Ardını oxu...
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bakupost.az -a geniş videomüsahibə verib.
İstehlakçı hüquqlarının pozulması haqqında danışan Birlik sədri bir sıra dövlət qurumlarının, eləcə də özəl şirkətlərin ünvanına sərt ittihamlar səsləndirib. Onun sözlərinə görə, xüsusən də mobil telefonlar və məişət texnikasının satışı ilə məşğul olan şirkətlər - Kontakt Home, Baku Electronics və s. istehlakçıların hüquqlarını kobud şəkildə pozularlar:
"Bir müddət istehlakçılara satılan telefon və məişət texnikalarının keyfiyyəti ilə bağlı problemlər olurdu. Azad İstehlakçılar Birliyi uzun müddət bu istiqamətdə mübarizə apardı və problem aradan qalxdı. İndi isə Kontakt Home istehlakçı hüquqlarının pozulması sahəsində yeni "trend" yaradıb. Onun alıcıları aldatmaq, onlara kələk gəlmək praktikasının artıq telefon və məişət texnikasının satışı ilə məşğul olan digər şirkətlər də tətbiq etməyə başlayıblar. Kontakt Home hətta “Şeş qoşa” oyunu vasitəsilə də müştərilərini aldadır, bununla bağlı bizə konkret müraciət daxil olub".
Qida təhlükəsizliyi sahəsində problemlərə toxunun E.Hüseynov bu sahədə də vəziyyətin acınacaqlı olduğunu qeyd edib və Qida Təhlükəsziliyi Agentliyi, eləcə də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyətini tənqid edib. Onun sözlərinə görə, təəssüf ki, bu dövlət qurumları fəaliyyətlərində istehlakçıların deyil, monopolistlərin maraqlarını üstün tuturlar.
E.Hüseynov bildirib ki, bu sahədə rəhbər vəzifədə çalışanların öz bizneslərinin olması da istehlakçı hüquqlarının kobud şəkildə pozulmasında ciddi rol oynayır.
Müsahibədə həmçinin bank sektorundakı xaos, iri marketlərin sahibkarlara ciddi təzyiqlər göstərməsi, iş adamlarını sıxışdırması, həmçinin müştəriləri aldatmaq üçün müxtəlif yollara əl atmasından bəhs olunur. Bir sözlə, elektrotexnika şirkətləri, dərman biznesi ilə məşğul olanlar, banklar müştərilərini necə aldadır, dövlət qurumları bu prosesdə necə iştirak edir və s. məsələlərlə bağlı maraqlı açıqlamaların olduğu müsahibəni bu videodan izləyə bilərsiniz:

 
Ardını oxu...
Ötən gün Azərbaycana gələn Türkiyənin TV8 kanalının rəhbəri, aparıcı-prodüser Acun Ilıcalı Bakıda Beynəlxalq Təhsil Mərkəzinin direktoru Ramal Şəmşədli ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, aparıcı Ramal Şəmşədlinin təhsillə bağlı müxtəlif suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

 
 
 
Ardını oxu...
Politoloq: “HAMAS-ın öz mövcudiyyətini davam etdirmək, legitimliyini gücləndirmək üçün qan və qırğınlara ehtiyacı var”

Yaxın Şərqdə hərbi gərginlik davam etməkdədir. Oktyabrın 7-si səhər saatlarında fələstinlilərin HƏMAS hərəkatı tərəfindən İsrailin bombalanması ilə başlayan eskalasiya pik həddədir. Dünya ictimaiyyəti dinc fələstinlilərin müharibə qurbanı olmasını qınasa da, HƏMAS-ın terror əməllərini pisləyir, İsrailə dəstək nümayiş etdirir. Təbii ki, müsəlman ölkələri tərəfindən Fələstin dəstəklənir. Amma qlobal güclər, xüsusilə, ABŞ Təl-Əvivə sonadək dəstək göstərəcəyini açıq bəyan edib. ABŞ Prezidenti Co Baydenin yaxın Şərqə səfəri, İsrailə yardım vədi və sonadək dəstək bəyanatı Vaşinqtonun mövqeyinin açıq olduğunu göstərdi. Lakin ekspertlərin qənaətincə ABŞ müharibənin genişlənməsində də maraqlı deyil.

Yaxın Şərqdə baş verənlərlə bağlı AYNA-nın suallarını cavablandıran politoloq Şahin Cəfərli deyib ki, bu gün Vaşinqtonun Ukrayna ilə yanaşı, İsrailə yardımı elan etməsi ABŞ-ın milli maraqları və təhlükəsizliyi baxımından önəmlidir:

- Ona görə də Bayden səviyyəsində İsrailə dəstək göstərilməsinin vacibliyi elan olundu. İndi bu yardım Ukraynaya dəstəklə birlikdə göstəriləcək, yəni paket formasında yardım ediləcək. Baydenin Yaxın Şərqə səfəri əslində atəşkəsə nail olunmasına hesablanmışdı. Görünür, ABŞ bölgədə böyük müharibədə maraqlı deyil. Amma İsrailin əsas hədəfi vəziyyətdən istifadə edib “İran problemi"ni aradan qaldırmaqdır. Bunun üçün Təl-Əvivin qarşıdurmanın miqyasını böyütməyə və İranı bu prosesin tam mərkəzinə çəkib gətirməyə ehtiyacı var. Çünki İran müdaxilə edib, İsrailə qarşı müharibəyə liderlik etsə, ABŞ da bunun qarşısını almaq üçün müharibəyə qoşulacaq. Bu halda ordusu və kəşfiyyatı haqda əfsanələr yaradılmış, əslində isə gücü yetərli olmayan, tükdən asılı İsrail üçün İran məsələsinin həllinə fürsət və imkan yaranacaq. ABŞ isə buna qarşıdır.

- Baydenin səfəri ərəfəsində Qəzzada xəstəxananın bombalanmasının ABŞ liderinin bölgəyə gəlişi ilə əlaqəsi nə qədərdir?

- İnsanlığa qarşı həmin cinayət Baydenin bölgəyə səfərinə saatlar qalmış törədildi. Bu, əlbəttə, təsadüfi deyildi. Bayden Ammanda İordaniya, Misir, Fələstin liderləri ilə görüşəcəkdi və aydındır ki, müzakirələrin ana mövzusunu sülh təşkil edəcəkdi. Lakin xəstəxananı bombalamaqla sülh gündəmi baltalandı. Bu məsələdə İsrail, HƏMAS və İranın maraqları üst-üstə düşür. İsraildə Baş nazir Beynamin Netanyahunun liderliyi altında Ben Qvir, Smotriç kimi quldurlardan ibarət hökumət iş başındadır və bu hökumət böyük müharibədə maraqlıdır. Qəzzaya terrorçu rejim hakimdir və HAMAS-ın öz mövcudiyyətini davam etdirmək, legitimliyini gücləndirmək üçün qan və qırğınlara ehtiyacı var. İran rejiminə də xarici düşmənlər lazımdır ki, həm daxildə diqqəti çoxsaylı problemlərdən yayındırsın, əhalini ətrafında səfərbər etsin, həm də bölgədə proksi qruplaşmaların yaradılması və silahlandırılmasına yönəltdiyi milyardların “haqq işinə” sərf olunduğu qənaətini formalaşdırsın, bu siyasətinə xalqdan dəstək qazansın. Bu üç rejim də Fələstin məsələsinin ədalətli həllində maraqlı deyil və istənilən sülh prosesini pozmağa hazırdır.

Tam əminliklə deyə bilərəm ki, sabah İsraildə sülhsevər bir hökumət qurulsa, hətta 1967-ci il sərhədlərinə geri çəkilməyi qəbul etsə, HAMAS, İslami Cihad və digər radikal fələstinli qruplar, İran və onun "Hizbullah"ı bunu yetərli görməyəcək və İsraildən 1947-ci il vəziyyətinə geri dönməyi tələb edəcəklər. Yəni bu gün çoxlarının hesab etdiyi kimi, İsrailin ciddi güzəştlərə getməsinin də bölgəyə sülh gətirəcəyinin bir təminatı yoxdur. Üç səmavi dinin yaranıb-yayıldığı, hər kəsin öz dinini sülh dini adlandırdığı, amma heç cür sülhün bərqərar olmadığı peyğəmbərlər yurdu Orta Şərq təəssüf ki, bir cəhənnəm olaraq qalır və dünyanı da öz zülmətinə qərq edir.

- Məlum oldu ki, Çin də Yaxın Şərqə döyüş gəmiləri göndərib. Ümumilikdə, baş verənlər daha da dərinləşə, böyük güclərin qarşı-qarşıya gəlməsinə səbəb ola bilərmi?

- Pekin rəsmi səviyyədə bildirib ki, regionda vəziyyətin deeskalasiyasına kömək etmək üçün Rusiya ilə birgə işi dəstəkləməyə hazırdır. Bu gün Rusiyanın ayaqda qalması Çinə ona görə vacibdir ki, ABŞ-ın enerjisi və gücü parçalansın, bütün gücünü Çinə qarşı yönəltməsin. Aydındır ki, bu gün ABŞ-ın resurslarından həm Ukraynaya gedir, həm İsrailə gedir. Əlbəttə, Pekindən verilən “regionda vəziyyətin deeskalasiyasına kömək etmək üçün Rusiya ilə birgə işi dəstəkləməyə hazırdır” bəyanatı da bu siyasətin tərkib hissəsidir. Eyni zamanda, Çin Yaxın Şərqə hərbi gəmilər göndərməklə o mesajı da verir ki, dünya gücü kimi lazım gələrsə, proseslərə müdaxilə etmək imkanındadır.

