Ardını oxu...
Prezident Ağ Evin yeni rəhbəri dönəmində Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qalxacağını istisna etməyib, Amerika kəşfiyyatına bağlı mərkəz də Vaşinqtonun Bakıya “stavka” edəcəyini proqnozlaşdırıb; Ermənistan sülh prosesində nala-mıxa vurmağı yığışdırmasa...
Bakı ilə İrəvan arasında sülh müqaviləsinin taleyinə böyük ehtimalla məhz bu il ərzində aydınlıq gəlməlidir. Daha doğrusu, hər şey Ermənistan tərəfinin məsələyə nə dərəcədə ciddi yanaşacağından asılı olacaq. Çünki Azərbaycanın bu xüsusda edəcəyi heç nə qalmayıb. Ortam tam bəlli və aydın. “Top” çoxdan Ermənistanın meydanında. Təəssüf ki, təzə ildə də İrəvan rəsmilərinin pozitiv yanaşmasını görmürük. Hələ də “göylərdə süzür”, söz oynatmaqla məşğuldurlar. “Sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsi üzrə biz təkliflər irəli sürmüşük və Azərbaycan tərəfinin müsbət cavabı olduğu təqdirdə müqaviləni imzalamağa hazırıq”.

Ermənistan baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevin 7 yanvar tarixli müsahibəsi ilə bağlı danışarkən belə deyib. Xatırladaq ki, ötən il dekabrın 18-də İlham Əliyev rusiyalı jurnalist D.Kiselyova müsahibəsində 17 maddədən ibarət sülh sənədinin yalnız iki bəndinin razılaşdırılmadığını söyləmişdi.

Bunlar: 1. Tərəflərin bir-birinə qarşı beynəlxalq iddialardan imtinası. 2.Üçüncü ölkələrin nümayəndələrinin sərhəddə yerləşdirilməməsi: Avropa Birliyinin (AB) müşahidə missiyasının fəaliyyətinin dayandırılması.

Əlavə olaraq, Prezident Azərbaycanın 2 şərtini bəyan etmişdi: 1. Ermənistan konstitusiyası dəyişməlidir - torpaq iddiası. 2. İrəvan ATƏT-in Minsk Qrupunun (MQ) ləğvinə razılıq verməlidir. Söz düşmüşkən, yanvarın 9-da “facebook”-da etdiyi paylaşımda Paşinyan MQ-nin buraxılmasını yenə də mümkün sayıb, lakin sülh müqaviləsindən sonra. Niyə indi yox, sülh müqaviləsində sonra? Yada salaq ki, yanvarın 7-də verdiyi müsahibədə prezident Əliyev Paşinyanın özünü “sülh göyərçini” kimi apardığını bildirmiş, sülh sənədi ilə bağlı Azərbaycanın tələb-şərtlərinin dəyişməz qaldığına bir daha diqqət çəkmişdi. Həmçinin bildirmişdi ki, Ermənistana sülh müqaviləsi lazım deyilsə, Azərbaycana da gərək deyil.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə isə Paşinyana cavabında deyib ki, Ermənistan sülhdə maraqlıdırsa, ərazi iddialarından əl çəkməlidir. Qeyd edib ki, Ermənistanın “sülhsevər narrativi” regionda davamlı sülh və sabitliyin qurulmasının ən mühüm sütununu - dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsini gözardı edir: “Baş nazir Nikol Paşinyan, qoy sizin əməlləriniz sözdən daha çox danışsın”. Yəni yenə söz oyunu...

Maraqlıdır ki, Paşinyanın açıqlaması ilə eyni gündə xarici işlər naziri Ararat Mirzoyan Bakının sülh sənədi ilə bağlı iki tələbdən birini rədd edən açıqlama verib. Bildirib ki, Avropa Birliyinin Ermənistandakı missiyası bitməyəcək. “Nə qədər ki, Ermənistanın delimitasiya edilmiş sərhədi yoxdur, nə qədər ki, atəşkəs rejimi pozulur, Ermənistanda AB-nin mülki missiyasına ehtiyac qalacaq”, - Mirzoyan riyakarcasına vurğulayıb. Delimitasiya isə uzun prosesdir. Belə çıxır, o bitənədək sülh müqaviləsi olmayacaq? Axı Azərbaycanın Gürcüstanla sərhədi də tam delimitasiya edilməyib, amma iki ölkənin sərhədində heç bir xarici qüvvə yoxdur, olmayıb. Belə olan surətdə Paşinyan Bakıdan hansı cavabı gözləyir, əgər onun naziri razılaşdırılmamış iki bənddən birinə bu cür qeyri-ciddi yanaşırsa?

