Oktyabrın 11-də AŞPA-nın Hüquq məsələləri və İnsan Hüquqları Komitəsində Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidlər mövzusu müzakirə edilib.(Threats to life and safety of journalists and human rights defenders in Azerbaijan).Komitə məsələni araşdırmaq və hesabat hazırlamaq üçün Böyük Britaniyalı deputat Hanna Bardelli məruzəçi təyin edib.

Avropa Şurasının Monitorinq komitəsi Azərbaycan üzrə yeni həmməruzəçi seçib. Bu Norveçin Əmək Partiyasından (Labour party) Liz Kristoferson-dı.Monitorinq Komitəsi ona 5 illik mandat verib. Xanım Liz Kristoferson Azərbaycanda demokratiya, insan haqları, korrupsiya, seçki sahəsində baş verəcək bütün nöqsanları monitorinq altında saxlayacaq.Bundan əvvəl isə AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçisi Ştefan Şennak olub.

Bu vaxta qədər Azərbaycanla bağlı bir çox AŞPA-nın təyin etdiyi məruzəçilər və həmməruzəçilər olub. Andreas Qross, Andreas Herkel, Pedro Aqramunt, Stefan Şennak, Kristof Ştrasser və digərləri. Bu məruzəçilərin hansının işini effektiv hesab etmək olar?

Media Hüququ qrupunun rəhbəri Xalid Ağəliyev ASTNA-nın suallarını cavablayıb:

* * *

– Xalid bəy, AŞPA-da Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin təhlükəsizliyi ilə bağlı yeni məruzəçi təyin olundu. Sizcə indi məhz bu sahədə buna ehtiyac var idimi?

 

-Azərbaycan monitorinq altında olan ölkələrdən biridir. Avropa Şurasına üzv ölkələrin bu qurumun standartlarına əməl etmək öhdəliyi var, belə missiyaların işi problemli ölkələri araşdırmaq, durumu izah edən əhatəli sənədlər hazırlamaqdır. Təəssüflər olsun ki, Azərbaycanda bu sferada kifayət qədər iri problemlər mövcuddur. Artıq 8 ildir ki, QHT-lərin, vətəndaş cəmiyyəti qurumlarının fəaliyyət mühitini ciddi ölçüdə təsirləndirən, onların fəaliyyətini iflic edən qanunvericilik dəyişiklikləri qəbul edilib, qüvvədədir. Həmin dəyişikliklər Azərbaycanı AŞ standartlarından xeyli uzağa daşıyıb. Jurnalistlərin, medianın fəaliyyət mühitinin əlverişsiz olması da heç kimə sirr deyil. İllərdir ki, bu sahədə problemlər var, onlar çözülmür, əksinə, durum daha da pisləşməkdədir. Jurnalistlərin, medianın xeyrinə olan qanunlar işləmir. Bu azmış kimi, bütün Avropa məkanında ən pislərindən sayılan yeni “Media haqqında” qanun qəbul edilib. Həm media sahəsində, həm vətəndaş cəmiyyəti qurumları sahəsindəki düzənləmələrin AŞ ölçülərinə uyğun olmaması Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarında dəfələrlə vurğulanıb. Bütün qeyd edilənlər AŞ qarşısındakı öhdəliklərimizə əməl edilməsində çox ciddi problemlərin olmasından xəbər verir. Belə durum çoxdan idi ki, monitorinqi zəruri edirdi. Məruzəçinin təyin edilməsi gecikmiş addımdır. Bu addım daha öncə atılsa, bəlkə də neqativ tendensiyaları əngəlləmək və ya xeyli cilovlamaq, yubatmaq, önləmək olardı.

– Bundan əvvəl bu sahədə məruzəçi olmayıb. Hüquq müdafiəçilərinə və jurnalistlərə qarşı ən repressiv dövrdə belə bu sahə üzrə məruzəçi olmayıb. Bəs niyə məhz indi?

– Ümid edək ki, bu missiyanın fəaliyyəti ortadakı problemlərin xeyli dərəcədə aradan qaldırılmasına səbəb olacaq. Təyinatın niyə indi gerçəkləşməsinə gəlincə, bunun səbəbləri müxtəlif ola bilər. Bəlkə bizim təsir imkanlarımız zəifləyib. Hökumət istər media ilə, istərsə də digər problemli sahələrlə bağlı tez-tez müxtəlif qanunlar, sənədlər qəbul edir və Avropa qurumlarında bunların problemlərin həllinə yönəldiyini geniş təşviq edir. Məsələn, Azərbaycanda hüquq müdafiəçilərinin, jurnalistlərin siyasi motivlərlə həbsi Avropa Məhkəməsinin qərarlarında öz təsdiqini tapıb. Belə qurbanların sayı 15-dən çoxdur. AİHM-in həmin qərarlarının icrası kontekstində Azərbaycan Ali Məhkəməsinin Plenumu 2 il əvvəl çox yaxşı qərar qəbul etmişdi. Bu, yeni və mütərəqqi təcrübə idi. Ancaq hökumət onu seçmə üsulla tətbiq edir. Sərt tənqidçilərinə münasibətdə həmin təcrübə işləmir. Belə nümunələrdən görünən odur ki, müxtəlif addımlar atılır, amma həmin addımlar ölçülü-biçili, durumu dəyişməyə yox, günü keçirməyə yönəlik addımlardır. Reallıq odur ki, durum yaxşılaşmaq əvəzinə daha da pisləşir. Ola bilsin, artıq belə görüntü xarakterli addımların əsl üzü hər kəsə bəlli olur, yaxud, durumu görməzdən gəlmək artıq mümkün olmur.

– Avropa Şurasının Monitorinq komitəsi Azərbaycan üzrə yeni həmməruzəçi də seçib. Bu Norveçin Əmək Partiyasından Liz Kristoferson-dı. Ümumiyyətlə, bu vaxta qədər Azərbaycan üzrə hansı sahələrdə məruzəçilər olub? Və onların işini effektiv hesab etmək olarmı? Və ya onlardan hansının gördüyü işi effektiv hesab etmək olar?

– İndiyədək təyin edilmiş məruzəçilər demokratik təsisatların durumu, siyasi məhbus məsələsi və digər müxtəlif sahələr üzrə monitorinq aparıblar. Avropa Şurasının ölkələrdəki durumu incələməsi üçün əldə olan aləti budur. Ancaq bu alətin Azərbaycanda effektiv nəticələrə gətirdiyini söyləmək olmur. Baxmayaraq ki, çoxsaylı məruzəçilər olub, ciddi sənədlər hazırlanıb, qəbul edilib, ancaq konkret götürülmüş hansısa sahədə ciddi, oturuşmuş tərəqqinin əldə olunmasından danışmaq mümkün deyil.

-Dediyiniz kimi məruzəçilərin və ya həmməruzəçilərin təyin olduqları sahələr üzrə bu vaxta qədər müsbətə doğru heç nə dəyişməyib. Belə olduğu halda məruzəçilərə və ya həmməruzəçilərə ehtiyac varmı?

-Tərəqqi, yaxşılaşma yalnız məruzəçilərdən asılı məsələ deyil. Elə məruzəçi olub ki, hökumət yerdəki durumu incələmələri üçün onların Azərbaycana səfər etmələrinə belə imkan verməyib. Azərbaycana səfər edən, ətraflı araşdırmalar aparan, əhatəli sənədlər hazırlayanlar, problemləri aydın ortaya qoyanlar da çox olub. Ancaq həmin sənədlərdə müəyyən edilən problemlər həllini tapmayıb. Bu, daha geniş spektrin, vətəndaş cəmiyyətinin, siyasi partiyaların, başlıcası, hökumətin fəal iştirakı ilə mümkün ola bilər. Hökumət maraqlı olmadıqca, müsbətə doğru dəyişiklik çətin baş versin. AŞ-ın məcbur etmə mexanizmləri də var. Ancaq qlobal şərtlər baxımından, onların işə düşməsi asan görünmür.

– Məruzəçiyə ehtiyac olmaması üçün AŞPA və ya hökumət tərəfindən hansı addımlar atılmalıdır?

– Məruzəçi o zaman təyin olunur ki, konkret sahələrdə ciddi problemlər mövcud olur, onların aradan qaldırılmasına yönəlik addımlar yubandıqca yubanır. Məruzəçilərə ehtiyac olmamasının şərti odur ki, problemlər həll edilsin, olmasın. Ancaq Azərbaycan hökuməti monitorinq edilən sahələrdəki problemləri davamlı olaraq, inkar edir, həm media, həm demokratik təsisatların durumu ilə bağlı hər şeyin qaydasında olduğunu ifadə edir. Konkretləşdirsək, məruzəçi təyin edilmiş sahələrdə irəliləməyin yolu çox mürəkkəb deyil. Vətəndaş cəmiyyəti qurumlarının, hüquq müdafiəçilərinin fəaliyyət mühiti yaxşılaşdırılmalıdır. Bunun üçün ən azı qanunvericilik sistemi 10 il əvvəlki duruma qaytarılmalıdır. Media, jurnalistlərlə bağlı məsələyə gəldikdə, Avropa Məhkəməsinin bu sahə ilə əlaqəli qərarları sistemli şəkildə icra edilməli, medianı tənzimləyən qanunlar dəyişdirilməlidir.


