Ardını oxu...
Gecə saatlarında Azərbaycanda baş verən zəlzələ insanlar arasında təşvişə səbəb olub. Bu mövzuda əsas narahatlıqverici faktor isə Bakı şəhərindəki binalardır.

Ümumiyyətlə, Azərbaycanda qorxunc, dağıdıcı zəlzələ gözlənilirmi?

Teref.az xəbər verir ki, məsələ ilə bağlı Globalinfo.az-a açıqlama verən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib ki, respublika ərazisində dağıdıcı zəlzələ bölgəsi yoxdur:

"Kiçik təkanlar hər zaman olur, olub və olacaq. Məsələn, dünən 30-a yaxın yeraltı təkandan bircə Masallı-Cəlilabad ərazisindəki hiss olundu. Bu isə heç bir fəsad törətməyib, 35 km dərinlikdə olduğuna görə qorxulu hadisə baş verməyib”.

Qurban Yetirmişli qeyd edib ki, əhali gərək belə hallara təbii yanaşsın:

"Bunu soyuqqanlı qəbul etmək lazımdır, çünki təkanlar saniyələr sonra dayanır. Ona görə də silkələnmə zaman qaçmaq, liftə daxil olmaq, pilləkənlə düşmək, eyvana çıxmaq lazım deyil. Evdə üzərinə aşacaq hər hansı predmetdən uzaq durmaq kifayət edir. 5-10 saniyəyə ötüb keçəcək bir zəlzələdir. Binaları dağıdacaq gücdə zəlzələ olmayacaq”.
 
Ardını oxu...
Dünyanın hər yerində yüksək vəzifələrə təyinatların yanında məşhur 100 gün deyimi dayanır.

100 gün... Hər kəs, türklər demiş, mərakla gözləyir ki, görək bu məmur bu günlər ərzində hansı yenliklər edəcək, hansı müsbət addımlar atacaq.

Yəni, hər hansı bir vəzifəyə təyin olunan şəxs bu günlər ərzində sistemlə tanış olur, yeni işlərin tətbiqinə başlayır və "yol xəritəsi"ni hazırlayır. Üstəlik hər kəsin danışa biləcəyi çox ciddi müsbət addım atır.

Bundan sonra 100 günün hesabatı olur.

Çox təssüflər olsun ki, Azərbaycandakı məmurlar üçün bu 100 gün keçərli deyil və ümumiyyətlə, onlar bu barədə düşünmürlər. Üstəlik, təyin olunduqları postlarda yenilik yalnız məmurları dəyişmək olur. Köhnə rəhbərin adamını işdən çıxarıb, öz yaxın adamını gətirir, onu bura, bunu ora qoyub, adına deyirlər islahat. Bununla da məsələ bağlanır, işin fatihəsi oxunur. Bundan sonrakı mərhələdə isə, pul qazanmaq, villaların sayını artırmaq, xarici ölkələrdə şirkətlər açmaq və kef dövrü start götürür.

Dövlət Kömrük Komitəsində düz bir ilə yaxındır "islahat aparırıq" deyilirdi. Axır ki, o günlərdə bəlli oldu ki, kadr islahatı bitib, bütün şəxslər öz yerinə yerləşdirilib. Əslində elə də böyük kadr dəyişikliyi edilməyib. Aşağı-yuxarı 4-5 yüksək rütbəli məmur təyinatı edilib, yerdə qalanlar elə köhnələrdir, sadəcə yerləri dəyişib.

Gömrük Komitəsinin yeni rəhbəri Şahin Bağırov təyinatından düz 1 il 10 gün keçir amma, hələ də, Gömrük sistemində nəzərəçarpacaq heç bir dəyişiklik və irəliləyiş yoxdur.

Amma əsl problemlər hələ də qalmaqdadır. Dəyişən yalnız vəzifələrdəki adamlardır.

Gömrük Komitəsində qanunsuz fəaliyyət göstərən şirkətlər, bəyannamələrdə yüklərin az göstərilməsi, ƏDV fırıldağı, vergidən yayınma və daha böyük problemlər hələ də qalmaqdadır.

