Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Akkuyu AES layihəsini Türkiyənin Rusiya Federasiyası ilə birgə həyata keçirdiyi ən böyük sərmayə adlandırıb.
O, bu barədə cümə axşamı Ankaradan videobağlantı vasitəsilə iştirak etdiyi stansiyaya ilk nüvə yanacağının çatdırılması mərasimində bildirib.
“Akkuyu stansiyası bizim Rusiya ilə ən böyük müştərək sərmayəmizdir. Öz adımdan və xalqım adından Rusiyaya və Prezident Vladimir Putinə təşəkkür edirəm. Tikintidə əməyi olan bütün işçiləri təbrik edirəm. Bir çox belə mühüm layihələr kimi, Akkuyu layihəsi də büdcəmizə yeni yük əlavə etməyən maliyyə modelinə uyğun həyata keçirilir. Bunun sayəsində Rusiya ilə birgə tezliklə ölkəmizdə ikinci və üçüncü analoji qurğuların tikintisinə başlanacaq”, - deyə Ərdoğan qeyd edib.
Ukraynaya atəşi dayandırmaq yönündə çağırışlar sinizmdir. Rusiya lideri Vladimir Putin istəyərsə, Ukraynada sülh ola bilər.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Macarıstandakı səfiri Devid Pressman deyib.
“Ölkənizin torpaqlarının 20 faizi işğal altında olduğu halda, atəşi dayandırmaq yönündə çağırış etmək sinizmdir. Atəşin dayandırılacağı halda Putinin danışıqlar masasına əyləşəcəyi, qoşunlarını çıxaracağı inandırıcı deyil”, - deyə səfir bildirib.
Nigeriyanın Federal Paytaxt Ərazisində (FCT) silahlı şəxslərin hücumu nəticəsində 29 nəfər qaçırılıb.
Manset.az Daily Trust qəzetinə istinadən xəbər verir ki, ötən gecə FCT-nin Kvali rayonundakı Yewuti kəndinə gələn silahlı şəxslər atəş açıb.
Hücumda aralarında uşaqların da olduğu 29 nəfər qaçırılıb, 2 nəfər isə təcavüzkarların əlindən qaça bilib.
Kvali rayonunun keçmiş vitse-prezidenti Alhaji Zubairu Cibrin oğurlananlar arasında onun qardaşı və qardaşının ailəsinin də olduğunu bildirərək hücumu təsdiqləyib.
Cibrin qaçırılanların azad edilməsi üçün hökumətdən təcili yardım istəyib.
Qeyd edək ki, Nigeriyada adam oğurluğu ölüm cəzası ilə cəzalandırılır, lakin fidyə müqabilində adam oğurluğu adi hal alıb. Ölkədə artan təhlükəsizlik problemlərinə qarşı mübarizə çərçivəsində silahlı şəxslərə fidyə ödəmək qadağan edilib.
Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin İrəvana gedib.
O, ermənistanlı həmkarı ilə sülhməramlıların nəzarət zonasındakı vəziyyəti müzakirə edib. Həmçinin, Mixail Qaluzin və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda keçirilən görüşdə üçtərəfli razılaşmalara uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün yolları üzrə səylərin gücləndirilməsinin zəruriliyini qeyd ediblər.
Qeyd edək ki, Rusiya XİN başçısının müavinin Ermənistana yeni təkliflə getdiyi iddia olunur.
Maraqlıdır, Kremlin yeni təklifi nə ola bilər?