Hərgah nikbin fikirdə olanlar da var. Məsələn, ReAL Partiyasının sədri Natiq Cəfərli sülh müqaviləsinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın dəstəyi ilə, bu il imzalanacağını söyləyib: “Düşünürəm ki, sülh müqaviləsinin imzalanması çox yaxındır. Müqavilə və ya ən azı çərçivə sazişi Trampın dəstəyi və ya ABŞ-nin moderatorluğu ilə bu il imzalanacaq. Yəni Tramp israr etsə, ”yox" deyilməyəcək. Hətta çox güman ki, Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasına dair sənəd də eyni gündə imzalanacaq".

Yeri gəlmişkən, bu günlərdə ABŞ-ın “beyin mərkəzləri”ndən olan “Stratfor”un analitikləri 2025-ci il üçün hazırladıqları təhlildə Trampın Cənubi Qafqazda İrəvana deyil, Bakıya “stavka” edəcəyini qeyd ediblər. Məlum müsahibədə isə İlham Əliyev məhz Tramp dönəmində Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qalxacağını istisna etməyib. Sülh sənədi ilə bağlı 2025-dəki nikbin gözləntilər əsaslıdırmı? İkinci yandan, Paşinyan “razılaşdırılmamış iki maddə üzrə təkliflər vermişik və Bakıdan cavab gözləyirik” deyərkən nəyi nəzərdə tutur?

Deputat Ceyhun Məmmədovun “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycanın ABŞ-la münasibətləri hər zaman yaxşı olub. “Cənab prezident bu münasibətlərin inkişafda odluğunu həmişə qeyd edib. Bizim NATO çərçivəsində ABŞ-la əməkdaşlığımız, təhlükəsizlik və enerji sahəsində əlaqələr, sülhməramlı kontigentdə iştirakımız, beynəlxalq terrorizmə qarşı birgə mübarizədə rolumuz olub. ABŞ bu amilləri hər zaman bəyan edib. Lakin Bayden prezident olduğu dövrdə qərəzli və ədalətsiz yanaşma ilə qarşılaşdıq, bu iqtidar Ermənistanın haqsız mövqeyini müdafiə etdi. Bununla belə, cənab prezident qeyd etdi ki, ABŞ-nin yeni rəhbərliyi ilə əməkdaşlığımız olacaq. Doğrusu, hazırda Ermənistan hökuməti də Tramp administrasiyası ilə əməkdaşlığa səy göstərir. Amma nəzərə alaq ki, Trampın ilk prezidentliyi dönəmində də Azərbaycanla yaxşı əlaqələr olub. Həmçinin, Trampın Türkiyə rəhbərliyi ilə də sıx münasibətlərini diqqətdən qaçırmaq olmaz”, - deyə deputat belə şərh edib.

C.Məmmədov hesab edir ki, bu məqamları nəzərə alsaq, sülh müqaviləsinin imzalanmasında Ağ Evin yeni rəhbərliyinin dəstəyi olacağı gözləntisi var: “Bayden hakimiyyəti sülh sənədinin imzalanması üçün dəstək olmadı, Ermənistanın tərəfini saxladı. O baxımdan, ABŞ-nin yeni administrasiyasından sülh prosesinə əhəmiyyətli töhfə gözləyirik. Bayden komandası çox çalışdı ki, Azərbaycan yarımçıq sülhə imza atsın, lakin onların istəyi alınmadı. Beləliklə, cənab prezidentin yerli mediaya müsahibəsində də səsləndirdiyi fikirlərə diqqət yetirsək, sülh prosesi ilə bağlı irəlidə böyük ümidlər olduğunu söyləyə bilərik”.

Siyasi ekspert Məhəmməd Əsədullazadənin sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin 17 bəndindən əlavə, şərtlər var: “Prezident İlham Əliyev yeni şərtlərlə çıxış etdi. Çünki Ermənistan silahlanır və konstitusiyasında dəyişiklik etmir. Zəngəzur dəhlizinin açılmasında da tərəddüd edir. Ermənistanda faşizm yoxdursa, silahlanma nəyə lazımdır!? Ermənistan deyir ki, iki təklif göndərmişik, Azərbaycan razılaşsa sülh bağlamağa hazır olduğunu elan edir. Ermənistanın bu kimi şərtləri rəsmi Bakının əlavə şərtlərlə çıxış etməsinə gətirib çıxarır. Bu il sülh müqaviləsinin bağlanması üzrə danışıqlar da irəliləyişlər mümkün görünmür. Ermənistan rəhbərliyi prosesi tormozlayır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”
 
Ardını oxu...
Ermənistanın Avropa Birliyinə üzvlüklə bağlı qanun layihəsini rəsmən təsdiqləməsindən sonra Rusiyadan dərhal “ya AB, ya Aİİ (Avrasiya İqtisadi İttifaqı)” seçimi irəli sürüldü. Bu, Moskvanın İrəvana qarşı addımlarını nəhayət ritorikadan praktikaya keçirə biləcəyinin anonsu hesab edilə bilər.

