Türkiyənin Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Milli Kəşfiyyat Xidmətinin (MİT) rəhbərləri martın 14-də Bağdadda iraqlı həmkarları ilə təhlükəsizlik toplantısı keçirəcək.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Keçəli Ankarada keçirdiyi brifinqdə bildirib.
“Martın 14-də Bağdadda təhlükəsizlik üzrə toplantı keçiriləcək. Xarici işlər naziri Hakan Fidan, müdafiə naziri Yaşar Gülər və MİT başqanı İbrahim Kalın iştirak edəcəklər. Görüşdə təhlükəsizliklə bağlı məsələlər və hərbi əməkdaşlıq, terrorizmlə mübarizə probleminə ortaq baxış və bu sahələrdə konkret addımlar müzakirə olunacaq”, - diplomat deyib.
O əlavə edib ki, daha əvvəl həm Türkiyə, həm də İraq PKK-nın hər iki ölkə üçün ortaq təhlükə olduğunu vurğulayıblar. “Bu, İraq rəhbərliyinin PKK ilə mübarizə məsələsində mövqeyini dəyişməyə başladığının göstəricisidir və bu, Ankara tərəfindən məmnunluqla qeyd olunur”, - Ö.Keçeli vurğulayıb.
Diplomat, həmçinin İraqda ABŞ hərbçilərinin olduğunu da xatırladıb və Türkiyənin Şimali İraqda mümkün yeni hərbi əməliyyatının bu və ya digər şəkildə gündəmə gətirildiyini bildirib. Onun sözlərinə görə, Ankara PKK-ya qarşı əməliyyatlar keçirmək və öz milli təhlükəsizliyinə birbaşa təhdidləri aradan qaldırmaq üçün heç kimdən icazə almayacaq və bu istiqamətdə ABŞ-la dialoq aparmır.
Bundan əlavə, Bağdadda keçiriləcək toplantı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İraqa səfərinə hazırlıq müzakirə olunacaq. Bundan əvvəl Bağdadda səfərdə olan Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız belə səfərin aprelin sonuna kimi planlaşdırıldığını bildirmişdi. Bu, Türkiyə liderinin son 12 ildə İraqa ilk rəsmi səfəri olacaq.
Riqanın Rusiya vətəndaşlarının öz ölkələrinin səfirliyinə girişini məhdudlaşdırmaq niyyəti dünya diplomatik praktikasında görünməmiş bir hadisədir.
Bu barədə Rusiyanın Riqadakı səfirliyinin Teleqram kanalında bildirilib.
Səfirlik qeyd edib ki, bu, rusların konstitusiya hüquqlarına kobud müdaxilə və Rusiyanın daxili işlərinə qarışmaq cəhdidir.
Qeyd edək ki, daha öncə Latviya dövlət polisinin rəhbəri Armands Ruks bildirib ki, ölkə polisi, sərhəd xidməti və vətəndaşlıq və miqrasiya məsələləri üzrə departamenti Riqada keçiriləcək Rusiya prezidenti seçkiləri zamanı seçki məntəqəsinin girişində Rusiya vətəndaşlarının sənədlərini yoxlayacaq. Yaşayış icazəsinin müddəti bitərsə, deportasiya baş verəcək. \\Axar.Az
Martın 1-də İranda parlament seçkilər keçirilib. Səsvermədə seçici fəallığı çox aşağı olub və 1979-cu ildə baş verən İslam İnqilabından sonra ən aşağı göstərici qeydə alınıb. Məlumata görə, 61 milyon seçicidən yalnız 25 milyonu səsvermə hüququndan istifadə edib.
Həmin tarixdə 4 ildən bir keçirilən parlament seçkiləri ilə yanaşı 8 ildən bir yenilənən ekspertlər məclisinin seçkiləri də keçirilib. Ekspertlər Məclisi 88 din xadimindən ibarətdir və İranın ali dini rəhbərini təyin etmək səlahiyyətinə malik olan məsləhətçi orqandır. Şurada 88 yer uğrunda 144 namizəd mübarizə aparıb.
Parlament seçkilərində rekord sayda - 15,2 min namizədin iştirakına icazə verilib. Onların 1,7 minə yaxını qadınlar olub. İran Konstitusiyasına görə, 290 yerlik parlamentdə beş yer dini azlıqların nümayəndələrinə verilir. Yeni parlamentin ilk iclası mayın sonunda keçiriləcək.
İranda islahatların tərəfdarı olan bir çox namizədin parlament seçkilərində iştirakına qadağa qoyulub. Ölkənin sabiq prezidenti Həsən Ruhani də daxil olmaqla, bəzi siyasi xadimlərin isə Ekspertlər Şurasına seçkilərdə iştirakına icazə verilməyib.
