Ardını oxu...
Politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistanın Qeqarkunik vilayətinin (Göyçə mahalı) qubernatoru Karen Sərkisyan iddia edir ki, guya Azərbaycan 2022-ci ildə bu istiqamətdə ermənilərə məxsus strateji yüksəklikləri götürüb. Onun sözlərinə görə, Azərbaycan ordusu bu yüksəkliklərdən çəkilməsə, hərbi varianta əl ata bilərlər. Ermənistanın belə bir hərbi gücü varmı ki, bu avantüra haqda düşünür?

- Karen Sərkisyan kimdir?! Heç kimdir, heç nədir. Heç onun sözünü ciddiyə almaq lazım da deyil. Ermənistanda xəstə təxəyyüldə olan insanlar çoxdur. Təəssüf ki, belələri rəhbər vəzifələrdə də var. Bu adamların iddiaları da, özləri də heç nədir. Bu cür ifadələri boş vermək, ciddiyə almamaq lazımdır.

Ermənistanın hərbi imkanlarına gəlincə, Azərbaycan ordusunu sınağa çəkmək onlara baha başa gələrdi. Əgər Ermənistanın hərbi imkanları vardısa, 44 günlük müharibədə göstərərdi. Ermənistanın hərbi imkanları Azərbaycanla savaşa girəcək səviyyədə deyil. İndi təsəvvür edək ki, Baqrat Qalstanyan Ermənistanda hakimiyyətə gəlib, o da heç nə edə bilməz. Baqratın havadarları Serj Sərkisyan və Robert Köçəryan yox, daha təsiredici dairələrdir. Heç onlar istəmirlər ki, regionda vəziyyət dəyişsin.

- Ermənilərin bu kimi təxribatçı iddiaları delimitasiya prosesini tormozlaya və ya mürəkkəbləşdirə bilərmi?

- Buna inanmıram. Əgər Paşinyan cəsarətini davam etdirsə və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə, heç bir problem olmayacaq. Gedişat göstərir ki, bu “müqavimət”in heç bir təsir gücü yoxdur. İndi İrəvanda bir qrup insan küçələrə düşüb zibil qutularını ora-bura atırlar, hay-küy salırlar, vəssalam. Onlar heç nə edə bilməzlər, heç kimdirlər. Paşinyan öz davranışları ilə açıq şəkildə göstərir ki, onları saymır, ciddiyə almır, boşuna vaxt itirirlər.

- Sülh müqaviləsinin Bakıda imzalanacağı ilə bağlı iddia da var. Bu dəfə Rusiyanın nüfuzlu nəşrləri yazırlar ki, Baş nazir Nikol Paşinyan noyabrda Bakıda keçiriləcək COP29-a qatılacaq, saziş də bu mümkün səfər çərçivəsində imzalanacaq. Belə bir iddia Ermənistanda da gündəmdədir. Sizin bu haqda fikriniz necədir?

- Mən bu məsələyə münasibətdə bir az təmkinli yanaşıram. Yeri gəlmişkən, Paşinyan istisna etmir ki, bu sənəd COP29-dan əvvəl imzalana bilər. İndidən nəsə demək çətindir, hələ müzakirələr davam edir. Düzdür, müsbət inkişaf var, amma bir sıra, xüsusən də nəqliyyat kommunikasiyalarının açılması kimi məsələlər həllini tapmayıb. Buna görə də, tələsik fikirlər söyləmək düzgün olmazdı. Bəzən mediada oxucu auditoriyasının diqqətini çəkmək üçün bu kimi maraqlı mövzular ortaya atılır. Mediada ortaya atılan iddialarının bununla bağlı olduğunu düşünürəm. Prosesin özü bir qədər fərqlidir.

- Sülh müqaviləsində Almatı bəyannaməsinə istinad məsələsi də gündəmdədir. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan iddia edir ki, Bakı buna razı deyil. Sizcə, niyə müqavilədə Almatıya istinad olmamalıdır?

- Çünki Almatı bəyannaməsi 1991-ci ilə qədər olan ərazi bölgüsünü əks etdirir. Sovet dönəmində hansı ərazilərin nə vaxt Ermənistana qanunsuz olaraq verilməsi araşdırılmalı və bu, delimitasiya prosesində öz əksini tapmalıdır. Məsələn, Zəngəzur mahalının Nüvədi kəndi 1928-ci ildə qanunsuz olaraq Ermənistana verilib. 1968-ci ildə bu kəndin Ermənistanın tərkibində olması yenə qanunsuz olaraq rəsmiləşdirilib. Bundan əvvəl heç bir sənəddə Nüvədi “Ermənistan ərazisi” kimi təsdiqlənməyib. Nüvədini ermənilərə verənlər kobud səhvə yol vermişdilər, SSRİ qanunları kobud şəkildə pozulmuşdu. O vaxt Azərbaycan Kommunist Partiyasının birinci katibi Levon Mirzoyan idi, yəni erməni. Planı elə qurmuşdular ki, guya Azərbaycan SSR Ermənistan SSR-ə nəsə bağışlayır. Bunu kim bağışlayıb? Bura bir ölkənin ərazisidir, şəxsi mülkiyyət deyil. Bunu SSRİ-nin ali rəhbərliyi təsdiqləməli, reyesterə daxil edilməli idi, bunu etməmişdilər. Nəhayət, 1968-ci ildə Nüvədini qanunsuz olaraq Ermənistana qatdılar.

Belə faktlar çoxdur. Buna görə də, 1991-ci ilədək baş verənləri nəzərə almalıyıq, delimitasiya da bu çərçivədə aparılmalıdır.

- Sizin də qeyd etdiyiniz kimi, sovet dönəmində bəzi ərazilərimiz qanunsuz olaraq Ermənistana verilib. Həmin ərazilərdən biri də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsini təmin edən Mehridir. Sizcə, bu, delimitasiya prosesində Bakının tələblərindən biri ola bilərmi?

- Düşünürəm ki, bunlar kommunikasiyalarla bağlı olan məsələlərdir. Azərbaycan tələb edir ki, sülh müqaviləsində bu məsələ (kommunikasiyaların açılması) də əksini tapmalıdır. Yəni Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında açılacaq nəqliyyat xətləri sərbəst şəkildə fəaliyyət göstərməlidir. Əlbəttə, biz Ermənistanın tanınmış ərazilərinə iddialı, ələ keçirmək niyyətində deyilik. Amma nəqliyyat dəhlizləri ilə bağlı xüsusi rejim olmalıdır. Çünki söhbət Azərbaycanın bir hissəsi ilə digər hissəsi arasında birbaşa əlaqənin qurulmasından gedir. Yüklər və sərnişinlərin daşınması üçün heç bir maneə olmamalıdır.

Dəhliz Azərbaycandan Azərbaycana prinsipi ilə açılmalıdır, vəziyyət belədirsə, hansısa keçidlər və maneələr heç kimə lazım deyil. Düşünürəm ki, indi tərəflər arasında bununla bağlı fikir ayrılığı var, bu da yekun sənədin imzalanmasına təsir göstərir.
 
Ardını oxu...
"Azərbaycanda piyadavurmalar ümumi yol-nəqliyyat hadisələrinin bir-iki faizini təşkil edərsə, o zaman ölkəmiz avtoqəzaların sayının az olduğu ölkələr sırasında ilk yerlərdə olar. Belə olan halda biz deyə bilərikmi ki, bizdə sürücülərin bilik səviyyəsi aşağıdır? Piyadaların təhlükəsizliyi üçün onların maarifləndirilməsinə, yol hərəkəti ilə bağlı biliklərinin artırılmasına, eyni zamanda, yol infrastrukturunun piyadalar üçün daha təhlükəsiz qurulmasına ehtiyac var. Təəssüf ki, bu gün üçün qayda pozan piyadalar sırasında şagirdlər və tələbələrin də sayı kifayət qədər çoxdur. Düşünün, yüksək balla universitetə qəbul olan tələbə yol hərəkəti qaydalarını bilmir və müəyyən edilməyən yerdən keçdiyinə görə yol-nəqliyyat hadisəsinin qurbanı olur. Ömür boyu çəkilən əziyyət, qarşıda onları gözləyən karyera puç olur, bundan da önəmlisi - ailəsinə yaşatdığı sevinc ağır bir kədərə çevrilir. Həyatda istənilən mövzuda qaydaları bilmək, məsuliyyətli davranmaq önəmlidir".

Bunu Oxu.Az-a müsahibəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi polkovnik-leytenant Rövşən Tağıyev deyib. Onunla müsahibəni təqdim edirik:

- Rövşən bəy, sürücülərin son dövrlər ən çox şikayət etdikləri məqamlardan biri baş verən yol-nəqliyyat hadisələri zamanı qəzanın qiymətləndirilməsi məsələsidir. Belə ki, sığorta şirkətlərinin zərərçəkmişə ödəniş etməsi üçün gərəkli olan, "forma 4" deyilən elektron sənədin göndərilməsi bəzən aylarla yubanır. Bu sənədin gecikdirilməsi nə ilə bağlıdır?

- Bu tip sorğular bizə də ünvanlanır. "Forma 4" sənədi 10 gün müddətində elektron qaydada sığorta şirkətinə göndərilir. Eləcə də, sürücülərin hər birinə xüsusi kod verilir və o kod əsasında sığorta şirkətinə yaxınlaşaraq "forma 4" sənədinin gəlib-gəlmədiyini öyrənə bilirlər. Əgər müddət pozuntusu olarsa, həmin sürücülərin bizə müraciət etmələri tövsiyə olunur. Biz məsələni dərhal araşdıracağıq.

- Bəzi ekspertlər ölkəmizdə yol-nəqliyyat hadisələrinin qonşu ölkələrlə müqayisədə dəfələrlə çox olduğunu və bunun da səbəbinin sürücülərin yol hərəkətinə dair bilik səviyyələrinin aşağı olması ilə əlaqələndirirlər. Bu barədə nə deyə bilərsiniz?

- Təəssüf ki, belə şəxslər var və onların dedikləri hansısa təhlillər əsasında səsləndirilən fikirlər deyil, sadəcə, öz şəxsi düsüncələridir. Yol - elə bir sahədir ki, onunla bağlı hər insanın öz şəxsi fikirləri ola bilər, ancaq bunu ekspert fikri kimi səsləndirmək doğru olmaz. "Ekspert" sözü böyük bir mənanı ifadə edir, ekspert olmaq hansısa sahədə savada, uzunmüddətli təcrübəyə sahib olmağı tələb edir. Həm Azərbaycanda, həm də Avropanın bir çox ölkələrində yol-nəqliyyat hadisələrinin sayı ictimaiyyət üçün əlçatandır və aylıq, rüblük, yarımillik və illik olaraq açıqlanır. Hər kəs bu məlumatları rahatlıqla əldə edə, hər 100 000 insana və ya hər 100 000 nəqliyyat vasitəsinə düşən qəza sayını rahatlıqla hesablayıb qəza əmsalını çıxara bilər. Bizdə olan qəzaların sayı, səsləndirildiyi kimi, Avropa ölkələrində olan qəza sayından çox deyil, eləcə də ölkəmizdə yol hərəkəti təhlükəsizliyi səviyyəsi heç də həmin ölkələrdən aşağı deyil.

Ölkəmizdə yol-nəqliyyat hadisələrinin sayına ən böyük təsiri məhz piyadavurma təşkil edir. Yol hərəkəti təhlükəsizliyi baxımından qabaqcıl ölkələrdə piyadavurma halları ümumi yol-nəqliyyat hadisələrinin maksimum bir-iki faizini təşkil etsə də, bizdə bu, 50 faizdən yuxarıdır. Düşünün, yollarda dünyasını dəyişən hər iki nəfərdən biri piyadadır. Bu hadisələrin də başlıca səbəbi piyadalarımızın qanunvericiliklə onların üzərinə qoyulmuş hüquq və vəzifələri yetərincə bilməmələri və yolu haradan gəldi keçmələridir. Bu sahədə sürücülərdən daha çox, piyadaların maarifləndirilməsinə ehtiyac var.

Çünki bizdə də piyadavurmalar ümumi yol-nəqliyyat hadisələrinin bir-iki faizini təşkil edərsə, o zaman ölkəmiz avtoqəzaların sayının az olduğu ölkələr sırasında ilk yerlərdə olar. Belə olan halda biz deyə bilərikmi ki, bizdə sürücülərin bilik səviyyəsi aşağıdır? Piyadaların təhlükəsizliyi üçün onların maarifləndirilməsinə, yol hərəkəti ilə bağlı biliklərinin artırılmasına, eyni zamanda, yol infrastrukturunun piyadalar üçün daha təhlükəsiz qurulmasına ehtiyac var. Təəssüf ki, bu gün üçün qayda pozan piyadalar sırasında şagirdlər və tələbələrin də sayı kifayət qədər çoxdur. Düşünün, yüksək balla universitetə qəbul olan tələbə yol hərəkəti qaydalarını bilmir və müəyyən edilməyən yerdən keçdiyinə görə yol-nəqliyyat hadisəsinin qurbanı olur. Ömür boyu çəkilən əziyyət, qarşıda onları gözləyən karyera puç olur, bundan da önəmlisi - ailəsinə yaşatdığı sevinc ağır bir kədərə çevrilir. Həyatda istənilən mövzuda qaydaları bilmək, məsuliyyətli davranmaq önəmlidir.

- Bəzi saytlar var ki, avtomobillər üçün nömrələr satırlar. Daha da maraqlısı odur ki, bir nömrəni 10-15 min manata təklif edirlər. Bu qanunidirmi?

- Əlbəttə ki, xeyr. Bəzi saytlar var, hətta sosial şəbəkələrdə səhifələr də var ki, nömrə satışı adı ilə insanları aldatmağa çalışırlar. Bu kimi hallar barədə bizə çoxsaylı müraciətlər daxil olurdu. Kimlərsə bu səhifələrə aldanıb, nömrələri almaq üçün beh verirdilər. Sonda da məlum olurdu ki, bu nömrələr başqa şəxslərə məxsusdur və onların avtomobillərinin nömrələrinin satışa çıxarılmasından heç xəbərləri yoxdur.

Ümumiyyətlə, nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı ayrıca alqı-satqının və ya başqa əqdin (bağışlama, dəyişmə və s.) predmeti ola bilməz. "Yol hərəkəti haqqında" Qanunun 27 və 29-cu maddələrinə görə, avtomobil üzərində nömrə ilə satıla bilər. Amma "mən yalnız nömrəni satıram, avtomobili yox" kimi bir iddia qanunla qadağandır.

- Heç bu istiqamətdə şikayət əsasında qanunsuz olaraq başqalarına məxsus avtomobil nömrələrini satışa çıxaran şəxs və ya şəxslər aşkarlanıbmı?

- Bəli, bu istiqamətdə aparılan araşdırmalar nəticəsində bəzi şəxsləri müəyyən etdik və onlar barəsində qanunamüvafiq tədbirlər görüldü.

Tərəfimizdən aşkar edilən "avtomobil nömrə satışı" adı altında "Instagram" və "TikTok" sosial şəbəkələrində kifayət qədər izləyicisi olan səhifələrin sahibi izahatında insanların diqqətini çəkən avtomobil nömrələrini ağlına gələn qiymətlərlə səhifələrdə yerləşdirməkdə məqsədinin sosial şəbəkə səhifələrinin reytinqini və izləyici sayını artırmaq olduğunu, müəyyən izləyici sayı qazandıqdan sonra onların adını dəyişərək başqa şəxslərə satdığını etiraf etdi.

- Son vaxtlar yenə nəqliyyat vasitəsini nömrəsiz idarə edən sürücülərin sayı artıb. Sürücüləri buna vadar edən nədir?

