Ardını oxu...
Böyük Britaniyanın ixrac məsələləri üzrə dövlət naziri Lord Malcolm Offord Azərbaycanda səfərdədir, o Bakıda nazirlərlə görüşlərdə iki ölkə arasında əməkdaşlığın inkişafı yollarını müzakirə edir. Bundan təxminən iki həftə Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Leo Dokerti də Azərbaycanda səfərdə idi. O da əməkdaşlıqla bağlı mövzuları müzakirə etmişdi. Leo Dokerti Azərbaycanla yanaşı Ermənistan və Gürcüstana da səfər etmişdi. Hiss olunur ki, Böyük Britaniya Cənubi Qfaqaz uğrunda mübarizədə Rusiya, ABŞ və Avropa İttifaqından geri qalmaq istəmir. London Paris və Vaşinqtondan fərqli olaraq Cənubi Qafqaz siyasətində balansı pozmur, bölgənin hər 3 ölkəsiylə yaxşı münasibətləri var. Bu arada, ABŞ-da görüşlərini başa vuran Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Londona gedib. Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Böyük Britaniyaya yollanmışdı. Erməni nazir Böyük Britaniyada iki ölkə arasında strateji dialoqun istiqamətlərini müzakirə etmişdi. Bütün hallarda Londonun Cənubi Qafqazda əsas strateji tərəfdaşı Azərbaycandır.
Elxan Şahinoğlu
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı
 
Ardını oxu...
Deputat: “Seçkiöncəsi erməni lobbisi hərəkətə keçib və konqresmenləri ələ almağa çalışırlar”

Politoloq: “ABŞ Azərbaycanla razılaşma olmadan Cənubi Qafqazda maraqlarının təmin edilməsinin mümkün olmadığını başa düşür”

Mark Libbi ABŞ-nin Azərbaycanda yeni səfiri təyin olunub. Senat səsvermə yolu ilə Libbinin Azərbaycanda səfir vəzifəsinə namizədliyini təsdiqləyib.

Birləşmiş Ştatların ölkəmizdəki səfirinin fəaliyyət müddəti ötən ilin iyulunda başa çatsa da, bu müddətdə yeni səfir təyinatı baş tutmamışdı. 2022-ci ilin may ayının 25-də ABŞ Prezidenti Cozef Bayden diplomatın Azərbaycana səfir təyin edilməsi ilə bağlı Konqresin Xarici Əlaqələr Komitəsinə təklif irəli sürüb. Ancaq bu ilin yanvar ayının 3-də onun namizədliyi ilə bağlı təklif Bayden administrasiyasına geri qaytarılıb. Elə həmin gün Dövlət Departamenti yenidən Libbinin namizədliyini irəli sürüb.

Qeyd edək ki, ABŞ-nin Azərbaycandakı səfirinin təyinatı ilə bağlı məsələ ilk dəfə deyil ki, gecikdirilir. Bundan öncə də Prezident tərəfindən irəli sürülən namizədlərin ABŞ Konqressi tərəfindən geri qaytarılması halları olub və məhz bu səbəbdən də dəfələrlə yeni səfirlərin təyinatında yubanmalar baş verib.

Bu arada ABŞ dövlət katibinin köməkçisi Ceyms Obraynın Xarici İşlər Komitəsində keçirilən dinləmə zamanı Azərbaycanla münasibətlərin 19 sentyabr hadisələrindən sonra adi qaydada davam etməyəcəyini bildirməsi ABŞ-Azərbaycan arasında münasibətlərini yenidən gərginləşdirib. Rəsmi Bakı amerikalı diplomatın bəyanatını beynəlxalq hüququn pozulması kimi qiymətləndirərək, Ağ Evi bu kimi müdaxilə hallarından yayınmağa çağırıb.

İddialara görə, ABŞ Ukraynadan sonra Rusiyaya qarşı Ermənistandan ikinci cəbhə açmaq və Cənubi Qafqazı bütünlüklə nəzarətə götürmək niyyətindədir və ölkəmizə qarşı təzyiqlər də məhz bundan qaynaqlanır.

