Ardını oxu...


Azərbaycan Qarabağ ermənilərinin ölkəyə tam inteqrasiyası üçün plan hazırlayıb.

Bunu Ermənistan prezidentinin keçmiş xüsusi tapşırıqlar üzrə səfiri David Şahnazaryan “Aravot” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, əsasən yol xəritəsi olan plan inteqrasiya amilinin dörd mərhələsini nəzərdə tutur:

- Sənədlərin, o cümlədən ilk növbədə pasportların Azərbaycan pasportları ilə dəyişdirilməsi.

- Azərbaycan manatının Dağlıq Qarabağa yatırılması.

- Artsaxın qanunsuz silahlı dəstəsinin tam tərksilah edilməsi və buraxılması.

- Hakimiyyətin Azərbaycan hökumətinə tam təhvil verilməsi.

Şahnazaryanın sözlərinə görə, bu yol xəritəsi 12 ay ərzində həyata keçirilməlidir, mərhələlərin hər birinə 3 ay vaxt ayrılıb.

Bundan əlavə, o bəyan edib ki, Azərbaycan bu proqramı Ermənistana verib və Ermənistan hakimiyyəti də öz növbəsində sənədi Arutyunyana verməlidir.

Ardını oxu...
Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağın dağlıq hissəsindəki Rusiya sülhməramlılarının 2025-ci ildə çıxacaqlarını açıqladı. Türkiyə liderinin bu mesajını hansı kontekstdə şərh etmək olar?

- Zənnimcə, nə sual, nə də cavab təsadüfi idi. Yəqin ki, bu, Azərbaycan və Türkiyə rəhbərlikləri arasında tez-tez müzakirə edilən məsələlərdən biridir. Güman ki, digər – sülhməramlıların vaxtından əvvəl çıxarılması da müzakirə olunub. Ərdoğanın buna cavabı da olmamış deyil. Sadəcə mövcud vəziyyəti nəzərə alaraq, sülhməramlıların gedəcəkləri son müddəti göstərir. Təsadüfi deyil ki, son günlərdə tez-tez Rusiya sülhməramlılarının çıxarılacağı vurğulanır. Artıq Türkiyənin Rusiya ilə bağlı məsələlərə yeni mövqe sərgilədiyini görürük. Türkiyə NATO ilə həmrəylik nümayiş etdirir, “Azov”un komandirlərini Ukraynaya qaytarır, Ukraynanın NATO-ya üzvlüyünə dəstək verir və sair məsələlərdə regionun real güc sahibi kimi mövqeyini ortaya qoyur. Bunlar təsadüfi deyil.

Rusiya sülhməramlılarının son günlərdəki iyrənc hərəkətləri, erməniləri atəşkəsi pozmağa təhrik və onlarla tandem şəklində çıxış etmələri, separatçıların liderlərini yeni təxribatlara ruhlandırmaları, “əzələ nümayişi” üçün Xocalı aeroportuna helikopterlərin gətirilməsi – bütün bunlar göstərir ki, ruslar “qırmızı xətt”i vurub keçirlər. Rus sülhməramlılarının fəaliyyətləti sadəcə bölgədə gərginlik yaradır. Yenə də liderlərin Brüssel görüşü ərəfəsində bu gərginliyi artıracaq davranışlara yol verirlər. Bundan əvvəl Laçın yolundakı bayrağımızı yerə salmışdılar. Bütün bunlar Azərbaycanın qəzəbini son həddə çatdırıb. Yəqin ki, Ağdamda fəaliyyət göstərən Türkiyə-Rusiya monitorinq qrupu da öz müşahidələrini ölkələrinin rəhbərliklərinə göndərib. Yəni sülhməramlıların yerləşdikləri ərazilərdə baş verənlər ən xırda detalına qədər Türkiyə rəhbərliyinə məlumdur. Türklər də rusların bu qanunsuz hərəkətlərindən bizm qədər cana yığılıblar. Buna görə də, Rusiyaya bir mesajın göndərilməsinə ehtiyac duyulurdu.

Əlbəttə, Azərbaycan da öz mesajlarını göndərirdi, göndərib. Yəqin ki, indi Türkiyənin göndərdiyi mesaj ciddi rezonans doğuracaq. Bu, Ermənistan və Rusiyaya yönəlik bir mesajdır ki, rus hərbçilərinin çıxarılması 2025-ci ildən əvvəl də baş verə bilər. Yəni Rusiya özünü yığışdır, Azərbaycana qarşı təxribatlara son qoy! Ərdoğanın mesajını belə anlamaq lazımdır.

- Bəs Rusiya Prezidenti Vladimir Putinin qarşıdakı Türkiyə səfərində nə əldə edilə bilər?

- Putinin səfəri daha çox Rusiyaya lazımdır. Bu səfər prezident seçkisindən əvvəl nəzərdə tutulmuşdu. Amma məlum məsələlərə görə bu baş tutmadı. O zaman Türkiyə lideri belə bir səfərə ehtiyac duyurdu. Amma indi bu Putinə lazımdır. Putin çox zəifləyib, Priqojinin qiyamından sonra əvvəlki durumda deyil. Zəif lider kimi Putinin sözü bir çox yerlərdə eşidilmir. Üstəgəl, ölkənin daxili resursları ya tükənib, ya da tükənmək üzrədir. Bu durumda Türkiyədə də iki-üç dövlətdən biridir ki, Rusiya onun vasitəsilə müəyyən ehtiyaclarını ödəyə bilir.

Bəziləri hesab edirdilər ki, Türkiyənin atdığı son addımlar Rusiya ilə əlaqələrdə gərginlik yaradacaq. Hətta bəzi rusiyalı deputatlar Türkiyəni təhdid etdilər. Amma Peskov bildirdi ki, Türkiyənin bizə etdiyi yaxşılıqlar indi bizi incik salan addımlarından daha çoxdur, ona görə də münasibətləri qoruyub saxlayacağıq. Həqiqətən də, bu gün Türkiyə Rusiyaya hava-su kimi lazımdır. Ərdoğan yeganə dünya lideridir ki, həm Rusiya, həm də Qərb dövlətlərində nüfuzu var. Bu nüfuzun da zaman-zaman istifadə edə bilir. Ukraynaya münasibətinə yeni ştrixlər əlavə edən Türkiyənin, digər yandan, Rusiya ilə gözəl əlaqələri var. Ərdoğan lazım olan sözünü hər yerə birbaşa çatdıra bilir. Zənnimcə, həm NATO-da, həm də Rusiyada nüfuzu olan belə bir liderə ehtiyac var. Qərb də, Rusiya da Ərdoğanın bu nüfuzundan faydalanır.

Putinin Türkiyə səfərində taxıl sazişi, Ukrayna-Rusiya sülh müqaviləsi, Rusiyanın üzləşdiyi mövcud durum və digər məsələlər ətrafında geniş müzakirə aparılacaq. Mövzular arasında mütləq Ermənistan-Azərbaycan sülh müqaviləsi də olacaq. Üstəgəl, mediada belə bir məlumat yayıldı ki, Ərdoğan Zəngəzur dəmir və şose yolunun açılması ilə bağlı Ermənistana bir ay vaxt verib. Ermənistan bu müddətdə özünün bimənalı və yazılı mövqeyini ortaya qoymalıdır. Üstəgəl, Azərbaycanla sülh müqaviləsi ilə bağlı da Türkiyədən Ermənistana mesajlar verilir. Türkiyə bildirdi ki, Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması, Ermənistan-Azərbaycan əlaqələrinin gələcəyindən asılıdır. Yəni İrəvan sülh müqaviləsinin imzalanması prosesini pozsa, o zaman Türkiyə-Ermənistan əlaqələrinin normallaşması da ləngiyəcək. Bundan ən çox zərər çəkən də Ermənistan olacaq.

Bir sözlə, Ermənistan Türkiyə və Azərbaycanın təzyiqi altındadır. Zənnimcə, bu təzyiq liderlərin Brüssel görüşündə səmərəli nəticələr verə bilər. Ona da şübhəm yoxdur ki, rus sülhməramlılarının pozucu fəaliyyəti ilə bağlı Türkiyə və Rusiya liderləri arasında fikir mübadiləsi aparılacaq. Çünki Türkiyə təkcə Azərbaycanın müttəfiq deyil, həm də Ağdamdakı monitorinq qrupunda yer alır. Ərdoğan sülhməramlılarla bağlı iradlarını Putinə çatdıracaq. Eyni zamanda, sülhməramlıların çıxarılması ilə əlaqədar daha ətraflı müzakirə olacaq. Zənnimcə, bu zaman Ərdoğan öz sərt mövqeyini ortaya qoyacaq.