Seçkilərin hansı formada keçməsi, güneyli soydaşlarımızın aktiv olub-olmaması maraq doğurur.
"Seçkilərin legitimliyi yoxdur"
Modern.az məsələ ilə əlaqədar güneyli fəallarla əlaqə saxlayıb.
Saytımıza açəqlamasında Güney Azərbaycandan olan siyasi şərhçi Məhsa Mehdili İrandakı seçkilərin legitimliyinin qalmadığını söyləyib:
"İrandakı seçkilər qapalı dövrədir. Ona görə ki, seçki deyə bir şey yoxdur. Bütün namizədlər İran Ali Dini Lideri Əli Xamneyinin adamları tərəfindən təsdiqlənməlidir. Tehran dövləti seçkidə iştirak edəcək şəxsləri özü təyin edir. Ona görə də seçkilərin legitimliyi qalmır". Məhsa Mehdili indiyə qədər keçirilən seçkilərin nəyisə dəyişdirmədiyini bildirib: "Çünki İran siyasi sistemi buna icazə vermir. Əli Xamneyinin iradəsi hər kəsin üzərindədir. Onun sözündən çıxılmaz. Ona görə də seçim oyundan ibarətdir və heç bir təsiri yoxdur".
O, Güneydəki soydaşlarımızın seçkidə iştirakından da danışıb: "Cənubi Azərbaycan, xüsusilə də, Təbrizdə xalqın 25-26%-i səsvermədə iştirak edib. Bunun xaricində seçkini boykot etmişdilər. Qərbi Azərbaycan bölgəsində dövlət dəstəkli, qeyri-türkləri çıxarmağa çalışdılar. Cənubi Azərbaycanda seçkinin heç bir legitimliyi yoxdur. Çünki seçki İranda öz mənasını itirib. İnsanlar artıq bu seçki oyunundan ümidlərini kəsiblər".
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (CAMAC) İdarə Heyətinin üzvü Sadiq İsabəyli bildirib ki, İranda demokratik seçkidən söhbət gedə bilməz: "İran adlanan ölkədə demokratik prinsiplərə əsaslanan heç bir seçkidən danışmaq mümkün deyil. Rejim öz dırnaqarası seçki oyunları ilə öz siyasi legitimliyini göstərmək istəyir. Bununla da hakimiyyət orqanlarının xalq tərəfindən seçildiyini göstərməyə çalışırlar. Lakin gedən proseslərə nəzər yetirdikdə bunun yalan olduğu görünür. Namizədlərin qeydə alınması prosesi və onlara verilən səlahiyyətlərin təsdiq olunması Nəzarət Şurası tərəfindən həyata keçirdilər. Şura da ona verilən əmir əsasında bu prosesi icra edir. Sipayi Pastaranın da əsas məqsədi İran adlı ölkədə molla rejiminin qorunub saxlanılmasıdır. Onun vəzifəsi birbaşa dini lider Əli Xamneyinin formalaşdırdığı dini rəhbərlik strukturunun qorunub möhkəmləndirməsi istiqamətindədir. Seçkilərdən sonra İran adlanan dövlətin bir sıra rəhbər şəxslərinin açıqlamasında seçkilərdə insanların iştirakı Xameneyinin yürütdüyü siyasətə dəstəkdir deməsi buna sübutdur. Yəni demokratik prinsiplərdən, insan haqlarından danışa bilmərik".
"Parlamentdə insanların istəyinə uyğun heç bir qanun qəbul olunmur" S.İsabəyli insanların İran rejimindən bezdiyini söyləyib:
"Statisitik məlumatlara görə seçici aktivliyi aşağı olub. Tehranda 7-9 faiz arası iştirakdan söhbət gedir. Bir sıra böyük əyalətlər də bu rejimin özünün verdiyi rəsmi məlumatlarda seçici aktivliyi 20-25 faiz göstərilir. Amma seçki məntəqələrinin boş olması, insanların bu seçki oyunlarına məhəl qoymaması ilə bağlı videolar, materiallar paylaşılanda biz İran adlanan ölkədə yaşayan insanların bu rejimdən bezdiyini, onun apardığı ictimai, siyasi fəaliyyəti, onun əsasında formalaşdırdığı strukturları qəbul etmədiklərini bir daha aşkar şəkildə başa düşdük". O, İran hakimiyyətinin legitimliyini itirdiyini vurğulayıb və əlavə edib ki, parlamentdə insanların istəyinə uyğun heç bir qanun qəbul olunmur.
