Ardını oxu...
Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- Türkiyə və Rusiya prezidentləri arasında gözlənilən görüş baş tutdu. Görüşdə taxıl müqaviləsi, Ukrayna ilə yanaşı, Cənubi Qafqazdakı durum da müzakirə edildi. Görüşdən sonra belə təəssürat yarandı ki, liderlər anlaşa bilmədilər. Siz bu haqda necə düşünürsünüz?

- Hesab etmirəm ki, görüş nəticəsiz bitib, ortada bir razılaşma yoxdur. Zənnimcə, müzakirə edilən bütün məsələlərin həllində irəliləyiş əldə edilib. Sadəcə olaraq müəyyən şərtlər irəli sürülüb. Məsələn, taxıl sazişi ilə bağlı Rusiyanın “Aqrar” Bankının SWIFT sisteminə qaytarılması ilə bağlı tam razılıq əldə edilməyib. Bu, Prezident Ərdoğanın səlahiyyətində olan məsələ deyil. Buna görə də, Qərb ölkələri ilə məsləhətləşmək üçün Putindən vaxt istənilib. Amma Liviya, Suriya, eləcə də Qarabağ məsələsi ilə bağlı kifayət qədər səmərəli müzakirə aparılıb. Bu məsələlərlə əlaqədar nəticənin olduğunu söyləmək mümkündür.

Rusiya qazının Qara dəniz vasitəsilə Türkiyəyə çatdırılması, oradan da Avropaya göndərilməsi ilə bağlı tam razılıq əldə edilib. Hesab edirəm ki, bu səfər uğurlu oldu. Amma şərtləşdilər ki, bir sıra məsələləri razılaşdırmaq üçün telefon əlaqələrinə üstünlük verəcəklər.

- Türkiyə xarici işlər naziri Hakan Fidan da fəaldır. Qardaş ölkənin baş diplomatı bir-birinin ardınca Rusiya və İranda oldu. Bəs bu səfərlər nə ilə bağlıydı? Xüsusən də bu kontekstdə Zəngəzur dəhlizi məsələsinin ortaya atılması diqqət çəkir.

- Zənnimcə, Zəngəzur dəhlizi məsələsində tam razılıq əldə olunub. Yəni Rusiya ilə razılaşma var. İrana da xatırladılıb ki, istəsə də, istəməsə də bu dəhliz açılacaq. İran artıq əvvəlki kimi “şiddətli müqavimət” göstərmir. İran Türkiyənin bu yöndəki fəallığını sakitcə seyr edir. Görünən budur ki, bu məsələnin həllində ciddi razılaşma var. İran da bir xeyli neytrallaşdırılıb.

- Xankəndidəki separatçılar Araik Arutyunyanın “istefa”sından sonra “seçki”yə hazırlaşırlar. Bu separatçı oyunun qarşısını necə ala bilərik?

- Sentyabrın 9-da keçiriləcək bu qondarma seçkinin qarşısı mütləq alınmalıdır. İndiyədək davam etdirdikləri bu hoqqabazlıqlar keçmişdə qalmalıdır. Yeni situasiya və reallıq yaranıb. Əgər onlar bu reallığı qəbul edib ona uyğun hərəkət etməsələr, onda Azərbaycan öz ordusu ilə lazım olan tədbirləri görəcək.

Bölgədə vəziyyət kifayət qədər gərgindir. Azərbaycan bu gərginliyi aradan qaldırmaq üçün ilkin hazırlıqlar görüb. Zənnimcə, sentyabrın 9-na planlaşdırılan bu təlxəkliyə imkan verilməyəcək.

Onlar açıq fomrada silahlı müqavimətdən danışırlar. Azərbaycana tabe olmayacaqlarını bildirirlər, deyirlər ki, reinteqrasiya baş tutmayacaq. Üstəgəl, “seçki keçirəcəyik” kimi təhdidedici çıxışlar edirlər. Yəqin ki, Azərbaycanın bu düşüncədə olanlarla oturub danışmağa vaxtı və imkanı da yoxdur. Bu durumda önə çıxan variant isə hərbi yoldur.

- Rusiya-Ermənistan münasibətlərindəki son gərginlik nə ilə əlaqəlidir?

- Gərginliyin səbəbi budur ki, Nikol Paşinyan açıq formada qərbpərəst siyasət yürüdür. Bu siyasəti yürüdərkən də, Rusiya rəhbərliyini açıq tənqid etməkdən çəkinmir. Paşinyan İtaliya qəzetinə son müsahibəsində də anti-Rusiya mövqeyini açıq göstərdi.

Demək olar ki, Rusiya ilə Ermənistan arasındakı körpülər yandırılıb. Qərb isə Ermənistanı özünə tam çəkmək üçün şirin vədlər verir. Avropa Birliyi və NATO-ya üzvlük vədlərini verməklə Nikolu şirnikləndirirlər. Baş verənlər göstərir ki, Nikol Paşinyan qərbyönlü siyasətini reallaşdırmaq üçün əlindən gələni əsirgəmir.

Ardını oxu...
Sosial hüquq və əmək bazarı üzrə ekspert Ruslan Hümbətov ölkənin əmək münasibətlərinin durumu, işsizlik, peşə seçimləri, yeni trendlər və s. məsələlər ətrafında fikirlərini AYNA ilə bölüşüb. Beləliklə, DİA.AZ həmin söhbəti təqdim edir:

- Bu gün Azərbaycanın əmək bazarında hansı tendensiyaları müşahidə edirsiniz?

- Əmək bazarına baxdıqda bir çox sahələrdə balanssızlıq və çatışmazlıqlar görmək olar. Yaxşı tərəf ondan ibarətdir ki, kreativ, Qərbdə yeni yaranıb bizim iqtisadiyyata inteqrasiya olunan ixtisaslar istisna olmaqla, demoqrafik vəziyyət ölkədə kifayət qədər kadr potensialının olmasına imkan verir.

- Dünyanın hər yerində, o cümlədən ölkəmizdə işsizlik problemi aktuallığını itirmir: müxtəlif təbəqədən olan vətəndaşlar iş tapa bilmədikləri haqda şikayətlər səsləndirirlər. Bunun obyektiv və subyektiv səbəblərini necə dəyərləndirirsiniz?

- Bu gün eyni problemlə işəgötürənlər də üzləşirlər. Onlardan soruşduqda onlar da işçi tapmaqda çətinlik çəkdiklərini deyirlər. Çünki bu gün təhsil müəssisələri yerli bazar üçün kadr yetişdirməkdə çətinlik çəkir. Bunun bir çox səbəbləri var. Belə ki, bu günün özündə də sovet dövründəki kimi, sanki plan üzrə bazara mütəxəssis hazırlanır. Halbuki, bunun üçün sorğular keçirilməli, bazarın tələbin uyğun ixtisaslar müyyənləşdirilib ona uyğun mütəxəssis hazırlanmalıdır.

Bundan başqa, bir çox valdeyinlər “mənim də uşağım tələbə olsun” deyə, potensialı, həvəsi olmasından asılı olmayaraq, 4 il övladlarının vaxt itkisinə səbəb olurlar. Sonra da tez-tez “filankəsin 2 diplomu var, amma işsizdir” kimi sözlər eşidirik. Eyni zamanda, peşə məktəblərinin yox vəziyyətində olması bazarda peşəkar kadr çatışmazlığı yaradır.

Bu gün Azərbaycanda bir özəl kurs industriyası yaranıb ki, onlar bir neçə aya 4 illik ali təhsil müəssisələrindən daha tez və praktik kadrlar hazırlaya bilir və yaxud orta və iri müəssisələr özləri təlim, inkişaf şöbə və departamentləri vasitəsilə bu çatışmazlıqları aradan qaldırmağa çalışırlar. Bundan başqa, yuxarı kurslarda tələbələrin praktikaya göndərilməsi bir çox hallarda formal xarakter daşıyır və tələbələr ali məktəbi bitirdikdə nəzəri təcrübə cəhətdən mövcud bazarın tələblərinə cavab vermədiyi üçün iş tapmaqda çətinlik çəkirlər.

Tövsüyə kimi deyə bilərəm ki, tələbələr mütləq 2-3-cü kurslardan təcrübə proqramlarında, yaxud az əmək haqqı müqabilində olsa da, işləməlidirlər ki, təhsil müəssisəni bitirdikə bazar üçün hazır kadr ola bilsinlər.

Bundan əlavə, pandemiya iqtisadiyyatın müəyyən sahələrində müəssisələrin bağlanmasına, zəifləməsinə səbəb oldu ki, bu da iş yerlərinin bağlanması ilə nəticələndi. Həmçinin sərhədlərin bağlı olması sərhədyanı rayonların əhalisinin qonşu ölkələrlə alış-veriş əlaqələrini dayandırdı ki, bildiyiniz kimi, xeyli sayda insanın dolanışığı buradan çıxırdı. Əsasən də iş tapmaqda çətinlik çəkən insanların Rusiya, Türkiyə bazarında işləmək imkanları azaldı.

- Dünyada hazırda öz qabiliyyətinə, daxili imkan və həvəsinə görə ixtisas seçmək trendi hökm sürür. Bizdə həmişədən olduğu kimi, hamı prokuror olmaq, hökmranlıq etmək dərdində deyil. Necə düşünürsünüz, bizim də təfəkkürümüzdə dəyişim hiss olunurmu?