Dediyim kimi, Rusiya sülhməramlılarının çıxma müddəti 2025-ci il olsa da, proses daha tez başlaya bilər. Çünki onların bölgədəki fəaliyyətləri Azərbaycanı narahat edir. Sülhməramlıların davranışları Azərbaycan hərbçiləri ilə toqquşma riski yaradır. Ona görə də, rus hərbçiləri nə qədər tez çıxarılsa, bu, həm bölgədə əmin-amanlığın bərqərar olmasına, həm də Ermənistanla sülh müqaviləsinin imzalanmasına həlledici təsir göstərə bilər. Artıq ABŞ, kollektiv Qərb də görür ki, sülhməramlılar bölgədə sırf Rusiyanın maraqlarını həyata keçirirlər. Bu səbəbdən də, bölgə tez-tez gərginliklə üzləşir. Ona görə də, Ərdoğan-Putin görüşü səmərəli ola bilər.

- ABŞ Dövlət Departamentindən sülh müqaviləsi ilə bağlı maraqlı açıqlama gəldi. Açıqlamada deyilir ki, nazirlərin son görüşündə həll edilməyən məsələlərin dairəsinin azaldılmasına nail olunub. Sizcə, söhbət hansı istiqamətlərdən gedir?

- Azərbaycan üçün ən birinci məsələ Qarabağda hələ də qalmaqda olan Ermənistan ordusunun tör-töküntülərinin çıxarılmasıdır. Heç bir dövlət başqa bir dövlətin hərbçilərinin onun ərazisində olmasına icazə verməz. Armen Qriqoryan təxminən bir ay əvvəl “Bizim də Azərbaycan ərazisində müəyyən qüvvələrimiz var” deyərək, bu faktı etiraf edib. Ağdərə əməliyyatında öldürülən 5 erməni hərbçidən 2-nin Ermənistana verilməsi də bunu təsdiqlədi. Fikirləri həmişə ziddiyyətli olan isə Paşinyan yenə də bu mövzuda yalan danışır. Onun sözlərinə görə, guya bu qüvvələr Ermənistanın deyil, “özünümüdafiə qüvvələri”dir. Bu, ağ yalandır. Çünki Ermənistanın ordusunun ərazimizdə 12 minlik tör-töküntüsü qalır. Ermənistan səmimi olmasa, Azərbaycan ordusu hər an bu qüvvələrə qarşı antiterror əməliyyatı keçirə bilər. Əsgəran, Ağdərə, Xocavənd, Xocalı və Xankəndiyə səpələnmiş bu terrorçuları zərərsizləşdirmək üçün çox vaxt lazım olmayacaq.

Azərbaycan hələlik məsələnin dinc yolla həllinə çalışır. Bu da nəticə verməsə, artıq hazır olan antiterror əməliyyatının həyata keçirilməsi gündəmə gələ bilər. Qərb, xüsusən ABŞ da prosesi izləyir və Ermənistanın Azərbaycan ərazisində qanunsuz hərbi qüvvəsinin olduğunu qəbul edir. Qərb onu da yaxşı anlayır ki, bu məsələni həll etmədən Ermənistanla münasibətləri qaydasına salmaq mümkün olmayacaq. Üstəgəl, Azərbaycan bu məsələdə konstruktivlik nümayiş etdirir. Erməni icmasının Azərbaycan cəmiyyətinə təhlükəsizlik inteqrasiyasını və digər məsələləri üzərimizə götürürük. Bunun üçün zəmanət veririk. Amma Ermənistan, xüsusən də separatçılar bundan yayınırlar, bunda da Rusiya həlledici rol oynayır. Rusların inteqrasiya prosesindəki pozucu rolları əyani şəkildə sübuta yetirilib. Artıq bunu açıq formada edirlər.

Bütün bunlara baxmayaraq, sülh müqaviləsi gündəmdədir. Qərb və ya ABŞ anlayır ki, prosesi sürətləndirmək lazımdır. Çünki ruslar yeni fitnəkarlığa əl ataraq, prosesi poza bilərlər. Bu baxımdan, liderlərin Brüssel görüşündə sülh müqaviləsində yer alacaq bir sıra prinsipial məsələlər həllini tapa bilər. Beləliklə, sülh müqaviləsinin çərçivəsinin razılaşdırılması mümkündür. Bununla sülh müqaviləsi üzrə işin aparılması daha sadələşə bilər. Hətta Avropa Siyasi Birliyinin payızda İspaniyada keçiriləcək toplantısında sülh sazişinin imzalanması da mümkündür. Bunun üçün ən böyük siyasi iradəni Ermənistan ortaya qoymalıdır. Ermənistan bu yolda pozuculuq edən Rusiyanın əngəllənməsi üçün səmimi olmalı və bu istiqamətdə Azərbaycanla hərəkət etməyi bacarmalıdır. Hər halda sülh müqaviləsinin imzalanacağına ümid böyükdür.
 
Ardını oxu...
İyulun 12-də Azərbaycanla Ermənistan arasında sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında görüş keçirilib. Bun görüş Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın dördüncü görüşüdür.

Azərbaycan Nazirlər Kabinetinin Mətbuat Xidmətindən bildirilib ki, tərəflər Azərbaycan və Ermənistan rəhbərləri səviyyəsində müxtəlif formatlarda əldə edilən razılaşmaları nəzərə alaraq, delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər. Tərəflər, həmçinin Komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi görüşün Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Tavuş rayonunun sərhədində baş tutduğunu açıqlayıb. Görüşün bu ərazidə keçirilməsini nəzərə alan ekspertlər hesab edirlər ki, danışıqlarda Ermənistanın işğalında olan Qazaxın 7, Naxçıvanın Kərki kəndinin qaytarılması da gündəmə gətirilib.

Yeri gəlmişkən, Ermənistanın hakim “Mülki müqavilə” Partiyasından olan deputat Qaqik Melkonyan erməni mediasına müsahibəsində deyib ki, Ermənistan Azərbaycana kəndləri dəyişməyi təklif edib: “Kərkinin Başkəndlə dəyişdirilə biləcəyindən, anklavlar məsələsinin də bu məcrada həll olunacağından danışdıq. Başkənd anklavdır, ora çatmaq üçün bizə dəhliz lazımdır. Yaxud Kərkiyə çıxış əldə etmək üçün Azərbaycana dəhliz lazımdır. Danışıqlarda erməni tərəfinin tələbləri ondan ibarətdir ki, Azərbaycan Ermənistanın 29 min 800 kvadrat kilometr ərazisini tanısın, həmçinin Cermuk və Zod ərazilərindən geri çəkilsin”.

“Ermənistan hakimiyyəti sülh müqaviləsinə doğru irəliləyir. Biz Azərbaycanın ərazi bütövlüyünü tanıdıq və Qarabağın Azərbaycanın bir hissəsi olması məsələsini qaldıranda Bakı yeni tələblər irəli sürməyə başladı: indi hər şeyin kağız üzərində olmasını tələb edirlər. Amma bizim tələblərimiz də kağız üzərində olmalıdır”.

Görüşlər, danışıqlar işğalda olan kəndlərin qaytarılmasının, anklavlar məsələsinin həll olunmasının yaxın gələcəkdə mümkünlüyü ehtimalını artırır.

TEREF.AZ-ın məlumatına görə, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl AYNA-ya müsahibəsində bildirib ki, Qazağın 7, Naxçıvanın bir kəndinin qaytarılması gerçəkləşməlidir:

- 10 noyabr 2020-ci ildə imzalanan Üçtərəfli Birgə Bəyanata bu məsələ salınmasa da, danışıqların getdiyi aydındır. Əlbəttə, Azərbaycan bir qarış da torpağını Ermənistanda qoymayacaq. Bütün danışıqlarda hesab edirəm ki, işğalda olan kəndlər, anklavlar məsələsi gündəmə gətirilir, müzakirələr aparılır. Bu, qeyri-adi məsələ deyil. Yekun sülh sazişi, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı danışıqlarda işğalda olan kəndlərin qaytarılması masaya gətirilir. Hər iki ölkənin Baş nazirlərinin müavinlərinin Qazaxda sərhəddə görüşməsi o demək deyil ki, təkcə bu kəndlərin məsələsi həll edilir. Təbii ki, Qazaxın kəndlərinin məsələsi də danışıqlarda predmetlərdən biridir. Ümumilikdə isə delimitasiya, demarkasiya müzakirə olunur.

