Ardını oxu...
Şəmkir şəhəri, Fərman Salmanov küçəsi 22 a-da yaşayan İsgəndərova Aynurə İsbəndiyar qızı tərəfondən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edir:

“Cənab Prezident!

Mən bir ana kimi Sizdən dəstək kömək gözləyirəm. 10 yaşında olan övladımı ölümünə döyərək təhqir ediblər. Polis isə işə baxmır. 35-36 gündür ki, polis bizə heç bir məlumat vermir.

Bildirim ki, yaşadığımız ünvanda - Şəmkir şəhəri, Fərman Salmanov küçəsi 22-də kirayədə yaşayan Həsənova Kəmalə Xanlar qızının nəvəsi ilə mənim 10 yaşlı övladım İsgəndərov Fərid Səid oğlunun arasında mübahisə olub. Həmin mübahisədən sonra Həsənova Kəmalə Xanlar qızı və Kəmalənin qızı Aytac birlikdə mənim azyaşlı övladımı yaşadığımız ünvanın yaxınlığında, ictimai yerdə amansızcasına döyüblər. Döyülmə zamanı uşağın ağzından və burnundan qan gəlib.

Uşağı döyərkən, ürəkləri soyumayıb, boğmağa da çalışıblar. Bir sözlə, onu öldürmək istəyiblər.

Hadisə vaxtı mənim haqqımda da təhqiramiz ifadələr işlədiblər.

Uşaq döyülmə vaxtı ciddi zədələr alıb. Bunu Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Bliyev Elçin də öz rəyi ilə təsdiq edib. Belə ki, "boyun nahiyyəsinin sətti travması" yazıb.

Eyni zamanda, ekspert də döyülməni təsdiqləyib ki, uşaq travma alıb.

Həmin gündən uşaq məktəbə belə, getməkdən çəkinir. Uşağı hətta evdə tək qoyub, heç yerə gedə bilmirik. Özünə nəsə etməsindən qorxuruq.

Bir daha qeyd edim ki, mənim azyaşlı övladımı Kəmalə və Aytac amansızcasına döyüblər. Məsələ ilə bağlı Şəmkir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etsək də, heç bir nəticəsi olmayıb. Bu cinayətkarlar haqqında heç bir tədbir görülmür. Çox maraqlı və təsiredici bir məqam var ki, polis cinayətkarlara qarşı çox diqqətli və mehriban yanaşır.
Cənab Prezident!
Mən, sizdən bir ana kimi xahiş edirəm ki, məsələ ilə bağlı tapşırıq verəsiniz. Mənim uşağımın həyatı təhlükədədir. Yuxarıda adlarını çəkdiyim 2 insanın ciddi psixi problemləri var. Psixi problemi olmasaydı, övladı yaşında bir uşağı necə ölümcül döymək olardı?!

Mən bir daha qeyd edirəm ki, Şəmkir şəhərində özbaşınalıq baş alıb gedir, polis işə baxmır. Körpə uşağın amansızlıqla döyülməsinə göz yumurlar. Niyə? Hansı səbəbə?

Polis haqlı olanın yanında olmalıdır. Çünki biz vətəndaşlar köməyi səlahiyyətli qurumlardan gözləyirik".

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
İyunun 21, 22 və 24-də ilk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçiriləcək.

Oxu.Az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu il riyaziyyat, Azərbaycan dili, ingilis dili, rus dili (Azərbaycan bölməsi), rus dili və rus ədəbiyyatı (rus bölməsi), alman dili, fransız dili üzrə müəllimlərin sertifikatlaşdırmadan keçirilməsi nəzərdə tutulur.

Sertifikatlaşdırmadan keçən müəllimlər növbəti 5 il ərzində pedaqoji fəaliyyətini davam etdirmək üçün sertifikat əldə edir. Yaşı 60-dan yuxarı olan müəllimlərin imtahanda iştirakı könüllü formada təşkil edilir. Cari ildə isə 30 mindən çox təhsilverən sertifikatlaşdırma prosesinə cəlb ediləcək.

Ötənilki sertifikatlaşdırma prosesinə 29 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5 246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 914 təhsilverənə isə 10 faiz artım tətbiq edilib.
 
Ardını oxu...
Suraxanı rayonu, "Quşçuluq sovxozu"nun sakini Məmmədov Müslüm Səlim oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi SOCAR və “Azəriqaz”dan narazılığını bildirir:

“Mən, Məmmədov Müslüm Səlim oğlu, yazaraq bildirirəm ki, 2022-ci ildə Suraxanı rayonu, "Quşçuluq sovxozu" ərazisində ev tikmişəm. Hal-hazırda da orada yaşayıram. Evimə qanuna uyğun olaraq elektrik və su xətti çəkilib. Ancaq “Azərqaz” bizi "süründürür", qaz vermir. Bildirirlər ki, SOCAR-a müraciət edin. SOCAR isə deyir ki, bizlik deyil, “Azəriqaz”ın səlahiyyətinə aid məsələdir.

Bir sözlə, heç bir qurum əlini uzadıb kömək etmək istəmir. Bir-birlərinin üzərinə atıb, bizi çarəsiz vəziyyətdə qoyurlar. Bütün qonşular qazla təmin olunub, amma bizə gələndə problemi böyüdürlər. Xətt üçün lazım olan avadanlıqların alınması üçün də bütün qonşular yığılıb, almışıq.