Yəni, görünən odur ki, Səfər Mehdiyevi sadəcə Şahin Bağırov əvəz edib. Hansı ki, Şahin Bağırovun təyinatı zamanı bu şəxsə böyük ümidlər bəslənirdi, etimadı doğruldacağı düşünülürdü. Bu gün isə bəlli olur ki, Şahin Bağırov Gömrük Komitəsinin işində elə də ciddi dəyişiklik edə bilməyib və sistemdə köhnə problemlər elə köhnə adamların təzələrlə birləşməsi nəticəsində davam etdirilir. Yenə qanunsuz şirkətlər fəaliyyətdədir və hər gün sayları artır, ƏDV oyunu bitmir, yüklərin bəyənnamədə az göstərilməsi ilə vergidən yayınma və sairə...

Ola bilsin ki, Bağırov gələcək illərdə nəsə edə bilsin. Amma bu bir az müəmmalı görünür.

Elə isə ortaya maraqlı suallar çıxır... Əcəba, Şahin Bağırova kimlər mane olur? Ümumiyyətlə, nədən Azərbaycan gömrüyündə vəziyyət tam standart sistemə keçmir? Niyə qanunsuz şirkətlərin fəaliyyəti birmanlı olaraq yasaqlanmır? Niyə dövlət büdcəsinə ziyan vururlar?

Bir sözlə, Şahin Bağırovun təyinatından 1 il ötsə də, Gömrük sistemində köhnə problemlər hələ də qalmaqdadır. //bizimxebr.az//
 
 
 

Ardını oxu...
Müstəqilliyimizə qovuşduğumuz gündən bəri təhsilimizin başına kimlər gəldi, kimlər getdi. Hər gələn ya özü ilə nəsə apardı, ya da özü ilə nəsə gətirdi. Gedəndə də ya qazandığı ilə təqaüdə göndərilib, ömürlük dərd-qəmdən uzaq həyat sürdü, ya da Təhsil naziri postundan başqa bir posta təyinat aldı. Bir qədər kobud səslənsə də, Azərbaycan təhsili bu posta təyin olunan bir çox məmur üçün təlim düşərgəsi rolunu oynadı. Onlar sanki ya təqaüdə çıxacaqları günü gözlədiklərindən, ya da daha yaxşı bir vəzifəyə təyinat alacaqlarından dolayı heç vaxt təhsil sahəsinə ciddi yanaşmadılar.
Vicdanla desək, Emin Əmrullayev digərləri kimi olmadı. Ən azından, onun tənqidi qəbul etmək, problemi böyütmək, ya da malalamaq yox, onun həlli istiqamətində addımlar atmaq, jurnalistlərin suallarını sonadək dinləyib, özünəxas üslubu ilə cavablandırmaq kimi başqalarında az-az rastgəlinən nümunəvi davranışları var. Məmur təkəbbüründən uzaq olan bu adam əlindən gəldiyi qədər təhsil sahəsində nələrisə dəyişməyə cəhd etsə də, yumşaqxasiyyət olmağındanmı, səbrli, təmkinli olmağındanmı bilmirəm, eləbil, tabeliyindəkilərə sözünü həddindən artıq "şirin dil"lə deyir. Adam göstəriş verir, dəfələrlə bəyan edir ki, məktəblərdə forma geyinmək zəruri deyil, heç kimi buna görə məcbur etmək olmaz. Bu tərəfdən "oldu, cənab nazir" deyilir, o biri tərəfdən də kim nə bilir, onu da edir. Məktəblər valideynləri övladlarına hansısa formanı almaq haqda bir başa göstəriş verir, deyir, "bax, ölçüsü, rəngi və tikilişi belə olacaq, get, al". Valideyn yazıq da məktəbin açılmasına hələ bir ay qalmış gedib Bakı Tikiş Evinin qabağında başına günəş döyə-döyə növbə tutub, sırasını gözləyir. Ölkənin təhsili 90-cı illərin əvvəlindəki Azərbaycan hakimiyyətini xatırladır. Rəhmətlik Elçibəyin sözü olmasın, bir fağır nazir tapıblar, sağdan da döşəyirlər, soldan da. Adam tapşırıq verir, verdiyi tapşırıq havada qalır. Məktəb direktorları öz bildiyi havanı çalır. Biraz araşdırırsan ki, bu nə haqq-hesabdır? Dərindən səs gəlir ki, Təhsil İdarəsi belə göstəriş verib. İdarədən soruşursan, onlar da deyir ki, biz elə göstəriş verməmişik. Elə isə bu direktorların valideynlərlə, şagirdlərlə dərdi nədir? Əgər bu formalar könüllülük prinsiplərinə dayanırsa, niyə hər dərs ilinə yaxın BTE-nin qarşısı valideyn-uşaq selinə məruz qalır? Kim öz xoşu ilə işini-gücünü atıb, istinin altında uşağı ilə növbə gözləyər?