- Bir müddət əvvəl Ermənistanın Baş naziri bəyan etmişdi ki, anklavda olan kəndlərin məsələsini həll etməyə hazırdırlar...

- Xatırlayıram həmin bəyanatı. Paşinyan kənd yox, “kəndlər” ifadəsini işlətmişdi ki, bu, səhvdir. Ermənistanın bizdə kəndləri yox, cəmi bir kəndi var – Gədəbəyin Başkənd kəndidir. Biz bunu bilirik, anklav kənddir. Əslində Başkənd də Azərbaycanındır, 1992-ci ildə azad edilib. Amma Ermənistan BMT-yə daxil olanda həmin kənd də ərazisinə aid olub və biz bunu qəbul edirik. Azərbaycanın isə 8 kəndi Ermənistanın hazırda işğalındadır – Qazağın 7, Naxçıvanın Kərki kəndi. Hesab edirəm ki, anklav kəndlər danışıqlar predmetidir və həllini tapmalıdır.

- Anklav kəndlər demişkən, erməni deputat Melkonyan deyib ki, Ermənistan Azərbaycana kəndləri dəyişməyi təklif edib...

- Ermənistan çox şey təklif edə bilər. Amma Azərbaycan bu təklifləri dərhal qəbul etməli deyil, etməyəcək. Yenə deyirəm, Ermənistanın bir anklav kəndi bizdədir. Əgər Başkəndə görə ərazi güzəşti nəzərdə tutulubsa, Başkənd Naxçıvanın Kərki kəndinə daha uyğundur. Çünki hər iki kənd dövlət sərhədlərindən çox aralıdır. Amma Qazağın 7 kəndi ilə bağlı hansısa güzəştə yer yoxdur. Əgər eksklavdakı kəndlərlə əlaqə baxımından arada qalan Ermənistan ərazisi mübahisəlidirsə, o zaman komissiya yaradıla, hesablama aparıla və arada qalan torpaqlara uyğun başqa bir istiqamətdən, dağlıq hissələrdə güzəştlər edilə bilər. Bunlar danışıqlar predmetidir.

Bilirsiniz, işğalda olan ərazilərimizin hamısı qayıdacaqsa, təbii ki, Başkənd də Ermənistana qaytarılmalıdır. Qaytarmamaq üçün müəyyən razılığa gəlinməlidir. Anklavda, eksklavda olan kəndlər üçün xüsusi zolaq yaratmağa ehtiyac yoxdur. Başkəndlə Kərki məsələsində hansısa güzəşt olmalıdır. Hesab edirəm ki, ən yaxşı güzəşt Kərki ilə Başkəndin əvəzlənməsidir. Çünki hər iki kənd dövlət sərhədlərindən xeyli kənardadır. O kəndlər üçün təhlükəsizlik zolağını yaratmağın özü çox çətin məsələdir. Məsələni hər iki tərəfdən komissiya işləməlidir, fikirləşməlidirlər ki, güzəşt necə olsun.

- Yəni ki, Kərki ilə Başkəndin dəyişdirilməsi mümkündür?

- Real variant kimi deyirəm ki, kəndlərin əvəzlənməsi mümkündür. Dəqiq ölçü-biçi ilə bunu həyata keçirmək lazımdır. Lakin Qazaxın anklavdakı kəndləri məsələsini dediyim kimi, Ermənistana məxsus arada qalan ərazilərlə müəyyən dağlıq yerlərdəki əraziləri əvəzləmək olar. Ortada qalan əraziləri hesablamaq, daha sonra sərhədlərdə strateji əhəmiyyəti olmayan dağlıq ərazilərdən anklavı birləşdirən ərazini dəyişmək olar. Yox, əgər Ermənistan güzəşt etmirsə, o zaman həmin kəndlərə təhlükəsiz gediş-gəliş zolağı təmin olunmalıdır. Bunlar hamısı dövlət komissiyası tərəfindən həll edilməlidir.
 
Ardını oxu...
Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- Türkiyə son bir neçə gündə Rusiyanın təpkisinə yol açan iki addım atdı. Birincisi, “Azov” alayının komandirlərini Ukraynaya təhvil verdi; ikincisi, İsveçin NATO-ya üzvlüyünə “yaşıl işıq” yandırdı. Sizcə, nə baş verir – Rusiya-Türkiyə əlaqələri soyuyur?

- Hər bir ölkə addımlar atarkən, öz maraqlarını əsas götürür və buna uyğun qərar verir. Türkiyə də addımlarını öz maraqlarına hesablayaraq atır. “Azov” komandirləri və İsveçlə bağlı qərarlar da, Türkiyənin milli maraqları kontekstində verilib. Əlbəttə, Rusiyanın “Azov”la bağlı məyyən etirazları oldu. Çünki Rusiya hesab edirdi ki, Ukrayna ilə müharibə bitənə qədər həmin şəxslər Türkiyə ərazisində qalmalı idilər. Bu, kiçik detaldır. Məncə, buna ən uyğun cavabı Dmitri Peskov verdi. O bildirdi ki, bu kimi məsələlərə baxmayaraq, Rusiya Türkiyə ilə münasibətləri inkişaf etdirməkdə maraqlıdır və bu istiqamətdə işləyəcəklər.

İsveçə gəlincə, bununla bağlı Türkiyənin istər Rusiya, istərsə də hansısa digər ölkə qarşısında öhdəliyi yox idi. Türkiyənin NATO-nun genişlənməsi məsələsində öz baxışı var. Ankara əvvəldən bu genişlənmədə maraqlı olduğunu bildirir və bu istiqamətdə öz addımlarını atır. Türkiyə keçən ilə qədər ölkələrin NATO-ya üzvlüyü ilə bağlı əks mövqe sərgiləməmişdi. Sadəcə söhbət Finlandiya və İsveçdən getdiyi üçün bu, Rusiyaya görə, həssas məsələdir. Çünki hər iki ölkənin neytrallıq statusu vardı, xüsusən də Finlandiyanın Rusiya ilə yüzlərlə kilometrlik sərhədləri mövcuddur. Bu baxımdan, Rusiyanın həssaslığını anlamaq olardı.

Türkiyə də İsveç və Finlandiyanın ona qarşı münasibətlərini əsas götürərək mövqeyini bildirdi və bununla bağlı konkret tələbləri vardı. Bunlar da əsasən, yüksək texnologiyalar sahəsində bu ölkələr tərəfindən Ankaraya tətbiq olunan sanksiyalar, eləcə də PKK terror təşkilatının İsveç və Finlandiyada Türkiyəni hədəfə alan fəaliyyətləri ilə bağlı idi. Finlandiya Türkiyənin bu iradlarını qəbul etdi, bununla bağlı həm qanunvericiliyində, həm də siyasətində dəyişiklik edərək, Ankaranın dəstəyini aldı və NATO-ya üzv oldu.

İsveçə gəlincə, bununla bağlı müəyyən problemlər davam etdi. İsveçdə islami dəyərlərin təhqir edilməsi, tez-tez Quranın yandırılması və PKK-nın fəaliyyətinə göz yumulması Türkiyənin narazılığına səbəb olurdu. Türkiyə mövqeyini bunlarla əsaslandırırdı. Türkiyə prezidenti, NATO baş katibi və İsveç baş naziri arasındakı son görüşdə bu məsələlərlə bağlı ciddi müzakirə aparıldı. Yekunda müəyyən ortaq nöqtəyə gəlindi. Türkiyə böyük ölçüdə öz tələblərini qəbul etdirdi. İsveç baş naziri görüşdən sonra Türkiyənin tələblərinin tam təmin edilmədiyini, bu iradlarının əsaslı olduğunu və bunlara göz yumulması haqda bir açıqlama verdi. Qeyd etdi ki, bu istiqamətlər üzrə addımlar atılacaq.

Dediyimiz kimi, Türkiyə bu qərarı verərkən, öz milli maraqlarını əsas götürür. Bu çərçivədə Avropa Birliyi ilə münasibətlərin normallaşdırılması, sərbəst viza rejiminin tətbiq edilməsi və Avropa Birliyi, yaxud Qərb sərmayəsinin Türkiyə iqtisadiyyatına cəlb olunması məsələləri önə çıxır. Ərdoğan hakimiyyəti bu məsələləri həll etməyi qarşısına məqsəd qoyub.