- Əlbəttə, məqsəd - qayda pozsalar da, xüsusi texniki vasitələr tərəfindən aşkarlanıb cərimələnməməkdir. Bu cür sürücülərə qarşı ciddi mübarizə aparılır. Nəqliyyat vasitəsinin nömrəsini çıxardığınız zaman hər hansı yol-nəqliyyat hadisəsi törətdikdə nəqliyyat vasitəsinin kimə məxsus olduğunu müəyyənləşdirmək çətinləşir. Təbii ki, bu da zərərçəkənlərin haqlı narazılığına səbəb olur. Nömrə nişanları birmənalı olaraq avtomobilin üzərində olmalıdır. Buna əməl edilməməsi həm qanunlara, həm də hərəkət iştirakçılarına qarşı hörmətsizlikdir.

- Bahalı avtomobillərin səsgücləndirici sistemləri zavodda tərtib edilir. Bəzən sürücülər 100-300 min manatlıq avtomobillərini şəhərdə "rahat" sürə bilmədiklərindən tez-tez nəqliyyat vasitələrinin polis tərəfindən cərimə meydançasına aparıldığını iddia edirlər. Burada belə bir sual yaranır ki, əgər bu nəqliyyat vasitələrinin respublika ərazisində sürülməsi qadağandırsa, aidiyyəti üzrə ölkəyə gətirilməsinə niyə icazə verilir?

- Avtomobil zavod tərəfindən hansı konstruksiyada buraxılıbsa, onda hər hansı bir məhdudiyyət tətbiq olunmur. Yox, əgər siz sonradan səsgücləndirici qurğular quraşdırıb, səsboğucuya kənar müdaxilə edərək səsgücləndiricilər, partlama səsi çıxaran qazanlar qoşursunuzsa, bu, qanunla qadağandır. Çünki bu, digər sürücülərin narazılığına səbəb olmaqla yanaşı, onların diqqətini də yayındırır. Elə sürücü ola bilər ki, həmin səs onu qorxudar və o, ani manevrlə qəza törədə bilər. Düşünün, işıqforda dayandığınız yerdə yaxınlaşan nəqliyyat vasitəsi güclü partlayış səsləri çıxarır. Hərəkət iştirakçıları arasında uşaqlar, yaşlı şəxslər, hamilə qadınlar da var, bu isə onlara, təbii ki, mənfi təsir edir.

- Sosial şəbəkələrdə operativ nəqliyyat vasitələrinə xas olan sayrışan işıqları şəxsi avtomobillərinə quraşdıran sürücülərin videolarına da rast gəlinir. Həmin sürücülər digər hərəkət iştirakçılarını çaşdıraraq onlardan ehtiyac oldu-olmadı yol istəməklə qəza şəraiti yaradırlar. Bu kimi hallarla necə mübarizə aparırsınız?

- Belə avadanlığı alan və avtomobilinə quraşdıran şəxs düşünməlidir ki, bu ona problem yaradacaqsa, buna görə yüksək məbləğdə cərimə ödəyəcəksə, belə qurğunu niyə alsın və quraşdırsın? Biz, demək olar ki, bütün platformalarda bunu səsləndiririk ki, vəzifəsindən, statusundan asılı olmayaraq, yollarda hər kəs bərabər hüquqa malikdir və yol hərəkəti ilə bağlı qaydalara riayət etməyə borcludur.

- Avtoxuliqanlıq edən sürücülərlə bağlı reydlər davam edirmi? Təəssüf ki, belə sürücülər bəzən etdikləri əməlləri fəxr edilməli hal kimi sosial platformalarda paylaşırlar. Onlara qarşı mübarizə aparılırmı?

- Avtoxuliqanlıq edən şəxslərə qarşı çox ciddi mübarizə tədbirləri aparılır və aparılmalıdır da. Avtoxuliqanlıq - ictimai təhlükəli əməldir. Bu, insan həyatını təhlükəyə atmaq deməkdir. Bəzilərinin diqqət çəkmək və ya fərqlənmək istəkləri kimlərinsə həyatına son qoyur. Kimlərsə belə şəxslərə "cavandır" deyərək haqq qazandırmağa çalışırlar. Cavandır deyə avtomobili bu cür idarə etməli və insanların həyatına son qoymalıdır? Bu, yolverilməzdir!

Bu tərz videoların sosial şəbəkələrdə geniş yayılması isə ən təəssüfləndirici haldır. Biz çox zaman sosial şəbəkələrdə nümunəvi sürücülər, eləcə də respublika yollarında müşahidə edilən müsbət hallarla bağlı məlumat paylaşarkən onun geniş ictimaiyyətə çatması üçün heç kim dəstək olmur. Görürük ki, paylaşılma minimumdur. Çünki sosial şəbəkə istifadəçiləri tərəfindən belə müsbət hallar o qədər də maraqla qarşılanmır. Ancaq kimsə hansısa bir qayda pozuntusunu çəkib paylaşanda baxırıq ki, onun izlənməsi bir saat ərzində, bəlkə də, yüz min baxışı keçir. İstifadəçilər də dayanmadan bunu paylaşırlar. Əslində, istəmədən, şüuraltı səviyyədə neqativ halları, qayda pozuntularını təbliğ etmiş olurlar. Buradan belə nəticəyə gəlirik ki, sosial mediada pozitiv xəbərlər yox, neqativ xəbərlər daha çox yayılır, daha çox maraq cəlb edir. Düşünürəm ki, eyni təbliğatı müsbət hallar üzərində etsək, artıq müəyyən zaman sonra bu da insanların maraq dairəsinə düşər.

- Hazırda ölkə ərazisində "təmiz hava aylığı" keçirilir. Bu aylığın keçirilməsinə zərurət nə idi?

- "Təmiz hava aylığı" ildə bir neçə dəfə olmaqla hər il BDYPİ və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir. İl ərzində havaya atılan zərərli qazların ümumi həcminin 85%-i nəqliyyat vasitələrinin, 15%-i isə zavod və fabriklərin payına düşür. İkinci bir statistikanı da deyim. İl ərzində nəqliyyat vasitələri tərəfindən havaya atılan dəm qazının miqdarı 800 000 tondan artıqdır. Təəssüf ki, bu gün yollarda olan nəqliyyat vasitələrinin təxminən 80%-dən çoxu istehsal ili 15-20 ildən çox olan avtomobillərdir. Bu isə həm havanın çirklənməsinə, həm də yol-nəqliyyat hadisələri zamanı ölüm və xəsarət faktlarının artmasına bilavasitə səbəb olan hallardandır.

- Bəs nəqliyyat vasitələrinin utilizasiya proqramı ilə bağlı nə deyə bilərsiniz?

- Çox istərdik ki, ən qısa müddət ərzində insanların istəyi əsasında utilizasiya proqramı uğurla həyata keçirilsin.

Biz utilizasiya proqramını icra edən qurum olmasaq da, məsələyə təhlükəsizlik baxımından yanaşsaq, sürücülərimizin yeni, komfortlu, müasir təhlükəsizlik tələblərinə cavab verən avtomobillər əldə etməsi həm ekologiyaya, həm də avtoqəzaların sayına müsbət təsir göstərərdi. Çünki yol-nəqliyyat hadisələri zamanı ölüm faktına yol açan əsas səbəblərdən biri avtomobilin müasir təhlükəsizlik tələblərinə cavab verməməsi və istehsal ilinin kifayət qədər köhnə olmasıdır.

- Bir sıra Avropa ölkələrində yollarda qayda pozuntularının aşkarlanmasında dronlardan istifadə edilir. Son dövrlər yol infrastrukturunda bir sıra yeniliklər tətbiq edilir, məhz buna görə maraqlıdır ki, ölkəmizə dron radarların gətirilməsi gözlənilirmi?

- Bizdə də ötən illərə nisbətdə artıq bir çox qayda pozuntuları elektron formada, yəni insan amili olmadan xüsusi texniki vasitələrlə aşkar edilir. Doğrudur, gündən-günə yol hərəkəti təhlükəsizliyinə dair yeni, müasir texnologiyadan istifadə edilir. Dronlar da bunlardan biridir. Ölkəmizdə hələ ki inzibati xətaların aşkarlanmasında dronlardan istifadə olunmur. Lakin gələcəkdə buna zərurət yaranarsa, yəqin ki, bu məsələ müzakirə oluna bilər.

- İlin əvvəlindən indiyədək respublika yollarında baş verən qəzaların sayında azalma müşahidə edilirmi?

- Cari ilin dörd ayı ərzində respublika yollarında ümumilikdə 439 yol-nəqliyyat hadisəsi baş verib ki, onlardan 212-si ölümlə, 389-u xəsarətlə nəticələnib. Rəqəmləri keçən ilin müvafiq dövrü ilə müqayisə etsək, görülən tədbirlərin müsbət nəticə verdiyini və ölüm halının azalan dinamikasını görərik. Belə ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə bu il yol-nəqliyyat hadisələrinin sayı 73 fakt, ölüm halları 35 fakt, xəsarət halları isə 55 fakt azalıb.

Qəza törədən şəxslərlə bağlı aparılan araşdırmalar göstərir ki, yol-nəqliyyat hadisəsinə sürücülük hüququ olmayan 46 nəfər, birillik sürücülük hüququ olan 51 nəfər, 10 ildən yuxarı sürücülük hüququ olan 171 nəfər səbəb olub.

Təəssüf doğuran məqamlardan daha biri sürücü səhlənkarlığı səbəbindən baş verən yol-nəqliyyat hadisələrində ailə üzvlərinin həlak olmalarıdır. Bu tip 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, hadisə zamanı üç nəfər özünün, beş nəfər həyat yoldaşının, bir nəfər atasının, dörd nəfər oğlunun, bir nəfər isə qızının ölümünə səbəb olub.
 

Ardını oxu...
Mərkəz rəhbəri: “Ermənistanda qanlı qarşıdurmanın, sui-qəsdlərin baş verməyəcəyinə zəmanət yoxdur”

Ermənistanda daxili siyasi gərginlik qismən səngisə də, müxalif “Vətən naminə Tavuş” hərəkatı aksiyaların davamlı olacağını, hərəkatın məqsədinin Baş nazir Nikol Paşinyanın hakimiyyətinə son qoymaq olduğunu bəyan edir. Hərəkatın lideri, Tavuş vilayətinin arxiyepiskopu Baqrat Qalstanyan Baş naziri “vətəni satmaqda”, “Ermənistanın milli maraqlarını satmaqda” və “dövləti təhlükəyə atmaqda” günahlandırır. Qalstanyan ermənilərə mitinqlərə qoşulmaq çağırışı etsə də, İrəvanın mərkəzi meydanına 15 mindən artıq etirazçı toplaya bilmir. Mütəxəssislər hesab edirlər ki, bu qədər mitinq iştirakçısı ilə Paşinyanı devirmək mümkün deyil.

Paşinyan hökuməti isə “Vətən naminə Tavuş” hərəkatını və onun rəhbərliyində olan şəxsləri “qarışıqlıq yaratmaqda”, “Ermənistanın təhlükəsizliyinə xələl gətirməkdə” və “xarici qüvvələrin əlində oyuncaq olmaqda” ittiham edir.

Paşinyan Qalstanyana son mesajında keşişi “xarici qüvvələrin təsirində olan şəxs” adlandırıb: “Kimlərinsə oyuncağı olan, meydanlarda şoumenlik edən hansısa bir keşiş ətrafına özü kimiləri toplayaraq Ermənistan rəhbərliyi ilə görüş tələb edir, istefaya çağırış edir. Bilmirəm, bu arsız özünü nə hesab edir?!”.

Paşinyan Ermənistanda təxribatlar törətmək istəyən radikallara da cavab verib: “Mənim hakimiyyətdən getməyimi istəyənlərə səslənirəm, bilsinlər ki, belə bir niyyətim yoxdur. Ölkədə anarxiya, xaos yaratmaq istəyənlərin bütün cəhdlərinin qarşısını hüquq-mühafizə orqanları qətiyyətlə alır və alacaq”.

Ermənistanda baş verənlər və hadisələrin bundan sonrakı mərhələsində nələrin baş verəcəyi ehtimalları ilə bağlı AYNA-nın suallarını Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri cavablandırıb. Analitik qeyd edib ki, keşişin başlatdığı hərəkat erməni cəmiyyəti tərəfindən dəstək görmədi:

- Qalstanyan Tavuşdan İrəvana yürüş etdi, paytaxtda keçirdiyi ilk mitinqdə xeyli insan meydana toplaşdı. Sonrakı mitinq və aksiyalara qatılan insanların sayı azalmağa doğru getdi. Qalstanyan İrəvanda mitinqlərə 10-15 min şəxsdən artıq etirazçının gəlmədiyini anladı. İndi keşiş yenidən bölgələrə səfərlər edir, insanları etirazlara səsləyir. Bu, yeni müstəvidir. Bununla keşiş çalışır ki, regionlardan insanları paytaxtdakı mitinqlərə cəlb edə bilsin.

Qalstanyanın eyni zamanda, hakimiyyət rəsmilərini hədəfə almaqla hakim komanda içərisində parçalanma yaratmaq istəyir. Keşişi meydana atan qüvvələr anlayırlar ki, hakimiyyət içərisində parçalanma olmadan azsaylı iştirakçısı olan mitinqlərlə Paşinyanı devirmək mümkün deyil. Dövlət qurumları binaları qarşısında keçirilən aksiyalar da bu məqsədə xidmət edir.

- Erməni müxalifəti məqsədinə çata biləcəkmi?

- Hesab edirəm ki, proses kulminasiya nöqtəsinə yaxınlaşır. Məlumdur ki, bu etiraz dalğasına milyonlarla dollar vəsait ayrılıb. Xaricdə yaşayan kriminal erməni lobbisi etiraz dalğasına külli miqdarda maliyyə yatırıb. Söhbət Qərbdəki erməni lobbisindən və Rusiyadakı erməni diasporasından gələn vəsaitlərdən gedir. Eyni zamanda, konkret siyasi sifarişlər var. Bəzən deyirlər ki, Rusiya çoxdandır erməni müxalifətindən əlini üzüb, bu məsələ Rusiya ilə bağlı deyil. Bu, yanlış yanaşmadır.keşişin başlatdığı etiraz dalğasının arxasında Rusiya dayanır. Moskvada anlayırlar ki, müxalif qüvvələr – keçmişdə hakimiyyətdə olmuş Robert Köçəryanla, Serj Sarkisyanla bir nəticəyə vara bilməyəcək, keşişin simasında lider ortaya atdı. Rusiyanın bu siyasi əməliyyatı da iflasa uğramaqdadır.

- Erməni mediası iddia edir ki, Qalstanyanla məqsədinə nail ola bilməyən Moskva yenidən Paşinyanla münasibətləri yaxşılaşdırmaq istiqamətində addımlara başlayıb...

- Bu, görüntü xarakterlidir və insanları çaşdırmaq üçün ortaya atılan məlumatdır. İnsanları Rusiya yanlış istiqamətə yönləndirir. Kreml anlayır ki, Ermənistan cəmiyyətində Rusiyaya inam yoxdur, nifrət dostluğu üstələyir. Paşinyanla əməkdaşlığın bərpası kimi məsələni ortaya atmaqla ola bilsin ki, Rusiyaya nifrət edən erməni cəmiyyətini ayağa qaldırmaq, hakimiyyəti devirmək istəyir.

Məlumdur ki, Rusiya hər zaman “kökə və kötək” siyasətindən paralel şəkildə istifadə edir. Əgər keşişin başlatdığı etiraz dalğası üstün olsaydı, Rusiyanın Ermənistan siyasətini başqa yöndən görə bilərdik.

