Ardını oxu...
Artıq dünya ölkələri beynəxalq arenada aparıcı dövlətlərindən biri olan Azərbaycanın regionda yaratmış olduğu yeni reallıqlarla razılaşıb. Bu isə ən birinci Azərbaycan Prezident İlham Əliyevin yürütdüyü siyasətin beynəlxalq əməkdaşlığa, qlobal həmrəyliyə hədəflənməsi ilə birbaşa əlaqəlidir. Azərbaycan dövləti milli maraqlarımıza söykənən müstəqil, ağıllı və düşünülmüş siyasət yürütməklə ölkəmizi dünyanın ən nüfuzlu ölkələrindən birinə çevirib. Azərbaycan hər zaman sülhpərvər mövqedən çıxış edib, xüsusilə, region dövlətləri ilə münasibətlərdə humanistliyi açıq-aşkar ortaya qoyub.

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Müşfiq Cəfərov İran–Azərbaycan münasibətlərindən danışıb.

Deputat bildirib ki, İran və Azərbaycan arasında münasibətlər dostcasına, bəzən də çəkişməli olub: “Baxın qonşumuz olan İranla münasibətimiz heç vaxt uzun müddət kəskin olaraq qalmayıb. Təssüf ki, İran Prezidenti cənab Seyid İbrahim Rəisi faciəvi şəkildə həyatını itirdi. Qəzadan əvvəl Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində Prezident İlham Əliyevin və cənab Seyid İbrahim Rəisinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü baş tutmuşdu. Bu görüşdə həm daxilə, həm də xaricə ciddi mesajlar verilmişdi. İki ölkə milli və iqtisadi maraqlarına uyğun olaraq Cənubi Qafqazdakı vəziyyətlə əlaqədar fikir ayrılıqları yaşayıblar. Lakin “siyasət siyasi fiqurlar üzərindən davam etmir” desəm, yanılmaram. Bu gün mərhum Prezident Rəisinin siyasi xəttini davam etdirən böyük komandada birləşmiş siyasi xadimlər var. İranda idarəçilikdə ciddi bir dəyişiklik olmasa, İranla əldə olunan razılaşma, təbii ki, davam edəcək. “Ciddi dəyişiklik” deyərkən tam fərqli bir siyasi blokun hakimiyyətə gəlməsini nəzərdə tuturam, lakin bütün hallarda siyasət dövlətin maraqlarına uyğun davam etdirilir. Bizim qarşılıqlı isti münasibətimiz həm İran dövlətinin, həm də xalqının maraqlarına uyğundur. Sonuncu razılaşmadan hər iki ölkə razı idi. Düşünürəm ki, İran ənənəsi olan bir dövlət kimi mərhum Prezident Rəisinin Azərbaycanla hərtərəfli irəliləyişlərinə sadiq qalacaq”.

Deputat diqqətə çatdırıb ki, əslində, regiondankənar ölkələrin əli ilə Bakı–Tehran münasibətlərinin kəskinləşməsinə Ermənistan səbəb olub: “Bir sözlə, son zamanlar Ermənistanın da Azərbaycana qarşı siyasətində ciddi dəyişikliklər baş verirdi. Deyərdim ki, Ermənistan siyasi xəttini ciddi təhlil edir. Dəyişikliklər gözləniləndir...”

Politoloq Yusif Bağırzadə isə bildirib ki, Azərbaycan öz milli maraqları çərçivəsində bütün ölkələrlə, xüsusilə, qonşu dövlətlərlə münasibətlərin inkişafında hər zaman maraqlı olub və öz xarici siyasətində də bu münasibətlərin davamlı inkişaf etdirilməsi istiqamətində addımlar atıb:

“Ölkəmizin Gürcüstan, Rusiya və İranla münasibətləri buna misaldır. Ermənistanla münasibətlərin olmaması isə məlumdur ki, bu ölkənin işğalçılıq siyasətindən və ölkələrimizin uzun illər ərzində müharibə vəziyyətində olmasından qaynaqlanır. Cənub qonşumuz İran İslam Respublikası ilə münasibətlər bizim üçün hər zaman xüsusi əhəmiyyət kəsb edib. Azərbaycan və İran xalqlarının dostluq və qardaşlıq münasibətlərinin kökləri tarixin dərinliklərinə gedib çıxır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra isə bu münasibətlər yeni məna kəsb edib. İranla bizim ortaq tariximiz və mədəniyyətimiz var. Digər tərəfdən, İranın İslam dünyasında rolu və əhəmiyyəti də kifayət qədər böyükdür. İslam dünyasının bir parçası olaraq ölkəmiz də İranla münasibətlərin ən yüksək səviyyədə inkişafında maraqlıdır və bu istiqamətdə bir xeyli işlər görüb. Məlumdur ki, müəyyən bir dövrdə İranda Azərbaycanla dostluğu pozmağa çalışan qüvvələr müxtəlif təxribatlar törətdilər. Onlar nəyin bahasına olursa-olsun, iki qonşu dövlət arasında münasibətləri kəskinləşdirməyə cəhdlər edirdilər. Lakin sevindirici haldır ki, onlar meydan qazana bilmədilər və Azərbaycan Prezidenti də mayın 19 da “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimindəki çıxışında “Keçirilən mərasim dostluğumuzun növbəti təzahürüdür. Bu gün İran-Azərbaycan dostluğunun nə qədər möhkəm olmasını bütün dünya görür. Bu dostluğun dərin kökləri, dərin tarixi var. Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər, hesab edirəm ki, ən yüksək səviyyəyə qalxıb” deməklə bədxahların arzusunu gözündə qoydu. Sevindirici haldır ki, İran-Azərbaycan münasibətləri son zamanlar yenidən normallaşma mərhələsinə qədəm qoyub. Səfirliyimizə qarşı terror aktı törədən şəxslə bağlı ən ağır cəza təyin edilib, səfirliyimizin daha təhlükəsiz və bütün zəruri tələblərə cavab verən yeni məkana köçürülməsi istiqamətində müvafiq iş aparılıb. Nəticədə, səfirliyin yeni məkanı artıq müəyyən edilib. Hazırda qeyd edilən məkan və binada səfirlik üçün zəruri şəraitin yaradılması məqsədilə müvafiq tədbirlər görülür. Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının mərhum Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə keçirilən açılış mərasimi, eləcə də həmin mərasimdə ölkə rəhbərlərinin verdiyi bəyanatlar isə deməyə əsas verir ki, ikitərəfli münasibətlərdə böhran aradan qalxıb. Ermənistana gəldikdə isə, xüsusilə, son dönəmlərdə sülh prossesi istiqamətində ümidverici addımların atılmasına, sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlanılmasına baxmayaraq hələ də fikir ayrılıqları var. Bir sıra məsələlərlə bağlı razılşmanın olmadığı ortadadır. Nəqliyyat-kommunikasiya xətlərinin hələ də blokadadan çıxarılmaması, Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının qalması sülh sazişinin bağlanması istiqamətində əngələ çevrilib. Lakin düşünürəm ki, bu istiqamətdə də müsbət irəliləyişlərə nail olmaq üçün real imkanlar var. Ermənistan hakimiyyəti, nəhayət ki, ayrı-ayrı qüvvələrin maraqlarından deyil, öz dövlət maraqlarından çıxış edərək bu istiqamətdə konkret və real addımlar atacaq”.

