.
 
Ardını oxu...
“Məktəblərdə bu cür halların baş verməsi bizi düşündürməlidir”.
Bunu “AzPolitika”-ya açıqlamasında keçmiş deputat, tanınmış elm və təhsil bilicisi Etibar Əliyev son günlər orta məktəblərdə şagirdlərin iştirakı ilə baş verən kriminal hadisələrin səbəblərini şərh edərkən deyib.
Xatırladaq ki, iki gün əvvəl Şəmkir və Xaçmaz rayonlarında 10-cu sinif şagirdlərinin arasında yaranan mübahisələr bıçaqlanma ilə nəticələnib. Bir nəfər ölüb. Bu gün səhər saatlarında isə Bakının Ramana qəsəbəsində 2008-cü il təvəllüdlü yeniyetmə özündən 4 yaş böyük şəxsə bıçaqla xəsarət yetirib.
E.Əliyev qeyd edir ki, məktəblərdə kriminal hadisələrin artmasının çox dərin səbəbləri var: “Son illərdə Azərbaycan məktəbi demək olar ki, deqradasiyaya uğrayıb. Məktəblərdə dərs keçirilmir, 9,10,11-ci sinif şagirdləri məktəbə gəlmirlər. Məktəblərimizdəki tərbiyə komponenti artıq yoxa çıxıb. Müəllimlər bu işlə məşğul olmurlar. Ona görə ki, uşaqlar məktəbdə olmurlar. Mən vaxtilə Milli Məclisdə bu məsələləri dəfələrlə qaldırmışam, ancaq təəssüf ki, heç bir tədbir görülmür. Bu, belə davam edə bilməz”.

Keçmiş deputat təəssüflə vurğulayır ki, Təhsil Nazirliyinin rəhbərliyi məktəblərə həddindən artıq ögey münasibət bəsləyir. “Onlar yalnız qrant layihələri düşünürlər. Buna görə də məktəblilərin belə hadisələr törətməsi adi hala çevrilib. Məktəbi bilməyən adamlar məktəbə rəhbərlik edir. Regional təhsil idarələrinə rəhbərlik edən şəxslərin demək olar ki, əksəriyyəti təhsilə bağlı adamlar deyillər. Onlar təsadüfən - şəxsi münasibətlərə və ya digər amillərə görə həmin vəzifəyə təyin olunublar”, - o əlavə edib.
Etibar Əliyev bildirir ki, artıq bu cür hadisələrin qarşısının alınmasının vaxtı çatıb: “Düşünürəm ki, bu istiqamətdə geniş işlər görülməlidir. Maarifçilik işləri aparılmalıdır və bu hadisələr sonlandırılmalıdır. Məktəbi itirən cəmiyyətin gələcəyi görsənmir. Fikir vermisinizsə, elm və təhsil naziri heç vaxt məktəblərdəki davamiyyətdən danışmayıb. Səbəb ondan ibarətdir ki, uşaqlar məktəbdən yayınıb, fərdi hazırlığa yönəlsinlər ki, valideyn də böyük vəsaitlər xərcləsin. Yəni məqsəd maddiyyatın artmasıdır”.
Təhsil eksperti Azərbaycanın böyük zəfər qazandığını xatırladır və hesab edir ki, cəmiyyət bu zəfərin bəhrəsini görməlidir: “İstedadlı, düşünə bilən milli kadrların yetişməsi üçün əlimizdən gələni əsirgəməməliyik. Elə bir gənc nəsil yetişdirməliyik ki, onlar insan kapitalına töhfə versin, ölkənin gələcəyini düşünsünlər. Bütün bu rüsvayçı hallar bizi düşündürür. Böyük təhsil fədaisi, maarif naziri olmuş, Azərbaycanda məktəbləşmənin təşəkkül tapmasında böyük rolu olan akademik Mehdi Mehdizadə deyirdi ki, "Nazir öz kabinetində otura-otura Kəlbəcərin, Laçının, Tovuzun, Xaçmazın və digər rayonların ən ucqar kəndində olan təhsili, məktəbi hiss etməlidir". İndiki nazir nazirlik binasından heç 100 metr məsafədə olan məktəblə də maraqlanmır, orda nə baş verdiyini başa düşmür. Bilir, amma ona belə reaksiya vermir...”
 