Əslində beynəlxalq güclər bu gün qarşı-qarşıyadır və hər kəs özünə sərf edən siyasəti həyata keçirir. Bundan əziyyət çəkən isə müharibə bölgələrinin əhalisidir.

- Bölgənin “qan gölünə” çevrilməsi kimin marağındadır və hansı qüvvələrə xidmət edir?

- Mən qarşıdurmalardan əvvəlki siyasi vəziyyətə baxmağın tərəfdarıyam. Məlumdur ki, son aylarda ABŞ, İsrail və Səudiyyə Ərəbistanı arasında çox vacib anlaşmalar hazırlanırdı. Səudiyyə Ərəbistanı tərəfindən İsrail dövlətinin rəsmən tanınması və diplomatik əlaqələrin qurulması, əvəzində Fələstin məsələsində İsrailin bəzi güzəştlərə getməsi, Səudiyyənin dinc məqsədli nüvə proqramına ABŞ-ın dəstəyi və bu ölkəyə təhlükəsizlik təminatı verməsi, əvəzində krallığın Çinlə iqtisadi və hərbi əlaqələrdə dərinə getməyərək məsafə saxlaması, neft qiymətlərində Vaşinqtonla qarşılıqlı anlaşma şəraitində siyasət yeritməsi və s.detallar müzakirə olunurdu. Tərəflər bütün məsələləri razılaşdırmasalar da, ciddi irəliləyişlər də mövcud idi. Məsələn, son aylar İsrailin 3 naziri müxtəlif beynəlxalq-regional toplantılarda iştirak adı altında Səudiyyə Ərəbistanına səfər etmişdi. Prosesin müsbət sonluqla bitməsi “İbrahim anlaşmaları”nın təntənəli yekunu olacaqdı. Lakin HƏMAS-ın hücumu, İsrailin cavabı və qızışan münaqişə sözügedən prosesin aqibətini qeyri-müəyyənliyə sürüklədi. Səudiyyə Ərəbistanı hər nə qədər tamamilə öz maraqlarını güdən praqmatik siyasət aparsa da, ərəb dünyasının lider dövləti olaraq İsrailin fələstinlilərə qarşı hərbi və iqtisadi xarakterli sərt tədbirlərini görməzdən gələ bilməz. HƏMAS-ın törətdiyi ağır cinayətlər, İsrailin buna verdiyi cavablar bölgədəki nisbi sülh atmosferini pozdu. Bununla da planlaşdırılan razılaşmalar təxirə düşdü.

Düşünürəm ki, İsrail-HƏMAS savaşında qazanan tərəfin İran olduğu görünür. Təbiim ki, baş verənlər Çin və Rusiyanın da maraqlarına uyğundur. Nəzərə almaq lazımdır ki, İran kifayət qədər ciddi dövlətdir və destruktiv potensialı yüksəkdir.

Müəllif: Anar Bayramoğlu
 
 
 
Ardını oxu...
“Hər bir insan ölümü bizim üçün faciədir”.

Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Cənab səfir, sizcə, HƏMAS-ın İsrailə hücumunun arxasında hansı səbəblər dayanır?

- Oktyabrın 7-də HƏMAS ölkəmizə hücum etdi və insanlarımızı qətlə yetirdi. İnsanları diri-diri yandırdılar. Onlar yatan insanlara qarşı belə qırğın törətdilər. Onlar qızlarımızı zorladılar, körpələrimizi öldürdülər, qocaları, hətta uşaqları və körpələri valideynlərinin əllərindən alıb oğurladılar. Burada sizə bir neçə şəkil göstərə bilərəm. Məsələn, bu ailə sağ-salamat idi. Ana, ata və üç gözəl yeniyetmədən ibarət xoşbəxt bir ailə idi. Mən sizə bu körpənin də şəklini göstərə bilərəm. Bu gün isə onların heç biri həyatda yoxdur. Təsəvvür edin ki, bu, sizin oğlunuzdur, yaxud da qızınızın yataq otağıdır. Təsəvvür edin ki, onun öz yataq otağında sağ qalması barədə narahatsınız. Heç bir insan, heç bir ailə, heç bir uşaq bunu yaşamamalıdır. İnsanlar şokdadır. Soruşurlar ki, HƏMAS bunu niyə etdi? Səbəb nədir? Amma insanların niyə şoka düşdüyünü anlamıram. Çünki HƏMAS son üç onillikdə hər ayın hər həftəsinin hər günü dəfələrlə bildirib ki, onların məqsədi hər bir yəhudini və hər bir israillini öldürməkdən ibarətdir. Onların məqsədi İsrail dövlətini məhv etmək və yəhudilərə qarşı soyqırımı törətməkdir. İndi etmələrinin səbəbi sadəcə bunu indi bacarmaları ilə bağlıdır. Biz hazırlıqsız olduğumuz bir vaxtda fürsət tapdılar.

Həmin gün Sukkot bayramı idi, şənbə günü idi. Əsgərlərimizin çoxu evlərində, ailələri ilə birlikdə bayramı qeyd edirdilər. Onlar (qarşı tərəf – red.) sadəcə olaraq sərhəd istiqamətindəki ərazilərə soxularaq hasardan keçib İsrailin 20-dən çox kəndinə basqın etdilər və evlərində yatan insanlara qarşı qətliam törətdilər. Ona görə də bu gün biz müharibə şəraitindəyik. Bu müharibə siyasətlə bağlı deyil. Məsələ ərazi ilə bağlı deyil. Məsələ bunların heç birinə aid deyil.

Bu, şərə qarşı mübarizədir. Prezident Bayden İsrailə səfəri zamanı Baş nazir Netanyahu ilə görüşündə bildirib ki, HƏMAS-ın etdikləri hətta İŞİD-i də bundan rasional göstərir. Beləliklə, qarşımızda duran şey budur və məqsədimiz sadədir: HƏMAS-ı məğlub etmək, onun Qəzza üzərindəki hakimiyyətinə son qoymaq, girovlarımızı azad etmək. Məqsədlərimiz bunlardır. Hazırda bizim Qəzzada 200 nəfər girovda saxlanılan insanımız var, onların arasında hətta Holokostdan sağ çıxanlar da var. Heç bir humanist təşkilat, heç bir rasional insan və ya təşkilat belə bir şey etməz və biz o terror təşkilatını məğlub etməyincə dayanmayacağıq.

- Cənab səfir, dediyiniz kimi ABŞ Prezidenti Cozef Bayden də İsrailə səfər edib. Beynəlxalq ictimaiyyətin İsrailə dəstəyi və müharibəyə münasibəti ilə bağlı fikirlərinizi bilmək istərdik.

- Əvvəla, bu müharibə təkcə İsrailə qarşı başlamayıb. Bu, beynəlxalq birliyə qarşı başladılan müharibədir. Sizə deyə bilərəm ki, HƏMAS tərəfindən öldürülən və ya qaçırılanlar arasında 41-dən çox ölkənin vətəndaşı var. Məndə vətəndaşları öldürülmüş və ya qaçırılmış ölkələrin siyahısı var. Onların adlarını görə bilərsiniz. Mən sizə göstərəcəyəm ki, siyahıda olanların arasında azərbaycanlılar da var. Üç azərbaycanlı HƏMAS tərəfindən qətlə yetirilib və bir azərbaycanlı itkin düşüb, çox güman ki, Qəzzaya qaçırılıb. Deməli, bu təkcə İsrailin müharibəsi deyil. Bu, terrorizmə, İŞİD və onun bənzərlərinə qarşı beynəlxalq müharibədir. Ona görə də biz terrora qarşı birgə mübarizə aparmalıyıq. Dünyanın hər yerindən liderlər HƏMAS-ın ağlasığmaz vəhşiliklərini pisləyib və İsrailin özünü müdafiə etmək hüququnu dəstəkləyiblər. Mən sizə hətta burada - Azərbaycanda, səfirliyimizin önünə gül dəstələri qoymağa gələn insanlardan aldığımız sevgini, dəstəyi və başsağlığı mesajları barədə deyə bilərəm. İnsanlar zənglər edir, SMS göndərirlər. Burada aldığımız dəstək həqiqətən bizi çox təsirləndirdi. Düşünürəm ki, bu, çox simvolikdir. Bu, mən Gəncəyə gedəndən düz üç il sonra oldu. Gəncədə də vətəndaşlar heç nəyə fərq qoyulmadan hücuma məruz qalıblar. Mən orada Gəncədə yaşayış məntəqələrinin xarabalıqlarına gül dəstələri qoymuşam. Bu gün Azərbaycan vətəndaşları buraya - səfirliyin qarşısına gül dəstələri qoymaq üçün gəlirlər. Hazırda beynəlxalq ictimaiyyətdən gözləntimiz əsasən Prezident Bayden, Böyük Britaniyanın, Fransanın, İtaliyanın rəhbərləri və dünyanın bir çox digər liderləri kimi davranmaq, İsrailin öz xalqını qorumaq hüququnu dəstəkləmək və HƏMAS terror təşkilatını məğlub etmək üçün əlindən gələni etməkdir. Biz, həmçinin beynəlxalq ictimaiyyətin girovların dərhal və qeyd-şərtsiz azad olunmasına çağırış etməsini gözləyirik. Onların bir çoxu, gördüyünüz kimi, digər ölkələrinin vətəndaşlarıdır. Biz beynəlxalq ictimaiyyətdən HƏMAS-ı Qəzzadakı əhalisini canlı qalxan kimi istifadə etməyi dayandırmağa çağırmasını gözləyirik.