Ardını oxu...
Konfliktoloq Elxan Mehdiyev Teleqraf.com-a müsahibə verib.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- Rusiya Ukraynanın dörd bölgəsini ilhaq etdikdən sonra Qərbdən, xüsusən də ABŞ-dan Kiyevə verilən müasir silah və raket sistemlərinin həcmi artırılıb. Bu fonda müharibənin gedişatı haqda proqnozunuz necədir?

- Təbii ki, bununla bağlı dəqiq proqnoz vermək çox çətindir. Amma son addımları Rusiyanın zəiflədiyinin və çıxılmaz durumda olmasının göstəricisidir. Çünki artıq Rusiya aşkar formada Ukraynanın mülki infrastrukturunu və dinc əhalini, paytaxt Kiyevin mərkəzində hökumət binalarının yerləşdiyi əraziləri vurmaqla hərbi cinayətlərə imza atır. Rusiya döyüş meydanında məğlub olur, bu fonda Ukrayna ordusu cənubda irəliləyir. Rusiya isə uzaqmənzilli ballistik raketləri ilə Ukraynanın mülki obyektlərini dağıtmaqla məşğuldur.

Rusiya atdığı son addımlarla dünyadan təcridini dərinləşdirir. Rusiyanın hərbi-siyasi rəhbərliyi bu gün etdiklərinə görə gələcəkdə beynəlxalq ictimaiyyət tərəfindən cinayət məsuliyyətinə cəlb oluna bilər.

Ukraynanın döyüş meydanındakı uğurları o ehtimalı gücləndirir ki, Rusiya daha gözlənilməz addımlara gedə bilər. Bu da hamını narahat edən nüvə silahının tətbiqi ilə bağlı məsələdir. Bu baxımdan proqnoz vermək çətindir. Çünki Putin məğlubiyyəti qəbul etmək istəməz. Buna görə də vəziyyətdən çıxmaq üçün ən son addımlara da əl ata bilər. Bu da təkcə Rusiya və Ukrayna üçün yox, bütün dünyanın sonu üçün atılmış addım olardı.

- Rusiya rəsmiləri son zamanlarda tez-tez ABŞ-ın müharibədə tərəfə çevrildiyi iddiasını dilə gətirirlər. Sizcə, Kremlin bu təbliğatının arxasında hansı niyyəti var?

- Təbii ki, ABŞ Ukraynaya silah verir, bu baxımdan o da tərəf sayılır. Amma ABŞ birbaşa tərəf deyil. ABŞ əsasən köməkçi tərəf statusundadır. Rusiya inanır ki, bütün Qərb dövlətləri, o cümlədən, Türkiyə Ukraynaya hərbi yardım etməklə onun qələbə qazanmasında maraqlı tərəflər kimi çıxış edirlər.

Baydenin də dediyi kimi, Putin müharibəni düzgün hesablamamışdı. O düşünürdü ki, qısa vaxtda Kiyevi tutacaq, bütün Ukraynanı ələ keçirəcək. Dünyanın Rusiyaya qarşı vahid formada hərəkət edəcəyini də gözləmirdi. Çünki Krımın ilhaqından sonra Rusiyaya sərt sanksiyalar tətbiq olunmamışdı.

ABŞ-ın Əfqanıstandakı uğursuzluğu fonunda Rusiyanın Suriyada üstünlük əldə etməsi Putini inandırdı ki, rus ordusu çox güclüdür, Qərb və Amerika zəifdir, Ukrayna xalqı onu gül-çiçəklə qarşılayacaq, Ukrayna ordusu yoxdur və s. Putin belə bir hesablama sayəsində bu addımı atdı, meydanda isə bunun əksini gördü. Bunu da hər kəs görür.

- Aqressivləşən Rusiyanın nüvə silahından istifadə edə biləcəyi də gündəmdədir. Sizcə, Rusiya belə bir addım atsa, buna NATO və ABŞ-ın cavabı necə ola bilər?

- NATO və ABŞ buna çox sərt cavab verəcəyini bildirir. Bu isə bütün dünyanın yox olmasına gətirib çıxarardı. Deyildiyi kimi, nüvə müharibəsindən kiminsə qalib çıxması mümkün deyil. Bu, bütün bəşəriyyətin məhvi demək olardı. Belə bir müharibədən qalib yox, ancaq şikəst çıxmaq olar.

- Qərb mediasında isə rus ordusu və Putin arasındakı narazılıq və bu fonda Rusiyada hakimiyyət dəyişikliyinin baş verə biləcəyi ehtimalı müzakirə mövzusudur. Sizcə, ordu-Putin münasibətlərindəki çat federasiyada nə kimi gəlişmələrin önünü aça bilər?

Ətraflı
- Belə demək daha doğru olar ki, Putinin, siyasi rəhbərliyin ordudan çox böyük narazılığı var. Çünki Rusiya ordusu hələ də sovet ordusunun İkinci Dünya Müharibəsindəki qələbəsinin eyforiyası ilə yaşayırdı. Bunu Birinci Çeçenistan Müharibəsində də gördük. Son zamanlarda “rus ordusunun müasir silahlarla gücləndirilməsi” ilə bağlı Rusiyanın rəsmi təbliğatı üzərində bir mif yaradılmışdı.

Amma Ukraynadakı müharibə göstərdi ki, bu belə deyil. Müharibənin indiki gedişatında Rusiyanın siyasi rəhbərliyi ordu ilə bağlı çıxılmaz durumda qalıb.

Rusiya siyasi rəhbərliyi daxilində də bu müharibə ilə bağlı narazılıq, fikir ayrılıqları var. Hakim komandanın bir qismi bu müharibənin əleyhinədir, amma Putinin diktatura rejimi altında səslərini çıxara bilmirlər. Gələcəkdə bunların hamısı üzə çıxacaq.

- Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədinə müşahidə missiyası göndərmək qərarını nizamlanma prosesinə “müdaxilə” adlandırdı. Sizcə, Rusiyanın Brüsselin vasitəçilik səylərinə müdaxiləsi bölgədə yeni toqquşma riskini artıra bilərmi?

- Rusiyanın belə reaksiya verəcəyi gözlənilən idi. Xüsusən də indiki məqamda - Rusiya və Qərb arasında düşmən münasibət olduğu vaxtda Avropa İttifaqı və ya NATO-nun müşahidə missiyasının sərhədə gəlməsi Moskva tərəfindən qəbul edilməyəcəkdi. Xoşbəxtlikdən bunun da təşəbbüskarı Azərbaycan yox, Ermənistandır.

İndi Qarabağda Rusiyanın sülhməramlıları var, digər yandan, Ermənistana nəzarət də onun əlindədir. Rusiya yaxşı bilir ki, Avropa İttifaqının müşahidə missiyasının bölgəyə gəlməsi tezliklə bu durumu dəyişdirə bilməyəcək. Buna görə də Avropa İttifaqının bu addımlarını Rusiyada daha çox “şou” kimi qiymətləndirirlər.

Amma gələcəkdə göndəriləcək missiyanın statusu başqa formada dəyişdirilsə, yəni iki aylıq statusdan başqa formaya keçsə, onda təkcə Rusiyanın yox, İranın da basıqısı ola bilər. Bu da ancaq Ermənistanın özünün zərərinə olacaq. Amma hələlik bu gün sahədə üstün tərəf Rusiyadır.

- Bəs Rusiya və ABŞ-ın Qarabağla bağlı yanaşmalarında hansı fərqlər var? Məsələn, Rusiya “perspektivdəki status”dan, ABŞ isə “ermənilərin təhlükəsizliyi üçün bölgəyə beynəlxalq müşahidəçilərin göndərilməsi”ndən danışır. Bunlardan hansı maraqlarımıza uyğundur?

- Həm ABŞ, həm də Rusiyanın yanaşmalarında qəbul etmədiyimiz məqamlar var. Təbii ki, indi Rusiyanın başı Ukraynada qarışıb, amma sahədə nəzarət onun əlindədir və heç də tələsmir. Rusiya qüvvələri Qarabağda yerləşdirilib, həm də Laçın yoluna nəzarət edirlər. Bu baxımdan Rusiya tələsmir. Buna görə də təzyiq üçün status məsələsini də ortaya ata və ya Azərbaycanla münasibətlərindən asılı olaraq prosesi başqa məcraya da yönəldə bilər.