Ardını oxu...
Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu “Tərəflərin Konfransı (COP) bu dəfə noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək. Konvensiyanın ali məqsədi iqlim sisteminə insanlar tərəfindən edilən və təhlükəli hesab oluna bilən bütün müdaxilələrin qarşısını almaqdır.

İndiyə qədər Azərbaycanda yüksək səviyyədə bir çox beynəlxalq tədbirlər keçirilib. Azərbaycan dörd il Qoşulmama Hərəkatına sədrlik edib. Sədrlik zamanı respublikamız Hərəkatın bir çox üzvləri ilə məhsuldar münasibətlər qurub.

Azərbaycan Prezidenti cənab İlham Əliyev aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxış edərək qeyd etmişdir: “120 ölkəni birləşdirən Hərəkata, yəni Qoşulmama Hərəkatına bir neçə il sədrlik etdik. Biz yekdil qərarla seçildik və sədrliyimiz yekdil qərarla bir il də uzadıldı. Azərbaycanın sədrliyi COVİD-19-a təsadüf etdiyindən Azərbaycan 80-dən çox ölkəyə humanitar, maliyyə və texniki yardım göstərdi. Ümid edirəm ki, həmin beynəlxalq platforma bizə Qlobal Cənub ölkələrini ümumi gündəliyə əlavə etmək imkanını yaradacaq. Eyni zamanda bir çox Avropa ölkələri ilə münasibətlər uğurla inkişaf edir. Avropanın doqquz üzvü ilə Azərbaycan “Strateji Tərəfdaşlıq” haqqında razılaşmalar və bəyannamələr imzalayıb, yaxud qəbul edib. Ümidvaram ki, həmin beynəlxalq əlaqələr bizə həmrəyliyi gücləndirməyə imkan verəcək. Bizə məhz bu lazımdır. Bizə maliyyə lazımdır. Bizə həmrəylik lazımdır və bizə ortaq məsuliyyət lazımdır”.

Lakin onu da qeyd etmək lazımdır ki, COP-29 iştirakçı sayına və miqyasına görə Azərbaycanın indiyə qədər ev sahibliyi etdiyi ən böyük beynəlxalq tədbirdir. Belə ki, Bakıya həmin vaxt dünyanın demək olar ki, hər yerindən 100 minə yaxın nümayəndənin, eyni zamanda qonaqların, turistlərin gəlməsi gözlənilir. Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir. Onu da qeyd edək ki, COP29-a ev sahibliyi etmək üçün Azərbaycanla birgə Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürmüşdülər. Lakin ötən ilin dekabr ayının 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqlar nəticəsində Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Sonra isə Bolqarıstan da öz namizədliyini ərizə ilə müraciət edərək geri götürüb.
COP-29 İqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün keçirilən tarixi görüş hesab olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “COP29-a sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik. Hesab edirəm ki, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq”.

Azərbaycanda Tərəflərin Konfransı zamanı qlobal əhəmiyyətli məsələlərin müzakirə olunması nəzərdə tutulub. Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün ölkələrin birlikdə bu prosesdə necə iştirak edəcəyi, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirəcəyi və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı minimuma necə endiriləcəyi kimi məsələlər fərqli yanaşmalar kontekstində aktiv şəkildə müzakirə olunacaqdır.

Azərbaycan Prezidenti müsahibəsində qeyd etmişdir ki, ölkələr malik olduqları təbii sərvətlərə görə mühakimə olunmamalıdırlar. Ölkələr onlardan necə istifadə etdiklərinə görə mühakimə olunmalıdırlar.

Biz qarşılıqlı səylər, həmrəylik göstərməli, bir-birimizi günahlandırmağı dayandırmalıyıq. Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə “siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər. Bu diplomatiyadır, siyasətdir, maliyyədir və Azərbaycan bunun üçün bir platforma yarada bilər.

Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru
dia-az.info



Ardını oxu...
Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistan Baş naziri Nikol Paşinyan açıq şəkildə söylədi ki, Azərbaycana ərazi iddia etsələr, Qafanı da (Zəngəzur) itirə bilərlər. Ermənistan rəhbərinin bu açıqlamasını necə şərh etmək olar?

- Zənnimcə, Nikol Paşinyan yüz ölçüb, bir biçir, Azərbaycanla münasibətlər və sülhyaratma prosesinə diqqətlə yanaşır. Yəqin yaxşı başa düşür ki, indi “Ermənistan” ərazilər vaxtilə Azərbaycana məxsus olub və orada azərbaycanlılar yaşayıb. Söhbət Qərbi Azərbaycandan gedir. Bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın çıxışında da eşitmişəm. Ermənilər həmin ərazilərdə dövlətin necə yarandığını, bununla bağlı sovet dönəmi və ondan əvvəl imzalanmış sənədləri yaxşı bilirlər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz müraciətində sülh müqaviləsinin imzalanması prosesinin sürətləndirilməsini istədi. Türkiyə lideri bildirdi ki, indiki məqam sülh üçün göydəndüşmə fürsət və imkanlar yaradır, əgər bu fürsətlərdən istifadə edilməsə, sazişin imzalanması uzana, bu da sülhü istəməyən qüvvələrin bölgəyə müdaxiləsinə, bu fonda da prosesin pozulmasına gətirib çıxara bilər. Nikol Paşinyan ayıq adamdır, yaxşı başa düşür ki, sülh prosesinin pozulması Ermənistan üçün pis nəticələr yaradacaq. Paşinyan bunları nəzərə alaraq, erməniləri başa salmağa çalışır ki, sülhdən başqa çıxış yolu yoxdur.

- Həm Bakı, həm Ankara, həm də İrəvandan verilən açıqlamalardan belə təəssürat yaranır ki, sülh prosesinə müdaxilə etmək istəyən qüvvələr var, sülh sazişinin imzalanmasının sürətləndirilməsi ilə bağlı çağırışlar da bundan irəli gəlir. Sizcə, bu pozucu qüvvələr kimlərdir?



- İlk növbədə Rusiyanın adını çəkərdim. Rusiya Cənubi Qafqazda qalmaq üçün müxtəlif oyunlara gedir ki, hər iki ölkəni öz təsir dairəsində saxlasın. Məsələn, Gürcüstanda da vəziyyət gərginləşib. Bu prosesdə də Rusiyanın əlinin olduğuna şübhə etmirəm. Çünki Bidzina İvanişvili Rusiyanın adamıdır.

Fransa da bölgədə baş verənlərə münasibətlərdə nə tərəfsizliyini, nə də obyektivliyini qoruya bilir. Paris separatçılara dəstək verməklə yanaşı, sülh prosesini əngəlləmək üçün bəyanatlar verir və bunun qarşısını almaq üçün müxtəlif bəhanələr axtarır.