Biz bunu hər zaman görürük ki, onlar öz qərargahlarını, əməliyyatçılarını yaşayış məntəqələrində, günahsız mülki vətəndaşlar arasında, evlərdə, məktəblərdə, hətta xəstəxanalarda yerləşdirirlər və bu yerlərdən İsrailə qarşı atəş nöqtəsi kimi istifadə edirlər. Bununla da öz mülki vətəndaşlarını hücuma məruz qalma təhlükəsi ilə üz-üzə qoyurlar.

- Hər iki tərəf oktyabrın 17-də Qəzzada xəstəxananın hücuma məruz qalmasına görə bir-birini ittiham edir. Bununla bağlı nə deyə bilərsiniz? Ümumiyyətlə, İsrail zərərsizləşdirəcəyi hədəfləri hansı meyarlara əsasən müəyyənləşdirir? Qarşı tərəf digər mülki binaların da atəşə tutulması ilə bağlı da iddialar səsləndirib.

- Əvvəla, onu demək istəyirəm ki, hər kəs kimi mən də Qəzzadakı Baptist xəstəxanası ilə bağlı dəhşətli şəkilləri görmüşəm və heç bir ləyaqətli insan buna biganə qala bilməz. Bu hadisədə həlak olan günahsız insanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bu xəstəxana Qəzzada terrorçular tərəfindən səhv atılan raketlə vurulub. Onlar bunu bilirdilər, HƏMAS, “İslami Cihad” bunu bilirdi. Biz hətta iki nəfər HƏMAS fəalı arasında telefon danışığının səs yazısını ələ keçirmişik və bu telefon danışığı zamanı onlar bunun Qəzzadakı terrorçular tərəfindən atılan raket olması barədə danışırdılar. Biz bu söhbətin bütün səs yazısını mediaya yaydıq. Biz adətən Qəzzada terrorçuların telefonlarını necə dinləmək üsullarımızı açıqlamırıq. Amma media buna görə qəzəbləndiyi üçün biz bu ehtiyacı hiss etdik. Bunu etdikləri üsul sadədir. Onlar xəstəxanaya atılan və bu faciəyə səbəb olan raketin səhv atıldığını bilirdilər. Bunu dərhal başa düşdülər və ona görə də İsraili ittiham etməyə başladılar ki, günahı öz üzərilərinə götürməkdən yayınsınlar və insanları İsrailə qarşı qəzəbləndirmək üçün bundan təbliğat aləti kimi istifadə etsinlər. Reaksiyamız bir neçə saat sonra gəldi. Bunun bir neçə saat çəkməsinin səbəbi isə onlardan fərqli olaraq, bizim nə baş verdiyini dəqiq bildiyimiz faktlarımızdan 100 faiz əmin olmağımızla bağlı idi. Bir neçə saatdan sonra İsrail Müdafiə Qüvvələri baş verənləri tam şəkildə göstərən mediaya açıqlanmış sübutlarla çıxdı. Raketlər xəstəxananın yaxınlığında Qəzzada HƏMAS ilə əməkdaşlıq edən terror qruplarından biri olan Fələstin İslami Cihad tərəfindən atılıb və həmin raketlərdən biri səhv atılaraq havada partlayıb, sonra yerə - xəstəxananın üzərinə düşüb.

Bu gün əlimizdə bunun necə baş verdiyini göstərən kadrlar var. Əslində, ən yaxşı görüntülər HƏMAS-ın ruporu olan “Əl-Cəzirə” kanalından gəlir. Burada raketin necə yuxarı qalxıb xəstəxanaya düşdüyünü görmək olur. İndi mən sizə burada bir xəritə göstərə bilərəm.

Yalnız son 10 gündə gördüyünüz bütün bu qırmızı nöqtələr Qəzza zolağının içərisində, təkrar edirəm, HƏMAS və İslami Cihad tərəfindən atılan raketlərin Qəzza zolağında öz insanlarının üzərinə düşdüyü yerlərdir.

Oktyabrın 7-dən indiyədək - son 10 gündə Qəzza zolağının daxilinə 406-dan çox raket düşüb. Terrorçular tərəfindən Qəzzada öz insanlarının üzərinə raketlər atılıb. Raketlərdən gündə neçəsinin səhv atıldığını bu qrafikdən görə bilərik.

Beləliklə, biz görə bilərik ki, dünən (oktyabrın 17-də - red.) İsrail istiqamətində atılan raketlərin 12 faizi Qəzza zolağına düşüb. Xəritədə bu qədər çox qırmızı nöqtənin mövcudluğu təəccüblü deyil. Vəziyyət əslində belədir. Bizim savaşdığımız bu terror təşkilatları nəinki bizim həyatımıza hörmət etmir, hətta Qəzzadakı günahsız insanların həyatına da əhəmiyyət vermir. Qəzzadakı günahsız insanlar onlardan canlı sipər kimi istifadə edən bu terrorçu rejimdən əziyyət çəkir. Həmin terror təşkilatı onların canlarından təbliğat vasitəsi kimi istifadə edir.

Hər bir insan ölümü bizim üçün faciədir. Onlar üçün isə hər insan itkisi İsrailə qarşı mesaj vermək vasitəsi və digərlərini İsrail əleyhinə emosional reaksiya verməyə yönəltmək üçün siyasi alətdir.

Mənim beynəlxalq mediaya da sözüm var. BBC, “Sky News”, CNN və digər beynəlxalq media qurumlarının da İsrailin xəstəxanaya hücum etdiyini iddia edən məlumatlar dərc etməsi bizi çox məyus etdi. Bu gün artıq hər kəsə aydındır ki, həmin hava hücumu İsrailə aid deyil.

Hətta Prezident Bayden də mətbuat konfransında açıqladı ki, o bu hücumun Qəzzadakı terrorçuların atdığı raket nəticəsində baş verdiyini qəbul edir. Buradan bir dərs almalıyıq ki, heç kimə inanmaq lazım deyil. İsrail tərəfinə də inanmayın. Bir jurnalist olaraq hər məlumatı yoxlamaq lazımdır. Faktların doğruluğuna əmin olmaq lazımdır. Lakin məlumatı heç yoxlamadan, sırf HƏMAS belə bir iddia ilə çıxış etdiyi üçün həmin iddiaya inanmaq düzgün deyil. “İsrail tərəfindən qəsdən hava hücumu” kimi məlumatı dərhal dərc etmək düzgün deyil. İndi artıq heç bir şübhə yoxdur ki, raket Qəzza sektorundan səhvən atılıb. Bu səbəbdən, lütfən, bütün media və hətta insanlar olaraq faktlara nəzər yetirməkdə diqqətli olaq ki, insanları dezinformasiyaya məruz qoyaraq çaşdırmayaq.

- Hazırda Qəzzadakı humanitar vəziyyət nə yerdədir? Ora yardım göndərmək üçün hər hansı bir yol mövcuddurmu?

- Hazırda biz HƏMAS ilə müharibədəyik. Hədəfimiz onlara qalib gələrək İsraili HƏMAS-ın hücumlarının təhlükəsi altında yaşamaqdan azad etməkdir. Qəzzadakı insanları da bu terrorçu rejimin əsarətindən azad etmək bizim hədəfimizdir. Bizim Qəzzadakı insanlar üçün edə biləcəyimiz ən humanist hərəkət onları HƏMAS-dan azad etmək ola bilər. Hazırda ən əsas narahatlığımız Qəzzadakı 200 əsirimizi azad etməkdir. Daha öncə də bildirdiyimiz kimi, onlar İsrail və digər ölkələrin vətəndaşlarıdır. Biz həm İsrail sərhədindəki xalqımızı, həm də Qəzza daxilindəki xalqımızı qorumaq üçün əlimizdən gələni edəcəyik. Bizim digər məqsədimiz isə HƏMAS-a qarşı müharibədə beynəlxalq hüququn normalarına hörmətlə yanaşmaqdır. Həmin prinsiplərə əsasən biz əlimizdən gələn hər şeyi edirik ki, mülki vətəndaşların həyatı üzərindəki bütün riskləri azaldaq. Lakin biz elə bir rejimlə savaşdayıq ki, onlar sıravi vətəndaşların da zərər çəkməsini istəyirlər. Çünki bu onların təbliğatlarına və məqsədlərinə xidmət edir. Biz onları insanlardan canlı sipər kimi istifadə etməməyə çağırırıq. Onlar öz uşaqlarının, qadınlarının, ailələrinin həyatlarını risk altında qoyurlar. Əlimizdə sübutlar var, hətta biz insanlara bu və ya digər əraziyə hücum olunacağı ilə bağlı öncədən xəbərdarlıq edəndə HƏMAS oradakı insanların həmin yerləri tərk etməsinin qarşısını alır. Məsələn, biz hər hansı binaya hücum etmək istəyirik, çünki bilirik ki, orada terrorçular var və ya orada onların silahları, resursları yerləşir. Bu zaman biz onlara SMS göndəririk. Biz hətta havadan xəbərdarlıq kağızları da atırıq. Biz onlara zəng vurur və həmin binaları tərk etməyi xahiş edirik. Deyirik ki, sizin içində olduğunuz binaya hücum olunacaq. Lakin, həmin insanlar getməyə çalışanda, bəziləri buna nail olsa da digərlərinin yolları HƏMAS tərəfindən kəsilir.