- Bu mövzu ilə bağlı dəfələrlə dərs dediyim tələbələrdən, müsahibələr zamanı soruğularda şahidi oluram ki, konkret bir cavab vermək çətindir. Bəzi gənclər üçün fərqi yoxdur əsas iş olsun, bəziləri valdeyinlərin, qohumların istəyinə əsasən, bəziləri isə sevdikləri üçün bu peşələri seçib çalışdıqlarını deyirlər. Sevindirici hal odur ki, bugünkü “Z” nəsli adlandırılan gənclik daha praqmatik fikirləşir. İnternet və sosial şəbəkələrin imkanlarından istifadə edən gənclik bugünkü əmək bazarında gedən trendləri izləyib onlara uyğun seçim edə bilir. Bu gün marketinq, proqramlaşdırma, insan resursları, data analitika və s. kimi ixtisaslar ənənəvi həkimlik, hüquqşünaslıq, jurnalistika və s. kimi ixtisaslara yönəlməni azaldıb. Həmçinin, indiki valideynlər də sovet düşüncəsindən fərqli olaraq, “mütləq həkim, prokror olmalısan” düşüncəsindən uzaqlaşırlar.

- Cəmiyyətdə gileyini eşitdiyimiz problemlərdən biri də yaş səbəbilə iş tapmaq məsələsidir. Məsələn, işgötürənlər konkret yaşa limiti müəyyənləşdirirlər: 18-35, 25-45 və s. Əksər hallarda 50+ vətəndaşı heç yerdə işə götürmürlər. Bu fakt sizin üçün nə dərəcədə aktualdır və çıxış yolu kimi nələri tövsiyə edərsiniz?

- Bəli bu, bir reallıqdır. Tək bizdə deyil, demək olar, dünyanın hər yerində belədir. Müasir biznes çoxcanlıdır. Texnika və texnologiyanın sürətli inkişafına və dəyişikliklərə yaşlı nəsil ayaq uydurmaqda çətinlik çəkir. Eyni zamanda, müəyyən yaşdan sonra bilik və təcrübəsinə əsasən rəhbər vəzifələrdə işləməlisən. Bildiyimiz kimi isə, rəhbər vəzifələr ümumi işçi sayında faiz etibarı ilə aşağıdır. Ona görə daim insanlar öz üzərində işləməlidirlər. Hətta, yaxın gələcəkdə insanlar bir ixtisasla sona kimi işləyə bilməyəcəklər. Məcburən iş həyatlarında bir neçə dəfə peşə ixtisas dəyişməli olacaqlar.

- Respublikanın bütün bölgələrindən paytaxta axın var, insanlar iş ardınca ev-eşiyini buraxıb Abşeron yarımadasına üz tuturlar. Nəticədə rayonlar boşalır, Bakı şişir – tıxaclar, həyatın ağırlaşması kimi böhranlı mənzərə meydana çıxır. Bunu obyektiv ayağı bölgələrdəki işsizlikdir. Amma bir də subyektiv ayağı var: baxırsan ki, adam şəxsi təsərrüfatında çalışıb, pis-yaxşı güzəranını təmin edə biləcəyi halda, paytaxtdakı “göydələnin” 18-ci mərtəbəsində beton tökür – qızmar günün altında və günü 15-20 manata...

- Heç kimə sirr deyil ki, iqtisadiyyatımızın böyük hissəsi Abşeron yarmadasının payına düşür. Bu da avtomatik işçi sayının burada təmərküzləşməsinə gətirib çıxarır. Kənd təsərrüfatı üçün əlverişli ölkə olmağımıza baxmayaraq, təəssüflə deməliyik ki, regionlarda bu imkanlardan lazımınca istifadə edilmir. İşğaldan azad olunmuş ərazilərimizdə tikinti-quruculuq işlərinin aparılması regionların xeyrinə məşğul əhali sayının artmasına səbəb olur. Bundan başqa, Dövlət Məşğulluq Agentliyinin “Özünüməşğulluq” və “Birgəmaliyyələşmə” (təəssüf ki, bir neçə aydır, bilmədiyimiz səbəbdən birgəmaliyyələşmə dayandırılıb) proqramları vasitəsilə, həmçinin KOBİA-nın kiçik və orta biznesə dəstək layihələri çərçivəsində məyyən mənada əmək bazarına müsbət təsirləri müşahidə etmək olur.

Bu kimi dövlət proqramlarının artırılması və ya işəgütürənlərin bu sahədə təşviqi əmək bazarında hiss olunacaq dərəcədə təsir göstərə bilər. Məsələn, sahibkarlara tələbələrin işə cəlb edilməsində, yaşlı nəsilin işlə təmin edilməsində vergi, gömrük güzəştləri edilə bilər. Yaxud özünə məşğulluq proqramı vasitəsilə hərəyə bir-iki inək verməkdənsə, sahibkarlara maliyə, inzibati resurslar vasitəsilə dəstək verilsin ki, onlar da əlavə iş yerləri açmaqla işsiz insanları işlə təmin etsinlər. O cümlədən bazardan hazır kadr götürən müəssisələrlə bazara kadr yetişdirən müəssisələr arasında ikincinin xerinə müəyyən güzəştlər tətbiq etmək və təşviqedici layihələr həyata keçirmək etmək olar.
 

Ardını oxu...
2008-ci ildən AZAL-ın rəhbəri olan Cahangir Əsgərov nəhayət ki, uzun illərdən sonra ölkə rəhbərinin fərmanı ilə vəzifəsindən azad edilib. 15 il AZAL-ın rəhbəri işləmiş Əgərov bu illər ərzində müxtəlif davranışları, fəaliyyətləri ilə - gah güldürən, gah təəccübləndirən, gah da qıcıqlandıran hadisələrlə ölkənin gündəmində özünəməxsus yer tutmağı bacarıb. İndi sərin sentyabr küləyinin qızmar istilərdən sonra gətirdiyi xoş hava, Cahangir Əsgərovun vəzifəsindən azad edilməsi ilə daha da sərinləşib.
İndi AZAL-la bağlı vətəndaşların gözləntiləri, ümidləri çoxdur. Cahangir Əsgərovun vəzifəsindən azad edilməsindən sonra AZAL-da hansı diqqətçəkən dəyişikliklərə gedilə bilər? Biletlərin qiymətlərində və AZAL-ın vətəndaşlara xidmətində hansısa dəyişiklik edilməsi mümkündürmü?

Mövzu ilə bağlı Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı-ekspert Natiq Cəfərli Bizimyol.info xəbər portalına danışıb:

"Əslində bu, çoxdan gözlənilən bir qərar idi. Prezidentdən sıravi vətəndaşadək AZAL haqda narazılıqlar bir neçə dəfə səsləndirilmişdi. Bir müddət öncə "Buta" ilə AZAL-ın birləşdirilməsi, eyni brend adı altında fəaliyyət göstərəcəyi ilə bağlı xəbərdən anlamaq olardı ki, hansısa ciddi struktur dəyişiklikləri ilə əlaqədar qərarlar gözlənilir. Bu dəyişikliklər nəticəsində də Cahangir Əsgərovun nəhayət ki, AZAL-ın rəhbərliyindən çıxarılması baş verə bilərdi. Yəni, deməzdim ki, bu, gözlənilməz bir qərar oldu. Amma problem başqadır. Problem təkcə şəxslərdə deyil. Bəli, onun idarəetməsi ilə bağlı yumşaq desək, çoxlu suallar var idi. Əgər yeni təyin olunacaq rəhbərlik idarəetmə strategiyasını, fəlsəfəsini, idarəetmə yanaşmasını dəyişməsə, yenə köhnə qaydada və köhnə yanaşmalarla AZAL-ın idarəsi davam etdirilsə, bu zaman dəyişən bir şey də olmayacaq. Çünki insanların gözləntisi bu yöndə deyil. Vətəndaşın gözləntisi ondan ibarətdir ki, AZAL inhisarçılığa son qoyacaq və ölkədə rəqabətli mühit formalaşacaq. Nəticə etibarilə, bu şirkət rəqabətli mühit şəraitində fəaliyyət göstərdikcə, qiymətlərin enməsinin də şahidi olacağıq. Əgər bu, başverəcəksə - şəxslərin, kadrların dəyişilməsi yox, həm də struktur və idarəetmə islahatları olacaqsa, bu, müsbət bir hadisə kimi dəyərləndiriləcək. Ölkənin prioritet sahəsi olan turizmin inkişafına kömək ola biləcək müsbət amil olacaq. Yox, əgər köhnə qaydalar, üsullar, yanaşmalar yenə qalacaqsa, bunun ciddi bir effekt verəcəyini açığı düşünmürəm. Gələcəkdə alınacaq qərarlar və idarəetmənin effektivliyi yaxın zamanlarda bununla bağlı fikir söyləməyə əsas verəcək. Yaxın vaxt ərzində əgər quru sərhədləri də açılarsa və bundan sonra AZAL-ın strategiyasında bir dəyişiklik olarsa, deməli bu, tək kadr dəyişikliyi yox, həm də idarəetmənin fəlsəfəsinin dəyişməsi kimi anlaşılacaq. Əgər belə olsa, bu, müsbət bir gəlişmə olacaq" - deyə, iqtisadçı-ekspert qeyd edib.

Mətin Şükürlü, Bizimyol.info
Ardını oxu...
DogruXeber.az: - Ötən gün səhər saatlarında Ermənistan silahlı qüvvələri bölmələri Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərini atəşə tutub. Hərbi təxribatı genişləndirən Ermənistan ordusu zərbə PUA-larından,artilleriyadan və minaatanlardan da istifadə edib. Toqquşmalar nəticəsində Azərbaycan Ordusunun üç hərbi qulluqçusu yaralanıb.

Qeyd olunan istiqamətdə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb. Nəticəsə Ermənistan silahlı qüvvələrinin dörd hərbçisi məhv edilib, biri yaralanıb.

Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, Ermənistan tərəfinin törətdiyi təxribatın nəticələrinə görə bütün məsuliyyət məhz bu ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Toqquşmaların gözlənilən olduğunu deyən hərbi ekspert, ehtiyyatda olan polkovnik Üzeyir Cəfərov AYNA-ya deyib ki, baş verənlər təəccüblü deyil.