Xahiş edirik, bizim problemi işıqlandırın, bəlkə rəsmi qurumlar bir tədbir görələr".

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Cəlilabad rayon sakinləri bənddə çimərkən boğularaq ölüblər. Hadisə bu gün günorta saatlarında Cəlilabad rayon Hamarqışlaq kəndi ərazisində yerləşən su bəndində baş verib.Su bəndində boğulan şəxslərin cəsədləri Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bunlar rayonun Hamarqışlaq kənd sakinləri, 2008-ci il təvəllüdlü Nihad Nicat oğlu Aşurov və 2004-cü il təvəllüdlü İbrahim Əjdər oğlu Həsənovdur.
Qeyd edək ki, belə faciəli hadisələr təəssüf ki, tez-tez baş verir. Bəzən uşaqlar, yeniyetmələr, bəzənsə hətta yetkin insanlar da su kanalına baş vurmaq "sevdasına” düşür, nəticə isə ağır olur. Əslində isə su kanalı çimmək, üzmək üçün nəzərdə tutulmayıb. Daha dəqiq desək, su kanalı çimmək və üzmək üçün qadağan olunan yerdir.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Sherg.az”a bildirib ki, yay mövsümü gələndən insanlar sərinləmək, həm də istirahət üçün çimərliklərə üz tuturlar:
"Təbii ki, yayda istirahət üçün ən gözəl seçim məhz çimərliklərdir. Lakin bəzi insanlar öz həyatlarını təhlükəyə ataraq süni su hövzələri, su anbarları, kanal, çaylar və göllərə üz tutur. Həmin yerlərdə çimərək “istirahət etmiş” olur. Bunun nə dərəcədə təhlükəli olduğunu nəzərə almır.
Su anbarları, kanallar və s. bu kimi yerlərin təyinatı çimmək üçün nəzərdə tutulmayıb. Həmin su hövzələrinin dibində konserv qabı, qırılmış şüşə parçası, sınıq butulka kimi deşici, kəsici əşyalar toplanıb. Eyni zamanda göldə suyun dibinin lil olması, bataqlıq yaratması suya düşən insanın oradan çıxması xeyli çətinləşdirir və bəzən həmin adam batıb ölür. Çünki lilə batan insan çıxmağa çalışdıqca daha da dərinə batır. Bu cür yerlərdə çimmək çox təhlükəlidir. Kanallarda suyun üzündəki axın sürəti ilə altındakı axın sürəti arasında üç dəfə artıq fərq var. Bunu orada çimənlər nəzərə almırlar və öz həyatlarını belə təhlükəyə atırlar. Yay mövsümü bizdə üç ay olur. Və bu üç ayda xeyli insan bu kimi yerlərdə çimərək həyatlarını itirir".

Ekspert hesab edir ki, süni su hövzələri dövlət tərəfindən nəzarət götürülsə, ora FHN-nin sularda xilasetmə xidməti və DİN-nin müvafiq bölmələri ilə “naryad” ayrılarsa, bunun qabağını almaq olar:
"Ümumiyyətlə, süni su hövzələrindən, kanaldan və göllərdən çimərlik kimi istifadə edənlərlə bağlı qanun layihəsi hazırlanmalıdır. Beləliklə də həmin yerlərə nəzarət edən qurumun hansı tədbirləri görəcəyi bəlli olar.
Bu kimi yerlər əsasən də süni su hövzələri və göllər ya bələdiyyələrin balansında olur, ya da hansısa özəl və ya dövlət müəssisəsinə uzun müddətlik icarəyə verilir. Bununla da heç bir təhlükəsizlik məsələlərinə nəzarət olunmur. Ona görə də insanlar həyatını itirir”.
 
 
 
Ardını oxu...
“Moskva qondarma “erməni soyqırımı” məsələsindən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirdi. Kreml 1965-ci ildə ermənilərə bir neçə tədbir keçirməyə, antitürk təbliğatını aparmağa şərait yaratdı...”

Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:

Şimali Azərbaycan İkinci Dünya müharibəsindən sonrakı dövrdə...- XXXXIV mövzu

(Əvvəli burada:)