Burada peyk fotosundan görə bilərsiniz ki, konvoy bizim istədiyimiz kimi, Qəzzanın şimalından cənuba doğru hərəkət edir. Şəkildə görə bilərsiniz ki, HƏMAS-a məxsus iki hərbi avtomobil yolu kəsib, ərazini tərk edənlərin qarşısında dayanıb. Onlar insanlara deyirlər ki, evdə qalın və lazımdırsa şəhid olun, özünüzü qurban verin. Onlar insanlardan HƏMAS-ın siyasi gündəliyi üçün öz həyatlarını qurban verməyi tələb edirlər. Bu, bütün dünyanın qınamalı olduğu bir hadisədir. Bu bizim qarşılaşdığımız ən böyük humanitar problemdir. Biz Qəzzadakı mülki vətəndaşları qorumaq istəyərkən, HƏMAS onların həyatını risk altında qoyur.

- Sizin fikrinizcə, bu münaqişənin qaynar fazası nə qədər davam edəcək və müharibəni dayandırmaq üçün hansı addımlar atılmalıdır?

- Bu müharibənin yalnız bir məqsədi var. O da HƏMAS-ın hərbi imkanlarının aradan qaldırılması, HƏMAS-ın və onların Qəzzadakı hökumətinin devrilməsi. Sizə bunu deyə bilərəm ki, bu müharibə elə bu gün də bitə bilər. Bunun baş verməsi üçün iki addım atılmalıdır. Birincisi, HƏMAS bütün hərbi sursatlarını təhvil verməli, ikincisi isə israilli əsirlərin hamısını azad etməlidir. Onlar indi Qəzzada girov götürülmüş hələ cəmi 9 aylıq Fir, dörd yaşlı Ariel və digər uşaqları azad etməlidirlər. Onlar yaşlıları azad etməlidirlər. Həmin yaşlılar arasında Holokostdan xilas olanlar da var. Həmin şəxslər 70-80 il öncə nasistlərin zülmündən qurtulmuşlar. Qəzzada Marqaret Moses, Kain kimi girov götürülmüş insanlar var. Nə vaxt ki, bizim bütün vətəndaşlarımız və bütün xarici vətəndaşlar, - hətta bəlkə də bunların arasında Azərbaycan vətəndaşı da var, - azad olunarsa və HƏMAS öz hərbi qüvvələrini təslim edib silahlarını bizə verərsə, hər şey bitəcək. Heç kim ölməli deyil. Heç kim savaşmalı deyil. Məsələ elə bu gün də bitə bilər. Əgər onlar bunu etməsə - silahlarını bizə verməsə və girovları azad etməsə, geri çəkilməyəcəyik. Biz HƏMAS-a tam qalib gələnədək dayanmayacağıq.

Sonda bir məsələni də demək istəyirəm. Biz bu gün bu müharibəni ona görə edirik ki, heç bir israilli uşaq bir daha HƏMAS terrorçularının onların yataq otaqlarına girərək onlara hücum edəcəyi qorxusu ilə yaşamasın. Bizim məqsədimiz budur.
 
Ardını oxu...
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- Tofiq müəllim, Prezident İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını ucaltdı və çıxışında vacib mesajlar verdi. İndiki halda ölkə başçısı tərəfindən səslənən bu fikrilərin mahiyyəti ilə bağlı yanaşmalar nədən ibarətdir?

- Ölkə başçısı Xankəndidəki çıxışında daha çox iki mövzuya istiqamətlənmişdi. Prezident İlham Əliyev hakimiyyətinin 20-ci illiyində söz verilən, bəyan edilən siyasi proqram və məqsədlərin icra edildiyini açıqladı. Xankəndidə ölkə başçısı tərəfindən Azərbaycan bayrağının ucaldılması ilə yaşanan tarixi gündə bu məsələ bir daha gündəmə gəldi. Eyni zamanda rəsmi olaraq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı “miatsum” hərəkətinə son qoyulduğu bəyan edildi. Əslində ölkə başçısı Xankəndidə xalq qarşısında bir növ hesabat verdi. Dövlət başçısı vurğuladı ki, nə söz veribsə, bunların hamısı icra edilib. Bunlardan da ən vacibi Ermənistan tərəfindən işğal edilmiş ərazilərin azad edilməsi idi. Burada verilən ikinci mesaj ondan ibarətdir ki, bəzi qüvvələr Azərbaycanı post-konfilikt dövründə bu və ya digər məsələlərdə ittiham edir. Azərbaycan Prezidenti öz təcrübəsinə istinadən bildirdi ki, Ermənistanının anneksiya siyasəti başlayana qədər bu xalqlar bir yerdə yaşayırdı. Erməni millətçiləri işğal, təcavüz siyasəti həyata keçirməsə idi, xalqlar bu müstəvidə də yaşaya bilərdi. Burada verilən mesaj əsas ondan ibarətdir ki, bu münaqişədən yüz minlərlə insan əziyyət çəkib. Açıq şəkildə göstərildi ki, vəziyyətin bu həddə çatmasına səbəbkar olanlar Azərbaycanda deyil. Bunlar Ermənistandadır. Həmin hərbi canilərin bir qismi Azərbaycanda istintaqa cəlb edilib. Ona görə də, erməni xalqı bu məsələlərdən nəticə çıxarmalıdır. Beynəlxalq oyunçular da buradan öz dərsini götürməlidir. Azərbaycan bu məsələlərə son qoyub qonşuları ilə sülh şəraitində yaşamaq istəyir.

- Qranada görüşündən sonra Bişkekdə aparılan müzakirələrlə bağlı bağlı fərqli yanaşmalar var. Rusiya prezidentinin açıqlamaları fonunda görüşlə bağlı nəticələrin gözlənildiyinin əksinə olduğu deyilir. Sizcə, burada əsas gözləntilər nədən ibarət olub?

- Əslində Azərbaycanla Ermənistan arasında vasitəçilik etmiş keçmiş həmsədrlər hər zaman öz aralarında rəqabət aparıblar. İndiyə kimi də bu proses davam edir. Çünki Qranada da birdən-birə NATO ölkələrinin başçıları qəribə fikir səsləndirdi. Guya ki, onlarda 1975-ci ilə aid keçmiş sovet ordusunun baş qərargahının xəritələri var. Onlar da Azərbaycanla Ermənistan arasında sərhədlərin bu əsasda həllinə tərəfdar olduqlarını açıqladı. Amma sual olunur ki, NATO ölkəsinin rəhbərlərində keçmiş sovet ordusunun baş qərargahının ərazilərlə bağlı xəritəsi necə ola bilər? Eyni zamanda Bişkekdə Putin əsas məsələnin Qarabağın “statusu “ilə bağlı olduğunu iddia edir. Əslində heç vaxt “status” məsələsi burada əsas olmayıb. Burada əsas məsələ Ermənistanın Azərbaycana qarşı işğal faktı idi. Ona görə də, hər iki tərəfdən verilən bəyanatlar köhnə oyunun cəhdi kimi önə çıxır.

- Azərbaycan öz daxilində məsələləri həll etdikdən sonra ikinci vacib məqam sərhədlərin dəqiqləşməsidir. Bundan sonrakı prosesdə sərhədlərin dəqiqləşməsi ilə bağlı hansı yanaşmalar əsas götürülə bilər?

- Əslində delimitasiya və demarkasiya texniki prosesdir. Əgər Makron və Şolts üçün 1975-ci il xəritləri çox əzizdirsə, Azərbaycan da onun üçün 1920-ci ilin xəritələrinin daha doğma olduğunu deyə bilər. 1920-ci ildə XI qırmızı ordunun Azərbaycanı işğal edən zaman mövcud olan xəritələrin əsas götürülməsi mümkündür.

- Belə olan halda sərhədlərlə bağlı prinsipial bünövrə necə müəyyənləşəcək?

- Məhz bu prinsiplərlə bünövrə müəyyənləşməlidir. Çünki Azərbaycan 1975-ci ilin xəritələrini qəbul etdiyini deməyib. Belə olan halda Ermənistanın baş naziri Nikol Paşinyanın çıxışına istinad ediləcək. Paşinyan Ermənistan üçün kadastr sənədi almalı olduqlarını bildirib. Bu da Azərbaycanla aparılacaq danışıqlarda əldə ediləcək. Anklavlarla bağlı məsələ də məhz bu danışıqların içində həll ediləcək. Burada tək anklavlar deyil hələ də işğalda saxlanılan kəndlər, Zəngəzur, Göyçə Mahalı da öz əksini tapacaq.

- Ermənistanın öz sərhədləri ilə bağlı iddiaları nədən ibarətdir?

- Vaxtilə erməni tərəfi öz sərhədlərini ləğv edib. İddia edirdilər ki, ərazi bütövlüyü Qarabağla qarışıqdır. Bu da alınmadı və Qarabağ məsələsi bitdi. Belə olan halda Ermənistanın ərazi bütövlüyünü biz yəni, Azərbaycan müəyyən edəcək. Bu da ermənilərlə birgə ediləcək. Ona görə də, ermənilər Şoltsa, Makrona yox, Azərbaycana müraciət etməlidir. Danışıqlardan qaçmaq onlara sərf etməyəcək. Bunun əksinə Prezident İlham Əliyevin dediyi olacaq yəni, harada Azərbaycan əsgəri dayanacaq orada da sərhəd müəyyənləşəcək.
 