Həmçinin hesab edirəm ki, sülh müqaviləsi imzalansa, Ermənistan daxilindəki revanşistlərin Nikol Paşinyana hücumları da səngiyəcək. Bu, həm də Paşinyana hakimiyyətini gücləndirmək üçün zəmin yaradacaq. Nikol Paşinyan sülh müqaviləsinin gücünü yaxşı başa düşür. Artıq bu istiqamətdə hər iki tərəfdən müsbət addımlar atılır. Hətta Bakı və İrəvan o qədər optimistdir ki, noyabradək sülh müqaviləsinin imzalanacağı barədə bəyanatlar verir.

- Ermənistanın sabiq prezidenti, hərbi cinayətkar Serj Sərkisyan bildirir ki, hakimiyyət dəyişikliyi üçün hər şeyə hazırdırlar. Revanşistlərin hakimiyyəti dəyişdirə biləcək qədər gücləri varmı?

- Zənn etmirəm. Revanşistlər Ermənistan cəmiyyətini öz tərəflərinə çəkə bilmirlər. Öz tərəflərinə çəkdikləri separatçılar da qətiyyətli mövqe tutmurlar. Üstəgəl, vaxtilə hakimiyyətdə olmuş bu şəxslərin Ermənistana vurduqları zərər göz qabağındadır. Paşinyanın isə cəmiyyətə cəlbedici görünən sosial-iqtisadi layihələri var. İndi bura imzalanacaq sülh müqaviləsinin gətirəcəyi qazancları da əlavə etsək, revanşistlərin heç bir şansı qalmır. Videogörüntülərdən də məlum olur ki, Ermənistanın ən müxtəlif şəhər və kəndlərinə gedən revanşistləri yerli əhali isti qarşılamır, əksinə, qəzəblə qarşılanırlar. Hətta qadınlar onları əllərində qazanlarla qovurlar. Açıq şəkildə Paşinyanı müdafiə etdiklərini söyləyirlər.

Hazırda Nikol Paşinyanın ölkə daxilində elektoral bazası 60 faizdən çoxdur. Bəlkə də son etirazlar fonunda daha yüksəkdir. Çünki Paşinyan ölkəni çapıb-talayan cinayətkarları zərərsizləşdirib, müəyyən qədər əhaliyə nəfəs almağa imkan yaradıb.

Qənaətimə görə, Paşinyanı küçə etirazları ilə devirmək, sui-qəsd yolu ilə aradan götürmək mümkün deyil. Çünki Paşinyanı Avropada Birliyindən “müşahidə missiyası” adı altında göndərilmiş keçmiş hərbçi və kəşfiyyatçılardan ibarət böyük bir missiya qoruyur. ABŞ-nin da bu yöndə gördüyü tədbirlər var. Belə bir durumda sui-qəsd təşkil etmək çox çətindir. Nikol bundan sonra ölkədə prezident idarəetmə sistemini tətbiq etmək fikrindədir. Bundan sonra bütün ipləri bir əldə saxlayacaq.

- Revanşist hərəkata rəhbərlik edən keşiş Baqrat Qalstanyan mayın 26-da keçiriləcək “izdihamlı mitinq”də və bundan sonra hakimiyyətə qarşı sərt addımlar atacaqlarının anonsunu verib. Ermənistan hökumətinin mətbu orqanları da, revanşistlərin təxribat törədə biləcəkləri barədə xəbərdarlıq edib. Söhbət nə kimi təxribatlardan gedir, Paşinyan belə bir gəlişməyə hazırdırmı?

- Məncə, hazırlıqlıdır. Hansısa təxribata əl ata bilərlər, amma bu, heç nəyi dəyişdirməyəcək. Xüsusən də bu cəhdlər cəmiyyətdə heç bir nüfuzları qalmayan qüvvələrdən gələcəksə... Digər yandan, hakimiyyəti təxribatla, sui-qəsdlə, hansısa avatürist addımlarla ələ keçirmək dövrü çoxdan arxada qalıb. Bu başıboş keşiş heç nə edə bilməyəcək, axırda təxribatçı fəaliyyətlərinə görə tutub həbsə atacaqlar, bundan sonra özü də rahatlaşacaq. Paşinyan artıq prosesləri səngidə bilib, bir az sonra tam yatırılacaq.
Ardını oxu...
Ermənistan sərhədçilərinin Azərbaycanla sərhədin demarkasiya olunan Qazax-Tavuş istiqamətinə yerləşməsi prosesi gedir. Ermənistan mediası hərbçilərin ərazidə xidmətə başlaması barədə fotolar yayıb. Bildirilir ki, Tavuşdakı Rusiya hərbçilərini erməni sərhədçilər əvəzləyiblər.

Bununla yanaşı, ötən həftə Ermənistanın Baş nazirinin Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən isə bildirilmişdi ki, Ermənistan və Azərbaycan sərhədçiləri sərhədin demarkasiya olunmuş hissəsində yaxın günlərdə xidmətə başlayacaqlar. Məlumatda qeyd olunub ki, hər iki tərəfin – Ermənistan və Azərbaycanın sərhədçiləri razılaşdırılmış sərhədə yaxın 8-9 gün ərzində yerləşdiriləcək.

“Həssas yer olan Kirantsda isə sərhədçilərin yerləşməsi bir qədər vaxt alacaq, burada müəyyən detalları dəqiqləşdirməyə ehtiyac var”, - Ermənistanın rəsmi açıqlamasında bildirilib.

Azərbaycan tərəfindən hələlik sərhədçilərin xidmətə başlaması barədə rəsmi açıqlama verilməyib. Bununla belə, mayın 25-dək sərhədçilərin demarkasiya olunan hissədə xidmətə başlamalıdırlar. Hər iki ölkənin demarkasiya üzrə komissiyalarının imzaladıqları protokola əsasən, sərhədlər Qazax istiqamətində müəyyənləşib və sərhədçilər mayın 25-dək xidmətə başlamalıdırlar.

Sərhədçilərin demarkasiya olunan ərazilərdəki xidməti, təhlükəsizliklə bağlı bir sıra suallar var. Xidmətin silahla, yaxud silahsız həyata keçirilməsi sualı da aktualdır. Eyniz aamnda, bəziləri iddia edirlər ki, erməni sərhədçilər təxribat törədə bilərlər.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran hərbi ekspert Elxan Şıxəliyev deyib ki, ən azından Azərbaycana qaytarılan Qazaxın dörd kəndi istiqamətində delimitasiya və demarkasiya prosesi yekunlaşıb:

- Bu hissədə sərhəd dirəklərinin basdırılması və hər iki tərəfin komissiyasının imzaladığı protokolla sərhəd müəyyənləşib. Yeni sərhəd yaranıbsa, hər iki tərəf o istiqamətlərdə təhlükəsizliyin təminini sərhədçilərə həvalə etməlidirlər. Mayın 25-dək hər iki tərəfin sərhədə sərhədçilərin yerləşdirməsi planlanıb. Ermənistan artıq sərhədçilərini yerləşdirdiyini elan edir, nümayiş etdirirsə, burada bir problem yoxdur. Yəqin ki, Azərbaycan Sərhəd Xidməti də müəyyən olunmuş sərhədə hərbçiləri yerləşdirir və xidmətin təşkili, həyata keçirildiyi barədə açıqlama olacaq.