Ardını oxu...
Bir aydan artıqdır ki, “SOCAR Petroleum” şirkətinin bazasından rayonlara yanacaq verilmir. Bunu “Hürriyyət”ə müraciət edən sahibkarlar iddia edirlər. Onlar bildirirlər ki, bir aydır heç bir rayonun bazasında yanacaq yoxdur. Bunun səbəbini öyrənmək istəsələr də, SOCAR-dan heç bir cavab ala bilməyiblər.

Yanacaq doldurma məntəqələrinin (YDM) sahibləri deyir ki, “SOCAR Petroleum”un yaratdığı süni problem səbəbindən, son bir ay ərzində yanacağı Bakıdan daşımağa məcbur olublar. “Bu da əlavə xərclə yanaşı, çox böyük zülmdür. Ona görə ki, Bakıya gecə saat 12-dən tez yük maşını ilə girmək olmaz, səhər saat 5-ə kimi isə tərk etməlisən”, - deyən sahibkarların sözlərinə görə, hazırda Bakıdan Gəncəyə bir maşın yanacağın daşınma xərci 800 manat, Qazaxa isə 1000 manatdır. Hər maşın təxminən 30 ton yanacaq daşıyırsa, bu, hər litrə görə əlavə 3,3 qəpik məsrəf artımı deməkdir.

YDM rəhbərləri deyir ki, Bakıdan rayonlara yanacaq daşımaq əlavə xərc olmaqla yanaşı, həm də ciddi təhlükədir: “Gün ərzində 1200-1500 maşın Bakıdan - SOCAR-ın neft bazasından yanacaq doldurub, regionlara gəlməlidir. Bilirsiniz ki, bir neçə gün əvvəl Ucarda maşının biri partladı. Bu maşın Bakının mərkəzində partlasa nə olardı? Şübhəsiz, bu zaman yüzlərlə adam ölə bilərdi. Belə olan halda, bütün regionları Bakıya getməyə məcbur etmək kimə lazımdır?”.

Üstəlik, sahibkarlar haqlı olaraq sual edirlər ki, əgər yanacağı Bakıdan daşımalı olacaqlarsa, o zaman regiondakı bazalar kimə lazımdır: “Bu işçiləri niyə saxlayırlar? Bu, çox gülünc bir haldır. SOCAR-ın yeni prezidenti bunu niyə edir, biz başa düşə bilmirik. Axı, biz uzun illərdir rayonlardakı bazalardan yanacaq götürərək satıb, dövlətin vergisini də vermişik. İndi bu “yenilik” anlaşılan deyil”.

Şikayətçilər onu da da deyir ki, “SOCAR Petroleum” şirkətinin bu qərarı Bakıda əlavə sıxlıq yaradır: “Deyirlər ki, Bakıda sıxlığı azaldaq. Ağır tonajlı, təhlükə mənbəyi olan, 30-50 ton yük daşıyan maşınların Bakıya girib-çıxması nə deməkdir? Bu təhlükə deyilmi? “SOCAR Petroleum” şirkətinin rəhbərliyi nə fikirləşir, biz bilmirik. Sizdən xahiş edirik ki, bu problemi işaqlandırın, yanacaq regionlara gəlsin, sahibkarlar da bazalardan götürüb satsın”.

Sahibkarlar hesab edir ki, SOCAR rəhbərliyinin bu qərarının iki məqsədi ola bilər: “Ya SOCAR çox qazanmaq, ya da bizim kimi xırda sahibkarları aradan çıxarmaq istəyir ki, özünə əlavə yanacaq doldurma məntəqələri açsın. Təsadüfi deyil ki, son bir ay ərzində gündə 2-3 ton yanacaq satan YDM-lər artıq bağlanır, sahiblkarlar, işçilər işsiz qalır. Şübhəsiz, bu insanlar da dövlətdən, ölkə rəhbərliyindən narazı qalır. Yəni bir məmurun şıltaqlığı nəticəsində yüzlərlə, minlərlə adam işsız, ailəsi çörəksiz qalır”.