İndi sistemi izah edim, bu formalar valideynlərə necə aldırılır, bilin. Deməli, sinif rəhbəri ilə "babat" münasibəti olan bir valideyn vatsapdakı "valideynlər qrupu"na yazır: "Hörmətli valideynlər, uşaqların sinif rəhbəri mənə dedi ki, qrupdakı valideynlərə tapşırım, şagirdlər bu il məktəbə filan geyimdə gəlsinlər. Qoy, sinifimiz digərlərindən fərqlənsin, hamı səliqəli görsənsin". Vəssalam, bu mesajdan sonra valideynlər axışır Bakı Tikiş Evinə. Ora əli çatmayanlar da "qara bazar" vasitəsilə övladına məktəbli forması təmin edir. Əsas odur, onun övladı digərlərindən fərqlənməsin, sinifdə gözümçıxdıya salınmasın, hər dəfə sinif rəhbərinin fısıltısını, deyinməsini eşitməsin. Bu məktəbli forması elə bir balıq sümüyü olub, keçib camaatın boğazına. Neçə universitet bitirmiş, işinin peşəkarı olan o boyda nazir də bu "bazar"ın öhdəsindən gələ bilmir. Hansısa məktəbdə qapıdan içəri girməkdə çətinlik çəkən bir sinif rəhbəri ölkənin Təhsil nazirinin birbaşa göstərişini bir qulağından alır, o birindən buraxır. İndi Azərbaycanda hər bir sinif rəhbəri öz sinfinin, hər məktəb direktoru da öz məktəbinin naziridir.

Mətin Şükürlü, Bizimyol.info
Ardını oxu...
Vətandaşların hərəkəti üçün nəzərdə tutulan səki yaxınlıqda yerləşən mağazanın tikinti materialları ilə zəbt olunub.

Xezerxeber.az xəbər verir ki, bura Xəzər rayonu Binə qəsəbəsi, südçülük savxozu deyilən ərazidir.

Sakinlər deyirlər ki, səkiyə tikinti materialları yığıldığından hərəkətlərini davam etdirmək üçün məcbur olub avtomobil yoluna çıxırlar.

Günün pik saatlarında ərazidə gediş-gəliş müşkülə çevrilir.

Tikinti materiallarının aid olduğu mağazadan bildirilib ki, problem həll ediləcək.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, sözügedən ünvana baxış keçiriləcək və müvafiq tədbir görüləcək.

Günün sonunda isə Binə qəsəbə nümayəndiliyindən göndərilən fotolardan aydın oldu ki, səki boşaldılıb və vətəndaşların gediş-gəlişi üçün heç bir maneə yoxdur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 
Ardını oxu...
Azərbaycanda “Android” sistemli smartfonlara zəlzələ barədə xəbərdarlıq gəlib.

Zəlzələnin Bakıdan təxminən 190 km uzaqlıqda Rixter şkalası ilə 5.5 bal gücündə olduğu bildirilir.

Məlumata görə, zəlzələ Cəlilabad rayonu ərazisində qeydə alınıb.
Dağıntılar barədə məlumat verilmir.
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən radiomaneələrin tətbiqi yenidən intensivləşib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatında belə deyilir.

