![]() |
![]() ![]() ![]() |
|
Səxavət Məmməd: ""JF-17 Thunder"lərin ən önəmli özəlliyi..."
“Azərbaycan tezliklə Pakistandan “JF-17 Thunder” qırıcılarının ilk partiyasını alacaq".
Bunu Pakistanın informasiya naziri Atta Tarar bildirib.
“Azərbaycan tezliklə Pakistandan “JF-17 Thunder” qırıcılarının ilk partiyasını alacaq. Bundan əlavə, gələcəkdə onların birgə istehsalı mümkündür", - A.Tarar qeyd edib.
“JF-17 Thunder”lərin özəllikləri nədir? “F-16”dan fərqi? Hərbi arsenalımızda başqa hansı qırıcılar var?
Səxavət Məmməd
Hərbi ekspert Səxavət Məmmədin sözlərinə görə, hərbi təyyarələr, hərbi gəmilər və hava hücumundan müdafiə sistemlərinin alışı və satışı həm də siyasi qərardır: “Strateji müttəfiqlik olmadan bu silahları heç bir ölkə digərinə satmır, sata da bilməz. Azərbaycanın hazırda aviaparkında iki döyüş təyyarəsi mövcud idi. Bunlar SSRİ istehsalı olan “SU-25” və SSRİ istehsalı olan “MİQ-29”lar idi. Maraqlıdır ki, bu döyüş təyyarələrindən “MİQ-29”lar Ukraynadan, “SU-25”ləri isə Gürcüstan və Belarusdan alınıb. Azərbaycanın döyüş təyyarələri birinci müharibədə də iştirak edib, ancaq 44 günlük müharibədə Azərbaycanın döyüş təyyarələrinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Azərbaycanın döyüş təyyarələri böyük işlər görsə də, etiraf etmək lazımdır ki, Azərbaycanın aviaparkı köhnə idi, yenilənməyə ciddi ehtiyacı vardı. Uzun zaman idi ki, Azərbaycanın Pakistandan hərbi təyyarələr alacağı iddia olunurdu. Hətta Rusiyadan da döyüş təyyarələrinin alınacağı yöndə informasiylar vardı. Rəsmi Bakının qərarı Pakistandan "JF-17 Thunder"lər oldu. “JF-17 Thunder”lərin ən önəmli özəlliyi qiymətinin ucuz olmasındadır. Azərbaycan Pakistandan 24 ədəd “JF-17” sifariş verib. Çoxməqsədli döyüş təyyarəsi olan “JF-17”lər döyüş meydanında Hindistana qarşı əməliyyatlarda iştirak edib. Həmin döyüşlərdə uğur qazanıb. Ancaq “JF-17”lərin böyük müharibə təcrübəsi yoxdur. “JF-17”lərin hazırda Azərbaycan aviaparkında olan “MİQ-29”lardan və “SU-25”lərdən üstün cəhətləri çoxdur.
"MiQ-29"lar hava üstünlüyü qazanmaq üçün nəzərdə tutulub, qısamənzilli hava döyüşlərində üstünlüyə malikdir. “JF-17”lər isə çoxməqsədli döyüş təyyarəsi kimi nəzərdə tutulub, həm hava döyüşləri, həm də yer hücumları üçün istifadə edilə bilir. Bundan əlavə, "MİQ-29"un "JF-17"nin ən son versiyaları ilə müqayisədə daha az inkişaf etmiş avionika və sensorlara malikdir. Misal üçün, "JF-17" müasir avionika və sensorlara malikdir, xüsusilə Blok III versiyası AESA radar kimi yeni texnologiyalarla təchiz olunub. "MİQ-29"a Rusiya istehsalı olan silahlarla inteqrasiya olunur. “JF-17”yə isə Çin və Pakistan istehsalı olan silahlar, həmçinin bəzi Qərb silahları ilə inteqrasiya olunur. “JF-17”nin ən üstün cəhəti isə universal "MIL-STD-1670" silah idarəetmə sisteminə malik olmasıdır. Qırıcı həm NATO, həm Rusiya, həm də Çin istehsalı olan sursatların istifadəsinə imkan verir.