Eyni zamanda, Qalstanyan son vaxtlar müstəvini dəyişir. Əslində keşişin arxasında dayanan qüvvələr gərginliyin daha da artması və qan tökülməsinin tərəfdarıdırlar. Hesab edirlər ki, qanlı qarşıdurma olarsa, o zaman erməni ictimaiyyətində ajiotaj yaranar, mitinqlərin masştabı daha da artar. Çünki qan tökülərsə, burada ittiham olunan tərəf təbii ki, hakimiyyət olacaq. Bir növ, hakimiyyət zorakılığa təhrik edilir.

- Amma Paşinyan bu qarşıdurmadan sanki yayına bildi...

- Tam yayındığını söyləmək çətindir. Proses kulminasiya nöqtəsinə gəlsə də, tam başa çatmayıb. Ermənistanda hakimiyyəti dəyişmək istəyən güc, konkret olaraq xaricdəki radikal erməni lobbisi və Rusiya hər vəchlə istəyir ki, qanlı qarşıdurma olsun, zorakılıq törədən Paşinyan hakimiyyətdən zoraklılıqla qovulsun. Çünki hüquqi yolla, hüquqi müstəvidə etiraz yolu ilə Paşinyanı devirə bilməyəcəklərini başa düşürlər. Anlayırlar ki, növbədənkənar seçkilər təyin olunsa belə, ermənilərin səsini qazana bilməyəcəklər. Ona görə də hakimiyyəti zorla devirməyin marağındadırlar. Hətta Qalstanyanın özü bəyanatında açıq şəkildə bildirdi ki, məqsədləri növbədənkənar seçkilərin təyin olunması yox, Paşinyanı istefaya məcbur etməkdir.

Bəli, Paşinyan bu niyyəti görür və qan tökülməməsi üçün çalışır, amma nəzərə almaq lazımdır ki, bu etiraz dalğası tam sıradan çıxmayıb. Ona görə də sabah Ermənistanda qanlı qarşıdurmanın, sui-qəsdlərin baş verməyəcəyinə zəmanət yoxdur. Çünki keşişin arxasında duran qüvvələr vətəndaş qarşıdurmasının baş verməsinə təhrik edirlər. Milyonlarla pul ayırmış dairələr konkret siyasi nəticə istəyirlər ki, bu nəticə də yoxdur.

- Demək istəyirsiniz ki, növbəti mərhələ zorakılıq mərhələsidir?

- Əlbəttə, Ermənistanda proseslər artıq zorakılıq mərhələsinə qədəm qoyur. Ayrı-ayrı zorakılıq halları, etirazçıların hökumət binaları qarşısına toplaşmaları, səslənən təhdidlər bunun göstəricisidir. Demək olar ki, keşişin başlatdığı etiraz dalğasında “B” variantı işə düşüb. Qalstanyanın arxasındakı güclər “B” varianına keçidi tələb edirlər. Yenə deyirəm, proses qanlı qarşıdurmayadək inkişaf edə bilər. Amma bu o demək deyil ki, erməni müxalifəti uğur qazanacaq. Paşinyanın hakimiyyətdən devrilməsi elə də asan məsələ deyil. Baş naziri sui-qəsdlə aradan götürmək, bununla hakimiyyətinə son qoymaq ehtimalı da heç vaxt istisna olunmamalıdır.

Müəllif: Anar Bayramoğlu
 
Ardını oxu...
Tez-tez qalmaqallı fikirləri ilə gündəmə gələn psixoloq Samirə Bağırova müsahibə verib.

– Belə bir deyim var ki, dərzi öz söküyünü tikə bilməz. Siz psixoloq kimi bir çox insanın mənəvi məlhəmi olursunuz. Bəs özünüz? Yəni psixoloqun da psixoloqa ehtiyacı olduğu anlar olurmu?

– Normal bir insana psixoloq lazımdırsa, psixoloqun özünə iki psixoloq lazımdır. Həm şəxsi həyatı ilə bağlı, həm də ona müraciət edənlərin yükünü daşımalıdır axı… Hətta digər ölkələrdə belə bir məsələ var – psixoloq ay ərzində supervizorlara müraciət etməlidir, əks halda, cinayət işi açılır. Çünki sonu intiharla nəticələnə bilər. Bizdə isə belə bir şey yoxdur. İstər həkimlər, istərsə də psixoloqlar hansısa psixoloqa getməyi özünə sığışdırmır. İnsanlar arasında hətta indi-indi dəbə düşməyə başlayıb ki, psixoloqa dəli getmir, normal şəxslər də müraciət edir. Necə ki, mənə heç bir psixoloq müraciət etməyib, mən də etməmişəm. Amma ehtiyacım olmadığına görə yox. Təbii ki, təzə başlayanda problemlər olurdu – çox ağır hekayələr dinləyirsən. İlk başlarda bizim psixoloqlardan birinə müraciət etmişdim ki, məndə belə hallar baş verir. Artıq öhdəsindən gəlmə təməlini tuta bilmişəm, neqativi bloklamağı bacarıram.

– Sosial şəbəkələrdə fenomen birisiniz desək, yanılmarıq. Videolarınız paylaşılır, kimi tənqid edir, kimi həmfikir olduğunu bildirir. Daha çox nəyə görə qınanılırsınız? Sizcə, qadınların sevimlisisiniz, ya kişilərin?

– Ötən günlərdə bir şərh oxudum: Xanımların Hikmət Hacıyevi varsa, kişilərin də psixoloqu var – Samirə Bağırova. O qədər güldüm ki, bu cümləyə. Mən feminist biri deyiləm, yaxud da birtərəfli danışan biri. Paylaşımlarımda həm kişilərdən, həm də qadınlardan söz açıram. Məsələn, axırıncı paylaşımlarımdan biri qadınlarla bağlı idi, bu dəfə bəylər məni qınamağa başladılar. Həmin videoda qeyd etmişəm ki, əl qaldıran, şiddət göstərən kişilərdən uzaq durmaq lazımdır və kişilərin tənqidi ilə üzləşirəm. Bu artıq o kişilərdir ki, onlar bunu edirlər, sərf etmir onlara. İnsanlar danışaraq həll edir məsələni, şiddətlə, mühakimə etməklə, lağa qoymaqla, təhqir etməklə deyil. Mən ola bilər kişilərdən danışım, yaxud xanımlardan, cütlüklərdən, ailə məsələlərindən, valideyn-uşaq münasibətlərindən. Kiminsə qəbul etməməsi və ya əksi normaldır. Beyinlər fərqlidir, kiməsə sərf edir, kiməsə yox. Hamının səni sevməyi normal deyil. Kimsə sənə nifrət etmirsə, sən maraqsız birisən.

– Samirə xanım, cəmiyyətimizdə cinsi məsələlərlə bağlı boşluq var. Hansısa səbəbdən danışmağa utanırıq. Səbəb nədir, niyə özümüzə yaraşdırmırıq?

– Çox ayıblayırlar. İki il öncə, bölgələrin birində bir qız uşağı menstruasiya dövrü keçirsə də, nə olduğunu bilmədiyinə görə intihar etmişdi. Bir ananın evində qız uşağı böyüyürsə, onu başa salmalıdır. Uşaqlarda 11 yaşından etibarən həyatla bağlı suallar yaranmağa başlayır. Elə sizdən öncə, bir xanım müraciət etmişdi ki, oğlumun 5 yaşı var, sürtünmələri olur, mən onu necə müalicə edə bilərəm. Vurmaq, qışqırmaq, döymək olmaz, o uşaq başa düşmür axı. Sən ona ha denən ki, olmaz, bədənində gedən reaksiyadır, necə başa salasan? Fikrini yayındırmaqla, nağıl danışmaqla və s. Bu dönəm bir də 13-14 yaşlarında, yeniyetməlik zamanında baş verir. Tez inkişaf edən uşaqlar da var. Bununla bağlı valideyn, ana xəbərdarlıq etməlidir. Yaxud oğlandırsa, ata ilə oğul arasında söhbət olmalıdır. Məsələn, tualet tərbiyəsi var – uşaq vaxtı analar qızlarına, atalar isə oğullarına öyrətməlidir. Eləcə də yeniyetməlik dönəmində müəyyən məsələlər başa salınmalıdır. Çünki çox müraciət edənlər var. 23-25 yaşında gəlir deyir ki, mən intihara qərar vermişəm, dözə bilmirəm, bu yükü özümlə daşıya bilmirəm. Niyə? 13-14 yaşım olanda masturbasiya dönəmində qonşu uşaqla sürtünmə olmuşdu, deməli geyəm. Bu adam özünü dərk etmir.

Yanlış informasiya alırlar, ordan-burdan, internetdən. Həmin sürtünmə dönəmini yaşayan xanımlar da var. 13-14 yaş bədənin oyanma vaxtıdır, insan özü də bilmədən masturbasiyaya başlayır. Qızların bir-birilərindən xoşları gəlir sürtünmə yolundan istifadə edirlər. Sonra gəlir ki, mən lezbiyanam. Deyilsən. O elə bir dönəmdir ki, fərqində olmayıb, sublimasiya edə bilməyib və bilmədən qonşu qızı, xala qızı , ya kimləsə bu proses başlayıb. Belə olan halda, dərhal eynicinsli olduqlarını, normal olmadıqlarını düşünürlər. Oğlandırsa deyir “qadın ruhundayam”, qızdırsa “kişi ruhundayam”. Həmən mərhələnin öhdəsindən gələ bilmir. Çünki hara baxırsan, eynicinsli münasibətlərdən danışılır, reklam olunurlar. Məsələ budur. Valideyn mütləq şəkildə övladına başa salmalıdır, əgər yolunu bilmirsə, psixoloqdan yardım istəmək lazımdır.

Dini baxımdan deyirlər ki, günahdır, siz insanları səhv yola yönləndirirsiz. Xeyr. Bir insan özünə toxunub özünü qəbul etməlidir. Əgər bunu etmirsə, özünə qarşı yadlaşma gedir. Orqanizmində nə baş verirsə, insan onu bilməlidir, normaldır. Bunu o qədər ayıblayırlar, qloballaşdırırlar ki… Xarici ölkələrdə qızlar masturbasiya dönəmində artıq cinsi əlaqəyə girirlər. Bizdə axı mentalitet var, müsəlman ölkəyik. Ona görə də 18 yaşdan icazə verilir ki, bu bədənin tələbatı ödənməlidir – ya evlilik yolu ilə, ya da masturbasiya.

– Uşaqları və yeniyetmələri vurğuladığınız. Amma qadınla kişi arasında da cinsi məsələlərin müzakirə edilməsi ilə bağlı problemlər var. Tutaq ki, qadınlar öz həyat yoldaşına seks ehtiyaclarını deyə bilmir. Düşünür ki, desəm, sabah mənə “fahişə” deyər.

– Xanımlarla söhbət zamanı başa düşürəm ki, hətta onların 90 faizi orqazmın nə olduğunu bilmirlər. Qəribə də olsa deyəcəm. Xanımla kişi evlənir, ilk həyata qədəm qoymağa hardan başlayır? Toy gecəsindən. Yəni cinsəllik insan həyatında önəmli bir faktordur. Hətta dinimizdə də var ki, evləndinsə, sən xanımının istəklərini yerinə yetirməlisən. Bizdə amma pərdə o qədər qalındır ki, bir-biriləri ilə söhbət edə bilmirlər, xəyanətə üstünlük verirlər. Kişilər xəyanət edəndə ikinci qadının yanında tam özləri olduqları kimidirlər. Ailədə başqadılar, özləri deyillər. Sanki bir rol götürürlər üstlərinə, cildə girirlər. Olmazmı ki, sən elə öz həyat yoldaşının yanında özün olasan? Elə təməldən, ikiniz bir araya gəlirsiniz və ehtiyaclar, istəklər barədə danışırsınız. Bəli, bəylər var ki, xanım ondan çox şey tələb etdiyi zaman “bunları hardan bilirsən”, “demək ki, məlumatın var” deyəcək. Psixologiyada insan tiplərə bölünür – temperament tipləri var. Kimsə passivdi, kimsə aktivdi və ya daha ehtiraslıdır. Bu artıq onun genetikasından gəlir. Bu baxımdan əvvəldən bunlar danışılmalıdır, belə olarsa, əksinə bir-birilərinə daha da bağlı olacaqlar. Bizdə “qadınla belə şey danışılmaz, olmaz”, “qadın az bilməlidir”, “övladımın anasıdır” fikri ön plandadır. Arvad kimi baxırlar, amma xanım kimi yox.

Yenə təmələ gələcəm – valideynlər uşaq böyüdəndə ona özününkü kimi baxır. “Mənim uşağımdı, özüm bilərəm”. Xeyr. Dünyaya gətirilən hər uşaq sənin deyil, cəmiyyətindir. Sabah o hansısa bir şirkətin işçisidir, kiminsə yoldaşıdır və ya xanımıdır, valideyndir. Qız uşaqlarını böyüdəndə onu “arvad” kimi yetişdirmək lazım deyil. Kişi də eləcə. Evlənəndən, uşağı olanda, qarın qabağa gələndən sonra kişi status daşıyır. Olmazmı ki, sən uşaqlıqdan buna kişi deyə müraciət edəsən. Bu sözlərlə ona məsuliyyət yükləyirsən artıq. Qız uşağına “sabah ana olacaqsan” deməkdənsə, ilk növbədə “sən xanımsan” deməliyik. Belə olan halda, o, xanım kimi davranmağa başlayacaq.

– Kişilər həyat yoldaşlarına yaraşdırmadığı şeyləri başqalarında, hətta homoseksuallarda belə tapmağa çalışırlar. Buna səbəb nədir?

– Çünki onlar qorxurlar. Özünün gizli, zəif tərəfləri var, onu göstərməkdən, xanımının gözündən düşməkdən çəkinir. İnsanın şüuraltında nə yatdığını bilmirik. Cinsi münasibət elə bir şeydir ki, ehtiyatlı davranmaq lazımdır. Bu gün pornoqrafiq videolar geniş yayılıb. Yeniyetmələrdə xüsusilə diqqətli olmalıyıq, onlar bu cür videolara baxdıqca şüuraltlarına nələrsə yüklənir. Sabahısı gün cinsi münasibətə girəndə onların yaşadıqları az gəlməyə başlayır, başqa şeylər sınamaq istəyirlər. Daha dərinə getdikcə artıq insanlıqdan çıxmağa başlayır, normal cinsi münasibət cızığından çıxır, sadə dildə desək, pozğunluqlara gedirlər. Bunu qarşı tərəf qəbul etməyə bilər və xəyal qırıqlığı yaşayar. Bu baxımdan qorxular var. Hər şeyin həddi olmalıdır, balansı hər yerdə qorumaq lazımdır. Cinsi münasibətdə də. Əgər ağlına qeyri-adi bir şey gəlirsə, sən artıq onu sekspotoloqla müzakirə etməli, öhdəsindən gəlməlisən ki, niyə məndə normadan kənar hisslər var.

Biz heç “seks” sözünü deyə bilmirik. Halbuki bu söz kişi, qadın cinsiyyətini bildirir. Amma bizdə “seks” intimə yozulur. Hətta ər-arvad sekspotoloqa müraciət edir. Sivil insanlar bu şəkildə öz problemlərini həll edirlər ki, xəyanət baş verməsin, ailə dağılmasın. Amma digərləri kənarda görürlər. Son günlər baş verən bir sıra şeylər məni də çox təəccübləndirir.

Deyəcəyim məsələ artıq geniş yayılıb. Deməli, evli kişilər guya çox qadınla görüşür, yəni gündə biri ilə görüşürmüş kimi imic yaradır. İkinci telefonu da olur. Bir xanımla restoranda oturur, birinə hədiyyə alır və.s. Çevrəyə göstərməkdən ötrü, sanki bu, “babnik”dir. Əslində isə gizli sevgilisi kişidir. Onu heç kim bilmir, bütün istəklərini, ağlasığmayan cinsi arzularını onunla həyata keçirir. Xanımı bunu qadınla tutsa belə, qoy elə bilsin ki qadındır. Maskalanırlar. Ona görə xanımlara deyirəm ki, siz hələ yoldaşınızı qadınla tutsanız, şükür edin.