“Hava məkanımızdan keçən uçuşların təhlükəsizliyinə təhdid yaratmaq məqsədilə qanunsuz silahlı birləşmələr növbəti təxribata əl atıb.

Belə ki, avqustun 21-i saat 10:15-dən 10:23-dək Füzuli-Bakı marşrutu üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının (AZAL) "ATR-45" tipli sərnişin təyyarəsinə radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yaranıb.

Faktla bağlı Rusiya sülhməramlı kontingentinin komandanlığının tərəfimizdən məlumatlandırılmasına baxmayaraq bu günədək heç bir tədbir görülməyib.

Qeyd edirik ki, mülki aviasiyanın təhlükəsizliyinə radio-texniki müdaxilə qəbuledilməzdir və beynəlxalq mülki aviasiya təşkilatının müəyyən etdiyi qaydalara ziddir”, - Müdafiə Nazirliyinin məlumatında qeyd edilib.

TEREF.AZ bildirir ki, sözügedən hadisəni Cebhe.info-ya şərh edən hərbi ekspert Üzeyir Cəfərov Azərbaycana mülki təyyarələrinə qarşı təxribatların Rusiya sülhməramlı qüvvələri tərəfindən törədildiyini deyib:

“Bu təxribat sülhməramlılar tərəfindən həyata keçirilib. Çünki Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrində təyyarələrin GPS naviqasiya sisteminə qarşı radiomaneələr yaradan avadanlıq yoxdur.

Elə bir avadanlıq vaxtilə döyüşlər zamanı Azərbaycana müəyyən problemlər yaratmaq üçün istifadı olunub. Bu radioelektron mübarizə vasitələri yalnız Rusiya tərəfindən işlədilib və məqsəd geniş miqyasda faciə törətməkdir.

Artıq ruslar dəfələrlə həmin təxribata əl atıblar və Azərbaycan dövləti də hər dəfə belə halların qarşısının alınması üçün sülhməramlı kontingentə xəbərdarlıq edib. Lakin onlar bundan nəticə çıxartmır. Rusiya hərbçiləri isə öz əməllərini davam etdirir.

Hesab edirəm ki, Azərrbaycan dövləti yumruğunu masaya vurmalı və onlardan bu cür təxribatlara son qoymağı tələb etməlidir. Azərbaycan vətəndaşları dünən Füzuliyə köçürülüb, bu gün erməniləri həmin əraziləri atəşə tutur.

Erməni silahlı birləşmələri Laçına, Kəlbəcərə, Şuşaya, Tərtərə Rusiya sülhməramlı qüvvələrinin yerləşdiyi bölgələrdən atəş açırlar. Bu, o deməkdir ki, Rusiya özü buna şərait yaradır. Məqsəd isə ondan ibarətdir ki, təyyarə qəzaya uğrasın, yüzlərlə insan həlak olsun, danışıqlar prosesi pozulsun, sülh müqaviləsi imzalanmasın.

Mülki təyyarələrə yaradılan maneələr hamısı bu təxribatlara hesablanıb. Hətta Ermənilər Qafan hava limanını işə salmaq, oraya yük daşımaq istəyirlər. Bu da Azərbaycan ərazisinə daxil olmağa bərabərdir.

Radioelektron maneə avadanlığı da həmişə Rusiyada olub və bundan təxribat məqsədi ilə istifadə edirlər.

Xatırladım ki, Rusiya 2014-cü ildə Ukraynanın işğal olunmuş Donetsk bölgəsi üzərində Malaziya aviaşirkətinə məxsus "Boeing-747" sərnişin təyyarəsinin GPS naviqasiya sisteminə radioelektron maneə yaratmaqla qəza törətmiş, nəticədə 298 həyatını itirmişdi. Hazırda Rusiya eyni təhlükəni Azərbaycana qarşı yaradır”.
Ardını oxu...
Qəbələ rayonu ərazisində intensiv yağıntılar nəticəsində Dəmiraparançayda sel suları Laza kəndinə gedən mövcud yolun bir hissəsini yuyaraq sıradan çıxarıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a bildirilib ki, həmin yolda yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal əraziyə agentliyin “10 N-li Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub.