“Hürriyyət”
 
Ardını oxu...
Ən yeni tarix. Maraqlı faktlar.
- Mən axşam sizi restorana dəvət edirəm, buna görə sizə istədiyiniz qədər pul verəcəm.
- Dəvətinizə görə çox sağ olun, amma mən onu qəbul edə bilməyəcəm və mən pula satılmıram.
İmtina cavabını eşidən kişi qızın qolundan tutur, o biri əli ilə pencəyinin cibindən bir topa pul çıxarıb qızın üzünə çırpır:
- Sən bu qədər qudurmuş fahişəsən ki, mənim sözümdən çıxırsan?
1952-ci ilin iyun ayında Moskvanın məşhur restoranlarının birində baş verən dava günün səsli-küylü mövzusuna çevrilərək mərbuata da sızır. Müştərinin xidmətçi qıza intim təklifi müştəri ilə restoran işçilərinin arasında davaya səbəb olur.
Münaqişə müştərinin restoran işçilərinə odlu silahdan atəş açması ilə yekunlaşır. Üç nəfər yaralanır, silahlı müştəri Tengiz Alabidze isə milislər tərəfindən saxlanılır. Bu insident böyük bir cinayətin üstünün açılmasına səbəb olur...
Tengiz Alabidze 1949-cu ildən Kuybışevdə şərab zavodunun direktoru işləyib. Buna qədər o, Tbilisidə hamam-camaşırxana kompleksinin müdiri olub.
Ardını oxu...
Bu hamam Tbilisidə gizli fahişəxana kimi tanınıb. Müharibədən yayınan Tengiz Alabidzeni bu hamam kifayət qədər zənginləşdirib. Amma buna baxmayaraq, o, daha çox varlanmaq üçün yollar axtarıb. Tbilisidəki erməni dostlarından biri ona “kömək” etmək qərarına gəlib, Alabidzeyə onu Moskvada böyük bir adamla tanış etməyi söz verib.
Beləliklə, dostlar Moskvaya yollanıblar.
Dostunun vasitəçiliyi ilə Alabidze SSRİ Yeyinti Sənayesi Nazirliyinin şərabçılıq baş idarəsinin rəis müavini, milliyətcə erməni olan Nikolay Mirzəyanla tanış olub.
İki günlük danışıqlardan sonra Mirzəyan Alabidzeyə Kuybışevdəki (indiki Samara) şərab zovuduna direktor vəzifəsini təklif edib.
Qeyd edək ki, Mirzəyan vəzifə ranqına görə böyük səlahiyyətlərə sahib olmasa da, o, bu nazirlikdə ən ötkəm və sözü keçən şəxslərdən biri olub.
Anastas Mikoyanın kadrı və ona ən yaxın adamlarından biri sayıldığından Mirzəyan bu nazirlikdə istədiyi kimi hərəkət edə bilib. Ölkənin bütün şərabçılıq müəssisələri birbaşa onun nəzarəti altında olub. Sonralar o da məlum olub ki, Mirzəyan Alabidzeni zavod direktoru təyin etdiyinə görə 170 min rubl rüşvət alıb.
Erməni “dayı”sına arxayın olan Alabidze zavod direktoru kimi fəaliyyətə başlayanda böyük məbləğlərdə pul qazanmaq üçün xüsusi mexanizm yaradıb.
Ardını oxu...
Onu da qeyd edək ki, həmin dövrdə ölkədə alkoqollu içkilərin qıtlığı olub. Alkoqollu içkilərin istehsalını, satışını şəxsən Stalin öz nəzarətində saxlayıb. Əsas məqsəd o olub ki, “işbaz”lar bu sahədə bazara müdaxilə edə bilməsinlər. Amma bu “təhlükə” Alabidzeni qorxutmayıb.
Əvvəlcə Alabidze gizli sövdələşmələr nəticəsində zavoda daxil olan şərab xammallarının spirt faizinin daha çox olmasına nail olub. Belə olduğu halda daha çox hazır məhsul əldə etmək mümkün olub ki, onların satışından gələn pullar Alabidzenin şəxsi büdcəsinə axıb. Sözsüz ki, hazır məhsulu satışa çıxarmaq üçün şüşə qablara və onların etiketlərinə tələbat yaranıb.
Alabidze zavoddan kənarda şüşə qabların qəbul məntəqəsini açıb və boş şüşələr digər qəbul məntəqələrindən daha baha qiymətə qəbul olunub. Bununla yanaşı, o, mətbəələrin birindən çap dəzgahı alıb və həmin dəzgahda istənilən qədər etiketlər çap olunub.
Hazır məhsulların satışı Alabidze üçün problem olmayıb.
Zavodda qalan qayimə-faktura ilə hazır məhsulları daşıyan maşınlara verilən qayimə fakturalar fərqli olub.
Mal restoran, kafe, mağazalara çatdırıldıqdan sonra saxta qayimə-fakturalar ləğv edilib.
Digər tərəfdən, Alabidze onun işinə müdaxilə etmək səlahiyyətində olanlarla da dil tapıb. Ən əsası isə o, ayda bir dəfə Moskvaya gedib “dayı”sı Mirzəyanın haqqını verməyi də unutmayıb.
Beləliklə, 3 il ərzində Mirzəyan və Alabidzenin qarşılıqlı fəaliyyəti nəticəsində 20 milyon pul qazanılıb. Mövcud dövr üçün bu ağılasığmaz bir məbləğ sayılıb.
Restorandakı davadan sonra hüquq-mühafizə orqanları Tengiz Alabidzenin fəaliyyətini ciddi araşdırmağa başlayıblar.
SSRİ Daxili İşlər Nazirliyinin sosialist əmlakının dağıdılmasıyla mübarizə idarəsinin (SƏDMİ – rusca OBXSS) əməkdaşları Kuybışevə ezam olunublar.
İki həftəlik araşdırmalardan sonra Alabidzenin bütün maxinasiya həlqələri tam aşkar olunub. Həlqənin digər tərəfindəki Mirzəyan da kənarda qalmayıb.
Axtarış zamanı Mirzəyanın evindən nağd şəkildə 2 milyon 800 min, ailəsindən kənar yaşadığı məşuqəsinin evindən isə 1 milyon rubl tapılıb. Tengiz Alabidzenin təkcə Tbilisidəki mənzilindən 3 milyon rubl, 600 min rubl dəyərində qızıl aşkar olunub.
Mikoyan bu məsələyə tam müdaxilə edə bilməsə də, həmyerlilərini ən ağır cəzadan xilas edə bilib. Məhkəmənin hökmü ilə Mirzəyan və Alabidze 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
musavat.com
 