Qonşuların verdiyi ərazilər hesabına müstəqil dövlət olmuş Ermənistan İkinci Dünya müharibəsindən sonra da Azərbaycana, habelə Türkiyəyə torpaq iddialarından əl çəkmirdi. O, Türkiyənin Şərqi Anadolu torpaqlarına, Azərbaycanın Dağlıq Qarabağ ərazilərinə iddialı idi. Ermənilər Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə nail olmaq üçün imperiyanın mərkəzi hakimiyyətində təmsil olunan A.Mikoyanın təşəbbüsü ilə gizli olaraq “Qarabağ Komitəsi” yaratdılar [3, s.109]. Ermənistan rəhbəri Qriqori Arutinov Mikoyanın xeyir-duası ilə 1945-ci ilin payızında SSRİ rəhbərliyinə Dağlıq Qarabağın Azərbaycan SSR-dən alınıb Ermənistan SSR-ə verilməsi barədə müraciət etdi. Onların fikrincə, Dağlıq Qarabağ iqtisadi cəhətdən Azərbaycan SSR-dən çox Ermənistan SSR ilə bağlı idi [44]. Əslində Dağlıq Qarabağ Azərbaycanın əzəli ərazisi olaraq, onunla bağlı idi, onun hesabına yaşayırdı. Mərkəzi hökumət dərhal bu müraciətə reaksiya verdi. ÜİK(b) P MK –nın katibi Qeorqi Malenkovun imzası ilə bu barədə Azərbaycan K(b) P MK-nın birinci katibi M.C.Bağırova yazılı məlumat göndərildi və ona öz rəyini bildirmək təklif olundu. M.C.Bağırov 1945-ci ilin dekabrında MK-ya yazdığı məktubda bildirdi ki, Ermənistanın Dağlıq Qarabağla əlaqədar irəli sürdüyü iddiaların heç bir elmi və tarixi əsasları yoxdur. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və torpağı olmaqda qalmaqdadır. Habelə, M.C.Bağırov cavab məktubunda bildirdi ki, Azərbaycan Dağlıq Qarabağı Şuşa istisna olmaqla Ermənistana şərti olaraq güzəştə gedə bilər, amma o halda ki, müxtəlif vaxtlarda Ermənistana, Gürcüstana və Sovet Rusiyasına verilmiş ərazilər (Zəngəzur, Dərələyəz, Vedibasar, Göycə, Dilican, Borçalı, Qaraçöp, Dərbənd və s.) Azərbaycan SSR-ə qaytarılsın [36, s.89]. Bu cavab ermənilərin Dağlıq Qarabağı ələ keçirmək planlarını pozdu. Mərkəzi hökumət problemin bütün ölkə üçün sonsuz fəlakətlər gətirəcəyini anladı. Məhz buna görə də, imperiya hakimiyyəti məsələnin “arxivə verilməsini” vacib saydı...

Ermənilər Cənubi Qafqazda özlərinə yer etdikdən sonra zaman-zaman azərbaycanlıları öz doğma torpaqları olan Qərbi Azərbaycandan qovub çıxarmaq niyyətlərini həyata keçirməyə başladılar. 1905-1906, 1918-1920-ci illərdə yüzlərlə azərbaycanlı yaşayan kəndlər dağıdılıb yandırılmış, onların əhalisi məhv edilmiş, sağ qalanlar öz doğma yurdlarından qovulmuşdular. Onlar sovet rejimi şəraitində də, bu iyrənc şovinist niyyətlərindən əl çəkməmişdilər. Ermənilər İkinci Dünya müharibəsi və ondan sonrakı dövrdə də bu siyasətlərini davam etdirdilər. Onlar 1943-cü ildə İkinci Dünya müharibəsinin qızğın vaxtında üç müttəfiq dövlət (ABŞ, SSRİ, Böyük Britaniya) başçısının Tehran konfransında (28 noyabr-1 dekabr 1943-cü il) SSRİ-İran münasibətləri məsələsinin müzakirəsindən istifadə edərək Sovet rəhbərliyindən İranda yaşayan ermənilərin SSRİ-yə, Ermənistana köçürülməsi razılığını aldılar. Onlar xaricdə yaşayan ermənilərin Ermənistan SSR-ə köçürülməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 1946-cı il 19 oktyabr tarixli fərmanı verməsinə nail oldular [3, s.110]. Bu fərmana əsasən SSRİ Nazirlər Soveti 1947-ci il dekabrın 23-də “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarını verdi [2, s.81-83]. Azərbaycanlıların Qərbi Azərbaycandakı doğma yurdlarından kütləvi deportasiyası 1953-cü ilədək davam etdi [21, s.32; 30, s.72]. Mənbələr həmin vaxt deportasiya edilənlərin sayının 150 min nəfərə çatdığını qeyd edir. Bununla həmin vaxt Ermənistanda yaşayan 400 mindən çox azərbaycanlının təxminən üçdə bir hissəsi [3, s.111] qədimdən yaşadıqları ərazilərdən çıxarıldılar.

Bu hadisə əvvəllər sovet tarixşünaslığında SSRİ məkanında millətlərin və millətlərarası münasibətlərin tənzim edilməsi, inkişafı və rəhbərliyin “xeyirxah” addımı kimi qiymətləndirilirdi. Lakin, Azərbaycanın müstəqilliyi bərpa olunduqdan sonra tariximizin bu faciəli qara səhifəsi özünün əsl siyasi qiymətini aldı. Bu faciəli hadisəyə siyasi qiymət ilk dəfə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli fərmanında verildi. Sənəddə bu hadisə ermənilər tərəfindən SSRİ hökumətinin və xaricdəki erməni lobbisinin dəstəyi ilə azərbaycanlılara qarşı növbəti soyqırımı cinayəti kimi qiymətləndirilmişdir [15].