- Aİİ-də təmsil olunan Ermənistanın həm də AB-də yer almaq istəyi siyasi və iqtisadi məntiqə uyğun deyil: İrəvanın belə bir addım atması Moskvanı Aİİ-də mənfi presedentin yaranması baxımından da narahat edir;

- Ermənistan indiyə qədər antirusiya ritorikası sərgiləsə də, AB-yə üzvlüklə bağlı qərar İrəvanın siyasi oriyentasiyanı dəyişdiyinin rəsmi elanıdır.

Hərçənd, Ermənistanın AB-yə üzvlük perspektivi həm coğrafi dalanda yerləşməsi, həm iqtisadi asılılıq baxımından dumanlı görünür. Əvəzində bu addım İrəvanın Aİİ-dəki mövqelərinə mənfi təsir edəcək, hətta ittifaqdan kənarlaşdırılması vəziyyətini yarada bilər: ki, Moskvanın açıqlamaları bu yöndədir;

Ermənistanın hərbi və siyasi müstəvidə Rusiyaya (onun ittifaqlarına) alternativ tapmaq imkanı olsa da, iqtisadi baxımdan bu, çətin görünür.

- Aİİ Ermənistan üçün əsas xarici bazardır və bunun itirilməsi iqtisadi çöküşlə nəticələnə bilər;

- Aİİ ilə qarşıdurma ittifaqa yenicə müşahidəçi üzv kimi qoşulan İranla da münasibətlərdə problemlər vəd edir və bu vəziyyət İrəvana təkcə iqtisadi itkilər yox, həm də regionda tək qalmaq riskləri yarada bilər.

Overçuk da bəyan edib ki, Moskva İrəvanla iqtisadi münasibətlərini bu məsələni nəzərə alaraq quracaq. Bu, İrəvana iqtisadi rıçaqlarını işə salınacağının mesajıdır. Rusiyanın Ermənistan üzərində siyasi və hərbi müstəvidəki rıçaqları zəifləsə də, iqtisadi müstəvidə təsiri hələ də güclü şəkildə qalır. Moskva son iki ildə Ermənistandan sanksiyalardan yayınma platforması kimi istifadə etdiyi üçün İrəvana təzyiqi ritorik səviyyədə saxlayırdı. Ukrayna müharibəsində situasiyanın dəyişməsi – Vaşinqton-Moskva xəttində qeyri-rəsmi danışıqların aparılması yaxın perspektivdə sanksiyaların da yumşalması gözləntisini yaradır. Bu perspektiv İrəvanın iqtisadi əhəmiyyətini Moskva üçün azalda bilər.

Bütün bu çətinliyə baxmayaraq, İrəvanın AB-yə üzvlük qərarı mümkün geosiyasi dəyişikliklərdən qaynaqlanır. Tramp Ermənistana Bayden səviyyəsində dəstək verməsə - ki bu ehtimal hələ də güclüdür, - yaxud Bakı-İrəvan arasında balans mövqeyindən kənara çıxmasa, Paşinyan hakimiyyətinin Qərbdə müdafiəçiləri zəifləyəcək və Ermənistan üzərindən Cənubi Qafqazda mövqelərini qorumağa çalışan Avropa Birliyi yeganə qapı olacaq. İrəvanın Brüsselin çətiri altına daxil olmaq istəyini rəsmiləşdirməsində bu amil xüsusi rol oynayır.
axar.az
 
Ardını oxu...
ABŞ-nin Ukrayna və Rusiya üzrə gələcək xüsusi nümayəndəsi Keyt Kelloqun Kiyevə səfəri Amerika qanununun yeni prezidentin andiçmə mərasimindən əvvəl bu cür əlaqələrə qadağa qoyması səbəbindən ləğv edilib.

Teleqraf.com “Strana.ua” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bizdə olan məlumata görə, yeganə səbəb budur. Biz həqiqətən ümid edirik ki, inauqurasiyadan dərhal sonra hərtərəfli ədalət və davamlı sülhün əldə edilməsi ilə bağlı ən aktual məsələlər üzrə general Kelloqla dialoqa başlaya biləcəyik”, - Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Georgi Tixi bildirib.
 
 
 
Ardını oxu...
ABŞ Rusiyaya qarşı sanksiya siyahılarını genişləndirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin müvafiq sənədində bildirilib.

Rusiyanın 20-dən çoxneft sənayesi xidməti şirkəti ABŞ sanksiyaları altına düşüb.

“Qazprom Neft” və “Surqutnefteqaz” törəmə şirkətləri ilə birlikdə ABŞ-nin sanksiyaların məruz qalıb.

Sanksiya siyahısına dəniz sığortası üzrə İnqosstrax və AlfaStrakhovanie də daxil edilib.

Amerika tərəfi həmçinin “Lukoyl”un həmsahibi Vahid Ələkbərovun oğlu Yusif Ələkbərova, “Başneft”in rəhbəri, “Zarubejneft”in rəhbəri Kudryaşov, “Qazprom Neft”in Moskva və Omsk neftayırma zavodlarına və “Surqutneftqaz”ın Kirişi neft emalı zavodlarına qarşı da sanksiyalar tətbiq edib.