– “Bütün kişilər xəyanət edir” – bu, təkcə bizdə deyil, elə dünyada da qəlibləmiş fikirdir. Adətən, səbəb kimi onların yaradılışı məsələsi irəli sürülür. Samirə xanım, xəyanət etməyən kişi var?

– Özüm də bunu bir neçə dəfə sorğulamışam: bütün kişilər xəyanət edirmi? Yox. Çox qəribə məsələ var. Qadınlar xarizmatik kişiləri sevirlər. Xanımlar gəlir ki, mən nə deyirəm, kişi razıdır, maraqsızdır, bir xarizması yoxdur. Bu səfər də biri gəlir ki, mənim həyat yoldaşım çox xarizmatikdir, dəhşətli dərəcədə qısqanıram, bütün xanımlar ona yazır, xəyanət edir. Xanımlar əslində xəyanət edən kişilərə daha meylli olurlar. Amma hər xarizmatik kişi də xəyanət etmir. Bu yaxınlarda məsələn, biri deyir ki, mənim bir dostum var, o qədər gözəl xanımı var, dominantdı, hamı belə birini əldə etmək istəyər, ancaq kişi xəyanət edir. Çünki o xanım statusludur, dominantdır. Hər bir kişi özünü Allah kimi hiss etməyi sevir. Kişilər xəyanət etdiyinin yanında özünü statuslu sayır, üstün hiss edir. Amma yoldaşının yanında bunu edə bilmir. Kişiyə özünü kral kimi hesab etməsi üçün icazə vermək də yanlışdır. Səndən aşağı səviyyədə olmasına icazə vermək də düzgün deyil. Qadın istəsə, kişini həm vəzir edər, həm rəzil. Çox fədakar olmaq da olmaz.

– Bəs sizcə, biz nə etsək, boşanmalar azalar?

– Qadınlar öz dəyərini bilməyə başlayanda. Əvvəlki evliliklərdə “başlıq pulu” var idi və çox təəssüf ki, bu, qızın valideyninə çatırdı. Əslində qıza verilməli idi. Əgər xanımlar müqavilə ilə evlənsələr, öz şərtlərini əvvəldə qoysalar, daha dəyərli olacaqlar. Bizdə niyə ərə gedirlər? “Camaat deyəcək ki, qız evdə qaldı”, “artıq yükdü, yeyənimin biri azalacaq”. Keçmişdə “başlıq pulu”, indi müqavilə deməkdir. Ata evindən gələn qız, uşağı səndən qazanıb, düzdür? Müqavilə əsasında boşanma baş versə, xəyanət də azalacaq. Bizim millət digərlərinə nisbətən, mala, mülkə daha çox önəm verirlər axı, itirmək qorxusu daha çoxdur axı. Kişi biləndə ki, pul itirə bilər, daha diqqətli davranacaq. Xəyanət olsa belə, yoldaşının üstündə əsəcək ki, pulumun yarısı getməsin. Londonda, ABŞ-da boşanan kişi lüt qalır. Britaniyada ümumiyyətlə, ən sonuncu kişi haqlarıdır, kişidən qabaq it gəlir. Kişi sual edə bilər ki, xeyir ola, sən onda mənlə pula görə evlənirsən. Əzizim, sabah sən mənə xəyanət də edəcəksən, uşaqla çöldə də qoyacaqsan.

Heç bir qadın yaxşı kişidən boşanmır. Bəylər deyəcək ki, heç bir kişi yaxşı qadına xəyanət etmir. Xeyr, edir. Əvvəldən şərtlərlə evlənmək lazımdır. Sabahı gün uşaqla qalan qadın sıfırdan başlayır, bir işə başlamaq üçün əlində nəsə olmalıdır. Xanımlar özünə dəyər verəndə boşanmalar da azalacaq. Sən çətin əlçatan olsan, kişi də qədrini biləcək. Səni istəyirsə, gözünü bağlayıb “sənə hər şey qurbandır” deyəcək, müqaviləyə razı olacaq. Əks təqdirdə, deməli malı-mülkü daha önəmlidir. Qadında xəyanət məsələsini hara fırlatsan da, kişinin boşluğuna gəlir. Qadın qulağı boş qalmamalıdır. Ayda bir çiçək alsalar, özəl günləri qeyd etsələr, səbəbsiz nələrsə etsələr, könlünü xoş tutsalar, qadın xəyanət etməz. Mütləq kişi boşluğu olur ki, bu yola əl atırlar. Çoxu da peşman olur. Kişilərdə isə xəyanətin milyon səbəbi var. Məsələn, deyir ki, mən çox ehtiraslıyam, xanımım passivdir, ondan nəsə istəyirəm, qəbul etmir. Baxırsan ki, düzdür. Bir kişi qadınına natəmiz olduğuna görə xəyanət edirdi. Kişi təmizkardır, deyir ki, mən evə girirəm, qablar çirklidir, yer yığışdırılmayıb , evə əl gəzdirilməyib, ancaq əlində telefon və s. Həmin kişi boşanmır, amma xəyanət edir və yanına getdiyi qadın təmizkar olur. Bu da düzdür.

Valideynlərinin məcburiyyəti ilə evlənənlər də mütləq xəyanət edir. Mən buna da cinsi istismar deyirəm. Yəni valideyn istəyir deyə, uşağını təcavüzə məcbur edir. İstəmədiyin adamla evlənmək nə deməkdir? Zorlanmaq deməkdir, qəbul etsələr də, etməsələr də – valideynim istəyib deyə mən bu adamla yatmalıyam. Burada yüz faiz xəyanət var, qadın tərəfdən də, kişi tərəfdən də. Xəyanət birinci beyində baş verir. Artıq yatağa girmək məsələsi sondur. Ora çatana kimi beynində qərarını verir. Kişilərdə ani xəyanətlər ola bilər. Ancaq qadın xəyanətə gələnə qədər yüz dəfə ölçüb biçir, nə edəcəyini bilir, ani olmur. Kişi içkili olduğunu deyə bilər, yaxud özünü itirdiyini, onlarda heyvani hislər oyana bilər, nə etdiyini bilməz.

– Kişi bilmədən bu yola gedirsə, onu xəyanət kimi qiymətləndirməməliyik?

– Xəyanətdir. Başqa qadınla mesajlaşması da xəyanətdir. “Flört” başqa şeydir. Bu xəyanət sayılırmı? Yox. Bəzi insanlar flört etməyi sevir. Mən hətta onlara çox ünsiyyətcil adamlar deyərdim. Fərqi yoxdur qadın və ya kişilərlə ünsiyyətə girməyi sevirlər. Birindən nömrəni niyə götürürsən? Deməli bəyənmisən. Dost? Xeyr, qadınla kişinin dostluğu yoxdur. Mümkün deyil. Qadın-kişi dostluğu simpatiya üzərində yaranır, iki tərəfdən birinin mütləq xoşu gəlir, ona görə o dostluqlar baş verir. İstisna ola bilər ki, bir tərəf lezbiyan, ya da geydir. Bəyənmə hissi olmasa, heç vaxt dostluq alınmaz.

– “Kişi evə qaçırsa, səbəbkar qadındır, kişi evdən qaçırsa, səbəbkar yenə qadındır”. Bütün məsuliyyəti qadının üzərinə yükləmək nə dərəcədə doğrudur?

– Qadının üzərinə yükləmək lazımdır. Çünki qadın boğazdır, kişi başdı. Yer üzündə qadın qədər güclü məxluq yoxdur. Hər şeyin təməlini qoyan qadındır. Bəzi qadınlar döyüldüyündən, söyüldüyündən şikayətlənir, halbuki icazə verən də özləridir. İlk başda sən dözməsəydin, cəza tətbiq etsəydin, yerini biləcəkdi. Xəyanətə sən vadar etmisən. Qadın istəsə, kişini evə darta bilər. Bir də var, evə bağlı olmayan kişilər. Söhbət normal insanlardan gedir. Xanımın həm gözəlliyi, zəkası, evdarlığı var, hər şeyi yerindədir, ancaq kişi evə bağlı deyil. Bu artıq kişinin öz problemidir. Bu kişilər uşaq vaxtı həddindən artıq ata-ana davasının şahidi olanlardır. Belə insanlar evə gəlmək istəmirlər. Bir oğlanla evlənəndə onun atası-anası haqqında fikirlərini bilmək lazımdır. Əgər valideynlərinə bağlı deyilsə, öz ailəsinə qarşı da elə olacaq. Həddindən artıq anasına bağlıdırsa, o da yanlışdır. Belə yerdə gəlin-qaynana münasibətləri dəhşətli dərəcəyə çatacaq. Ana ilə oğul məsafəli olmalıdır, amma əlaqə qopmamalıdır.

– Homoseksuallıq məsələsinə toxunmaq istəyirəm bir az. Bu, Ümumdünya Səhiyyə Təşkilatının xəstəliklər siyahısında yoxdur. Psixoloq kimi necə düşünürsünüz, homoseksuallıq xəstəlikdir, yoxsa sonradan qazanılan vərdiş?

– Vərdişdir və birbaşa psixoloji pozuntudur. İstəyir lezbiyanlar, transeksuallar olsun, istəyir geylər, biseksuallar olsun, hamısının təməlində uşaqlığı ilə bağlı travmaları var. Ümumi adı valideyn nəzarətsizliyidir. Ya bayaq dediyim yeniyetmə dönəmində başa salanı olmayıb, ya istismara, təcavüzə məruz qalıb, valideynləri tərəfindən atılıb. Tutaq ki, oğlan uşağı kiçik yaşlarında təcavüzə məruz qalıb. Sən niyə sonradan qadın olursan? “Mən kişi olmalı deyildim, yanlış doğulmuşam” deyirsən?

Biri küçəyə çıxıb “prezidentəm, hamınız mənə tabe olmalısınız” desə, onu aparıb dəlixanaya salacaqlar. Amma bir oğlan çıxıb deyir ki, mən qadınam və cinsiyyətini dəyişir, buna normal baxırlar. Niyə? Problem başqa bir şeydədir. Bəziləri təcavüzə məruz qalsa da, kişi kimi həyatını davam edir. Fərq burasındadır. Onsuz da uşaq vaxtı istismara uğrayan oğlan uşağında kişilik mənliyi ölmüş olur. Məsələn, 23 yaşında bir oğlan gəlmişdi, həyatında heç bir münasibəti alınmır, çox aqressivdir, özünə qapanıqdır, insanlarla ünsiyyəti yoxdur. Sonra məlum oldu ki, 11 yaşında olanda 14 yaşlı qonşu oğlan tərəfindən dəfələrlə cinsi istismara məruz qalıb. Amma bu gey deyil, demir ki, içimdə qadın ruhu var, normal kişi kimi həyatını yaşayır, təbii ki travması ilə.

Əvvəllər də bu olub, ancaq internet yox idi, məsələ bu şəkildə qabardılmırdı. Eynicinsli münasibət yaşayanlar əslində heç də elə deyillər. Bu, onların şüuraltıdır. Gördükləri, dinlədikləri təsir edir və həyatında da uşaq vaxtı travması olubsa, artıq yönəlir. Ola bilər, istismar, təcavüz baş verməyib, valideyn hamilə vaxtı oğlunun olmasını çox istəyir, lakin qız övladı olur. Onu uşaqlıqdan oğlan kimi böyütməyə başlayırlar. Uşağın nə etdiyinə valideyn nəzarət etməlidir. Məsələn, mənim iki böyük qardaşımın ardınca mən dünyaya gəlmişəm. Çox açıq bir şey danışacam. Mən görürdüm ki, qardaşım ayaqyolunda ayaqüstə işini görür, mən də onu təkrar etməyə başlamışam. Təbii ki, anam mənə qız olduğumu, bu şəkildə etməməli olduğumu izah edib. Yəni qız uşağı gəlinciklə oynamalıdır, əgər maşına meyllidirsə, bunu valideyn yönləndirir. Yaxud valideyn makiyajdan istifadə edir, oğlan uşağı da onu təkrar etmək istəyir, ana buna icazə verməməlidir. Oğlan uşağını bacıların öhdəsinə buraxmamalısan, çünki qız kimi tərbiyə edəcəklər. Bunun kimi çox nümunə çəkmək olar. Təməli valideyn qoyur. İndiki zamana görə 10 gözün olmalıdır. Bu o demək deyil ki, sıxmaq lazımdır, yox. Sadəcə düzgün izahat verməliyik.

– Son zamanlar gündəmdə olan mövzulardan biri də feminizm və feministlərdir. Bu barədə nə düşünürsünüz?

– Feministlərin bir qismi ya eynicinsli münasibət yaşayanlardır, lezbiyanlar, ya da ki mütləq şəkildə kişilərdən nəsə görüblər – uğursuz nikah, uğursuz münasibət, yaxud dominant ananın qızıdır. Hər şeyi Avropadan götürürük, evlilik öncəsi müqaviləni də götürün də. Çox dəxlisiz şeyləri götürürlər, feministlik filan. Feministlik bizə uyğun deyil, ümumiyyətlə, qəbul etmirəm. Çünki Azərbaycanda kişi bir pillə qadından üstün olmalıdır. Hər bir uğurlu kişinin arxasında güclü qadın var. Və hər bir uğurlu qadının həyatında uğursuz kişi olur.

Bir idarəçi olar, iki nəfərlə olmur. Qadın və kişinin bərabərliyi ortaya çıxdı, ondan sonra bizdə problemlər başladı. Bizdə bərabərliyi düzgün başa düşmürlər. Bu o deməkdir ki, qadın da işləyə bilər, kişi də, uşaq tərbiyəsində qadın da, kişi də eyni iştirak etməlidir. Bizdə axı elə deyil. Qadın tərbiyə verir, sabah gün bir səhv olanda “sənin verdiyin tərbiyədir” sözünü eşidir. Yox əzizim, o uşaq sənə də aiddir, tərbiyədə sən də iştirak etməlisən. Bərabərlik o demək deyil ki, sənə olarsa, mənə də olar. Ona olan sənə də olsaydı, onda ikiniz də eyni cinsiyyət orqanı daşıyardınız.

Niyə birinci kişi yaranıb? Əgər bərabərlik varsa, ikiniz də eyni vaxtda yaranardız da. Birinci kişi yaranıb, sonra qadının badına gedib. Düşünürəm ki, idarəedici bir nəfər var, o da kişidir və ailə ona tabe olmalıdır. Qadın həmişə düzəliş edəndir.

– Son olaraq, əgər bir siyasətçi xalqın hislərinə toxuna bilirsə, çıxışlar edib səs yığırsa, bu artıq psixoloji gedişdir. Sizcə, bir psixoloqdan mükəmməl siyasətçi olarmı?

– Niyə olmur ki. Mən şəxsən gələcəkdə millət vəkili olmağı fikirləşirəm. Xalq arasında olan biri seçilməlidir. Məsələn, bu gün bizdə məişət zorakılığı haqqında qanun qüvvəyə minməyib. Milli Məclisdə oturan bəzi ağsaqqallar hələ də başa düşmürlər ki, necə yəni kişi qadına bir şillə vuracaq, o da gedib şikayət edəcək, kişiyə cəza kəsiləcək. Yaxud uşaq ata-anasından şikayət edəcək, cəza tədbirləri görüləcək.

Bu gün nə qədər həyat yoldaşı tərəfindən öldürülən qadın var. Uzaqdan-uzağa tanış biri var idi, boşanmışdı, 7 ildən sonra keçmiş həyat yoldaşı gəlib üzünə “kislota” tökmüşdü. Axı ailə zəminində baş verən hadisələr var. Bunların heç birinə baxmırlar və deyirlər ki, ailə içində olan söz-söhbətdir. Amma qanun qəbul edilsə, artıq hər kəs öz həddini biləcək.