Sovet rəhbərliyinin 19 fevral 1954-cü il tarixli fərmanla Krımı RSFSR-in tərkibindən çıxararaq Ukraynaya verməsindən [41, s.545] (bu akt Ukraynanın Rusiyaya birləşdirilməsinin 300 illiyinə həsr edilmişdi) sonra ermənilər Azərbaycana qarşı ərazi iddiaları ilə yenidən fəallaşdılar. 1956-cı ilin aprelində Ermənistan kommunist partiyasının rəhbəri S.Tovmasyan Kremlə məktubla müraciət edərək, İrəvan universitetində iclas keçirildiyi və Dağlıq Qarabağla Naxçıvanın Ermənistana verilməsi tələblərinin irəli sürüldüyünü bildirdi [49]. Erməni kilsəsi təşəbbüsü ələ götürdü. Erməni katolikosu II Vazgen 1958-ci ildə Bakıya səfər etdi, hökumətin rəhbəri Sadıq Rəhimovla görüşü zamanı Dağlıq Qarabağın Ermənistana verilməsini xahiş etdi. Şahidlərin bildirdiyinə görə, S.Rəhimov bərk hirslənib və erməni keşişini ağır sözlərlə kabinetindən qovub. Bu hadisədən az sonra S.Rəhimov vəzifəsindən azad edildi [26]. Bəzi məlumatlara görə, SSRİ Ali Sovetinin sədri A.Mikoyan 1964-cü ildə N.Xuruşşovun ona bir qədər xoş yanaşdığından sui-istifadə edərək, Dağlıq Qarabağın Ermənistan SSR-yə verilməsinə dair təklif verib. Şahidlərin bildirdiyinə görə, N. Xuruşşov çox sərt münasibət bildirərək deyib: “DQMV ermənilərinin bir sutka ərzində Ermənistana köçürülməsi üçün 12 min hərbi yük maşını təmin etməyə hazıram” [48, s.11].

SSRİ-də hakimiyyət dəyişikliyi, L.Brejnevin hakimiyyətə gəlməsindən sonra ermənilər yenidən fəlallaşdılar, qondarma “erməni soyqırmı”nın 50 illiyinə hazırlaşmağa başladılar. Həmin dövrdə Türkiyə ABŞ-la yaxınlaşmış, hərbi sahədə geniş əməkdaşlıq qurulmuş, İncirlik hərbi bazası isə SSRİ üçün ciddi təhdid mənbəyinə çevrilmişdi. Moskva qondarma “erməni soyqırımı” məsələsindən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirdi. Kreml 1965-ci ildə ermənilərə bir neçə tədbir keçirməyə, antitürk təbliğatını aparmağa şərait yaratdı. Ermənilər eyni zamanda Dağlıq Qarabağa iddialarını da yenidən gündəmə gətirməyə çalışdılar, SSRİ rəhbərliyinin ünvanına müraciətlər göndərdilər. Azərbaycan xüsusi xidmət orqanları 1966-cı ildə Dağlıq Qarabağda bir neçə millətçi qrupu aşkar edərək zərərsizləşdirdi [5, s.324-325]. Ermənistan SSR-nin tanınmış adamları, partiya və hökumət rəhbərləri davamlı şəkildə Moskvaya müraciətlər göndərirdilər. 1966-cı ildə Ermənistan SSR KP MK-nın birinci katibi A.Koçinyan, Nazirlər sovetinin sədri B.Muradyan, bir qrup elm və mədəniyyət xadimi Sovet dövlətinin rəhbərliyinə müraciətlər göndərərək, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin vacibliyini əsaslandırmağa çalışırdılar.

Həmin dövrün ən faciəli hadisəsi 1967-ci ilin iyun-avqust aylarında Xocavənd rayonunun Kuropatkino kəndində baş verdi. Bir erməni uşağının ölümündə azərbaycanlıları ittiham etdilər, məktəbin direktoru Ərşad Məmmədov, onun qardaşları Ələmşah və Zöhrab həbs edildi. Onların işinə Xankəndi məhkəməsində baxıldı, iş əlavə istintaqa göndərildi. Bu qərar erməni millətçilərini qane etmədi. Bir qrup erməni onları aparan həbsxana maşınının qarşısını kəsib aşırdı, onları vəhşicəsinə qətlə yetirdi və yandırdı. Yaranmış gərgin vəziyyəti çox çətinliklə nizama salmaq mümkün oldu. Az sonra məlum oldu ki, həmin uşağı öz qohumu öldürüb. Bu hadisə zamanı da Moskva həqiqi canilərin cəzalandırlmasına imkan vermədi, ermənilərin təxribatçı hərəkətlərinə qarşı təsirli tədbirlər görülmədi. Azğınlaşan ermənilər silahlı təxribatlara da əl atdılar. 1969-cu ildə Xankəndində “Qarabağ” mehmanxanasının eyvanından azərbaycanlıların toplaşdığı yerə qumbara atıldı, 3 nəfər yaralandı. Ermənilərin bu hərəkəti də cəzasız qaldı [7].

1969-cu ildə Ermənistan növbəti dəfə Azərbaycandan torpaq qoparılmasını rəsmiləşdirdi. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cu il mayın 7-də sərhəd ərazilərimizdən 2 min hektardan çox torpağın Ermənistana verilməsinə dair Azərbaycan rəhbərliyinin 5 may 1938-ci il tarixli qərarını təsdiq etdi. Azərbaycan rəhbərliyinin uzun müddət təsdiq etmək istəmədiyi bu qərara görə, Laçın rayonunun Qaragöl ərazisinin, Qubadlı rayonun Çayzəmi ərazilərinin, Qazax rayonu Kəmərli kənd ərazilərinin, KəlbəcƏr rayonunun Zod qızıl yatağı ərazilərinin bir hissəsi və digər ərazilər Moskva rəhbərliyinin təzyiqi ilə Ermənistana verilirdi [39]. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə qərarın icrası dayandırıldı. 1973-cü ildə Dağlıq Qarabağın partiya rəhbərliyində dəyişiklik edildi, erməni millətçilərindən nisbətən uzaq olan Boris Gevorkov Qurqen Melkumyanın yerinə rəhbərliyə gətirildi. Bununla regionda erməni millətçilərinin fəaliyyətinin qarşısını xeyli dərəcədə almaq mümkün oldu.