Sanksiyalar, həmçinin Rusiya karbohidrogenlərinin daşınmasında iştirak edən və Sovcomflot, Rosneft və Qazprom Neft ilə əlaqəli 100-ə yaxın gəmiyə şamil edilir.
 
Ardını oxu...
“Rusiya qazının tranzitinin bərpasını planlaşdırmırıq”.
APA-nın məlumatına görə, bunu Ukraynanın Baş naziri Denis Şmıqal Ali Radada bəyan edib.

Onun sözlərinə görə, hazırda prioritet məsələ hasilat həcminin, eləcə də perspektiv vəd edən qaz yataqlarına sərmayələrin cəlbindən ibarətdir.

“Ukraynanın qaz nəqli sisteminin fəaliyyəti ergetika sahəsinin dayanıqlığının vacib elementi olaraq qalır. Biz Rusiya qazının tranziti üzrə razılaşma imzalamaq fikrimiz yoxdur”.

Baş nazir onu da əlavə edib ki, həm Energetika Nazirliyinin, həm də “Naftoqaz” şirkətinin qarşısında “Ukrayna – Avropanın qaz xəzinəsi” konsepsiyasının inkişafına diqqət yetirmək məsələsi dayanıb.

Qeyd edək ki, ötən il ölkədə qaz hasilatının həcmi 2023-cü ilə nosbətdə 2,2 faiz artaraq, 19 milyard kubmetr təşkil edib.
 

Ardını oxu...
  

ABŞ-ın Kaliforniya ştatında baş verən meşə yanğınları böyük fəlakətə səbəb olub.

Musavat.com xəbər verir ki, təbii fəlakət nəticəsində ştatın iqtisadiyyatına vurulan zərər təxminən 50 milyard dollar olaraq qiymətləndirilir.

Yanğınlar geniş meşə ərazilərini məhv edib, minlərlə insan evini tərk etmək məcburiyyətində qalıb. Həmçinin, infrastruktura, kənd təsərrüfatına və ticarət sahələrinə ciddi ziyan dəyib.

Rəsmilər bildirirlər ki, bu cür yanğınların miqyası iqlim dəyişikliyi, quraqlıq və yüksək temperaturla əlaqəlidir. Eyni zamanda, yanğınlarla mübarizə üçün ayrılan resursların kifayət etmədiyi də vurğulanır. 

Kaliforniya hökuməti və federal qurumlar fəlakətin nəticələrini aradan qaldırmaq üçün intensiv tədbirlər həyata keçirir. Yenidənqurma işlərinin illərlə davam edəcəyi və əlavə maliyyə dəstəyi tələb olunacağı gözlənilir.

Bu miqyasda təbii fəlakətlər təkcə regional iqtisadiyyata deyil, həm də ekoloji sistemlərə uzunmüddətli təsir göstərə bilər. 

 

Musavat.com

 
 
 
Ardını oxu...
Xəbər verildiyi kimi, Braziliyanın Hərbi Hava Qüvvələri ötən ay Qazaxıstanda qəzaya uğrayan və “Azərbaycan Hava Yolları”na məxsus “Embraer” təyyarəsinin qara qutusundakı uçuş məlumatlarının çıxarılmasını uğurla tamamlayıb. Bu barədə Braziliya rəsmiləri açıqlama yayıb. Musavat.com bildirir ki, təyyarənin qara qutusundan əldə edilən məlumatlar dərhal Qazaxıstanın müvafiq araşdırma qurumlarına təqdim edilib.

Qəza ilə bağlı araşdırmalar davam edərkən, Azərbaycan Prezidenti İlham Əliyev təyyarənin Rusiya hava müdafiə sistemi tərəfindən vurulması ehtimalını irəli sürüb. Prezident, qəzanın beynəlxalq hüquq prinsiplərinin pozulması olduğunu qeyd edərək, bu məsələ ilə bağlı Rusiyadan izahat tələb edib.

İlham Əliyev çıxışında deyib: “Biz bu hadisənin təsadüfi olmadığını düşünürük. Rusiya raket sistemlərinin bu qəzanın səbəbi ola biləcəyi ehtimalı ciddi şəkildə araşdırılmalıdır”.

Braziliyada həyata keçirilən qara qutunun təhlili qəzanın dəqiq səbəblərini müəyyən etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qara qutunun Braziliyaya göndərilməsini “obyektivlik və şəffaflıq” üçün vacib addım kimi qiymətləndirib. O, hadisənin bütün detalları ilə araşdırılacağını və beynəlxalq ictimaiyyətə nəticələrin təqdim ediləcəyini bildirib.