TEREF.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Natiq Miri bildirib ki, Rusiyanın gündəmində və marağında olan əsas məsələ Azərbaycanla Ermənistan arasındakı sülh prosesini öz nəzarətindən çıxmağa imkan verməməkdir:
“Bunun üçün hüquqi cəhətdən Rusiyanın əlindəki yeganə təsir vasitəsi 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatdır. Lakin bu məsələnin icrası məsələsi demək olar ki, tam olaraq dayandırılıb. Əlbəttə ki, bu məsələdə Ermənistan günahkar olduğu qədər, Rusiya da günahkardır. Çünki Kreml özünün geosiyasi maraqları konteksində sülh prosesini və Qarabağdakı ermənilərin Azərbaycana inteqrasiya məsələsini süni olaraq ləngitməklə elə bil vəziyyət yaratdı ki, digər qlobal güclər bundan istifadə edərək regiona müdaxilə imkanı qazandı. Nəticədə, bu gün Ermənistanda KTMT mövcud deyil, amma Avropa İttifaqının 100 nəfərlik müşahidə missiyası yerləşdirilib. Sonradan ayılan Rusiya bunu kompensasiya etmək üçün ciddi şəkildə çalışır”.
Politoloq qeyd edib ki, gələcəkdə Kremlin bu prosesdən sıxışdırılıb çıxarılması və onsuz sülh müqaviləsini imzalamaq mümkün olarsa, Rusiyanın birdəfəlik Cənubi Qafqazdan çıxmasına gətirib çıxaraq:
“Çünki artıq bu proses başlayıb və Rusiya da onun qarşısını almağa çalışır. Buna görə də Mixail Qaluzinin Ermənistana səfərinin məqsədi yenidən 10 noyabr Bəyanatının icra olunması məsələlərini müzakirə etmək və yeni müzakirə predmetləri yaratmaqdan ibarətdir. Rusiya nəinki 10 noyabr Bəyanatının icrasını, eyni zamanda öz ərazisində Azərbaycanla Ermənistan arasında görüş belə təşkil edə bilmir. Yəni Kreml o qədər zəifləyib ki, onun istəklərinə Ermənistan adekvat cavab vermir. Rusiya da yenidən bütün bunların bərpa olunmasına çalışır. Nə qədər nail olub-olmayacağını yaxın gələcəkdə görəcəyik. Həmçinin, Moskva İrəvana müəyyən vədlər də verə bilər.
Ən azından Ermənistan sərhədinin təhlükəsizliyini KTMT qoşunlarının tərəfindən təmin olunmasını da təklif edə bilər. Ancaq Ermənistan hakimiyyəti buna imkan vermək istəmir. Azərbaycanın Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında öz nəzarət-buraxılış məntəqəsini qurması Ermənistanın Rusiyaya etimadı daha da azalıb. Ermənistan hələ də Rusiyadan Laçın-Xankəndi yolunun açılmasın da tələb edir. Əlbəttə ki, bu da mümkün deyil. Çünki Rusiya Azərbaycan və Türkiyə ilə münasibətləri pozmaq istəmir. Bütün bunlara görə Qaluzinin Ermənistana növbəti səfərinin nə qədər effektli olacağı da sual altındadır”.
Bütün İranda olduğu kimi, Güney Azərbaycanda da rejimə qarşı etirazlar davam edir və bu fonda milli kimlik məsəsləsinə artlq getdikcə daha çox diqqət edilir.
Belə bir vaxtda xüsusi diqqət çəkən hallardan biri də Təbrizin “Traktor” futbol komandasının azarkeşlərinin bir müddətdir stadionda səsləndirdikləri ənənəvi “Türk dilində mədrəsə” və “Azərbaycan var olsun” kimi şüarlardan əlavə yeni şüarlar səsləndirməyə başlamalarıdır. Belə ki, Təbrizin 70 min nəfərlik stadinonunda “Traktor” komandası ilə “Tehran Peykan” komandası arasında keçirilən matç zamanı minlərlə azarkeş milli-mədəni şüarları səsləndirmə ənənəsini davam etdirib.