“JF-17"ni “F-16” ilə müqayisə etmək o qədər də doğru olmaz. Əvvəla, “F-16”lar çox bahalıdır. Bundan əlavə, “F-16”lar müasir avionika və sensorlara, o cümlədən inkişaf etmiş radar və elektron döyüş sistemlərinə malikdir. İki döyüş təyyarəsini müqayisə etdikdə “JF-17" “F-16”nın daha sərfəli alternatividir, ancaq daha az imkanlara malikdir.
“JF-17” təyyarələri "MİQ-29", "SU-25" və müqayisəsini apardığımız "F-16"dan fərqli olaraq təkmühərriklidir.
Azərbaycanın ərazisi, büdcəsi üçün ən sərfəli və ən müasir döyüş təyyarəsinin "JF-17" olduğunu görə bilirik. İddialar var ki, Azərbaycan Çindən Chengdu "J-10" (NATO kod adı: Firebird) çoxməqsədli döyüş təyyarələri də ala bilər".
Əli Orucov
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov isə qeyd etdi ki, Azərbaycanın hərbi hava qüvvələri postsovet məkanının ən güclü hava qüvvələrindən biri hesab olunur: “HHQ arsenalında Rusiyanın istehsalı olan “Aero L-39” təlim-hücumçu, müxtəlif təyinatlı “MiQ-21”, “MiQ-29”, “Su-24, “Su-25”, “İl-76”, “An-24”, “An-12”, “Tu-134A”, “Tu-16”, “Mi-2”, “Mi-8”, “Mi-24”, "Mi-35M" markalı helikopterlər, həmçinin dünyanın tanınmış şirkətlərinin ("Aerostar", "Orbiter") istehsalı olan pilotsuz uçan aparatlar var. Hava məkanının etibarlı qorunması üçün çox böyük miqyaslı işlər görülüb. Belə ki, HHQ NATO standartlarına uyğun təkmilləşdirilmiş yeni təlim mərkəzləri, aerodromların moderinizasiyası, uçuşların təhlükəsizliyi ən müasir avadanlıqlarla təmin edilməsi həyata keçirilib. Türkiyə ilə Azərbaycan arasında əldə olunan razılaşmaya əsasən, burada NATO standartlarına uyğun idarəetmə məntəqəsi yaradılıb. Azərbaycanla Pakistan arasında əldə olunan razılaşmaya əsasən Pakistan istehsalı olan "JF-17 Thunder" qırıcıları almaqla aviaparkı daha da gücləndirəcək. Bu qırıcıların birgə istehsalı da nəzərdə tutulur. Azərbaycan ilkin olaraq Pakistandan bu qırıcıdan 24 ədəd alacaq. Bildirmək istərdim ki, çoxfunksiyalı və Çinlə birgə moderinləşdirilən “JH-17” qırıcıları bir çox dövlətlərin hərbi hava qüvvələrinin arsenalında da uğurla istifadə olunur. Bu qırıcıların geniş manevr imkanları, texniki xarakteristikası və Qərbin analoji döyüş təyyarələri ilə müqayisədə baha olmaması ona üstünlük qazandırır. Bəzi mütəxəssislər həmin təyyarələri "F-16" kimi öndə gedən təyyarələrdən heç də geri qalmadığı qənaətindədir. Hesab edirəm ki, Pakistan-Azərbaycan əməkdaşlığı, xüsusən də hərbi əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın gücünə güc qatacaq və mövqeyini daha da gücləndirəcək".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
Alimlər kosmosda insan fəaliyyəti nəticəsində baş verəcək hava qəzalarının sayının artması ilə bağlı həyəcanverici tendensiya barədə məlumat veriblər.
Uçuş zamanı sərnişin təyyarələri ilə kosmik zibillərin toqquşması halları qeydə alınmayıb, lakin belə bir hadisə baş verərsə, nəticələri fəlakətli ola bilər. Yeni araşdırmaya görə, belə hadisələrin baş vermə ehtimalı artır və yaxın onilliklərdə artacaq.
Alimlər istifadə olunmuş raket pillələrinin və işləməyən peyklərin trayektoriyalarını bütün dünya üzrə sərnişin təyyarələrinin marşrutları ilə müqayisə edərək modelləşdiriblər. Məlumatların təhlili narahatedici tendensiya aşkar edib: kosmik zibillərin təyyarələrlə toqquşması riski durmadan artır.