Ardını oxu...
  

Təhlükəsizlik eksperti: “Düşünmürəm ki, İsrail nə vaxtsa  RLS-in imkanlarından istifadə edib”

İsrailin Beyrutu bombalaması nəticəsində “Hizbullah” lideri Həsən Nəsrullahla birlikdə ölən Əli Karaki haqda faktlar yenidən gündəmə gəlib. Əli Karaki “Hizbullah”ın ən təcrübəli komandirlərindən biri kimi tanınıb. O, qruplaşmanın bir çox əməliyyatlarına şəxsən rəhbərlik edib.

Bunun fonunda Əli Karakinin adı Azərbaycanın tarixinə Bakıda terror aktı törətmək istəməsi ilə düşüb. Belə ki, 2008-ci ildə Livan vətəndaşları Əli Karaki, Nəcməddin Əli Hüseyn “Hizbullah” və “Əl-Qaidə” təşkilatlarının rəhbərləri tərəfindən təlimatlandırılaraq Azərbaycana göndəriliblər.(Globalinfo.az)  Xüsusilə Əli Karaki Qəbələ RLS-i partlatmağı və bununla da xarici ölkələrin Azərbaycanla əlaqəsini kəsməyi planlaşdırıb. Dəstə üzvləri bir neçə dəfə Qəbələ RLS-in ətrafına getsələr də, planı həyata keçirməyə nail olmayıblar. İttiham aktından məlum olur ki, Əli Karaki və digərləri 2008-ci il mayın 8-də İsrail dövlətinin yaranmasının 60 illik yubileyi günü bu dövlətin Bakıdakı səfirliyində də terror aktı törətməli imiş. Belə ki, 2008-ci ilin aprelində Əli Nəcməddin Ə.Şükürovla İzmir küçəsində kirayələnən mənzilə 1 kiloqram 400 qram plastid adlı partlayıcı maddə, trotil şaşkası, 2 ədəd “EDP-8" tipli elektrodetonatoru və izləmə üçün əlavə durbin, "Soni" markalı videokamera aparıblar. Aprelin 30-da Əli Karaki Ə.Şükürova və Əli Nəcməddinə izləndiyini bildirib. Buna görə də özlərini şübhəli göstərməmək üçün sakitcə yaşadıqları ünvanlara gedib, sonrakı günlər ərzində gizli yollarla İrana qayıtmağı razılaşdırıblar.