Qısa müddət ərzində Dəmiraparançayın sağ sahilindən alternativ yol ilə Laza kəndinə fasiləsiz və təhlükəsiz gediş-gəliş təmin olunub. Hazırda mövcud yolun bərpası istiqamətində işlər davam etdirilir.

www.yenicag.az
 

Ardını oxu...
DİA.AZ: - Artıq deyəsən, rayon icra hakimiyyətlərimizin Bayraq Meydanlarında bayrağımızı dik tutması həm müşkülə çevrilib, həm də yoluxucu xarakter allb. DİA.AZ bildirir ki, artıq bir neçə rayonda dövlət bayrağımıza RƏSMİ sayğısızlıq ənənə halını alıb. Bunun başqa adı yoxdur.

Və belə biabırçı halın növbətisi Xaçmazda yaşanmaqdadır. DİA.AZ bildirir ki, bu barədə sosial şəbəkələrdə giley edən ictimai fəal Osman İmamov yazır:

"Əziz Xaçmazlılar, siz bilərsiz, Xaçmazda yerləşən "Bayraq Meydanındakı" Bayraq hardadı? Xeyli vaxtdır niyə yoxdur? Biz bilmirik, bəlkə siz bilərsiz???"

Məsələ ilə bağlı dia.az olaraq bütün əlaqədar qurum və şəxsləri dinləməyə hazırıq...

Ardını oxu...
 
Ardını oxu...
DİA.AZ: - Artıq vətəndaşlar marketlərdə aldadılmalarını ironiya ilə qarşılayırlar. Buna yetərincə sübut var. Amma görünən odur ki, vəziyyətin bu həddə çatması belə market sahiblərinə təsir etmir... Biz isə Dia.az olaraq yenə də vətəndaş gileylərini təqdim edirik.

" 'Rahat' market sizə halallıq verdim. Rəhbərliyinizlə də xoş arzular..." DİA.AZ bildirir ki, bunu "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Mirzə Böyükkişiyev adlı istifadəçi qeyd edib.

Narazı vətəndaş daha sonra yazır:
"Nə qədər cibimizə görəcəksiniz? Ehtiyac varsa, deyin qəpik-qəpik yığaq sizə kömək edək..."

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Ukraynada beş milyon hektardan çox kənd təsərrüfatı sahələri yararsız hala düşüb

“Hromadske”nin materialı

Ətraf mühiti müharibənin susqun qurbanı adlandırırlar. Bəzən elə görünür ki, insan itkisindən və fəlakətli dağıntılardan pis heç nə ola bilməz. Amma ilk baxışda gözə görünməyini nahaq yerə ləng təsirli bomba ilə müqayisə etmirlər.

Biz “ekosid” ifadəsini tez-tez eşitsək də, zaman boyu uzanan bu fəlakətin tam miqyasının fərqinə indiyədək də vara bilmirik.

Dəymiş ziyanın quru statistikasının arxasında nə dayanır? Müharibə torpağa və qidanın keyfiyyətinə necə təsir edir? Hətta raketin sadəcə uçuşu belə necə zəhərlidir. Artıq indi nə edə bilərik və ətraf mühitə qarşı bütün hərbi cinayətləri lazımınca sənədləşdirməsi üçün dövlətin kifayət qədər vəsaiti varmı?

“Hromadske”nin Ukrayna nəşri bütün bunları ekoloqlarla birgə aydınlaşdırmağa çalışıb.

Kaxovka fəlakəti: miqyasları dərk etmək
Rusiyanın ekosidi barədə tammiqyaslı işğal başlandığı zamandan danışılıb və bunun ən bariz nümunəsi, əlbəttə ki, rus hərbçilərinin Kaxovka bəndini partlatmasıdır. Bu texnogen və ekoloji fəlakətin nəticələri barədə az danışılmayıb: onlarla yaşayış məntəqəsi və on min hektarlarla qoruq ərazisi suyun altında qalıb, nadir bioloji növ müxtəlifliyi məhv olunub, Dnepr və Qara dəniz suları son dərəcə çirklənib, suvarma sistemi sıradan çıxıb, su anbarı isə səhraya çevrilib. Terror aktı yüz minlərlə insanın həyatına təsir edib.