Digər vacib məsələlərdən biri də, ABŞ-la münasibətlərdəki mövcud gərginliyin aradan qaldırılması və F-16 mövzusunun çözülməsi ilə əlaqəlidir. Türkiyə bunları əsas götürüb bu qərarı verdi. Hesab edirəm ki, öz maraqlarına uyğun – doğru addımı atdı. Yəni Türkiyənin Rusiya qarşısında öhdəliyi yox idi ki, İsveç, yaxud hansısa ölkənin NATO-ya buraxılmasına mane olacaq.

- Hazırkı gedişat belə bir ehtimalı da önə çıxarır ki, Türkiyə Qərbə inteqrasiya siyasətində kəskin geridönüş edir. Xüsusən də Avropa Birliyinə üzvlük məsələsinin yenidən müzakirə olunmağa başlaması maraqlıdır. Siz bu haqda necə düşünürsünüz?

- Bu addımların siyasətdə kəskin dəyişiklik olduğunu düşünmürəm. Türkiyə həmişə özünün düşərgəsinin Qərb olduğunu bəyan edib. Ərdoğan hakimiyyətinə qədər də, bundan sonra da beləydi. Ərdoğan hakimiyyətə gələrkən, onun verdiyi vədlərdən biri də Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsinin həlli ilə bağlıydı. 2004-cü ildə Avropa Birliyi ilə Türkiyə arasında imzalanan memorandumda da, üzvlük prosesinin sürətləndirilməsi nəzərdə tutulurdu.

Rusiya ilə əlaqələri gəlincə, Türkiyə balanslaşdırılmış siyasət yürüdür. Türkiyə NATO üzvü kimi Qərb hərbi blokuna daxildir. Türkiyənin ən böyük ticari tərəfdaşı Avropa Birliyidir. Türkiyədə istehsal olunan malların 60 faizdən çoxu Avropa bazarlarına satılır. Türkiyə yüksək texnologiyalar sahəsində də Qərb ölkələri, ABŞ-la əməkdaşlıq edir. Buna görə də, “kəskin dəyişiklik” deməzdim. Eyni zamanda, Türkiyə regionun böyük dövləti kimi Rusiya ilə də münasibətlər qurub və bu əlaqələr inkişaf edən xətlə gedir. Hesab etmirəm ki, son gəlişmələrdən sonra Rusiya-Türkiyə münasibətlərində ciddi narazılıq yaranacaq.

Rusiya və Türkiyə situasiyaya uyğun olaraq əməkdaşlıq edirlər, strateji tərəfdaş deyillər. Mövcud durumla əlaqəli onların əməkdaşlıq formatları var, bunlar da müxtəlif sahələri əhatə edir. Əlbəttə, Rusiya tərəfindən müəyyən soyuqluq olacaq. Rusiya mətbuatında o isterikanı artıq görürük. Onların fikirlərindən belə çıxır ki, sən demə, Türkiyə də Rusiyanın “vassal”ıymış, Rusiyanın maraqlarını əsas götürərək öz maraqlarından geri çəkilməli imiş. Bu, yanlış təsəvvürdür. Bu, Rusiya mətbuatı, cəmiyyəti və dövlətindəki ab-hava kimi qiymətləndirilməlidir. Əlbəttə, Rusiyada sağlam düşüncəli şəxslər də var. Təsadüfi deyil ki, Putinin sözçüsü Peskov Türkiyə ilə əməkdaşlıq üçün geniş imkanlar və perspektivlərin olduğunu və bu istiqamətdə də əməkdaşlığın davamında maraqları olduqlarını dedi.

- Rusiya-Türkiyə əlaqələrindəki son gəlişmələr bir maraqlı iddianı da gündəmə gətirib. Rusiya və Ermənistanın informasiya mənbələrinin iddialarına görə, Türkiyə Cənubi Qafqazla bağlı daha qətiyyətli addımlar atmağa hazırlaşır. Bunlardan biri də Türkiyənin Azərbaycanda hərbi bazalarının yerləşdirilməsi ilə bağlıdır. Bu ehtimal nə qədər mümkündür?

- Hesab etmirəm ki, Rusiya və Ermənistan mətbuatında yazılanlar həqiqəti əks etdirir. Bu, sadəcə manipulyasiyadır, hər iki ölkənin mətbu orqanlarında müəyyən məqamlarda ictimai rəy formalaşdırmaq ənənələri var. Belə dezinformasiyalarla “qara piar” kampaniyası aparırlar.

Azərbaycan və Türkiyəyə gəlincə, iki ölkə arasındakı münasibətlər strateji müttəfiqlik səviyyəsindədir. Bu, bir daha Şuşa Bəyannaməsi ilə təsdiqlənib. Biz faktiki olaraq, “bir millət, iki dövlət” formulu üzrə hərəkət edirik. Əksər məsələlərdə mövqelərimiz üst-üstə düşür. Türkiyənin də Cənubi Qafqazda sabitlik və sülhdə maraqlı olduğu kimsəyə sirr deyil. Türkiyənin bu istiqamətdə atdığı konkret addımlar var. Türkiyə Ermənistanla da münasibətləri normallaşdırmaq istəyir ki, bu da bölgədə sülhə və əmin-amanlığa töhfə verə bilər.

Türkiyənin Azərbaycanda hərbi bazalarının yerləşdirilməsi məsələsinə gəlincə, bununla bağlı prosedur qanunvericliyə uyğun olmalıdır. O da nəzərə alınmalıdır ki, Azərbaycan həm də Qoşulmama Hərəkatının üzvüdür. Amma Şuşa Bəyannaməsində açıq qeyd olunur ki, tərəflərdən hansısa birinə təhlükə yaranarsa, o zaman tərəflər bu məsələni müzakirə edib, müvafiq addımlar ata bilərlər. Bunun da tərcüməsi bəllidir.

Azərbaycan ordusu da 44 günlük savaşdan sonra daha da güclənib və bu proses davam edir, ən yeni silah-sursatla təmin olunur. Döyüş potensialı və təcrübəsi artıb, istənilən təxribatın qarşısını almağa qadirdir. Amma hansısa məqamda ehtiyac olacaqsa, Şuşa Bəyannaməsi işə düşə bilər. Təkrar hərbi bazalara gəlincə, bu, zamana bağlı olan məsələdir və situasiyadan asılı olacaq.
Ardını oxu...
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, son günlər Azərbaycanla Rusiya arasında bir soyuqluq yaşanır. Qarşılıqlı ittihamlar var. Yüksək səviyyədə ciddi əlaqələrə və münasibətlərə malik iki tərəfdaş ölkə arasındakı gərginliyə səbəb nədir?

- Azərbaycan bütün qonşu ölkələr və tərəfdaşları ilə hər zaman münasibətlərin normal səviyyədə saxlanılmasına diqqətlə yanaşıb. Ölkəmiz həmişə milli maraqlara söykənən və bunu əks etdirən siyasət aparır. Bu nöqteyi-nəzərdən Qərb, yaxud da ki, Rusiya ilə isti və ya soyuq münasibətlərdən danışmaq bəlkə də düzgün deyil. Burada daha doğru olan yanaşma qitələrin, ölkələrin nümayəndələrinin Azərbaycanın milli maraqlarına uyğun, yaxud olmayan siyasətin aparılması məsələsinə diqqət yetirmək lazımdır. Elə məsələləri də məhz bu kontekstdə təhlil etmək olar. Sadəcə olaraq Rusiyanın bölgədə və yaxud müvəqqəti olaraq Azərbaycan ərazisində olan sülhməramlılarının vasitəsi ilə separatçılara müxtəlif formalarda dəstək verməsi qəbul edilən hal deyil.

- Rusiyan Qarabağdakı separatçılara necə dəstək olur?

- Azərbaycan ərazisinə müvəqqəti olaraq yerləşdirilmiş rus sülhməramlıları Qarabağda qalmaqda olan separatçılara, terrorçulara silah ötürür. Bununla da sülhməramlılar faktiki olaraq öz missiyalarının əksinə çıxaraq burada daha çox Rusiyanın maraqlarını müdafiə etməyə başlayır. Əslində isə sülhməramlılar bura başqa bir missiya ilə gəlmişdi. Onlar Qarabağda yaşan dinc erməni əsilli insanlarla Azərbaycan arasında normal dialoq və kommunikasiyanın yaranmasını təmin etməli idi. Amma fakt odur ki, sülhməramlılar mandatlarından kənara çıxırlar.