Bilirsiniz, yanıma nə gündə xanımlar gəlir? Diş yox, döyülüb. Xanım var ki, 6 aydır hava nədir bilmir, çölə çıxmaq icazəsi yoxdur. Məişət zorakılığı haqqında qanun qüvvəyə minsə, həmin kişiyə cəza düşür. Odur ki, riyaziyyat müəllimi gəlib icra başçısı ola bilir, psixoloq yox? Bu arada mən 10 il təyyarə bələdçisi işləmişəm. Çoxları yazır ki, bu axı təyyarə bələdçisi olub, bundan nə psixoloq çıxar? Çox gülünc bir yanaşmadır. Kim anasının qarnında nazir olur? Kim millət vəkili olur? Müəyyən bir yerə gəlmək üçün mərhələlərdən keçməlisən. İnkişaf etmək istəyirəm, niyə sahəmi dəyişməyim? Hələ 2 ildən sonra harada olacam bilmirəm. Siyasət məsələsinə gəlincə, bəlkə 42 yaşımda filan niyə də olmasın? Sınamaq olar./sfera.az/
Ardını oxu...
Vahid Əhmədov: “Büdcənin icrasında şəffaflıq problemi var”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov “AzPolitika”-ya müsahibəsində büdcə dəyişikliyi ilə bağlı təklif olunan yeni qanun layihəsi, Qarabağa qayıdış planının icrası və ölkədəki mövcud sosial-iqtisadi vəziyyətlə bağlı sualları cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Vahid müəllim, hökumət dövlət büdcəsinə yenidən baxaraq, onu təxminən 3.8 milyard manat artırmaq qərarına gəlib. Bu zərurət nədən irəli gəlir?

- Bəli, dövlət büdcəsinə yenidən baxılır və burada bir sıra məqsədlər var. Birincisi, 2024-cü ilin dövlət büdcəsini qəbul edəndə neftin qiymətini 60 dollardan götürmüşdük. İndiki büdcədə onu 75 dollardan götürürük. Çünki dünya bazarında neftin qiyməti orta hesabla 87, 2 dollardır. Yəni, 27,2 faizlik bir artım var. Neftin qiymətinin artması dövlət büdcəsinə gələn vəsaitin həcmini artırıb.

- Amma neft hasilatı aşağı düşür ...

- Hasilatın aşağı düşməsindən asılı olmayaraq qiymət yüksəkdir. Hasilata uyğun büdcə təyin etmişik, amma qiyməti 60 dollardan götürmüşük. Digər tərəfdən, qeyri-neft sektorunda ciddi artımlar var. Son 4 ayda 600 milyon manata yaxın artım qeydə alınıb.

- Qeyri-neft sektoru dedikdə, dəqiqləşdirə bilərikmi hansı sahələrdə artım olub?

- Məsələn, kənd təsərrüfatı, turizm və digər sahələrdə artım olub ki, bu da çox müsbət haldır. Biz həmişə çalışırıq ki, qeyri-neft sektorunda artım olsun. Bu dörd ayda inflyasiya cəmi 0,7 faiz olub ki, bu da çox aşağı göstəricidir. Eyni zamanda ixracda təxminən 2,7 milyard dollara yaxın müsbət saldo var. Yəni, biz ötən ilə nisbətdə çox məhsul göndərmişik, bunun müqabilində isə daha az məhsul idxal etmişik.

- Amma ticarətdə müsbət saldonun həcmində də azalma müşahidə edilib...

- Burada dörd aydan söhbət gedir. Neft ixracından başqa, qeyri-neft ixracı da artıb. Yəni, bu məsələlər hamısı şərait yaradır ki, dövlət başçısı tərəfindən qarşıya qoyulan məqsədlər həll edilsin.

- Hansı məqsədlər?

- Birincisi, işğaldan azad olunmuş Qarabağ-Zəngəzur zonasında tikinti layihələrini gücləndirmək, o cümlədən əhalinin qayıdışını sürətləndirmək. İkincisi, müdafiə və təhlükəsizlik məsələsidir. Doğrudur, bura hər il kifayət qədər vəsait ayrılır. Amma indi baxıb görürük ki, yeni silahların alınması üçün əlavə olaraq 800 milyon manata yaxın vəsait lazımdır. Üçüncüsü, investisiya sahələrinə ayrılan vəsait. Məsələn, avtomobil yollarının çəkilməsi, bəzi rayonlarda su probleminin həlli və digər bu tip məsələlər. Bu üç mühüm məsələ üçün əlavə olaraq 3 milyard 796 milyon manat vəsait sərf olunacaq. Bu vəsaitin müəyyən hissəsi, daha dəqiq desək 250 milyon manatı Mərkəzi Bankın mənfəəti, 25 milyon manatı avtomobillərin utilizasiyası ilə bağlı yaradılan fondun, 870 milyon manatı isə büdcə xərclərindəki müəyyən dəyişikliklər hesabına qarşılanacaq.

- Vahid müəllim, bu günlərdə Milli Məclisin komitə iclasında Maliyyə naziri Samir Şərifov borc limitinin 10 milyard dollara qaldırıla biləcəyini qeyd etdi. Kifayət qədər valyuta ehtiyatlarımız olduğu halda, borca nə ehtiyac var?

- Əvvəla onu deyim ki, biz həmişə xaricdən borc almağa ehtiyatla yanaşırıq. Elə dövlətlər var ki, onların dövlət borcları öz Ümumi Daxili Məhsulunu (ÜDM) belə keçir. Məsələn, Türkiyədə bu göstərici ÜDM-nin 70 faizi, ABŞ-də ÜDM-nin həçmindən belə xeyli artıqdır. Ən aşağı dövlət borcu olan dövlət bizik. Bizdə bu göstrərici Ümumi Daxili Məhsulun 8-9 faizinə bərabər olur. İndiyə qədər 10 faizdən yuxarı qalxmayıb. Doğrudur, daxili borcumuz artır. Əvvəl 4 milyard manat idisə, indi 15 milyard manata çatıb. Amma manatın məzənnəsi sabitdir, bazarda pul kütləsi ilə əlaqədar ciddi problem yoxdur. Ona görə də daxili borcun artması elə də ciddi bir problem yaratmır. Bu baxımdan bizə xaricdən 10 milyard borc almaq da böyük problem yaratmaz. Bu zaman ümumi borcun məbləği 15 milyard olacaq ki, bu da dövlət büdcəsinin təxminən 14-15 faizinə bərabərdir. Biz 2024-cü il üzrə Qarabağdakı bərpa işlərinə 4.8 milyard manat vəsait ayırmışıq. Amma orada görülən işləri götürəndə ora 100 milyardlarla vəsait lazımdır. Özü də dövlət başçısı qarşıya məqsəd qoyub ki, işlər tez zamanda bitməlidir ki, insanları ora köçürə bilək. Orada normal yaşayış olmalıdır ki, gələcəkdə bizim Qarabağla bağlı problemimiz olmasın. Düşünürəm ki, işləri tezləşdirmək üçün borc götürmək elə də ciddi problem yaratmaz.

- Azərbaycanda müxtəlif dövlət qurumları da xarici maliyyə təşkilatlarından dövlət zəmanəti ilə miyardlarla dollar borc alıblar. Məsələn, “Azərsu”, “Azərenerji”, “Azərişıq” və s. təsərrüfat hesablı qurumların aldığı borcların səmərəli idarə olunmasında, şəffaflığının təmin olunmasında ciddi problemlər olub…

- Bəli, razıyam. Ümumiyyətlə, dövlət büdcəsinin icrasında ən ciddi məsələlərdən biri şəffaflığın təmin edilməsidir. Bu problem var. Amma Hesablama Palatası bu sahədə yoxlamalar aparır və lazım gələrsə, bəzi işləri hüquq-mühafizə orqanlarına yönləndirir.

- “Azərsu” iki il əvvəl açıqlamışdı ki, 7,8 milyard manat daxili borclanması var. Bura “Bakı Metropliteni”ni və digər ASC-ləri də aid edə bilərik. Bunlar hamısı dövlətin boynuna böyük bir “borc vedrəsi” asıblar. Bu baxımdan, Hesablama Palatasının yoxlamları, maliyyə nəzarəti nə qədər effektivdir?

- Ümumiyyətlə, kommunal qurumların dövlətin balansında qalması absurddur. Artıq özəlləşməyə getməli, dövlət bu yükdən azad olmalıdır. Müəyyən strateji əhəmiyyətli qurumlarda dövləti səhmdarlardan biri kimi saxlamaq olar. Məsələn, Dövlət Neft Şirkəti və ya “Azərenerji”ni.Qurum elə bir strateji əhəmiyyət kəsb etmirsə, verməlisən bazara və onlar dövlətdən heç bir vəsait almamalıdır. Özü bilər, getsin borc alsın ödəsin. Məsuliyyət dövlətin yox, onun üzərində qalsın. Amma bizdə faktiki olaraq bu gün özəlləşmə getmir.

- Niyə getmir? 10 ildən artıqdır bu barədə təkliflər səsləndirilir. Siz də dəfələrlə bu məsələyə toxunmusunuz.

- Birincisi, bizdə müharibə şəraiti idi, ciddi problemlər var idi. Müharibə qurtarandan sonra isə mən fikir verdim ki, “Azərişıq” “Azərenerji”, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi işğaldan azad olunmuş bölgələrdə necə işlədilər. Onların gördüyü işləri hesablamaq mümkün deyil. Gecə-gündüz, hətta qışın sərt günlərində də dayanmadan çalışdılar. Özəl qurum olanda onları buna məcbur edə bilmirsən. Bütün bu işlər dövlət büdcəsi hesabına görülür. Biz ora kənardan bir manat da cəlb etməmişik.

- Əslində, xaricdən vəsaitin cəlb olunmamısı mənfi hal deyilmi?

- Ölkə başçısı bu işə başlayanda dedi ki, o dövlətlər ki, 44 günlük müharibədə Azərbaycanın yanında oldu, Qarabağda onlar işləyəcəklər. Kənar dövlətləri ora buraxmırıq. Yoxsa, ora vəsait qoymaq istəyən dövlətlərin sayı kifayət qədərdir. Ancaq buna ehtiyacımz da yoxdur. Çünki işlər çox sürətlə gedir. Orada gedən işlərlə tanış olmuşam, 3 ilə gördüyümüz işi başqa dövlətlər bəlkə də 10 ilə görə bilməzdi. Xeyli sayda texnika cəlb edilib. Kənardan bizə Türkiyə, Özbəkistan, Qırğızıstan kimi bizə yaxın dövlətlər də yardım edir. Qarabağa türk dövlətləri vəsait qoyur. Vaxtilə biz oralara kifayət qədər investiysa qoymuşuq. İndi də sıra onlardadır.

- Qarabağ strateji hədəfdir, təbii ki, infrastruktur yaradılmalı, evlər tikilməli və əhali köçürülməlidir. Amcaq respublikanın digər bölgələrində də sosial sahədə kifayət qədər problem var. Bölgələrə investisiya qoyuluşu azalıb, məşğulluq aşağı düşüb...

- Bəli, bu gün Azərbaycan üçün ən böyük problem işsizlik məsələsidir. Hökumət bundan narahatdır. Ötən il hesabat zamanı Baş nazirə bildirdim ki, bizdə 14 iqtisadi rayon var, gəlin hər rayon üzrə iş yerləri ilə bağlı proqram hazırlayaq. Yoxsa, bu camaat axışıb gəlir şəhərə. Yəqin ki, şəhərdəki tıxaclardan xəbərdarsınız... Belə bir proqram mütləq olmalıdır. Fikir verin, Sumqayıtda yaradılan kiçik sənaye zonalarında bu gün 12 minə yaxın insan çalışır.

- Sənaye məhsullarının ixracında da azalma var.

- Ancaq istehsal var. Bizdə sadəcə, idxal artır. Ötən il 2 milyard idisə, bu il onu keçib. Ərzaq və avtomobil idxalı artıb. İdxalın 61 faizi avtomobillərdir. Artıq köhnə maşınların utilizasiyası başlayıb. Əhaliyə vəsait verirlər ki, maşını dəyişsin. Bu, müəyyən müddətə xeyir verəcək. Bəli, yuxarıdakı fikrinizlə razıyam, bölgələrdə iş yerləri yoxdur. Hər zaman deyirəm ki, idxalın strukturuna baxmaq lazımdır. Əgər bu il 100 adda məhsul idxal ediriksə, gələn il bu rəqəmi 80-ə, növbəti il 60-a endirməliyik. O məhsulları ölkədə istehsal etməliyik. Düzdür, idxal hər zaman var. Amma baxır nəyi idxal edirsən də. Elə ərzaq məhsulları var ki, onu Azərbaycanda da istehsal etmək olar. İkincisi, biz ancaq xammalın ixracına üstünlük veririk. Niyə ipək, toxuculuq kombinatımız yoxdur? Pambığı istehsal edib, xammal şəklində ixrac edirik. Bu, düzgün deyil axı.

- Büdcəyə yenidən baxılarkən, iki nüans diqqət çəkir. Birincisi, Vergilər Nazirliyinin büdcə öhdəliyi 1 milyarddan artıq, Dövlət Gömrük Komitəsinin isə 500 milyon manat artırılır. Sizcə, bu addım sahibkarlığa necə təsir edəcək?

- Vergi sahəsində islahatlara ehtiyac var. Qəbul edilmiş müəyyən qanunlar var ki, sahibkarlığın inkişafına mane olur. Nə qədər çox idxal olursa, o qədər çox əlavə dəyər vergisi tutulur. Bu da dövlət büdcəsinə gedir. Vergidəki 1,1 milyardın böyük hissəsi bunun hesabına formalaşır. Neft satışında qiymət yuxarı olduğu üçün mənfəət vergisi artır.

- Bəs gömrük artımları nə ilə bağlıdır?

- Dediyim kimi, avtomobil idxalı artıb. Böyük artım var. Utilizasiya məsələsi, taksilərlə bağlı yeni qanun bura öz təsirini göstərir. Ümumiyyətlə, bizdə köhnə avtomobillərin sayı həddən artıq çoxdur. Mən 1992-ci ildə Baş nazirin birinci müavini işləyən zaman ölkədə 300 min avtomobil var idi. İndi təxminən 1,6 milyon avtomobil var.

Avtomobil parkının 80 faizi köhnədir. Bir məsələ də var ki, bizim torpaqlarımızın 20 faizi işğal altında idi. Buranın əhalisi Sumqayıtda və Bakıda məskunlaşmışdı. İndi onlar yavaş-yavaş öz torpaqlarına qayıdacaq və avtomobillərini də aparacaqlar. Bunun da müəyyən təsiri olacaq. Bu il olmasa da, 2025-ci ildən Qarabağ zonasında ciddi iqtisadi artımlar əldə edəcəyik. Orada 150 min hektara yaxın taxıl sahəsi var. Düzdür, 70 min hektarı əkildi və yüksək məhsuldarlıq olmadı. Amma hamısı əkilməlidir. Sənaye müəssisələri tikilir. Mən hətta təklif etmişdim ki, orada hərbi sənaye sahələri yaradaq və Qarabağ məsələsini birdəfəlik bağlayaq. Səhv etmirəmsə, sovet dönəmində Ağdamda və adını xatırlamadığım başqa bir bölgədə hərbi sənaye zonası var idi.

- Qarabağa köçürülən əhalinin müəyyən hissəsi şəhərlərdə yaşadığından kənd təsərrüfatı vərdişlərini itiriblər. Bir problem də hələlik Qarabağ zonasında fərdi təsərrüfatla məşğul olunmasına icazə verilməməsidir. Bu və digər məsələlər bölgənin sürətli dirçəldilməsinə hansısa problemlər yarada bilərmi?