Təkcə torpağın məhsuldar üst qatının bərpasına, – bu qat Kaxovka bəndinin partladılması nəticəsində Dnepr çayının yaratdığı güclü sellə yuyulub, – yüz illər lazım gələ bilər.

“Əgər heç nə etməsən, torpağın məhsuldar qatının bir santimetri yüz il ərzində əmələ gələcək”, – Ukrayna MEA-nın Zabolotnı adına Mikrobiologiya və Virusologiya İnstitutunun alimi, biologiya elmləri doktoru Lyudmila Belyavskaya “Hromadske”yə deyib.

Fəlakətdən iki ay ötüb, ancaq suyun nəyi apardığı və bunu sonunda hara gətirdiyi hələ də anlaşılmaz olaraq qalır. Su təkcə məhsuldar torpağın üst qatını yumayıb və böyük ehtimalla, xırda çöl faunasının nadir bitki və heyvan dünyasını məhv etməyib, bundan başqa, ona yüzlərlə ton maşın yağı, basdırılmış zəhərli tullantılar, heyvan cəsədləri, anbarlarda qorunan kimyəvi məhsullar düşüb. Ekoloqlar heç konkret təsirlərdən danışa bilmirlər: yəqin ki, bütün bu zəhərli maddələr artıq Qara dəniz hövzəsinə çatıb. Onların bir hissəsi yolda dibə çökür və yeraltı sulara qarışır.

“Mahiyyət etibarı ilə Dneprin aşağı hissəsində və Buq çayının cənubunda, həmçinin yaxın ərazilərdə bütün içməli su təchizatı mənbələri sıradan çıxıb. Oradakı su içməli suyun keyfiyyət parametrlərinə uyğun gəlməyib. Bəzi yerlərdə onların təmizlənməsi ilə bağlı ölçü tədbirləri görülüb, bəzilərində yox, axı bütün bu ərazi döyüş yerləridir”, – “Ekologiya-Hüquq-İnsan” beynəlxalq xeyriyyə təşkilatının ekoloqu Anatoli Pavelko deyib.

Məqalə müəlliflərinin ünsiyyət qurduğu müxtəlif təşkilatların alimləri və ekoloqları sahilinə zibil qalaqları çıxan Qara dənizdən qrunt, lil və su nümunələri götürüb. Onlar hazırda tədqiqatın hələ davam etdiyini söyləyirlər.

“Biz lil nümunəsi götürmüşük, amma hələ laboratoriyada analiz etməmişik. Suyun dibində nə var, tərkibi necədir, bu tərkib təhlükəlidirmi – bunun üçün ətraflı tədqiqat aparmaq lazımdır. Bir neçə komponentin analizini edib “vəssalam, təhlükəsizdir, kartof əkin” söyləmək olmaz”, – Anatolinin həmkarı ekoloq Yekaterina Polyanskaya deyir.

“Bizimlə gedən insanlar virusoloqlar üçün də analiz götürüblər. Virusoloqlar deyiblər ki, əgər bu çoxdankı lildirsə, orada təhlükəli virsular ola bilər. Mən qorxutmaq istəmirəm, amma bir ekoloq kimi deyim: orada hələ ki heç nə əkməmişəm və orada bitən heç nəyi yemərəm. Yaxşısı budur, analizin nəticələrini gözləyək və təhlükənin olub-olmadığını bilək. Analizlərsə zaman tələb edir”, – o əlavə edir.

Gözə görünməyən zəhər torpaqdan masaya
Rusiya hərbçiləri Ukraynanın ərazisinə soxulandan sonra ən çox məhsuldar torpaqları olan bölgələr əziyyət çəkir. Beş milyon hektardan çox kənd təsərrüfatı sahələri yararsız hala düşüb. Və bu sahələr hər ötən gün artır. Həmin ərazilər minalanıb, döyüş sursatı ilə doludur, orada partlayışlar nəticəsində çuxurlar meydana gəlib, neft məhsulları və kimyəvi zəhərli birləşmələrlə çirklənib.

