![]() |
![]() ![]() ![]() |
|
Musavat.com xəbər verir ki, sosial mediada yayılan və qısa müddətdə geniş müzakirələrə səbəb olan bir videoda, İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun yaxın çevrəsinə aid olduğu bildirilən Cem Özdəmirin Türkiyəyə, Türk Dünyasına, İstanbula, Türk dəyər və mənəviyyatlna münasibətləri ciddi reaksiyalara və heyrətlərə səbəb olub. Videoda Cem Özdəmir açıq şəkildə Türkiyənin bəzi bölgələrinin kürd, erməni və Bizans torpaqları olduğunu iddia edir və Ankara ilə İstanbula qədim xristian adlarının yenidən verilməsini tələb edir.
Videoda səsləndirilən fikirlər arasında “İstanbula Konstantinopol deyə bilməyəcəyikmi?”, “Ərazilərə tarixi – yəni qeyri-türk – adları qaytaraq” kimi çağırışlar yer alır. Bu çıxışı edən şəxsin İmamoğlunun siyasi və mədəni çevrəsində yer aldığı, onunla eyni ideoloji xətti paylaşdığı iddia olunur.
Hazırda həbsdə olan Əkrəm İmamoğlunun adı bu və digər qalmaqallı istintaq dosyaları ilə hallandığı bir vaxtda, onun yaxın ətrafının belə ritorikası Türkiyə cəmiyyətində ciddi narahatlıq və etiraz doğurur.
Videoda səsləndirilən çağırışlar həm türk kimliyinə, həm də dövlətçiliyə qarşı ideoloji hücum kimi dəyərləndirilir. Sosial şəbəkələrdə bu görüntülə bağlı “Əgər İmamoğlu Türkiyənin başına keçərsə, başımıza gələnlər qorxunc olacaq” – kimi kəskin rəylər yazılır.
Musavat.com bu videonu geniş şərh etmədən, onu izləyicilərə təqdim edir və məsələnin ictimai müzakirəyə buraxıldığını qeyd edir.
Musavat.com
Musavat.com bildirir ki, dünən gecə Böyük Britaniyada dünya gündəmini silkələyəcək səssiz, lakin olduqca önəmli bir toplantı baş tutub.
BBC Rus xidmətinin məlumatına görə, Londonda 20-dən çox ölkənin baş qərargah rəisləri “istəkli ölkələr koalisiyası”na qoşulmaq niyyəti ilə qapalı iclas keçiriblər. Bu koalisiya Ukraynaya sülhməramlı kontingent göndərmək istəyən dövlətləri bir araya gətirir və təşəbbüsə Böyük Britaniya ilə Fransa rəhbərlik edir.
Məlumata görə, bu koalisiyanın bütün üzvləri Ukraynaya qoşun göndərməyə hazır deyillər. Bəzi ölkələr əvvəlcədən bildirmişdilər ki, döyüş kontingenti göndərmək fikrində deyillər, lakin başqa yollarla – logistik, hərbi texnika və ya təlim dəstəyi ilə kömək edə bilərlər.
Görüşün qapalı formatda keçirilməsi və məhz baş qərargah rəislərinin iştirakı, qərarların hərbi xarakter daşıdığını və bölgədəki gərginliyin yeni fazaya keçə biləcəyini göstərir. Rusiya mediasında və Kremlin dairələrində bu məlumat ciddi narahatlıqla qarşılanıb. Kreml daha əvvəl də Qərb qoşunlarının Ukraynaya daxil olmasını “birbaşa müharibə eskalasiyası” kimi qiymətləndirmişdi.
Maraqlıdır ki, bu koalisiyanın yaradılması təşəbbüsü NATO çərçivəsində deyil, fərdi ölkələr arasında baş verir. Bu da onu göstərir ki, Qərb daxilində Ukraynaya münasibətdə vahid yanaşma yoxdur və bəzi ölkələr daha sərt addımlar atmaq niyyətindədir.
Xatırladaq ki, bu iclas barədə məlumat 10 saat əvvəl yayılıb, lakin mövzu bu gün də beynəlxalq müzakirələrin mərkəzindədir. Avropanın bir sıra siyasi dairələri və analitikləri bu prosesin Rusiya ilə NATO arasında dolayısı ilə qarşıdurmanı dərinləşdirə biləcəyini qeyd edirlər.
Ukrayna Prezidenti Volodimir Zelenski isə daha əvvəl bəyan etmişdi ki, Ukrayna ərazisinə “qardaş ölkələrin” sülhməramlılarının gəlməsi müharibənin taleyini dəyişə bilər.