- Bəli, ora köçürülən insanların bir hissəsinin daimi iş yeri yoxdur. Torpaq sahəsi müəyyən edilmədiyi üçün onlara bir müddət yardımlar edilməlidir. Məndə olan məlumata görə, onlar kommunal üçün pul ödəmirlər. Təbii ki, gələcəkdə Qarabağda torpaq islahatı olmalıdır, insanlara torpaq sahələri verilməlidir. Bu sahədə iş gedir. Orada hər şey planlı gedir. Torpaq islahatı getməlidir ki, insanların əkib - becərmək imkanı olsun. Düşünürəm ki, 5-10 il ərzində orada yaşam üçün ciddi bir problem qalmayacaq. Hazırda çox gözəl evlər, iaşə obyektləri tikilir, su-kanalizasiya xətləri, işıq, qaz məsələləri həll olunur, yollar çəkilir və s.

- Vahid müəllim, hazırda bizim 70 milyard dollara yaxın valyuta ehtiyatımız var. Həmin vəsaitin Azərbaycan iqtisadiyyatına qatqısı hansı səviyyədədir?

- İlk öncə onu deyim ki, Mərkəz Bankın sədri çox uğurlu bir siyasət aparır. Pul kütləsi tənzimlənir. Pul kütləsi nə qədər artacaqsa, inflyasiya da artacaq. Qiymətdə problem yaranacaq. Baxın, Prezident pensiya və ya əməkhaqqını artırmamışdan 1 həftə əvvəl bazarda bütün qiymətlər artır. Düzdür, ya yox?

- Bəli, amma yenə də iqtisadiyyatı pulsuz da qoymaq olmaz.

- İstənilən həcmdə pul kütləsini birdən-birə bazara buraxmaq olmaz. Dövlət Neft Fondundan 12 milyardlıq transfer nəzərdə tutulur. Yəni, o pulu ordan xərcləyirik. Xərcləyirik və imkan vermirik ki, valyuta rezervləri azalsın. Hər il üzərinə vəsait gəlir. O pullarda əmlak və valyuta formasında müəyyən yerlərə yerləşdirilir, müəyyən gəlirlər gəlir. Niyə birdən-birə xərcləmək olmaz? Çünki həmişə Azərbaycanda neft-qaz olmayacaq. Baxın, bu gün yaşıl enerj layihləri ilə bağlı nə qədər işlər gedir. Digər tərəfdən, o vəsaitin hamısı bizim deyil axı. Gələcək nəsillərə də qalmalıdır.

- Neft Fondu 1999-cu ildə yaradılıb, o dövrdən təxminən 25 il vaxt keçib. Yəni, bir nəsil gəlib keçib və onlar bu vəsaitdən az bəhrələniblər, uşaq pulu ala bilməyiblər, iş imkanları zəif olub və sair...

- Deməzdim ki, o puldan xeyir görməmişik. İnfrastruktur layihələrə böyük həcmdə vəsaitlər yönləndirilib. Həm Qarabağda, həm Azərbaycanda yolların çəkilməsi, su, işıq, qaz kimi məsələlərin həllinə lazım olan vəsait bu fond hesabına qarşılanıb. O puldan müharibə veteranları, şəhidlər, qazilər, pensiyaçılar istifadə edib. Biz sadəcə bunu hiss etmirik. Niyə dövlət çalışır ki, orada vəsait azalmasın? Çünki sabah nə olacağını heç birimiz bilmirik. Xatırlayıram, 1992-ci ildə hakimiyyətdə olan zaman pulumuz yox idi. Çörək qıtlığı yaranmışdı və problemi necə aradan qaldıracağımızı bilmirdik. Həmin vaxt mənim iştirakımla Moskvadan 7 milyardlıq kredit götürdük, sonra Qazaxıstandan taxıl gətirdik. Ona görə də o ehtiyatı elə-belə götürüb xərcləmək olmaz. O ehtiyat yaranıb ki, Azərbaycanın ağır günlərində istifadə edilsin.

Elçin Rüstəmli

Elvin Bəyməmmədli

“AzPolitika.info”
 
Ardını oxu...
İlham İsmayıl: “Qarabağda Türkiyənin konsulluğu açılmadan Rusiyanın konsulluğunun açılması Azərbaycanın maraqlarına heç bir halda uyğun deyil”

Rusiya bu il Qarabağda Baş Konsulluq açmaq niyyətini ortaya qoyub. Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib ki, Moskva Xankəndidə yaxın vaxtlarda başlayacaq Rusiya Baş Konsulluğunun açılışına hazırlıq işlərində Azərbaycanın dəstəyinə ümid edir.

“Biz yaxın vaxtlarda bunun üçün hazırlıq işlərinə başlamağı planlaşdırırıq və sizin dəstəyinizə ümid edirik”, – deyə rusiyalı parlamentari vurğulayıb.

Karasin qeyd edib ki, Baş Konsulluğun 2024-cü ildə açılması ideal variantdır: “Bu, bizə qarşılıqlı konsulluqdakı fərqi aradan qaldırmağa imkan verəcək”.

Rusiya tərəfinin birdən-birə belə bir niyyəti ortaya qoyması suallar yaradır. Azərbaycan ictimaiyyətini düşündürən odur ki, Moskva qəfldən Qarabağda, özü də Xankəndidə niyə diplomatik missiya açmaq qərarı verib və bu planın alt qatında nə dayanır?!

Təhlükəsizlik məsələləri üzrə ekspert, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı İlham İsmayıl AYNA-ya müsahibəsində deyib ki, bu, Karasinin şəxsi mövqeyi deyil, Rusiya dövlətinin mövqeyidir:

- Xüsusilə, Rusiya hərbi kontingenti Qarabağdan çıxandan sonra Rusiya hansısa şəkildə Qarabağda qaldığını, Cənubi Qafqazda təsirinin qaldığını nümayiş etdirmək istəyir. Amma təkcə bu da deyil, məsələyə bir neçə rakursdan baxmaq lazımdır. İndi Azərbaycan ictimaiyyətində konsulluq məsələsi ilə bağlı ikili yanaşma var. Bir qrup həddən artıq narahatdır, digər qrup da həddən artıq rahatdır. Məncə, nə tam arxayın olmaq olmaz, nə də tam bədbin olmaq olmaz.

Birincisi, Rusiyanın Xankəndidə konsulluq açması məsələsində xüsusi təhlükə yoxdur. Bilirsiniz ki, Türkiyə Şuşada konsulluq açmaq niyyətindədir və bunu elan edib. Ankara bunu elan edən zaman Azərbaycan Xankəndityə nəzarət etmirdi. Burada bir siyasi gediş var idi, mesaj var idi. O mənada ki, Şuşa keçmiş Dağlıq Qarabağın inzibati ərazisinə daxil olan şəhər idi və Ermənistana da, Rusiyaya da mesaj verilirdi ki, artıq inzibati ərazi anlayışı aradan qalxıb. O dövr üçün bu, siyasi mesaj idi, gediş idi. İndi isə Rusiya Qarabağda, özü də Şuşada yox, Məhz Xankəndidə konsulluq açacağını bəyan edir. Bu isə Rusiyanın Ermənistana siyasi mesajıdır. Moskva İrəvana demək istəyir ki, Ermənistan Rusiyadan uzaqlaşmaq xəttini seçdikcə, perspektivdə Qarabağa iddianızın üstündən xətt çəkilir. Rusiya Ermənistana anlatmaq istəyir ki, İrəvan Qərb yolunu tutsa, Rusiya ermənilərin gələcəkdə ərazi iddiasına birdəfəlik son qoyulacaq.

İkincisi, bu, həm də Azərbaycana, daha doğrusu Cənubi Qafqaza mesajdır. Moskva demək istəyir ki, hərbi kontingentinin Qarabağdan çıxması Rusiyanın bölgədən çıxması anlamını vermir, ən uyğun formada, konsulluq açmaqla Qarabağda qalır.

- İndi bunu mənfi hal, yoxsa müsbət hal kimi qiymətləndirmək lazımdır?

- Müsbət tərəfi odur ki, Rusiya bununla Azərbaycanın ərazi bütövlüyünü tanımış olur. Rusiya tərəfi 44 günlük müharibədən sonra “Dağlıq Qarabağın statusuna” sonralar baxılacağını bildirirdi. Proseslər, Azərbaycanın yerində atdığı diplomatik addımlardan sonra rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıdı, Baş nazir Nikol Paşinyan Praqa görüşündə bunu bəyan etdi. Ondan sonra Rusiya tərəfi, konkret olaraq Rusiya Prezidenti Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov dedi ki, Ermənistan tanımasa, Moskva da Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqdı. Tam belə deməsələr də, buna eyham vururdular. Hətta Moskva Paşinyanın bu addımından təəccübləndiyini gizlətməmişdi. İndi isə Xankəndidə konsulluq açmaqla Rusiya Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdığını deyir.

Mənfi tərəfi isə odur ki, demək olar, bütün diplomatik missiyaların bir tərəfi də kəşfiyyat xarakteri daşıyır. Bütün dünyada yazılmamış qanun var ki, hər bir dövlət xaricdəki diplomatik nümayəndəlikləri vasitəsilə açıq və gizli formada kəşfiyyat məlumatları toplayırlar. Təsəvvür edin ki, ABŞ-ın İraqdan sonra ən böyük səfirliyi Ermənistandadır. Səfirlikdəkilərin çoxu isə diplomatik missiya ilə yox, kəşfiyyat xarakterli məlumat toplamaqla məşğuldurlar. Mənfi tərəf odur ki, sabah Rusiya Xankəndidəki konsulluğu vasitəsilə maksimum çalışacaq ki, kəşfiyyat məlumatları toplasın.

- Məsələn, hansı məlumatları toplamaq niyyətindədirlər?

- Bizim üçün istənilən adi bir məlumat, başqa ölkə üçün adi olmaya bilər. Bir var açıq məsələlərlə bağlı məlumatlar toplamaq: məsələn, Qarabağda Azərbaycan hansı işləri həyata keçirir, bərpa-quruculuq hansı səviyyədə aparılır, məskunlaşma necə gedir, haralar əkilir, əkilən yerlərə nə səpilir və s. Bir də məhdud və məxfi məlumatlar var. Bu məlumatları isə oradakı şəxslərdən əməkdaşlığa cəlb edə bilərlər və araşdırarlar ki, Azərbaycan burada perspektivdə nələr etmək istəyir, plan nədir, başqa dövlət də burada iş görməyə gələcəkmi və s. Eyni zamanda, Rusiyanın Türkiyənin Qarabağda olmasına qısqanclıqla yanaşması var, bu, danılmazdır. Rusiya hətta istəyir ki, Qarabağda konsulluğu Türkiyədən əvvəl açsın. Karasin açıqlamasında deyir ki, “Azərbaycanın dəstəyinə ehtiyac var” və “yaxşı olardı ki, konsulluq 2024-cü ildə açılsın”. Yəni ki, Rusiya qabağa düşmək üçün tələsir.

- Azərbaycanın buna reaksiyası necə olmalıdır və ya necə olacaq?

- Əlbəttə, Azərbaycan milli maraqlara uyğyun reaksiya verməlidir və verəcək. Sabah orada Rusiyanın konsulluğu açıla bilər. Amma Qarabağda Türkiyənin konsulluğu açılmadan Rusiyanın konsulluğunun açılması Azərbaycanın maraqlarına heç bir halda uyğun deyil. Hesab edirəm ki, Rusiyanın konsulluğunun açılmasına Azərbaycanın icazəsi olarsa da, birinci Türkiyənin konsulluğu açılacaq, sonra Rusiyanınkı ola bilər.

O da ola bilər ki, Türkiyə konsulluğu açılmasın və Rusiyanın da konsulluq açması məsələsi arxa plana keçsin. Demək istəyirəm ki, bunun Azərbaycan üçün ciddi təhlükəli tərəfləri yoxdur. Sadəcə Rusiya öz təsirlərinin Cənubi Qafqazda qaldığını göstərmək istəyir.

- Adətən, bir ölkə vətəndaşları olan yerdə konsulluq açırlar. Bu gün Qarabağda Rusiya vətəndaşları yoxdur...

- Konsulluq açmaq vətəndaşların olmasına görə deyil. Vətəndaşın həmin şəhərdə olması sadəcə pərdədir. Azərbaycanın Los-Ancelsdə konsulluğu var. Bizim vətəndaşlar orada xüsusi çəkiyə malik deyillər ki, deyəsən konsulluğa ehtiyac var. Əslində Los-Ancelsdə ermənilər daha çox yaşayırlar. Azərbaycan ermənilərin təsirini azaltmaq üçün, maraqlarımızı qorumaq üçün Los-Ancelsdə konsulluq açmışıq, fəaliyyət göstəririk. Rusiya Qarabağda konsulluq açmaqda ona görə niyyətlidir ki, maraqlarını bölgədə təmin etsin. Rusiya bölgədə Türkiyə ilə paralel qalmaq istəyir.

Müəllif: Anar Bayramoğlu
 
Ardını oxu...
Rusiya Azərbaycanın Qarabağ bölgəsində, Xankəndi şəhərində baş konsulluq açacağını bəyan edib. Belə ki, Rusiya Parlamentinin yuxarı palatasının - Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bu barədə söyləyib.

“Rusiya Xankəndidə yaxın vaxtlarda başlayacaq Rusiya Baş Konsulluğunun açılışına hazırlıq işlərində Azərbaycanın dəstəyinə ümid edir. Biz yaxın vaxtlarda bunun üçün hazırlıq işlərinə başlamağı planlaşdırırıq və sizin dəstəyinizə ümid edirik”, – deyə rusiyalı deputat bildirib.

Onun sözlərinə görə, Baş Konsulluğun 2024-cü ildə açılması ideal olardı: “Bu, bizə qarşılıqlı konsulluqdakı fərqi aradan qaldırmağa imkan verəcək”.

Rusiyanın bu planı Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb. Azərbaycan tərəfindən rəsmi şəkildə məsələyə münasibət bildirilməsə də, əksər analitiklər Rusiyanın bu planının bizim üçün heç də yaxşı olmadığı qənaətindədirlər. Həm də sual olunur: Qarabağda, Xankəndidə Rusiya vətəndaşı var ki, Baş Konsullkuq da açılsın?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı AYNA-nın suallarını cavablandırarkən deyib ki, Azərbaycan Xalq Cümhuriyyətini quran babalarımız 106 il əvvəl hansı çətinliklərlə, təhlükələrlə üzləşmişdisə, indi də həmin çətinliklərdən, təhlükələrdən qurtulmamışıq:

- Baxmayaraq ki, indi bölgədə şərait də dəyişib, 35 ilə yaxındır ki, Azərbaycan müstəqil dövlətdir. Konsulluq o şəhərdə açılır ki, konsulluq açan ölkənin həmin şəhərdə, bölgədə vətəndaşları yaşayırlar. Bu gün Qarabağda, Xankəndidə Rusiya vətəndaşları yoxdur. Rusiyanın sülhməramlı kontingenti də bölgədən çıxıb. Belə bir məqamda, Rusiyanın Xankəndidə konsulluq açması ilə bağlı Karasinin açıqlaması sual doğurur. Onu da deyim ki, bu, bu məsələ Karasinin səlahiyyətinə də daxil deyil. Karasin vaxtilə Rusiya xarici işlər nazirinin müavini olub, amma indi Rusiya Parlamentinin yuxarı palatasında təmsil olunur. Bir deputatın Azərbaycan parlamentariləri ilə görüşdə qəfldən Rusiyanın Xankəndidə konsulluq açacağını söyləməsi qəribədir. Çünki birincisi, bu, diplomatik etiket qaydalarına uyğun deyil. Yəni ki, sən harada istəsən konsulluq aça bilməzsən, birinci Azərbaycanın rəyini öyrənmək lazımdır. Karasin “biz Azərbaycanda, Qarabağda konsulluq açmaq istəyərdik” desəydi, o zaman hardasa bunu başa düşmək olardı. Amma birbaşa “Xankəndidə konsulluq açacağıq” deməsi doğru deyil.