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, siyasi şərhçi Elman Nəsirov AYNA-ya açıqlamasında deyib ki, ABŞ ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir: “Düzdür, bəzən ABŞ rəmsiləri, amerikalı diplomatlar və siyasi şərhçilər Azərbaycanla münasibətlərə xələl gətirəcək bəyanatlar səsləndirirlər. Heç şübhəsiz ki, bu açıqlamalar ikitərəfli münasibətlərə xələl gətirir. Xarici İşlər Komitəsində keçirilən dinləmələr və ABŞ dövlət katibinin köməkçisi Ceyms Obraynın söylədiyi fikirlər bu qəbildəndir”.

“Amerika çalışır ki, Cənubi Qafqazı öz nəzarətinə götürsün. Azərbaycanın müstəqil xarici siyasət yürütməsi, kiminsə ruporu rolunda çıxış etməkdən qəti şəkildə imtinası ölkəmizə qarşı müəyyən təzyiqlərin meydana gəlməsinə səbəb olur. Lakin Amerikada da başa düşürlər ki, Azərbaycan regionun lider dövlətidir və ölkəmizin iştirakı olmadan regionda hər hansı layihənin uğur qazanması mümkün deyil. Zaman-zaman belə təzyiqlər olsa da, sonradan geri çəkilirlər. Hesab edirəm ki, bu dəfə də belə olacaq”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, Azərbaycanda kimi səfir təyin etməsi Birləşmiş Ştatların sərbəst seçimidir: “Amerikanın Azərbaycanda diplomatik missiyası fəaliyyət göstərir. Vaxtaşırı olaraq səfirləri, diplomatik korpusun əməkdaşlarını dəyişirlər. Bu, onların öz işidir. Azərbaycanla Amerika arasında beynəlxalq terrorizmlə mübarizə, sülhə dəstək, enerji təhlükəsizliyi və digər məsələlərdə tərəfdaşlıq mövcuddur”.

“Erməni lobbisinə bağlı qüvvələr müəyyən senatorları və konqresmenləri ələ alırlar ki, Azərbaycanın əleyhinə fəaliyyət göstərsinlər. Müəyyən mənada buna nail olurlar da. Xüsusən 44 günlük Vətən müharibəsində əldə olunan tarixi zəfər və lokal antiterror əməliyyatları nəticəsində ölkəmizin suverenliyinin tam şəkildə bərpa olunması erməni lobbisini narahat edir. Seçkilər öncəsi Ağ Evin, eləcə də Senat və Konqress üzvlərinin onlarla hesablaşması, müəyyən “güzəştlərə” getməsi gözlənilir. Lakin bu, ABŞ-Azərbaycan strateji, iqtisadi münasibətlərinə, enerji sahəsində əməkdaşlığa təsir göstərməyəcək”, - deyə Nəsirov vurğulayıb.

Mövzunu AYNA-ya şərh edən beynəlxalq münasibətlər üzrə ekspert Murad Sadəddinov da əmindir ki, Azərbaycan-ABŞ münasibətlərində müəyyən gərginliklər olsa da, dialoq mühiti mövcuddur: “Heç şübhəsiz ki, Amerika elitasında Ermənistana simpatiya, Azərbaycana qarşı isə qərəzli münasibət həmişə olub. Bunun da öz növbəsində müxtəlif səbəbləri var. Əsas səbəb odur ki, ABŞ-da erməni lobbisi güclüdür və seçkilərin nəticələrinə təsir etmək imkanları var. Bu baxımdan hər zaman çalışıblar ki, onlardan dəstək alsınlar”.

“İkinci səbəb hər ikisinin xristian ölkəsi olması, üçüncü səbəb isə Azərbaycanın Rusiya ilə yaxınlığıdır. Amerika hər zaman istəyib ki, postsovet məkanında güclənsin və ölkələri Rusiyaya qarşı səfərbər etsin. Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığa nail olsalar da, ölkəmizi müstəqil və balanslaşdırılmış xarici siyasət kursundan yayındıra bilməyiblər. Buna görə də, vaxtaşırı olaraq Azərbaycana qarşı təzyiq siyasətini işə salıblar”, - deyə müsahibimiz söyləyib.