Onunla söhbəti təqdim edirik:

- İndi baş verənlər qarşıdan gələn həftələrdə olacaq böyük toqquşmaların anonsudur. Ona görə ki, Qarabağda və sərhəddə qan su yerinə axmalıdır. Bu, bədbəxt Ermənistana lazım deyil. Baxın, artıq 4 erməni hərbçinin məhv edildiyi, birinin yaralandığı barədə Ermənistan tərəfinin rəsmi açıqlaması var. Mən inanmıram ki, Ermənistana bu lazımdır. Azərbaycana da bu lazım deyil. Rəsmi Bakı sülh təşəbbüsü ilə çıxış edir. Əlbəttə, təxribatlara da susqun qala bilmərik. Amma bu toqquşmalar maraqlı qüvvələrə, xüsusən də Rusiyaya lazımdır.

Toqquşmalar birdən-birə baş vermədi. Buna əvvəldən hazırlıq gedirdi. Baxın, avqustun 31-də Rusiyanın Qarabağ üzrə səlahiyyətli nümayəndəsi, separatçıların əzizi İqor Xavayev İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdü. Xavayev Qarabağda separatçılığı birbaşa dəstəkləyən rus siyasətçilərdən biridir. Eyni zamanda, həmin gün Rusiyanın Azərbaycana yeni təyin olunan səfiri Bakıda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyx Allahşükür Paşazadə ilə görüşdü. Elə həmin gün qarabağdakı quldur rejimin başçısı Araik Arutunyan "istefaya" getdiyini açıqladı. Ən əsası, bundan bir neçə gün əvvəl Qarabağdakı "rus icması" axmaq bəyanat yaydı. Ondan sonra Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova dedi ki, Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması Rusiyanın Qarabağ məsələsində, Laçın yolu məsələsində əl-qolunu bağladı. Onun açıqlaması təxminən bu səpkidə oldu. Bütün bu görüşlər, bəyanatlar təsadüfi deyil. Baş verən proseslər, sərhəddəki toqquşmalar son iki ayda gedən proseslərin nəticəsidir.

- Dediniz ki, gələcək həftələrdə qanlı toqquşmalar gözlənilir. Bu toqquşmalar genişmiqyaslı müharibəyə çevrilə bilərmi?

- Yenə də deyirəm, nə Azərbaycan, nə də Ermənistan müharibədə maraqlıdır. Heç Ermənistanın havadarları, bu təxribatların törədilməsinə göstəriş verən Rusiya da genişmiqyaslı müharibədə maraqlı deyil. Rusiya sadəcə olaraq, lokal toqquşmalarda maraqlıdır ki, onu da həyata keçirir. Ermənistan ordusunda olan Rusiyaya yaxın hərbçilərə, zabit heyətinə təxribatların törədilməsi üçün göstəriş Moskvadan verilir, onlar da bu təxribatları törədirlər. Rusiyanın məqsədi odur dünyaya bəyan etsin ki, "baxın, mən bölgədə olmasam bunlar bir-birini yeyəcəklər". Təbii, Rusiyanın bundan da başqa da maraqları var, regionla bağlı planları var. O planlar üzrə də siyasətini həyata keçirir. Hesab edirəm ki, baş verən döyüşlər lokal xarakterli olacaq, amma mütəmadi qanlı toqquşmalar baş verəcək.

- Dediyinizdən belə anlaşılır ki, bu, Rusiyanın oyunudur...

- Təbii ki, oyundur. Bu, Rusiya və Ermənistanın oyunudur ki, bu oyuna bizi də cəlb edirlər. Lokal xarakterli toqquşmalar baş verəcək, qarşılıqlı itkilər olacaq. Bununla sülh prosesi də pozulmuş olur.

Ən əsası isə üç hərbçimiz yaralandı, əlil oldu. Nə qədər ki, bu oyunlar davam edəcək, qurbanlarımız olacaq, itkilərimiz, yaralılarımız olacaq.

Rusiyanın da məqsədi budur. Moskva istəyir ki, gərginlik, toqquşmalar mütəmadi davam etsin, Ermənistanla Azərbaycan bir araya gəlməsin, uğurlu sülh danışıqları olmasın, sülh sazişi imzalanmasın. Çünki sülh sazişi imzalanandan sonra Rusiya sülhməramlılarına Qarabağda ehtiyac da qalmayacaq. Rusların Qarabağdan çıxmaması üçün, Qafqazdan çıxmamaq üçün ən əclaf planları həyata keçirəcək.

- Rusiyanın oyunu aydındır. İndi əgər Ermənistan tərəfindən təxribat törədilirsə, buna Azərbaycan Ordusunun cavab verməsi təbii deyilmi?

- Təbii ki, təbiidir. Təxribat törədilirsə, dərhal cavab verilməlidir. Həm də bu cavab ən sərt formada cavab olmalıdır. Amma oyunlara gəlməmək üçün siyasi-diplomatik addımlar atılmalıdır. Azərbaycan Rusiyadan konkret tələb etməlidir ki, bu oyunlara son qoymalıdır. İndi bəzi ekspertlər bildirirlər ki, "nə edək, Rusiya ilə kəllə-kəlləyə gələk?". Hesab edirəm ki, Rusiyadan çəkinmək, qorxmaq lazım deyil. Onsuz da Rusiya dünyada rəzil olmuş durumdadır. Faktiki olaraq, Rusiyanın Ukrayna bataqlığındadır və burnu orada sındırılıb. Rusiyaya yerini göstərmək lazımdır.

Bütün dünyaya da bəyan etməliyik və beynəlxalq ictimaiyyəti o həqiqətə inandırmalıyıq ki, regionda sülhə əngəl Rusiyadır. Rusiya istəmir ki, sülh-əminamanlıq olsun. Azərbaycanın da, elə Ermənistanın da başına gələn bütün bəlaların arxasında dayanan Rusiyadır. Mən bundan başqa yol görmürəm. Neçə ki, qəti tələbimiz olmayacaq, bu toqquşmalar davam edəcək, mütəmadi olaraq hər iki tərəf itkilər verəcək.
Ardını oxu...
Türkiyədə fəaliyyət göstərən “World Panorama” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ramiyə Məmmədova Teleqraf.com-un suallarını cavablandırıb.

TEREF.AZ onunla müsahibəni təqdim edir:

- Fransa Azərbaycana qarşı fəaliyyətini davam etdirir. Sizcə, Fransa Azərbaycandan nə istəyir, məqsəd həqiqətən erməniləri müdafiədir, ya bunun üzərindən başqa maraqlarının reallaşmasına çalışır?

- Fransa uzun müddətdir Azərbaycanla münasibətlərini gərginləşdirməklə məşğuldur. Bunun səbəbi təkcə ermənilərlə bağlı deyil. Fransa həm də özünü sübut etməyə çalışır. Buna Avropa Birliyi daxilində gedən nüfuz savaşının təzahürlərindən biri kimi də baxmaq olar. Fransa da bu yarışda önə çıxmağa cəhd göstərir. Xüsusən Britaniyanın Avropa Birliyindən çıxmasından sonra onun yerinə iddialıdır.

Makron Fransanı “Avropa Birliyinin aparıcı dövləti”nə çevirmək istəyir. Hətta Makron bu məqsədlə Avropa Birliyinin öz ordusunun olması təşəbbüsünü irəli sürmüşdü. Əlbəttə, ABŞ və NATO tərəfindən etirazla qarşılanan bu təklif həyata keçmədi. Yəni Fransa hansısa formada özünü, gücünü göstərməyə çalışır. Amma Makronun əl atdığı hər şeyi üz-gözünə bulaşdırdığını görürük.

“Böyüklük” iddiasında olan Fransa üçün Cənubi Qafqaz da özünü göstərmək istədiyi məkanlardan biridir. Eyni zamanda, Fransada yaşayan zəngin ermənilər Makronun seçki kampaniyasını maliyyələşdirmişdilər. Üstəgəl, bu ölkədə xeyli sayda erməni seçici var, hər siyasətçi onların səslərini almaq üçün nəsə etməyə çalışır. Yəni Makronun Ermənistana verdiyi dəstək Fransadakı erməni diasporu və lobbisindən qaynaqlanır.

Fransanın Afrikada müstəmləkələri var. Artıq həmin ölkələr Fransanı öz ərazilərindən çıxarmağa başlayıblar. Bu prosesə Rusiya da, yeri gələndə Türkiyə də dəstək verir. İndi Afrikadan sürətlə çıxarılan Fransa özünü və gücünü başqa regionlarda sınamağa çalışır. Bu baxımdan, bölgədə Ermənistanla Azərbaycan arasında davam edən gərginlikdən Fransa da faydalanmaq, daha doğrusu, regiona girmək istəyir.

Təsadüfi deyil ki, Avropa Birliyinin Ermənistandakı müşahidə missiyasının əksəriyyəti fransızlardır. Yəni bölgədə maraqları olan Fransa bura Ermənistan üzərindən girməyə cəhd göstərir. Halbuki regionun açar dövləti Ermənistan yox, Azərbaycandır. Amma Fransanın Azərbaycanı gözardı edərək öz hədəflərinə nail ola biləcəyini düşünmürəm.

- Rusiya və Ermənistan arasında da gərginlik yaşanır. Rusiya rəsmisi Mariya Zaxarova baş verənlərə görə Ermənistanı ittiham etdi, erməni həmkarı Ani Badalyan isə ona təhqiredici cavab verdi. Aşkar şəkildə Qərblə flört edən və Rusiyanı aşağılamaqdan çəkinməyən Ermənistan Moskva tərəfindən cəzalandırıla bilərmi?

- Rusiya-Ermənistan münasibətləri uzun müddətdir gərgindir. Bu gərginlik Paşinyanın hakimiyyətə gəlməsindən sonra başlayıb. Buna baxmayaraq, Paşinyan ikitərəfli oynamağa çalışırdı. Amma Ermənistan baş nazirinin daha çox Qərbə meyllənməsi Rusiyanın xoşuna gəlmir. Rusiya Ermənistanın Ukraynada müharibə vəziyyətində olduğu Avropa Birliyinə yaxşınlaşmasını qəbul edə bilməzdi. Bu, Moskvada satqınlıq kimi qəbul edilir. Zaxarovanın bəyanatı da bununla əlaqəlidir.