Sosial şəbəkələrdə paylaşılan videolarda azarkeşlərin “Nə şahçıyam nə şeyxçi, millətçiyəm millətçi!”, “Azadlıq, ədalət, milli hökümət”, “Türk dilində mədrəsə, olmalıdır hərkəsə” və “Azərbaycan var olsun, istəməyən kor olsun!” kimi şüarların səsləndirildiyi eşidilir. 2022-23 İran proliqa oyunları çərçivəsində keçirilən matçda “Traktor” komandası “Tehran Peykan”ı 1:0 hesabı ilə məğlub edib. İranda “türk kimliyinin simvolu” kimi tanınan “Traktor” futbol komandasının azarkeşləri keçən illərdən bəri stadionlarda şüarlar səsləndirib və plakatlar nümayiş etdirərək, türk dilində təhsil tələbini gündəmə gətirib, siyasi məhbuslara dəstək bildirib, “Urmiyə gölünün qurudulması” və İranda qadınların stadiona giriş yasağına etiraz ediblər. Belə vəziyyətdə İranda ötən ildən başlayan kütləvi etiraz aksiyalarının müxtəlif yerlərdə davam etdiyi də diqqətdən yayınmır. Məlumata görə, Tehran, Kirman, Gilan, Mazandaran, İlam və başqa vilayətlərdə kütləvi aksiyalar keçirilib. Kirmanda keçirilən aksiyada etirazçıların şüarı fərqli olub. Onlar uşaqların, qızların qətlə yetirilməsinə etirazlarını bildiriblər. İranın qəhrəmanı hesab olunan və İraqda ABŞ kəşfiyyatı tərəfindən məhv edilən general Qasım Süleymaninin Kirmandakı banneri etirazçılar tərəfindən yandırılıb. Aksiya iştirakçıları “İstər edam, istər həbsxana-biz sona kimi dayanacağıq” şüarları səsləndiriblər. Bəllidir ki, Məşhəd şəhəri İranın dini mərkəzi və müqəddəs hesab olunan məkandır. İmam Rzanın mavzoleyinin bu şəhərdə yerləşməsi və hər il minlərlə dindarın şəhəri ziyarət etməsinə baxmayaraq, burada da vəziyyət gərgin olaraq qalır. Şəhərin divarlarında böyük hərflərlə və qırmızı boya ilə İslam inqilabı və hakimiyyət əleyhinə şüarlar yazılır. Sari şəhərində isə etirazçılar inqilabı dəstəkləyən və guya könüllülərdən ibarət olan “Bəsic” təşkilatının bazasını yandırıblar. Aksiyaların davam etməsinin digər səbəbi beynəlxalq sanksiyaların tətbiqi nəticəsində ölkədə yaranan iqtisadi çətinliklər, inflyasiya, qiymətlərin hər gün daha çox artması nəticəsində əhalinin səbir kasasının dolmasıdır. Yeri gəlmişkən qeyd edək ki, bu günlərdə ABŞ İrana yardım edən 6 şirkətə və 1 nəfər fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib. Bu şirkətlərin adları Amerikanın Maliyyə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Həmin şirkətlər yeni texnologiyalar əsasında istehsal etdikləri elektron cihazları İrana satıblar. İran isə bu cihazlardan istifadə edərək hərbi yönümlü pilotsuz uçan aparatlar istehsal edir. Belə bir vaxtda yenidən böyük siyasətə qayıtmaq istəyən keçmiş prezident Həsən Ruhani baş örtüyü və idarəetmə sistemi barədə referendum keçirməyi və xalqın istəyinin nəzərə alınmasını təklif edib. Ruhani növbəti parlament seçkilərində iştirak etmək niyyətini də ifadə edib.