Ardını oxu...
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, otorinolarinqoloq Vəfa Pənahian qulaq infeksiyaları və tənəffüs problemləri ilə bağlı insanları maraqlandıran bir sıra sualları cavablandırıb.

Sözügedən müsahibəni təqdim edirik:

- Vəfa müəllim, ilk öncə bilmək istərdik ki, qulaq infeksiyasının yaranma səbəbi və əlamətlərinə nələr daxildir?

- Qulaq xarici, orta və daxili olmaqla 3 hissədən ibarətdir. Qulağın anatomik quruluşuna görə, infeksiyaların yaranma səbəbləri və yayılma yolları müxtəlifdir. Belə ki, qulaqda infeksiya 5 yolla yayıla bilər:

• Xarici qulaq keçəcəyindən (transmeatal yol). Xarici və orta qulaq arasında yerləşən təbil pərdəsi sərhəd rolunu oynayır. Təbil pərdəsinin tamlığı pozulan zaman pərdədə perforasiya olduğu üçün, infeksiya xarici qulaqdan orta qulağa yayıla bilər.

• Burun-udlaqdan eşitmə borusu vasitəsi ilə (rino-tubar yol). Orta qulaq Yevstax borusu adlanan eşitmə borusu vasitəsi ilə burun-udlaqla birləşir. Əksər hallarda infeksiya qulağa burundan yayılır. Burun mənşəli səbəblərə uşaqlarda adenoid, burunətrafı ciblərin iltihabı xəstəlikləri (kəskin və xroniki sinusitlər), burun polipləri, burun çəpərinin əyriliyi, rinitlər, xroniki tonzillit və bir sıra digər xəstəliklər aiddir.

• Qanda olan infeksiya vasitəsi ilə (hematogen yol);

• Limfada dövr edən infeksiya vasitəsi ilə (limfogen yol);

• Travmatik yolla. Qulağın açıq və qapalı zədələnməsi və kəllə-beyin travmaları zamanı infeksiya qulağa yayıla bilər.

- Doktor, burun tənəffüsünün çətinləşməsinin hansı fəsadları ola bilər?

- Anatomik olaraq burun 3 hissədən ibarətdir: xarici burun, burun boşluğu və burunun əlavə cibləri (burunətrafı ciblər və ya sinuslar). Burun və burunun əlavə cibləri yuxarı tənəffüs yollarının başlanğıcında yerləşir. Filogenetik olaraq burunun 3 funksiyası var: tənəffüs, qoxu və qoruyucu. Hava axını burun boşluğuna daxil olaraq üç istiqamətə bölünür: yuxarı, orta və aşağı. Təzyiq ilə burun boşluğuna daxil olan hava anatomik xüsusiyyətlərə uyğun olaraq burun boşluğunda gecikir. Buruna daxil olan hava isidilərək nəmləndirilir. Beləliklə, tərkibi tənzimlənən hava burundan udlağa, daha sonra isə qırtlağa, traxeya, bronxlara və ağciyərlərə istiqamətlənir. Burun tənəffüsünün çətinləşməsi bir sıra fəsadlara səbəb ola bilər:

• burunətrafı ciblərin iltihabı xəstəliklərinə (sinusiltlər);

• burun balıqqulaqlarının xəstəliklərinə (rinitlər);

• burun polipozuna;

• udlaq xəstəliklərinə (faringitlər);

• damaq badamcıqlarının xəstəliklərinə (tonzillit);

• qırtlaq, traxeya və bronxların xəstəliklərinə (larinqo-traxeo-bronxit);

• eşitmə borusunun xəstəliyinə (yevstaxiit, tubootit);

- Adenoid əməliyyatına nə vaxt qərar verilir?

- Əksəriyyəti yanlış olaraq adenoidin burun boşluğunda yerləşdiyini düşünür. Udlaq badamcığı (III badamcıq) və ya adenoid udlağın üst hissəsində, burun-udlaqda yerləşir. Adenoid hipertrofiyası (böyüməsi) 4 dərəcədə olur. Böyümə dərəcəsindən asılı olaraq yuxarı tənəffüs yollarında ağırlaşmalar çoxalır. İlk olaraq burun tənəffüsünün çətinləşməsi, sonra isə tam tutulması müşahidə olunur. Buna səbəb burun-udlağa açılan eşitmə borusu kanalının adenoid vegetasiyası ilə tutulmasıdır. Adenoidin böyüməsi bir çox hallarda kəskin orta otit adlanan qulağın iltihabı xəstəliklərinə səbəb ola bilər. Adenoid vegetasiyası burun tənəffüsünü pozaraq məktəbyaşlı uşaqlarda dişlərin, çənənin deformasiyasına və beləliklə dişləmin pozulmasına səbəb olur. İltihabı proses inkişaf etdikcə daxili orqanlarda xroniki bronxit kimi fəsadlar yarada bilər. Böyüklərdə isə sinusit adlanan burunətrafı ciblərin iltihabı xəstəlikləri müşahidə olunur. Keçən əsrdə adenoid uşaqlara xas olan xəstəlik hesab edilirdi. Son zamanlar adenoid 30 və hətta 40 yaşdan yuxarı olan şəxslərdə də müşahidə olunur.

1-ci dərəcəli adenoid vegetasiyası burun tənəffüsünün çətinləşməsinə və digər üzvlərə cüzi təsir göstərir. Adenoid böyüməsinin 2-ci dərəcəsi burun tənəffüsünün çətinləşməsinə səbəb olur və gecə vaxtlarında daha çox özünü birüzə verir. 3-cü dərəcəli hipertrofiya burun tənəffüsün cətinləşməsinə və digər ciddi fəsadlara səbəb ola bilər. 4-cü dərəcədə isə burun tənəffüsün tam tutulması izlənilir və ətraf üzvlərdə yanaşı xəstəliklər müşahidə edilir.

Beləliklə, adenoid vegetasiyasının 1-ci və 2-ci dərəcələri konservativ müalicəyə tabedir. 3-cü və 4-cü dərəcələr isə konservativ müalicəyə tabe olmur və yalnız cərrahi üsul ilə müalicə oluna bilər. Adenoid vegetasiyasının cərrahi üsul ilə müalicəsi adenotomiya əməliyyatı adlanır.

- Tez-tez burun qanaxmasının səbəbi nədir?

- Burun çəpərinin ön hissəsində, girəcəkdən təqribən 1 sm arxada Kisselbax adlı kələf yerləşir. Bu kələfdə 5 damarın bir-biri ilə birləşməsi qeyd edilir: ön xəlbir, arxa xəlbir, damaq-pazabənzər, böyük damaq və üst dodaq arteriyaları. Sadalanan damarlar nazik olur, səthi olaraq selikli qişanın altında yerləşir və 90% hallarda qanaxmalar məhz burada müşahidə edilir.

Tez-tez rast gəlinən burun qanaxmalarının bir neçə səbəbi var:

• hipertoniya xəstəliyi;

• bir sıra qan xəstəlikləri;

• şəkərli diabet;

• xroniki böyrək çatışmazlığı;

• hamiləlik;

• müxtəlif burun travmaları;

• kapilyarların angiopatiyası;

- Qulaq cingildəməyi nədən yarana bilər?

- Qulaq – insanın eşitmə və müvazinət orqanıdır. Bütün informasiyaları bu orqandan beyinə VIII cüt sinir ötürür. Səsi nəql edən və ya qəbul edən aparatın pozulmasından asılı olaraq eşitmə zəifliyi iki tipdə olur. Konduktiv tip - səskeçirmə, sensonevral isə səs qəbul edən aparatın patologiyasıdır.

Daxili qulaqdan başlayaraq beyin qabığının nüvələrində bitən eşitmə aparatı səs keçirmə aparatı mürəkkəb anatomik quruluşa malikdir. Belə ki, səs dalğaları səsi keçirmə aparatını hərəkətə gətirib keçərək daxili qulağa çatır və səsi qəbul etmə funksiyası prosesə qoşulur.

Bu mürəkkəb prosesin pozulması nəticəsində ağıreşitmə ilə bərabər qulaqlarda səs və küy əmələ gəlir. Bunlar müxtəlif cingiltilər formasında olur və bir sıra xəstəliklər zamanı müşahidə olur. Bu cingiltilər eyni zamanda səskeçirmə və səs qəbul etmə aparatların xəstəlikləri zamanı rast gəlinir:

• sensonevral ağıreşitmə və karlıq;

• Menyer xəstəliyi;

• otoskleroz;

• adgeziv otit və timpanoskleroz;

• eksudativ otit;

• kəskin orta otit;

• qulaq tıxacı.