Sadəddinov hesab edir ki, bu təzyiqlər ötəridir və münasibətlər yenidən bərpa olunacaq: “Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəngi, münasibətləri normallaşdırmaq cəhdləri də bununla bağlıdır. ABŞ Azərbaycanla razılaşma olmadan Cənubi Qafqazda hər hansı maraqlarının təmin edilməsinin mümkün olmadığını başa düşür. Elə buna görə də münasibətləri pisləşdirməyə getməyəcəklər. O ki qaldı yeni səfirin təyinatına, bu, bir protokoldur və münasibətlərdə heç bir dəyişikliyə səbəb olmayacaq”.

Müəllif: Azər Niftiyev
 
Ardını oxu...
Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı məlumatlar artır.

Baş nazir Nikol Paşinyanın 2024-cü ildə erkən seçkilərin elan edilməsi üçün Prezident Vahan Xaçaturyana müraciət edəcəyi gözlənilir. Bununla bağlı yayılan bütün xəbərlərdə Paşinyanın əsas məqsədinin Ermənistan Milli Məclisini Rusiyapərəst siyasi qüvvələrdən “təmizləmək” olduğu bildirilir. Yəni parlamentin yeni tərkibinin əsasən Qərbyönlü və avrointeqrasiya tərəfdarlarından formalaşdırılması planlaşdırılır.

Qeyd edək ki, bununla bağlı ilk məlumat hələ noyabrın 24-də mətbuata sızmışdı. Paşinyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının İdarə Heyətinin iclasında növbədənkənar parlament seçkilərinə getmək istədiyini deyib.

“Baş nazir indiki parlament müxalifətini “oyunu” bitirəcəyi, yeni seçkilər keçirəcəyi, yenidən seçiləcəyi, parlamentin hazırkı mənzərəsini tamamilə dəyişəcəyi və Milli Məclisə tamamilə yeni müxalifət gətirəcəyi ilə hədələyib”,-məlumatda belə deyilirdi.

“Hraparak” qəzetinin dekabrın 5-də yaydığı məlumatda isə Qərbin Paşinyandan növbədənkənar seçki keçirməyi tələb etdiyi xəbər verilir. Yəni parlamentin tərkibini dəyişmək təşəbbüsü əslində, Paşinyandan deyil, Qərbdən gəlir. Belə çıxır ki, Qərb də öz növbəsində Ermənistanın tez bir zamanda Rusiyadan ayrılıb Avropaya tələsməsi üçün Paşinyandan “sədaqət andı” tələb edir.

Paşinyanın vədləri əvəzinə Qərb yeni seçkilər vasitəsilə Aram Sarkisyan (Respublika partiyasının sədri - red.) və digər qərbpərəstlərin də mütləq iştirak edəcək anti-Rusiya parlamentinin formalaşacağını gözləyir. Bugünkü parlament müxalifəti, açıq-aşkar rusiyayönlülər evə yola salınacaqlar”.

Erməni siyasi ekspertlərin fikrincə, ABŞ-nin və Avropa İttifaqının bu məsələdə ortaq istəyi ölkənin gələcəyini Ermənistan-Rusiya-İran üçbucağında görən müxalifəti parlamentdən kənarlaşdırmaqdır. Yeni seçkilərin keçirilməsində Nikol Paşinyanın da maraqları var.

İlk növbədə, parlamentdə eks-prezidentlər Robert Köçəryana və Serj Sarkisyana bağlı “Ermənistan” və “Şərəfim var” fraksiyaları Paşinyan üçün potensial təhlükə mənbəyi sayılır. Adıçəkilən qüvvələrin siyasi reytinqi yüksək olmasa da, Paşinyan hökumətinin devrilməsində maraqlı olan Rusiyanın istifadə edəcəyi əsas müxalif baza sayılır. Ona görə də Paşinyan parlamentdə Robert Köçəryanın və Serj Sarkisyanın da başçılıq etdiyi qüvvələrdən xilas olmağa çalışır.

Hazırda Ermənistanda Nikol Paşinyan hakimiyyətinin reytinqi kəskin aşağı düşdüyünə görə seçki kampaniyasında inzibati resurslardan istifadə etmək ehtimalı yüksəkdir. Lakin Köçəryan və Sarkisyan arasında olan ziddiyyətlər, cəmiyyətin sabiqlərə dəstək verməməsi rusiyayönlü müxalifətin siyasi dayaqlarını da zəiflədib.