İkincisi, niyə məsələn, Gəncədə yox, Xankəndidə. Gəncədən Rusiyanın şəhərlərinə təyyarə reysləri də var, orada yaşayan ruslar da var. Gəncədə konsulluq açmaq daha məntiqli olardı, nəinki Xankəndidə.

- O zaman Rusiyanın niyəti nədir?

- Demək ki, burada art niyyət var. Vətəndaşının olmadığı, üstəlik, Azərbaycanın işğaldan yeni azad etdiyi bir şəhərdə, separatizmə yeni son qoyulan şəhərdə Rusiyanın konsulluq açmaq niyyəti heç də yaxşı niyyə deyil. Ağıla bir variant gəlir: Rusiya Xankəndidə konsulluq yox, kəşfiyyat mərkəzi açmağı planlaşdırıb. Bunun başqa izahı yoxdur. Moskva bölgəni diqqətdə saxlamaq, Azərbaycana da əzələ göstərmək üçün konsulluq adı ilə kəşfiyyat mərkəzi yaratmaq niyyətindədir. Demək istəyirlər ki, bölgəni tərk etməmişik. Biz bunlardan yaxamızı qurtarmağa çalışırdıq, bu, alındı da. Amma yenidən Rusiya Qarabağda varlığını sürdürmək istəyir. İllərdir hərbi varlıqlarını nümayiş etdirirdilər, indi guya ki, diplomatik vasitə ilə varlığını göstərmək istəyir. Hesab edirəm ki, indiki şəraitdə Azərbaycan bununla yazılaşa bilməz.

Başqa bir məsələ, Türkiyənin Şuşada konsulluq açması məsələsidir. Düşünürəm ki, biz bu məsələdə yubanırıq. Şuşada Türkiyə konsulluğu açılsaydı, bəlkə də Rusiya Xankəndidə konsulluq açmaqdan danışmazdı. Özü də Türkiyənin Şuşada konsulluq açması məntiqlidir. Xeyli Türkiyə şirkəti Qarabağda yenidənqurma prosesində iştirak edir, Türkiyə vətəndaşları işləyirlər. Bu baxımdan, Türkiyənin bölgədə konsulluq açmasına ehtiyac var. Amma Rusiyanın Qarabağda konsulluq xidmətinə heç bir ehtiyac yoxdur.

- Rəsmi Bakının buna cavabı nə olacaq?

- Əlbəttə, bu plana Bakıdan “yox” deyilməlidir. Bəlkə də Karasin nəbz yoxlayır, sözü atır, Azərbaycanın mövqeyini öyrənmək istəyir. Azərbaycandan buna cavab verilməsə, Moskva o boşluqdan istifadə edib daha çox üstümüzə gələ bilər. Azərbaycan diplomatik şəkildə Rusiyaya mesaj verməlidir ki, Xankəndidə konsulluq açmalarına ehtiyac yoxdur. Çünki orada hələ ki, bərpa-quruculuq işləri gedir, Rusiya vətəndaşı orada yaşamır və s. Hələ Azərbaycan Xankəndidə məskunlaşma aparmalıdır. Nə vaxt ki, Xankəndidə tam məskunlaşma həyata keçirilər, soyqaşlarımız Xankəndiyə qayıdar, o zaman bu məsələyə baxmaq olar. Eyni zamanda, nə vaxt ki, Qarabağa Rusiyadan çoxlu turistlər gələr, Kəlbəcərdə, Şuşada, digər şəhərlərdə dincəlməyə gələrlər, konsulluq xidmətinə ehtiyac olar, o zaman konsulluq açılması müzakirə oluna bilər. Özü də Xankəndidə yox, Azərbaycan hansı şəhərdə istəsə, o şəhərdə açılmasına baxıla bilər. Azərbaycanın Qarabağı turizm mərkəsinə çevirməsi üçün isə hələ ən azı 10 il vaxt lazımdır. Hesab edirəm ki, gecikmədən bu, Rusiyanın diqqətinə çatdırılmalıdır.

- Şuşada Türkiyə konsulluğunun açılmasının yubandığını qeyd etdiniz. Ola bilərmi ki, münasibətlərin pozulmaması, balansın pozulmaması üçün Qarabağda Türkiyə konsulluğunun Rusiya konsulluğu ilə eyni vaxtda açılması planı var?

- Azərbaycanla münasibətlər baxımından Rusiya ilə Türkiyəni tərəzinin eyni gözünə qoymaq doğru deyil. Türkiyə Azərbaycanın qardaş, dost, müttəfiq ölkəsidir. İkinci Qarabağ müharibəsində Türkiyə birmənalı şəkildə Azərbaycanın yanında olan dövlətdir. Rusiya isə müharibədə tam mane olmasa da, Ermənistana İran üzərindən silah-sursat göndərən ölkədir. Düzdür, Azərbaycanla Rusiya arasında normal qonşuluq münasibəti var, tərəfdaşlıq mövcuddur, amma Rusiya bizim üçün Türkiyə deyil. Balansı qorumaq naminə Qarabağda Türkiyə konsulluğunu Rusiya konsulluğunun açılması ilə eyniləşdirmək doğru yanaşma deyil. Azərbaycan-Türkiyə müttəfiqliyi, ittifaqı reallığını Rusiya Prezidenti Vladimir Putinin özü də qəbul edib. Putin İkinci Qarabağ müharibəsindən sonra bir neçə dəfə bəyan edib ki, Türkiyə bölgədə yerləşib və Rusiya buna mane ola bilməz. Rusiya reallığı anlayır, ona görə də Türkiyə varsa, Rusiya da olsun yanaşması yersizdir.

Üstəlik, Karasin konsulluqla bağlı açıqlama verdiyi anda Rusiyanın dövlət agentliyində ermənilərlər ruslar arasında ortaq tədbir keçirilirdi. Həmin konfransda rusiyalı politoloqlardan biri dedi ki, Rusiya Zəngəzur dəhlizinin açılmasına imkan verməməlidir. Bildirir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinin işə düşməsi ilə razılaşsa belə, Rusiya rəsmi İrəvana mane olmalıdır. Və bunu rusiyalı politoloq dövlət agentliyində keçirilən konfransa deyir, kimsə də buna etiraz etmir. Demək istəyirəm ki, belə bir siyasət aparan ölkənin Xankəndidə konsulluq açması Azərbaycan üçün təhlükə deməkdir. Bu gün Rusiya ilə münasibətlərimiz normaldır. Azərbaycan da normal qonşuluq münasibətlərində maraqlıdır. Amma Rusiya gərginliyi bilərəkdən yaratmaq niyyətini ortaya qoyur. Moskva Bakının rəyini öyrənmədən qəfldən Xankəndidə konsulluq açmağı planlaşdırdıqlarını deyirsə, bu, özbaşınalıqdır. Azərbaycanın mövqeyini öyrənmədən Rusiya Xankəndidə konsulluq açmağı niyə planlaşdırmalıdır ki...Bu, Rusiyanın qızışdırıcı mövqeyidir. Yenə deyirəm, buna yüksək səviyyədə olmasa da, karasin səviyyəsində bir rəsmimiz tərəfindəın cavab verilməlidir.
 
Ardını oxu...
Deyir ki, uğurlu insanların əsas xüsusiyyətləri müəyyən qədər eqo, nailiyyətləri ilə kifayətlənməmək və insani keyfiyyətlərinin yüksək olmasıdır. Ona görə həddindən artıq eqolu olub, daim kiminləsə yarışmaq, bildiklərini bölüşməmək insanın işlədiyi quruma ən böyük zərbədir. Çünki uğurlu şirkətlər daxildə bir-biri ilə rəqabətdə olanlar deyil, komanda işini bacaranlar və bir-birinə dəstək olanlardır.

Müsahibimiz 13 yaşında ilk ixtirasını edən, 22 yaşında isə "Google”da proqram mühəndisi kimi fəaliyyət göstərən İkram Gabıyevdir.

Yeddi yaşından fizika, kimya və robototexnikaya maraq göstərib. Kiçik cihazları bir-birinə bağlayıb, yeni bir cihaz yaratmağa çalışırmış. Deyir ki, ancaq altıncı sinifdən sonra bu marağının gələcəkdə peşəsinə çevrilə biləcəyini anlayıb. "Ankara Məktəbi" məktəb-liseyində oxuyarkən direktor Səmayə Eynullayeva onun istedadını kəşf edib, olimpiadalara yönəldib. Yeddinci sinifdə qatıldığı ilk beynəlxalq olimpiadada birinci yeri tutub: "Babam alternativ enerji mütəxəssisi olduğu üçün onun sahəsinə də maraq göstərir, bununla bağlı robotlar düzəldirdim. Birinci yerə çıxana qədər heç bir olimpiada ilə maraqlanmırdım. Amma anladım ki, bu yarışlar vasitəsilə gənc alimlər, professorlarla ünsiyyət imkanlarım yaranır və ideyalarımın üstündə işləmək üçün fürsət qazanıram. Robototexnika ilə bağlı digər olimpiadalara da qoşuldum və yer tutdum. Daha sonra "Sabahın alimləri” respublika müsabiqəsinə müraciət etdim. Müsabiqənin şərtlərinə görə, səkkizinci sinifdən qoşulmaq mümkün deyildi. Direktorumuz mənə kömək etdi, onlarla ünsiyyətə keçdi və məni qəbul etdilər. İştirak etməyin mənim üçün böyük təcrübə olacağını gözlədiyim olimpiadada alternativ enerji ilə bağlı layihəm birinci yeri tutdu. Burada səkkiz istiqamət üzrə qaliblər olurdu, iki nəfəri isə ABŞ-yə beynəlxalq olimpiadaya göndərirdilər. Bu olimpiada çox əhəmiyyətli idi, finala çıxdıqda, gələcəkdə ABŞ universitetlərində nəticəni göstərməklə qəbul almaq olurdu. Məqsədimə çatdım, finala çıxdım, üç il sonra ABŞ-də bu nailiyyətimdən istifadə etdim”.

Doqquzuncu sinifdə isə tibb sahəsində dönüş yarada biləcək layihə üzərində işləyir. İnsanda olan bağırsaq çöplərini asanlıqla tapıb, diaqnoz qoymaq üçün aparat ixtira edir. Bu aparatla olimpiadada yenə qalib olur. Beşinci sinifdən ABŞ-yə getməyi hədəfləyən İkram "Amherst Kollec”in kompüter elmləri ixtisasına qəbul olur.

- Olimpiadalarda qazandığınız medallar, ixtiralar gələcək təhsilinizdə necə rol oynadı? "ABŞ-dəki olimpiadada nailiyyətimdən üç il sonra istifadə etdim”, - deyirsiniz. Necə istifadə etdiniz?

- "Amherst Kollec”ə qəbulun 40 faizi imtahanlardan, 60 faizi məktəbdənkənar məşğul olduğumuz işlərdən asılı idi. Məhz bu nailiyyətlərimə görə, universitet mənə dörd illik tam təqaüd verdi. Təqaüd orada yaşamaqla birlikdə 80 min manat civarında idi. Şərtləri də o idi ki, kollecdə müəllim köməkçisi kimi işləməli idim. Üstəlik, bunun müqabilində ödəniş də edilirdi. Birinci kursdan professor Larri Hunterin laboratoriyasında çalışırdım. Çox bahalı avadanlıqlarla molekullar üzərində işləyirdik. Daha sonra təhsil almaq üçün iki fakültə - fizika və kompüter elmlərini seçdim. Həmin müddətdə də boş dayanmır, "Android” üçün tətbiq düzəldirdim. Bununla yanaşı, kompüter elmləri ilə bağlı da kurs götürmüşdüm və kodlar üzərində işləyirdim. Yay vaxtı həm laboratoriyada işləyir, həm də CV-mi məşhur şirkətlərə göndərirdim. Ya məşhur şirkətdə işləməli idim, ya da PHD təhsili alacaqdım.

- Yeddi yaşınızdan fərqlənməyə başlamısınız. 13 yaşınızda isə artıq karyera ilə bağlı hədəfləriniz olub. 13 yaşlı uşağın hədəfləri necə formalaşır?

- Mənə elə gəlir ki, bu, uşaqlıqda valideynlərdən asılıdır. Yadımdadır, beş yaşımda "Jimmy Neutron” adlı cizgi filminə baxırdım. Orada uşaq orta məktəbdə oxuyurdu və fərqli cihazlar düzəldirdi. Marağımı anamla bölüşdüm. Anam həkimdir və həmin vaxt xaricdə konfransa getmişdi. Dedim ki, mənə oradan fizika ilə bağlı ensiklopediya gətir. O, mənim istəyimi reallaşdırdı, həmin ensiklopediya hələ də evimizdədir. Baxmayaraq ki, heç nə başa düşmürdüm, amma mən onu birinci sinifdən beşinci sinfə qədər təkrar-təkrar oxuyurdum. Bilirdim ki, nə vaxtsa anlayacam. Yadımdadır, o vaxt metronun "Sahil” stansiyası tərəfdə detallar satılan mağaza var idi. Anamla babamı hər dəfə oraya aparır, detallar aldırırdım. Onları bir-birinə calayıb, özüm üçün kiçik ixtiralar edirdim. Dördüncü sinifdə dərsdən əlavə fizika dərslərinə qoşulur, dinləyirdim. Müəllimlərim təəccüblənirdi, həqiqətən heç nə anlamırdım, amma bezmirdim və öyrənmək istəyirdim.

- Sizcə, o vaxt valideyniniz sizi ciddiyə almayıb, ensiklopediyanı, cihaz üçün detalları almasa idi, bu gün istədiyiniz yerdə olardınızmı?

- Xeyr. Anam o vaxt mənim ixtira həvəsimə inanmaya, gülüb keçə bilərdi. Hətta bu gün özümə belə, o vaxt etdiklərim gülməli gəlir. Bəlkə də onlara da gülməli gəlib, amma yenə də dəstəklədilər. Uşağın marağı hər an, hər yerdə yarana bilər. Məncə, onu uşaqlıqdan ciddiyə almasalar, maraqlarını basdırmağa çalışıb, fərqli yerlərə yönləndirsələr uğur qazanmağı çətin olar. Bəli, düşünürəm ki, ailəm məni o vaxt ciddiyə aldığı üçün bu gün buradayam. İbtidai sinifdə onsuz da heç kim ciddi nə isə icad edən deyil. Amma onlar mənim motivasiyamı salmadılar, inandılar, dəstəklədilər. Altı, yeddinci sinifdə bu fənləri oxumağa başlayanda artıq məni başqaları da ciddiyə alırdılar. Amma bünövrə məhz o cizgi filmiylə qoyuldu.

- Mən oxumağa atletin idmana yanaşdığı kimi yanaşıram. Bezəndə də oxumağa çalışırdım və düşünürdüm ki, əgər ən pis, motivasiyasız günümdə oxuya bilərəmsə, deməli, hər gün edə bilərəm. Həmişə cədvəlim olub, o cədvəldə mütləq bir saat əlavə oxumaq, araşdırmaq vaxtım olub. Xoşuma gəlməyən fənləri oxuyanda da məhz bu vərdiş mənə kömək olurdu. Musiqidən idmana, riyaziyyatdan fizikaya qədər hər şeyi oxuyurdum. Yorulmaq mənim üçün yeni nə isə öyrənməməyə səbəb deyil. Özümü yeniləməsəm, əskik hiss edirəm. "Google”un kampusunda, binanın girişində dinozavr maketi var. Maketin məqsədi odur ki, insanlar bilsinlər ki, hər gün inkişaf etməsək, sonumuz bu əjdaha kimi olacaq. Yəni yeniliklərə açıq olmasaq, yer üzündən silinəcəyik. Mən həmişə bunu yadda saxlayıram. Elm, araşdırma da belədir. Dayansam, geri qalmaqdan qorxuram.