ABŞ-ın yanaşmasında da bizi qane etməyən bir çox müddəa var. Bu da Amerikanın indiki hökumətinin erməni yanlısı olmasından doğur. ABŞ hökumətində uzun illər ermənilərə lobbiçilik edən şəxslər oturublar, bu, indiyədək tarixdə görülməmiş bir şeydir. Buna görə də qarşıdakı iki ildə onlarla ehtiyatla davranmalıyıq. Yəni Amerikanın da Qarabağ ermənilərinə statusun verilməsi ilə bağlı təklifləri Azərbaycanın maraqlarına uyğun deyil.

Bu məsələ Azərbaycandan böyük diplomatiya və sahədə aktivlik göstərməsini tələb edir. İndi Qarabağın ermənilər yaşayan hissəsində addım-addım Azərbaycanın suverenliyi təmin olunmalıdır. İndiki məqamda əsas tələblərdən biri də budur. Bu olmasa, bu cür zərərli təkliflərin sayı çoxalacaq.
 
Ardını oxu...
Birinci dövrənin son turunda “Sabah”ın “Kəpəz”i səfərdə böyük hesabla (0:5) məğlub etməsi Maşallah Əhmədova çox pis təsir edib.

Əslən gəncəli olan, hazırda AFFA nümayəndəsi kimi çempionat oyunlarına təyinat alan veteran futbolçu “Futbol+” qəzetinə danışıb.

– Ölkənin ikinci ən böyük şəhərinin təmsilçisini nə günə qoyublar?! Bu il bu klubun 55 illiyidi. Belə məğlubiyyətlər “Kəpəz”in adına yaraşmır. Bilirsiz, komanda niyə bu gündədi? Çünki idarəetmə zəifdi, struktur düzgün qurulmayıb. Tarixi ənənəsi olan Gəncə futbolunu futbolla yaxından-uzaqdan əlaqəsi olmayan İlqar Nadiri kimi gəncə etibar ediblər. Kimdi bu İlqar, kimin adamıdı? Gah deyirlər, onu ora Elxan Məmmədov təyin edib, gah deyirlər, icra başçısının adamıdı. Belə biabırçılıq olmaz. Məndə olan məlumata görə, ayda 12 min manat maaş alır, yaxınlarını da klubda işlə təmin edib. Yaşar Vahabzadəni günahkar çıxarıb klubdan uzaqlaşdırdılar. İndi də növbə Tərlan Əhmədovundu. Yaşarın vaxtında “Kəpəz”in büdcəsi 300 min, indi 3 milyon manatdı. Nə faydası var? Büdcəni dağıdırlar. İndiki rəhbərliyin işi pul saymaq, pul “qırmaqdı”. Futbol onlar üçün ciblərini doldurmaq üçün bir vasitədi. Bunlar varlanır, Gəncənin veteranları isə acından ölürlər. Mehman Allahverdiyev kimi canavar qalıb kənarda. Onunla hesablaşan yoxdu. Bunun sonu olmayacaq. Bir gün həm İlqardan, həm də onun ətrafından sorğu-sual edən olacaq. Mən “Kəpəz”in Müşahidə Şurasının sədri olmaq istəyirdim. Bu məsələ ilə bağlı Elxan müəllimlə də görüşüb danışmışdım. 6 aya yaxın smeta tutdum, sənədləri hazırladım. Sonda heç nə olmadı. Klubun idarəçiliyini Nadiriyə tapşırdılar. AFFA-nın indiki baş katibi Sərxan Hacıyevlə söhbətdə gəncəli, bu şəhərin komandası üçün əlimdən gələni etməyə hazır olduğumu bildirdim. Mənə “Kəpəz”lə bağlı şəhərin icra başçısı ilə danışmalı olduğumu bildirdi. Niyazi müəllimlə görüşdə “futbolla bağlı məsələlərə AFFA cavabdehlik daşıyır” söylədi. Bu onun üstünə atır, o bunun. Yaşıl meydanlarda ayağımız qırılan, başı yarılan biz olmuşuq. Az qala ot yemişik, ancaq bizə bu gün qiymət verən yoxdu.

– Maşallah bəy, yetərincə ciddi ittihamlar səsləndirdiz…
– Hər sözümün arxasındayam və haqlı olduğumu istənilən vaxt istənilən adama sübut edə bilərəm. Mən “Kəpəz”in Müşahidə Şurasının sədri olmaq istəyəndə dedilər ki, bu vəzifəyə İsgəndər Cavadov təyin olunacaq. İsgəndərlə dost olduğumdan kənara çəkildim. Sonradan bəlli oldu ki, Cavadov sadəcə, kuratordu. O onsuz da Regional Futbol Federasiyaları İçtimai Birliyinin prezidenti kimi bölgə futboluna nəzarət edir. İsgəndərə hörmət edirdilərsə, Oqtay Abdullayevi “Turan Tovuz”un prezidenti təyin etdiklıəri kimi, Cavadovu da “Kəpəz”in prezidenti qoyardılar. Ancaq nə oldu? İlqarı əvvəl icraçı direktor, sonra isə Müşahidə Şurasının sədri təyin etdilər. O da bundan istifadə edərək öz maraqları üçün çalışır. Baş məşqçi kimi Tərlanın məvacibi 6 min, bunun isə 12 min manatdı. Bu nə dərəcədə ədalətlidi? Hələ əzizlərini də klubda işlə təmin edib.

– Siz Gəncə futbolunun yetirməsi olsaz da, ulduzunuz “Neftçi”də parlayıb. Bu həftə isə “Kəpəz” Gəncədə “Neftçi”ni qəbul edəcək. Oyunla bağlı fikirlərinizi bilmək istərdik.
– Futbolda ilk addımlarımı Gəncədə, daha dəqiq desəm, o vaxtkı Kirovabad “Dinamo”sunda atmışam. Ancaq “Neftçi” mənim komandamdı. Mənimlə yanaşı, İsgəndərin, İqorun, Şakirin, Asifin, Asimin, Yaşarındı. “Neftçi”nin uğurları üçün uzun illər tər tökənlər kənarda qalıb, Çingiz Abdullayevi klubun Müşahidə Şurasının sədri təyin ediblər. Çingiz müəllim dəyərli ziyalımızdı, yazıçı kimi bütün dünyada tanınmış şəxsdi, kitabları milyon tirajla satılır. Lakin bu o demək deyil ki, o “Neftçi”nin Müşahidə Şurasının sədri olmalıdı. Fərhad Bədəlbəyli tanınmış musiqiçidi, professordu. İmkan verin, öz sahəsində söz sahibi olsun. Futbolda futbolu bilən, illərini bu idman növünə qurban verən futbolçular çalışmalıdı. Bu gün klub veteranına cəmi 85 manat təqaüd verir ki, onun da yarısı “Neftçi”yə aidiyyatı olmayanlara gedir. Belə biabırçılıq olmaz. Maşallah Əhmədov olaraq bu haqsızlığa dözə bilmirəm. Bu həmin Maşallahdı ki, futbol oynadığı dönəmdə SSRİ-nin 33 ən yaxşı futbolçusu arasına düşüb. Bizim vaxtımızda komanda 10-cu, 13-cü yerləri tutsa da, kişi kimi futbol oynamışıq, 15 il komanda güclülər dəstəsini tərk etməyib. İndi mənim aylıq maaşım 500, dünən futbola gələn cavan uşağın məvacibi 12 min manatdı. Bunun bir adı var, biabırçılıq. Mənim kimi nə qədər veteran haqsızlıqla üzləşib, futboldan kənarda qalıb. İndiki rəhbərlik “Neftçi”nin nüfuzunu yerin dibinə salıb. Komandanı çempion edən Samir Abasovla yolları ayırıb. əvəzində Rumıniyadan əyyaşın birini “sükan arxasına” gətirilər. Niyə, məqsədləri nədi? Niyə yerli məşqçilərə qarşı belə amansızdılar? Səbəbi bəllidi. Əcnəbi mütəxəssislə çox qaranlıq işlərə qol qoymaq olur.

– Matçla bağlı fikirləriniz?
– Güclü qalib gəlsin.