Araşdırmaya görə, hər il sərnişin təyyarələrinə zibil düşməsi ehtimalı artır və aviasiya təhlükəsizliyinə getdikcə daha böyük təhlükə yaradır. Son illərdə raket və peyk buraxılışlarının sayında kəskin artım müşahidə olunur və bununla yanaşı, dünya üzrə sərnişin hava nəqliyyatının həcmi də artıb.
Hazırda orbitdə təxminən 2300 istifadə edilmiş raket mərhələsi və minlərlə işləməyən peyk var ki, onlar tezliklə atmosferə yenidən daxil olub Yerə düşəcəklər. Bu, xüsusilə ağır hava trafikini nəzərə alsaq, əlavə təhlükə yaradır.
Kosmik tullantıların əksəriyyəti atmosferdə yansa da, bəzi fraqmentlər Yerin səthinə çata bilər. Tədqiqat göstərir ki, təyyarənin gövdəsinə və ya mühərrikinə dəyən kiçik zibil parçaları belə ciddi zədələrə və təyyarənin qəzaya uğramasına səbəb ola bilər. Orbitdəki cisimlərin sayı artdıqca bu risk artmaqda davam edir.
Alimlərin fikrincə, kosmik obyektlərin orbitdən nəzarətsiz enməsi sərnişin aviasiyasına ciddi təhlükə yaradır. Toqquşma ehtimalı aşağı qalsa da, Yerə yaxın kosmosda kosmik zibilin miqdarı artdıqca bu, durmadan artır.
Araşdırma nəticəsində məlum olub ki, kosmik zibillərin təyyarələrlə toqquşması riski böyük hava limanlarının yaxınlığında xüsusilə yüksəkdir və yaxın onilliklərdə artacaq. Obyektlərin izlənilməsinin çətinliyi səlahiyyətliləri hava məkanını bağlamağa məcbur edib və bu, uçuşların gecikməsinə və ləğv edilməsinə səbəb olub.
Alimlər problemin raket pillələri və peyklər üçün idarə olunan geri dönüş sistemlərinə sərmayə qoymaqla həll oluna biləcəyinə inanırlar. Belə texnologiya artıq mövcud olsa da, kosmosa buraxılışların yalnız 35 faizində istifadə olunur. Tədqiqatçılar xəbərdarlıq edirlər ki, kosmik dağıntılarla bağlı vəziyyət getdikcə pisləşir və onun təyyarə ilə toqquşması səbəbindən ilk fəlakəti gözləmək olmaz. Problemi indi həll etmək lazımdır. /lent.az
İnsan bədəninin və həyat tərzinin gələcəkdə necə formalaşacağı elm adamlarının ən çox maraqlandığı mövzulardan biridir. Texnologiyanın inkişafı, genetik müdaxilələr və dəyişən həyat şəraiti insan təkamülünü gözlənilməz istiqamətlərə sövq edə bilər.
Beləliklə, daha qısa insanlardan tutmuş beyinlərə və hətta kosmosda yaşayan yeni növlərə qədər bu ssenarilər nə dərəcədə mümkündür?
Alimlər insanların 1000 il sonra necə formalaşacağını və görünəcəyini açıqlayıb.
Alimlərin apardıqları araşdırmalar sayəsində indi gələcəklə bağlı bəzi proqnozlar vermək mümkündür. Xüsusilə, insanların gələcəkdə necə görünəcəyi və dünyanın necə olacağı ilə bağlı daha etibarlı proqnozlar verilə bilər.
İnsanlar daha qısa olacaq...
UCL-də genetik olan professor Mark Tomas bildirib ki, təkamül tarixən uşaqların sağ qalması ilə bağlı olsa da, bu, həm də məhsuldarlıqla bağlı olub - neçə uşağınız var. Bu o deməkdir ki, daha çox uşağı olanların genlərini gələcəyə ötürmək şansları daha yüksəkdir.
Bəzi alimlər bu təkamül təzyiqlərinin gələcəkdə insanların daha qısa olmasına səbəb ola biləcəyini irəli sürürlər.
Biz daha "cəlbedici" olacağıq!
Professor Tomasın dediyinə görə, "Məməlilərdəki təbii vəziyyət odur ki, dişilər seçim edir. Amma güclü patriarxal cəmiyyətlərdə, dünyanın bir çox yerində olduğu kimi, ümumiyyətlə, kişilər seçim və nəzarət edir".