Hazırda İranda baş verən hadisələr onu göstərir ki, vəziyyət tezliklə düzələnə oxşamır. Elə bundan irəli gəlir ki, İranın neft sənayesində çalışan işçilər ölkənin bir sıra şəhərlərində əmək haqlarının qeyri-adekvat artımına etiraz olaraq həyata keçirdikləri tətili davam etdirirlər. İranda inflyasiya səviyyəsinin artması və vətəndaşların gəlir və xərcləri arasında fərqin böyüməsinin ardınca işçilər, müəllimlər və təqaüdçülər də daxil olmaqla müxtəlif həmkarlar ittifaqları və qruplar son həftələrdə kütləvi etiraz və tətillərə başlayıblar. Tətil edən neft sənayesin işçilər bu yaxınlarda sənaye və qeyri-sənaye zavodlarında müqavilə əsasında işləyən işçilərin əmək haqqının 79% artırılmasını tələb ediblər. İran prezidenti İbrahim Rəisinin hökuməti əmək haqlarında 27% artım təklif edib və 2023-cü ildə inflyasiyanı azaltmağa söz verib. Tətil edən işçilər bu təklifi rədd ediblər. Etirazlara daha bir səbəb həbs edilənlərə qarşı tətbiq olunan işgəncələrdir. Elə bu fonda İranın tanınmış din və dövlət xadimi Hüseyn Ənsarian ölkə həbsxanalarında məhbusların mənəvi və fiziki işgəncələrə məruz qalmasına etiraz edib. Hakimiyyətə yaxın din xadimlərindən olan Hüseyn Ənsarian gözlənilmədən həbsxanalarında məhbuslara verilən işgəncələrə işarə edərək bu cür davranışları tənqid edib. O, çıxışında müxaliflərin və ya siyasi məhbusların adlarını çəkmədən İranda onların ruh və cisimlərinə verilən zülmləri tənqid edərək deyib: "Bir cinayətkar həbs olunubsa, yalandan sabah səhər edam olunacağını deməyin! Allahın bəndələrini qorxutmayın!”. H.Ənsarian İranın təhlükəsizlik qurumlarının əməkdaşlarına da müraciət edib: “Məni həbs edib zindana salsanız, mənə hörmət edin! Tələb olunan həcmdə istədiyim hər şeyi ver! Məni söymə, təhqir etmə, başıma vurma, lazımsız yerə vurma! Bütün bunlar Allah tərəfindən qadağan edilib. Bunlar yasaqlardır”. Hesab edilir ki, bütün bunlar İranın hakim elitasında artıq parçalanmaların olmasının təzahürüdür.
Dünyanın ən böyük təşkilatı olan BMT-də islahatların aparılması son dövlərdə daha tez-tez gündəmə gəlir. Bu qurumda islahatları dəstəkləyən ölkələrdən biri də Azərbaycandır. Xüsusən də BMT Təhlükəsizlik Şurasının islahatı ciddi zərurət kimi çıxış edir.
Qeyd edək ki, cari ilin yanvarında Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah Əs-Sisi ilə görüşündə yenidən bu mövzuya toxunan prezident İlham Əliyev vurğulayıb: “Hesab edirəm ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir. Bir daimi yer mütləq İslam Əməkdaşlıq Təşkilatının üzvünə verilməlidir və İslam Əməkdaşlıq Təşkilatı özü məsləhətləşmələr əsasında bu namizədliyi irəli sürməlidir. Digər daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə bu yerə sahib olmalıdır. Hesab edirəm ki, bu, ədalətli olar”. BMT Təhlükəsizlik Şurasında islahatların zəruriliyi qurumun son iclasında baş verənlər fonunda bir daha öz təsdiqini tapdı. Burada ABŞ, Britaniya, Yaponiya və Avropa İttifaqının bir neçə ölkəsi BMT Təhlükəsizlik Şurasının islahatına çağırıblar. Qeyd edək ki, aprelin 24-də Nyu-Yorkda BMT Təhlükəszilik Şurasında keçirilən iclasa Rusiyanın xarici işlər naziri Sergey Lavrov sədrlik edib. Hazırda Təhlükəsizlik Şurasına rotasiya qaydasında Rusiya sədrlik edir. İclası giriş sözü ilə açan Lavrov deyib ki, dünya Soyuq müharibə illərində olduğu kimi təhlükəli xəttə çatır. Nazir qeyd edib ki, BMT-nin Təhlükəsizlik Şurasında Qərb ölkələri həddən artıq çox, başqa regionların ölkələri isə azdır. Lavrovun fikrincə bu, beynəlxalq münasibətlərin çoxtərəfli olmasına imkan vermir. Lavrov Rusiyanın Ukrayna üzərinə hücumuna görə ABŞ-ı və onun müttəfiqlərini ittiham edib. O iddia edib ki, Rusiya qoşunlarının məqsədi “adamların Kiyev rejimi tərəfindən qırılmasına son qoymaq və NATO-nun yaratdığı təhlükənin qarşısını almaqdır”.