– Srağagün AÇ-2024-ün püşkatması keçirildi. Yəqin ki, qrupdakı rəqiblərimizin kimlər olduğundan xəbəriniz var. Millinin şansılarını dəyərləndirərdiz.
– Hansı şansdan danışmaq olar? İlk növbədə ondan danışaq ki, püşkatmaya Azərbaycandan kimlər yollanmışdı. Ermənistan və Gürcüstandan veteran futbolçular Almaniyaya getdiyi halda, püşaktamada bizi Sərxan, Orxan, Kamran təmsil edirdi. Bunlar nə vaxtdan futbol mütəxəssisi olublar? Bir də bəh-bəhlə müqavilə müddətini uzatdıqları Canni de Byazi. Bu yaxınlarda ölkə başçısına futbolumuzdakı bədbad durumla bağlı müraciət ünvanlayacam. 15 ildi bir qrup şəxs Azərbaycan futbolunu məhv etməyə çalışır. Və niyyətlərinə də çatmaq üzrədilər. De Byaziyə ayda 75 min avro maaş vermək kimin marağındadı? Niyə azərbaycanlı məşqçi milliyə təyinat almır? Qurban Qurbanov “Qarabağ”ı zirvələrə daşıyan kimi, yığmanı da düzəldə bilər. Lakin ona bu şansı vermək istəmirlər. Elxan Məmmədov AFFA-nın baş katibi olduğu dönəmdə futbolu necə bərbad duruma salmışdısa, indikilər də həmin yolla gedirlər. Allah De Byazini Azərbaycan futboluna gətirənlərə lənət eləsin. Bu proseslərin bir sonu olmalıdı. Yenə deyirəm, cənab Prezidentə müraciət edib, yaşanan biabırçılıq barədə məlumat verəcəm. İndi hamısı Estoniyadan üstün olacağımızı deyir. Bəyəm qrupda bir Estoniya var? Niyə o birilərin adlarını çəkmirlər? 15 ildə inkişafımız ancaq Estoniyanı məğlub etməklə kifayətlənir? Bu gün klublara 3 milyon pul ayırırlar. Bunu 10 il öncə etməliydilər. Komanda sayı artmalıydı ki, futbolçu yetişsin. Normal premyer-liqa, birinci divizion olmalıydı.

– Canni de Byazini postunda saxlayanları lənətləyirsiz. Ancaq onu da nəzərə alın ki, İcraiyyə Komitəsində yer alanlardan üçü – İsgəndər Cavadov, Vaqif Sadıqov, Kazbek Əliyev – sizin həmkarınızdı…
– İcraiyyə Komitəsinin 11 üzvü var. Veteran futbolçuların sayı 3 nəfərdi. Yəni, onların fikri ümumi qərara təsir edə bilmir. İcraiyyə Komitəsində elə adamlar var ki, futbolu televizordan izləyiblər və incəliklərdən xəbərləri yoxdu. Onların sayəsində istədikləri qərarları qəbul etdirə bilirlər.

Ardını oxu...
“Toya gedəndə hansısa mahnını istəyirlərsə və əgər sən bilmirsənsə bu xoşagələn bir hal deyil. Gərək hər şeyi biləsən. Təbii ki, səviyyəni də saxlamalısan. Ola bilsin ki, 5 toyda səndən həmin mahnını istəməzlər, amma 6-cı toyda istəyərlər. O vaxt bir müğənni dostum var idi, deyirdi ki, filan mahnını oxumaram. Deyirdim ki, sən Müslüm Maqomayevsən, yoxsa Rəşid Behbudov?! Mən böyük əsərlər oxumuşam. Bir də mən daha çox retro mahnılara üstünlük vermişəm. Retro mahnıları bizim ünvanımızdır. Böyük bəstəkarlarımızın yazdığı mahnılar heç bir xalqın mahnısına bənzəmir. O dəqiqə hiss olunur ki, bu Azərbaycan mahnısıdır. Bu mahnılar bizi kövrəldir, yaşa dolduqca daha da kövrək olursan. Çox vaxt deyirlər ki, filankəsin əsəbləri, hissiyatı yoxdur. Əsəb də olmalıdır, yumşağlıq da olmalıdır”.

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Cavanşir Məmmədov deyib. O, daha sonra idarə etdiyi toylardan danışıb.

“Toyu idarə etmək elə-belə iş deyil, böyük bir işdir. Özü də hər toyu eyni cür aparmaq olmaz. Əgər 500 nəfər qonaq toya gəlibsə, 300-ü yemək yeyirsə, içərisində 20 nəfər səni dinləyirsə onlar üçün oxumalısan. Onlar səni qəbul etməlidir. Müğənni ki, toya gedib içdi ondan əlini üz. Düzdü, belə hallar çox olmur. Toyu konsert şəkilində aparmalısan. Yoxsa ki, səsi verirsən, ansambıldakı uşaqlardan biri telefonla danışır, biri aləti qoyub, çıxır çölə. Toy da, xına da, yas mərasimi də insana məxsusdur. Hər bir insanın sonunda onu ölüm gözləyir. Amma o məclisi idarə edən molla var, mən eləsini görmüşəm ki, çıxıb gedə bilməmişəm məclisdən. Sənətkar hər yerdə sənətkardır. Sənətini bilən insanın hər yerdə hörməti var” deyə sənətkar bildirib.

Tanınmış müğənni daha sonra “İmperator” adını ona mərhum sənətkar İlhamə Quliyevanın verdiyini açıqlayıb.
““İmperator” adını mənə gözəl sənətkarımız İlhamə Quliyeva vermişdi. Allah ona rəhmət etsin, sənətkarlar ölmür, dahi olurlar. Bu ad necə yaranmışdı? 12-13 il bundan əvvəl biz İlhamə Quliyeva ilə 2 həftənin içərisində 4 dəfə toyda qarşılaşdıq. O qonaq kimi gəlmişdi, orada hətta duet də oxumuşduq. O bizi 4 dəfə ayrı-ayrı proqramlarla toyda gördü. Elə bil böyük bir konsert idi. İlhamə xanım dedi ki, “sən necə adamsan, 4 dəfədir səninlə toya düşürəm, hər dəfə də başqa proqramlarla çıxış edirsən?”. Orada mənə “imperator” adını verdi və sonra da televiziyalar vasitəsilə elan etdi. Ondan mənə yadigar “İmperator” adı qaldı” deyə əməkdar artist Cavanşir Məmmədov deyib.
Ardını oxu...
Mən əslində kiməm?!

Artıq, "DogruXeber.az" informasiya agentliyinin "Mən əslində kiməm" adlı layihəsinə start verildi.
Layihə həm yazılı olaraq saytlarımızda, həm də "Kanal14" YouTube kanalımızda yayımlanacaq.

Layihənin məqsədi tanıdığımız sənətçilərin, yaxud ümumiyyətlə tanıdığımız məşhur insanların, tanımadığımız - daha doğrusu bilmədiyimiz tərəflərini göstərmək, tanıtmaqdır.

Beləliklə, layihəmizin ilk müsahibi kövrək ifaları, və yanğılı səsi ilə çox qısa zamanda gənclərin qəlbinə yol tapan müğənni Elnar Xəlilov oldu.

Elnar Xəlilov ilə olan dialoqumuzu təqdim edirik:

- Elnar bəy, ilk olaraq, bunu qeyd edim ki, çox mahnı dinləyən biri deyiləm. Heç bir müğənninin fanatı deyiləm.

Hansısa, 1-2 mahnısına görə pərəstiş etdiyim, səsini çox bəyəndiyim az sayda müğənni var ki, onlardan biri də sizsiniz.
Yeri gəlmişkən onu da vurğulayım ki, çox musiqi dinləməmək, psixoloji travmanın yaratdığı hövsələsizlik və beyinin bütün səsləri gurultu olaraq, qəbul etməsidir sadəcə.

Əlqərəz.

Mövzudan yayındım üzrlü sayın.

İlk olaraq, bildirim ki, mən sizi "soyuqdur mənə" mahnınız ilə çox bəyənmişəm.
Bir serialda sauntrek idi. Sonra həmin mahnını bütöv axtardım, tapdım, sonra müəllifi mərak etdim, aradım tapdım və izlədim. Gördüm əksər mahnılarınızı eyni acıyla, eyni yanqıyla ifa edirsiniz.
Maraqlıdır, ifalarınızdakı bu yanğının özəl səbəbi varmı?
Varsa nədir bu gənc yaşda?


Elnar Xəlilov:
- Oxuduğum bütün mahnıların öncə sözlərinə diqqət edirəm. Sözləri tam mənə aydın olmayan heç bir mahnını oxumuram, oxuya bilmirəm. Anladığım, sözünü dərk etdiyim bütün mahnılar məni düşündürür. Bu da dinləyicilər tərəfindən "ürəklə oxuyuram" təəssüratı yaradır.
Öz həyatıma bağlamıram heç bir mahnımı.

- Doğrudur, oxuduğunuz mahnıları demək olar hamısını yaşayaraq, ifa etdiyiniz bəllidir.
Bəs siz özünüz özünüzü hansı mahnınızda görürsünüz?