- Ceyhun Bayramovun Rusiyaya cavabı nə dərəcədə adekvat oldu?

- Azərbaycanın sözsüz ki, bu yanaşmalara reaksiyası var və belə də olmalı idi. Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına cavab olaraq dediyi fikirlər olduqca önəmli idi. Məhz Bayramov tərəfindən vurğulandı ki, Azərbaycan insan haqlarına milli maraqları nöqteyindən təhlil edir və baxır. Bu əslində Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın “Laçında blokadanı aradan götürmək lazımdır” ifadəsinə tutarlı cavab idi. Çünki o, tamamilə həqiqətdən uzaq bir məsələni gündəmə gətirmişdi.

- Qərbin Azərbaycanla bağlı bir qədər yumşaq mövqe sərgiləməsi hansı amillərlə bağlıdır? Az qala hər addımda Azərbaycanı ittiham edən Qərb Rusiya ilə ölkəmiz arasında münasibətlər bir qədər soyuyan kimi fəallığını artırır. Bu nə ilə bağlıdır?

- Burada Azərbaycanın deyil, Rusiyanın apardığı siyasətə diqqət etmək lazımdır. Sözsüz ki, son dövrlər Qərbin Azərbaycanla bağlı siyasətində bir qədər yumşalma hiss edilir. Bu mənada ABŞ-ın Ermənistandakı yeni səfirinin “Qarabağ erməniləri Azərbaycanda normal şəkildə yaşa bilər” kimi açıqlamaları diqqətdən yayına bilməz. Eyni zamanda Azərbaycan nümayəndə heyətinin ABŞ-a səfəri zamanı burada bizə qarşı olan diqqət heç də təsadüfdən baş verən hal deyildi. Son dövrlər Azərbaycanın Qoşulmama Hərəkatı ilə bağlı apardığı siyasət, İsraildə ölkəmizin səfirliyinin açılması, İranla bağlı ortaya qoyulan mövqe, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə burada mühüm önəm kəsb edir. Bu mənada Azərbaycan-Türkiyə münasibətləri, Şərq aləminə olan yanaşmalar, Afrika və Latın Amerikası ilə bağlı atılan addımları da nəzərdən qaçırmaq olmaz. Eyni zamanda ölkəmizin beynəlxalq təşkilatlarda qaldırdığı məsələlər dünya gündəminə uyğun olan prinsiplər kimi qiymətləndirilir.

- Azərbaycanın təklif etdiyi yanaşmalara münasibət necədir?

- Dünya gündəmi ilə Azərbaycanın təklif etdiyi prinsiplərlə üst-üstə düşür. Azərbaycanın vaxtilə təklif etdiyi daha sonra isə özü tərəfindən həyata keçirilən, reallaşan situasiya həmin istiqamətdə implementasiya olunur. Bunu Rusiya-Ukrayna müharibəsində və Vilnüsdə keçirilən NATO sammitindən görmək olur.

Ətraflı
 
Ardını oxu...
Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “AzPolitika.info”-ya müsahibəsində Volodimir Zelenskinin Türkiyəyə səfəri, Türkiyə-Rusiya münasibətlərində başlayan gərginlik, sülh prosesinin perspektivləri barədə sualları cavablandırıb. Habelə, bu ay Brüsseldə keçiriləcək Əliyev-Paşinyan görüşündən gözləntilərini açıqlayıb.

Müsahibəni təqdim edirik:

- Qəbil bəy, öncə Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfərini dəyərləndirməyinizi xahiş edirik. Zelenskinin Türkiyəyə səfəri, Ərdoğanla görüşdən sonra verilən bəyanatlar Ankara-Moskva münasibətlərinə necə təsir edəcək? Onu da xatırladaq ki, Türkiyə İsveçin NATO üzvlüyünə də razılıq verdi...

- Artıq Rusiyanın nazı ilə oynamaq vaxtı çoxdan keçib. Türkiyə regional gücdür və NATO üzvü olaraq Alyansın siyasi-hərbi konyukturasına uyğun hərəkət etmək onun maraqlarına uyğun gəlir. Son zamanlar Ukrayna-Rusiya cəbhəsində, həmçinin Rusiyanın daxilində baş verən proseslər təsdiq edir ki, bu ölkəni gələcəkdə çox ciddi sosial, siyasi xarakterli sıxıntılar və hətta təlatümlər gözləyir. Bu səbəbdən də, Türkiyə Ukrayna ilə münasibətlərdə daha yaxın bir siyasi xətt seçdi. Zelenskinin səfəri zamanı iki ölkə arasındakı münasibətləri tənzimləyəcək memorandum imzalandı və Türkiyə sonrakı mərhələdə Ukraynaya daha çox hərbi yardım göstərməklə bağlı üzərinə əlavə öhdəliklər götürdü. Bura həmçinin, Türkiyədə pilotsuz uçuş aparatları istehsal edən zavodun tikilməsi də daxildir. Eyni zamanda, Türkiyə “Fırtına” tipli özüyeriyən artilleriya vasitələrinin Ukraynaya göndərilməsinə vəd verdi və onların ilk partiyasını artıq Ukraynaya göndərməyə başlayıb. “Azov” alayının komandirlərinin Ukraynaya təhvil verilməsinə gəlincə, burada heç də qeyri-adi bir şey yoxdur. Bu adamlar səkkiz aydır ki, Türkiyədə müalicə alırlar. İndi onlar vətənlərinə dönmək, ailələri ilə görüşmək istəyirlər. Türkiyə humanistlik göstərərək onların bu arzusunu yerinə yetirdi. Rusiya heç bir halda bu humanist addıma siyasi çalar verərək, nə vaxtsa bundan Türkiyəyə qarşı istifadə edə bilməyəcək. Digər tərəfdən, Dmitri Peskovun bəyanatından da görünür ki, Putinin Türkiyə səfəri gündəmdədir və o, avqust ayında Türkiyəyə səfər edəcək.

- Azərbaycan Qarabağı silahsızlaşdırmaq, Xankəndindəki qondarma rejimi ləğv etmək strategiyasını həyata keçirməyə çalışır. Sizcə, Bakı hansı yolu seçəcək? Güc tətbiqi mümkündürmü?

- Özünə hörmət edən heç bir dövlət kapitulyasiyaya məcbur etdiyi ölkənin silahlı qüvvələrinin ərazisində qalmasına imkan verməz. Üçtərəfli müqaviləyə əsasən, bu, Rusiya sülhməramlılarının həyata keçirməli olduğu məsələ idi. Rusiya bunu etməyərək, bir növ Azərbaycana xəyanət etdi. Hesab edirəm ki, Azərbaycan yarım qalmış həmin işləri yoluna qoymaq üçün lazımi addımları atacaq. Azərbaycan uzun müddətdir Qarabağın dağlıq hissəsindəki ermənilərlə təmaslar qurmağa, bölgədəki bəzi səlahiyyət sahibləri ilə əlaqələr yaratmağa çalışır. Böyük uğurlar olmasa da, müəyyən nəticələr var. Amma lokal xarakterli hərbi əməliyyatların keçirilməsi də gündəmdədir. Bunun bütün istiqamətləri müəyyənləşdirilib. Söhbət xüsusi təyinatlı qüvvələrin iştirakı ilə həyata keçiriləcək anti-terror əməliyyatlarından gedir. Gecə baş tutacaq bu əməliyyatlarda əsas məqsəd separatçıların liderlərinin və ordu komandirlərinin sıradan çıxarılması, onların həbs edilərək Bakıya gətirilməsindən ibarət olacaq. Mən inanıram ki, Azərbaycan ordusu bu şərəfli vəzifəni mütləq yerinə yetirəcək.

- Rusiya-Türkiyə münasibətlərində başlayan gərginlik Bakı-Moskva münasibətlərinə necə təsir edə bilər? Biz Qarabağda bu gərginliyin təzahürlərini görə bilərikmi?