Bəzi istiqamətlərdə sərhəd telləri də quraşdırılıb. Bu tellər sərhəddə “şəffaf zolaq” anlamı verir. “Şəffaf zolaq” o deməkdir ki, hər iki tərəfin müvafiq qurumları razılaşdırırlar ki, hər iki tərəfdə sərhədçilər xidmət apararkən hərəkət edəcəklər.

- Bu hərəkət silahlı, yoxsa silahsız olmalıdır?

- Bu, razılaşmadan asılıdır. Harada silahlı, harada silahsız hərəkət ediləcəyi razılaşdırılır. Amma hərbçilər “şəffaf zolaq”da hərəkət edərkən- silahlı, yaxud silahsız, hansısa bir insidentin yaşanmaması da razılaşdırılır. Hesab edirəm ki, komissiyalar bu məsələləri də razılaşdırıblar. Bundan sonra sərhəddə Azərbaycan və Ermənistan sərhədçilərini görəcəyik. Harada tel əngəlləri varsa, o əngəllərin arxasında, harada yoxdursa, sərhəd dirəklərinin yaxınlığındakı marşrutlar üzrə hərbçilər hərəkət edəcəklər. Bu zaman erməni və Azərbaycan sərhədçiləri bir-birlərini yaxından görəcəklər, müşahidə edəcəklər. Bununla da, demək olar ki, Azərbaycanla Ermənistan arasında kiçik də olsa, bir hissədə sərhəd müəyyənləşib, demarkasiya başa çatıb.

- Bu hissəyə təhlükəsiz sərhəd demək olarmı?

- Əlbəttə, demək olar. Əgər təhlükəsizliyə qarşılıqlı zəmanət verilməmiş olsaydı, o zaman heç bir tərəfin sərhədçiləri orada xidmət həyata keçirə bilməzdilər. Ermənistan sərhədçiləri orada Azərbaycana qarşı hansısa təxribat törətmək cəhdi olarsa, onun qarşısını almalıdırlar. Azərbaycan tərəfindənd ə mümkün ola biləcək hər hansı müdaxiləyə Azərbaycan sərhədçiləri imkan verməyəcəklər. Bu, təmin olunmalıdır. Bizim Rusiya, Gürcüstan, İranla sərhəd xidməti necə təşkil olunurdusa, Ermənistanla da sərhədin müəyyən olunmuş hissəsində xidmət o cür təşkil olunmalıdır və olunacaq.

- Ermənistanda yayılan məlumatlara görə, sərhədçilərin orada silahlı olub-olmaması dəqiqləşdirilir. Ümumiyyətlə, bu məsələyə yanaşma necə olmalıdır?

- Düşünmürəm ki, xidmət silahsız təşkil olunmalıdır. Ümumiyyətlə, qərar qəbul olunarkən Ermənistan diktə edə bilməz ki, xidmət silahsız olsun. Ola bilsin ki, Ermənistan tərəfi silahsız xidmətdə maraqlıdır. Çünki onlar sərhədçilərinə, hərbçilərinə o qədər də güvənmirlər, hansısa hərbçinin təxribata yol verə biləcəyini ehtimal edirlər. Ermənistan istəyirsə, o zaman silahsız xidməti təşkil edə bilər. Amma Azərbaycan tərəfinin silahsız xidmət təşkilinə ehtiyac olduğunu düşünmürəm.

- Ermənistanda sərhədlərin delimitasiyasına qarşı etirazlar başlayıb. Keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” adlı hərəkatın etirazları delimitasiyaya mənfi təsir edə, prosesin qarşısını ala bilərmi?

- Düşünmürəm ki, bu etirazlar Ermənistanda hakimiyyət dəyişikliyi ilə nəticələnəcək. Keşiş Tavuşdan İrəvana yürüş etdi və ilk gün özlərinin dediklərinə əsasən, 30 min adam meydana çıxdı. İndi isə etiraz edənlərin sayı 300-ə düşüb. Keşişin başlatdığı etirazın əslində keçmiş hakimiyyət nümayəndələrinin, konkret olaraq, sabiq Prezident Robert Köçəryanın təşkil etdiyi erməni cəmiyyətinə məlum oldu. Ermənilərin əksəriyyəti isə Köçəryanın başçılıq etdiyi qüvvələrə nifrət edirlər, onları hakimiyyətə gətirmək niyyətində deyillər. Ona görə də əminliklə demək olar ki, bu etirazlar nəticəsiz qalacaq. Revanşist adlandırılan qüvvələr hakimiyyətə gəlsələr belə, reallığı dəyişə bilməyəcəklər. Bunu onların özləri də, erməni cəmiyyəti də yaxşı bilir. Ermənistanın gücünü bilirlər. İndiki hakimiyyət isə prosesin davam edəcəyini bəyan edir. Belə olan halda, delimitasiya prosesinin pozulması gözlənilmir. Hər halda, demarkasiya olunmuş, müəyyənləşmiş sərhədlə bağlı bundan sonra hansısa problem gözlənilmir.
 

Ardını oxu...
Teleaparıcı Aytən Leylaqızı Moderator.az-ın suallarını cavablandırıb.

-Aytən xanım, bu günlərdə “Speys” televiziyasında birlikdə çalışdığınız həmkarınız Zamirə Dadaşova telekanal rəhbərliyinə məhkəmədə qalib gəldi. Yəqin ki, siz də həmkarınıza dəstək olanlar sırasında idiniz..?

-Zamirənin uğuruna onun yanında olan hər bir kəs sevindi. Mən düşünürəm ki, haqq-ədalət öz yerini tapdı. Zamirənin əgər səhv bir addımı yoxdursa, niyə də qalib gəlməsin ki? Sona kimi də gedib, öz mərdliyini göstərdi! Onu alqışlayıram. Telekanala qayıdacaq yoxsa yox onu bilmirəm. Bu artıq öz seçimi olacaq. O ki, qaldı mənim “Speys” lə əlaqələrimə.. Bu haqda ümumiyyətlə heç nə danışmaq istəmirəm! Bircə onu deyə bilərəm ki, ora illərimi həsr etdim, veriliş ərsəyə gətirdim və kimlərsə hazıra-nazır gəldilər. Həyatdır da. Həyat bumeranqdır. Yaşayıb nələr görəcəyimiz hələ qarşıdadır. Pis insanları görüb həyatdan küsmək olmaz. Həyatda çətinliyim olsa da Allah hər zaman üzümə qapı açıb. Necə ki, illər əvvəl nazirlərimizdən birinə problemimlə bağlı müraciət etdim və o da yardım əlini uzatdı. Allah ona ömür versin. Onun yaxşılığını unutmaram. İşimin düzəlməyi mənim üçün möcüzə oldu.

-Mədəniyyət telekanalında da səhv etmirəmsə aparıcılıq etmisiniz...

-Orada “Səhər çağı” verilişinə aparıcılıq edirdim. Dövlət kanalı idi, tam başqa format idi. Mən canlı verilişləri sevirəm. Ətrafımda olan dost-tanış deyir ki, Aytən, sən canlı veriliş üçün yaranmısan. Zapis verilişə də çəkiləndə elə danışıram ki, sanki canlı efirdir. Bu da işimi sevməyimdən irəli gəlir. Əslində özümü heç vaxt şou sahəsində görməmişəm. Düzdür, dostlarımız var, çörək kəsmişik, salamlaşıb görüşürük, amma şou-biznesdən kənaram.

-Niyə hələ də efirlərdə sizi aparıcı kimi görmürük?

-Sözün düzü başım bir az qarışıqdır. Vaxt gələr səbəbini də deyərəm. Bir neçə telekanaldan dəvət gəldi, sadəcə olaraq özümü orada görmədim. Hiss etdim ki, o verilişlərin ömrü qısa olacaq. Həmin insanlara dostcasına yox dedim. Nə vaxtsa efirə qayıtsam uzunömürlü bir layihə ilə qayıdaram. Düzdür, efir məkanında savadlı aparıcılarımız da var. Amma aparıcıların 80 faizinin üzünə şans gülüb. Elə aparıcılar var ki, onları vaxtilə televiziyaya adi işçi kimi işə düzətmişəm, amma həyat üzlərinə gülüb və aparıcı olublar. Bəlkə də onların savadını araşdırsanız heç savadları belə yoxdur. Mənim yaxşılığımı itirənlər çox olub. Elələri var ki, onları tanış edib, ailə həyatı qurmaqlarına da səbəb olmuşam, amma sonradan onlardan özümə layiq olmayan münasibəti görmüşəm. Əslində bunları demək istəmirdim, sadəcə məcbur oldum. Bu münasibətimin qarşılığı belə olmalı deyildi.

-Tək şans deyil.. Əlbəttə ki, əksər hallarda tapşırıq və sevgili də rol oynayır.

-Bir insanı nə qədər tapşırmaq olar axı?! O insanın içində heç nə yoxdursa.. Zatən get-gedə ələnəcək. Tanınmaq başqadır, sevilmək başqa! Mən istəmirəm bütün Azərbaycan məni tanıyıb mənfi rəylər yazsınlar. Məni 10-15 insan istəsin, amma sevərək istəsin, xoş sözlər yazsınlar. Heç kimlə qalmaqalım olmayıb, açıq-saçıq danışmamışam, gündəmi zəbt edəcək açıqlamalarım olmayıb. Bunu edə bilmərəm, özümə görə çərçivələrim var. Öz mərdliyimi də, haqlı olduğum tərəflərimi də çox sevirəm. Heç vaxt yaltaq olmamışam, heç kimə quyu qazmamışam. Hər kəsə dəstək olmağa çalışmışam. Bəlkə də Allah məni özü kənara çəkib ki, kimin kim olduğunu yaxşı bilim. Ona görə də özümlə fəxr edirəm.

-“Xəzər dairəsi” verilişində efirə çıxıb, əri tərəfindən atılan qadına dəstək olmağınızı çox qınadılar ki, gərək aşkarda yox, gizlində bu yardımı edərdi..

-Qadın əri tərəfindən atılmışdı, qucağında da çiləsi çıxmayan uşağı var idi. Qadın çox çarəsiz idi, həmişə də çarəsizlərin, zəiflərin yanında olmaq istəmişəm. Vəkil Şəfiqə xanıma qarşı bir az aqressivləşib verilişə zəng edib dedim ki, ona deyin xanımın üstünə çox getməsin. Mənə təklif etdilər ki, bəlkə verilişə gələsən? Dedim ki, xeyr, pulu verib gedəcəm, verilişə çıxmaq istəmirəm. Lalə xanım Azərtaş dedi ki, xeyr, gəlib pulu canlı efirdə təqdim etsin. Utana-utana gəlib pulu həmin xanıma təqdim etdim. Bir az Şəfiqə xanımla sözüm çəp gəldi. 2-3 efirdən sonra gedib könlünü aldım. Burdan dostlarıma da demək istəyirəm ki, sağ olsunlar ki, o qadına kömək etməkdə mənə yardımçı oldular.

-Həyatınızın dönüş nöqtəsi nə vaxt olub?

-Anamı 2012-ci ildə itirmişəm. Cəmi 26 yaşım var idi. Televiziyadakı dostlarım o illərdə mənə dəstək oldular. Amma bu qəlbimdə bir yaradır, köz də bağlasa sağalmır. Evin üçüncü övladı olmuşam, hər yerə də onunla getmişəm. Qəfil bildik ki, xəstədir, 1 ilin içində dünyasını dəyişdi. Allah heç bir kəsi valideynləri ilə sınağa çəkməsin. O illərdə yaşadığım travma indi də mənimlədir. Anamı itirdiyim gündən sonra böyüməyə başladım. Anamın adını televiziyada özümə təxəllüs götürmüşəm. Bəzən rəylərdə müzakirələr təxəllüsümlə bağlı olur. Bizim izləyicilər səbəbi bilmədən fikir bildirməyi çox sevirlər. Bir araşdırın, görün ki, bu qız niyə o adı götürüb?! Şərhlər məni o qədər məyus edir ki, bəlkə də buna görə müsahibələrdən qaçıram. Elə məqamlar olub ki, həyatdan küsmüşəm, incimişəm. Bitdi dediyim yerdə yenidən başlamışam. Quyunun dibinə düşmüşəm, özüm-özümü ordan qaldırmışam. İşsizlik əlbəttə ki, məni sıxır, depressiyaya salır, küsürəm, inciyirəm, özümə qapanıram. Hazırda tədbirlərə, toylara aparıcı qismində dəvət alıram, amma televiziyanın yeri mənim üçün başqadır. Az əməkhaqqı alsaq da televiziyanı sevirəm. Televiziyanın spesifik qoxusu var, onu yalnız orada çalışan insanlar bilir.
 
Ardını oxu...
Son illərdə Azərbaycanda daşınmaz əmlak bazarında yaşanan qiymət artımı alıcıların ciddi narazılığına səbəb olub. Məsələnin səbəbləri və qiymət artımına nəzarət mexanizminin mümkün olub-olmaması barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Banco.az-a müsahibə verib:

Vüqar bəy, Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin fantastik həddə artmasına səbəb nədir?

Bilirsiniz, bu səbəblərə bir tərəfdən baxılmamalıdır, kompleks şəkildə yanaşılmalıdır. Qiymət artımının səbəbləri müxtəlifdir. 30 ildən sonra torpaqlarımız işğaldan azad edilib və orda infrastrukturun bərpası prosesi başlayıb. Hazırda bununla bağlı ölkəyə investisiya axını müşahidə edilir. Ölkədə iqtisadi inkişaf, rifah halının yüksəlməsi üçün şərait yaranıb. Bundan əlavə, regionda baş verən hadisələr eləcə də, Ukrayna və Rusiya arasındakı müharibə Azərbaycana insan axının üz tutmasına səbəb oldu. Bu axından sonra daşınmaz əmlak sahəsinə investisiya qoyulması istiqamətində çox ciddi addımlar atılıb.
Azərbaycanın yerli biznesmenləri, habelə, xaricdən ölkə bazarına müraciət edən investorlar da daşınmaz əmlakı daha cəlbedici investisiya obyekti kimi görürlər. Təbii ki, bu da qiymətlərin artımına xüsusi təsir göstərir.

Vüqar bəy, təklif edilən mənzillər çoxdur, amma alıcı da o təkliflərə uyğun büdcəyə sahib deyil. Alıcılıq qabiliyyətinin artması üçün bazara hansı təkliflər verilə bilər?

Son vaxtlar inşaat materiallarının qiymətində baş verən artım, manatın alıcılıq qabiliyyətində müşahidə edilən dəyişikliklər də qiymətlərin artmasına bu və ya digər səviyyədə təsir göstərir. Hazırda son üç ilin nəticəsinə əsasən qeyd edim ki, bazara edilən təkliflər yüksək qiymətlə müşayiət olunmaqdadır. Bu da təbii durğunluğun yaranmasına səbəb olur. Amma biz bunu durğunluq kimi xarakterizə etmirik.

Çünki hal-hazırda alqı-satqı prosesləri baş verir. İpoteka və Kredit Zəmanət Fondunun ipoteka ayırmaları zamanı bazarda çox ciddi canlanma baş verir. Sadəcə müəyyən dövrlər olur ki, bazarda durğunluq hiss olunur. Bu da təbiidir. Çünki bütün bazarlar kimi daşınmaz əmlak bazarı da dəyişkən bir bazardır. Elə bir dövr olur ki, orada aktivlik baş verir, ya da əksinə passivliklə proseslər müşayiət olunur.
Qiymətlərin yüksək olması o demək deyil ki, bu bütün alqı-satqı faktlarına təsir göstərir. Çünki Azərbaycanın rayonları üzrə, o cümlədən Bakının rayonları üzrə müəyyən formalaşmış qiymətləri var.
Hər hansı bir fors major hadisə baş verməzsə, qiymətlər ciddi dəyişikliyə uğramayacaq.
Hazırda alqı-satqı prosesləri aparılır. Hər il ölkə iqtisadiyyatının inkişafı tendensiyası qeydə alınır. Manatın alıcılıq qabiliyyətinə təsiri də danılmazdır. Ötən il bazara 100 min manata təklif olunan mənzil bu gün 110 -115 minə təklif olunur. Bu da iqtisadi cəhətdən təbii bir prosesdir.

Necə düşünürsünüz, qiymətlərin yüksəlməsinə qarşı alternativ daha ucuz layihələrin həyata keçirilməsi mənzil arzusunda olanların problemlərinə kömək edə bilərmi?

Alıcıların daha çox qiymətlərin yüksək olmasından narazılıq etməsi normaldır. Çünki əksər vətəndaşların mövcud əməkhaqları və o cümlədən ailə büdcəsi müstəqil şəkildə mənzil almaq imkanlarına şərait yaratmır. Bu baxımdan Azərbaycan dövləti sosial yönümlü müxtəlif proyektlərlə vətəndaşların mənzil təminatının yaxşılaşdırılmasına yardımçı olur. Bura uzunmüddətli və aşağı faizli kreditlərlə mənzillərin əldə olunması daxildir.

Qiymətlərin yaxın zamanda aşağı düşməsi gözlənilirmi?

Qiymətlərin yüksəlməsinin qarşısını almaq mümkün olmayacaq. Çünki həmin qiymətləri bazar özü təyin edir. Sərbəst, azad bazar iqtisadiyyatında hər hansı bir inzibati metodla qiymətləri tənzimləmək olmaz. Sadəcə, burada alternativlər yaradılmalıdır. Daha çox bina inşa olunmalıdır. Burada dövlət sifarişi ilə müxtəlif binaların inşasından söhbət gedir. Eyni zamanda yataqxana tipli binalar tikilərsə, o binalar vətəndaşlara ucuz qiymətə kirayə verilə bilər. Bazara daha çox təklif verilərsə, seçim imkanları artacaq. Bu da əmlak bazarında qiyməti müəyyən mənada tənzimlənmiş olur. Amma hər hansı bir inzibati metodla bunun tənzimlənməsi mümkün deyil.

Son vaxtlar daha çox fərdi yaşayış evlərinə maraq artıb. Səbəblər mövsümü xarakter daşıyır, yoxsa başqa amillər də var?

Fərdi yaşayış evlərinə üz tutanların seçimi komfort və zövq məsələsi ilə bağlıdır. Lakin hər kəs fərdi yaşayış evində yaşamaq istəmir.
Bildiyiniz kimi, son dövrlər bölgədə, o cümlədən qardaş Türkiyədə təbii fəlakətlər, zəlzələlər baş verdi və bu hadisələr insanlarda yüksəkmərtəbəli binalara yox, daha çox fərdi yaşayış evlərinə üstünlük vermək kimi psixoloji amil yaradıb. Buna baxmayaraq, mənzil bazarında tələbat böyükdür. Hesab edirəm ki, qiymətlərin aşağı salınması hər hansı bir metodla mümkün olmayacaq. Bizim proqnozlarımıza görə, alqı-satqı prosesləri əvvəlki qədər çox olmasa da, qarşıda sosial proyektlər var. Bu da daşınmaz əmlak bazarında yenidən canlanma yarada bilər.

Vüqar bəy, şişirdilmiş qiymətlərlə bağlı hər hansı nizamlayıcı mexanizm tətbiq edilə bilərmi?

Qiymətlərin şişirdilməsi ilə bağlı birmənalı demək olmaz ki, bu fakt yoxdu. Bu fakt da var. Çünki bəzi rieltorlar vətəndaşların birbaşa öz mənzillərini bazara təklif etməsinə mane olub, özləri daha yüksək qiymətə həmin mənzilləri bazar təklif edirlər. Bu da əmlak bazarında yeni qiymətlərin formalaşmasına gətirib çıxarır. Bu cür hallar bazarda xaotik bahalanmanın meydana çıxmasına səbəb olur.
Məsələn, bir binada bir mənzil daha ucuz satıldığı halda onun yanındakı digər mənzil daha baha qiymətə satılır. Beynəlxalq praktikada hər bir mənzil almaq istəyən şəxs müəyyən konsaltinq şirkəti ilə müqavilə bağlayır. Həmin şirkət onun üçün müvafiq tələblərə uyğun bir mənzil tapır və çox cüzi bir xidmət haqqı müqabilində mənzil almaq istəyən şəxsə öz təkliflərini verir. Bu daha məqsədə uyğundur, nəinki daşınmaz əmlak sahəsində o qədər də təcrübəsi olmayan şəxslərin birbaşa özünün alqı- satqı prosesinə müdaxilə etməsi.
Vətəndaşlarımız mənzil alanda ya özləri araşdırma aparmalı, ya da bu işləri görən konsaltinq şirkətlərinin köməyindən istifadə etməlidirlər. Konsaltinq şirkəti tərəfindən vətəndaşın mənzil əldə etmək istədiyi ərazidə araşdırma aparılmalıdır. Bu zaman müvafiq tələblərə uyğun mənzillərin neçə manatdan təklif olunduğu müəyyənləşdirməlidir. Araşdırmanın nəticəsində vətəndaş həm uyğun qiymətə mənzil əldə edəcək, həm də süni şəkildə şişirdilmiş qiymətə mənzil almaqdan bir növ sığortalana biləcək.
 
Ardını oxu...
Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Revanşist hərəkata rəhbərlik edən keşiş Baqrat Qalstanyan mayın 26-da böyük mitinq keçirəcəyini və hakimiyyət dəyişikliyinə dair yol xəritəsi təqdim edəcəyini açıqlayıb. Sizcə, revanşistlərin yol xəritəsi onlara cəmiyyətdən geniş dəstək qazandıracaq qədər cəlbedici ola bilərmi?

- Düşünmürəm. Baqrat Qalstanyan və digərləri nə edə bilərdilərsə, onu da etdilər. Sərhəddən yürüşlə İrəvana gəldilər, mayın 9-da orada bir mitinq keçirdilər, vəssalam. Yəni nə potensialları vardısa, hamısını ortaya qoydular. Bu dövrə qədər də onların keçirdikləri etiraz aksiyaları və mitinqləri izdihamlı olmayıb. Son aksiyalarda da təxmimən 20-25 min adam yığıldı. Baqrat müxtəlif qurumları, universitetləri gəzdi, amma ətrafında ciddi etirazçı kütlə toplaya bilmədi. Baqrat yenidən Tavuşa qayıtdı, amma polis onu Kirants kəndinə buraxmadı, sonra təkrar İrəvana döndü, indi də guya müxtəlif siyasi qüvvələrlə danışıqlar aparır.

Əslində Baqratın özünün siyasi ambisiyalarının olduğu ortadadır. Amma Ermənistan konstitusiyası ona hansısa dövlət vəzifəsi, xüsusən də baş nazir postunu tutmasına imkan vermir. Çünki o, həm də Kanada vətəndaşıdır. Açığı, mayın 26-da keçiriləcək mitinqin izdihamlı olacağı və bunun Nikol Paşinyan hakimiyyəti üçün təhlükə yaradacaq ciddi siyasi proseslərə təkan verəcəyi fikrində deyiləm.

- Sizcə, bu revanşist hərəkatı təşkil edənlər – erməni kilsəsi və “Hayastan” blokunun lideri Robert Köçəryan böyük dəstək almayacaqlarını bilmirdilərmi, bilirdilərsə, bu nəticəsiz səyləri nə ilə bağlıdır?

- Hesablamışdılar ki, delimitasiya prosesi gedərkən erməni kilsəsi də prosesə qoşulsa, bu, Ermənistan cəmiyyətinə təsir edə bilər. Həqiqətən də kilsəsinin erməni cəmiyyətindəki rolu kifayət qədər ciddidir. Düşünürdülər ki, bununla kifayət qədər etirazçı kütlə toplayıb hakimiyyəti dəyişmək imkanı əldə edə bilərlər. Amma görünən budur ki, erməni cəmiyyəti hətta kilsəsinin də çağırışlarını qeyri-real hesab edir. Bunun Ermənistana ciddi faydasının olmayacağını anladığından prosesə ciddi dəstək vermədilər.

Fikir verdinizsə, erməni kilsəsi gedişatda siyasi proseslərə qarışmadıqlarını bəyan etdi. Əslində bu, ciddi məqamdan xəbər verir. Çünki kilsə hakimiyyətlə qarşıdurmada ciddi uğur qazanmayacağını gördü, bu səbəbdən də müəyyən qədər geri çəkildi.

- Ermənistanla yanaşı, Gürcüstanda da siyasi fəallıq var. İki ölkədə eyni vaxtda başlayan proseslər eyni ssenarinin tərkib hissəsidirmi?

- Eyni mərkəzdən idarə olunduğunu düşünmürəm. Gürcüstan və Ermənistandakı narazılıqların köklərində tamamilə fərqli məsələlər durur. Gürcüstandakı etiraz aksiyaları daha genişmiqyaslıdır. Tiflisdə hakim “Gürcü Arzusu” Partiyasının “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz edilir. Gürcüstanda ciddi məqamlardan bir də, Prezident Salome Zurabişvilinin etiraz aksiyalarını dəstəkləməsidir. Artıq o, qanuna veto qoyub. Gürcüstandakı proseslərdə kollektiv Qərbin iradəsini müşahidə edirik. Qərbdən müəyyən qədər Gürcüstanın daxili işlərinə qarışma elementləri göründü. Belə ki, Gürcüstana gələn İslandiya və Baltik ölkələrinin xarici işlər nazirləri aksiyalara qatıldılar, açıq şəkildə anti-hakimiyyət etirazlarına dəstək verdilər.

Ermənistana gəlincə, düşünmürəm ki, bu ölkədə baş verənlər cəmiyyətin etirazının təzahürüdür. Həmin aksiyaları keçirənlər müəyyən təbəqəni təmsil edirlər. Onlar yenidən hakimiyyətə can atan revanşist qüvvələrdir, arxalarında da Rusiyanın dayandığı açıq şəkildə görünür.

Hər iki ölkədə baş verənlərin həm məqsədləri, həm də miqyasları bir-birindən ciddi şəkildə fərqlənir. Gürcüstanda aksiyalara 100 min, Ermənistanda isə təxminən 20 min adam qatıldı. Fərqli situasiyalardır. Proseslərin gedişi də göstərir ki, hər iki ölkədə hakimiyyət kifayət qədər möhkəm və dayanıqlıdır. Belə aksiyalarla Paşinyan hakimiyyətini devirmək imkanları olduqca məhduddur, müxalifətin buna potensialı çatmır. Bu durumda başqa üsullara əl ata bilər ki, bunun hakimiyyətə müəyyən təhlükələr yaratması mümkündür.

Gürcüstan hakimiyyəti təzyiqlərin qarşısında kifayət qədər möhkəm durur. Artıq müxalifət də, onun başında duran prezident də bildirdi ki, məqsədləri hakimiyyəti devirmək yox, payızda keçiriləcək seçkilərlə iqtidara gəlməkdir. Hesab edirəm ki, Gürcüstanda qarşıdurma bir qədər də davam edəcək. Nəticədə “Gürcü Arzusu” hökuməti prezidentin veto qoyduğu qanun layihəsinin üzərində işləyib, yenidən səsverməyə çıxaracaq. Qanun layihəsi bu dəfə də qəbul edilsə, bu o deməkdir ki, prezidentin vetosu keçmir. Etirazlar bundan sonra da davam eləsə də, bir müddət sonra səngiyəcək və əsas diqqət seçkilərə yönələcək.

- Cənubi Qafqaz ətrafında gərginliyin artdığı vaxtda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan telefon danışığı apardı. Türkiyə lideri Azərbaycana dəstəyini yenilədi, üstəgəl, bundan sonrakı publik çıxışında Ərdoğan ölkəmizə geniş yer ayırdı. Sizcə, indiki məqamda Türkiyədən gələn mesajlar və Ərdoğanın Azərbaycana dəstəyini yeniləməsini necə izah etmək olar?

- Sizin də qeyd etdiyiniz kimi, hazırda Cənubi Qafqazda vəziyyət kifayət qədər mürəkkəbdir. Regionun iki ölkəsində - Gürcüstan və Ermənistanda hakimiyyətlər əleyhinə etiraz aksiyaları keçirilir. Faktiki olaraq, bu proseslərin arxalarında duran qlobal qüvvələr bir-birlərinə qarşı olan tərəflərdir. Bir tərəfdə Rusiya, digər tərəfdə kollektiv Qərb dayanır. Cənubi Qafqazda rəqabət məhz bu qüvvələr arasında gedir, bu da vəziyyəti gərginləşdirən əsas amildir.

Azərbaycan artıq özünün ən ciddi problemlərini, ərazi bütövlüyü və suverenliklə bağlı məsələlərini həll edib, o cümlədən prezident seçkilərini keçirib, qarşıda parlament və bələdiyyə seçkiləri var. Bunlarla yanaşı, bizi noyabrda böyük bir tədbir gözləyir, söhbət COP29-dan gedir. O dövrə qədər bölgədə vəziyyəti gərginləşdirmək istəyən qüvvələr və buna yönəlik cəhdlər ola bilər. Həmin qüvvələrin sırasında Fransanın adını xüsusi qeyd etmək istəyirəm. Bütün bunlar bölgədə müəyyən narahatlıq yarada bilər.

Prezident Ərdoğanın bəyanatı və Azərbaycan lideri ilə telefon danışığı iki ölkənin müttəfiqliyinə söykənən məsələlərdir. Bu mesajlar bölgəni qarışdırmağa cəhd edən qüvvələrə yönəlib. Xüsusən də İran Prez
Ardını oxu...
Vətəndaşların öz hüquqlarını və qanunu bilməməsi tikinti ilə bağlı icra hakimiyyətinin qeyri-qanuni tələblərinin normal hala çevrilməsinə səbəb olur. Baxmayaraq ki, son zamanlar Şəhərsalma və Tikinti Məcəlləsinə edilmiş dəyişiliklər, dövlət başçısının müvafiq sərəncamları və tapşırıqları tikinti sahəsində qanunsuzluqların qarşısını almağa hədəflənsə də tikinti sahəsində icra hakimiyyəti orqanlarının hələdə özbaşınalığı davam etməkdədir.

Paytaxtın bəzi qəsəbələrində ev tikmək üçün vətəndaşlar icra hakimiyyətlərinə müəyyən miqdar pul ödəyirlər. Əks halda yarımtikilinin sökülməsi ilə hədələnirlər.

Bu nə dərəcədə qanunidir? İcra hakimiyyətlərinin bu formada vətəndaşdan pul alması doğrudur?Ümumiyyətlə, həyət evi tikən vətəndaş kiməsə pul ödənişi etməlidir icazə almaq üçün?

Hüquqşünas Ramil Süleymanov Referans.Az-a verdiyi açıqlamada vətəndaşların fərdi ev tikintisi zamanı keçməli olduqları proseslərdən danışıb.

“Vətəndaşlar zaman-zaman fərdi həyət evlərinin tikilməsi ilə bağlı icra hakimiyyətlərinin tabeliyində olan Memarlıq və Şəhərsalma idarələrinə və ya icra hakimiyyətlərinin səlahiyyətli nümayəndələrinə müəyyən məbləğdə pulları ödəmək məcburiyyətində qalırlar. Qeyd edim ki, fərdi yaşayış evlərinin tikilməsi ilə əlaqədar vətəndaşlar birinci növbədə tikinti aparmaq istədikləri ərazidə mütləq şəkildə torpağın təyinatına fikir verməlidirlər. Həmin torpağın təyinatı mütləq fərdi yaşayış evləri üçün nəzərdə tutulmuş, yəni, yaşayış məntəqələri kateqoriyasında olmalıdır. Digər tərəfdən isə fərdi yaşayış evlərinin tikilməsinin icra olunduğu torpaq xüsusi mülkiyyətdə olmalıdır. Əgər torpaq icarə müqaviləsi əsasında vətəndaşlarda olarsa, bununla bağlı torpaq mülkiyyətçisi olan bələdiyyə və ya icra hakimiyyətindən fərdi yaşayış evinin tikintisinin aparılamsı ilə bağlı məlumatlandırma icraatı aparılmalıdır”.

Hüquqşünas bildirib ki, bu məlumatlandırma icraatının aparılması Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 80-ci maddəsinə uyğun həyata keçirilir.

“Şəxsin mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində mərtəbələrin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikilməsinə məlumatlandırma icraatı tətbiq olunur. Bununla bağlı vətəndaş tikinti layihəsini memar tərəfindən çəkdirir və təsdiq etdirir, torpağın sənədlərini və özünün şəxsiyyət vəsiqəsini müvafiq icra hakimiyyətinə göndərir və icra hakimiyyəti bununla əlaqədar etirazının olub-olmaması barədə məlumat verir. Əgər 10 gün ərzində hər hansı bir irad və yaxud da etiraz daxil olmazsa, vətəndaş tam normal şəkildə tikintisini aparmalıdır. Bundan başqa qeyd etmək istəyirəm ki, vətəndaşlardan hətta qanunsuz fərdi yaşayış evlərinin tikintisinin aparılmasına görə pul tələb olunması rüşvət cinayətinin birbaşa predmetidir”.

Ramil Süleymanov son olaraq qeyd edib ki, vətəndaşlardan ev tikintisinə görə bu formada pul tələb edən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311-ci maddəsinin təsiri altına düşür və burada vəzifəli şəxsin qanunsuz hərəkətləri ilə rüşvət almaya görə 4 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Fidan Vəlisoy
 
 
 

   
Ardını oxu...
"İlk baxışda İran Prezidentinin daşındığı helikopter öz yaşı və modelin köhnəliyi ilə diqqət çəkir".

Bunu Türkiyənin "Haber Global" telekanalının studiyasında qonaq olan yerli ekspert İlyas Bozkurt bildirib.

O, həmçinin hava şəraitinin uçuş üçün uyğunsuz olduğunu və buna rəğmən helikopterin havaya qalxdığına təəccüblənib.

Ekspert efirdə qəza ilə bağlı daha bir neçə diqqətdən qaçan məqamları açıqlayıb.

Daha ətraflı "Haber Global"ın süjetində:

 
 
 

Dünyapress TV

Xəbər lenti