Qazaxıstanın Nəqliyyat Nazirliyi Aktauda qəzaya uğrayan təyyarənin uçuş registratorlarından şifrələnmiş məlumatların öyrənilməsinə başlandığını açıqlayıb. "Yaxın günlərdə qəzanın təhqiqat komissiyasının üzvlərinin Astanaya uçuş registratorlarının (qara qutular) şifrəsi açılmış materialları ilə gəlməsi gözlənilir”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl təyyarənin araşdırılması mərhələsində Türkiyə də dəstək verəcəyini bəyan edib. Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu danışıb. O bildirib ki, Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin müraciəti əsasında qəzanın səbəblərini araşdırmaq, texniki və əməliyyat təhlillərini aparmaq və qəza vəziyyətini təmin etmək üçün Türkiyədə 8 nəfərdən ibarət istintaq komissiyası yaradılıb.

Modern.az komissiyanın fəaliyyəti və "qara qutu"nun açılması prosesi haqqında məlumat almaq üçün Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi ilə əlaqə saxlayıb.

Nazirlikdən saytımızın sorğusuna cavab olaraq bildirilib ki, Türkiyənin yaratdığı komissiya qəzanın araşdırılmasında iştirakçı kimi çıxış edib. Müvafiq məlumatlar artıq qəza ilə bağlı tərəflərə göndərilib.

"Qəza ilə bağlı müvafiq dövlətlər tərəfindən açıqlama veriləcək. Dost və qardaş Azərbaycanla mülki aviasiya sahəsində əməkdaşlığımızın daha da artırılması barədə razılıq əldə edilib", - açıqlamada qeyd olunur.

İlkin araşdırmaların nəticəsi nə zaman açıqlana bilər? Rəsmi rəydə Rusiyanın günahı təsbit edilərsə, hansı addımlar atılmalıdır? Rusiya kompensasiyanı hansı şəkildə ödəməlidir?

Əsas məsələ, qardaş Türkiyənin araşdırmalarda iştirakı hansısa ört-basdır cəhdlərinin qarşısını ala biləcəkmi?

Deputat Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, bu gün Türkiyə və Azərbaycan arasında hərtərəfli əlaqələr var və Türkiyənin çətin gündə Azərbaycanın yanında olması təqdirəlayiqdir: “Bir-birimizlə elə böyük mübadilə var ki, bu bir çox sahələri əhatə edir. Türk dövlətləri təşkilatında Azərbaycanın və Türkiyənin birgə iştirakı çox böyük əhəmiyyət daşıyır. Şuşa bəyannaməsinin imzalanması ölkələrimiz arasında münasibətləri artıq müttəfiqlik səviyyəsinə qaldırıb. Bir daha dünyaya göstərdik ki, bir millət, iki dövlət olmaqla yanası, siyasi, iqtisadi və bütün sahələrdə də bir-birinə dəstək olan dövlətlərik. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğluna da xüsusi təşəkkür edirik ki, Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin müraciətinə operativ qaydada reaksiya verilib. O məşum qəzanın səbəblərini araşdırmaq, texniki və əməliyyat təhlillərini aparmaq və qəza vəziyyətini təmin etmək üçün Türkiyədə 8 nəfərdən ibarət istintaq komissiyası yaradılıb. Dost-qardaş dövlət olaraq Türkiyənin bu addımı təqdir olunmaqla yanaşı, təyyarənin qəzaya uğramasının obyektiv səbəblərinin ortaya çıxarılması baxımımndan da vacibdir”.
 
Ardını oxu...
BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycan Nümayəndəliyində UNDP-nin Audit və Tədqiqat Ofisi tərəfindən aparılmış audit yoxlaması ciddi qanun və maliyyə pozuntuları aşkara çıxarıb.

TEREF APA-ya istinadən xəbər verir ki, UNDP-nin Audit və Tədqiqat Ofisi Nümayəndəliyin həm UNDP-nin qrantlarla bağlı şəffaflıq prinsiplərini, həm də Azərbaycan qanunvericiliyini kobud şəkildə pozduğunu aşkarlayıb. Sənəd BMT-nin şəffaflıqla bağlı öhdəliklərindən irəli gələrək UNDP-nin saytına da yerləşdirilib.

23 QHT-yə qeydiyyatsız 754 570 dollar qrant

Audit yoxlamasından məlum olur ki, UNDP-nin Azərbaycan Nümayəndəliyi 2023-cü ildə ölkədə 23 qeyri-hökumət təşkilatına (QHT) 29 layihə üzrə 754 570 dollar qrantlar verib. Azərbaycan Nümayəndəliyi qrant vəsaitlərini həmin QHT-lərin yaratdıqları MMC-lərlə, yaxud QHT tərəfindən işə götürülmüş şəxslərlə birbaşa müqavilələr bağlayaraq şəxsi hesablara köçürüb. Daha sonra da bu qrantlardan müxtəlif məqsədlər üçün istifadə olunub.

Məsələ ondandır ki, bu qrantların heç biri Azərbaycan qanunvericiliyinə uyğun qaydada dövlət qeydiyyatından keçirilməyib. Yəni, qanunsuz vəsait kimi istifadə olunub. Hesabat sənədində qrant alan QHT-lərin və MMC-lərin adları açıqlanmayıb.