- Türkiyə ilə Rusiya arasındakı gərginlik uzun müddətli olmayacaq. Çünki Türkiyə və Rusiyanı bağlayan müsbət, xüsusilə də Rusiya üçün əhəmiyyətli olan vacib məqamlar var. Hesab edirəm ki, Türkiyə-Rusiya münasibətləri tezliklə səhmana salınacaq. Rusiyanın Qarabağın dağlıq hissəsindəki özbaşınalıqlarının minimuma endirilməsi üçün Azərbaycan hakimiyyəti qardaş Türkiyə ilə məsləhətləşmələrə gedə bilər. Düşünürəm ki, Azərbaycan bölgədə yaşayan mülki erməni əhalisi ilə təmasları gücləndirəcək və separatçı liderlərin cəmiyyətdən təcrid edilməsi siyasətini həyata keçirməyi bacaracaq. Biz Rusiya sülhməramlılarının bölgədəki müxtəlif fitnəkarlıqlarına, özbaşınalıqlarına baxmayaraq, qarşıya qoyduğumuz lokal xarakterli anti-terror tədbirlərini mütləq həyata keçirəcəyik. Əvvəlcədən Rusiya sülhməramlılarına xəbərdarlıq edərək onlardan bizim başlayacağımız əməliyyatlar zamanı sakit olmalarını, özlərinə nəzakətli aparmalarını tələb edəcəyik. Çalışacağıq ki, bu proseslər hər hansı bir əlavə qarşıdurma olmadan həyata keçirilisin.

- Qarabağdakı silahlı dəstələrin tərksilah edilməsində Ermənistanın rolu nədən ibarət ola bilər? Nəzərə alsaq ki, Bakı əsas təzyiqlərini İrəvana yönəldib...

- Bəli, biz dəfələrlə Ermənistanı xəbərdar etmişik ki, bizim daxili işlərimizə qarışmayın. Azərbaycanın Ermənistan qarşısında əsas şərtləri - Xankəndinin maliyyələşdirilməməsi, oradakı separatçı qüvvələrə yardım göstərilməməsi, onlara müxtəlif təlimatların göndərilməməsindən ibarətdir. Əgər sən “Qarabağ Azərbaycandır” deyirsənsə, Azərbaycanın ərazi bütövlüyünü tanıyırsansa, burada baş verən proseslərə müdaxilə etmək niyyətindən birmənalı şəkildə vaz keçməlisən. Əks təqdirdə bizim Ermənistana təsir etmək üçün müxtəlif rıçaqlarımız yarana bilər. Bu rıçaqlar Şərqi Zəngəzurda və Naxçıvan boyu bölgələrdədir. Ermənistan tərəfi bu şərtlərlə bağlı hər hansı bir maneçilik törədəcəksə, bu bölgələrdə “cəzalandırma əməliyyatları” ilə üzləşəcək. Azərbaycan bir dəfə bunu praktikada göstərib və ermənilər də bunu çox yaxşı bilirlər. Zənnimcə, bu əməliyyatlar Xankəndindən əvvəl Ağdərə və Əsgəranda başlayacaq və ya Ağdərə, Əsgəran və Xankəndində eyni anda həyata keçiriləcək.

- Bəzi məlumatlara görə, Rusiya Qarabağın “özünümüdafiə ordusunun” ləğvi müqabilində Azərbaycandan Rusiya sülhməramlılarına mandat tələb edir. Bakı belə bir bazarlığa gedə bilərmi?

- Rusiya Azərbaycanda qalmaq üçün min cürə fitnəkarlıq göstərəcək. Amma inanmıram ki, Azərbaycan Rusiyanın bu bölgədəki fitnəkarlıqlarını soyuqqanlı qarşılasın və onunla bazarlığa getsin. Türkiyə də çətin ki, bu məsələdə Rusiyayla razılaşsın. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, burada da müəyyən bir siyasi gedişlər olacaq. Rusiyanı neytrallaşdırmaq üçün müəyyən vədlərin verilməsi istisna edilmir. Amma biz yaxşı bilirik ki, 2025-ci ilə, sülhməramlıların mandatı bitənə qədər biz başqa bir Rusiya ilə baş-başa qalacağıq. Həmin Rusiya artıq regional güc olmayacaq və daxilində ciddi sarsıntıların, milli əlamətlər üzrə qarşıdurmaların başladığı ölkə olacaq. İlk vaxtlar ola bilsin ki, Rusiya ilə bu məsələdə müəyyən kompromislər olsun. Amma bu kompromislərin ömrünün qısa olacağını söyləmək mümkündür.

- Rusiyadan ehtimal olunan sərt təzyiqlər Türkiyənin Azərbaycana açıq dəstək verməsinə və bölgədə irimiqyaslı toqquşmalara gətirib çıxara bilərmi?

- Rusiya bölgədə irimiqyaslı qarşıdurmalar yarada bilməz. Bu, qəti surətdə istisnadır. Buna heç Qərb koalisiyası da imkan verməz. Xüsusilə də Amerika Birləşmiş Ştatları. Rusiya kağızdan düzəldilmiş pələngdir. Bunu Ukrayna müharibəsi də göstərdi. Rusiyanın Cənubi Qafqazdakı müxtəlif manevrləri heç bir nəticə verməyəcək. Digər tərəfdən, Rusiya Türkiyənin Qafqaza birdəfəlik yerləşdiyini və Türkiyə ilə qarşı-qarşıya gəlməyin təhlükəli olduğunu çox gözəl başa düşür. Bu mənada Rusiya bölgədə Türkiyə və Azərbaycanla qarşıdurma yaradan ciddi addımlar ata bilməyəcək. Rusiyanın buna potensialı və resursu da yoxdur. Həmçinin, Rusiya yaxşı başa düşür ki, bölgədən onun çıxarılması prosesi təkcə Ermənistanın və Azərbaycanın deyil, həm də kollektiv Qərbin əsas istəyidir.

- Bu ay Brüsseldə Əliyev-Paşinyan görüşü gözlənilir. Nə gözləyirsiz bu danışıqlardan, Azərbaycanın sülhlə bağlı əsas tələbləri nədən ibarət olacaq?

- Brüssel görüşü sülhyaratma prosesində həlledici məqamlardan biri olacaq. Doğrudur, bu məsələdə Ermənistan tərəfi, xüsusilə də Nikol Paşinyan yenidən Rusiyanın təsiri altında destruktiv addımlar atmağa başlayıb. Görüşün sülh müqaviləsinin imzalanmasına gətirib çıxarmayacağı kimi fikirlər səsləndirən Nikol Paşinyan sülh müqaviləsinin bu il imzalanacağıyla bağlı müəyyən şübhələr yaratmağa çalışır. Halbuki, o, ötən il sülh müqaviləsinin bağlana biləcəyi haqda nikbin rəylər verirdi. İndi isə bu sürüşkən Baş nazir başqa notlar səsləndirməyə çalışır. Amma onun bu cür notlar səsləndirməsinin heç bir əhəmiyyəti olmayacaq. Çünki Ermənistanın özünə də, onun siyasi rəhbərliyinə də ABŞ və Avropa Birliyindən güclü təzyiqlər mövcuddur. Kollektiv Qərb bölgədə bu ilin sonuna qədər sülh sazişinin, heç olmasa onun skeletinin hazırlanmasının tərəfdarıdır və bunun üçün də əlindən gələni edəcək. Proseslərdə Qərbin mövqeyi sağlam görünür və bu sağlam mövqe də Paşinyana ciddi şəkildə təsir göstərir.

Elvin Bəyməmmədli

“AzPolitika.info”
Ardını oxu...
“Yazıçılar Birliyinin ömürlük sədridir, Anar indi mahnı da oxuyar, istədiyini də edər”.

"DogruXeber.az" Yenicag.az-a istinadən yazıçı-filosof Əlisa Nicatla blits-müsahibəni təqdim edir.

– Ötən ilin sonlarında maddi vəziyyətinizin ağırlığı ictimailəşəndə, gündəm oldununz, hər kəs sizdən danışırdı və inanılmaz mənəvi-maddi dəstək verildi. Təqribən yeddi ay keçib, insanların sizə qarşı diqqəti azalmayıb ki?

– O hadisə keçən ilin dekabrında olmuşdu, indi sakitlikdir. Bir həftə-on gün hamı maraqlandı, sonra hər şey keçdi. Camaat əlli cildlik külliyatı nəşr olunan bir yazıçının, ilk fəlsəfə antalogiyalarının müəllifinin yaşadığı şəraiti görüb dəhşətə gəlmişdi. Ona görə də imkanı çatan insanlar kömək elədilər. Qaz pulu çox pul yazırdı deyə, evdəki “peç”i gündə ancaq bir-iki saat yandıra bilirdim. Bu məsələ qalxandan sonra Şahbaz Xuduoğlu kömək elədi, evin aşağısına da, yuxarısına da təzə “peç” quraşdırdılar. Sonra özümün oturub işləməyim üçün kiçik yer düzəltdilər, evdə bir az təmir işləri apardılar. Sağ olsunlar, tanıdığım-tanımadığım insanlar beş-altı min manat pul toplayıb göndərdilər.