Sizcə hansı ifanız "Mən Elnar Xəlilovam" deyir sevənlərinə? Daha doğrusu dinləyicilərinə?

Elnar Xəlilov:
- Mən insanları və insanlığı çox sevirəm. Ona görə bütün sevgi mahnılarımda özümü görürəm

- Qeyd edim ki, çoxdan haqqında düşündüyüm bir layihə var idi ki, həyata keçirmək üçün bir müddət zaman ayıra bilmirdim.
Bu da sizin qismətinizdir ki, bu layihədə ilk müsahibim siz oldunuz.
Layihə belə adlanır: "Mən əslində kiməm?!"

Hər kəsin müğənni kimi tanıdığı Elnar Xəlilov əslində kimdir?


Elnar Xəlilov:
- Hər kəsin müğənni kimi tanıdığı Elnar, əslində stamatoloqdur.

Ardını oxu...

- Tibb və musiqi. Tamamilə fərqli sahələrdir. Amma, bu ikisini birləşdirən bir cəhət var - mərhəmət hissi.
İncəsənət adamları təmiz, kövrək qəlbli ruh adamlarıdır.
Onlar çox mərhəmətli, eyni zamanda uşaq kimi sadəlövh olurlar.

Tibb işçiləri də müalicədən əvvəl pasientinə qarşı mərhəmət hissi olmasa, ondakı o problemi, ağrını aradan qaldırmaq istəyi olmasa, təbii ki, tətbiq etdiyi istənilən müalicə üsulu nəticəsiz olacaq.

Bəs hər iki peşəni özündə daşıyan Elnar Xəlilov üçün hansının anlamı nədir?


Elnar Xəlilov:
- Əslində tibb və musiqi fərqli sənət deyil. Hər ikisində də estetika var. Biri fiziki müdaxilədi, biri psixoloji. Bir bilsəniz ki, musiqi dinlədiyinizdə beyninizdəki hüceyrələr nə iş görür, şok olarsınız. Ona görə musiqiçilərə bəsit asan bir işlə məşqul olurlar kimi baxmaq çox sadəlövlük olar.

- Instagram hesabınızda "musiqi həyat yoldaşım, tibb sevgilim" yazmısız.
Bununla nəyi izah etməyə çalışmısınız?


Elnar Xəlilov:
- Bəzən olur, insan həyatı dərk etməyən yaşda valideyinləri onlara yön verib, evləndirirlər - "görücü üsulu".
Mənim musiqi sahəsinə getməyimi, səsimin olmasını ailəm kəşf edib, bizi evləndiriblər. Mən də müsəlmanlığımı bildirib, sonradan ikinci sevgili həyat yoldaşı tibbi seçdim. Dinimiz çox evliliyə qarşı deyil.)) Hər ikisini xoşbəxt etdiyimi düşünürəm.
Səhər 10-18:00,19:00 tibb, axşam 18:00-00:00 musiqi. Ən romantik vaxtı musiqi seçib, həyatımda ən təcrübəli gəlinim odur.))

- Qarşıdakı, yəni bundan sonrakı planlarınız hansı sənətimizin üzərində köklənir?
Yəni, sevənləriniz hansı peşənizdə, hansı yenilikləri görəcək ?

Elnar Xəlilov:
- Xarakter olaraq, hansı işə əl atmışamsa onun peşəkarı olmadan o yönümü, o tərəfimi reklam etməmişəm. Diqqət edirsinizsə, hələ ki, mən tibb tərəfimi reklam etmirəm, çünki, hal hazırda Uzman Stomatoloq Mehdi Həsənovun köməkçisiyəmm. 5-6 ay sonra İnşallah artıq, tam əminliklə "buyurun gəlin" deyəcəm.
Bir sahəni peşəkar öyrənmək zaman işidir.

- Bir də onu xüsusi vurğulamaq istəyirəm ki, gənc yaşda tanınmaq, sevilmək hər kəsə nəsib olmur. Siz əslində şanslı insansınız.
Allah sizə sizi xoşbəxt hiss etdirəcək çox şey verib, əlhəmdulillah.
Oğlunuzun şəklinin şərhində, "bəxtin mənə bənzəməsin" ifadəsinə nəzərən, bunu vurğuladım.


Elnar Xəlilov:
- Oğluma gəldikdə, bəli həyatda elmlə bağlı çox xoşbəxt biriyəm. Çevrəylə də bağlı xoşbəxt biriyəm. Çox böyük əlaqələrim var. Sadəcə, mən oğlumun gələcəkdə xoşbəxt ailəsi olmasını arzu edirəm. O tərəfdən mənə bənzəməməsini istəyirəm.


Ardını oxu...

Səmimi cavablar üçün təşəkkür edirik və hər iki peşənizdə uğurlar arzulayırıq.

Bəli, Elnar Xəlilov ifalarını sözdə həyatına bağlamasa da, sonuncu suala verdiyi cavabında həyatının verdiyi acını ifaları ilə paylaşdığını etiraf etmiş oldu.

Şair yaxşı deyib, "Gözdən yaş çıxarmı, ürək yanmasa?!"

Ümumiyyətlə, sənətini yaxşı bacaran sənətçilərin həyat hekayəsini dinlədikdə məlum olur ki, o sənəti ilə sirrini, dərdini bölüşərək, onu özünə ən yaxşı sirdaş hesab etdiyi üçün sənətini daha da gözəlləşdirib.

Hər gözəl sənətin arxasında, bir acı həyat hekayəsi dayanır.

Bu dəfə öyrəndik ki, Gözəl səsli müğənni kimi tanıdığımız Elnar Xəlilov, sən demə həm də stamatoloq imiş.

"Mən əslində kiməm" layihəsinin növbəti müsahibəsində, tanıdığımız bir başqa sənətçinin, tam fərqli tanımadığım tərəflərindən xəbərdar olacağıq.


"DogruXeber.az" üçün hazırladı: Jalə Asiman
Ardını oxu...
Qriqori Mavrov: “Təkcə Qərb deyil, Çin, Hindistan və Pakistan da sərt reaksiya vermək məcburiyyətində qalacaq, nəticədə Rusiya ərazisi bombalanacaq”

Ukrayna münaqişəsi yeni mərhələyə qədəm qoyub. İndi ərazilərində irəliləyən, daha dəqiq desək, torpaqlarını azad edən tərəf Ukrayna Silahlı Qüvvələridir. Bəzi ərazilərdə Rusiyanın hücumunu, hətta bir növ əks-hücumunu gözləməyə də ümid yoxdur. Nəzərə alsaq ki, Rusiya normal səfərbərlik həyata keçirə bilmir, vəziyyət daha da mürəkkəbləşir.

Ukraynalı politoloq Qriqori Mavrov AYNA-ya müsahibəsində ölkəsində baş verənlərdən danışıb.

- Rusiya işğal etdiyi əraziləri “Rusiya” kimi tanıdı, Ukrayna isə NATO-ya üzv olmaq prosesinə imza atdı. Vəziyyət gərginliyin artımı xətti ilə getdi. Sizcə, bu vəziyyət hara aparacaq?

- Görünür, Putin üçün bu, “stavka”ların artmasıdır, Ukrayna üçün isə çox şey dəyişməyib. Putin ən azı bütün Ukraynanı, hətta bütün Avropanı Rusiyaya daxil edə bilər, lakin bu, ona müharibədə qalib gəlməyə kömək etməyəcək. Üstəlik, əvvəllər danışıqlar yolu ilə müharibəni dayandırmaq və işğal olunmuş əraziləri tərk etmək imkanı var idisə, indi onun belə imkanı yoxdur. Ukrayna Silahlı Qüvvələri bütün Ukrayna ərazilərinin, o cümlədən Krımın azad edilməsinə yönəlib, ona görə də Ukrayna torpaqlarının ilhaqı Rusiya ordusunun tam məğlubiyyətinə və işğalçıların Rusiyaya geri qaçmasına gətirib çıxaracaq.

Putin nüvə silahının istifadəsi istisna olmaqla, ixtiyarında olan bütün vasitələrdən istifadə etdi və çox güman ki, Ukrayna və dünya birliyinə qarşı son qorxu elementi nüvə silahı olacaq. Bununla belə, nüvə potensialından könüllü imtina etmiş bir ölkəyə qarşı nüvə silahından istifadə dünya təhlükəsizliyinin bütün mövcud sistemini məhv edəcək. Nüvə klubu və bunlar təkcə Qərb ölkələri deyil, Hindistan, Çin, Pakistan da reaksiya vermək məcburiyyətində qalacaq və ən azı Rusiya tam təcriddə qalacaq və maksimumda Rusiya konvensial (nüvə silahı ilə yox) silahlarla öz ərazisində zərbə alacaq.