Qeyd etmək vacibdir ki, əlavə səslər qulaq xəstəliklərindən başqa digər patologiyalar zamanı da müşahidə olunur. Məsələn, hipertoniya xəstəliyində, boyun fəqərələrinin osteoxondrozu zamanı, beyinin xoş və bəd xassəli xəstəlikləri, kəllə-beyin travmalarından sonra. Sadalanan xəstəliklər zamanı cingiltiyə səbəb innervasiyann və qan təchizatının pozulmasıdır. \\Ölkə.Az
 
Ardını oxu...
Vitali Kulyk: “Bizim üçün bu müharibədə yeganə strateji məqsəd Rusiyanın totalitar dövlət kimi məhv edilməsidir”

Dünyanın diqqəti Yaxın Şərqə yönəldiyi halda, Kremldə “sülh ssenariləri” nəzərdən keçirilir. Ukrayna kəşfiyyatında Rusiyanın Ukraynaya qarşı müharibənin dondurulması ssenarilərini nəzərdən keçirdiyi barədə məlumatlar var. Ukrayna Prezidenti Volodimir Zelenskinin bu yaxınlarda bəyan etdiyi kimi, münaqişənin dondurulması Rusiya Federasiyasına 2028-ci ilə qədər məhv edilmiş hərbi potensialını bərpa etməyə və təkcə Ukraynaya deyil, Baltikyanı ölkələrə qarşı da yeni müharibəyə başlamağa imkan verəcək. Ukrayna Vətəndaş Cəmiyyəti Problemlərinin Araşdırılması Mərkəzinin direktoru, politoloq Vitali Kulyk ilə müharibənin dondurulması perspektivləri, Rusiya Federasiyasının imperiya məqsədləri və atəşkəs olarsa, Rusiyanın buna nə qədər əməl edəcəyi barədə UNİAN-a danışıb. AYNA müsahibəni istinadla təqdim edir:

- Cənab Vitali, sizcə, hazırda işğalçı ölkə hansı ssenariləri nəzərdən keçirir?

- Rusiya indi müharibənin intensivliyini müvəqqəti olaraq dondurmaq və növbəti hücum potensialını artırmaq istəyir. Bu hücum həm Ukraynada, həm də deyək ki, digər hərbi əməliyyatlar teatrlarında ola bilər. Aydındır ki, belə bir şəraitdə Ukraynaya yardımın göstərilməsi vaxtını uzatmaq, dinamikanı azaltmaq olar. Amma bu, əslində Rusiya Federasiyasının ordusunu bərpa etməsinə imkan verməkdir. Rusiyada hərbi potensialın (texniki - sursat, dron, ağır hərbi texnika nəzərdə tutulur) bərpa tempi elədir ki, onlara bir neçə il lazımdır.

- Gözləyə bilərikmi ki, münaqişənin dondurulması vəziyyətində tərəfdaşlarımız bizi silahla təmin etməyə davam edəcəklər ki, Ukrayna da hazırlaşa bilsin?

- Müharibənin intensivliyinin azaldılması və ya dondurulması halında bu, bizim paritetimiz üçün lazım olan miqdarda texnika və silahlarla təmin olunmaqda davam edəcəyimiz demək deyil. Bəzi Qərb tərəfdaşları, Avropa İttifaqı üçün dondurulma onların iqtisadiyyatları üçün istirahət fürsəti kimi dəyərlidir. Lakin bu, həmişə hərbi gücləndirmə ehtiyacı ilə müşayiət olunmur, çünki bərabərlik yoxdur.

Bəzi Qərb ekspertləri və təhlükəsizlik mütəxəssisləri belə bir bərabərlik işarəsi qoyur və deyirlər ki, əgər biz azalmış intensivlik və ya dondurulma vəziyyətinə düşsək, deməli, bu, Ukraynaya dəstəyin gücləndirilməsi ilə müşayiət olunmalıdır. Amma bunu siyasətçilər deyil, ekspertlər deyir. Siyasətçilər isə əksinə, bunun silah vermək üçün deyil, üzərinə götürülmüş öhdəlikləri təxirə salmaq üçün bir fürsət olduğunu, Ukraynada hərbi potensialın toplanması üçün deyil, Avropa iqtisadiyyatının bərpasına qazanılan vaxt olduğunu bildirirlər.

Ona görə də Prezident Zelenski bu məsələdə tamamilə haqlıdır: biz Rusiyaya sağalmaq üçün vaxt verə bilmərik, Rusiyaya hücumu davam etdirmək üçün əlverişli mövqe təqdim edə bilmərik. Axı Rusiya sakitləşmək fikrində deyil.

Bundan əlavə, münaqişənin dondurulması Rusiya ilə müharibədə strateji məqsədlərə nail olmaq demək deyil. Bizim üçün bu müharibədə yeganə strateji məqsəd Rusiya Federasiyasının totalitar dövlət kimi məhv edilməsidir. Qalan hər şey yalnız ara nəticədir ki, bu da strateji baxımdan uzaq gələcəkdə yenidən dünya nizamını və ilk növbədə Ukraynanı təhdid edəcək. Nə qədər ki, biz Rusiya dövlətçiliyini dağıtmayacağıq, Ukraynanın bir dövlət, bir millət kimi mövcudluğu üçün ekzistensial təhlükə ilə üzləşəcəyik.

İstənilən halda, Rusiyanın şərtləri ilə münaqişənin dondurulması Ukrayna üçün bütün nöqteyi-nəzərdən sərfəli deyil – istər bizim xalq kimi yaşamaq baxımından, istərsə də Qərb dünyasının Avropa İttifaqında tutduğu mövqe baxımından. Rusiya sağalacaq və yenidən hücuma keçəcək. Bu hücum ya Ukraynaya, ya da NATO ölkələrindən birinə ola bilər ki, bu da NATO-nun dağılmasına gətirib çıxaracaq. Çünki mən onun hibrid təhlükələrdən müdafiə qabiliyyətinə kifayət qədər şübhə ilə yanaşıram.

- Zelenskinin fikrincə, əgər Rusiyaya indi vaxt verilsə, o zaman 2028-ci ilə qədər Rusiya Ukrayna tərəfindən dağıdılan hərbi potensialını bərpa edə biləcək. Dövlət başçısının fikrincə, Rusiyanın ekspansiyanın diqqət mərkəzində olan ölkələrə hücum etmək üçün kifayət qədər gücü olacaq. Niyə məhz 2028-ci il?

- Bu riyazi hesablamadır. Rusiyanın 2028-ci ilə qədər hətta sanksiya rejimlərində belə istehsal edə biləcəyi pilotsuz təyyarələrin, sursatların, tankların və raketlərin sayı hesablanıb. Bu isə potensialın bərpasıdır, onun 2022-ci ilin əvvəlində əldə etdiklərinə nisbətən artmasıdır. Müvafiq olaraq, 2028-ci il Rusiyanın hərbi-sənaye kompleksinin potensialının belə bir mexaniki yekunudur.

- Münaqişənin dondurulmasının Ukrayna üçün ən təhlükəli ssenari olduğunu deyə bilərikmi?

- Bu mümkündür və Ukrayna buna hazır olmalıdır. Çoxlu risklər olacaq.

- Bəs bizim tərəfdaş ölkələr də bunu anlamalı və öz fəaliyyət planlarında nəzərə almalıdırlarmı? Xüsusilə, Ukraynaya dəstəyin göstərilməsi baxımından...

- Ümid edirəm ki, tərəfdaşlarımızın ağılları var və bunu bilirlər.

Müəllif: Turan Abdulla
 

Ardını oxu...
Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- Rusiya yenidən Qarabağa diqqəti artırıb. Xüsusən də xarici işlər naziri Sergey Lavrov və onun rəhbərlik etdiyi qurumun rəsmiləri bu haqda tez-tez danışmağa başlayıblar. Prezident Vladimir Putin məsələnin bitdiyini söyləsə də, Lavrov və yaxın ətrafı “münaqişəli durum”dan bəhs edirlər. Sizcə, Rusiya nə əldə etməyə çalışır?

- Rusiyadan verilən açıqlamalar ondan ibarətdir ki, Ermənistanla Azərbaycan arasında münaqişə bitməyib. Principcə, deyilən fikir həqiqətdir. Bəli, biz daxilimizdə olan separatizmlə bağlı məsələni çözdük, bu iş bitdi, qondarma qurum özünü buraxdı. Amma hələlik Azərbaycanla Ermənistan arasında danışıqlar davam edir və sülh müqaviləsi imzalanmayıb. Sülh müqaviləsi imzalanmadığına görə, nəzəri baxımdan, münaqişənin bitmədiyini söyləmək üçün müəyyən əsaslar var. Düşünürəm ki, Rusiya tərəfi bu amili əsas götürərk, bu fikri səsləndirir.

- Lavrovun sözçüsü Mariya Zaxarova deyir ki, Qarabağdakı sülhməramlıların fəaliyyəti yeni şəraitə adaptasiya olunacaq və bu, Bakı ilə müzakirə edilir. Söhbət nə kimi “adaptasiya”dan gedir, Moskva sülhməramlılara hansı “status”u almağa çalışır?

- Bəli, erməni əhalisinin önəmli hissəsi bölgəni tərk etdiyindən Rusiya sülhməramlılarının bir çox məntəqələrdə və ərazilərdə postlarının qalmasına gərək qalmır. Artıq 10 belə post öz fəaliyyətini dayandırıb.

Sülhməramlıların bundan sonrakı fəaliyyəti və statusu məsələsinə gəlincə, düşünmürəm ki, onlara hansısa status veriləcək. Hələ 44 günlük müharibədən sonra Rusiya tərəfinin bununla bağlı istəkləri vardı. Azərbaycan bununla əlaqədar konkret addım atmadı, Rusiya sülhməramlılarına hansısa statusun verilməsinə müsbət yanaşmadı. Ermənistan dövriyyədən çıxdığına görə, bu məsələ Azərbaycan və Rusiya arasında müzakirə mövzusudur. Digər yandan, Rusiya sülhməramlılarının fəaliyyət müddəti 2025-ci ilin noyabrına qədərdir. Nəzəri baxımdan, həmin vaxtda qədər onların burada qalma imkanları var.

