Paşinyandan daha çox erməni olmaq: -
İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İrana səfər edən Ermənistanın Baş naziri Nikol Paşinyan Tehranda əvvəlcə Ali dini lider Ayətullah Seyid Əli Xameneyi ilə görüşüb. Baş nazirin daha sonra İran Prezidenti Məsud Pezeşkianla görüşü olub.

Xameneyi Paşinyanla görüşdə yenidən Zəngəzur dəhlizi məsələsinə toxunub və bildirib ki, Zəngəzur dəhlizi ideyası Ermənistanın maraqlarına cavab vermir. Xameneyi Ermənistanın ərazi bütövlüyünün vacibliyini vurğulayıb və qeyd edib ki, İran-Ermənistan münasibətləri digər ölkələrin siyasətindən asılı olmayaraq qarşılıqlı maraqlar əsasında inkişaf edəcək. Ayətullah həmçinin əlavə edib ki, xarici dövlətlər qonşu ölkələr arasındakı münasibətlərə müdaxilə etməməlidir.

Pezeşkianla görüşdə isə Ermənistanın Baş naziri İranın yeni seçilmiş Prezidentinə inauqurasiya mərasimində iştirakının İranla münasibətləri dərinləşdirmək istəyindən xəbər verdiyini bildirib və İranla çoxtərəfli əməkdaşlığın ölkəsi üçün son dərəcə vacib olduğunu vurğulayıb. İran Prezidenti öz növbəsində iki xalqın çoxəsrlik dostluğunun qarşılıqlı fəaliyyət üçün möhkəm təməl olduğunu deyib. Pezeşkian həmçinin regiondakı vəziyyətə toxunaraq, Tehran üçün təhlükəsizlik və sabitliyin əhəmiyyət daşıdığını deyib və bütün mövcud problemlərin dialoq yolu ilə həllinə çağırıb.

Mövzuya dair AYNA-nın suallarını cavablandıran Xalq şairi, bir neçə çağırışı Azərbaycan Milli Məclisinin üzvü olmuş, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı söyləyib ki, rəsmi Tehranın mövqeyi dəyişməyib:

- Birincisi, onu deyim ki, Xameneyi çoxdandır İranın dini yox, ümumilikdə rəhbəridir. Dinlə yanaşı, İranın siyasi, ideoloji, hətta iqtisadi hakimiyyəti Xameneyinin əlindədir. İranın siyasətinə o, rəhbərlik edir. O, sadəcə dini rəhbər olsaydı, məsələlərə də dini cəhətdən yanaşardı. Amma bu adam Zəngəzur dəhlizindən danışır, siyasi bəyanat verir. Özü də Xameneyinin Zəngəzur dəhlizi barədə danışması ilk dəfə deyil, bundan əvvəl də bəyanatlar verib. Hər dəfə də Ermənistana mesaj verir ki, Zəngəzur dəhlizinin açılmasına razılaşmayın, bu, ermənilərin əleyhinədir.

Sadəcə İrəvanda oturanlar anlamalıdırlar ki, Zəngəzur dəhlizinin açılması Azərbaycandan çox Ermənistanın xeyirinədir. Bu dəhliz Ermənistanı Türkiyə ilə birləşdirir, Avropaya çıxarır, gələcəyini təmin edir. Ermənistan rəhbərliyi anlamalıdır ki, İran özünün maraqlarına görə Zəngəzur dəhlizinin açılmasını istəmir, özünün mifik Hindistan-İran-Avropa dəhlizində maraqlıdır. İran istəmir ki, Azərbaycan və Ermənistan dünyanın logistika qovşağına çevrilsin. Məsələ budur və belə bəyanatların arxasında dayanan da məhz budur.

- Azərbaycan türkü olan Pezeşkianın hakimiyyətə gəlməsi İran-Ermənistan münasibətlərində dəyişikliyə ümid verirmi?

- Dediyim kimi, İranın daxili və xarici siyasətinə rəhbərlik edən Xameneyidir. Bu gün guya İran İslamın təəssübünü çəkir, amma müqəddəs “Quran”ı təhqir edən, “Quran”ı inkar edən, məscidlərdə donuz saxlayan Ermənistana dəstək verir. Pezeşkianın İranın bu siyasətini tamamilə dəyişəcəyinə ümid azdır. Pezeşkianın bəyanatları onu göstərir ki, bir çox addımlar atacaq, imkanları daxilində işlər görəcək. Təbii, zaman göstərəcək ki, hansı dəyişiklikləri edə biləcək. Amma yenə deyirəm, İranın dövlət siyasətini tamamilə dəyişdirəcəyi real görünmür.

- Bəs islahatçıların təmsilçisi olan Pezeşkian Azərbaycan türkləri ilə bağlı məsələlərdə nələri dəyişə bilər?

- Pezeşkianın Prezident kimi bir çox məsələlərə təsiri ola bilər. O, İranı orta əsr düşüncəsindən normal dövlətçilik düşüncəsinə çəkə bilər. Çünki hazırkı yol İrana heç nə vəd etmir. Bu gün müqəddəs İslam dəyərlərini cəhalət rejiminə çevirmiş İran rejimi var. Bu gün bu rejimin mahiyyəti tam dərk edilmir. Əvvəlcə bu düşüncə sistemində müəyyən dəyişiklik ola bilər. İkincisi, Pezeşkian nazir olarkən də, deputat olarkən də Azərbaycan türklərinin, ümumilikdə İranda yaşayan xalqların hüquqlarının təmini ilə bağlı məsələləri gündəmə gətirirdi. Həmin xətti tam olmasa da, davam etdirəcəyi gözləniləndir.

Təbii ki, bir Azərbaycan türkü olaraq, Pezeşkian türklərin haqlarının təminində səlahiyyətləri çərçivəsində addım ata bilər. İndidən dəqiq proqnoz vermək çətindir. Ona görə də, bir müddət onun siyasi addımlarını izləmək və ondan sonra qiymət vermək lazımdır. Pezeşkianın andiçmə mərasimi yeni keçirilib, təzəcə İran Prezidenti postuna əyləşib. Bundan sonra nələr edəcək, onu zaman göstərəcək.
 
 
 

Dünyapress TV

Xəbər lenti