Belə vəziyyətdə növbədənkənar seçkilərə getmək Paşinyana hakimiyyətini möhkəmlətmək və Rusiyanın təzyiqlərini neytrallaşdırmaq üçün lazımdır. Eyni zamanda, Paşinyan Rusiyanın liderlik etdiyi Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi Birliyi, Müstəqil Dövlətlər Birliyi kimi regional siyasi platformalardan Ermənistanı çıxarmaq istəyini nümayiş etdirir. Buna nail olmaq üçün ona cəmiyyətin mandatı lazımdır.

Bu baxımdan, Paşinyan növbədənkənar seçkilər üzərindən anti-Rusiya siyasətinə legitimlik qazandırmağa çalışır. Qeyd edək ki, ermənilərin Qarabağdan Ermənistana kütləvi könüllü köçməsi də son vaxtlar Paşinyan hökuməti üçün problemlər yaradıb.

Həmin ermənilərin bir çoxu Ermənistan vətəndaşlarıdır. Ona görə də revanşist müxalifət narazı Qarabağ ermənilərindən seçki prosesində istifadə etməyə çalışacaq. Ancaq onların sayı səsvermənin nəticələrinə təsir edəcək qədər deyil. Paşinyan seçkilərdə qələbə qazanarsa, bu, ona gələcəkdə sülh sazişi imzalamağa və konstitusiya referendumu keçirmək üçün də hüquqi əsas yarada bilər.

Beynəlxalq münasibətlər üzrə ekspert Qriqor Balasanyan isə hesab edir ki, Ermənistanda nə müxalifətin, nə də hazırkı hakim partiyanın qələbə qazanmaq şansı var. Üçüncü siyasi qüvvənin meydana çıxması seçkilərdə hakimiyyət dəyişikliyinə gətirib çıxara bilər.

“Bu müxalifət özünü məhv edib. Onun da hakimiyyət kimi heç bir ictimai dəstəyi yoxdur. Yəni elə bir vəziyyət yaranıb ki, parlamentdəki deputatlar əvvəllər əldə etdikləri ictimai dəstəyə malik deyillər. İrəvanda və digər icmalarda keçirilən bələdiyyə seçkiləri göstərdi ki, bir çox yerlərdə hakimiyyət lazımi səsləri toplaya və qalib gələ bilmir. Bu, o deməkdir ki, ictimai inamsızlıq var. Bu vəziyyət yeni qüvvələrin təzahürünə və yeni növbədənkənar seçkilərə gətirib çıxaracaq.

Həyat qabiliyyətli qüvvələr gah biri, gah başqası ilə oynayanlar, bir neçə simdə ifa edənlər deyil, seçkilərdə xarici siyasətin gündəminin dəqiq istiqamətini təqdim edənlər olacaq. Xalq artıq siyasi yarımçıqlıqdan bezib. Hesab edirəm ki, siyasətdə yeni, təzə qüvvələrə, simalara ehtiyac var. Bütün bunlar növbədənkənar parlament seçkilərinə gətirib çıxaracaq ki, bu da öz növbəsində Ermənistanın xarici siyasətinə təsir göstərəcək”,-ekspert belə deyib.

Müəllif: Müşfiq Abdulla - Mənbə: “Cebhe.info”
Ardını oxu...
Rusiya Ukraynaya müdaxilə etdikdən sonra ABŞ başda olmaqla Qərb dünyası Rusiyanın bu müharibədə qalib gələcəyinə imkan verməyəcəklərini dəfələrlə bəyan ediblər. Ancaq onların Ukraynaya göstərdikləri hərbi yardımların intensivliyinə və həcminə diqqət etdikdə sözlərilə əməlləri arasında ciddi fərq əyani şəkildə görünür. Hələ indiyədək Ukrayna ordusu lazımı sayda uzunmənzilli raketlərlə, Hava Hücumundan Müdafiə sistemləri, artilleriya qurğuları və mərmilərlə təchiz edilməyib.