Bəs indi Rusiya sülhməramlılarının fəaliyyəti nədən ibarət ola bilər? Reinteqrasiya prosesi getdiyi müddətdə (düşünürəm ki, bu da uzun çəkməyəcək, 2024-cü ilin birinci rübündə bunu yekunlaşdırmaq mümkündür) Rusiya sülhməramlılarının bölgədə olmasına ehtiyac duyula bilər. Məsələn, polis, Daxili Qoşunlar və digər asayiş keşikçiləri ilə bu proses çərçivəsində fəaliyyət göstərə bilərlər. Mümkündür ki, reinteqrasiya prosesi başa çatdıqdan sonra Rusiya sülhməramlılarının bölgədə qalmasına ehtiyac olmayacaq. Bu çərçivə ətrafında müzakirə aparıla bilər.

- Baş nazir Nikol Paşinyan bildirib ki, Qarabağdan çıxarılacaq sülhməramlılar Ermənistana yox, Rusiyaya getsinlər. Paşinyanın bu mesajı nədən xəbər verir?

- Hərfi mənada baxsaq, Paşinyanın dediyi ondan ibarətdir ki, həmin qüvvələr bölgəyə Rusiyadan – Ulyanovsk vilayətindən gətirilib və onların Ermənistandakı 102-ci hərbi bazaya aidiyyəti yoxdur. Paşinyan bu kontekstdən çıxış edərək söyləyir ki, onların Ermənistana yox, Rusiyaya qayıtmaları doğrudur. Digər yandan, Paşinyan onu da bildirdi ki, rus hərbçiləri geri dönmək üçün Azərbaycan və Ermənistan marşrutlarından istifadə edə bilərlər. Mesajın sətraltı anlamına baxsaq, Paşinyan onu demək istəyir ki, İrəvan bundan sonrakı dövrdə Rusiya hərbçilərini Ermənistanda görmək istəmir. Ermənistanın bu istiqamətdəki fəaliyyətləri davam edir. Ermənistan Rusiyanın iştirak etdiyi formatlardan getdikcə imtina edir. Bu, ilk növbədə, özünü KTMT-nin bu il üçün nəzərdə tutulmuş təlimlərdən imtinada göstərdi. Üstəgəl, Ermənistan MDB xarici işlər nazirlərinin Bişkek toplantısından da imtina edib.

- Son zamanlarda Zəngəzura artan maraq da diqqətdən yayınmır. İran və Fransadan sonra Rusiyada da Qafanda konsulluq açacaq. Üstəgəl, Rusiya Zəngəzurdakı sərhədçilərinin və hərbçilərinin sayını da artırıb. Bütün bunlar dəhlizin açılmasına mane olmaq cəhdidir, ya gələcəkdə açılacaq dəhlizə nəzarət uğrunda mübarizədir?

- Fransanın Qafanda konsulluq açması Cənubi Qafqazda gərginliyin davamına xidmət edən amildir. Paris hesab edir ki, Azərbaycanla Ermənistan arasında münasibətlər nə qədər gərgin olsa, erməni cəmiyyətində anti-Rusiya ovqatı yüksələcək, Fransaya simpatiya artacaq və regionda yerləşmək planı daha rahat reallaşacaq. Fransa bunun üzərindən hesab apararaq Ermənistana müəyyən şirnikləndirici vədlər verir, hərbi əməkdaşlıq və sair. O cümlədən bölgədə konsulluq açılması məsələsini gündəmə gətirir. Fransa bununla gələcəkdə Zəngəzur dəhlizinə nəzarəti ələ keçirmək istəyir. “Bu kommunikasiya xətti Ermənistanın suveren hüquqları çərçivəsində fəaliyyət göstərməlidir” fikri də bundan qaynaqlanır. Bu çərçivədə gələcəkdə orada fransız qüvvələrini görə bilərik.

Rusiyaya gəlincə, o da bölgə uğrunda rəqabətdə geri qalmaq istəmir. Ermənilərlə iki əsrlik münasibətlər və Ermənistana təsir imkanlarını nəzərə alsaq, rusların Qafanda konsulluq açmasını anlamaq olar. Rusiyanın həmin bölgədə sərhəd qoşunları var. Digər yandan, Rusiya çalışır ki, Zəngəzur dəhlizi açılarkən, üçtərəfli bəyanatda qeyd olunduğu kimi, nəzarəti özü həyata keçirsin. Konsulluq da buna görə lazımdır. Rusiya şirkətləri Ermənistanın digər əraziləri ilə yanaşı, Zəngəzurda da mədən işləri ilə məşğuldur. Ruslar konsulluq məsələsini həm də bununla əsaslandırmağa çalışırlar.

Biz müxtəlif ölkələr arasında konsulluq açma yarışını görürük. Bu, həm də Ermənistana təsiri artırmaq üçün aparılan mübarizə kimi qiymətləndirilə bilər.

- Fransa “mülki təhlükəsizlik təlimi” adı altında Ermənistana 56 hərbçi göndərib. Sizcə, bu, Fransanın Ermənistanda hərbi cəhətdən yerləşməsi yönündə atılmış ilkin addım hesab edilə bilərmi?

- Fransanın addımları o ehtimalı yaradır ki, Afrika, Yaxın Şərq və Şərqi Aralıq dənizində itirdiyi mövqeləri Cənubi Qafqazda kompensasiya etmək istəyir. Ermənistanla Azərbaycan arasındakı münaqişəli durum Fransaya bu baxımdan münbit şərait yaradır. Fransa gərginliyi körükləməklə Ermənistanda ona olan ehtiyacı artırmağa çalışır ki, bunun üzərindən bölgədə yerləşsin.

Avropa Birliyinin Ermənistandakı mülki missiyasının əksər hissəsini Fransa jandarmı və kəşfiyyatçıları təşkil edir. Təlim üçün xilasedicilərin göndərilməsi də göstərir ki, Fransa bundan sonra da Ermənistanla hərbi əməkdaşlığı dərinləşdirməyə davam edəcək. Bir vaxtdan sonra Ermənistanda müəyyən sayda Fr

Ardını oxu...
Politoloq Natiq Miri Teleqraf.com-un suallarını cavablandırıb.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizi ilə bağlı Ermənistan və İrana mesaj verdi. Ərdoğan bildirdi ki, dəhliz açılacağı təqdirdə Türkiyə Ermənistanla əlaqələri inkişaf etdirməyə hazırdır. İranı isə bu tarixi layihəyə qoşulmağa çağırdı. Türkiyə liderinin mesajını necə şərh etmək olar?

- Türkiyə prezidenti dolayı yolla İrəvana çatdırmaq istəyir ki, Ermənistanın subyekt olmasını və gələcək inkişafının önünü açmaq istəyirsə, bu, Qərbdən gələn dağıdıcı ünsürlərlə yox, regional platformalarla mümkündür. Bu, həm də onun mesajıdır ki, Ermənistan yenə də beynəlxalq layihələrdən və yeni kommunikasiya xətlərindən kənarda qalmaq istəmirsə, Zəngəzur dəhlizinin açılmasına şərait yaratmalıdır. Yəni bununla bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir.

Bu, Ermənistan-Türkiyə münasibətlərinin önünü açacaq amil də olacaq. Verilən mesaj bəsit və açıqdır. Çünki Ermənistan tam fərqli müstəvidə hərəkət edir. Bir tərəfdə Ermənistanın subyekt olmağa çalışdığını bəyan edən Nikol Paşinyan digər yanda qucaqdan qucağa atılaraq, vassal olduğunu göstərir.

Fransalı hərbçilərin təlim adı altında Ermənistana gəldiyini görürük. Düşünürəm ki, fransalı hərbçilər təlimdən sonra da Ermənistanda qalacaqlar. Gələcəkdə onların sayının artırılacağını da düşünmək olar. Əgər Ərdoğanın mesajının alt qatında nələrin durduğunu bilmək istəyiriksə, bu məqamları nəzərə almalıyıq. Yəni Ermənistan inkişaf etmək istəyirsə, region ölkələri ilə normal münasibətlərdə olmalıdır. Bunun alternativi yoxdur.

Region ölkələri ilə düşmən münasibətlərdə olub, minlərlə kilometr uzaqdan ABŞ və Fransanı bura gətirmək Ermənistanın təhlükəsizliyini təmin etməyəcək. Verilən mesaj budur.

İrana verilən mesajın mahiyyət isə budur ki, Azərbaycan və Türkiyə qarşı düşmənçiliyə son qoyub, regional əməkdaşlığa yol açsın. Həm də türk düşmənçiliyini tamamilə buraxsın. Bu, İrana müsbət heç nə vəd etmir.

Qatar gedir. Mesajın anlamı budur ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı qərar gecikərsə, Ermənistan işə düşəcək alternativ xətlərdən kənarda qalacaq. İran və Ermənistana mesaj aydındır: düşmənçiliyi buraxın, bölgənin inkişafı üçün regional əməkdaşlığa gəlin. Ayırıcı amillər regiona müsbət heç nə gətirməyəcək. Fikir verin ki, bütün dağıdıcı ünsürlər öz geosiyasi maraqlarını regionun ən zəif bəndi olan Ermənistan üzərindən reallaşdırmağa çalışırlar.

- Bəs Ermənistan sülhə nə qədər yaxındır? Həm Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir və bunu ehtiva edən sənədə imza atır, həm də Fransa ilə hərbi əməkdaşlığı dərinləşdirir.

- Ermənistanın təqdimatı belədir ki, Fransa ilə hərbi əməkdaşlıq onun təhlükəsizliyi üçündür. Rusiyanın orbitindən uzaqlaşmağa çalışan Ermənistan başqa bir təhlükəsizlik sisteminə girməyə cəhd göstərir. Bunu həm də Rusiyadan gələ biləcək təhlükələr üçün etməyə çalışır.