Qara dəniz donanmasının məhv edilməsindən tutmuş Rusiya ərazisindəki digər strateji hədəflərə zərbələrin endirilməsinə qədər bir neçə variant nəzərdən keçirilib. Bir şey dəqiqdir: Rusiyanın bu müharibədə qalib gəlmək üçün heç bir aləti yoxdur. Müharibənin uzanması Rusiyanın özündə vəziyyəti daha da pisləşdirəcək və dünya ictimaiyyətinin Ukraynaya dəstəyini artıracaq. Beləliklə, bu vəziyyət Rusiyanın Ukrayna ərazisində tam məğlubiyyətinə və ya Putin rejiminin süqutuna və islahatlara, ya da Rusiyanın təcrid olunaraq böyük KXDR-ə çevrilməsinə gətirib çıxaracaq.

- Ukrayna ordusu indi dalbadal ərazilərini azad edir, Rusiyanın daxilində isə elit qarşıdurmalar və parçalanma başlayıb. Bu parçalanmanın orduda tam demoralizasiyaya gətirib çıxaracağını və bu prosesin Ukraynanın öz ərazilərini tam azad etməsi prosesini sürətləndirəcəyini gözləyirsinizmi?

- Düşünürəm ki, Rusiya ordusunun ruhdan düşməsi daha da güclənəcək və bu, Ukrayna Silahlı Qüvvələrinə işğal olunmuş əraziləri daha da sürətlə azad etməyə kömək edəcək. Artıq indi görürük ki, Rusiya tədricən orta əsrlərə qayıdır. Putinin döyüş meydanında qalib gələ bilməməsi onu ən qızğın tərəfdarlarının belə gözündə zəiflədir və onları öz ittifaqları və birliklər quraraq, hərəkətə keçməyə məcbur edir.

Artıq indidən Çeçenistan rəhbəri Kadırov və oliqarx Priqojin məğlubiyyətlərə görə bütün günahı ordunun nümayəndələrinin üzərinə qoyurlar, baxmayaraq ki, ordunun yalnız cəmiyyətdə korrupsiyanın və peşəkarlığın olmasının əksi olduğu açıq-aydın görünür. Odur ki, orduda baş verənlər anomaliya deyil, qanunauyğunluqdur. Kadırov və Priqojin bütün bunları çox gözəl başa düşür və onların bəyanatları Putinin bu 23 il ərzində yaratdığı hakimiyyət şaqulisində yaxınlaşan parçalanmanın ilk əlamətləridir. Onu da qeyd etmək lazımdır ki, bəzi bölgələrdə onlar mərkəzi hakimiyyətin daha da zəifləməsi halında açıq şəkildə qubernatorların şəxsi ordusu kimi istifadə olunacaq ərazi müdafiəsi qüvvələr yaratmağı planlaşdırırlar. Ərazi müdafiəsi qüvvələri yaratmağın başqa izahı yoxdur.

Müharibənin 8 ayı ərzində Putin bütün bu illər ərzində yaratdığı hər şeyi itirə bildi. O, Qərbdə Kremlin “əlindən yeyən” rusiyapərəst qüvvələri itirdi. O, enerji klubunda domonantlığını sürətlə itirir ki, bu da ona nəinki böyük gəlir gətirdi, həm də yerli siyasətə təsir edərək Avropanın enerji bazarında hökmranlıq etməyə imkan verirdi. O, artıq müharibədən və onun dünya iqtisadiyyatına vurduğu ziyandan bezmiş Hindistan və Çindəki tərəfdaşları ilə çətinlik yaşayır. Putinin itirəcəyi son şey onun sevimli şaquli hakimiyyətin iflası olacaq, o da dağılacaq və arenaya öz maraqları və öz vəzifələri ilə çoxlu müxtəlif aktyorlar gətirəcək. Bu, sonda Rusiya dövlətçiliyini çökdürəcək.

- İndi Avropada daha çox mümkün nüvə zərbəsindən və nüvə müharibəsindən danışırlar. Hazırki şəraitdə bu, nə dərəcədə mümkündür?

- Nüvə zərbəsini proqnozlaşdırmaq çətindir, çünki Putinin məntiqini başa düşmək çox çətindir. Biz hamımız müxtəlif amillərə əsaslanaraq, qərarlar qəbul edirik və bizi əhatə edən dünya haqqında müxtəlif səviyyələrdə şüurumuz var. Putinin başqa insanların yaşadığı reallıqla ciddi ziddiyyət təşkil edən özünəməxsus reallığında yaşadığını hamımız gördük. Ukraynaya qarşı müharibənin rus ordusunu məğlubiyyətə aparacağı tamamilə aydın idi. Yeri gəlmişkən, bu barədə sizinlə danışmışdıq və bir çox başqa ekspertlər də bu barədə yazdılar. Qərb liderləri bir ilə yaxındır ki, Putinə müharibə baş verərsə, görünməmiş miqdarda sanksiyalarla üzləşəcəyini deyirdilər, lakin o, öz yolu ilə getmək qərarına gəlib. Ukrayna ərazilərinin ilhaqı da eyni məntiqin davamıdır.

Heç kim nəzarət edə bilməyəcəyi əraziləri ilhaq etmir və biz görürük ki, Ukrayna Silahlı Qüvvələri irəliləyir və Putinin “Rusiya ərazisi” adlandırdığı ərazini azad edir. Yəni Putin nəyin effektli olub, nəyin olmayacağı ilə bağlı ancaq öz şəxsi fikirləri əsasında hərəkət edir. Rusiyada hakimiyyətin avtoritar olduğunu nəzərə alsaq, heç kim çıxıb ona Putindən fərqli rəy verə bilməz. Yadınızdadırmı, rus elitasına bu yaxınlarda (ilhaq münasibəti ilə) müraciətində o, transatlantik köləlikdən, hinduların məhv edilməsindən, Xirosima və Naqasakidən danışdı, başqa mövzulara toxundu və bütün bu tamaşaçılar oturub itaətkarlıqla onun psevdotarixi sərsəmləmələrinə qulaq asdılar.

Bütün bunlar özünü böyük aktyor hesab edən, şeirlər və pyeslər bəstələmiş imperator Neron dövrünün qədim Romasını xatırladır. Onun yazdıqlarına böyük tələbat olmadığı üçün Neron romalıları sadəcə onlara qulaq asmağa məcbur edirdi. Böyük tarixçi Putin böyük şair Neronun birbaşa varisidir.

Beləliklə, illərin qeyri-məhdud hakimiyyətlə təhrif edilmiş şüur, çox orta intellektual qabiliyyətlər və fərqli bir fikri dərk etməkdə tamamilə acizlik tamamilə dəhşətli bir mənzərə göstərir. Qarşımızda, eyni zamanda, nüvə silahı olan bir ölkədə mütləq hakimiyyətə malik olan, açıq şəkildə qeyri-sağlam bir insan var, buna görə də mən nüvə silahlarının istifadəsini və ya onlardan istifadə cəhdini istisna etməzdim.

Müəllif: Nicat Hacıyev
 
 
 
Ardını oxu...
Sülh müqaviləsinin beş prinsipi mümkün qədər tez paraflanmalıdır, sülh müqaviləsinin mətni üzərində iş bu prinsiplər əsasında başlamalıdır. Əminəm ki, buna tez nail olmaq mümkündür. Bununla biz müharibə, düşmənçilik səhifəsini qapadacağıq.

"Report" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində söyləyib.

Kommunikasiyaların açılmasının mümkün sülh müqaviləsinin hissəsi olmadığını qeyd edən dövlətimizin başçısı deyib: “Bu, mahiyyətcə artıq olmalı idi. Ona görə ki, bu, Ermənistanın 2020-ci il noyabrın 10-da götürdüyü, amma yerinə yetirmədiyi öhdəlikdir. Təəssüf ki, bu gün mən Ermənistanın baş nazirinə yenə də müraciət edəndə ki, nəhayət bizə avtomobil yolu üçün marşrutu verin, yenə də cavab ala bilmədim.

Bu hətta gülməli deyil, çünki orada o qədər də böyük hissə yoxdur. Hamı bilir ki, dəmir yolu və avtomobil yolu haradan keçməlidir. Bizə Naxçıvana könüllü olaraq keçid vermək istənilməməsi anlaşılan deyil. Öz öhdəliyini pozmaq - əlbəttə, son dərəcə biabırçı faktdır. Lakin biz hələ səbir göstəririk, təmkin göstəririk. Əminəm, biz buna da nail olacağıq, yaxşı olardı ki, gec deyil, tez olsun”.
 