1969-cu il iyulun 14-də Azərbaycanın siyasi həyatında mühüm hadisə baş verdi. Azərbaycan KP MK-nın plenumunda Heydər Əliyev MK-nın birinci katibi seçildi [11]. Azərbaycanın müasir tarixində dönüş mərhələsinin təməli qoyuldu. H.Əliyev qısa müddətdə respublikada idarəçilik sistemini xeyli möhkəmləndirdi [8]. 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in yeni Konstitusiyası qəbul edildi [16, s.58]. Bu ali qanun xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanılması və inkişaf etdirilməsi üçün hüquqi əsasları genişləndirdi. Moskvanın etirazına baxmayaraq H.Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan dili dövlət dili statusunu saxladı.

H.Əliyevin məharətlə həyata keçirdiyi çox cəhətli siyasi dövlətçilik fəaliyyəti sayəsində bütün diqqət respublikanın iqtisadi, kadr və mənəvi potensialının sürətlə artmasına yönəldildi. Bunun nəticəsində 70-ci illərdə Azərbaycanda bütün başlıca iqtisadi göstəricilər durmadan artırdı. 14 ildə (1969-1982-ci illərdə) respublikada milli gəlirin ümumi həcmi 2,5 dəfə, sənaye istehsalı 2 dəfə, xalq istehlakı malları 3 dəfə, kənd təsərrüfatında məcmu məhsul 2,7 dəfə artmış, 250-dən çox fabrik, zavod, istehsal sexləri tikilmiş, 2 milyondan çox adamın mənzil şəraiti yaxşılaşmışdı [9, s.1]. H.Əliyevin təşəbbüsü ilə xalqın mənəvi dəyərlərinin öyrənilməsi və təbliğinə diqqət artırıldı [29, s.193]. 1977-ci ildə Nizami irsinin yenidən öyrənilməsi haqqında qərar qəbul olundu. Hüseyn Cavidin cəsədinin qalıqları 1982-ci ildə İrkutsk vilayətindən gətirilərək Naxçıvanda dəfn edildi [14, s.173].

H.Əliyev respublikada kadr potensialının möhkəmləndirilməsinə xüsusi diqqət verirdi. Minlərlə azərbaycanlı gənc SSRİ-nin müxtəlif şəhərlərinin aparıcı təhsil və elm mərkəzlərinə oxumağa göndərildi [23]. 1970-80-ci illərdə SSRİ-nin hərbi məktəblərində müxtəlif hərbi ixtisaslar üzrə 2000-dən çox azərbaycanlı zabit hazırlandı. «Gəncə» adı yasaq edildiyi vaxt, «Yeni Gəncə» qəsəbəsi yaradıldı. Bakı rayonlarına «Nizami», «Nəsimi» adları verildi. Rayonlara Naxçıvanda «Babək», Yuxarı Qarabağda «Əsgəran» adlarının verilməsi bu yerlərin əzəli Azərbaycan torpaqları olduğunu bir daha təsdiqlədi [3, s.146].

İmperiya rəhbərliyinin yaratdığı maneələrə, qərəzli münasibətə baxmayaraq, Azərbaycan iqtisadiyyatının əksər sahələri uğurla inkişaf edirdi. İmperiya ciddi problemlərlə üzləşir, dərin böhran dövrünü yaşayırdı. Azərbaycan isə çətin şəraitdə iqtisadi göstəricilərini yüksəldirdi [50, s.142, 147]. 70-80-ci illərdə Azərbaycan rayonlarının qazla təmin edilməsi demək olar ki, başa çatdırıldı. 1970-80-ci illərdə yeni müəssisələr sənayenin təkmilləşməsi və məhsul istehsalının artırılmasında əhəmiyyətli rol oynadı. Bu dövrdə 218 yeni sənaye müəssisəsi istifadəyə verildi [46, s.140]. Birləşmiş Millətlər Təşkilatının beynəlxalq müqayisələri proqram metodologiyasına görə, XX əsrin 70-80-ci illərində Azərbaycan iqtisadiyyatı inkişafının yüksək həddinə çatdı və 1980-ci illərin əvvəlində adambaşına ümumdaxili məhsulun (ÜDM) həcminə görə dünyanın 220 ölkəsinin içərisində 112-ci yeri tutdu. Bu, həmin vaxt təxminən Türkiyənin göstəricilərinə yaxın idi [47]. 70-ci illərdə dərin dəniz özülləri hazırlayan iri zavodun tikintisinə başlanıldı və zavod 1986-cı ildə işə salındı [6]. 1970-80-ci illərdə başlanğıcını 1967-ci ildən götürən metro tikintisi sahəsində böyük uğur əldə olundu. «Ulduz» , «Bakı Soveti» (“İçərişəhər”), «Neftçilər», «Memar Əcəmi», «Əhmədli» stansiyaları istifadəyə verildi [34, s.263].