"O baxımdan İran adlanan rejimin siyasi hakimiyyətinin legitimliyi aradan gedib. Amma rejim məlum olduğu kimi çox qəddardır. Çox rahat şəkildə edam və həbs edir, işgəncəyə məruz qoyur. 1 il ərzində haradasa 600-ə yaxın insan edam olunub. Bunu da çox rahat şəkildə əsaslandırırlar. Beynəlxalq insan haqlarına nəzarət edən qurumların fəaliyyətinə imkan vermirlər. Bu da rejimin öldürməkdən çəkinmədiyini göstərir. Güney Azərbaycanın bu seçkilərə münasibəti boykot idi. Azərbaycanlılar da bu rejimin varlığını demək olar ki, qəbul etmirlər. Öz milli siyasi hüquqları uğrunda mübarizə aparırlar. Cənubi Azərbaycanda seçici aktivliyi olduqca aşağıdır. Təbrizdə bir sıra deputatlar, namizədlər iştirak edirlər. Onlar ikinci dövrə getmək məcburiyyətindədirlər. Azərbaycan başda Təbriz olmaqla İran adlı dövlətdə molla rejiminin seçki oyunlarını qəbul etmir. Özünü milli, siyasi hüquqları uğrunda mübarizə aparır. Təbii ki, seçkinin saxtalaşadıırılması ilə bağlı faktlar var. Seçki zamanı öz kimliyi ilə iştirak edən insanlar barmaqlarını mürəkkəbə vurub seçki vərəqəsnin üzərinə basmalıdır. Bunu rejim ləğv etdi və kim harada istəyir səs versin dedi. Bəzi hallarda bir neçə yerlərdə səs verənlər olub, bəzi yerlərdə özləri bülletenlər atıblar. Bu da rejimin öz legitimliyini necə əsaslandırmaqda çaş-baş qaldığını göstərir".
Azərbaycan özü tarixi ədaləti və hüquqlarını təmin edərək 44 günlük müharibədə Ermənistanın tərəfindən işğal altında saxlanılan torpaqlarını geri qaytardı və ermənilərin “böyük Ermənistan” yaratmaq ideyası sabun köpüyü kimi çökdü.
Bu sözləri müsahibəsində tarixçi-alim, Suxumi Dövlət Universitetinin professoru Quram Marxuliya söyləyib.
“Böyük hayların övladları” taleyin hökmünə boyun əyərək Azərbaycan ilə sülh müqaviləsi bağlamağa hazır idilər və bundan sonra sülh yolu ilə yeni dövlət quruculuğuna başlayacaqdılar. Lakin Cənubi Qafqazda geosiyasi maraqları olan Fransa İrəvana yeni ümidlər aşıladı. Məsələ burasındadır ki, Türkiyədən incimiş dövlətlər Fransanın nəzarəti altında bir araya toplaşdılar. Bunlar, ilk növbədə, Yunanıstan, Kipr və təbii ki, Ermənistan oldu. Aydındır ki, yunanları, erməniləri və fransızları türklərə qarşı tarixi düşmənçilik, geosiyasi oyunlar birləşdirir”, – professor bildirib.
Onun sözlərinə görə, onlar Hindistanı bu virtual birliyə qoşmaqlarına söz verirlər. Burada başlıca məqsəd Pakistana təsir etməkdir ki, bu da hələlik mümkün deyil. Türkiyəni və Azərbaycanı həm beynəlxalq, həm də ikitərəfli münasibətlərdə fəal şəkildə dəstəkləyən Pakistandır. Ona görə də onlar tarazlıq olsun deyə Hindistanı özlərinə qoşmaq istəyirlər.
Türkiyənin Belqraddakı səfiri Qalip Balkarın erməni terror təşkilatı JCAG tərəfindən öldürülməsindən 41 il ötür. Səfir 1983-cü il martın 11-də terrorçuların mənfur hücumu nəticəsində qətlə yetirilib.
Modern.az xəbər verir ki, 1970-ci ildən indiyədək 31-i diplomat və onların ailə üzvləri daxil olmaqla, ümumilikdə 58 Türkiyə vətəndaşı erməni terror təşkilatlarının təşkil etdiyi xain hücumların qurbanı olub.
Bu qanlı terror aktlarına baxmayaraq, uydurma “erməni soyqırımı” iddialarının müdafiəçisi olan Ermənistan rəhbərliyi və diasporu erməni terror təşkilatlarının və terrorçuların fəaliyyətini təbliğ edir, hətta onlara abidələr qoyurlar. İrəvandakı “Yerablur” hərbi qəbiristanlığında ASALA terror təşkilatı ilə bağlı abidə və terrorçuların “qəhrəman” kimi tanıdılması məqsədilə nəşr edilən kitablar bunun bariz nümunəsidir.
Almaniya kansleri Olaf Şolts müqəddəs Ramazan ayı ərzində Qəzza zolağında atəşkəs rejiminin tətbiq edilməsinin vacibliyini açıqlayıb.