Rusiya sülhməramlıları Qarabağda ola-ola Ermənistan beynəlxalq sülhməramlı missiyanın bölgəyə gəlməsinə çalışır. Moskvanı qəzəbləndirən amillərdən biri də budur. Üstəgəl, Ermənistan KTMT-nin nüfuzuna zərbə vuran gedişlər edir, Rusiyanın öz ərazisindəki hərbi bazalarının çıxarılması məsələsini gündəmə gətirir. Moskva bunu Ermənistanın Qərbin dəstəyi ilə onu bölgədə sıxışdırması kimi qəbul edir.

Rusiya Ermənistanın üz tutduğu yolla razılaşa bilmir. Rusiya Ermənistandan seçim tələb edir ki, kimin yanındasan? Ermənistan ortada qalıb, kimin yanına gedəcəyini bilmir, yekun qərarı verməkdən çəkinir. Rusiya görür ki, Qərbə daha çox meyllidirlər. Amma hələlik Ermənistanı həm vurur, həm də sığallayır. Nəticə Ermənistanın atacağı addımlardan asılı olacaq.

Əgər ortada bir satqınlıq ittihamı varsa, Putinin – Rusiya liderinin bunun üstündən sükuta keçəcəyini düşünmürəm. Onun belə məsələlərdə sərt olduğunu görmüşük. Cəza mexanizmi hər an işə düşə bilər. Buna ehtiyac olacaq, ya yox – gedişat göstərəcək.

- Xankəndidəki separatçı rejimin gələcəyini necə proqnozlaşdırırsınız? Artıq baş separatçı Araik Arutyunyan geri çəkildiyini açıqlayıb, parçalanma aşkar görünür. Hesab edirsinizmi ki, tam dağılma üçün son zərbəni Bakı vuracaq?

- Bakı artıq hərəkətə keçib. Araikin separatçı komandadan ayrılması, onlar arasındakı çaxnaşma və parçalanmanın təzahürüdür. Ermənistan rəhbərliyi ilə separatçılar arasında ciddi fikir ayrılıqları və gərginlik var, bir araya gələ bilmirlər.

Separatçılar daxilindəki bu parçalanma 44 günlük müharibədən sonra başlayıb və bundan sonra atdığımız addımlarla güclənib. Azərbaycan öz ərazilərinin böyük hissəsini separatçılardan təmziləyib, qalan hissəsi də lokal antiterror əməliyyatları ilə təmizlənir. Artıq separatçılar öz daxilindəki parçalanmanı gizlədə bilmirlər, bu da onların sonunu gətirəcək.

Bu durumdan istifadə edib məsələni birdəfəlik bitirməliyik. Artıq Ermənistan rəhbərliyi də onlara dəstək vermək istəmir, bu, onları bir qədər də bölür. Belə desək, separatçılar öz-özlərini bitirməyə başlayıblar.

Prosesdə Ermənistanın da üzərinə düşən iş var: Xankəndi və ətrafındakı hərbi birləşmələrini çıxarmalıdır. Əgər Ermənistan normal qonşuluq münasibəti istəyirsə, Azərbaycan bunu etmədən özü etməlidir. Bunu orada yaşayan dinc ermənilər də istəməlidir. İstəməyəcəklərsə, bunu biz özümüz həll edəcəyik. Bunun kiçik və ya böyük əməliyyatlarla olması mümkündür.

Gec-tez Xankəndiyə daxil olacağıq, buranı və ətraf əraziləri separatçılardan təmizləyəcəyik. Artıq işin bitmə nöqtəsinə yaxınlaşdığını düşünürəm. Biz hələlik məsələnin dinc yolla həllinə üstünlük verir, əgər onlar alternativ varianta hazırdırlarsa, biz çoxdan hazırıq.

Ardını oxu...
Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı məsuliyyət zonasında gərginlik qarşıdurma həddinə çatıb.

Azərbaycanın Ağdam-Xankəndi yolu ilə göndərdiyi humanitar yükün qarşısını kəsən qondarma rejimin rəhbərliyində ardıcıl istefalar baş verir. Fransanın və Ermənistanın erməni əhaliyə yardım adı altında Qarabağa müdaxilə cəhdləri Xankəndində baş verən ziddiyyətlərə mane ola bilməyib. Bölgədə yaranmış vəziyyətin hərbi toqquşma müstəvisinə keçəcəyi proqnozlaşdırılır.

DİA.AZ xəbər verir ki, proseslərin səbəbini və mümkün nəticələrini təhlil etmək üçün “Cümhuriyət” qəzetinin suallarını sabiq xarici işlər naziri Tofiq Zülfüqarov cavablandırıb:

- Qondarma rejimin rəhbəri Araik Arutyunyan və “dövlət naziri” istefaya gedib. Bu ardıcıl istefalar müəyyən qədər gözlənilsə də, ciddi səbəbləri var. Ona görə də yeni siyasi şərait yarada bilər. Xankəndidə nə baş verir?

- Birincisi, qeyd edim ki, biz yeni şəriatdə Ermənistanın ilhaq siyasətinin davamını görürük. Çünki xunta rejiminin məsul şəxsləri əslində, Ermənistanın büdcəsindən maliyyələşən məmurlardır. Onlar Ermənistanın siyasətini həyata keçirməyə çalışırlar. Bu baxımdan, həm beynəlxalq səviyyədə, həm o bölgədə atılan addımların reallıqdan uzaq olduğunu göstərən bir-iki misal çəkmək istəyirəm. Məsələn, onlar Fransanın dəstəyi ilə BMT-də onlar Laçın yolunun açılmasına dair qətnamənin qəbuluna çalışsalar da buna nail ola bilmədilər.

Diplomatik ifadələri kənara qoysaq, deyə bilərik ki, bu, çox sadə məsələdir. Tələb ondan ibarətdir ki, Azərbaycan özünün suveren hüquqlarından imtina edib onu Rusiya sülhməramlı qüvvələrinə versin. Beynəlxalq vəziyyəti nəzərə alsaq, Rusiyanın xeyrinə bu cür cəhd kiminsə tərəfindən dəstəklənə bilərmi? Həmin regionda həyata keçirilən siyasətə nəzər salsaq, Ermənistanın sözügedən məmurları əhaliyə çağırışlar edir ki, siz acından ölün, biz də dünyaya Azərbaycanın bizi humanitar “blokada”ya aldığını sübut edə bilək. Adi insanlar da fikirləşəcək ki, ya buradan qaçmaq lazımdır, ya da onlara qarşı səsini qaldıracaq. Artıq bu proses baş verir.

Çünki “hamımız gəlin intihar edək” deyilməsi anormal haldır. Bu baxımdan, biz ermənilərin siyasi xəttini məntiqlə təhlil etsək görərik ki, çox böyük daxili ziddiyyətlər var. Bu bölgədə də həmin ziddiyyətlər ortaya çıxır. Nəticədə, ermənilərin arasında bölünmə baş verəcək. Hesab edirəm ki, sağlam düşüncəli insanlar görəcəklər ki, bu ünsürlər onları ölümə və uçuruma aparır. Mən istisna etmirəm ki, hansısa mərhələdə qondarma rejimin nəzarətdə saxladığı ermənilər arasında siyasi qarşıdurma və toqquşma baş verəcək. Azərbaycan da hanısa mərhələdə sağlam qüvvələrə kömək edə bilər. Fikrimcə, Azərbaycanın hazırda təmkin nümayiş etdirməsi də bununla bağlıdır.

- Hesab edirsiniz ki, Araikin istefaya getməsi və ya buna məcbur edilməsi Ermənistan hakimiyyətindən, yaxud digər xarici siyasi mərkəzlərdən gəlmiş siyasi sifariş deyil, daxili amillərlə bağlıdır?

- Biz gərək bölgədəki siyasi mühiti bölməyək. Qeyd etdim ki, radikal qüvvələr Ermənistanın xidmətində olan adamlardır. Onlar ilhaq siyasətini həyata keçirmək cəhdlərini davam etdirirlər.

- Amma biz son günlər Azərbaycana qarşı radikal çağırışların artması və Ağdam-Xankəndi yolu ilə humanitar yüklərin göndərilməsinə qarşı baş verən müqavimət radikal qüvvələrin mövqelərini möhkəmlədən səbəblər kimi çıxış edir. Amma dediyiniz ziddiyyətlər fonunda müşahidə olunan istefalar bu müqaviməti zəiflədəcəkmi?

- Biz ziddiyyətli çağırışlar eşidirik. Azərbaycana qarşı sərt bəyanatlarla yanaşı, reallığı əks etdirən çağırışlar da var. Məsələn, Araik belə bir fikir səsləndirdi ki, bizim seçimimiz çox sadədir-ya döyüşməli və hamımız məhv olmalıyıq, ya Azərbaycana tabe olmalı, ya da buradan çıxıb getməliyik. Əslində, bu, çox realist bir yanaşmadır. Bu fikir Azərbaycanın siyasi mövqeyinə də yaxındır. Cənab Prezident də dedi ki, kim istəyir Azərbaycanın vətəndaşlığını qəbul etsin, kim istəmir gedə bilər. Araik təxminən bu mövqeyə yaxın sözlər söyləyib. Sadəcə, o əlavə etdi ki, hərbi qarşıdurma ermənilərin məhvinə gətirib çıxaracaq. Bu da həqiqətə uyğundur. Çünki onların Azərbaycan Ordusuna müqavimət göstərmək üçün heç bir imkanı yoxdur.