- Əslində, məqsədlərinizdən biri PHD təhsili olub. Bəs "Google” ilə yolunuz necə kəsişdi?

- Birinci kursda oxuyanda universitetimizin "Google”da işləyən məzunları şirkətlə bağlı təqdimat edirdilər. O vaxt yadımdadır, üzərində "Google”un loqosu olan suvenirlər gətirmişdilər . O suvenir indiyə kimi çantamın üzərindədir. O vaxtdan artıq burada işləməyi qarşıma məqsəd qoymuşdum və iş üçün dəfələrlə müraciət edirdim. Lakin həmin dövrdə "Google” müraciətlərimə imtina göndərirdi. Hətta sonucu dəfə Varşava ofisində işləmək üçün müraciət etmişdim. "Google” üçün Polşaya gedəcəkdim. Yeddi müsahibədən sonra oradan da imtina göndərdilər. Dördüncü kursda artıq CV-mi təkmilləşdirdim, çatışmazlıqlarımın üzərində işlədim və yenidən müraciət etdim. Cavab iki-üç ay sonra gəldi. Mənə maraqlı olan komandanı və sahəni seçib işləməyə başladım.

- İmtinalar sizi motivasiyadan salmırdı?

- İlk vaxtlar mənə çox pis təsir edirdi. Mənə imtina göndərmələrinə inana bilmirdim. Çünki birinci, ikinci kursda özümdən çox razı idim. Bakıda yaxşı oxumuşam, qızıl medalla bitirmişəm, olimpiada qalibiyəm, ixtiralarım var, burada professorlarım məni tərifləyir, elə bilirdim ki, mənə heç kim "yox” deməz. "Google” bu eqomu sınağa çəkdi. Artıq başa düşdüm ki, səhv məndədir, üzərimdə işləməyə başladım. Yeni layihələr həyata keçirir, professorlarla işləyirdim. ABŞ-də bir fənnlə bağlı işləmək, onu mükəmməl bilmək göstərici deyil. İnsan fərqli sahəni də bilir, maraqlanırsa, deməli, ağıllıdır. Laboratoriyalarda işləməyim CV-mi təkmilləşdirmişdi. İldən-ilə görürdüm ki, ötən il göndərdiyim CV heç nədir. Hətta mən də onların yerində olsam özümü işə götürməzdim. Dördüncü kursda artıq optimal vəziyyətə çatdım və istədiyim komanda ilə işlədim.

- Eqonuzun pik həddindən "mən də olsam, özümü işə götürməzdim” mərhələsinə necə gəldiniz? Yəni eqonuzu necə idarə etdiniz?

- Məncə, uğurlu insanların bir neçə xüsusiyyəti var. Birincisi odur ki, onlarda hansısa miqdarda eqo olur. Yəni öz sahələrində əhəmiyyətli olduğuqlarını düşünürlər. Eyni zamanda da nailiyyətləri ilə kifayətlənmirlər. Düşünürlər ki, yuxarı pillədəyəm, amma bu, bəs deyil. İnsanda eqo olmalıdır, amma bu, "mən artıq ən yaxşıyam, məndən yoxdur” səviyyəsində olmamalıdır. Uğurlu insan bilikləri ilə kifayətlənməyən insandır. Mən bunu ABŞ-yə gələndən sonra anladım. Bütün bunların önündə dayanan ən önəmli xüsusiyyət isə xeyirxahlıqdır. Yəni insan birinci insan olmağı bacarmalıdır. Mənim eqomu da məhz burada öyrəndiklərim, ətrafımda gördüklərim qırdı. Burada öyrəndiyim ən əhəmiyyətli xüsusiyyət sağlam rəqabətdir. Ən uğurlu şirkətlər şirkət daxilində bir-biri ilə rəqabətdə olanlar deyil, komanda işini bacaranlar və bir-birinə dəstək olanlardır.

- "Google” bu şirkətlərdəndir?

- Bəli. Bu, işə qəbul prosesində ciddi şəkildə yoxlanılır. Sən mükəmməl biliklərə sahib ola bilərsən, texniki biliklərin də yüksək səviyyədə ola bilər, amma şirkətin "Googleyness” adlı müsahibəsində bal toplaya bilmirsənsə, bütün xüsusiyyətlərinin üstündən xətt çəkilir. Sən işi mükəmməl bilə bilərsən, amma biliklərini bölüşməyi bacarmırsansa, komanda yoldaşına dəstək ola bilmirsənsə, bu şirkətə lazım deyilsən. Çünki komanda üçün ən pis olan komandada işləməyi bacarmayan insandır. Belə insanlar bütün komandanın motivasiyasını salır, iş prosesinə ciddi şəkildə mane olurlar. Ona görə bir insanda insani keyfiyyətlər ən önəmlisidir. Məsələn, "Google”da heç kim oturub bütün kodları sıfırdan yazmır. Hamı bir-birindən dəstək alır, bildiklərini bölüşür, yararlı olmağa çalışır. Heç bir şirkətə neqativ auralı, daim özünü düşünən, komanda yoldaşını aşağı çəkməyə çalışan işçi lazım deyil.

- "Karyeramda ətrafımda olan ağıllı adamların dəstəyi böyükdür” deyirsiniz. Dostlarınızı seçərkən öz sahəsində seçilən olmasına diqqət edirsiniz, yoxsa sizin üçün fərqi yoxdur?

- Bəli, çox diqqət edirəm. Ünsiyyətdə olduğumuz dörd ən yaxın insanın orta intellektini hesablasaq, beşinci adamın intellekti o olacaq. Ona görə də çalışmışam dostlarımı diqqətlə seçim. İbtidai sinifdə ağıllı adamlarla əhatələnməkdə bəxtim gətirib, amma universitet illərində artıq buna fikir verməyə başlamışam. Dostluq bir-birindən öyrənmək, motivasiya almaq, həyatı bölüşməkdir. Məsələn, üçüncü kursa qədər "Google”da bu gün işlədiyim koda marağım yox idi. Serbiyalı dostum kompüter elmləri fakültəsində idi. Mən fizika üzrə, o da kompüter elmləri ilə bağlı professorla işləyirdi. Onun elmi işini oxuya-oxuya bu sahəyə marağım yarandı. Bəlkə də onunla dostluğumun sayəsində bu gün buradayam. Hər insandan bəzən müsbət, bəzən pis nə isə öyrənirik. Dostlarım həmişə ağıllı, seçilən olublar. //"Kazpi qəzeti"
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Politoloq Arzuman Abdulkərimov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Qazaxın dörd kəndi qaytarıldı və Azərbaycan-Ermənistan sərhədinin bu hissəsində xətlər tam müəyyən edildi. Proses bundan sonra bütün sərhəd boyu rəvan gedəcəkmi, hesab etmək olarmı ki, nəhayət, bu işə mane olmağa çalışan kənar qüvvələr zərərsizləşdirilib?

- Xalqımızı təbrik edirəm, Ali Baş Komandanımıza öz təşəkkürümü bildirirəm ki, bir güllə atılmadan və bir insan itkisi olmadan bu mərhələni də keçdik. Cənab prezident hələ yanvarda kəndlərin qaytarılacağının anonsunu vermişdi. Anklav olmayan bu dörd kəndin qaytarılacağı ilə bağlı razılaşmanın olduğunu bəyan etmişdi.

Çox keçmədən müvafiq komissiyalar bu mövzu üzərində işləməyə başladılar və məlumatlar ötürülməyə başladı ki, prinsipial razılıq əldə olunub. Komissiyaların aprelin 9-da keçirilən görüşündə kəndlərin təhvil verilməsi prosesi rəsmən başladı, indi də tamamlandı. Artıq Dövlət Sərhəd Xidməti əraziləri nəzarətə götürüb, Azərbaycan-Ermənistan sərhədinin müəyyən edilmiş 12.7 kilometr hissəsində dirəklər basdırılıb, tikanlı məftillər qoyulub.

Bundan sonrakı mərhələ bizim anklav kəndlərimizlə bağlı proses olacaq. Son günlərdə artıq Kərki kəndi ilə bağlı yeni gəlişmələr var. Ermənistan tərəfi Kərkinin Ermənistanın reyesterində olmadığını bəyan edib. Biz bu ritorikanı əvvəllər Qazaxın dörd kəndi ilə bağlı da eşitmişdik. Yəni bu, bizə deməyə əsas verir ki, dörd anklavın – Kərki, Sofulu, Yuxarı Əskipara və Barxudarlı kəndlərinin də Azərbaycana qaytarılmasına dair razılaşma olacaq. Ümid edirəm ki, bu, uzun çəkməyəcək. Bəlkə də payıza qədər bunun şahidi olarıq.

Hesab edirəm ki, bu kəndlər cənab Prezident İlham Əliyevin bir sözü ilə Azərbaycana qaytarılıb. Cənab prezident yenə də sübut etdi ki, nəyi nə vaxt etməyin lazım olduğunu özü bilir. Bunu növbəti dəfə Qazaxın dörd kəndinin Azərbaycana qaytarılmasında gördük.

- Sərhədin demrkasiyasındakı uğurlu başlanğıc sülh müqaviləsinin imzalanmasını yaxınlaşdıracaqmı?

- Düşünürəm ki, sülh müqaviləsinə qədər çərçivə sazişi imzalanmalıdır. Delimitasiya və demarkasiya uzun çəkən, çox çətin və gərgin iş tələb edən prosesdir. Bu, uzun illər ala bilər. Bizim bu məsələdə təkcə Ermənistan yox, digər qonşu ölkələrlə də açıq qalan məsələlərimiz var. Rusiya ilə bu işi bitirmişik, amma Gürcüstan və Xəzəryanı ölkələrlə bəzi həll edilməmiş məsələlər qalır.

Yəni gözləməməliyik ki, sərhədin müəyyənləşməsi bitsin, sülh müqaviləsini bundan sonra imzalayaq. Artıq hər iki tərəfdən eşidirik ki, sülhə daha yaxınıq, bu il imzalana bilər. Düşünürəm ki, xarici işlər nazirlərinin Almatı görüşündə də müəyyən irəliləyişlər olub.

Çərçivə sənədi bu il imzalana bilər. Ermənistanın bəzi davranışları sülh müqaviləsinin imzalanması prosesini uzadır. Niyəsə Ermənistan bu məsələdə ləngiməyə yol verir. Ermənistan tələsməlidir. Çünki Ermənistan daxilində Nikol Paşinyan hökumətinin ciddi sıxıntıları var. Ermənistan müxalifəti və ya Rusiyaya bağlı keçmiş hakimiyyətlərin təmsilçiləri, eləcə də erməni kilsəsi Qazaxın kəndlərinin qaytarılması və sərhəd məsələsindən Nikol Paşinyana qarşı istifadə etməyə çalışır.

Bunlar bizə deməyə əsas verir ki, Paşinyan hökuməti tələsməlidir. Amma görünür, onlar da sülhə ehtiyatla yanaşırlar. Bəlkə də siyasi dividentlər qazanmaq üçün bazarlığa getməyə çalışırlar. Amma il ərzində çərçivə sənədi imzalana bilər, delimitasiya da bundan sonra davam etdiriləcək.

- Ümumiyyətlə, sülh sazişinin imzalanması və sərhədlərin demarkasiyası iki xalq və ya dövlət arasındakı düşmənçiliyə son qoyacaqmı?

- Bütün müharibələr meydanlarda baş verir və bunun nəticələrini rəsmiləşdirən sülh müqaviləsi masalarda imzalanır. Uzun illər bir-birləri ilə müharibə aparan dövlətlər sonda sülh müqaviləsi imzalayıblar. Əlbəttə, asan olmayacaq, amma zamanla xalqlar arasında əlaqə və gediş-gəliş bərpa oluna bilər.

Sülh müqaviləsi imzalansa, əlaqələr yaradılsa və xalqların bir-birlərinə gediş-gəlişi bərpa edilsə belə, heç vaxt tariximizi unutmamalıyıq. Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımıları və işğalları heç vaxt yaddan çıxarmamalıyıq. Bunları ciddi şəkildə yaddaşımıza yazmalıyıq və gələcək nəsillərə ötürməliyik, qalanlar da diplomatik məsələlərdir.

Bizim bir də indiki Ermənistana – tarixi torpaqlarımıza qayıdış məsələmiz də var. Bununla bağlı Qərbi Azərbaycan icması yaradılıb. İcma çox ciddi şəkildə bu prosesin önündədir. Əlbəttə, cənab prezident də demişdi ki, biz tarixi torpaqlarımıza tanklarla yox, avtomobillərlə qayıdacağıq. Yəni gələcəkdə əlaqələrin yaradılması və xalqların gediş-gəlişisi məsələləri öz həllini tapacaq. Amma yenə də dediyim kimi, tarixi heç vaxt unutmamalıyıq.

Sovet dönəmində bizə bu tarixi düşünülmüş və şüurlu şəkildə unutdurmuşdular. Amma bu gün bizim imkanlarımız var ki, ermənilərin hansı xislətdə olduqlarını gələcək nəsillərə çatdıraq.

Sərhədlərin demarkasiyası da çox uzanmamalıdır. Dövlət başçısı Şuşadakı çıxışında da söylədi ki, delimitasiya və demarkasiya sürətləndirilməlidir, əgər Ermənistan bu məsələdən öz gələcək məqsədləri üçün istifadə etmək istəsə və gələcəkdə orada revanşistlər hakimiyyətə gələrsə, biz Ermənistan tərəfinin hansısa cavabını gözləməyəcəyik, sərhədlərin haradan keçəcəyini Azərbaycan müəyyən edəcək. Mənə elə gəlir ki, bu işarənin nəyə vurulduğunu hər kəs başa düşür.

- Ermənistan Türkiyə ilə sərhəddə keçid məntəqəsinin açılmağa hazır olduğunu bəyan etdi. Bu iki ölkə arasında gediş-gəliş nə vaxt başlayacaq? Ankaranın bunun üçün İrəvana şərti vardı: Bakı ilə sülh müqaviləsini imzala sonra. Bu şərt hələ də qüvvədədirmi?

- Ermənistan Azərbaycan ərazilərini işğal etdiyi ilk günlərdən Türkiyə sərhədlərini bu ölkənin üzünə bağlayıb. İşğal dövründə Türkiyənin sərhədlərini açması məsələsi gündəmə gəlmişdi, o zaman bu, Azərbaycan və Türkiyə cəmiyyətlərində təpki ilə qarşılanmışdı. Amma biz gördük ki, Türkiyə o dövrdə də, ondan sonrakı zamanda da bu əhdinə sadiq qaldı. Bu da Ermənistana bir işarədir ki, get, sülh müqaviləsini imzala, mən də səninlə sərhədləri açım, gediş-gəlişi bərpa edim.

Əminəm ki, sülh müqaviləsinin imzalanması Azərbaycandan çox Ermənistanın maraqlarına xidmət edəcək. Çünki burada siyasi məsələlərlə yanaşı, ciddi iqtisadi amillər də var. Zəngəzur yolunun açılması Ermənistan iqtisadiyyatına da ciddi gəlirlər qazandıracaq, həmçinin regionda sülhü gücləndirəcək. Türkiyə yenə Ermənistana işarə verir ki, get, sülh müqaviləsini imzala, mən də səninlə yolları və sərhədləri açım. Düşünmürəm ki, Türkiyə sülh müqaviləsi imzalanmadan Ermənistanla sərhədlərini açacaq.

Dünyapress TV

Xəbər lenti