– Məsələnin maddi tərəfini bir kənara qoyaq. Yaşanan o bumdan sonra yazıçı-filosof Əlisa Nicat indi yenə diqqətdən kənardadır?

– Həmişə necə idisə, indi də elədir. Bu məsələ qalxanda mənə dedilər ki, bəs Yazıçılar Birliyi hamıya təqaüd verir. Mən də həvəslənib oraya getdim. Anar yerində olmadı, onu görə bilmədim. Əməkdaşlar mənə dedilər ki, təqaüd alacaq şəxslərin siyahısında sizin də adınız var. Ancaq yoxlayanda gördülər ki, siyahıya salınmamışam. Narahat oldular və məni o siyahıya daxil edib ayda üç yüz manat alacağımı dedilər. Anar işə gələn kimi mənim adımı siyahıya salan əməkdaşları qatıb bir-birinə, adımı da siyahıdan çıxartdırıb. Yəni beləcə məni təqaüdə salmadılar.

– Bu münasibətin səbəbi hər halda sizə aydın olmalıdır…

– Səbəb deyəndə ki… Mən danışmışdım axı, Rəsul Rza cavanlıqda məndən balıq istəmişdi, gətirməmişdim. Qalan əsərlərimiz çapa hazırlayanda baxıram ki, müsahibəmdə bu balıq məsələsindən danışmışam (gülür). Yəni demək lazım olmayanları deməklə çox səhvlər eləmişəm. Düzdür, günah məndədir, ancaq olanı demişəm də, nəsə uydurmamışam ki… Keçən dəfə Rəfibəylilər haqqında olan kitabda qəribə iddia gördüm. Orada Rəsul Rzanın da, xanımının da sovet dövründə guya müsavatçı olduqları deyilir. Amma Lenini, Stalini nədh edən bir şair sovet vaxtı necə müsavatçı ola bilərdi, başa düşmürəm… Əvvəlki müsahibələrimdə də bu barədə danışmışam. Görünür, bu fikirlərimə görə Anarda o qədər kin yaranıb ki, mənə qarşı belə davranır.

– Xəbəriniz varsa, Anar indi də bir məclisdə oxuduğu mahnı ilə diqqət mərkəzinə düşüb…

– Anar indi nə istəsə, edə bilər… Bilirsiniz də, oğlu on beş ildir səfirdir, xanımı da, qızı da yüsək vəzifədədir, özü isə Yazıçılar Birliyinin ömürlük sədridir. Ona görə indi mahnı da oxuyar, istədiyini də edər… Ancaq mənə, səksən səkkiz yaşlı yazıçı-filosofa üç yüz manatı çox gördü”.
Ardını oxu...
Politoloq Boris Novasardyan yerli mətbuata müsahibəsində ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması ilə bağlı danışıqlar prosesində vasitəçiliyi və bu məsələdə Azərbaycanın ərazi bütövlüyünü müdafiə etməsinin səbəbləri ilə bağlı maraqlı açıqlamalar verib.

Siyasi ekspert ABŞ-ın Cənubi Qafqazdakı maraqlarının dəyişməsini zəruri edən səbəblərin Ermənistan-Azərbaycan münasibətlərinə və Qarabağdakı vəziyyətə təsirini belə izah edib:

-Cənab Navasardyan, ABŞ-ın Ermənistandakı səfirinin məlum rezonanslı bəyanatı nədən qaynaqlanır? Nə üçün ABŞ albanları etnik təmizləmədən xilas etmək üçün Kosovonun müstəqilliyini tanıdı... Qarabağda ermənilərin təhlükəsizliyinə isə yalnız ümid verir?

-İndiki vəziyyətdə Birləşmiş Ştatlar üçün hansı dövlətlərin münaqişə tərəfi olmasından daha çox Vaşinqtona münaqişənin necə həll edilməli olması vacibdir.

Düşünürəm ki, ABŞ-ın axtardığı budur. Kosovo məsələsində biz iki tərəf arasında qarşıdurma gördük ki, onlardan biri ABŞ-ın potensial müttəfiqi, digərini isə regional siyasətdə ABŞ-ın maraqlarına zidd olan istiqamətin təmsilçisi hesab edilirdi. Biz o vaxt Serbiyada baş verənləri və o zaman ABŞ-ın müdaxiləsini xatırlayırıq (NATO 1999-cu ildə Belqrad və Serbiyanın digər şəhərlərini bombalamışdı – red.). Qarabağ nizamlanmasına gəlincə, biz münaqişənin hər iki tərəfinin ABŞ-a yaxın olduğu tamamilə fərqli bir vəziyyətlə üzləşirik. Müvafiq olaraq, amerikalıların münaqişənin xeyrinə həll edilməli olduğu o qədər də qəti mövqeyi yoxdur. Konkret vəziyyətdən, qüvvələrin bölgüsündən asılı olaraq, ABŞ mümkün sülhə və vəziyyətin sabitləşməsinə gətirib çıxaracaq siyasət yürütməyə çalışır. 2020-ci ilin müharibəsinin nəticələrini və qüvvələrin hazırkı nisbətini nəzərə alaraq hesab edirəm ki, Vaşinqton bu barışığa nail olmağın yeganə yolunu Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini Azərbaycanın tərkibində təmin etməkdə görür.

-Maraqlıdır ki, Amerika səfirinin sözləri onun sələfi, o zaman Moskvada Amerika diplomatik missiyasının rəhbəri təyin edilmiş Lin Treysinin mövqeyi ilə kəskin şəkildə ziddiyyət təşkil edir. Xüsusilə, səfir Treysi 2021-ci ilin avqustunda jurnalistlərə bildirib ki, Qarabağ münaqişəsi həll olunmayıb, çünki Qarabağın statusu hələ müəyyən edilməyib. İndi ABŞ Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir. Vaşinqtonun mövqeyinin belə kəskin dəyişməsini necə izah edirsiniz?

- Düşünürəm ki, ilk növbədə Ermənistanın mövqeyində dəyişiklik var. Ermənistan-Azərbaycan münaqişəsi ətrafında gedən proseslər baxımından da faktiki olaraq dəyişikliklər mövcuddur. Burada ABŞ-ın bölgəmizdəki siyasətini müəyyən etmək üçün əlbəttə ki, Ukrayna müharibəsini, Rusiya amilini nəzərə almaq lazımdır. Ermənistanın mövqeyi isə 2020-ci il müharibəsindən sonra bir neçə dəfə dəyişib. Bu mövqedən asılı olaraq, ABŞ münaqişənin aradan qaldırılmasında öz rolunun müxtəlif variantlarını görürdü. 2021-ci ildə Ermənistan Qarabağ ərazilərinin (ən azı Hadrut rayonu və Şuşanın) “azad edilməsi”ni müdafiə edib və “xilas naminə ayrılma” prinsipini müdafiə edib. Bu, hakim qüvvənin, “Vətəndaş Müqavilə”sinin 2021-ci ildə keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı proqramında öz əksini tapıb. İndi Ermənistan Bakının Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyinə əməl olunması müqabilində Qarabağla birlikdə Azərbaycanın ərazi bütövlüyünün tanınmasının tərəfdarıdır. Bu baxımdan, biz həm də əsas vasitəçilərdən biri kimi ABŞ-ın davranışının transformasiyasını müşahidə edirik.

Müşfiq Abdulla
Cebhe.info
 
Ardını oxu...
Ermənistan ordusu və Qarabağdakı qanunsuz silahlı dəstələr hərbi təxribatlarını davam etdirməkdədirlər. İyulun 8-i saat 23:40-dan iyulun 9-u saat 06:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd, Aqaraq rayonunun Karçevan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana və Dəmirçidam, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kilit yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib ki, iyulun 8-i saat 22:35-dən 23:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Şuşa və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub. Bölmələrimiz tərəfindən bu istiqamətlərdə cavab tədbirləri görülüb.