Qrunt torpaqların ağır metallarla çirklənməsi böyük problemə çevrilib. Döyüşlərin getdiyi ərazilərdən nümunə götürən alimlərin tədqiqatlarına görə, mərmi partlayışından sonra torpaqda qurğuşun, kadmium, alüminium, mis, kobalt, manqan və digər metalların miqdarı artıb. Partlayıcı maddənin oksidləşməsi nəticəsində isə kükürd və azot birləşmələri çoxalıb. Bu maddələr çuxurlarda təxminən iki metr dərinlikdə ola bilər. Ağır texnikanın yandığı və neft məhsullarının axımı baş verdiyi yerlər heç də az təhlükəli deyil.

Bütün zəhərli maddələr torpaqdan bitkilərə keçir. Odur ki, heç bir halda sadəcə çuxuru doldurmaq və ya bu torpaqda nəsə əkmək olmaz. Zəhərli maddələri ən çox günəbaxan, buğda və qarğıdalı özünə çəkə bilər, biologiya elmləri doktoru Lyudmila Belyavskaya deyir. Ağır metallar orqanizmdə toplana və müxtəlif xəstəliklər və ya genetik mutasiyalar doğura bilər. Və bu təkcə üzərində fəal hərbi döyüşlər gedən ərazilərə aid deyil.

Ərazilərin minalardan təmizlənməsinə və konservasiyasına yüz illər lazım gələcək
“Washington Post” bu yaxınlarda Slovakiya GLOBSEC qeyri-hökumət təşkilatının nəticələrini dərc edib: hazırkı templə Ukraynanın bütün ərazisini minadan təmizləmək üçün 757 il və milyardlarla dollar lazım gələ bilər.

Hazırda Ukrayna ərazisinin üçdə biri mina sahəsidir. Söhbət təxminən 174 min kvadrat kilometrdən gedir. Ölçülərinə görə, bu, Uruqvay və ya Amerikanın Florida ştatı kimidir.

“Meşələri minalardan əllə təmizləməli olacaqlar, axı ora maşın girə bilməz. Mən bilmirəm, əllərində minaaxtaran neçə adam bu işlə məşğul olmalıdır. Üstəlik orada plastik minalar ola bilər. Bu aparatlarla onları eşitmək çox çətindir, çünki həmin minların yalnız balaca bir detalı metaldandır. Belə başa düşürəm ki, Donetsk, Xarkov və sərhəd vilayətlərində bəzi meşələrdə potensial olaraq adamların gəzməsi qadağan olunacaq. Lap Birinci Dünya Müharibəsindən çıxmış Fransadakı kimi”, – “Ekologiya-Hüquq-İnsan” beynəlxalq xeyriyyə təşkilatının ekoloqu Yekaterina Polyanskaya deyir.

Ekoloqların proqnozlaşdırmasına görə, daha çox dağıntılara məruz qalmış və faktiki olaraq döyüş sahəsinə çevrilmiş Baxmutu, Soledarı, Marinkanı, Avdeyevkanı və digər şəhərlərlə kəndləri gələcəkdə konservasiya gözləyir. Axı bu torpaqlar tamamilə dağılıb – minlanmış həmin ərazilərdə minlərlə çuxurlar mövcuddur, odur ki, artıq yaşayış üçün yararlı deyil.

Ekoloji cinayətlərin sənədləşdirilməsi: problemlər və çağırışlar
Dövlət Ekologiya Müfəttişliyi müharibə boyu ətraf mühitə iki min yarımdan çox dəfə ziyan vurulduğunu təsbit edib. Baş Prokurorluğun hazırda ətraf mühitə qarşı cinayətkarlıqla bağlı təhqiq etdiyi işlərin sayı 200-ü ötüb. Onlardan 15-ni məhz ekoloji cinayət kimi (Cinayət Məcəlləsinin 441-ci maddəsi) təfsir edirlər. Ukrayna qanunvericiliyinə görə, bu, flora və ya faunanın kütləvi məhvi, atmosferin və ya su ehtiyatlarının zəhərlənməsidir ki, onlar da nəticədə ekoloji fəlakətə səbəb ola bilər.