- Fransanın bölgədə qızışdırıcı son addımları, humanitar yüklər göndərməsi, məsələni yenidən BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxartmaq cəhdləri Qarabağdakı ermənilər arasında müəyyən ümidlər yaradıb. Belə bir vaxtda qondarma rejimin rəhbərliyində yaranmış siyasi böhran gərginliyi səngidə biləcəkmi?

- Fransanın məqsədi Laçın yolunun Rusiyanın nəzarətinə keçməsinə şərait yatarmaqdır. Əslində, plan bundan ibarətdir. Hiss olunur ki, ermənilər də bunu istəyir. Fransa ona görə də bölgəyə humanitar yardım adı altında regiona müdaxilə etməkdə israr edir. Fransa Rusiyanın imkanlarından istifadə edərək öz bayrağını bölgəyə gətirmək istəyir. Çünki hamı başa düşür ki, Rusiya ciddi siyasi böhran qarşısındadır və onun Cənubi Qafqazda qalmaq həvəsi sual altındadır. Ona görə də Fransa hansısa mərhələdə Rusiyanı əvəz etmək niyyətindədir.

Paris yaxşı başa düşür ki, Rusiya regionu tərk etsə, onu əvəz edəcək geosiyasi güc mərkəzi Türkiyə olacaq. Artıq Ağdamda bu missiya mövcuddur. Yəni proseslərin səbəbi budur. Ermənilər də başa düşür ki, onlar bu “oyun”da xərclənir. Ona görə də yerdə qalan 20-30 min erməni gedən proseslərin qurbanı ola bilər. Fransanın təxribatçı fəaliyyətinin məqsədi ondan ibarətdir ki, Rusiya sülhməramlı qüvvələri ən azı sözügedən prosesdə yaxından iştirak etsin. Rusiyanın hansısa mərhələdə buna müsbət reaksiya verəcəyini istisna etmirəm. Biz Fransa və Rusiyanın bu məsələdə birləşməsinə imkan verməməliyik.

- Humanitar yüklərin göndərilməsi ilə bağlı yaranmış gərginlik həm Azərbaycan- Ermənistan sülh prosesini, həm də Qarabağdakı erməni sakinlərin reinteqrasiya istiqamətində dialoqu dalana dirəyib. Yüklərin ünvanına çatmaması bu vəziyyəti daha da çətinləşdirir. Problemdən çıxış yolu var, yoxsa gərginlik artan xətt üzrə gedəcək?

- Mən siyasi dalanın olduğunu düşünmürəm. Bölgədə siyasi qarşıdurma var. Bu qarşıdurma əvvəllər özünü müxtəlif danışıqlar prosesində büruzə verirdi. Amma real danışıqlar yoxdur. İndi isə ermənilər bəzi vasitələrlə danışıqlarda hansısa mövqelər əldə etmək istəyirlər. Yəni müharibədə itirdiklərini öz havadarlarının köməyi ilə siyasi baxımdan əvəzləməyə çalışırlar.

- Azərbaycanın göndərdiyi yardım yolda qalıb və Xankəndinə buraxılmır. İndi əsas sual Azərbaycanın bundan sonra nə edəcəyi ilə bağlıdır. Sizcə, ermənilər 40 ton unu könüllü qəbul edəcək, yoxsa Azərbaycan buna mane olan qondarma rejimə qarşı antiterror əməliyyatına başlamalı olacaq?

- Qondarma rejim erməni əhaliyə hamılıqla acından ölməyi təklif edir. Bu ssenarini qəbul edən olmayacaq. Onların arasından qarşıdurma gücləndikdən sonra Azərbaycan müəyyən mərhələdə radikallara qarşı çıxan qüvvələrə dəstək verəcək. Ölmək təklifi ilə razılaşmayanlar sonda öz səslərini çıxaracaqlar. Proses buna doğru gedir. Qarşıdurma açıq müstəviyə keçdikdən sonra kömək üçün Azərbaycana müraciət edənlər olacaq. Çünki onlar nə Fransadan, nə də Rusiyadan xeyir gəldiyini görəcəklər.

- Fransa və Ermənistan Azərbaycana “humanitar” adı altında müdaxilə etməyə cəhd göstərir. Beynəlxalq humanitar hüquq buna yol verirmi?

- Azərbaycan ərazisində humanitar problem varmı? Biz bütün dünyanın gözü qarşısında onlara yol da veririk, ərzaq da. Xankəndidə oturub bu kampaniyanı aparanlar indi cavab versinlər görək çörək nə üçün yoxdur? Un var, götürüb çörək bişirsinlər, versinlər əhaliyə.

- Deməli, biz əmin ola bilərik ki, 40 ton unun göndərilməsi Fransanın müraciəti əsasında BMT Təhlükəsizlik Şurasında keçiriləcək müzakirələrdə Azərbaycanın lehinə işləyəcək...

- Əlbəttə. Onlar bu yükü qəbul etsələr də, etməsələr də artıq ifşa olunublar. Yəni Azərbaycan sübut edib ki, “blokada”nı yaradan biz deyilik. Bunun səbəbi cinayətkar rejimin daxilində yaranmış qarşıdurmadır. Görürlər ki, təxribat alınmadı.

Ardını oxu...
 

Dünən “Bakı Metropoliteni” QSC-nin ilk xanım maşinisti Günay Həbibli vəzifəsindən azad edilməsi xəbəri gündəmin əsas mövzusu oldu. İlk xanım maşinistimiz Günay xanımın işdən çıxma səbəbi isə sükan arxasında telefonla danışması göstərilmişdi. Onun bu səbəbdən işdən ayrılması sosial şəbəkələrdə birmənalı qarşılanmamışdı. Məhz xanım olduğu üçün işdən ayrıldığı və zərif cinsin nümayəndəsi olduğu üçün ona qarşı bu cür rəftar edildiyi bildirilmişdi.

Gün ərzində media nümayəndələrinin suallarını cavablandırmaqdan imtina edən Günay Həbibli Medianews.az-a danışıb.

O, yayılan xəbərlərin heç də gerçəkləri əks etdirmədiyini bildirib.

Ardını oxu...

– Günay xanım, dünəndən etibarən sosial şəbəkələrdə sizin işdən ayrılma xəbəriniz müzakirə edilir. İşdən ayrılmanıza səbəb nə olub?

-Mən 2019-cu ilin aprel ayının 1-dən etibarən Bakı Metropolitenində ilk xanım maşinist olaraq işə başlamışam. 2023-cü ilin İyununda öz ərizəmlə işdən xaric olmuşam. İşdən çıxma səbəbim ailəvi problemlərim, ən əsas da övladımın sağlamlığı ilə bağlı idi. Hər şeydən önəmlisi mən anayam və övladımın sağlamlığı mənim üçün hər şeydən öndə gəlir. Bunun üçün bir müddətlik işimə ara verdim. Çox şükür ki, indi hər şey qaydasındadır.

Onu da deyim ki, sənətimi çox sevirəm və işim üçün darıxıram. Elə bu səbəbdən də Bakı Metropoliteninin maşinist işinə qəbulla bağlı vakansiyasına yenidən müraciət etmişəm. Metropolitenin rəhbərliyi başda Zaur müəllim olmaqla bu kollektivin hər bir üzvü mənə doğmadır. Rəhbərliyimiz hər zaman mənim, eləcə də digər işçilərin problemleri ilə maraqlanı. Buna görə başda rəhbərliyimizə və kollektivimizə təşəkkür edirəm. İnşallah seçim mərhələlərini keçərək kursda iştirak edib, yenidən maşinist adını qazanmaq üçün əzmlə mübarizəmi davam etdirəcəm.

– Sosial şəbəkələrdə sizin sükan arxasında mobil telefon istifadə etdiyiniz üçün işdən ayrıldığınız qeyd olunub. Bu həqiqətdirmi?

– Yayılan bu xəbər yalandır. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəbəri Bəxtiyar müəllim özü də belə bir açıqlama verməyib. Media nümayəndələrinin bu məlumatı haradan əldə etmələri ilə bağlı heç bir fikrim yoxdur. Sadəcə onu deyə bilərəm ki, bu dezinformasiyadır.

Ardını oxu...

– İşdən ayrılmağınızın bu qədər səs-küyə səbəb olacağını gözləyirdinizmi?

– Səmimi desək bu qədər ajotaja səbəb olacağını gözləyirdim. Necə ki, Bakı Metroplotenin tarixində ilk qadın mainişt olmağım mediada kifayət qədər işıq üzü görmüşdü. Eləcə də işdən çıxmağımın də diqqətə səbəb olacağını güman edirdim. Sadəcə onu demək istəyirəm ki, mən iki ay bundan öncə işdən çıxmışam. Heç bir məlumatım olmadan özəl məsələmin mətbuata sızıdırlmasını doğru hesab etmirəm. Bu mənim özəl həyatımdır və edilən hərəkət özəl həyatıma birbaşa müdaxilədir. Ehtiyac olsaydı “Bakı Metropoliteni” QSC-də, mən də bu barədə ictimaiyyətə məlumat verərdik. Amma daha olanlar oldu.

– Bəs xəbəri siz necə öyrəndiniz?

– İnstagram hesabımda izləyicilərin etiketləməyi sayəsində öyrənmişəm. Mənim işdən çıxmağımda qolobal bir məsələ deyil. İstəməzdim xəbər bu şəkildə ictimailəşsin. Çox istərdim ki, media nümayəndələri məlumatı dəqiqləşdirib sonra yazsınlar.

Ardını oxu...

– Sizcə bu məlumatı mətbuata kim sızdırıb?

– Hamımız insanıq, həyatımızda bizi sevənlər də var sevməyənlər də. Ola bilsin ki, bu mənim uğurumu götürməyən, məni sevməyən insanların işidir. Amma mən bu səviyyəyə öz gücümə gəlmişəm. Kimsə deyə bilməz ki, Günayın hansısa məsələsində ona mən dəstəkçi olmuşam. Gücümə, potensialıma əminəm.