Digər tərəfdən, Ukraynaya “F-16” qırıcı təyyarələrinin nə zaman və hansı miqdarda verilməsi barəsində müzakirələr davam etsə də, bu istiqamətdə əhəmiyyətli irəliləyiş yoxdur. Hələlik ilk baxışdan belə təsəvvür yarana bilər ki, Qərbin Ukraynaya göstərdiyi zəif dəstək Rusiyanın döyüş mövqeyini gücləndirib. Lakin müharibə uzanacağı təqdirdə vəziyyət dəfələrlə dəyişə bilər. Artıq bir neçə aydır ki, Qərb KİV-ləri öz hökumətlərinin Ukrayna ilə bağlı strategiyasını sərt tənqid edir, onları daha qətiyyətli davranmağa çağırırlar. Bu yaxınlarda Böyük Britaniyanın nüfuzlu “The Economist” nəşrinin “Görünür, Putin ən azı hələlik Ukraynada qalib gəlir” başlıqlı məqaləsində ABŞ və Avropa fəaliyyətsizlikdə qınanırlar.

Lakin bütun bunlara baxmayaraq, Qərb mətbuatı və analitikləri bu qanlı müharibənin pərdə arxasınıdak həqiqətlərin üstündən sükutla keçirlər və əsasən mənzərənin ümumi təsviri ilə kifayətlənirlər. Məsələn, “The Economist”-in sözügedən məqaləsində yazılır: ”Qərb Putini məyus etmək üçün çox şey edə bilərdi - istəsəydi Rusiyanı dəflərlə üstələyən sənayesini və maliyyə resurslarını işə salardı. Lakin fatalizm, saymamazlıq və strateji miqyasda düşünə bilməmək ona mane olur.”

Yəni, əslində bütün Qərb mediası Ukrayna müharibəsindəki ümumi vəziyyəti təxminən bu cür şərh edir. Sadəcə olaraq bu tip məqalələrdə həqiqət deyilirmiş kimi təsəvvür yaradılır, əslində isə dərində yatan böyük həqiqətlərin ört-basdır olunmasına çalışılır və kimsə Ukraynanın Qərb üçün geostrateji alət olduğunu söyləmir. İndi artıq bəlli olur ki, ABŞ və Avropa müxtəlif bəhanələrlə Ukraynaya vəd etdikləri silah və maliyyə yardımını tam həcmdə çatdırmaq niyyətində deyillər. Bir çox mətləblərin üstü açılandan sonra Qərb mətbuatı obyektivlik görüntüsü vermək naminə müəyyən tənqidi fikirlər səsləndirməyə başlayır. Beynəlxalq ictimai şüura təsir etmək üçün elə təsəvvür yaradırlar ki, guya Amerika və Avropanın uzağa hesablanmış geniş strateji planları yoxdur və onlar sanki baş verən hadisələrin arxasınca yürüyürlər. Avropa Birliyi Ukraynaya 50 milyard avro vəd verib, lakin deyirlər ki, bəs Macarıstan bu ödənişi gecikdirir (Çünki AB-də hər hansı qərarın qüvvəyə minməsi üçün onu hamı yekdilliklə dəstəkləməlidir.). Amerikada isə Baydenin 60 milyard dollar həcmindəki yardımı Konqresdəki respublikaçıların etirazı ucbatından əngəllənib. Göründüyü kimi, elə mexanizm qurulub ki, istənilən vaxt əsaslı arqument gətirə bilsinlər.

Putinin Ukraynaya hücumundan 21 ay ötüb və bu müddət ərzində lazım gələrdisə Qərbin nəhəng sənayesi Ukraynanın ehtiyaclarının ödənilməsinə yönələrdi. Təbii, bu fikirlər Avropada da səslənir, amma heç kim demir ki, Putinin güclənməsinə niyə imkan verildi. Niyə Qərb öz potensialını ortaya qoymur?

ABŞ və Avropa Rusiyanı güclü iqtisadiyyata və möhtəşəm orduya malik bir dövlət kimi görmək istəmir və buna imkan da verilmir. Amma Rusiyanın Ukraynaya məğlub olması və sonrakı mərhələdə onun parçalanması Qərbin nəyinə lazımdır? Məgər Qərbin əsl problemi Rusiyadır? Xeyr! Rusiya Qərblə iqtisadi və texnoloji rəqabət apar biləcək səviyyədən çox uzaqdır.