Cəmiyyətlər daha liberallaşdıqca və qadınların öz tərəfdaşlarını seçməkdə daha çox söz sahibi olduqları üçün bu seçici təzyiq yenidən qadınlara keçə bilər.
"Şükürlər olsun ki, biz indi qadınların seçim etdiyi bir dünyaya doğru irəliləyirik"- deyə professor Tomas bildirir."Qadınlar kişiləri ağıllarına, uğurlarına, gözəl görünüşünə və ya əzələli bədənlərinə görə seçəcəklər. Qadınların seçim gücü artdıqca, bu xüsusiyyətlərin daha çox yayılacağını gözləyə bilərsiniz."
Növbəti bir neçə min il ərzində daha cazibədar kişilər öz genlərini daha uğurla ötürdükcə, bəşəriyyət bir az daha "cəlbedici" ola bilər.
Qətiyyən qaralmağa ehtiyac olmaya bilər. Çünki 1000 ildən sonra insanların dərisi daha "qaranlıq" olacaq.
Dr. Richard Mann Anglia Ruskin Universitetində bioinformatika və böyük verilənlər üzrə baş müəllimdir. Onun sözlərinə görə, gələcəkdə baş verə biləcək şeylərdən biri demoqrafik vəziyyətin dağılmasıdır. ABŞ-dakı mövcud tendensiyalar, ən azı, irqlərarası nikahların getdikcə daha çox yayıldığını göstərir.
"Bu tendensiya davam edərsə, əhalinin strukturunda azalma müşahidə edə bilərik" - deyə o bildirib.
Texnologiyanın inkişafı insan təkamülünü formalaşdıra bilər...
Güclü yeni texnologiyalar insanlara öz təkamüllərini formalaşdırmaq imkanı verə bilər.
Dr. Richard Mann "Gələcəkdə təkamülün öz təbii gedişatına buraxılıb-buraxılmaması sual altına alınmalıdır" fikrini müdafiə edir və gen redaktəsi etməyin mümkünlüyünü, genofondu istədiyimiz kimi dəyişdirmək imkanımız olduğunu irəli sürür.
Bu gün alimlər bunu qeyri-etik hesab etsələr də, gələcək nəsillər buna daha az şübhə ilə yanaşa bilərlər. Artıq ABŞ-da boy, zəka və cinsiyyət kimi xüsusiyyətləri seçməyi vəd edən şirkətlər var.
Beynimiz daha kiçik olacaq...
Yeni Cənubi Uels Universitetinin təkamülçü bioloqu, professor Robert Brooks insan beyninin zamanla kiçiləcəyini gözlədiyini də bildirib.
Professor Brooks nəzəriyyəsinə görə, kompüterlər hesablama, məlumatların işlənməsi və sosial həyat funksiyalarını öz üzərinə götürdükcə, böyük beyinə sahib olmağın üstünlüyü azalacaq.
Əyri kürəklər, caynaqlı əllər...
Bəzi tədqiqatlar göstərir ki, texnologiyadan intensiv istifadə insan orqanizmində təkamül xarakterli olmasa da, dəyişikliklərə səbəb ola bilər.
Bunlara bütün günü kompüterə baxmaqdan daha qabarıq olan donqarlar və ya telefondan istifadə nəticəsində deformasiyaya uğramış və həddindən artıq inkişaf etmiş əllər daxildir.
Nəhayət, bizim kosmik şəraitə daha "uyğunlaşmış" insanlara çevrilmə ehtimalımız yüksəkdir!
Əgər bəşəriyyətin bir hissəsi kosmosa getsəydi, orada qalanların tədricən Yerdəkilərdən fərqli bir növə çevrilməsi qeyri-mümkün olmazdı.
Viskonsin-Madison Universitetində antropoloq Dr. Con Hawks: "Yer kürəsində insan əhalisi böyük və müxtəlifdir, lakin uzun kosmosa səyahət kiçik qrupların minlərlə il təcrid vəziyyətində yaşamasına səbəb ola bilər"-deyə bildirir.
"Min illəri əhatə edən səyahətdən sonra başqa bir ulduz sistemində davamlı insan cəmiyyəti qurmaq asan olmayacaq. Lakin belə bir ssenari yeni növün yaranmasına yol aça bilər". /Sfera.az