-İlk qadın maşinist olmağınız sizdə hansı avantajlar yaradıb?

– İlklər hər zaman müsbət qarşılanmır. Onları ya sevirlər ya heç sevmirlər. Mən bunu bilərək maşinist sənətini seçmişəm, peşman da deyiləm. Bəzən də düşünürəm ki, məhz elə bu sənət üçün yaradılmışam.

-Sosial şəbəkələrdə məhz qadın olduğunuz üçün adi bir səbəbdən işdən azad edilməyiniz müzakirələrə səbəb oldu. Azərbaycan qadınına dəstək olmağı vacib hesab edənlər də az olmadı. Siz necə düşünürsünüz?

– Çoxu bunu qadınların yenilgisi kimi irəli sürdü. Qadın olduğum üçün məni linç etməyə çalışırlar. Amma Azərbaycan qadını heç zaman zəif olmayıb. Bizim qadınlarımız tarix yazıb. İstəmərəm ki, xanımlarımızı zəif görünsünlər.

Ardını oxu...

– Bakı Metropolitendən necə ayrıldınız, onlarla aranızda hər hansı inciklik varmı?

-Xeyr. Mənim Bakı Metropolitenin rəhbərlyindən heç bir şikayətim yoxdur. O kollektivin hər bir üzvü mənim üçün əziz və dəyərlidir. Hər birinin boynumda haqqı var. 2016-cı ildən metronun çörəyi yeyirəm. O çörəyə söz demək mənə yaraşmaz. Övladımın sağlamlığı üçün işdən çıxmalı oldum, yenidən müraciət etdim.

– Bəs bundan sonra Günay Həbibli metropolitendə hansı vəzifəni icra edəcək?

-Yenidən o adı qazanmaq üçün əvvəlki kimi mübarizəmi davam etdirəcəm. Bu müvəqqəti ayrılıq idi.

– Sizi dəstəkləyənlərə burdan nə demək istərdiniz?

– Mənə dəstək olanlar hədsiz dərəcədə çox idi. Onları tanımasam belə həmin şəxslərə təşəkkür edirəm. Onların dəstəyi məni sevindirir.

Ardını oxu...
Ukrayna Silahlı Qüvvələrinin əks hücumu: əsassız gözləntilər nədən ibarətdir? Qərb paytaxtları Ukraynanın qələbəsinə mane olmağa başlayıbmı?

“AzPolitika.info” xəbər verir ki, “Svoboda.org” saytının bu və digər suallarını hərbi ekspert, Virciniyadakı Leksinqton İnstitutunun vitse-prezidenti Den Qure cavablandırıb.

Müsahibəni ixtisarla təqdim edirik:

- Bu yaxınlarda ABŞ mediasında Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun gələcəyi ilə bağlı narahatedici başlıqlar yayılıb. Avqustun 17-də bir sıra nəşrlər Amerika kəşfiyyatının analitik hesabatı ilə bağlı məlumat dərc etmişdilər ki, Ukrayna ordusu, görünür, onun strateji vəzifəsi sayılan əks-hücum zamanı Melitopola çata bilməyəcək. Tənqidi nəşrlər bir neçə gün sonra Pentaqondakı mənbələrə istinadən yazıblar ki, Qərb tərəfdaşları Ukrayna komandanlığının əsas zərbə istiqamətinə kifayət qədər qüvvə cəmləmədiyinə inanırlar. “New York Times”ın məlumatına görə, ABŞ-ın yüksək rütbəli hərbi rəsmiləri və onların britaniyalı həmkarları ukraynalıları strategiya və taktikalarını dəyişməyə çağırıblar. Avqustun əvvəlində isə CNN telekanalının keçirdiyi sorğuda amerikalıların əksəriyyəti Konqres tərəfindən Ukraynaya hərbi yardımın davam etdirilməsinin əleyhinə çıxış edib. Bu məlumatlara münasibətiniz necədir?

- Mənə təəccüblü görünür ki, bir çoxları əks-hücumun asan addım olacağına inanaraq, Ukrayna ordusunun tez uğur qazanacağını gözləyirdilər. Bu əməliyyatların ötən il Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin Rusiya ordusu üçün tam sürprizlə nəticələnən əks-hücum əməliyyatına bənzəyəcəyini gözləmək mümkün deyildi. İndi ukraynalılar düşmənin müdafiəsini dərindən yarırlar. Rusların müdafiəyə hazırlaşmaq üçün kifayət qədər vaxtı var idi. Görünür, Kaxovka su elektrik bəndinin partladılması Rusiyanın müdafiə strategiyasının bir hissəsi idi. Çünki bu, Ukrayna komandalığını ölkənin Rusiya tərəfindən işğal olunmuş cənub əraziləri ilə Krım arasında quru əlaqəsini kəsmək üçün zərbənin istiqamətini dəyişməyə məcbur edə bilərdi. Ki, bu da Ukrayna ordusu üçün əlavə çətinliklər yaradıb. Belə bir şəraitdə cəbhədəki hazırkı vəziyyət tamamilə başadüşüləndir. Mənə daha vacib görünür ki, indiyədək əks-hücum əməliyyatının təvazökar nəticələrinə baxmayaraq, Qərb paytaxtları, o cümlədən Vaşinqton Ukraynaya silah tədarükünü genişləndirir. Məsələn, Kiyevin bir müddət əvvəl inanılmaz görünən F-16 qırıcıları alacağı artıq aydındır. Mən deyərdim ki, Qərb Ukraynaya dəstəyini ikiqat artırır. Unutmayaq ki, bir neçə aydan sonra ABŞ-da prezident seçkiləri kampaniyasının aktiv mərhələsi başlayacaq. Belə bir vəziyyətdə Bayden administrasiyasının Ukraynaya dəstəyi zəiflətmək qərarına gəlməsini təsəvvür etmək mümkün deyil. Çünki o, sadəcə olaraq, kobud desək, “ikinci Əfqanıstanın” bədəlini ödəyə bilməz. Ukraynaya dəstəkdən hər hansı bir geriçəkilmə Co Bayden üçün siyasi fəlakət olardı. Bundan əlavə, Kiyevin dəstəyi həm də NATO-nu toplayan amildir ki, Bayden də buna görə geri addım atmaz. Yəni, məncə, Kreml ən azı yaxın il yarım ərzində Vaşinqtonun Ukrayna siyasətində hər hansı dəyişiklik gözləməməlidir.

– Son vaxtlar CNN-in sorğusu haqqında çox danışılır, ona görə də Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra ilk dəfə sorğuda iştirak edən amerikalıların kiçik hissəsi Kiyevə əlavə maliyyənin dayandırılmasının lehinə danışıb. Düzdür, bir ay əvvəl “Gallup”un keçirdiyi sorğuda respondentlərin üçdə ikisi Ukraynaya yardımın tərəfdarı idi. Bu cür sorğular siyasətçilərin davranışına təsir edə bilərmi?

– İctimai dəstəyin zəifləməsi nəzərə çarpır, lakin bu, çətin ki, gələn ilin sonuna qədər Ukraynaya yardımın səviyyəsinə təsir etsin. Amma 2024-cü ilin sonuna qədər vəziyyət dalana dirənsə, o zaman çox şey dəyişə bilər. Bununla belə, düşünürəm ki, yaxın aylarda Kiyevə dəstəyimiz artacaq. O, daha uzun mənzilli raketlər və digər güclü silahlar alacaq. Ukrayna ordusu pilotsuz təyyarələrdən, öz istehsalı olan raketlərdən, dəniz dronlarından istifadədə innovativdir, effektiv fəaliyyət göstərmək qabiliyyətini sübut edib və ondan çox şey gözləmək olar.

- Bəs ABŞ Konqresində Amerikanın Ukraynaya yardımını tənqid edənlərin mövqeləri nə dərəcədə ciddidir?

- Görünən odur ki, Konqresdə hökm sürən əhval-ruhiyyə Ukraynanın dəstəklənməsinin tərəfdarıdır. Amerikanın Kiyevə yardımını tənqid edənlərin əksəriyyətinin qaldırdığı sual bu yardımın davam edib-etməməsi deyil, onun necə və nəyə xərclənməsi, Ukraynaya ayrılan böyük vəsaitlərin nə dərəcədə səmərəli istifadə olunmasıdır. Məsələn, ABŞ-dakı qanunvericilər əmin olmaq istəyirlər ki, ABŞ-ın Ukraynada sosial müavinətlərə xərclədiyi pullar oğurlanmayıb, təyinatı üzrə istifadə olunur. Və bu, məncə, ağlabatan yanaşmadır.

- Amerikanın gələcək hərbi yardımı cəbhə xəttindəki vəziyyətə ciddi təsir göstərə bilərmi?

- Bizim Ukraynaya bu qarşıdurmada qalib gəlməyə kömək edəcək alətlərimiz var. İlk növbədə, bunlar hava dəstəyi və daha uzaq mənzilli raketlər, həmçinin tanklar, piyadaların döyüş maşınları və zenit-raket sistemləridir. Bütün bu silahlar Kiyevə çatdırılır və ya tezliklə çatdırılacaq. Düşünürəm ki, bu, yaxın gələcəkdə baş verəcək, çünki Böyük Britaniya və Fransa “Storm Shadow” və SCALP raketlərinin tədarükünə başladıqdan sonra Bayden administrasiyasının Ukraynaya F-16 döyüş təyyarələri və ATACMS raketləri vermək qərarını gecikdirmək üçün heç bir bəhanəsi olmayacaq. Mənə elə gəlir ki, bir neçə ay ərzində müvafiq qərar veriləcək.

- Bəs Amerika mətbuatında Ukrayna əks-hücumunun o qədər də uğurlu olmadığı barədə silsilə xəbərlərin qəfil peyda olmasını necə izah edirsiniz? Ukrayna liderləri hətta onlara cavab verməyi lazım bildilər. Bu, Vaşinqtonun Ukrayna strategiyasını yenidən nəzərdən keçirməsinin göstəricisi ola bilərmi?