1970-80-ci illər Azərbaycanın mədəni və mənəvi həyatında mühüm irəliləmələr dövrü oldu. Uşaq müəssisələrinin, məktəblərin maddi-texniki bazası möhkəmləndirildi, tədrisin səviyyəsi xeyli yüksəldi. Həmin dövrdə 703 min yerlik 1058 ümumtəhsil məktəb binası tikilib istifadəyə verildi [3, s.171]. Ümumtəhsil məktəblərinin sayı 4356-ya çatdırıldı və bu məktəblərdə 1,4 milyona qədər şagird təhsil alırdı [19, s. 138; 18]. 1970-80-ci illərdə Azərbaycanda ali təhsil daha da inkişaf etdi. Yeni ali təhsil ocaqları fəaliyyətə başladı. 1980-ci illərin sonlarında respublikada 17 ali təhsil müəssisəsi var idi [45, s.86].

Təbiət elmləri sahəsində görkəmli alimlərdən Xudu Məmmədov, Azad Mirzəcanzadə, Mirəli Qaşqay, Şəfaət Mehtiyev, İxtiyar Bəxtiyarlı və başqaları mühüm araşdırmalar aparırdılar [10]. Humanitar-ictimai elmlər sahəsində də mühüm nailiyyətlər əldə olundu. Ziya Bünyadov, Cəmil Quliyev, Fəridə Məmmədova, Süleyman Əliyarlı, Mahmud İsmayılov, Oqtay Əfəndiyev, Tofiq Köçərli kimi tarixçilər elmin inkişafında mühüm rol oynadılar [28, s.200-228]. 1970-ci ildə Azərbaycan Sovet Ensiklopediyasının 1-ci cildinin çapdan çıxması mühüm hadisə oldu.

Ədəbiyyatın inkişafında çox böyük irəliləyişlər oldu. Nəbi Xəzri, İslam Səfərli, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Xəlil Rza bədii ədəbiyyatın və ədəbiyyatşünaslığın inkişafında mühüm rol oynadılar. Bədii nəsrin görkəmli nümayəndələri Süleyman Rəhimov, İlyas Əfəndiyev, Əzizə Cəfərzadə, İsa Hüseynov, Ələviyyə Babayevanın əsərləri çox maraqla oxunurdu. Xalqda milli şüurun oyanmasında Cənubi Azərbaycan mövzusunda yazılmış əsərlərin xüsusi əhəmiyyəti var idi. Mirzə İbrazimovun «Pərvanə», «Cənub hekayələri» maraqla qarşılanırdı [12].

Respublikada musiqi, ifaçılıq, teatr və kino sənəti sahəsində də mühüm irəliləyişlər baş verdi. Fikrət Əmirovun «1001 gecə», Aqşin Əlizadənin «Babək» baletləri musiqi sənətinin ən mühüm nailiyyətləri idi. Şərqdə ilk qadın bəstəkar kimi Şəfiqə Axundova «Gəlin qayası» operasını yazdı. Azərbaycan kinosu böyük inkişaf yolu keçdi. «Azərbaycan film» kinostudiyasında «Şərikli çörək», «Yeddi oğul istərəm», «Ulduzlar sönmür», «Babək», «Tütək səsi», «İstintaq», «Axırıncı aşırım», «Dədə Qorqud» və başqa filmlər çəkildi [13].

İmperiyanın mahiyyətinə uyğun məhdudiyyətlərə, təzyiqlərə, ideoloji ştamplara baxmayaraq Azərbaycan elmi, təhsili, mədəniyyəti tarixi köklərinə, insanların fərdi keyfiyyətlərinə, təfəkkürünə söykənərək inkişafını davam etdirdi.

Ədəbiyyat:

1. Azərbaycan SSR Konstitusiyasına (Əsas Qanununa) Azərbaycan SSR dövlət dili barəsində maddə əlavə edilməsi haqqında Qanun (21 avqust 1956). – Azərbaycan dili. Prezident kitabxanası, s. 32.- files.presslib.az/projects/ remz/pdf/atr_dil.pdf.

2. Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası (1948-1953-cü illər). Sənədlər toplusu. Bakı, “Zərdabi LTD” nəşriyyatı, 2013.

3. Azərbaycan tarixi. Yeddi cilddə, VII cild. Bakı, “Elm”, 2008.

4. AzTV-nin yaranmasından 67 il keçir.- oxu.az/society/696022.

5. Axundova E. Heydər Əliyev: şəxsiyyət və zaman. 1-ci hissə (1923-1969). Bakı, “Ozan”, 2007.

6. Bakı Dərin özüllər zavodu.- azerbaijan-news.az/az/posts/detail/baki-derin-ozuller-zavodu-1665434826.

7. Dağlıq Qarabağın Sovet dövrü Heydər Əliyev...- banker.az/dagliq-qarabagin-sovet-dovru-heyder-eliyev-ermenilerin-butun-mekirli-planlarinin-qarşisini-almişdi/.

8. Əliyeva İ. Azərbaycanın yüksəlişində mühüm mərhələlərin başlanğıcı.- azerbaijan-news.az/view-152013/azerbaycanin-yukselisinde-muhum-merhelenin-baslangici.

9. Əliyev H. Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında.- “Respublika” qəzeti, 30 dekabr 2000-ci il, s. 1.

10. Əlizadə A. Azərbaycanda müasir iqtisadi durum və fundamental elm.- “Azərbaycan” qəzeti, 2014, 29 mart, s. 4.

11. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü.- azerbaijan.az/ related-information/146.

12. Həbibbəyli İ. Sosialist realizmindən milli istiqlaladək.- “525-ci qəzet”, 2017, 6 yanvar, s. 8,10.

13. Xavəri S. XX əsrin 60-80-ci illəri Azərbaycan mədəniyyəti.- edebiyyatqazeti.az/news/muzakire/52-xx-esrin-60-80-ci-iller-azerbaycan-medeniyyeti.