Bu “istəkli ölkələr koalisiyası”nın tərkibi və konkret hansı qərarların qəbul edildiyi hələlik ictimaiyyətə açıqlanmasa da, məlumdur ki, dünya yeni bir diplomatik və hərbi mərhələyə qədəm qoyur.
Musavat.com
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun ətrafında gedən qalmaqallar yeni bir mərhələyə keçib. Türkiyə mətbuatında yayılan son məlumata görə, İmamoğlunun yaxın ətrafından olan vəzifəli şəxs – İBB Media AŞ-nin İdarə Heyətinin sədri və eyni zamanda onun şəxsi müşaviri Murat Ongunun evində aparılan axtarış zamanı böyük miqdarda xarici valyuta və Türk lirəsi aşkar edilib.
Bu əməliyyat yolsuzluq araşdırması çərçivəsində həyata keçirilib.
TRT tərəfindən yayımlanan görüntülərdə, Murat Ongunun evindən çıxarılan çantalardakı pulların sayı və miqdarı ölkə gündəmini silkələyib.
Əldə olunan məlumata görə, İmamoğluna qarşı bu prosesi başladan elə onun öz partiyası olan CHP-li yetkililərin, bələdiyyə üzvlərinin və qohumlarının hüquq - mühafizə orqanlarına rəsmi şikayətləridir.
CHP daxilindən verilən bu şikayətlər əsasında başlanan istintaq, İmamoğlunun siyasi karyerası üçün ciddi təhlükə yaradıb. Hazırda onunla bərabər 106 vəzifəli şəxs saxlanılıb və istintaq davam edir.
Musavat.com TRT-nin yaydığı videonu təqdim edir.
Musavat.com
“Müxalifət tərəfi CHP-si, mediası və digər strukturları ilə istər diplomla, istərsə də korrupsiya-oğurluqla bağlı məhkəmənin irəli sürdüyü iddialara cavab vermir. Əvəzində məsələni siyasi şüarlarla məhdudlaşdıraraq milləti aldatmaq kimi asan varianta əl atırlar”.
Bu sözləri Türkiyə Prezidenti Ərdoğan Əkrəm İmamoğlunun həbsi və ona qarşı ittihamlara toxunarkən bildirib.
Ərdoğan deyib ki, müxalifətin öz daxili çəkişmələrini və ya qanunla bağlı problemlərini ölkənin ən vacib məsələsi kimi qələmə vermək cəhdi ikiüzlülüyün zirvəsidir: “Bu diplom alnın təri ilə, prosedura uyğun alınmış sənəddir” desələr, bunu aidiyyəti dostlarımız vasitəsilə, hüquqi arqumentlərlə müzakirə etmək, mübahisə etmək olar. “Bələdiyyədə oğurluq, korrupsiya, qanunsuzluq, ədalətsizlik, qaranlıq, mürəkkəb münasibətlər yoxdur” deyirlərsə, bunu ekspertlərin köməyi ilə, hüquqi sübutlar əsasında danışmaq, müzakirə etmək olar. Amma onlar bunları etmirlər, edə bilməzlər, çünki onların hamısının və daha çoxunun doğru və real olduğunu ən yaxşı bilirlər. Hətta bilirlər ki, bu məlumatların və sənədlərin əksəriyyətini məhkəmə orqanlarına öz partiyadaşları veriblər”.
Ərdoğan qeyd edib ki, ictimaiyyət qarşısında timsah göz yaşları tökən CHP rəhbərlərinin əksəriyyətinin partiyadaxili qarşıdurmada rəqiblərini sıradan çıxardıqları üçün bağlı qapılar arxasında sevincinin həddi-hüdudu olmadığı da göz qabağındadır.
“Bir daha deyirəm: CHP-nin məsələsi ölkənin, xalqın deyil, öz qərargahında olan bir ovuc iddialı adamın məsələsidir. Bizim nə partiya, nə də müttəfiq olaraq müxalifətin şoularına vaxtımız yoxdur.
AK Partiya olaraq ölkənin əsl gündəmi ilə məşğuluq. Biz sadəcə işimizə fikir veririk və məqsədlərimizə diqqət yetiririk. Allaha şükürlər olsun ki, 23 illik ömrümüzün hər günü, hər anı belə keçdi, ölkəmizə saysız-hesabsız işlər, xidmətlər göstərildi. Biz bu yola davam edirik”deyə Ərdoğan müraciətində vurğulayıb.//AzPost