Daha 2.6 milyon dollarlıq saxtakarlıq?

Hesabat sənədində o da qeyd olunub ki, UNDP-nin Azərbaycan Nümayəndəliyi 2023-cü ildə Azərbaycanda “QHT-lərin bacarıqlarının artırılmasına” 1.3 milyon dollar, mina əleyhinə proqramın genişləndirilməsinə 1.3 milyon dollar vəsait ayırıb. Yenə də qrantları alan QHT-lər və onların MMC-ləri barədə məlumatlar sənəddə əksini tapmayıb.

Maraqlıdır, UNDP-nin Azərbaycan Nümayəndəliyinin əsas tərəfdaşları olan Britaniya hökuməti, Avropa İttifaqı və Yaşıl İqlim Fondu bu audit yoxlamasından hansı nəticələr çıxarıb?

O da məlum olub ki, Nümayəndəlik 2021-2025-ci illərdə fəaliyyətinə müxtəlif mənbələrdən 90 milyon dollar vəsait cəlb etməyi hədəfləyib. Lakin audit burada 30 milyon dollarlıq kəsir proqnozlaşdırıb. Qəribədir ki, Nümayəndəliyin xərcləri ildən-ilə şişib. Bu, ciddi korrupsiya siqnalı ola bilər.

2023-cü ilin yanvar-dekabr ayları ərzində Nümayəndəlik inkişaf fəaliyyətlərinə 15,2 milyon dollar xərcləyib ki, bu da əvvəlki dövrlə müqayisədə 12 faiz çoxdur.

UNDP-dən qrant alan yerli QHT və MMC-lər hansılardır?

APA özəl mənbələrindən həmin QHT və MMC-lərin adlarının artıq Azərbaycanın dövlət orqanlarına məlum olduğunu öyrənə bilib. Məlumata görə, qeydiyyatsız qrant vəsaitləri daxil olan QHT və MMC-lərlə bağlı hərtərəfli araşdırmalara başlanılıb.

UNDP-nin Audit və Tədqiqat Ofisi hesabatında Azərbaycanda Nümayəndəliyinin belə qrant idarəçiliyini “kritik dərəcədə mənfi” qiymətləndirib, bunu UNDP-nin nüfuzunu sarsıdan amil kimi görüb. O da məlum olub ki, Audit və Tədqiqat Ofisi hələ 2019-cu ildə apardığı audit zamanı Azərbaycan Nümayəndəliyinə qrantlarla bağlı hüquqi yolla hərəkət etməyi tövsiyə edib. Lakin Azərbaycan Nümayəndəliyi bu tövsiyəni də qulaqardına vurub.

Audit hesabatında milli qanunvericiliyin müddəalarına zidd olaraq üçüncü tərəflər vasitəsilə vəsaitlərin QHT-lərə köçürülməsinin səbəb olacağı risklərlə bağlı məqamın vurğulanması da diqqət çəkir:

“QHT-lərə hökumətin razılığı olmadan qrant maliyyəsi verilib. Ölkənin qrantlar haqqında milli qanununda beynəlxalq mənbələrdən maliyyələşən QHT-lərlə bütün qrant müqavilələrinin və xidmət müqavilələrinin müvafiq milli orqan tərəfindən qeydiyyata alınması haqqında müddəa var”.

Audit və Tədqiqat Ofisi hesab edir ki, belə qrant idarəçiliyi hesabatların aydın olmayan xətləri və fidusiar məsuliyyət səbəbindən fırıldaqçılıq və inkişaf fondlarının itirilməsinə, ölkənin milli qanunlarının tələb etdiyi kimi, hökumətin razılığı olmadan maliyyə vəsaitlərinin verilməsi ilə reputasiya risklərinə yol aça bilər.

Audit hesabatında o da qeyd edilib ki, layihələrin həyata keçirilməsinə şəffaf və ciddi nəzarət olmayıb. Layihə fəaliyyətlərinin qeyri-adekvat monitorinqi hesabatlılıqda zəifliklərə və vaxtında düzəldici tədbirlərin görülməməsinə səbəb olub.

Azərbaycanın “Qrant haqqında” qanununa əsasən, Azərbaycan Respublikasının resipiyentlərinin aldıqları qrantlar haqqında müqavilələr (qərarlar) qeydə alınması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim olunmalıdır. Azərbaycan Prezidentinin “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərmanına əsasən, donorlar tərəfindən kommersiya qurumları və publik hüquqi şəxslərlə əlaqədar qrantlar haqqında müqavilələr qeydə alınması üçün İqtisadiyyat Nazirliyinə, dini qurumlarla əlaqədar qrant müqavilələri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, QHT-lər, habelə bələdiyyələr və fiziki şəxslərlə əlaqədar qrant müqavilələri Ədliyyə Nazirliyinə təqdim edilməlidir.

UNDP Şuşanı Azərbaycan ərazisi saymır?