Ardını oxu...
Azərbaycan və Ermənistan xarici işlər nazirləri oktyabrın 2-də Cenevrədə keçirdikləri görüş zamanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi, “Bakı və Xankəndi arasında müzakirə mexanizminin yaradılması” da daxil olmaqla Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi barədə fikir mübadiləsi aparıblar. Turan xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Regional nəqliyyat yollarının ölkələrin suverenliyi və yurisdiksiyası çərçivəsində açılmasının qarşılıqlı şəkildə anlaşılması müsbət qiymətləndirilib”, – press-relizdə qeyd olunub.

Burada söhbətin tam olaraq nədən getdiyi ciddi maraq doğurur. İrəvanın mesajından belə çıxır ki, Azərbaycan hakimiyyəti Dağlıq Qarabağın erməni əhalisi ilə danışıqlar aparmaq imkanını nəzərdən keçirir. Bəs danışıqlar məhz kiminlə aparılacaq? “Prezident” Arayik Arutyunyanla? Yoxsa onun “hökumətində” kimlərləsə? Başqa kiminlə danışmaq olar? Orada əhalinin səlahiyyət verdiyi digər şəxslər yoxdur. Yaxşı, bəlkə “parlament”in rəhbərliyi ilə? Və bu, texniki cəhətdən necə görünməlidir? Danışıqlarda separatçı hakimiyyəti təmsil edən bu şəxslər necə adlanacaqlar? Onlar danışıqlarda “Qarabağın erməni icmasının nümayəndələri” adlandırılmağa razı olacaqlarmı? Bu şəxslərin demək olar ki hər gün Ermənistan mətbuatında Azərbaycanın tərkibində dinc yaşamağın mümkünlüyünə heç bir inamlarının olmadığı barədə bəyanatlarla çıxış etdiklərini nəzərə alsaq, Bakı onları nəyə inandırmalıdır ki?

DİA.AZ xəbər verir ki, "Press Klub"un suallarını Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin direktoru Fərid Şəfiyev cavablandırıb:

– Ermənilərin Qarabağla bağlı açıqlamaları daxili auditoriyaya hesablanıb və xalqı sakitləşdirməyə yönəlib. Çünki proses Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasına doğru gedir. Bu, Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı paketdə var. Ona görə də, onlar son zamanlar Qarabağ ermənilərinin hüquqları məsələsini qaldırırlar – hansısa statusdan danışmırlar.

Sadə dillə desək, Azərbaycana təbii ki, Qarabağda ermənilərlə bağlı vəziyyəti həll etmək lazımdır. Prezident İlham Əliyev onların ayrıca statusa malik olmayacağını, lakin Azərbaycan Respublikası Konstitusiyasının müddəaları çərçivəsində bütün hüquqlarının təmin ediləcəyini bildirib. Xarici diplomatlar və ekspertlər də mənə tez-tez sual verərək, bununla nəyi nəzərdə tutduğumuzu soruşurlar. Cavab verirəm ki, Azərbaycan Konstitusiyasında etnik azlıqların hüquqlarının tam siyahısı verilib. Məsələn, dillərini inkişaf etdirmək hüququ. Məlumdur ki, rus və gürcü dillərinin tədrisi Azərbaycan Respublikası büdcəsindən maliyyələşdirilir. Təbii ki, milli kimliyin, mədəniyyətin inkişafı üçün bir çox digər imkanlar da nəzərdə tutulur. Teatrların, məktəblərin yaradılması və s.

Təbii ki, bu məsələ gündəmdədir, lakin biz buna Azərbaycan Respublikasının daxili işi kimi baxacağıq. Prezidentin köməkçisi Hikmət Hacıyevin də dediyi kimi, hər şey daxili dialoq çərçivəsində həll olunacaq. Bu dialoq isə əlbəttə ki, lazımdır.

O da aydındır ki, Azərbaycan Qarabağın müstəqilliyi və sair bu kimi radikal ideyaları davam etdirən Qarabağ erməniləri ilə danışmayacaq. Ümumiyyətlə, Azərbaycan Respublikası Konstitusiyasının əleyhinə çıxan bu tip radikal şəxslər sonda ya Azərbaycan ərazisini tərk etməli olacaqlar, ya da müəyyən hüquqi proseslər çərçivəsində onların taleyi həbslə yekunlaşacaq.

Ümumilikdə, Avropa dövlətlərinin birgəyaşayış problemlərinin həlli təcrübəsi var. Məsələn, macar azlığının kompakt yaşadığı Slovakiya. Onların ərazi muxtariyyəti yoxdur və bu heç bir etiraza səbəb olmur. Orada və bir sıra Avropa ölkələrində milli azlıqların heç bir ərazi statusu yoxdur. Buna baxmayaraq, bütün məsələlər kifayət qədər uğurla tənzimlənir, heç bir problem barədə də eşidilmir.

DİA.AZ-dan QEYD: Material Ermənistanın Azərbaycanın ərazi bütünlüyünü tanımasına qədər hazırlanıb...

Əlaqədar məqalə:
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb - BU, DİPLOMATİK QƏLƏBƏDİR...
Ardını oxu...
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq qərarı barədə məlumatlar var. “Caliber” diplomatik mənbələrə istinadən informasiya yayıb ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan oktyabrın 3-də NATO-nun mənzil-qərargahında keçirilən görüşlərdə Rusiya və KTMT barədə maraqlı çıxışlar edib.

Məlumatda Qriqoriyanın görüşlərdə səsləndirdiyi fikirlərlə bağlı bir neçə sitat yer alır:

"Biz Azərbaycanın “təcavüzünün” qarşısının alınmasında yalnız ABŞ-ın roluna ümid edirik. Ermənistan üçün nə Rusiya, nə də Avropa İttifaqı Amerikanı əvəz edə bilər. Şarl Mişelin səyləri iflas etdi, Avropa Birliyi dişsizdir;

Cənubi Qafqazda Azərbaycan, Türkiyə və Rusiyanın maraqları üst-üstə düşür və Ermənistan hər üç ölkəyə qarşı mübarizədə Qərbin təbii müttəfiqidir;

Ermənistan xüsusilə Azərbaycanın 13 sentyabr "təcavüzü"ndən sonra KTMT-dən çıxmaq barədə ciddi düşünür. Son sərhəd gərginliyi zamanı Ermənistan hətta ikitərəfli əsasda Rusiyadan kömək istəsə də, Moskva bundan imtina edib;

Biz hökumət daxilində Rusiya hərbi bazasının Ermənistandan çıxarılması ilə bağlı fəal müzakirələr aparırıq. Rusiya hərbi bazası, Rusiya xüsusi xidmət orqanlarının Ermənistan ərazisində yerləşən əməkdaşları ilə bağlı bütün məlumatlar artıq Qərb kəşfiyyatına verilib;

Biz hökumət daxilində Rusiya hərbi bazasının Ermənistandan çıxarılması ilə bağlı fəal müzakirələr aparırıq. Rusiya hərbi bazası, Rusiya xüsusi xidmət orqanlarının Ermənistan ərazisində yerləşən əməkdaşları ilə bağlı bütün məlumatlar artıq Qərb kəşfiyyatına verilib;

Biz başa düşürük ki, Ermənistan KTMT-də qaldığı halda, yüksək keyfiyyətli ABŞ silahlarını ala bilməz;

İlkin məqsədimiz Azərbaycanla sərhəddə beynəlxalq müşahidə missiyasına nail olmaqdır: bir müddət sonra bu missiyanı genişləndirməyə çalışacağıq. Biz bu missiyanı Rusiyanın sülhməramlı kontingentinin Dağlıq Qarabağdan çıxarılmasından sonra gələcəkdə yerləşdirmək istədiyimiz beynəlxalq sülhməramlı qüvvələrin özəyi kimi görürük;

Biz demokratik ölkə olaraq başa düşürük ki, İran orta əsr qaydaları ilə idarə olunan ölkədir, lakin Tehran Azərbaycan və Türkiyə ilə mübarizədə Ermənistanın təbii müttəfiqidir...".

Qriqoryanın KTMT və Rusiya haqqında bu cür fikirlər səsləndirməsi reallığa çox yaxındır. O mənada ki, son vaxtlar bu mövqeyə oxşar mövqe rəsmi İrəvan tərəfindən səsləndirilir. Ermənistan ictimaiyyətində isə Rusiyaya və KTMT-yə qarşı ittihamlar, iradlar daha sərt formada bildirilir. İrəvan küçələrində Rusiya əleyhinə aksiyaların keçirilməsi, Putinin və Rusiya bayraqlarının yandırılması halları Ermənistan-Rusiya gərginliyinin artdığını deməyə əsas verir.