14. Qaffarov T. Azərbaycan tarixi. 1920-1991. Bakı, “Elm”, 1999.

15. “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 18 dekabr 1997-ci il.- e-qanun.az/ framework/4099.

16. 1978-ci il Konstitusiyası.- files.preslib.az/projects/remz/pdf/atr_kons.pdf.

17. Mircəfər Bağırovun varisi: “Cəsədini tapdıq, oğlunun yanında dəfn elədik”.- web.archive.org/web/20190123071735/ //news.milli.az/country/ 564732.html.

18. Muradov A. Ümumtəhsil məktəbi strukturunun təşəkkülünə dair.- “Azərbaycan müəllimi” qəzeti, 2012, 13 aprel, s. 5.

19. Müstəqil Azərbaycan 10 il. Statistika məcmuəsi. Bakı, “Səda”, 2001.

20. Nuriyeva İ. Azərbaycan tarixi. Texniki ali məktəblər üçün dərslik. Bakı, “Elm və Təhsil”, 2019.

21. Paşayev A. Köçürmə. Bakı, “Gənclik”, 1995.

22. Oqtay Kərim oğlu Rəfili (Oqtay Eldəgəz). Poladdan bir yarpaq. Bakı, “Elm və təhsil”, 2013.

23. Rüstəmov F. Heydər Əliyev və Azərbaycandan kənarda ali təhsilli kadr hazırlığı.- muallim.edu.az/news.php?id=24039.

24. Siyasi tarix: mühazirə kursu, II hissə. Bakı, “Azərbaycan Ensiklopediyası NPB”, 1998.

25. Şamil Əzizə, Şamil Əli. Azərbaycanın müstəqilliyinə ömür həsr edənlər.- academia.edu/38508198/Cahid_Hilaloğlu_və_Çingiz_Abdullayev_Mədəniyyət_Dünyasındain_pdf.

26. Vazgen, Papa və Sadıq Rəhimov.- sia.az/news/articles/552040.html.

27. Yaqublu N. Məhəmməd Əmin Rəsulzadə Ensiklopediyası, Bakı, “Kitab klubu”, 2013.

28. Zülfüqarlı M. Azərbaycan tarixi. İkinci Respublika dövrünün tarixşünaslığı (1920-1991-ci illər). Bakı, “Çaşıoğlu”, 2001.

29. Altstadt A.L. The Azerbaijani Turks. Pours and identity under Russian Rule. Stanford, 1992.

30. Broers L. Armenia and Azerbaijan: Anatomy of a Rivalry.- Edinburgh University Press, 2019.

31. Hull J. “The Second Industrial Revolution: The History of a Consept”, Storia Della Storiografia, 1999, Issue 36.

32. Qəzənfərqızı A. “Novruz under the Soviet Union.- visions.az/en/news/ 892/14b15f4d/.

33. Азербайджан в 1920-91 годы.- Azərbaycan Milli Ensiklopediyası.- ensiklopediya.gov.az/az/terms/ 20212/cild/12.

34. Азербайджан в цифрах в 1990 году. Баку, «Азернешр», 1991.

35. Азербайджанская ССР 50-летию Великого Октября. Баку, «Статистика», 1967.

36. Алиев И. Нагорный Карабах. История, факты, события. Баку, «Элм», 1989.

37. Багиров Мир Джафар Аббас оглы.- Справочник по истории Коммунистической партии и Советского Союза 1898-1991.- web.archive.org/web/20121014031703/ http:/www.kvowbysight.info/ BBB/01187.asp.

38. Велизаде И. Вели Ахундов-человек из «оттепели».- azertag.az/ ru/xeber/ Veli_Ahundov_chelovek_iz_ottepeli-95/014.

39. Верховный совет Азербайджанской ССР (1920-1991-е годы.- meclis.gov.az/news/-az.php?id=15&lang=ru.

40. «Весь обмарался»: как убивали Берию.- gazeta.ru/science/ 2018/12/ 23/_a_12_12105331.shtml.

41. Закон СССР «О передаче Крымской области из состава РСФСР в состав Украинской ССР. Москва, Издание Верховного Совета СССР, 1954.

42. Исмаилов Э. Очерки по истории Азербайджана. Москва, «Флинта», 2010.

43. Мингечаурская ГЭС.- booksite.ru/fulltext/1/001/008/076/626.htm.

44. Мустафа Н. Депортация 1948-1953 годов.- iravan.preslib.az/ru/1948-1953_deportasiyasi.html.

45. Народное образование и культура в Азербайджанской Республике. Стат. сборник. Баку, «Азернешр», 1992.

46. Народное хозяйство Азербайджанской ССР в 1985 году. Стат. ежегодник. Баку, «Азернешр», 1986.

47. Общая характеристика экономики.- Azərbaycan Milli Ensiklopediyası.- ensiklopediya.gov.az/terms/20227/cild/12.

48. Помреев Ю. Кровавый омут Карабаха. Баку, изд. «Азербайджан», 1992.

49. Притязания армян к АзССР после второй мировой войны (1945-1960-е гг.).- azerhistory.com/?p=21958.

50. Промышленность СССР. Стат. сборник. Москва, «Финансы и статистика».