“Bundan əlavə, Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopterlər Ordumuzun Naxçıvan Muxtar Respublikası və Laçın rayonu ərazilərində yerləşən mövqeləri, qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter isə Xocavənd rayonu Tağaverd kəndi istiqamətində yerləşən bölmələrimizin mövqeləri üzərində kəşfiyyat xarakterli uçuşlar aparmağa cəhd göstərib. Görülən təxirəsalınmaz tədbirlər nəticəsində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən kvadrokopterlərin fəaliyyətinin qarşısı alınıb”, - deyə nazirliyin məlumatında qeyd edilib.

Bildirilib ki, eyni zamanda, mühəndis texnikasının cəlb olunması ilə müxtəlif istiqamətlərdə təminat yollarının genişləndirilməsi, səngərlərin qazılması, sığınacaqların hazırlanması, eləcə də döyüş mövqelərinə müşahidə kameralarının quraşdırılmasına cəhd edən qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyəti bölmələrimiz tərəfindən görülən tədbirlər nəticəsində dayandırılıb.

TEREF.AZ-ın məlumatına görə, sülh danışıqlarının intensivləşdiyi zamanda Ermənistanın təxribatlarda məqsədinin zaman qazanmaq olduğunu, sülhdən yayınma siyasətini apardığını deyən hərbi ekspert Elxan Şıxəliyev AYNA-ya bildirib ki, siyasilərin sülh danışıqlarında nəticə olmayanda silahlar işə düşür:

-Siyasi nəticə olmayanda hərbçilər məsələlərə aydınlıq gətirirlər. Siyasilərin görüşlərindən, danışıqlarından sonra Ermənistan təxribatlar törədərək sülh sazişinin imzalanmasında maraqlı olmadığını nümayiş etdirir. Təxribatlarla İrəvan göstərmək istəyir ki, gərginlik var, belə vəziyyətdə sülh sazişinin imzalanması mümkün deyil. Azərbaycanı günahlandırırlar ki, guya Bakı sülhü imzalamamaq üçün gərginliyi artırır. Əslində şərti sərhəddə və Qarabağda təxribatlar törədirlər və Azərbaycanı cavab atəşinə təhrik edirlər. Ermənistan sülh sazişinə gedən yolu bağlamağa çalışır. Bu siyasətləri də hesab edirəm ki, davam edəcək.

- Növbəti Brüssel danışıqlarına bu gərginliyin təsirləri olacaqmı?

- Təbii ki, İrəvanın məqsədi də məhz budur. Hər zaman sülh danışıqları istiqamətində görüşlər öncəsi Ermənistan elə vəziyyət yaradır ki, vasitəçilərə Azərbaycanın guya sülhə hazır olmadığını desinlər. Faktiki olaraq, rəsmi İrəvan zaman uzatmağa, vaxt qazanmağa çalışır. Bu təxribatlarda məqsəd məhz budur. Düşünürəm ki, bu təxribatları bundan sonra da davam etdirəcəklər. Ən azı ilin sonunadək Ermənistanın sülh sazişini imzalayacağını gözləmək sadəlövhlükdür. Diqqət edin, Qarabağla bağlı ermənilər revanşist bəyanatlar verirlər, döyüşəcəklərini deyirlər və s. Separatçı rejimi həm Ermənistanda, həm dəı havadar ölkələrindəki ermənilər tərəfindən cəsarətləndirmə tədbirləri görülür. Yəni ki, bölgədə hərbi gərginliyi artırmağa daha çox meyillidirlər, nəinki sülhə.

- Azərbaycan hansı addımları atmalıdır?

- Azərbaycan təxribatlara sözsüz ki, cavab verməlidir, verir. Bölmələrimizin ermənilərin təxribatına yalnız taktiki cavab verməsi ən doğru olandır. Təbii ki, təxribatların qarşısını almaq üçün Azərbaycan Ordusu adekvat tədbirlər görməyə davam edəcək. Nəzərə almaq lazımdır ki, Ermənistan mütəmadi olaraq atəşkəsi pozmaqla toqquşmanın miqyasını böyütmək istəyir. Atəşkəsin pozulması, böyükmiqyaslı hərbi əməliyyatlar Ermənistan tərəfinə sərf edir. Qarşı tərəf elə bizi məhz buna sürükləmək istəyir. Azərbaycan doğru olan siyasətini davam etdirməlidir, təxribatlara getməməlidir. Yenə deyirəm, adekvat cavab verilməlidir, hansı ki, bu addımlar atılır.
 
 
 

Ardını oxu...
Neyrocərrah Dr. Tural Hidayətov ittihamlara cavab verdi -
“Baku Medical Plaza” xəstəxanasının uzman neyrocərrahı Dr. Tural Hidayətovla bağlı sosial mediada ittiham yayılıb. Xəstə yaxını həkimin etdiyi əməliyyat nəticəsində atasının iflic olduğunu iddia edir.

Məsələ ilə bağlı “Qafqazinfo”ya müsahibə verən Tural Hidayətov ittihamlara dair suallarımızı cavablandırıb.

-Tural həkim, bir xəstə yaxını atasını iflic etdiyinizi yazıb. İstərdik bu məsələyə aydınlıq gətirəsiniz. Həmin şəxsdə hansı xəstəlik vardı?

-Söhbət 67 yaşlı pasiyentim Knyaz Eminovdan gedir. Müayinə nəticəsində tromboz olmuş böyük ölçülü “MCA M1” seqmenti (orta beyin arteriyası) anevrizması (damar balonu), sağ gicgah payında ödəm və ödəmə bağlı epileptik tutma aşkar olundu. İyunun 25-də xəstəxanaya yatışı qeydə alındı. Sabahı gün əməliyyat etdik.

-Hansı əməliyyatı icra etdiniz?

- Kraniotomiya- mikrocərrahi üsulla anevrizmanın kliplənməsi əməliyyatını.

-Əməliyyat necə keçdi?

-Əməliyyat fəsadsız keçdi.

-Bəs sonra hansı fəsad yarandı?

-Əməliyyatdan sonra xəstədə hemiparez (sağ tərəfin qüvvətsizliyi) formalaşdı. Səbəbi əməliyyat sırasında görülməyən millimetrik damarların (lentikulostriat arteriyalar) tromboz ve ya spazma getməsidir. Bu növ anevrizmalarda (böyük ölçülü tromboze MCA anevrizmaları) bu cür infarktlar yarana bilər. Yəni belə bir risk var. Ancaq əksər hallarda fizioterapiya ilə 3-6 ay ərzində bərpa olurlar.

-Xəstə yaxını bu fəsadın yaranmasında sizi ittiham edir. Bu haqda nə deyərdiniz?

-Təbii ki, əsassız bir ittihamdır! Xəstədə bu fəsad yarananda yaxınları bizə müraciət etmədən bu cür əsassız ittihamlar irəli sürməyə başladılar. Halbuki müraciət etsəydilər, onlara da ətraflı izah edə bilərdik. Belə bir risk vardı və təəssüf ki, baş verdi. Yəni xəstənin iflic olmasında həkimi təqsirləndirmək yanlış və haqsızlıqdır. Bu, həkim xətası deyil.

–Əməliyyatdan öncə belə bir fəsadın baş vermə riski haqqında xəstə və yaxınlarına məlumat vermişdiniz?

-Əlbəttə ki! Bilirdilər. İflic, koma, hətta ölüm riskləri barədə yazılı məlumat da verilib. Xəstə və yaxınları həmin məlumatları oxuyaraq imzalayıblar.

-Xəstə əməliyyat üçün ödəniş etmişdi?

-Xəstə yalnız xəstəxana xərcləri üçün ödəniş edib. İki həmkarlarımın yaxın qohumu olduğu üçün əməliyyatı pulsuz icra etmişəm. Fakturalarla bunu əsaslandıra bilərik.

-Xəstə yaxını xəstəxananın bacısını təhdid etdiyini də iddia edir.

-Xəstə yaxınlarından biri bizim xəstəxanada tibb bacısı vəzifəsində çalışır. Guya bizim rəhbərlik onu işdən çıxarmaqla təhdid edib. Əlbəttə ki, bu yalan məlumatdır. Xəstə üçün beynəlxalq protokola uyğun doğru əməliyyat icra olunub. Lakin qeyd etdiyim kimi belə bir əməliyyatda bu cür risklər vardı. Xəstə və yaxınları bunu bilirdi. Xəstəlik və əməliyyatla bağlı foto və videoları da təqdim edirik.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti