Ardını oxu...
Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilər yaxınlaşdıqca hərarət də yüksəlməkdə, bu arada şayiələr də yayılmaqdadır. VI çağırış Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatları Siyavuş Novruzov və Sevinc Hüseynovanın növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürə bilməyəcəkləri barədə məlumata artıq reaksiya verilib, məsələyə aydınlıq gətirilib. Qeyd edək ki, yayılan xəbərlərdə bildirilirdi ki, adıçəkilən deputatların adları YAP-ın Mərkəzi Seçki Qərargahının tərkibinə daxil edildiyi üçün guya onlar hakim partiyanın namizədlərinin siyahısına salınmayıblar.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Yeni Müsavat”a açıqlamasında həm özü ilə bağlı xəbərə geniş münasibətini açıqladı, həm də seçki ətrafında digər suallarımızı cavablandırdı.

- Yeni Azərbaycan Partiyası bütün dövrlərdə hakimiyyətə seçki yolu ilə gəlib. Seçkilər olan müddətdə də, həmçinin 1993-cü ildə keçirilən prezident seçkilərində Ümummilli liderin səlahiyyətli nümayəndəsi olmuşam. Ondan sonrakı dövrlərdə də səlahiyyətli nümayəndə, Seçki Qərargahının üzvü, eyni zamanda müəyyən dövrlərdə də Seçki Qərargahına rəhbərlik etmişəm. Eyni zamanda da paralel olaraq mən parlament seçkilərində Milli Məclisə üzv seçilmişəm. Bu Seçki Qərargahı fərqlidir. Bu, MSK deyil. MSK-ya seçilənlər təbii ki, namizəd ola bilməz. Amma hər bir partiyanın seçki qərargahı var və seçki qərargahında da elə insanlar olmalıdır ki, onun seçki prosesindən anlayışı olsun, onu idarə eləsin, tövsiyələrini versin. Dediyim kimi, mən Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının üzvüyəm, seçki komissiyasının deyil. Bu xəbər yalandır. Seçki komissiyasının tərkibinə daxil edilsəydim, onda namizədliyimi irəli sürə bilməzdim. Amma indiki halda namizədliyimi irəli sürə bilməyəcəyim haqda xəbər kökündən yanlışdır. Mərkəzi Seçki Qərargahının üzvləri arasında elə deputatlar da olmalıdır. Bu xəbər mənə qarşı açıq-aydın təxribatdır. Seçki qərargahında həm seçki planı hazırlanır, eyni zamanda tədbirlər planı yazılır. Ondan sonra məşvərətçi səs hüquqlu üzvlər, müşahidəçilər təyin olunur. Seçki prosesi partiya şəklində iştirak etmək üçün genişdir. YAP İdarə Heyəti yığışdı və Seçki Qərargahının yaradılması barədə qərar qəbul etdi. Bundan sonra səlahiyyətlər Seçki Qərargahına keçdi. Seçki proseduruna rəhbərlik etmək artıq Mərkəzi Seçki Qərargahının hüququdur. Həm namizədlərin irəli sürülməsi, həm imza toplanılması, təbliğat-təşviqat məsələləridir, təbliğat materiallarının çap olunması, paylanması, seçki günü müşahidənin aparılması kimi bütün proseslər seçki qərargahının funksiyasına daxildir. Biz də Seçki Qərargahında təmsil olunuruq. Bu, YAP rəhbərliyi tərəfindən çox yüksək etimaddır ki, bu prosesdə iştirak etmək bizə həvalə olunub. Qərargahın rəhbəri və üzvləri var, biz də bu prosesdə iştirak edirik.

- Yəni bu, o demək deyil ki, sizin adınız YAP-ın namizədlər siyahısında olmayacaq, eləmi?

- Qətiyyən. Əksinə, bu, daha da stimul verdi. Bu, tamam başqa məsələdir. Hətta mən burada digər namizədlərin məsələləri ilə məşğulam.

- Aydınlıq gətirdiyinizə görə təşəkkür edirəm. Yeri gəlmişkən, YAP-ın namizədlər siyahısı nə zaman açıqlancaq? Demək olar ki, ortaya iddia qoymaq istəyən hər kəs hakim partiyanı gözləyir.

- İşlənilir. Yaxın vaxtlarda keçiriləcək növbəti toplantımızda artıq YAP-ın namizədlərinin irəli sürülməsi ilə bağlı qərar qəbul ediləcək.

- Belə məlumat var ki, növbəti həftənin birinci günü açıqlana bilər...

- Vaxtı dəqiq deyə bilmərəm.

- Yəqin ki, namizədlərlə bağlı son sözü YAP-ın sədri, cənab Prezident deyəcək, elə deyilmi?

- Əlbəttə. Yekun qərar YAP-ın sədrinə məxsusdur, İdarə Heyəti üzvlərinin, yaxud Seçki Qərargahının deyil. Son qərarı partiyamızın sədri deyəcək.

- YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, hakim partiya əvvəlki dövrlərdə olduğu kimi, bəzi dairələrdə yenə də müstəqil namizədləri dəstəkləyəcək. Bu qərar neçə dairəni əhatə edə bilər?

- Seçki prosesində həmişə belə hallar olub. Vaxtilə rəhmətlik Fəttah müəllimin (Heydərovun - E.P.), Zeynəb Xanlarovanın və Səttar Möhbalıyevin dairəsindən namizəd irəli sürmürdük. Respublika əhəmiyyətli insanlar olduqlarına görə, bu insanlara alternativ vermirdik. Sonradan bir dəfə olub ki, Zahid Oruc və Fəzail Ağamalıya da - bizə yaxın partiyaların nümayəndələri olduqlarına görə - biz onlara alternativ irəli sürməmişik. İndi də elə insanlar ola bilər ki, YAP onlara qarşı alternativ irəli sürməsin. Siz YAP-ın qüdrətini bilirsiniz. Namizəd irəli sürdüsə, deməli, orada proseslər tamam başqa istiqamətdə gedəcək. Ona görə də biz baxırıq... Amma yerdə qalan dairələrin əksəriyyətindən YAP öz namizədlərini irəli sürəcək və partiya şəklində iştirak edəcək.

- Sirr deyilsə, partiya bu dəfə neçə deputat mandatını hədəfləyir?

- Təbii ki, hər dəfə çox olmalıdır. Keçən tərkibdəki say öz yerində, amma budəfəki say əlbəttə ki, çox olmalıdır.

- Yaşlı deputatlar, yaxud gənc olub, özünü doğrultmayanlarla bağlı mövqe, münasibət YAP-da nədən ibarətdir?

- YAP tədqiqatlar aparır. İstər mətbuatda, istər debatlarda, istər parlamentdəki çıxışı, istərsə beynəlxalq təşkilatlarda iştirakı, seçiciləri ilə münasibətləri, regionun ona olan münasibəti araşdırılır. Bütün bu tədqiqatlar əvvəlcədən aparılır, elə deputatlar seçilən gündən YAP-dakı xüsusi şöbə bu məsələlərlə məşğul olur.

- Bəs seçicilər arasında deputata münasibətlə bağlı sorğular keçirilirmi?

- Əlbəttə. Bunsuz olmaz ki... Bizim rayon təşkilatlarımız da dəqiqləşdirirlər ki, kim necədir? Bu, yaş məsələsi deyil, ancaq fəaliyyət məsələsidir.

- Bu dəfə sizin ehtimallarınız və mülahizə, məlumatlarınız nə deyir: YAP-ın tərkibində nə qədər yenilənmə ola bilər, 30-40 nəfər, yoxsa daha çox?

- Ümumiyyətlə, bütün dünyada, elə bizdə də belədir, bunu həyat təcrübəmdən deyirəm, təqribən 30-40 nəfər ümumi parlamentdə dəyişiklik olur. Bizdə 10 yer boşdur. Digər məsələlər də olacaq, partiyalar da öz qərarını verəcək, yaxud sürməyəcək. Bilirsiniz, tamamilə yeni... İnqilab olmayıb, ya quruluş dəyişməyib ki... Sırf növbəti seçkidir. Altıncı çağırış parlament də yüksək səviyyədə fəaliyyət göstərib. Bununla əlaqədar da bu məsələlər öz həllini tapacaq.

- Belə bir iddia var ki, budəfəki tərkibin seçilməsindən müəyyən müddət sonra daha bir növbədənkənar parlament seçkiləri keçirilə bilər. Bu haqda nə demək olar?

- Hələ bu seçki keçirilsin, sonra...(Gülür)



Ardını oxu...
Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- ABŞ dövlət katibi Entoni Blinken bildirdi ki, Azərbaycan regional kommunikasiyalarda əsas rola malikdir. ABŞ Prezidenti Co Bayden də mayda azərbaycanlı həmkarı İlham Əliyevə ünvanladığı məktubda ölkəmizin bölgədəki lider rolunu etiraf etmişdi. ABŞ-dən gələn bu etiraflar nə ilə əlaqəlidir?

- Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra dünyada logistika sahəsində çox ciddi problemlər yaranıb. Çünki dünyanın ən böyük tranzit ölkəsi Rusiya idi, Avrasiya materikini bütün istiqamətlər üzrə əlaqələndirirdi. Müharibədən sonra bu dəhliz qapandı. Asiya və Avropanı əlaqələndirmək üçün əsas xətlərdən biri olan Süveyş kanalı da problemlidir, bu xətt həm uzun zaman aparır, həm də tez xarab olan malları daşımaq çətindir.

Buna görə də, quru kanal axtarırlar, bu yol da ancaq Zəngəzurdan keçir, Çindən Avropaya ən qısa yol Cənubi Qafqazdır. Buradan həm Avropa, həm Asiya, həm Aralıq dənizi, həm də Afrikaya çıxış var.

Dünya iqtisadiyyatı əsasən çatdırılma ilə bağlıdır. Bu mənada, Azərbaycanın qiyməti çox yüksəkdir, çünki coğrafi mövqeyi çox əlverişlidir. Azərbaycanla Çinin arasında bir Qazaxıstan var. Həmçinin Azərbaycan üzərindən Gürcüstan və Qara dənizə - Avropaya, eləcə də Türkiyə, Yaxın Şərq və Afrikaya çıxmaq olur. Məsələn, bu baxımdan İrana dəniz daşımaları baha başa gəlir, amma Azərbaycandan həm məsafə yaxındır, həm də hazır infrastruktur var. Buna görə də, Orta dəhlizə daxil olan Zəngəzur xəttinin açılması çox önəmlidir.

ABŞ Azərbaycanın önəmini yaxşı anlayır. Çünki dünya ticarətinin 16 faizdən çoxu ABŞ-nin payına düşür, 33 faizinin də Avropa Birliyində olduğunu nəzərə alsaq, demək, dünya ticarətinin 50 faizi Qərbin əlindədir. İndi onlar üçün dəniz daşımaları ucuz olsa da, çox vaxt alır. Buna görə də, Prezident İlham Əliyevin layihəsi çox etibarlıdır. Bu layihə təhlükəsiz, ucuz və tez çatdırılma təklif edir.

Azərbaycanda logistika üçün lazım olan bütün infrastruktur var. İndi bu məsələ gündəmdədir. Blinken və Baydenin açıqlamaları da ABŞ-nin maraqlarını əks etdirən fikirlərdir. Bu, Azərbaycanın da siyasi-iqtisadi maraqlarına uyğundur, buna görə də məsələni çox hallandırırlar.

- Yəni hesab etmək olarmı ki, Vaşinqton Zəngəzur dəhlizi ilə bağlı yanaşmasını dəyişib?

- Bəli, ABŞ-nin yanaşması dəyişib. İndiyədək Zəngəzur dəhlizinə Ermənistan vasitəsilə problem yaradan Fransa və İran idi. İran dəhlizin öz ərazisindən keçməsini istəyir. Əlbəttə, Azərbaycan etibarlı tərəfdaş və qonşu kimi İran üzərindən də bir yolun keçməsinə razıdır. Amma bu, avtomobil yolu üçündür. Dəmir yolu çəkməyə nə İranın gücü var, nə də bu, Azərbaycana sərf edir, Naxçıvana ən qısa dəmir yolu xətti Zəngəzurdan keçir.

Hazırda Zəngəzur dəhlizi ilə bağlı “Kalininqrad modeli” gündəmdədir, yəni maneəsiz və yoxlama aparılmadan keçid. Sovet dönəmində Zəngəzurdan Naxçıvana gedən dəmir yolu Azərbaycanın nəzarətində idi. İndi Azərbaycan öz əmlakı kimi onu geri tələb edə və ya nəzarətə götürə bilər, beynəlxalq hüquq da buna imkan verir.

Zəngəzur dəhlizinin açılması Rusiyanın da maraqlarına cavab verir, çünki Ukraynadakı müharibəyə görə çıxış yolları bağlıdır. Belə bir durumda Zəngəzur dəhlizi əvəzsizdir. ABŞ də bunun fərqindədir.

Hazırda Fransanın başı özünə o qədər qarışıb ki, Ermənistanın daxili işinə müdaxilə edə bilmir. Fransa əkdiyini biçir. Fransanın Azərbaycana qarşı atdığı haqsız və əsassız addımlar özünə qarşı çevrilib. Açığını deyək ki, Azərbaycan bunu bacardı. Özünü “Avropa Birliyinin siyasi sükanı” adlandıran Fransa gözləmədiyi yerdən – Azərbaycandan çox ağır zərbə aldı. Bunu Fransada keçirilən son seçkilərin nəticəsi göstərdi. Makron qarşıda müxalifətlə koalisiyaya getməyə məcbur olacaq, bu da Fransanın çökməsinə gətirib çıxaracaq. ABŞ Fransanın buraxdığı səhvləri düzəltməyə çalışır.

- Son həftələrdə ABŞ-nin sülh müqaviləsinin tezliklə imzalanması üzərində fəal iş apardığını görürük. Müqavilənin yaxın zamanlarda imzalanması ehtimalı varmı?

- Ehtimal çox yüksəkdir. Əslində, Azərbaycan prezidenti də bəyan etdi ki, sülh müqaviləsi olmadan da kommunikasiyalarla bağlı məsələlər həllini tapa bilər.

Yaxın günlərdə Şuşada Türk Dövlətləri Təşkilatının liderlərinin görüşü keçiriləcək. Yəqin ki, toplantıda Türk Dövlətləri Təşkilatının gələcək taleyi müzakirə olunacaq. Məqsəd də ondan ibarətdir ki, bu təşkilatı gücləndirmək lazımdır. Bu təşkilatın güclənməsinə mane olan yeganə amil Zəngəzur dəhlizidir. İndi bu dəhliz açılmalıdır.

ABŞ ona görə tələsir ki, Rusiya və İran birləşib Ermənistanda dövlət çevrilişi edə bilər. Rusiyanın təkbaşına gücü çatmadı, İranın da başı seçkilərə qarışıb. İslahatçı Məsud Pezeşkian ABŞ ilə münasibətlərin bərpa olunmasını istəyir. Bir sözlə, bölgənin siyasi dizayn və ya arxitekturası dəyişir. Bu arxitekturanı dəyişən də Azərbaycan dövləti və Prezident İlham Əliyevdir. Buna görə də, indi daha çox Azərbaycana istinad edirlər, həmçinin bizi həvəsləndirir və dəstəkləyirlər. Ən düzgün siyasi yol da budur.
 
Ardını oxu...
İranda cümə günü – iyunun 28-də keçirilən prezident seçkisində yarışan dörd namizəddən heç biri səslərin 50 faizini toplaya bilmədi və bu səbəbdən seçkilərin ikinci turu keçiriləcək. İlk turun nəticələrinə görə, islahatçı qanadın yeganə namizədi, azərbaycanlı Məsud Pezeşkian 10 milyondan çox səslə irəlidədir. Ölkənin seçkilər üzrə rəsmi qurumunun məlumatında görə, Ali Dini Lider Seyid Əli Xameneinin ölkənin Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili 9 milyondan çox səslə ikinci yerdə qərarlaşıb. Beləliklə, Pezeşkian və Cəlili iyulun 5-də keçiriləcək ikinci turda mübarizə aparacaqlar.

Qeyd edək ki, Pezeşkian İslam Respublikasının qadınlar üçün sərt geyim qaydalarına qarşı çıxır və nüvə proqramı ilə bağlı yeni saziş imzalamaqla Qərbin İrana qarşı sanksiyalarına son qoymaq istəyir. Əslən azərbaycanlı olan və açıq sözlü olaraq tanınan Pezeşkian 2009-cu ildə mübahisəli prezident seçkisindən sonra başlayan etirazların hökumət tərəfindən zorakı yolla dağıdılmasını tənqid edib. Onun bu addımı parlamentdəki mühafizəkarlar tərəfindən tənqidlərə məruz qalıb. İqtisadi və büdcə məsələləri ilə bağlı Pezeşkian və onun ailəsinin şəffaflığı qoruduğu deyilir. O, İran İslam Respublikasında bir çoxlarını narazı salan korrupsiya və qohumbazlıq kimi proseslərdən uzaq olub.

Mühafizəkar qanadın təmsilçisi Səid Cəlili 1965-ci ildə ölkənin şimal-şərqində yerləşən Məşhəd şəhərində anadan olub, hərbiləşdirilmiş Bəsic qüvvələrinə qoşulub və İran-İraq müharibəsində (1980-88) bir neçə dəfə könüllü kimi xidmət edib. O, döyüşdə yaralanıb və sağ ayağını itirib. Fəlsəfə doktoru olan Səid Cəlili “Qurandakı siyasi fikir” mövzusunda doktorluq dissertasiyasını yazıb. İran xəbər saytları onu islami “ideallara” sadiq və “sadə həyat” sürən bir ziyalı kimi təqdim ediblər.

Bu seçkidə prezidentlik uğrunda mübarizəyə İran İnqilabı Keşikçiləri Korpusunun keçmiş rəhbəri və parlamentin indiki sədri Məhəmməd Bağır Qalibaf, Ali Dini liderin ölkənin Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili, Tehran meri Əli Rza Zəkiyani, keçmiş ədliyyə naziri Mustafa Purməhəmmədi, Şəhid və Veteranlar Fondunun rəhbəri Əmir Hüseyn Qəzizadə-Haşimi və sabiq səhiyyə naziri Məsud Pezeşkian qatılsa da, daha sonra Əli Rza Zəkiyani və Əmir Hüseyn Qəzizadə-Haşimi öz namizədliklərini geri götürüblər.

Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra iyunun 28-nə növbədənkənar prezident seçkisi təyin olunub.

İranda ölkənin birinci şəxsi olmaq uğrunda mübarizə, baş verən proseslərlə bağlı AYNA-nın suallarını cavablandıran Güney Azərbaycan Demokratik Türk Birliyinin rəhbəri, əslən Güney Azərbaycandan olan siyasi fəal Əjdər Tağızadə deyib ki, İranda İslam inqilabçıları hakimiyyətə gəldikdən bu yanadır ki, heç vaxt demokratik seççki keçirilməyib:

- İran adlanan ölkədə seçkilərin sadəcə imitasiyası həyata keçirilir. Düzdür, əvvəl də, şahın dönəmində də seçkilər keçirilməyib. Son 45 ildə isə dövləti idarə edən Ali Dini Lider institutudur ki, bu institut heç zaman demokratik, şəffaf seçki keçirməyib. İran adlanan dövlətdə 13 dəfə prezident seçkiləri keçirilib, hamısı da Ali Dini Lider tərəfindən seçilən şəxslər olub, xalq tərəfindən seçilən şəxs yox. Özlərinin də etiraf etdiyi kimi, baş verənlər seçki deyil, şoudur. Birinci turda İran Prezidentinin kim olmasına özləri qəsdlə aydınlıq gətirmədilər ki, guya seçki mübarizəsi gedir. Dünyaya göstərmək istəyirlər ki, guya İranda gərgin seçki mübarizəsi gedir, namizədlər yarışır. Əslində isə seçki yoxdur, Ali Dini Liderin seçdiyi şəxs Prezident kürsüsündə oturacaq. Yəni Xamnei ağaları kimi məsələhət bilibsə, iyulun 5-də həmin namizəd də “sandıqdan çıxacaq”. Vəssalam, hər şey bu qədər bəsitdir. Kimsə məni inandıra bilməz ki, İran Prezidentini, yaxud da İranda deputatları xalq seçir.

- Sizcə, Xamenei kimi məsləhət bilib – Cəlilini, yoxsa Pezeşkianini?

- Yəqin ki, Cəlilini məsləhət bilib. Ali Dini Lider mühafizəkarların hakimiyyətdə olmasında maraqlıdır. Bundan əvvəlki Prezident, qəzada ölən İbrahim Rəisi də mühafizəkarlar qanadının təmsilçisi idi. Seçki tamaşasında üçüncülük qazanan Qalibaf da seçiciləri Cəliliyə dəstəyə çağırdı. Hansı ki, onun guya 3 milyon dəstəkçisi var. Cəlilinin ilk turda “qazandığı səslərin” üzərinə Qalibafın “qazandığı səsləri” əlavə edib onu yəqin ki, İran Prezidenti təyin edəcəklər.

- Amma Pezeşkian birinci turda qalib oldu. Onun birinciliyi nəzərə alına bilərmi?

- İnanmıram ki, Pezeşkianı ikinci turda qalib etsinlər. İran rejimi azərbaycanlı olduğu üçün onu ortaya atıb. Pezeşkianı o vaxt Təbrizdən millət vəkili etdilər, sonra İran Parlamentinin sədr müavini etdilər. Daha sonra Pezeşkian dəfələrlə nazir olub, həm də bu rejimin vaxtında. Belə bir şəxsə millət inanmaz. Cinayətkar rejim Güney Azərbaycan əhalisinin hüquqlarını pozub, zindanlara salıb, olmazın işgəncələrinə məruz qoyub, təbii sərvətləri talayıb, gölünü qurudub, təbiətini məhv edib. Həmin vaxt Pezeşkian bu rejimin nazirlərindən olub. Millət bilir ki, 45 illik rejimi onun naziri vəzifəsində işləmiş bir adam dəyişə bilməz. Lap Pezeşkianı da İran Prezidenti təyin etsələr, bu rejim dəyişməyəcək. Çünki yenə də deyirəm, İranın ideologiyası eynidir, ona xidmət edənlər də bu ideologiyanın, fars şovinizminin təmsilçisi olacaq. İrandakı bu seçki filminin ssenari müəllifi də, rejissoru da, operatoru da, hətta işıqçısı da, aktyoru da bir nəfərdir – Xamnei. Ona görə də bu seçki şousundan sonra İranda hansısa dəyişikliyin olacağını gözləmək düzgün deyil. Nə vaxt ki, 45 illik İran rejimi tamam dəyişəcək, o zaman İranda seçkiyə ümid edə bilərik.

- Bu seçkilərdən sonra İran Azərbaycanla bağlı siyasətində dəyişiklik edə bilərmi?

- Heç bir dəyişiklik gözlənilmir. İran adlanan dövlətin başında dayanan insanların, ideoloqların Azərbaycana və azərbaycanlılara qarşı siyasəti eynidir. Tehran rejimi müstəqil, suveren Azərbaycanı qəbul edə bilməyiblər, heç vaxt da etməyəcəklər. 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə İran rejiminin Azərbaycana qarşı məkrli siyasətinin hamımız şahidiyik. İran Prezidenti kürsüsündə kimin əyləşməsindən asılı olmayaraq bu siyasətin dəyişəcəyi gözlənilmir. İranda yeni Prezidentin dönəmində Güney Azərbaycan türklərinə qarşı da siyasətdə hansısa müsbət dəyişiklik gözlənilmir. Hətta Cəlili İran Prezidenti olduğu təqdirdə, ola bilsin ki, güneyli soydaşlarımıza qarşı qəddarlıqlar bir qədər də artsın. Çünki görünürdə Azərbaycan türkləri Pezeşkianını dəstəkləyiblər. Cəlili bunun qisasını almaq istiqamətində siyasət apara bilər.
Ardını oxu...
Ötən həftə Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Milli Məclisinin buraxılması və Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, altıncı çağırış parlament buraxılıb və Milli Məclisə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

Qeyd edək ki, iyunun 21-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatları Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü ilə çıxış etdilər. YAP bu təşəbbüsü onunla əsaslandırdı ki, noyabr ayında ölkəmizdə COP29 beynəlxalq tədbiri keçiriləcək ki, bu zaman seçkilər keçirmək məqsədəuyğun deyil.

Xatırladaq ki, Azərbaycanda Milli Məclisə seçkilər qanuna uyğun olaraq, bu il noyabr ayının ilk həftəsində keçirilməli idi. Noyabr ayında isə kifayət qədər miqyası olan COP29 tədbiri baş tutacaq.

YAP deputatlarının təşəbbüsü əsasında Milli Məclis buraxılması və növbədənkənar seçki təyin olunması üçün Prezident İlham Əliyevə müraciət qəbul etdi. Prezident Konstitusiya Məhkəməsinə Milli Məclisin buraxılması uyğunluğunun olub-olmaması barədə sorğu ünvanladı və Konstitusiya Məhkəməsi parlamentin buraxılmasının, növbədənkənar seçkilərin təyin edilməsinin uyğun olduğu qərarını çxıardı. Bundan sonra Prezident Milli Məclisin buraxılması və növbədənkənar seçkilər barədə Sərəncam imzaladı.

Ölkəmizdəki siyasi qüvvələr sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində aktiv iştirak etmək niyyətindədirlər. Partiyaların əksəriyyəti artıq deputatlığa namizədləri müəyyənləşdirməkdədirlər, bəzilərinin namizədləri də bəllidir. Siyasi qüvvələr ümid və hesab edirlər ki, bu seçkilər əvvəlkilərdən müsbət mənada fərqlənəcək.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə də bu fikirdə olanlardandır. Partiya rəhbəri AYNA-ya müsahibəsində xatırladıb ki, bundan əvvəlki parlament seçkiləri də növbədənkənar keçirilib:

- O zaman parlamentin buraxılması bununla əsaslandırılmışdı ki, Milli Məclis ölkədə gedən islahatlara adekvat deyil. Seçkilər keçirildi və məlum oldu ki, özünü buraxan parlamentin 125 üzvündən 84-ü yenidən mandat qazandı. Sadəcə 41 yeni deputat seçildi. Hesab edirəm ki, həmin seçkilərdə məqsədə nail olunmadı. Həmin dövrdən ölkədə çox şey dəyişib, böyük hadisələr baş verib. Ən əsası, Azərbaycan 44 günlük müharibədə qalib gəlib və ərazi bütövlüyünü, suverenliyini tam bərpa edib. Sentyabrın 1-də keçiriləcək parlament seçkiləri müstəqilliyimizdən bu yana ilk dəfə bütün ərazilərimizdə baş tutacaq. Düşünürəm ki, bu seçkilər qalib dövlətə layiq bir seçki olmalıdır.

- Qalib dövlətə layiq seçki dedikdə necə bir seçkini nəzərdə tutursunuz?

- Əvvəlki seçkilərdən fərqli bir seçki keçirilməlidir. Siyasi qüvvələrə bərabər seçki şəraiti yaradılmalıdır, mübarizə şəffaf və demokratik olmalıdır. Layiq olan, xalqın seçdiyi şəxslər Milli Məclisə mandat qazanmalıdır. Prezident İlham Əiliyev ilin əvvəlində elan etdi ki, ölkədə yeni dönəm başlayır. Bu yeni dönəmə uyğun seçki keçirilməsi zəruridir. Demokratik təsisatların, partiyaların inkişafı üçün, cəmiyyətdə rolunun artması üçün seçkilərin demokratik, şəffaf keçirilməsi zəruridir. Seçki saxtakarlıqlarına yol verilməməlidir. Pozuntular, saxtakarlıqlar dövlətin beynəlxalq imicinə mənfi təsir göstərir.

- Sizcə, bu seçkilər dediyiniz formada keçiriləcəkmi?

- Ümid edək ki, demokratik seçkilər keçiriləcək. Daha yaxşı olardı ki, seçkilər qarışıq- mojaritar və proporsional sistemlə keçirilsin. Çünki bu zaman siyasi qüvvələrin, partiyaların prosesdə aktivliyi artır. Amma bunun üçün artıq gecdir. Çünki proporsional seçkinin bərpası üçün referendum keçirilməli idi. Amma artıq seçkilər təyin olunub və əvvəlki sistemlə seçkilər keçiriləcək. Hesab edirəm ki, bu sistemlə də ədalətli, demokratik və şəffaf seçkilər keçirilə bilər. Yetər ki, iradə olsun, istək olsun. Düşünürəm ki, bu seçkilər əvvəlkilərdən fərqli olacaq. Çünki Azərbaycanın qalib imici, hazırda tutduğu mövqe, Cənubi Qafqazdakı proseslərin yönünü müəyyənləşdirməsi ədalətli seçkinin keçirilməsini tələb edir. Bunu hökumət bilir və buna uyğun addımlar atacağı gözləniləndir. Partiyaların inkişafı üçün hökumət bir çox addımlar atıb, siyasi qüvvələrlə bağlı yeni qanun qəbul edilib. Bunun davamı kimi siyasi partiyaların parlamentin işində yaxından iştirakına da şərait yaradılması vacibdir.

- Belə iddialar var ki, bu seçkilərlə formalaşacaq parlament “müvəqqəti parlament” olacaq. Bu fikirlə razısınızmı?

- Bir neçə həmkarımız bu fikri səsləndiriblər. Dəqiq proqnoz vermək əlbəttə, çətindir. Amma düşünürəm ki, Ermənistanla sülh sazişinin imzalanması, delimitasiya və demarkasiya prosesinin aparılacağı, bölgədə baş verən bir sıra hallarla bağlı referendumun keçirilməsi ertələndi. Yəqin ki, sülh sazişinin imzalanmasından sonra referendumun keçirilməsi yenidən gündəmə gələcək, idarəetmədə, siyasi konfiqurasiyada ciddi dəyişikliyə ehtiyac yaranacaq. Referendumdan sonra isə yeni parlamentin formalaşması zərurəti meydana çıxacaq. Bu baxımdan, ehtimal olunur ki, bəli, qarşıdan gələn növbətənkənar seçkilərlə formalaşacaq parlament “müvəqqəti parlament” olacaq. Bütün hallarda isə bunu proseslərin gedişi göstərəcək, müəyyən edəcək.

- AMİP bu seçkilərdə hansı formada iştirak edəcək?

- Bu il növbədənkənar parlament seçkilərinin keçiriləcəyi gündəmdə idi. Buna görə də, AMİP olaraq hələ fevral ayında seçkilərə hazırlıqla bağlı qərar vermişdik. Bu aylar ərzində müvafiq strukturlarımız seçkilərə hazırlıqları həyata keçiriblər və demək olar ki, proses yekunlaşıb. Sadəcə seçkidə iştirakla bağlı qərar vermək qalıb. Seçkilərdə namizədlərimizlə iştirak edəcəyik və çalışacağıq ki, AMİP Milli Məclisdə daha çox mandata sahib partiya olsun. Bizim partiyada kifayət qədər bacarıqlı, intellektli şəxslər var ki, onların hər biri Milli Məclis üzvü olmağa hazır və layiqdirlər. Bu seçkilərdə namizədləırimizlə iştirak edəcəyik, var gücümüzlə çalışacağıq ki, qələbə qazanaq.
 
 
 

Ardını oxu...

Real Televiziyasının xüsusi müxbiri, Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının üzvü Kamran Qasımov Disney Studiyasının 1974-2003-cü illərdə baş animator rəssamı olmuş, rejissor, prodüser, ssenari müəllifi Ted Stounzla eksklüziv müsahibə edib.

Musavat.com xəbər verir ki, müsahibədə onun animasiyaya gəlişi nümunəsində ötən əsrin 70-ci illərində Disney Studiyasının fəaliyyətindən, animasiya sənətinin sirlərindən, müasir Hollivudun tamaşaçı zövqünü formalaşdırmasından, dünyanı gəzmiş "Qara plaş" (orijinal adı – "Darwing Duck") serialından bəhs edilib.

Ted Stounz hazırda Kaliforniyada yaşayır. Bir zamanlar böyük maraqla qarşılanan "Qara plaş" serialının yaradıcısıdır, "Ördək əhvalatları", "Çip və Deyl’" animasiya seriallarının yaradıcılarından biridir. Stounz "Aladdin", "Kral şir" və digər əfsanəvi animasiya filmlərində çalışır.

 
 
 
Ardını oxu...
Lent.az-ın müsahibi Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası, səhnəmizin ən parlaq “Leylisi” Səbinə Məmmədovadır

- Sizi seriallarda tez-tez görürdük. Son zamanlar ekranlara yeni rollarla çıxmırsınız. Səbəb nədir?

- Yeni bir serial çəkilməlidir, bəlkə yenidən göründüm. Müəyyən müddətdən sonra insan seçici olur. Düzdür, görünməyə, çəkilməyə ehtiyac var, amma özümə müəyyən qadağalar qoyuram. Ya madiyyat olmalıdır, ya perspektiv, ya yaxşı ssenari, ya da o filmdə rol alacaq güclü sənətkarlar. 2012-ci ildən etibarən 8 il sərasər seriallara çəkildim. Pandemiyadan sonra çəkilməmişəm. Həm də teatr mənim üçün birinci yerdədir. Düzdür, yaradıcılığa seriallarla başlamışam, amma teatra gələndən sonra bir az o işi dayandırdım. Anam dedi enerjini bir tərəfə yönləndir, gördüyün iş də gözəl olsun. Bu sənətdə anamın həddən artıq dəstəyi var. Ona buradan təşəkkür edirəm. Mənə ana olub, həm ata. Anladım ki, yaxşı Leyli olmaq üçün teatrda yatmalıyam.

- Rollarınız sizə nə qazandırıb, nə itkilər vermisiniz?

- Qazancım daha çox olub. İnsan qazanmışam. Küçədə hələ də mənə Nuray deyib yaxınlaşanlar var. Serial vasitəsilə bir ailəvi dost qazanmışam. “Məryəm” serialından dostlaşdıq. “Bir ailəm var” serialındakı Sevgi obrazı Almaniyadan dost qazandırıb. O ailə qızlarının adını Sevgi qoyub. Bakıya hər gəlişlərində mütləq görüşürük.

- Təxminən bir il öncə sizin də rol aldığınız “Leyli və Məcnun”a baxmışdım, onda gözümə daha böyük görünmüşdünüz...

- Hə, 10 kilo vermişəm ondan bəri. Pandemiya məndə böyük stress yaşatmışdı, çox kilo almışdım. Düzünü desəm, səhnədə çox arıq adamlar görünmür sanki. Ümumi planda nazik taxta kimi gəlib keçirlər. Arıq qızlar məndən inciyəcəklər, amma aktrisanın da qabariti olmalıdır da. Leyla Bədirbəyli səhnəyə çıxanda əndamı ilə heyran edirdi. Düzdür, dövr dəyişib gözəllik standartları da dəyişib, yeni sistemlər əmələ gəlib. Hər halda kilolu da gözəl görünə bilər insan.

- Leyli rolunda da “Qağayı” tamaşasında da erotik səhnələriniz var idi. Kompleksləriniz yoxdur sanki...

- Əgər rejissor öz işini yaxşı bilirsə, həmin an üçün o vəziyyəti görürsə, açıq-saçıq səhnələrə razılaşıram.

- Bu an yadıma “Bəyin oğurlanması” filmindən Nəsibə Zeynalovanın dediyi o məşhur söz düşdü. “Doğrudan öpüşürsünüz ya yalandan”? Hansı aktyoru öpməyin fərqi var?

- Bəli (gülür). Həqiqətən öpüşdüyüm səhnələr olub. Düz qabaq sıradakıların önündə. Onlar yalanı necə hiss etməyə bilərlər ki? Qucaqlaşıb öpüşdük. Qarşımdakı enerjini ötürə bilirsə öpürəm.
Amma qarşımdakı aktyoru Şövqü Hüseynov, Mirsənan Kazımov, Bəhram Əliheydər kimi yox, Məcnun, Triqorin kimi görüb öpürəm. Onda baryer, kompleks aradan qalxır. Səhnədə çox sərbəst olan, gənc aktyor və aktrisalar azdır.

- Bu öpüşlərdən sonra duyğusal bağ yarana bilər?

- Əslində o qədər nəzəriyyəni öyrənib treninqlərdən keçmişəm ki, öpüşmə, erotik səhnələr texniki səhnələrə çevrilib. Bunun üçün Moskvada ayrıca təhsil almışam. Biomexanika deyilən bir şey var. Meyrxoldun biomexanika nəzəriyyəsinə görə, beyin obrazı o qədər mənimsəyir ki, müəyyən hadisələri qəhrəmanının hadisəsi kimi yaşayır. Bəzi monoloqlarım var ki, onları söyləmişəm və illər sonra taleyimdə bu dediklərimin yaşandığını hiss etmişəm. “Müharibə” tamaşasında qəhrəmanım Semira deyirdi ki, sevgiyə inanmıram, böyüyəndə tək yaşayacam, ərə getməyəcəm, dünyanı gəzəcəm. Bunların hamsıını yaşadım. Beynimizi aldadırıq. Robot deyilik. “Mən öləndə ağlama” tamaşasında psixi xəstə olan Leyla rolunu oynamaq üçün ruhi əsəb dispanserinə də getdim. Xəstələrlə ünsiyyətdə oldum. Onlarda gördüyüm xüsusiyyətləri özümə tətbiq etməyə başladım. Onlar kimi siqaret çəkdim, nə gəldi yedim. Bu tamaşaya görə 7 diplom aldım. Amma məni depressiyaya saldı. Antidepresantlar içdim, psixoloq yanına getdim. Sözlər enerjiyə çevrilir. Beyin alqaritmlər qurur özünə. Düzdür sonralar mən bundan meditasiya yolu ilə xilas oldum. Nə qədər texnika eləsək də, canlı orqanizmik, işim budur və hər gün məşqini edib hisslərii yaşadığım obrazların taleyini beynim yaşayır.

- Bu mənada beyninizin qarışmasından, bir gün öz içində itib-batmaqdan qorxursunuz?

- Düzünü desəm hə. Nina Zaretsina rolunu oynamazdan öncə kredit alıb hadisələrin cərəyan etdiyi Pyatiqorsk şəhərinə getmişdim. Onun duyğularını dərindən hiss etmək üçün.

- Bir az da "dəli" aktrisasınız sanki...

- Manyakcasına sevirəm öz işimi. Siz mənim məşqlərdə dizlərimi, dirsəklərimi görəydiniz. Dəfələrlə yıxılırdım, zədələnirdim, qolum dizim qapqara, yara içində. Bir dəfə Leylini oynayarkən nə edirdimsə rolun həyəcanını yaşaya bilmirdim. Gərginləşmişəm. Atamı oynayan aktyor məni necə itələdisə, yıxıldım, barmağım qaldı altımda, qırıldı. Xırçıltı səsini eşitdim. Tamaşanın bitməsinə 45 dəqiqə var. O yaralı barmağın ağrısı ilə səhnədə bir ağlayıram gəl görəsən. O əsnada düşündüm ki, Leyliyə xəyanət etdim, onun duyğularına görə yox, ağrıma görə ağlayıram. Gipsdə də rol oynadığım olub. Bir dəfə ayağıma isti kofe tökdüm. Üstümü dəyişəndə dərim soyuldu. O halda belə səhnəyə çıxdım. Bəzi ağrılar işimizə xidmət edir. Buna inanıram.

- Gözəl rəqs etməyiniz də var.

- Xareoqrafiya məktəbini də bitirmişəm. Səkkizinci sinifə qədər baletlə məşğul oldum, sonra milli rəqslərimizlə. Boyum balaca olduğuna görə, Dövlər Rəqs Ansamblına götürmədilər. Rejissorluq üzrə ali təhsil aldım. Bu sənət yaşadığım coğrafiya kimi mənim taleyimdir. Azərpaşa Nemətov, Bəhram Osmanov, Mehriban Ələkbərova kimi gözəl rejissorlarla işləmək düşüb bəxtimə.

- Manyakca sevdiyiniz bu sənəti sevgiyə, bir kişiyə qurban verərdiniz?

- Yəqin ki yox. Elə bir sevgi olmalıdır ki, buna dəysin. Məhəbbətə inanmıram. Taleyə inanıram. Daha fəda vermək yaşında deyiləm. 33 yaşım var, sənətim üçün çox əmək vermişəm. Dünyanı gəzmiş, böyük səhnələrə çıxmış, çətinlikləri tək başına keçib, ayaq üstə durmağı bacarmış bir qadına “sənətini a” demək üçün ona çox böyük həyat verməlisən. Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar teatrının səhnəsində olmaq mənim üçün xoşbəxtlikdir. Sənət taleyimi düşünəndə çox narahat oluram.

- Sizin haqqınızda kaprizləri olan aktrisa sözləri də işlədilir

- Bu kaprizdən çox sənətimə, şəxsiyyətimə və başqalarının da işinə hörmətdir. Mənim tərəf müqabilim məşqə hazır gəlməlidir, geyimlərim düzgün seçilməlidir. Mənə qarşı ikiüzlü olanları, yaltaqlanmağı sevmirəm. Buna kapriz deyirlərsə qoy olsun.

       

Ardını oxu...
"Regionda münaqişəli faza qalması Qərbə sərf edirdi. Ancaq Azərbaycan Cənubi Qafqazda tamam fərqli və sürpriz reallıqlar yaratdı. Bundan sonra Bakı ilə hesablaşma mərhələsi başlandı".
Bu sözləri "Globalinfo"ya analitik Aqşin Kərimov ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesinə təsiri haqda danışarkən deyib. Onun sözlərinə görə, bu, ciddi çəkişmələrlə müşahidə olundu:
“Həm ABŞ, həm Fransa tərəfindən Azərbaycana qarşı təzyiq maşınları işə salındı. Bunun fonunda az qala belə bir təəssürat yaradıldı ki, bəs Rusiya Ermənistanın etibarlı müttəfiqi deyil. Sual olunur, o zaman Qərbdə Rusiyanın Ermənistanın təhlükəsizlik zəmanətçisi olması alqışlanırdımı?”.
Onun sözlərinə görə, Azərbaycanın yaratdığı reallıqlar Ermənistanın xarici siyasətdə böyük sarsıntı keçirməsinə gətirib çıxarıb:
“Kənar güclər bu sarsıntılara şərik çıxmaq görüntüsü yaradaraq əslində Ermənistanın ən həssas sinirlərinə toxunaraq onu Azərbaycana qarşı həvəsləndirmək siyasətini üstün tuturlar.
Mən burada ABŞ ilə Fransanın strateji yanaşmalarını fərqləndirərdim, çünki Parisdən fərqli olaraq Vaşinqton Bakı ilə tərəfdaşlıq, təhlükəsizlik sferalarında etibarlı bir model qurmaqda maraqlıdır.
Lakin ortada ziddiyyətlər qalmaqdadır. Bunu Azərbaycanla ABŞ az qala strateji dialoqlar ekvivalentində olan müzakirələrlə yoluna qoymağa çalışır. Fransa isə qlobal miqyasda itkilərini Cənubi Qafqazda alternativ ambisiyalar formalaşdırmaqla kompensasiya etməyə çalışır. O, burada Rusiya ilə bərabər, bir az da irəli gedərək söyləyirəm ki, ABŞ və Böyük Britaniya ilə də rəqabətdədir”.
Ekspert deyib ki, Fransa ilə ABŞ-ı fərqləndirən digər cəhət regiondakı mövcud reallıqların perspektivdə hansı potensial geosiyasi dəyişikliklərə gətirib çıxaracağı məsələlərində görünür:
“ABŞ Azərbaycanın yaşıl enerji siyasətinə və alternativ enerji mənbələrinin şaxələndirilməsi, ixracı potensiallarına yüksək qiymət verir, Fransadan isə bu istiqamətdə də müsbət siqnallar gəlmir.
Çoxtərəfli münasibətlər sistemində isə məsələni Rusiya amili mürəkkəbləşdirir. Buna görə də Moskvaya qarşı Ermənistan şirnikləndirilir. ABŞ ilə Fransa Ermənistanı Rusiya əleyhinə ehtiyatsız strategiya yürütməyə təhrik edir. Təbii ki, bu, Azərbaycanla Ermənistan arasındakı sülh gündəliyinə də təsirlərini göstərir.
Lakin bir məqam var: ABŞ Ermənistana dəstək olsa da, bu, sarsılmaz deyil. Fransa isə İrəvanın revanşist imkanlarını genişləndirməkdən ötrü Ermənistanın təhlükəsizlik qarantı rolunu üzərinə götürməyə çalışır. Ermənistan öz təhlükəsizliyini düşünməyib ehtiyatlı davranmırsa, prosesdə Azərbaycan öz sözünü deməlidir.
Gördüyünüz kimi, ABŞ ilə Fransa fərqli öhdəliklərlə regional meydandadırlar, ancaq proses Rusiyaya qarşı cəbhə oxu kimi formalaşdıqca, Moskva da əlindəki alətlərdən istifadəyə can atır”.
A.Kərimov deyib ki, Moskva Qarabağ münaqişəsi dövründəki mövqeyindən fərqli olaraq Azərbaycanın üzərinə gəlmir, o, indi daha çox Ermənistanı ram etməyin yollarını arayır:
“Beləliklə, Azərbaycan həm ABŞ-dan, həm də Rusiyadan gözləntilərini ortaya qoyur. Bunu Fransaya qarşı manevr sahəsi kimi genişləndirməyi düşünür. Yox, Fransa bu manevrə qarşı Ermənistana kapital qoyursa, Bakı qalibiyyət modelinin davamını gətirmək çağırışı ilə üz-üzə qalır.
ABŞ bu gözləntiləri Azərbaycan-Ermənistan sülh proqramında vasitəçilik cəhdləri ilə uyğunlaşdırmaq istəyəndə isə Azərbaycan buna qarşı çıxır. Eynilə Rusiya da vasitəçi kimi danışıqlarda görünməyə həvəslidir. Eyni məntiq Fransa da hakimdir. Bu isə Azərbaycana qarşı ATƏT-in Minsk Qrupunun həmsədrlik institutunu dirçəltməkdə cəhdidir. Təbii ki, Azərbaycan həqiqi sülh üçün təşəbbüskarlıq göstərənlərlə müzakirələrə açıqdır, amma təşəbbüskarlar ambisiyalı moderatorluq niyyətlərin baş qaldırmasından uzaqda dayanmalıdırlar”.
 
Ardını oxu...
Daha öncəki materialda Rusiyanın “İndividum” nəşriyyatında alman publisist Harald Yenerin “Canavar dövrü. Almaniya və almanlar. 1945-1955” kitabının çapdan çıxmasını xəbər vermişdik və kitabdan parçalar təqdim etmişdik. “Meduza” saytı kitabın müəllifi Harald Yenerdən müsahibə alıb.
Ardını oxu...
- Yazırsınız: nasizm cinayətlərinin dalbadal üstü açılınca, almanların nə hiss etdiyini təsəvvür etmək çətindir. Mənə isə elə gəlir ki, Rusiya Federasiyasında yaşayanlar bəzi şeylərdə onları anlaya bilərlər. Siz paralelləri sezirsiniz?

- Paralellər qəliz şeydir. Mən hətta indiki Rusiyanı nasist Almaniyası ilə tutuşdurmaq istəmirəm. Putinin etdikləri nə qədər yanlış və qəddar olsa da, yenə də düşünmürəm ki, onun qurduğu sistemi Hitler rejimi ilə müqayisə etmək olar. Cinayətlərin miqyası başqa idi, ölkəni inanılmaz irqçilik bürümüşdü, insanları planlı və məqsədyönlü şəkildə məhv edirdilər. Bununla belə, Ukraynada törədilən hərbi cinayətlərin üstü açılanda Rusiya cəmiyyətinin bir hissəsinin keçirdiyi şoku təsəvvür edirəm. Amma yenə də hesab etmirəm ki, indi Rusiyada 1945-ci ildə Almaniyada olduğu qədər kollektiv utanc üçün əsaslar mövcuddur.

- Kitabınızda reallığın həddən ziyadə amansız olduğu şəraitdə həyatda qalmaq strategiyası kimi “sıxışdırma” (“Verdrängung”) mexanizmini təsvir edirsiniz. Sizin sözlərinizə görə, “sıxışdırma” təkcə travmanın öhdəsindən gəlmək üsulu deyil, az qala yeni ideologiyadır. Amma indi də, insanlar müharibədən yorulmuşkən, belə “sıxışdırma”nı, demək olar, hər yerdə görmək mümkündür.

- Əlbəttə. İnsanların müharibədə nə baş verdiyini düşünməkdən qaçdıqlarını görürəm. Əyləncələrə, kompüter oyunlarına qaçırlar. Heç nə olmamış kimi həyatdan həzz almağa çalışırlar. Müəyyən bir tərəfə baxışlarını gizlədirlər.

- Anladığıma görə, bu mexanizm milyonların psixikasını xilas edib.

- Müharibədən sonrakı Almaniyada - şübhəsiz. Yaşamağa davam etmək üçün insanlar baş verənləri ən uzaq rəfə qaldırdılar. Məsələn, 6 milyon yəhudinin qətlində və ya sovet cəbhəsindəki cinayətlərdə şəxsi iştirakı. Uşaqların varsa və sən onlara nəyin pis, nəyin yaxşı olduğunu öyrətmək, müəyyən mənəvi istiqamət vermək istəyirsənsə, elə davranmaq lazımdır ki, elə bil, hansısa ümumi anlamda günahsızsan, nasizm zamanı tamamilə mənəviyyatsız davrandığını unutmalısan. Söhbət heç də cinayətlərdə fəal iştirakdan getmir: Hitlerə səs vermək, sona qədər loyal olmaq, lazımi məqamda rejimə lazım olan tərəfə baxmaq - bunlar böyük günahdır. Yaşamaq üçün onu sıxışdırmaq lazım idi.

- Yazırsınız ki, almanlar savaşdan sonra böyük məqsədlərdən, qlobal vəzifələrdən yan keçməyə çalışaraq, məsuliyyət zonasını şəxsi ev (qalmışdısa), hətta şəxsi vücuda qədər daraldırdılar: öz geyimim, bir-iki kitab, çarpayı, ola bilər, kiçik torpaq sahəsi, tərəvəz yetişdirmək üçün. Qısası, tamamilə şəxsi həyata qapanırdılar.

- Məhz belə idi. 1945-ci ildə Almaniyadan qalan şeyi cəmiyyət adlandırmaq çətindir. Nasistlər vətəndaşların demokratik cəmiyyətini məhv etdilər və kütləvi diktatura gövdəsi ilə əvəzlədilər ki, onu da, xoşbəxtlikdən, müttəfiqlər məhv etdilər. Bir halda ki, ölkə işğal olunmuşdu, əslində məsuliyyətini daşıyacağın dövlət də qalmamışdı. Özünün, ailənin, ola bilər, yaxın qonşuların ölçülərinə qədər çəkilmək lazım gəldi.

Kitabımı da buna görə “Canavar dövrü” adlandırdım: canavarlar özlərinə və sürüyə məsul olduqları kimi, savaşdan sonrakı almanlar da ən radikal şəkildə özləri ilə baş-başa qalmışdılar. Yaşamaq üçün özünü düşünəcəkdin: əvvəlcə, hərfi mənada, yemək davası etməli idin. Bundan əlavə, insanlar anlayırdılar ki, necə cəmiyyət yaradılacağına təsir göstərmək imkanları yoxdur. Bu naçarlıq də özünə qapanmağı təlqin edirdi.

- Kitabdakı qadın emansipasiyası haqda hissə diqqətimi çəkdi. Anladığıma görə, müharibədən sonra güclü qadınların dövrü başlayıb və onlar yeni əldə etdikləri rolu müharibədən və ya əsirlikdən qayıdan kişilərə güzəştə getmək istəməyiblər.

- 1945-ci ildə, SSRİ-də də olduğu kimi, Almaniyada kişilərin çoxu ya savaşda, ya əsirlikdə idi, ya da ölmüşdü. Almaniya şəhərləri qadınların şəhəri idi - əvvəl kişilər görən bütün işləri qadınlar görürdü. Müharibədən sonrakı dövrdə də xaos şəraitində yaşamağı, özlərinin və övladlarının qayğısına qalmağı öyrəndilər.

Onlar uşaqlarla birlikdə özünəməxsus bandalar - survival teams - təşkil edirdilər və çətin dövrü adlamaq üçün cinayətdən çəkinmirdilər. Oğurlayırdılar, quldurluq edirdilər, analar uşaqları cinayətə göndərməkdən çəkinmirdilər, çünki onları cəzalandırmaq çətin idi. Uşaq evləri ağzınacan dolu idi və uşaqları daha həbs etmirdilər: saxlayacaq yer yox idi. Analar və uşaqlar daha da yaxın olur və effektli komandaya çevrilirdilər.

Fiziki və psixi cəhətdən tükənmiş kişilər qayıdıb ailə başçısı yerini geri tələb edəndə vəziyyət belə idi. Bu da qadınların, əlbəttə, xoşuna gəlmirdi: onlar artıq müstəqil və güclü idilər. Uşaqların da xoşuna gəlmirdi - xüsusən oğulların. Onlar uşaqlarından uzaqlaşmış atalarına baxırdılar və hansı haqla əmr verməyə başladıqlarını anlamırdılar.

Beləliklə, o vaxt qadınlar və kişilər arasında xeyli konfliktlər yaşandı. Bir tərəfdən, xeyli dul vardı, digər tərəfdən, hətta müharibədən sağ çıxan cütlüklər boşanırdı. Nəticədə, xeyli insan özünə yeni partnyor axtarırdı, müxtəlif üsullarla yeni təcrübə toplayıdı, savaşın sonunda mənəviyyat haqqında kimsə düşünmürdü. Azad sevgi və qısa əlaqələr səciyyəvi idi. Təxminən 1949-1952-ci illərdə isə yeni toy sunamisi baş verdi: o zaman qadınlar artıq müstəqillikdən usanmışdılar. Beləcə, bir neçə ildən sonra ailə institutu bərpa olundu.

- Yazırsınız ki, dövr - faktiki dağıntılar arasında təşkil edilən əyləncələr və rəqslər dövrü idi. Kişilərin az olmasına baxmayaraq, Almaniyada, xüsusən də Berlində rəqslər coşqu və ajiotajla keçirilirdi.

- Fəlakət, qorxu və ölüm duyğusu insanların az əylənməsinə səbəb olmur, əksinə, daha çox tərsi baş verir. Ölümcül təhlükə yaxınlığı bəzilərində həyatdan tam ləzzət almaq arzusu oyadır. Yəni bir yandan qorxu və depressiya, digər yandan da məsuliyyətin azalması - birbaşa əlaqəlidirlər və bir-birlərini qarşılıqlı gücləndirirlər.

Müharibədən sonrakı Almaniyada əsl rəqs epidemiyası vardı. İnsanlar özlərindən çıxmışdılar, alkoqol içirdilər və müxtəlif avantüralara yuvarlanırdılar. Bunu bildiyimdə olduqca təəccübləndim - bu barədə danışmaq qəbul olunmamışdı. Almaniyada bu dövrü bütövlükdə tutqun depressiv period kimi təsvir edirdilər. İnsanların eyni zamanda xeyli gülmələrini, əylənmələrini və içmələrini hamı unutmuşdu. Bu da, şübhəsiz, günah duyğusu ilə əlaqəlidir: bir neçə il əvvəl bütün törətdiklərinə rəğmən, insanların bu cür mütəmadi əylənmələrini etiraf etmək çətindi.

- Sizin kitabınızda əsas kəşf etdiyim də budur. Mən də savaşdan sonrakı illərə zülmət dövr kimi baxırdım, sonra onu ultramühafizəkar və dindar 50-ci illər - iqtisadi rifah, “haymatfilm”lər və homofob qanunlar dövrü - əvəz edib. Amma belə çıxır ki, ona qədər azad, kosmopolit (ölkədə xeyli əcnəbi vardı) və non-stop əylənən Almaniya olub.

- Elədir, amma əlbəttə, irticaçılar da vardı. Daha əvvəl baş verənlərə heç bir aidiyyatı olmadığını deyən köhnə nasistlər vardı. Amma əksəriyyət azadlıq və sərbəstlik təcrübəsindən keçirdi. Gələcək dumanlı idi. Və ən cəsurlar, ən azadlar və ən macərapərəstlər həmin dövrdən həzz alır və müxtəlif təcrübə toplayırdılar. Onlar cəmiyyətin yeni mövcudluq formaları haqda düşünürdülər. Doğrudur, planlama hüdudu bir neçə günə qədər daralmışdı, amma heç kəs qarşısında hesabat verməli olmamaq qaranlıq diktatura illərindən sonra inanılmaz azadlıq duyğusu bəxş edirdi. 1950-ci illərdə hər şey geriyə fırlandı.

- Kişilər ölkəni özlərinə qaytardılar?

- Hə, dəqiq. Kilsə senzura və s. tələb edirdi. Amma 1950-ci illər haqda mürtəce və durğun dövr təsəvvürü də tam ədalətli deyil. Biz, mənim həmyaşıdlarım onu belə qəbul edirdik, çünki atalarımızla mübarizə aparırdıq. O zaman da avanqard düşünən xeyli adam olub. Ekzistensializm vardı. İnsanlar caza çox qulaq asırdılar. Onları əvəz edən hippilər qədər şən deyildilər, bir az daha depressiyalı idilər. Amma baş verənlərə görə az refleks yaşamırdılar.

- Müharibədən sonra Almaniyaya qayıdan siyasi mühacirlərə və onların qarşılanmasına bütöv fəsil həsr etmisiniz. Ölkədə qalanlar onlara təxminən belə deyirdilər: biz bu illər burada yaşadıq, əzab çəkdik, bizə nə isə deməyə haqqınız yoxdur. Burada da mən Rusiyanı siyasi səbəblərdən tərk edən və yeni ölkənin qurulmasında iştirak üçün dönməyə ümid edən insanları xatırlayıram. Mühacirlərin Almaniyaya qayıtmasından bir az danışın.

- Özünüz qayıdanda yəqin ki, hiss edəcəyiniz şey baş verirdi: tam bir anlaşılmazlıq. Mühacirlər haqlı bir duyğu ilə qayıdırdılar: qalanlarla müqayisədə onlar daha yaxşı Almaniyanı təmsil edirlər. Müttəfiqlər də onlardan ölkə əhalisinin müəyyən mənada tərbiyəçisi kimi istifadə edirdilər. Gedən yazıçılar - Alfred Döblin, Stefan Heym, Klaus Mann - geri qayıdırdılar və fransız, ya da Amerika təbliğatının sifarişi ilə Almaniyada demokratik dəyərlərin yayılması üzərində işləyirdilər. Onlar açıq, yeni informasiyanı qəbul etməyə hazır publika ilə rastlaşacaqlarını gözləyirdilər.

Amma əlbəttə, elə olmurdu. Çətin günləri xaricdə keçirən, indi isə mənəvi avtoritet rolunda çıxış edən onlar qəbul olunmurdular. Yəni hər iki tərəfdən güclü məyusluq vardı. Bu, xüsusən Tomas Manna aiddir: Nobel mükafatı laureatının dönüşünü çoxları gözləyirdi və onun ölkəsinə qarşı şübhələrindən məyus oldular. O, Qərbi Almaniyada cəmi bir dəfə oldu və deyəsən, ADR-də özünü daha yaxşı hiss edirdi. Bu da AFR-də inanılmaz hiddət doğurdu.

Beləliklə, dönən mühacirlər - xüsusən də denasifikasiya sistemində çalışanlar - üçün asan olmadı.

- Bununla belə, tamamilə müxtəlif adamlardan, keçmiş nasistlərdən, keçmiş antifaşistlərdən, evlərindən qovulan Şərqi Prussiya sakinlərindən, dönən mühacirlərdən və başqalarından iki onillik ərzində yeni cəmiyyət yaratmaq mümkün oldu. Bu, necə alındı?

- Bunun harada alındığını soruşmaq daha doğrudur. Cəmiyyət insanların Konstitusiya və ya siyasi fəlsəfə üzrə əsərlər oxuması ilə formalaşmır. Dediyiniz cəmiyyət, məsələn, müharibədən sonrakı illərin qara bazarında yarandı. Hitleryugendin keçmiş üzvləri əvvəllər sarsılmaz görünən dəyərlərin nə qədər nisbi olduğunu gördü. Əvvəllər səcdə etdikləri SS xəncərinin yerini indi bir neçə blok siqaret - o illərin həqiqi valyutası – tutmuşdu. “Lucky Strike” onların beynində SS-in mistik haləsi ilə mübarizəyə girişdi və o mübarizəni qazandı.

Bundan əlavə, qara bazarda uğur qazanmaq üçün insanları yaxşı anlamaq və onlara böyük gözlənti olmadan yanaşmaq lazımdır. İdeologiyalara və təmtəraqlı sözlərə immuniteti olan skeptik əhvallı yeni cəmiyyət belə yarandı. Üstəlik, bu yeni, kiçilmiş, tamamilə az resursu qalan Almaniyada yerli əhali və bütün Şərqi Avropadan qovulan almanlar - onlar arasında çoxsaylı konfliktlər və nifrət vardı - bir yerdə yaşamağa alışmalı idilər. Bu konfliktləri, məsələn, bütün əmlakını itirənlərə kompensasiya verilməsi məsələsini, siyasi və parlament mübarizəsi səviyyəsinə çıxarmaq mümkün oldu. O zaman almanlar anladılar ki, cəmiyyətdəki qrupların öz maraqlarını müdafiə edə bilmələri üçün demokratiya nə qədər mühümdür.

- Bəs keçmiş nasistlər və antifaşistlər arasındakı ziddiyyətlər necə aradan qaldırıldı? Gələcək Rusiyada da müharibənin dəstəkləyənlərlə əleyhinə olanlar birgə yaşayacaqlar.

- Bu, gəncliyimizdə nifrət etdiyimiz şeyin sayəsində mümkün oldu: çəkilən xəttin bu tərəfində qalan şeylərə görə ümumi amnistiya elan edilir. Biz kimin keçmişdə nə etdiyinə baxmayacağıq və xatırlamayacağıq. Doğrudur, hərbi cinayətlərə görə müəyyən məhkəmə prosesləri keçirilirdi, amma cəmiyyətdə səslənməmiş razılaşma vardı: keçmiş haqqında danışmırıq, yeni ölkə qururuq. Keçmiş nasistlər Hitleri aşkar arzulamaqdan və təbliğatlarını yaymaqdan vaz keçirdilərsə, onlara anlayışlı yanaşırdılar.

Bunu korluq, həddən artıq rahatlıq cəhdi kimi nəzərdən keçirmək olar, amma nəticəsi o oldu ki, antifaşistlər, keçmiş nasistlər və yəhudilər bir ofisdə işləyirdilər. Çəkiliş qrupları vardı ki, operator həbs düşərgəsindən qayıdan yəhudi, rejissor isə keçmiş nasist təbliğatçısı idi. Sən yüksək mənəviyyatlı insansansa, susqunluğun yeni cəmiyyət yaratmağa kömək etdiyi faktını qəbullanmaq çətindir. Amma hər şey belə idi, nə qədər məşum olsa da...

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://meduza.io/feature/2024/06/11/kak-byvshie-vragi-mogut-soobscha-postroit-novuyu-stranu
pressklub
Ardını oxu...
Ermənistanın Baş naziri Nikol Paşinyanın 2026-cı ilin sonuna kimi yeni Konstitusiya layihəsinin hazırlanması barədə tapşırıq verdiyi bildirilir. Bu barədə “Azadliq” radiosunun erməni xidməti məlumat yayıb.

Qeyd olunur ki, Paşinyan Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı davam edən tələbi fonunda bu qərarı verib:

“Qərardan əvvəl 2022-ci ildə yaradılan Konstitusiya İslahatları Şurası konstitusiya dəyişiklikləri layihəsi hazırlayırdı. Konsepsiyanın ilkin variantı 2024-cü ilin yanvarında hökumətə göndərilib. İndi Paşinyan yeni Konstitusiya layihəsinin hazırlanmasını tapşırıb. Qərarda “Konstitusiyaya dəyişiklikləri” əvəzinə “yeni Konstitusiya” ifadəsinin yazılması açıq şəkildə qeyd olunub”.

İyunun 11-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla görüşdə demişdi ki, sülh sazişinin imzalanmasına Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddia mane olur.

İyunun 6-da Azərbaycanın dövlət başçısı İlham Əliyev də Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) nümayəndə heyəti ilə görüşdə Yerevanla sülh sazişinə toxunaraq demişdi ki, Ermənistanın hazırkı Konstitusiyası dəyişməz qaldığı halda sülh sazişinin bağlanması, sadəcə, mümkün deyil.

Ondan bir gün sonra Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayaraq heç bir qonşusuna, o cümlədən Azərbaycana ərazi iddiasının olmadığını bildirmişdi.

Bəs indi sülhə maneə nə olacaq?

Siyasi şərhçi Rauf Mirqədirov Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.

 
 
 

Dünyapress TV

Xəbər lenti