– Mən strategiyaya yenidən baxılacağını düşünmürəm. Əksinə, bu məsələlərin qabardılması faktının özü Bayden administrasiyasına Ukraynaya dəstəyin artırılmasının zəruriliyi barədə bir növ xatırlatma kimi qəbul edilə bilər.

“AzPolitika.info”
 

Ardını oxu...
DİA.AZ görkəmli kinoaktyor, rejissor, Xalq artisti, Prezident təqaüdçüsü Ənvər Həsənovun “Yeni Müsavat”a müsahibəsini təqdim edir:

- Ənvər bəy, isti yay mövsümünü necə keçirirsiniz? Əhvalınız, sağlamlığınız necədir?

- Vəziyyətim, halım heç deyiləsi deyil. Ömür boyu ayaq üstə, fəaliyyətdə olan, işləyən adam indi gəlib evdə oturub. Xəstəliklər bir tərəfdən, havaların tez-tez dəyişməsi, maqnit qasırğasının olması digər tərəfdən məni tamam haldan salıb. Ağrımayan yerim yoxdur. Beləliklə, oturmuşam evdə, televizora baxıram, qarşımda krossvodlar, vəssalam...

- Bəs bu yay mövsümü istirahətə gedə bilmədiniz?

- Xəstəxanadan sonra mən insult keçirdim, ona görə də maşın sürə bilmirəm. Həmçinin bəzən “sudorqa”lar tutur, yəni mənə çətindir. Bir dəfə dostlarım gəlib məni bir həftəlik Nabrana apardılar. Amma uşaqları tək qoya bilmədiyim üçün tez qayıtdım. İndi oturub fikirləşirəm ki, bəlkə tək özüm Gəncəyə gedim, bir həftəlik istirahət edim.

- Niyə məhz Gəncə?

- Orada dostlarım var, istəyirəm gedib onları yada salım. Amma bu barədə dəqiq heç nə bilmirəm. Bütün sümüklərim ağrıyır, hamısı da hərəkətsizlikdən, istilikdən.

- Bir neçə gün öncə 73 yaşınız oldu. Necə keçirtdiniz, dostlarınız gəldimi?

- Doğrusu, dostlarıma doğum günüm olacağı barədə heç nə deməmişdim. Çünki son günlərim çox ağır keçmişdi. Bir neçə dostum, həmçinin Elxan Qasımov rəhmətə getdi. Bütün bunlar deyiləsi deyil. Yəni heç kəsə demədim ki, ad günüm olacaq. Buna baxmayaraq, 6-7 maşın adam evimə gəldi, məni təbrik etdi. Hətta gecə saat 11-də gələn də var idi.

- Yəqin ki, televizorda çəkildiyiniz filmləri görəndə o günlər, həmin çəkilişlər üçün darıxırsınız.

- Əlbəttə, darıxıram. Baxa-baxa da “Allah rəhmət eləsin” sözü dilimdən düşmür, çünki o cür gözəl sənətkarları itirdik. Doğrudur, bu, həyatın qanunudur, insanlar doğulurlar, sonra dünyasını dəyişirlər... Amma bir tərəfdən sevinirəm ki, yaxşı ki, zamanında bu filmlər çəkilib, o filmlər ki, ədəb-ərkan, adət-ənənə, hörmət-izzət məktəbidir. Gənc nəsil o filmlərə baxa-baxa hörmət-izzət qabiliyyəti götürüb, öyrəniblər. Amma, çox təəssüf ki, indiki nəsil daha çox kompüterə qurşanıb, bütün işlərini onun arxasında görür. Mənim də övladlarım da o cümlədən, hərəsi öz otaqlarında oturub kompüterlə işlərini görürlər.

Mən 59 il Azərbaycan filmində çalışmışam, 70 filmdə iştirak etmişəm. Hansı filmə baxırsan mənim adım var. Nə yaxşı da ki, varam. İndi isə heç nə yoxdur, hara baxırsan saqqallılardır. Məni bir neçə dəfə filmə, seriala dəvət edəndə dedim ki, məni bağışlayın, mən o saqqallılarla işləyə bilmərəm. Onlar “taliban”, vəhhabidirlər, ya necə, başa düşə bilmirəm. Həmin saqqallılara baxanda düşünürəm ki, onların əqidələri başqa cürdür, bizim kimi deyillər. Ona görə də evdə oturmuşam, çölə-bayıra da çıxmıram.

- Sosial şəbəkələri də izləyə bilirsinizmi?

- 2007-ci ildə çox ağır qəza keçirtmişdim, başım partlamışdı. Həmin vaxt damarımın birini düzgün tikməyiblər deyə, o vaxtdan mən yuxu nədir bilmirəm, daim başımda ağrılar, qulağımda səslər var. Bu ağrılar məni öldürür. Ona görə internetə yaxın gedə bilmirəm. İstifadə etdiyim telefon da köhnə model telefondur, sadəcə, zəng gəlib-gedir. Bununla belə onun özü belə mənə mənfi təsir edir. Təzə nəsə xəbər olanda mənə zəng edib deyirlər.

- Bu sualı niyə verdim, “Babək”, “Dədə Qorqud” filmlərində tərəf müqabiliniz olan Rasim Balayev bu günlərdə sosial şəbəkələrdə tənqid atəşinə tuş gəldi. Gah aldığı “İstiqlal” ordeninə, gah da müxtəlif mətbuat orqanlarına verdiyi açıqlamalara görə “yıxıb-sürüdülər”. Bu məsələdən xəbəriniz varmı?

- Bəli. Xəbərim var, zəng edib deyirlər. Əlbəttə ki, sənətkarlara qarşı bu cür mövqe adamı incidir. Mən də bu sənətin nümayəndəsiyəm. Rasim Balayevlə bağlı məsələyə nə deyim ki... O, kinoya 1973-cü ildə “Nəsimi” filmi ilə gəlib. Mən isə artıq 1965-ci ildən “Azərbaycanfilm”də işləyirdim. Rasim Balayev kinoya gələnə qədər mənim 7-8 filmim var idi, o cümlədən “İstintaq davam edir”, “Torpaq. Dəniz. Od. Səma”, “İnsan məskən salır”, “Uşaqlığın son gecəsi, ”Dəli kür", “Yeddi oğul istərəm”, “Bizim küçənin oğlanları”.

Ondan sonra isə əsgərliyə getdim. Əsgərlikdən qayıtdıqdan sonra Rasim Balayevlə “Babək” filmində görüşdüm. Ona at sürməyi, rus bölümünü öyrədən mən olmuşam. Yəni bunu bir dost, sirdaş, sənət insanı kimi etmişdim. Amma, sözün düzü, biz çox az bir yerdə oturmuşuq. “Dədə Qorqud”, “Babək”, “Arxadan vurulan zərbə” filmindən sonra ünsiyyətimiz az olub, arada yalnız “salaməleyküm” olub. İndi bu olanlar haqda nə deyə bilərəm ki...

1981-ci ildə Türkan Şorayın əri Süleyman bəy məni Türkiyəyə işləməyə dəvət etmişdi. Dedim ki, yox e, mən Azərbaycandan kənarda qala bilmərəm. O zaman da kommunal evdə, 7 qonşu ilə birgə yaşayırdım. Allah İlham Əliyevə cansağlığı versin ki, 69 yaşımda mənə “Xalq artisti” adı, 70 yaşımda ev, bu il isə Prezident təqaüdü verdi. Bu özü çox böyük dəyərdir. Doğrudur, əslində mən bunları həddindən artıq gec aldım, bəlkə də 30 il əvvəl almalı idim. Sadəcə, özümə görə heç vaxt heç kəsə ağız açmamışam. Prezident sağ olsun ki, ömrümün sonlarına yaxın məni mükafatlandırdı.

- Ən çox hansı obrazınız üçün darıxırsınız, sizə daha çox əzizidir?

- Allah Adil İskəndərova rəhmət eləsin, mən onun tələbəsi olmuşam. Sevinirəm ki, öz müəllimlə 3 filmdə tərəf müqabili olmuşam. Əvvəlcə 4 il kinoaktyor studiyasında tələbəsi olmuşam, daha sonra isə İncəsənət Universitetinə daxil olub onun sinfinə düşmüşdüm. Məni görəndə dedi ki, “diplomunu dünən almısan, bu qədər filmin var, beynəlxalq kino festivalından Azərbaycana birinci kişi mükafatını sən gətirmisən”, hələ üstəlik, indi də universitetə təhsil almağa gəlmisən? Dedim ki, neyləyim, evdə dedilər ki, mütləq universitet diplomun olmalıdır. Güldü, dedi ki, “yaxşı, gəl otur”.

Adil İskəndərov biz tələbələrə deyirdi ki, olar bilər ki, sizin kinoda rolunuz epizodik, ya ikinci dərəcəli, ya da əsas rol ola bilər, siz heç vaxt onların arasında fərq qoymamalısınız, çünki siz onları qəlbinizdən, daxilinizdən keçirib oynayırsınız. Mən də Adil İskəndərovun bu tövsiyəsini əsas götürdüm. Məni indi Murad, Cəlal, Sirac, Şahbaz bəy kimi çağırırlar, amma mən bu obrazlarımın arasında heç bir fərq qoymamışam, hər biri mənim üçün çox əziz, doğmadır.

- Ənvər müəllim, bilirsiniz, artıq iki kino ittifaqı birləşir, bir kino qurumu yaranır...