Amma məsələ budur ki, sən təhlükəsizliyini özün təmin edə bilmirsənsə və bunu tamamilə başqa birinin öhdəliyinə verirsənsə, sən o dövlətlə bərabərhüquqlu ola bilməzsən. Bu, həmin ölkənin vassalı olmaq deməkdir. Yəni Ermənistan Rusiyanın orbitindən çıxmaqla subyekt olmur, Fransanın müstəmləkəsinə çevrilir.

Fransanın etdikləri də erməni sevgisindən gəlmir. Fransa Afrikada itirdiklərini Ermənistan vasitəsilə Cənubi Qafqazda kompensasiya etməyə çalışır. Fransanın niyyəti təkcə Ermənistan yox, bütün Cənubi Qafqazı təsir dairəsinə salmaqdır. Ermənistana hərbi cəhətdən yerləşmək səyləri də bu xarakterdədir.

Fransa Rusiyanı tədricən sıxışdırmaqla regionda varlığını təmin etmək istəyir. Amma Ermənistan anlamır ki, onun gələcək inkişafı və təhlükəsizliyi region ölkələri ilə əməkdaşlıqdan keçir. Fransa, Amerika və digər kənar ölkələrlə müttəfiqlik və əməkdaşlıq etmək olar, amma bunu region ölkələrinin əleyhinə yönəltmək yaxşı heç nə vəd etmir. Bunun Ermənistana bir xeyri olmayacaq. Bundan başqa məqsəd üçün istifadə etsən, səni boğarlar. Ermənistanın etdiyi budur. Ona görə, bunun Ermənistan üçün perspektivini görmürəm.

- Rusiyanı regiondan sıxışdırıb çıxarmaq Fransa üçün asandırmı?

- Rusiyanın Ermənistandan çıxarılmasından danışmaq hələ tezdir. Rusiya Ermənistan və Cənubi Qafqazdan çıxmağa hazırlaşmır. Hətta Qarabağdan belə çıxmaq istəmirlər. Hələlik iddialı bir Rusiya görürük. Bu baxımdan, Ermənistanın qurduğu siyasətin perspektivini görmürəm.

Ermənistanın vassalı olmağa razılıq verdiyi Fransa sülh istəyirmi, istəyirsə, hansı şərtlərlə? Fransa sülhü öz geosiyasi ambisiyaları çərçivəsində istəyir. Bu da Azərbaycan, Türkiyə və digər bölgə dövlətləri üşün qəbuledilməzdir. Qarandada verilən bəyanata baxın, Azərbaycanın maraqlarına daban-dabana ziddir. Sülh müqaviləsi ilə bağlı Azərbaycanın iştirak etmədiyi bir çərçivə təqdim etməyə çalışırlar. Azərbaycan belə bir “sülh”ə gedərmi? Ermənistan nə qədər boğazdan yuxarı tonla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, hələlik sülh müqaviləsinin perspektivini görmürəm.

Hələ də ciddi problemlər var. Bu problemlərin həlli ABŞ, Avropa Birliyi və Fransa ilə yox, bölgə ölkələri ilə əməkdaşlıqdan keçir. Rəcəb Tayyib Ərdoğanın bununla bağlı dördtərəfli format təklifi var. Ya Ermənistan regional formatlardan imtina edib özünü oyundanlənar vəziyyətə salmalıdır, ya da Azərbaycan, Türkiyə və Rusiyanın təkliflərinə müsbət cavab verib regional formatda əməkdaşlığa başlamalıdır.

- Rusiyanın Qarabağda qalmaq səylərinə diqqət çəkdiniz, sizcə, bunu hansı “əsas”la etmək istəyir? Çünki vəziyyət yerbəyer olub, Azərbaycan bu ərazisində separatizmin kökünü kəsib. Qaluzin – Lavrovun müavini isə deyir ki, sülhməramlılara uzun müddət ehtiyac var.

- Qalmaq üçün heç bir əsas yoxdur. Bu, Rusiyanın növbəti hədsiz açıqlamasıdır. Bunun davamı xarici işlər naziri Lavrov səviyyəsində gəldi. Rusiya hərbi kontingentinin sülhməramlı missiya statusu yoxdur. Bunu kim deyirsə, yalan danışır. Rusiyaya belə bir mandatı nə Azərbaycan, nə də beynəlxalq müstəvidə kimsə verib. Bu, 10 noyabr bəyanatı çərçivəsində atəşkəsə nəzarət edən bir hərbi kontingent idi. Məsələ və mahiyyət budur. Bu gün atəşkəsi təmin etmək üçün atəşkəsi pozanlar olmalıdır. Bu gün belə bir şey mövcud deyil. Çünki Azərbaycan antiterror tədbirləri ilə qanunsuz silahlı birləşmələri ləğv etdi, silah-sursatını alıb ərazisindən çıxardı.

Rusiya bu gün atəşkəsi kimlər arasında təmin etməlidir? Moskvanın bu suala cavabı varmı? Əgər bu yoxdursa, Rusiya niyə Qarabağda qalmalıdır? Azərbaycan ərazisinin təhlükəsizliyi məsələsi Rusiyaya aid deyil. Rusiya qoşunlarını yola salmağın vaxtı çatıb.
Ardını oxu...
Yuri Boçarov: “Vəziyyət hələ çox mürəkkəbdir və proqnozlaşdırmaq çətindir”

Oktyabrın 7-də Fələstinin HƏMAS qruplaşması İsrailə qarşı əməliyyata başlayıb və bu, ilkin mərhələdə onlara böyük uğur qazandırıb. Bütün ekspertlərin və analitiklərin qeyd etdiyi kimi, miqyası və uğuru baxımından onu ancaq Yom Kippur (Qiyamət Günü) müharibəsi ilə müqayisə etmək olar.

Lakin müharibə başlayandan dərhal sonra Livanın iranyönlü “Hizbullah” təşkilatının əməliyyata qoşulduğunu elan edərək İsrailin sərhəd hərbi hissələrini də atəşə tutması da təəccüblü idi. Digər sual isə İsrail ordusunun və müdafiəsinin bu cür addımlara nə dərəcədə hazır olmasıdır.

İsrailli politoloq Yuri Boçarov AYNA-ya müsahibəsində bütün bunların region və dünya üçün necə nəticələnəcəyindən danışıb.

- Artıq HƏMAS-ın əməliyyatına “Hizbullah” da qoşulub. İranın da açıq şəkildə iştirakını gözləyirsinizmi?

- İndiyədək İsrailin şimal sərhədlərində yalnız kiçik atəşlə təxribatlar olub. Oraya bir neçə qoşun hissələri yeridilib və sərhədyanı yaşayış məntəqələri boşaldılır, lakin heç bir günişçiqyaslı hərbi əməliyyat yoxdur.

“The Wall Street Journal”ın HƏMAS və “Hizbullah” rəhbərliyindəki mənbələrə istinadən verdiyi məlumata görə, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat xidmətləri sərhədi pozmaqla və İsrail ərazisinə iri raket hücumu ilə eyni vaxtda İsrailə hücumun planlaşdırılmasında iştirak edib. Əməliyyatın planlaşdırılmasına avqust ayında İran kəşfiyyat xidmətlərinin köməyi ilə başlanılıb. Ötən bazar ertəsi, oktyabrın 2-də Beyrutda keçirilən görüşdə yekun yaşıl işıq yandırılıb, əməliyyatın təfərrüatı, o cümlədən başlama saatı razılaşdırılıb (7 oktyabr səhəri, yəhudilərin Simh Tövrat bayramı zamanı).

Bu arada İranın BMT-dəki nümayəndə heyəti bəyanat yayıb: "Fələstinlilərin qətiyyətli hərəkətləri 70 illik işğala və qeyri-qanuni sionist rejimin dəhşətli cinayətlərinə tamamilə qanuni cavabdır. Biz Fələstini qeyd-şərtsiz dəstəkləyirik. Bununla belə, biz Fələstini dəstəkləsək də, oun addımlarına qatılmırıq, qarşıdurmada yalnız Fələstinin özü iştirak edir". Baxmayaraq ki, hamımız başa düşürük ki, bunlar İranın İsrail dövlətini məhv etmək kimi real məqsədlərini pərdələmək üçün deyilən sözlərdir.

- İsrailin İrana zərbə endirməsi ilə vəziyyətin nəzarətdən çıxacağını və qlobal müharibənin olacağını ehtimal etmək olarmı?

- Vəziyyət hələ çox mürəkkəbdir və proqnozlaşdırmaq çətindir. Baxmayaraq ki, İsrail çoxdan üç cəbhədə hərbi əməliyyat keçirməyi düşünürdü və buna hazırlaşırdı - o cümlədən amerikalılar tərəfindən bura göndərilən hərbi gəmilərin filotiliyası bunu sübut edir.

Bununla belə, ümid var ki, dünyada terrorçulardan başqa çox az adam Yaxın Şərqdə tamamilə gözlənilməz nəticələr verəcək genişmiqyaslı müharibəyə başlamağa hazırdır. Odur ki, etməmiz lazım olan tək şey emosiyalardan üstün olmaq üçün səbəbi gözləmək və dua etməkdir. Bununla belə, İsraildə hadisələrin istənilən inkişafına hazırdırlar. Dünya onlara hazırdırmı? Sual budur.

Müəllif: Nicat Hacıyev
 

Dünyapress TV

Xəbər lenti