51. «Установить нормы отпуска…»// «Российская газета», 2020, №96 (8150), s. 29.

52. Фурман Д.Е. Азербайджан и Россия: общества и государства. Москва, «Летний сад», 1999.
 
Ardını oxu...
Türkiyədə azərbaycanlı yeniyetmə dənizdə boğulub.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Qara dənizin ən təhlükəli sahillərindən olan Şile rayonu ərazisində qeydə alınıb. 17 yaşlı Yusif Camalov dənizdə yoxa çıxandan sonra onun meyiti səhər saatlarında tapılıb.

Mərhumun atası Araz Camalov bildirib ki, oğlu ilə yanaşı xanımı da suda boğulub:

“Həyat yoldaşımı qurtara bilsəm də, oğlumu qurtara bilmədim, gücüm çatmadı. Çimərlikdə heç bir xilasetmə, təhlükəsizlik qüvvələri yoxdur. Əgər belədirsə, bağlansın ora. Hər gün 3-4 nəfər boğulub ölür”
 
Ardını oxu...
Azərbaycanda taksi fəaliyyəti üçün icazə ( "Buraxılış vəsiqəsi" və "Buraxılış kartı") alan sürücülərin sayı 5 131-ə çatıb.

AzFakt.com bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) istinadən xəbər verir.

"Təlim keçən sürücülərin sayı isə 21 879-a çatıb", - deyə agentlik bəyan edib.
 
Ardını oxu...
"Hərbi xidmətini başa vurduqdan sonra imtahan verən şəxsin 699,5 bal toplaması ilə bağlı müxtəlif media orqanlarında və sosial şəbəkələrdə tirajlanan məlumat saxtadır".

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, adıçəkilən şəxs - Rasəf Həsənli - ümumiyyətlə imtahanda iştirak etməyib.

Rasəf Həsənli özü də Oxu.Az-a açıqlamasında qeyd edib ki, barəsində yayılan xəbərdən sosial media vasitəsilə xəbər tutub və həmin məlumatlar həqiqəti əks etdirmir.
 
Ardını oxu...
Türkiyə polisi çətin qəbul imtahanından keçmək üçün süni intellekt və gizli cihazlardan istifadə etməklə mürəkkəb sxem hazırlayıb universitetə qəbul olunmaq istəyən şəxsi saxlayıb.
Polisin məlumatına görə, adı açıqlanmayan tələbə köynək düyməsi kimi maskalanmış və süni intellekt proqramına qoşulmuş kameradan istifadə edib.
Mexanizmin bir hissəsi ayaqqabısının altında gizlədilib. Sistem imtahan suallarını kamera vasitəsilə skan edərək işləyirmiş. Şəkil düzgün cavabları yaradan və onları qulaqcıq vasitəsilə tələbəyə oxuyan AI modelinə ötürülür.
Polisin yaydığı video bu sxemin necə işlədiyini göstərir. Videoda polis məmuru sualı skan edir və AI proqramı dinamik vasitəsilə düzgün cavabı verir.
Belə ki, tələbə bir şəxsin Türkiyədə ali məktəbə daxil olmaq hüququnu müəyyən edən milli universitet qabiliyyət imtahanından keçməyə çalışıb, – Reuters yazır.
Türkiyə polisi gələcək universitet tələbəsinin özünü (o, məhkəməyə qədər həbs olunacaq), həmçinin smartfondan istifadə etməyə kömək edə biləcək mümkün şərikini saxlayıb.

 
Ardını oxu...
Azərbaycanda vəzifəli şəxsin üstünə benzin TÖKDÜLƏRLənkəran rayonunda şirkət rəhbərinə qarşı xuliqanlıq etmiş Təngivan kənd sakini, 1962-ci il təvəllüdlü Əlibala Nemətov (soyad şərtidir) cinayət məsuliyyətinə cəlb edilib.

Publika.az-ın məlumatına görə, hadisə kənd ərazisində yerləşən qum-çınqıl yatağında baş verib.

Əlibala Nemətov qum-çınqıl istehsalı müəssisəsinin yaşadığı evə yaxın olmasını, həmin müəssisənin səhər tezdən yüksək siqnalla işə salınmasını, dəfələrlə etdiyi şikayətlərin nəticəsinin olmamasını bildirib. O, səhər saatlarında yaşadığı evdən özü ilə 1 ədəd bir litrlik plastik butulkada benzin götürərək müəssisənin həyətinə gəlib. Burada Əlibala müəssisənin rəhbəri Şaiq Babayevlə dalaşaraq onlardan fəaliyyətlərini dayandırmağı tələb edib. Həmçinin uca səslə söyüş söyüb, əlindəki benzini direktorun üstünə töküb və ona yüngül xəsarətlər yetirib.

Ətrafdakı şəxslərin və oraya gələn polisin iştirakı ilə Əlibala saxlanılıb.

Onun barəsində Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq - silah və ya silah qismində əşya tətbiq etməklə) maddəsi ilə cinayət işi açılıb.

Cinayət işinə Lənkəran rayon Məhkəməsində baxılıb. Məhkəmənin bir neçə gün öncə çıxardığı hökmlə 62 yaşlı Əlibala Nemətova 1 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun bədəninə eletrok qolbaq yerləşdirilib və yaşadığı yeri tərk etməmək kimi vəzifələr üzərinə qoyulub.

 
 
 

Dünyapress TV

Xəbər lenti