Ukraynanın Rusiya ilə müqayisədə böyük silah istehsalı sənayesi yoxdur və ona görə də onun Qərbə ehtiyacı var. Kollektiv Qərbin böyük geostrateji məqsədinin nədən ibarət olmasına gəldikdə isə, heç şübhəsiz ki, onlar həmişə “divide et impera” ("parçala, hökm sür") devizinə sadiqdirlər. Onlar üçün Rusiya birbaşa elə də çətin problem deyil. Onun öhdəsindən gəlmək üçün Ukraynaya samballı yardım göstərmək yetərlidir. Rusiyanın artıq geriyə yolu yoxdur, o, mütləq döyüşməlidir. Amerika və Avropa Rusiyanı Ukrayna vasitəsilə taqətdən sala bilər. Və əslində bəlkə də məhz bu həyata keçirilir.

Heç şübhəsiz ki, ABŞ və NATO Rusiya ordusunun bu müharibədən öncə də hansı potensiala malik olmasından xəbərdar idilər. Ukrayna müharibəsi tərifli və imkanları şişirdilmiş Rusiya ordusunun zəifliyini, bəzi hallarda isə acizliyini göstərdi. Rusiya tarix boyu apardığı bütün müharibələrdə əsgər sayına arxalanıb. Ukraynaya qarşı müharibədə də Rusiyanın ən böyük üstünlüyü məhz canlı qüvvədir.

Hazırda rusların Avdeyevka uğrunda döyüşlərdə böyük itkilər verməsinə baxmayraq, durmadan hücuma keçmələri buna sübutdur. Bəzi mənbələrin verdiyi məlumata görə, ruslar gün ərzində 800-900 nəfər əsgər itirir. Bəlkə də bu statistika doğru deyil, amma hər halda hətta bunun yarısı da böyük göstəricidir.

Ukrayna və Rusiya arasında uzunmüddətli müharibə hər iki tərəfi taqətdən salacaq və bu da Qərbin Avrasiya ilə bağlı geostrateji marağına cavab verir. Çünki müharibə nəticəsində böyük məkanda yarana bilcək boşluğu öz siyasi və iqtisadi məqsədi naminə doldura biləcək güc Çin yox, məhz Qərb ola bilər.

Ona görə də Rusiya ilə Ukrayna arasındakı müharibənin daimi münaqişə ocağına çevrilməsi ehtimalı böyükdür. Ola bilər ki, hətta tərəflər arasında atəşkəs də elan olunsun və müvəqqəti razılaşmalara da gedilsin, lakin bundan sonrakı dövrlərdə Rusiyanın qərb sərhədlərində dinclik və sabitlik olmayacaq və münaqişə zaman-zaman yenidən alovlanacaq. Müharibə uzandıqca itkilər çoxalacaq, bu isə Ukrayna üçün təhlükə deməkdir, ancaq sonrakı mərhələlərdə Kiyev müdafiə taktikasını tutsa və Rusiya ərazi zəbt etməyə girişsə, insan resursunun yetərincə olmasına baxmayraq, Moskva əsgər çatışmazlığı ilə qarşılaşa bilər. Çünki hələ ki, müharibədə ölənlərin əksəriyyəti mərkəzdən uzaq regionlardandır. Ancaq belə getsə, mərkəzi rayonlardan da xeyli sayda döyüşçü aparmağa başlayacaqlar. Digər tərəfdən müharibə uzandıqca Rusiyaya zərbələr içəridən vurulacaq və ölkə daxilindəki strateji obyektlərdə diversiya aktları artacaq.

Vaqif NƏSİBOV

“AzPolitika.info”
 
Ardını oxu...
Böhranı necə aradan qaldırmaq olar?

Azərbaycanda heç vaxt böyük miqdarda içməli su ehtiyatı olmayıb. Amma son illərdə vəziyyət daha da pisləşib və proqnozlara görə, ağırlaşma artacaq. 2025-ci ilə qədər ölkəmiz adambaşına ən aşağı su ehtiyatına malik 13 ölkə sırasına daxil ola bilər. Bu barədə Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun birgə hazırladığı “Azərbaycanda DİM-lərin maliyyələşdirilməsi” hesabatında deyilir.

Bu problem niyə baş verir və vəziyyətin kritik həddə çatmaması üçün nə etmək lazımdır?