Lavrov eyni zamanda onu BMT Təhlükəsizlik Şurasına səfərdə müşayiət edəcək jurnalistlərə vizaların verilməsinin ləngidilməsini pisləyib. Onun sözlərinə görə, ABŞ səfirliyi jurnalistlərə viza verəndə artıq nümayəndə heyətini aparan təyyarə havaya qalxmışdı. ABŞ-ın Təhlükəsizlik Şurasındakı nümayəndəsi Linda Tomas-Qrinfild deyib ki, bu ay bu quruma sədrlik edən Rusiya qəsbkar müharibə aparmaqla, taxıl razılaşmasını pozmaqla və nüvə silahlarına nəzarət üzrə müqavilədən çıxmaqla BMT-nin nizamnaməsini kobud şəkildə pozub: “Bizim iclasımızın riyakar sədri Rusiya qonşusu Ukraynaya müdaxilə edib və BMT Nizamnaməsinin və əziz bildiyimiz bütün dəyərlərin ürəyinə zərbə endirib. Bu qanunsuz, səbəbsiz və lüzumsuz müharibə bölüşdüyümüz ümumi dəyərlərə birbaşa ziddir. Təcavüzkar müharibə və ərazi qəsbkarlığı heç bir vəchlə məqbul sayıla bilməz. Bizim burda oturduğumuz bir vaxtda Rusiya qüvvələri Ukrayna mülkilərini öldürməkdə və şikəst etməkdə davam edir”. Xanım Tomas-Qrinfild Rusiyada həbs olunmuş ABŞ vətəndaşları, casusluqda ittiham olunan Pol Uilan və Evan Gerşkoviçin məsələsini xatırladıb və onların dərhal azad olunmasını tələb edib. ABŞ səfirinin sözlərinə görə, BMT hazırda “etimad böhranı” yaşayır. O deyib ki, təcavüz və ərazilərin qəsb olunması beynəlxalq hüquq baxımından yolverilməzdir. Tomas-Qrinfild çıxışında BMT sistemində islahatların keçirilməsinə çağırıb. Onun bu mövqeyi ilə Britaniya və Fransa səfirləri də razılaşıblar.
Məsələ ilə bağlı Britaniyanın BMT-dəki səfiri Barbara Vudford deyib: “Rusiyanın Ukraynaya müdaxiləsi ukraynalılara təsəvvürolunmaz iztirablar gətirib və Rusiyanın özü üçün də fəlakətə çevrilib. Rusiyada hazırkı nəsil gələcəyindən məhrum edilib və hökumət bunun səbəbini izah da etmir”. Fransa səfiri Nikolya de Rivyer deyib ki, Rusiya bundan əvvəl də beynəlxalq hüququn aliliyi prinsipini pozub. Onun sözlərinə görə, Rusiyanın 2008-ci ildə Gürcüstana müdaxiləsini, 2014-cü ildən bəri Donbas separatçılarına dəstəyini və İrana qarşı silah embarqosunu pozmasını yalnız bununla izah etmək olar. Rivyer bildirib ki, Fransa və Meksika təşəbbüslə çıxış ediblər. Bu təşəbbüsə uyğun olaraq Təhlükəsizlik Şurasının daimi üzvlərinə söhbətin kütləvi vəhşiliklərdən getdiyi vaxtlarda özlərinin veto hüququndan çəkinmələri tövsiyə edilir. Yaponiyanın BMT-dəki səfiri İsikane Kimihiro da Rusiyanı öz veto hüququndan Təhlükəsizlik Şurasının qərarlarını iflic etmək məqsədilə istifadədə ittiham edib. Kimihiro Rusiya qoşunlarının Ukraynadan çıxarılmasını tələb edib: “Rusiya ilk növbədə bütün qoşunlarını və texnikasını Ukraynanın beynəlxalq aləmdə tanınmış sərhədləri içərisindən dərhal və qeyd-şərtsiz çıxarmalıdır. Bu, həm kinayəli və hətta faciəli vəziyyətdir ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya Federasiyası