Bu barədə “Report” “TASS”a istinadən məlumat yayıb.
“Yaxşısı Ramazan ayında atəşkəsə nail olmaqdır. Belə bir atəşkəs nəhayət, israilli girovların azad edilməsinə və Qəzzaya daha çox humanitar yardımın çatdırılmasına imkan verməlidir”, - Şolts bildirib.
Qeyd edək ki, 2023-cü ilin oktyabrından etibarən Yaxın Şərqdə HƏMAS-la İsrail arasında müharibə gedir.
Rəsmilər bazar günü gecə İslamın ən müqəddəs məkanlarının yerləşdiyi Səudiyyə Ərəbistanında dünyanın 1,8 milyard müsəlmanının çoxu üçün müqəddəs Ramazan ayının başlanğıcının əlaməti olan ayparanı müşahidə edib.
Günəş çıxandan gün batana qədər yemək və sudan imtina edilən bu ay müsəlman aləmində dini düşüncələr, ailə toplantıları və ianə dövrü deməkdir. Bazar ertəsi orucun ilk günüdür.
Səudiyyə dövlət televiziyası səlahiyyətlilərin aypara gördüyünü bildirib. Tezliklə bir çox Körfəz ərəb ölkələri, eləcə də İraq və Suriya, onların da bazar ertəsi oruc tutmağa başlayacaqlarını təsdiqləmək üçün elanı izləyib.
Liderlər ayın başlanması ilə bağlı təbrik mesajları da paylaşıb. Bununla belə, Avstraliya, Bruney, İndoneziya, Malayziya və Sinqapur kimi bəzi Asiya-Sakit Okean ölkələri ayı gördükdən sonra çərşənbə axşamı Ramazana başlayacaq.
Ərəbistan yarımadasının şərqində yerləşən Oman da eyni şəkildə Ramazan ayının çərşənbə axşamı başlayacağını elan edib.
İordaniya da çərşənbə axşamı Ramazana başlayacaq. Builki Ramazan Yaxın Şərqin Qəzza zolağında davam edən İsrail-HƏMAS müharibəsinin alovlandığı bir vaxta təsadüf edir. Bu, münaqişənin müharibənin hazırkı sərhədlərindən çox kənarda iğtişaşlara səbəb ola biləcəyi ilə bağlı qorxuları artırır.
Rusiyanın Sankt-Peterburq şəhərindəki Pulkovo Beynəlxalq Hava Limanında təhlükəsizliyin təmin edilməsi məqsədilə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün 10 mart (bazar günü – Qeyd) Moskva vaxtı ilə saat 17:00-dan etibarən Pulkovo hava limanının fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib”, – məlumatda deyilir.
"Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Roma Papası Fransiskin ağ bayraq qaldırmaq təklifini şərh edərkən bildirib ki, Kiyev bu addımı atmayacaq".
APA xəbər verir ki, ukraynalı nazir bunu “X” sosial şəbəkəsində yazıb.
“Bayrağımızın rəngi mavi və sarıdan ibarətdir. Onun altında yaşayır, ölür və qalib gəlirik. Biz başqa bayraqları qaldırmayacağıq”, deyə Kuleba qeyd edib.
Ukraynanın baş diplomatı sülh üçün etdiyi dualara görə Papaya minnətdarlığını bildirib və onu Ukrayna xalqını dəstəkləməyə çağırıb.
2023-cü ilin üçüncü rübündə dünya üzrə mənzil qiymətləri 2% azalıb. Qiymətlər artıq beş rübdür ki, aşağı düşür.
Qaynarinfo bu barədə Beynəlxalq Hesablaşmalar Bankının (ICB) məlumatlarına istinadən xəbər verir.
Qeyd olunur ki, 2008-ci il böhranının əvvəlində də analoji vəziyyət müşahidə edilmişdi. Lakin bu dəfə iqtisadçılar hesab edir ki, mənzil qiymətlərinin aşağı düşməsinin yeni qlobal böhranın xəbərçisi olması demək deyil.
2023-cü ilin üçüncü rübündə xərclərin azaldılması üzrə lider Avropa olub: mənzil qiymətləri ən çox Lüksemburqda (17%), Almaniyada (15%), Finlandiya və Slovakiyada (12%) və nəhayət, Çexiyada ucuzlaşıb. (11%).
Eyni zamanda bəzi ölkələrdə qiymətlər artıb. Beləliklə, üçüncü rübdə kvadratmetr ən aktiv şəkildə Türkiyədə - 21% bahalaşıb. Həmçinin nəzərəçarpacaq müsbət dinamika BƏƏ (17%), Yunanıstan (9,4%) və Filippində (7%) qeydə alınıb.