Növbəti gün Əli Nəcməddin Əli Karaki ilə 28 May küçəsindəki aviakassaya gəliblər. Orada İrana təyyarə bileti almaqla qonşu dövlətə təyyarə ilə gedəcəyi təəssüratı yaratmaq istəyiblər. Daha sonra isə “20 Yanvar” metrosunun yanına gələrək Astaraya, oradan İrana getməyi planlaşdırıblar. Lakin “20 Yanvar” metrosunun yanında Yasamal Rayon Polis İdarəsinin əməkdaşları Əl Nəcməddindən şübhələnib onu saxlayıblar. Sonradan dəstənin digər üzvləri də ölkəni tərk etmək istəyərkən həbs olunublar. Dəstə üzvlərinin evlərində və kirayə yaşadıqları ünvanlarda aparılmış axtarış zamanı İsrail səfirliyinin, Qəbələ Radiolokasiya Stansiyasının yüksəkdən çəkildiyi fotoşəkillər, Yəhudi Mədəniyyət Mərkəzinin video və fotogörüntüləri olan kaset və disklər, silah-sursat, partlayıcılar götürülüb. Araşdırmaçı-tarixçi Tural Həmid yazır ki, o vaxt 15 il həbs cəzası alan Ə.Karaki sonradan İran və Azərbaycan arasında danışıqlardan sonra dəyişdirildi. Karaki bu müddət ərzində "Hizbullah"ın üçüncü adamına qədər yüksəldi. 2024-cü il sentyabrın 27-də isə İsrailin Beyruta hücumu zamanı “Hizbullah” lideri Həsən Nəsrullahla birgə ölüb.

Ardını oxu...

Arzu Nağıyev

Deputat, Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, terrorçunun dini, məzhəbi olmur: “Qəbələ RLS texniki parametrlərini və münasib yerləşməsini nəzərə alsaq, zamanında dünyada heç bir tayı-bərabəri yox idi. Adətən stansiyanı SSRİ-nin "gözü və qulağı" adlandırırdılar. Stansiya  Hind okeanı hövzəsi daxil olmaqla, dünyanın böyük bir hissəni nəzarətdə saxlaya bilirdi. Stansiya üzərindən əldə olunan məlumatlar dövlətlərarası informasiya mübadilə razılaşmalarına əsasən, bir-birinə ötürülürdü. Məsələn, 1991-ci ildə İraqda gerçəkləşdirilən “Səhrada Fırtına” əməliyyatı zamanı Qəbələ RLS ABŞ bombardmançılarından, gəmilərindən və sualtı qayıqlarından 302 qanadlı raketin baraxılması, 15 raketin trayektoriyaya çıxa bilməməsi və 30 raketin də İraq hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilməsi hallarının hamısını istisnasız olaraq qeyd etdi. Amma bu stansiyadan əldə olunan məlumatların İsrailə ötürülməsi barədə hər hansı bir sübut yoxdur.  İranla bağlı məlumatların İsrailə ötürülməsinin nə dərəcədə real olmasının sübutu yoxdur. Düşünmürəm ki, İsrail Qəbələ RLS-in imkanlarından istifadə edib. Zamanında belə bir stansiyanın partladılması regionda böyük ajiotaj yarada bilərdi. Ümumiyyətlə isə Qəbələ RLS çox ciddi şəkildə qorunurdu. Orada terror törədilməsi də sıradan bir məsələ deyildi. Bu baxımdan, Azərbaycana göndərilən terrorçu dəstənin həbsi də təəccüblü deyildi".

Arzu Nağıyev deyib ki, əməliyyat şəraiti hər zaman olduğu kimi, bu gün də tam nəzarət altındadır: “Cənab Prezident də qeyd etdi ki, sərhədlərimizdən Azərbaycana gələcək hər hansı bir təhlükə, təhdidin qarşısı mütləq şəkildə alınmalıdır. Vətəndaşlamız da ayıq-sayıq olmalı, uzun illərdən sonra bərpa edilmiş ərazi bütövlüyümüzün qorunması üçün atılan addımlara dəstək verməlidirlər”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Dünyapress TV

Xəbər lenti