DİA.AZ-ın məlumatına görə, mövzu ətrafında AYNA-nın suallarını cavablandıran “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib ki, Ermənistanda KTMT-dən çıxmaq geniş müzakirəyə çıxarılıb:

- Əvvəl bu müzakirələr ictimai şəkildə, media səviyyəsində aparılırdı. Bu gün artıq Ermənistan rəsmilərinin dilindən müəyyən eyhamlar səsləndirilir. Təbii ki, bu, təsadüfi deyil. Rusiyanın təsir dairəsini daraltmaq məqsədilə Qərbin Rusiya ilə mübarizəsi təkcə Ukraynada getmir. Mübarizə Cənubi Qafqazda da getməkdədir. Bu məsələdə Qərbin Cənub Qafqazdakı əsas tərəfdaşı şübhəsiz ki, Paşinyan hakimiyyətidir. Bu, əslində Paşinyan hakimiyyətə gətiriləndə görünürdü.

Rusiyanın istər 44 günlük müharibədə, istərsə də ondan sonrakı mərhələdə Ermənistanı dəstəkləməməsi İrəvanda Moskvaya qarşı münasibəti dəyişdi. Rusiyanın Ermənistanı dəstəkləməməsinin səbəbi də Paşinyan hökumətinin rusiyameyilli yox, qərbyönümlü olmasıdır. Kreml Paşinyan hökumətinin devrilməsi üçün əlindən gələni bu gün də etməkdədir. Rusiya Azərbaycanın addımlarına da göz yumur. Bunun da iki səbəbi var.

- O səbəblər hansılardır?

- Birincisi, Azərbaycanı Rusiya bu vasitə ilə öz nəzarətinə qaytarmaq niyyəti güdür. Eyni zamanda, Ermənistanda hakimiyyəti dəyişmək və Paşinyanı rusiyayönümlü siyasətçilərdən kiminləsə əvəzləmək istəyir. Beləliklə, Rusiya Cənubi Qafqaza nəzarəti tam bərpa etmək siyasəti yürüdür. Təbii ki, İrəvanda bunu anlayırlar, Paşinyan hakimiyyətini dəstəkləyən Qərb dairələrində də yaxşı anlayırlar. Ona görə də Ermənistanın KTMT-dən, dolayısı ilə Rusiyadan uzaqlaşması yavaş-yavaş gündəmə sızdırılır. Düşünürəm ki, bu, mümkün ola biləcək ssenaridir. İrəvan bir neçə dəfə KTMT-yə müraciət edib, amma müsbət cavab almayıb. Bu, İrəvana əsas verir ki, KTMT-dən çıxmaq məsələsini ciddiləşdirsin. Amma burada başqa problem var: Ermənistanın təhlükəsizliyinə kim cavabdehlik daşıyacaq? Çünki bu halda nə Türkiyə Rusiyaya qarşı çıxaraq Ermənistanda mövqelərini gücləndirəcək - erməni cəmiyyətinin rəyi də buna qarşıdır - nə də Qərbin təsiri bölgədə o qədər güclüdür ki, təhlükəsizliyə cavabdeh ola bilsin.

- İrəvan KTMT-dən çıxmaqla bağlı addım atarsa, Rusiyanın reaksiyası necə olacaq?

- Təbii ki, reaksiya neqativ olacaq. Rusiya çalışacaq ki, Ermənistana təzyiqini maksimuma çatdırsın. Rusiyanın təzyiqi artırmaq imkanları isə kifayət qədər genişdir. Bir tərəfdən Azərbaycanı Ermənistana qarşı addımlara təhrik edə bilər, digər tərəfdən Qarabağdakı erməniləri bir qədər də radikallaşdırıb Paşinyan hökumətinə qarşı istifadə edə bilər. Burada söhbət Paşinyana “xəyanət” ittihamlarından, “satqınlıq” damğasından gedir. Ermənistanın daxilində də bu mövqeni bölüşən xeyli ruspərəst siyasi kəsim mövcuddur. Əlbəttə, Rusiyanın gözlənilən cavab addımlarının, təzyiqlərinin nə qədər effektiv olub-olmayacağını indi demək çətindir. İndi görünən odur ki, Rusiya Qarabağdakı separatçıların rəhbərini dəyişmək planının icrasına başlayıb. Yəqin ki, Qarabağdakı ermənilərin İrəvana qarşı radikallaşması prosesi başlayacaq. Ruben Vardanyanın separatçı qondarma qurumun “dövlət naziri postuna” gətirilməsi bu istiqamətdə atılan ilk addım kimi qiymətləndirilə bilər.

- Rusiyanın Ermənistandakı hərbi bazasının çıxarılması ehtimalı nə qədərdir?

- Bu, elə də problemli məsələ deyil. Bir çoxları fikirləşir ki, əgər Ermənistan bu addımı atsa, Rusiya bu ölkəni az qala işğal edəcək, yaxud hərbi çevriliş həyata keçirəcək. Bugünədək olan təcrübə və müşahidələr göstərir ki, Rusiyanın Ermənistandakı gücü bizim təsəvvür etdiyimiz qədər qeyri-məhdud deyil, əksinə, kifayət qədər məhduddur. Əsas odur ki, Rusiya Ermənistan ictimai rəyində nüfuzunu kəskin şəkildə itirib. Bazaların Ermənistandan çıxarılması mümkündür. Nəzərə almaq lazımdır ki, Paşinyan hökuməti bunu tələb etsə, beynəlxalq səviyyədə kifayət qədər dəstək qazanacaq. Rusiya da sonda bazalarını çıxarmağa məcbur olacaq. Ya Ermənistanı işğal etməlidir, ya çevriliş həyata keçirməlidir, ya da bazalarını çıxarmalıdır. Başqa yol yoxdur. Birincini etmək texniki baxımdan asandır. İkincini etmək o qədər də asan deyil, çünki çevrilişi yalnız Ermənistan ordusunun əli ilə həyata keçirmək lazımdır. Rusiya ordusu bunu edərsə, o zaman bu çevriliş yox, birinci variant olacaq – faktiki işğal. Üçüncü variant Zəngəzur məsələsini qabardaraq Azərbaycanı Ermənistana qarşı əməliyyatlara təhrik etməkdir. Rusiyanın ssenariləri arasında bu da var.

Bütün hallarda isə İrəvan bazaların çıxarılması qərarını verərsə, erməni ictimaiyyətinin böyük kəsimindən dəstək alacaq. Əhaliyə qarşı çıxmaq da Rusiyaya heç nə verməyəcək.

- Rəsmi İrəvandan tez-tez NATO qüvvələrinin Azərbaycanla sərhədə sülhməramlı qismində gətirilməsi məsələsi qaldırılır. Bu, nə dərəcədə mümkündür?

- Görünür ki, bu, Ermənistanın və Qərbin planının tərkib hissəsidir. Ermənistandan çıxarılacaq Rusiyanın NATO qüvvələri ilə əvəzlənməsi planı mövcuddur. Amma burada kiçik nüans var. NATO qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinə sülhməramlı qismində yerləşdirilməsi – başqa adla mümkün də deyil – hər iki tərəfin razılığı şərti ilə mümkündür. Bu günlərdə Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət üzrə rəhbəri Cozef Borell açıqlama verib. Bildirib ki, Avropa İttifaqı buna hazırdır, Ermənistan da razıdır, amma Azərbaycan razı deyil. Azərbaycan razı deyilsə, Avropa İttifaqı bu addımı ata bilməz. Demək ki, hər şey bu qədər sadə deyil.

Hazırda görünən odur ki, Rusiya-Qərb qarşıdurması yeni bir coğrafiyaya – Cənubi Qafqaza keçib. Azərbaycana son günlər nümayəndə heyətlərinin intensiv şəkildə səfərləri müəyyən mülahizələrə yol açır. İsrailin müdafiə nazirinin geniş tərkiblə Bakıya gəlişi, danışıqlar aparması, ardınca Türkiyə milli müdafiə naziri başda olmaqla, bütün ordu komandanlarının Azərbaycana səfərini diqqətdən kənarda qoymaq olmaz. Ümumi prosesdən belə görünür ki, Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasına cəhdlər edilir. Bu cəhdlərin nə ilə nəticələnəcəyini demək indi çətindir. Ona görə ki, yanvar ayında Qazaxıstanda Çinə məğlub olan, Ukraynada de-fakto Qərbə məğlub olan Rusiyanın Yaxın Şərqə yeganə çıxışı Cənubi Qafqazdır. Söhbət burada Şərq-Qərb dəhlizinin kəsilməsindən gedir ki, bunda da Rusiyanın yeganə şansı Qafqazdır. Əlbəttə ki, Rusiya bu prosesə müqavimət göstərəcək. İki bölgədə uduzan Rusiya Cənubi Qafqazda da məğlub olacaq, yoxsa əksinə, qalib gələcək, hələlik bunu söyləmək çətindir.

Dünyapress TV

Xəbər lenti