burada BMT Nizamnaməsinin müdafiəsi üçün səmərəli çoxtərəflilik barədə debatlar açdığı bir vaxtda onun Ukraynaya qarşı birtərəfli təcavüzü davam edir”. Yaponiya nümayəndəsi də Təlükəsizlik Şurasında islahat aparılmasına çağırıb. Təhlükəsizlik Şurası yanında Avropa İttifaqı nümayəndə heyətinin rəhbəri Olaf Skuq deyib: “Rusiya özünü BMT Nizamnaməsinin və çoxtərəfliyin müdafiəçisi kimi təqdim etməyə çalışır. Heç nə həqiqətdən bu qədər uzaq ola bilməz. Bu, sadəcə olaraq arsızlıqdır”. Lakin BMT-dəki Çin diplomatik missiyasının rəhbəri Çjan Tszyun Təhlükəsizik Şurasında islahatların aparılması təşəbbüsünə qarşı çıxıb. O deyib ki, nizamnaməni islah etməkdənsə, hərənin özündən başlaması lazımdır: “Biz bəzi ölkələrin öz iradəsini beynəlxalq birliyə zorla qəbul etdirməsinin əleyhinəyik”. Çin səfiri konkret ölkə adı çəkməsə ölkələri birtərəfli sanksiyalar qoymaqdan çəkinməyə çağırıb. Xatırladaq ki, BMT-nin nizamnaməsi 1945-ci il 26 iyun tarixində imzalanıb və 1945-ci il 24 oktyabrda qüvvəyə minib. BMT-nin əsas orqanları BMT Baş Məclisi, Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir. 80 il əvvəl qəbul edilən nizamnamə yeni dövlətlərin yaranması, dünyada yaranan yeni reallıqlar fonunda müasir tələblərə cavab vermir. Məhz bu səbəbdən də bir sıra hallarda BMT qlobal miqyasda baş verənlərə operativ yanaşma sərgiləmir. Ona görə də qurumda, xüsusən də onun Təhlükəsizlik Şurasında islahatlar zəruridir.
"Biz Ukraynadakı müharibənin nə vaxt başa çatacağını bilmirik".
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Brüsseldə Gürcüstan Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuat konfransında deyib.
“Biz müharibənin nə vaxt başa çatacağını bilmirik, lakin biz bilirik ki, Rusiyanın təcavüzü zəhərli bir nümunədir və bu birdəfəlik dayandırılmalıdır. Ukrayna BMT xartiyasına uyğun olaraq özünümüdafiə hüququnu saxlayır və biz bütün NATO tərəfdaşlarının bu məqsədi dəstəkləməsini gözləyirik”.
Serbiya NATO ilə konflikt axtarmır və onda iştirak etmək iqtidarında da deyil.
Axar.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
O öz xalqının daha da alçaldılmasını istəmədəyini bildirib:
“Alyansla konflikt istəmirik və ölkə buna qadir də deyil. Lakin biz bundan sonra da xalqımızın alçaldılmasına, hücuma yol verə bilmərik. Belə olan halda hər şey mürəkkəbləşir”
Qondarma erməni soyqırımının ildönümündə ABŞ-də yaşayan ermənilər Azərbaycanın Vaşinqtondakı səfirliyi qarşısında mitinq keçirirlər.
Bu barədə Azərbaycan səfiri Xəzər İbrahim özünün “Twitter” hesabında bildirib.
“Ermənilər səfirliyimizin önündə sülh istədikləri şüarları səsləndirməklə yanaşı, həm də Azərbaycan və Türkiyənin suveren ərazilərinə iddialar səsləndirirlər. “Sülh” sözü ermənicə “müharibə” kimi tərcümə olunur?”, - deyə diplomat sosial şəbəkədə qeyd edib.