Rusiyalı hərbçilərin atom elektrik stansiyalarını tutması və atəşə məruz qoyması, Atom Tədqiqatları İnstitutunun atəşə tutulması, quşların, delfinlərin kütləvi şəkildə məhvi, neft bazalarına məqsədyönlü şəkildə hücumlar və Kaxovka SES-in dağıdılması, – bu, Çernobıl dövründən bəri ən iri ekoloji fəlakətdir, – bu, birmənalı şəkildə ekosiddir. Və Ukrayna, Baş Prokurorluğun dediyinə görə, dünyada ilk ölkədir ki, bu miqyasda ekoloji hərbi cinayətləri və ekosidi təhqiq edir.

Hərçənd Beynəlxalq cinayət hüququnda hələ ki “ekosid” termini yoxdur. Haaqa məhkəməsinin onu beynəlxalq cinayət kimi tanıması üçün beynəlxalq hüquqşünaslar uzun illərdir ki, mübarizə aparır. Ukrayna bu mübarizənin katalizatoru ola bilər.

Bu proses hələ uğursuzdur. Hərçənd Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ətraf mühitə ziyan vurulmasına müharibə cinayəti kontekstində baxa bilər. Ukrayna Baş Prokurorluğu Ofisi məhz buna ümid bəsləyir – BCM nümayəndələri Kaxovka faciəsinin təhqiqatına başlayıb.

Ukrayna özü bilavasitə icraçıları mühakimə edə bilər. Ölkədə ətraf mühitə qarşı hərbi cinayətkarlığa görə ilk hökm Rusiya generalı və polkovnikinə çıxarılıb. İstintaqın məlumatına görə, onlar Kaxovka SES-nın zəbt olunmasında və Şimal Krım kanalının partladılmasında bilavasitə iştirak ediblər. Bu adamlara qiyabi də olsa 12 il həbs cəzası və 1,5 milyard qriven cərimə kəsilib.

Ekoloji cinayətlərin beynəlxalq təhqiqatı isə qat-qat çox çəkə bilər, axı bunun üçün danılmaz dəlillər və ekspertizalar lazımdır. Ukraynada bu cinayətlərin sənədləşdirilməsi ilə bağlı da çətinliklər var. “Ekodiya”nın icraçı direktoru Olqa Polunina deyir. Bunlar həm itkilərin hesaba alınması üzrə metodikada yaranan suallar, həm müxtəlif orqanlar arasında koordinasiyanın yoxluğu, həm də bütün bunları lazımınca tədqiq etmək üçün aşkar vəsait çatışmazlığıdır.

“Bu, çox alicənab cəhddir (beynəlxalq məhkəmədə ekoloji cinayəti sübuta yetirmək – red.), lakin bu məsələdə çoxlu “amma”lar var. Birincisi, ölkədə normal şəkildə ekoloji monitorinq aparılmır. Yəni, kobud desək, əgər müharibədən əvvəlki qrunt nümunəsini məhkəməyə təqdim edə bilməsəm, neft axıntısının ətraf mühitə təsirinin məhz müharibə zamanı baş verdiyini necə sübut edə bilərəm. Zənnimcə, biz araşdırmaya başlayanda bu problem aydınlaşacaq”, – Polunina “Hromadske”a şərhində deyir.

Ekoloqların sözlərinə görə, təbii ehtiyatlara görə məsul olan bütün dövlət sahələri bu cür statistika aparsın: harada nə və necə zərər çəkib. Ukraynanın əsas işi bunu mümkün qədər çox və ətraflı təsbit etməkdir. Effektli olub-olmadığına isə Beynəlxalq Məhkəmə qərar verəcək.
meydan tv

Dünyapress TV

Xəbər lenti