Araşdırma göstərir ki, UNDP-nin Azərbaycan Nümayəndəliyi 2022-ci il avqustun 27-də Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, minalardan təmizlənməsi, münaqişədən sonrakı dövrdə şəhərsalma potensialından istifadə və beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş beynəlxalq konfransla əlaqədar Şuşa şəhərinə səfərdən imtina edən yeganə beynəlxalq qurum olub. Tədbirdə diplomatik korpus və BMT-nin ölkəmizdə fəaliyyət göstərən təşkilatlarının nümayəndələrinin iştirakı fonunda UNDP-nin Azərbaycandakı nümayəndəsinin Şuşa şəhərinə səfərdən imtinası Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə açıq hörmətsizlik idi.

156 min manata qadınlar üçün təlim

UNDP son illər Azərbaycanda Qadın Resurs Mərkəzləri yaratmağa girişib. Araşdırmalarımız göstərir ki, bu mərkəzlər də korrupsiya layihələrindən biridir. Bu Mərkəzlərin hansı işlə məşğul olması heç kimə bəlli deyil, bir müddət əvvəl dövlət qurumları UNDP-nin Bakıdakı Qadın Resurs Mərkəzinin fəaliyyəti ilə tanış olmaq üçün ora baxış keçirmək istəsələr də, Mərkəzin direktoru qapıları bağlayıb və bildirib ki, UNDP içəri keçməyə icazə vermir.

UNDP-nin Audit və Tədqiqat Ofisinin hesabatında qadınlarla bağlı məqamlar bu baxımdan diqqətçəkicidir. Audit yoxlamasını aparanların özləri də şoka düşüb ki, müharibədən təsirlənmiş bir qrup qadına adi təlim keçirilməsi üçün 92 min dollarlıq (!) qrant layihəsi “icra olunub”. Maraqlıdır ki, 156 min manat dəyəri olan bu təlim nə barədədir, həmin qadınlar kimlərdir? Sənəddə bu da açıqlanmır.

UNDP-nin fəaliyyətində nəsə dəyişib?

Xarici donorların Azərbaycanda şübhəli fəaliyyəti yenilik deyil. Hətta 2025-ci il yanvarın 7-də Azərbaycan Prezidenti İlham Əliyev yerli mediaya müsahibəsində qeyri-leqal qrantlar məsələsinə xüsusi diqqət çəkib. Prezident Əliyev deyib ki, Avropa İttifaqı ilə bütün tvininq proqramları dayandırılıb: “Avropa İttifaqının leqal olan qrantlarının hamısı dondurulub. Qismən qeyri-leqal olanlar da var, əsasən Gürcüstandan keçməklə sərhəddən buraya pullar gətirilir, yenə də sorosçu strukturların əlaltıları vasitəsilə, amma əvvəlki kimi deyil, həm də bizim hüquq-mühafizə orqanları bütün bunları izləyir. Amma bizim leqal qrantlardan imtina etməyimizin səbəbi odur ki, onlar ərazimizdə gələcəyə, əsasən gənclərə istiqamətlənmiş öz platformalarının yaradılmasına yönəldilmişdi. Təəssüf ki, biz Azərbaycan gəncliyinin bəzi nümayəndələrinin xəyanət yolu tutduğunu görürük, açıq-aşkar satqınlıq, erməniçiliklə əməkdaşlıq – bu da NED (Amerikanın “National Endowment for Democracy”) və EED (“European Endowment for Democracy”) tərəfindən maliyyələşdirilən sözdə qrant proqramları vasitəsilə beyinlərin yuyulmasının nəticəsidir. Hətta burada siz necə klonlaşdırma olduğunu görürsünüz, adlar eynidir, sadəcə, birində “National”, digərində “European” sözləri var”.

Bu qeydlər də göstərir ki, Azərbaycanda hökm sürən sağlam ictimai mühit bir sıra dairələri ciddi qayğılandırır. Bura UNDP də əlavə oluna bilər. Ortaya çıxan faktlar bu sualları aktual edir: əgər bu qrant layihələri heç bir xüsusi missiya üçün nəzərdə tutulmayıbsa, o zaman niyə rəsmi qeydiyyatdan keçirilib, şəffaf şəkildə leqallaşdırılmır? Hətta UNDP baş ofisi belə bunu tövsiyə etdiyi halda Azərbaycan nümayəndəliyi niyə “öz bildiyi qaydada” işləməyə davam edir? Və bütün bunlardan sonra UNDP-nin Azərbaycan Nümayəndəliyində kimlər və necə cəzalandırılacaq?

APA UNDP-nin Azərbaycan Nümayəndəliyinə milyonlarla dollar qrantlar ayrılmış yerli QHT və MMC-lərin siyahısını əldə etmək üçün sorğu göndərəcək.
 
Ardını oxu...
Yutuber Albert İsakov Ermənistanın hazırkı müdafiə naziri Suren Papikyanla bağlı olduqca maraqlı faktlar təqdim edib.