- Mənim eşitdiyimə görə, sentyabr ayında yığıncaq olacaq, iki ittifaq dağılacaq, bir kino birliyi yaranacaq. Mənim fikrimi bilmək istəsəniz, həmin birliyə rəhbərlik edə biləcək yeganə istəkli, qabiliyyətli adam Cəmil Quliyevdir. Çünki Cəmil Quliyev həm ssenaristdir, həm Dövlət Film Fondunun direktoru, həm də aktyordur. Bu gün ondan başqa kinoya ürəyi yanan adam heç kimi görmürəm. Doğrudur, Rasim Balayev də yaxşıdır. Amma o da artıq yaşlıdır, gəzə, dura bilmir. Şəfiqə Məmmədova da ki, Allah göstərməsin, Azərbaycan kinosunu mələtdi, ağlatdı. On görə də quruma rəhbər kimi yeganə Cəmil Quliyevi görürəm. Özüm də çalışacam ki, həmin tədbirdə iştirak edim.

- Sizcə, bundan sonra milli kinomuz ayağa qalxa biləcəkmi?

- Sözün düzü, Mədəniyyət Nazirliyinə yeni rəhbər təyin olunan Adil Kərimliyə çox ümidliyəm. Mən şəxsən onunla iki dəfə danışmışam. Özü mənə zəng edib hal-əhvalımı tutub, daha sonra Kino Forumuna dəvət edib. Tədbirrdə də çıxışlarını dinlədim, sənətə, mədəniyyətə dəyər, qiymət verən, sevən, məhəbbət bəsləyən adamdır. Hələ ki, sağam, ona dəstək olmağa hazıram. Azərbaycan kinosunun gələcəyi ilə bağlı ümidlərim nazir Adil Kərimli və Cəmil Quliyevədir. Allah onların işlərini avand etsin.
Ardını oxu...
Ötən gün axşam saatlarında Rusiyanın Tver vilayətində "Embraer" təyyarəsi qəzaya uğradı. "Rosaviasiya" məlumat yaydı ki, qəza nəticəsində göyərtədə olan 10 sərnişinin hamısı ölüb. Onlardan 3-ü ekipaj üzvü olub.

Bildirildi ki, təyyarə Moskvanın Şeremetovo hana limanından havaya qalxıb və istiqamət Sankt-Peterburq olub. Qəza Kujenkino kəndi yaxınlığında baş verib.

Sonrakı məlumatlardan aydın oldu ki, qəzaya uğrayan təyyarə Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinə məxsus olub. Rəsmi şəkildə açıqlandı ki, təyyarədə olan 7 sərnişindən biri Priqojinin özü olub. Bu gün isə cəsədlərdən birinin Priqojinə aid olduğu rəsmi təsdiqləndi.

Hadisə ilə bağlı müxtəlif versiyalar səsləndirilməkdədir. Əsas versiya isə ondan ibarətdir ki, Priqojinin təyyarəsi qəsdən partladılıb və bunun arxasında dayanan Rusiya Prezidenti Vladimir Putindir. Bu ehtimal ona görə səsləndirilir ki, düz iki ay bundan əvvəl – iyunun 23-də “Vaqner” rəhbəri Rusiyada hərbi qiyama cəhd göstərmişdi. Rusiyanın iki şəhərini nəzarətə götürən Priqojin sonradan danışıqlar nəticəsində qiyamı yarımçıq dayandırdı. Ekspertlər hesab edirlər ki, Putin Priqojindən qiyamın qisasını onu təyyarəsində partladıb öldürməklə almış oldu.

TEREF.AZ bildirir ki, baş verən hadisə ilə bağlı AYNA-nın suallarını ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş nazir müavini, ictimai-siyasi xadim Sülhəddin Əkbər cavablandırıb. Deyib ki, bu tip məsələlərdə yetərli dəlillərə, informasiyalara ehtiyac var:

- Hadisənin necə, kim tərəfindən törədildiyini, Priqojinin necə aradan götürüldüyünü dəqiq demək çətindir. Sadəcə ehtimallar irəli sürmək mümkündür. On illər keçə bilər, amma suallar yenə də qalacaq. Təsəvvür edin ki, 17 kəşfiyyat xidməti olan ABŞ-ın Prezidenti Co Bayden bu məsələ barədə dəqiq nəsə söyləmədi. Sadəcə Priqojinin ölümü təəccüblü gəlmədi, ona görə ki, ehtimallar əvvəldən var idi. İndi bu hadisənin nəticələrini müzakirə etmək daha məqsədəuyğundur. Məsələ burasındadır ki, bu hadisə ilə bağlı saysız-hesabsız versiyalar var və hər bir versiya tutarlı arqumentə söykənir. Bu versiyaların hamısına baş vursaq, məsələ daha da tündləşəcək. Bir şeyi əminliklə deyə bilərəm ki, Priqojinin öldürülməsi əməliyyatını icra edənlər ruslar olub.

- Demək istəyirsiniz ki, Priqojinə qarşı xüsusi əməliyyat hazırlanıb?

- Təbii ki, əməliyyat idi - məqsəd də Priqojini aradan götürmək idi.

- Sizcə, əməliyyatın detalları açılacaqmı?

- Baş verən hadisənin xarakteri elədir ki, açılmaması mümkün deyil. Amma suallar yenə də qalacaq. Priqojinin təkcə Rusiyanın deyil, dünyanın əksər kəşfiyyat orqanlarının diqqət mərkəzində olması onu deməyə əsas verir ki, bu əməliyyatı gizli saxlamaq mümkün olmayacaq. Tam detallı olmasa da, Priqojinə qarşı əməliyyatın üstü açılacaq. Bu hadisənin arxasında kim durursa-dursun, icraçılar ruslardır. Çünki bu, xüsusi təyyarə idi, Moskvanın sayılıb-seçilən hava limanından havaya qalxıb. Orada hər şey nəzarətdədir. Priqojinin təyyarəsi xüsusi nəzarətdə olub. İndi məlumatlar var ki, Priqojinin həmin şəxsi təyyarəsi qısamüddətli təmirdə də olub. İstənilən halda, baş verənlərə görə Rusiya hakimiyyəti cavabdehdir. Çünki bu təyyarənin də, uçuşun da təhlükəsizliyinə Rusiyanın rəsmi qurumları cavabdehdir.

- Sizcə, təyyarə necə sıradan çıxarılıb?

- Üç versiya var ki, mütəxəssislər bu versiyalarda həmfikirdirlər: Birinci versiya odur ki, təyyarə partladılıb, içərisinə əvvəlcədən partlayıcı yerləşdirilib. İkinci versiya təyyarənin kənardan vurulmasıdır. Üçüncü versiyaya görə isə, süni texnogen qəza yaradılıb. Bunları istintaq araşdıracaq, amma “Rosaviasiya” təyyarənin içəridən partladığı haqqında informasiya verib. Bu da çox maraqlı detaldır.

Əslində, təyyarədə kimlərin olması barədə məlumatı Rusiya rəsmi qurumları sürətlə açıqladı. Eyni zamanda, hadisə baş verən yerdəki videokadrlardan görünür ki, xilasedicilər yanğının söndürülməsinə tələsmirdilər. Yəni burada şübhəli məqamlar çoxdur. Bütün bunlar deməyə əsas verir ki, bu hadisənin üstü açılacaq. Cavabdeh tərəf də, dediyim kimi, Rusiya hakimiyyətidir.

- Bu hadisənin arxasında birmənalı olaraq Putinin dayandığı fikri üstündür. Bildirilir ki, bununla Rusiya Prezidenti Priqojindən baş tutmayan qiyamın intiqamını almış oldu...

- Təbii ki, bu da versiyalardan biridir. Hesab oluna bilər ki, Putin bununla məhv olmuş xarizmasını bərpa etməyə cəhd göstərdi. Hadisənin baş vermə tarixi də maraqlıdır: Priqojin məhz iyunun 23-ü tarixində hərbi qiyama cəhd etmişdi. Özü də 23 avqust tarixində - qiyam cəhdindən düz iki ay sonra məhv edildi. Bunlar rəqəmlərə inanan Putini şübhəli edir. Amma bunu dəqiq demək düzgün olmaz.

- Bu hadisənin dünya və Rusiya üçün nəticələri nələr olacaq?

- Dünya üçün nəticəsi müsbətdir. Çünki bir hərbi cani əsas adamı ilə birlikdə öldü. Bu, dünya üçün də, region üçün də müsbət hal kimi qiymətləndirilməlidir. Rusiya üçün isə nəticələrini bir qədər sonra görəcəyik. İndidən Rusiya üçün hansı nəticələr doğuracağını söyləmək qəlizdir. Hər halda o, Rusiyanın kirli hərbi işlərini görən bir şəxs idi, bir terrorçu hərbi şirkətin rəhbəri idi. Bu baxımdan, yəqin ki, Rusiya üçün Priqojin itki sayıla bilər. Amma bilirsiniz, Rusiyada hərbi şirkət təkcə Priqojinin deyildi, başqa şəxslərə bağlı də belə cani dəstələr mövcuddur.

- Maraqlıdır ki, qiyam cəhdindən sonra bütün dünyada ekspertlər Priqojinin öldürüləcəyini proqnozlaşdırırdılar. Belə olan halda, Priqojinin ehtiyyatsız davranması, Rusiyada sərbəst hərəkət etməsi müəmmalı deyilmi?

- Qiyam cəhdindən sonra Belarusda ona şərait yaradıldı, dəstəsini orada yerləşdirdi. Afrikadakı fəaliyyətini davam etdirməsinə şərait yaradıldı. Təbii, bu şərait Rusiya tərəfindən yaradıldı. Eyni zamanda, Putinlə görüş keçirdi, razılaşmalar əldə olundu. Bundan əvvəl də Priqojin bir neçə dəfə Rusiyada olmuşdu. Görünən odur ki, bu amillər “Vaqner” rəhbərində arxayınlıq yaradıb. Qarşı tərəf də təbii ki, Priqojinin bu arxayınlığından istifadə edib əməliyyatı qurub.

Dünyapress TV

Xəbər lenti