TEREF Axar.az -a istinadən xəbər verir ki, o, Papikyanın təxminən 10 ili əhatə edən şəbəkə hesabındakı paylaşımları ilə onun düşüncələrini və yanaşmalarını ortaya qoyub.

Məsələn, 2014-cü ildəki paylaşımında Papikyan Bakını ələ keçirəcəkləri barədə olan məqaləni paylaşıb.

Məqalədə isə ovaxtkı müdafiə naziri Vazgen Sərkisyanın hərbi hissəyə getməsindən bəhs edilir. Guya o, mülki paltarda olur və maşını da özü sürür.

Hərbi hissəyə daxil olduqdan sonra əsgərlərlə söhbət edir. Nazir erməni əsgərlərin kəmərindəki “HB” (Haykakan banak – Ermənistan ordusu) abreviaturasının mənasını bir əsgərdən soruşur. Əsgər deyir: bu, “Hasnenq Baku” – “Bakını alacağıq/Bakıya çatacağıq” deməkdir. Nazir isə əsgəri qucaqlayaraq, hərbi hissə komandiri Seyran Saroyana təriflər yağdırır ki, cəsarətli əsgərlərin var.

Papikyan da 28 yanvar 2014-cü ildə məhz bu “məqaləni” “Alacağıq” sözləri ilə paylaşıb.

1 dekabr 2019-cu ildə isə Papikyan əlində nar olan fotosunu bu sözlərlə paylaşıb: “Ağdam mənim vətənimdir!” (Suren Papikyan 26 aprel 1986-cı ildə Cəlaloğluda (ermənilər onun adını Stepanavana dəyişib) anadan olub).

Papikyan hazırda bu postların hər ikisini səhifəsindən silib.

Ancaq 1 sentyabr 2014-cü ildə Papikyan qonşulara ərazi iddiasını əks etdirən paylaşımını hələ də saxlayır. Bu paylaşımda ortada Ermənistanın bayrağı, dörd tərəfində isə üzərində “qərbi Ermənistan” (Türkiyə ərazisi), “Cavax” (Gürcüstan ərazisi, Cavaxetiya), “Artsax” və “Naxçıvan” yazılmış əski parçaları əks olunub.

 
Ardını oxu...
Türkiyəli siyasi analitik Volkan Aydemir Rusiya "dost atəşi" həyata keçirib”deyir - ŞOK İDDİA

Türkiyəli siyasi analitik Volkan Aydemir REAL TV-yə verdiyi müsahibədə gözlənilməz və sensasion açıqlamalar verib. Aydemir bildirib ki, Azərbaycana məxsus AZAL təyyarəsinin vurulmasının əsas səbəbi Ukraynadır. O, iddia edir ki, Ukrayna dronları AZAL təyyarəsinin arxasına gizlənərək Rusiya istiqamətində, Qroznıya hücum həyata keçirib və nəticədə Rusiyanın yanlışlıqla “dost atəşi” törətməsinə səbəb olub.

Aydemirə görə, bu hadisədə əsas günahkar Ukrayna sayılmalıdır, çünki təcavüz ilk olaraq onlardan gəlib. Lakin jurnalistin “dost atəşi nədir və sizin fikrinizcə bu, necə izah olunur?” sualına Aydemir məntiqli və əsaslandırılmış cavab verməkdə çətinlik çəkib.

Volkan Aydemirin bu cür açıqlamaları Azərbaycan auditoriyasında heyrət və ciddi narazılıq doğurub. Çünki bu iddialar həm obyektivlikdən uzaqdır, həm də gözləntiləri doğrultmur. Hər halda, fakt qalır ki, mülki təyyarəni vuran və bu insidentə görə cavabdehlik daşıyan birbaşa Rusiya tərəfidir. AZAL təyyarəsinə atəş açıldıqdan sonra məsuliyyəti qəbul etməkdən yayınması və cinayəti ört-basdır etməsi isə Rusiyanın məsuliyyətini daha da ağırlaşdırır.

Musavat.com xatırladır ki, hadisədən sonra təyyarənin qara qutusu Braziliyada açılıb və məlumatlar Qazaxıstana göndərilib. Gözlənilir ki, bu məlumatlar Volkan Aydemirin irəli sürdüyü “dost atəşi” kimi əsassız iddiaları alt-üst edəcək və əsl həqiqəti ortaya qoyacaq.

Azərbaycan rəsmiləri və medianın böyük bir hissəsi bu insidentin Rusiyanın səhvi nəticəsində baş verdiyini vurğulayıb. Lakin bu, Rusiyanın hərəkətlərini “dost atəşi” kimi qəbul etmək anlamına gəlmir. Rusiya mülki təyyarəyə atəş açaraq beynəlxalq hüququ kobud şəkildə pozub və bu hərəkət mülki aviasiyaya qarşı cinayət kimi qiymətləndirilməlidir.
 

Dünyapress TV

Xəbər lenti