“Dayanıqlı Qafqaz” təşkilatının Azərbaycan üzrə nümayəndəsi Fuad Bağırov AYNA-ya açıqlamasında deyib ki, bu yaxınlarda onlar milli təşəbbüs qrupunun iclasını keçiriblər və orada ölkədə mümkün içməli su çatışmazlığı problemləri müzakirə olunub: “Digər mühüm məqam Azərbaycanda qrunt sularının vəziyyəti, qrunt sularının içməyə nə dərəcədə uyğun olmasıdır. Əsrimizdə su təhlükəsizliyi hər bir ölkə üçün strateji əhəmiyyət kəsb edib. Və bir çox sahələr, o cümlədən enerji, qida və nəqliyyat onun nə dərəcədə uğurla həll olunmasından asılıdır”.

“Ölkəmizdə həqiqətən də içməli su qıtlığı təhlükəsi var. Beynəlxalq ekspertlərin hesablamalarına görə, 2025-ci ildə Azərbaycanda adambaşına düşən su ehtiyatı minimal olacaq (~972 m3/il). Bundan əlavə, ölkənin coğrafi mövqeyi iqlim dəyişikliyinə həssasdır. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin iqlim dəyişikliyi ilə bağlı hesabatında Azərbaycanın adı iqlim dəyişikliyindən ən çox təsirlənən 39 ölkə arasında yer alıb. Proqnozlara görə, havanın temperaturu 2-3ºC artacaq ki, bu da yaxın 50 ildə həm axar, həm də yeraltı suların tədarükünü 15% azalda bilər”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, ölkəmiz kifayət qədər məhdud su ehtiyatlarına, o cümlədən transsərhəd çayların çirklənməsi probleminə malikdir: “Region dövlətlərinin transsərhəd sulardan asılılıq səviyyəsi Azərbaycan üçün 76,6%, Ermənistan üçün 11,7%, Gürcüstan üçün 8,2% təşkil edir. Həm də suvarma sisteminin zəif olması səbəbindən kənd təsərrüfatında böyük su itkiləri var”.

Bağırov 2017-2035-ci illər üçün su ehtiyatlarının kompleks idarə edilməsi üzrə Azərbaycan Respublikasının su strategiyasının hazırlanmasını xatırladıb: “Onun məqsədi ölkənin davamlı sosial-iqtisadi inkişafını, habelə su təhlükəsizliyini təmin etməkdən ibarətdir, su təsərrüfatı kompleksinin inkişafını, su obyektlərinin mühafizəsini, əhalinin və ərazilərin suyun zərərli təsirindən qorunmasını, o cümlədən ölkənin su ehtiyatları sahəsində rəqabət üstünlüklərinin formalaşdırılması və həyata keçirilməsini nəzərdə tutur. Bunların təhsilə sərmayə qoyuluşu və su sektorunda yeni texnologiyaların tətbiqi, tullantı sularının təmizlənməsi və kanalizasiya sistemlərinin yaxşılaşdırılmasına kapital qoyuluşunun artırılması hesabına həyata keçirilməsi planlaşdırlır”.

“Bu, ilk baxışdan yaxşı səslənir, əsas odur ki, icra səviyyəsi bizi ruhdan salmasın. Hələlik bu istiqamətdə xeyli işləmək lazımdır. Həll edilməli olan başqa problem də var. Əkinlər tez-tez fosfor gübrələri ilə gübrələnir və bu, uzun müddət istifadəsi ilə torpaqda fosforun yığılmasına səbəb olur. Qrunt sularında həddindən artıq miqdarda elementin göllər və çaylar kimi səth sularına sızmasına gətirib çıxara və şirin su mənbələrini çirkləndirə bilər. İçməli suda fosforun olması kimyəvi maddələrlə reaksiyaya girərək əlavə zərərli dizenteriya məhsulları əmələ gətirə bilər. Və belə su içmək böyrək xəstəliklərinə və digər sağlamlıq problemlərinə səbəb ola bilər”, - deyə təşkilat nümayəndəsi vurğulayıb.

Ekoloq Əliheydər Məmmədov mövzuya dair AYNA-ya şərhində xatırladıb ki, Azərbaycan ərazisindən üç böyük çay - Kür, Araz və Samur çayları keçir: “Onlar həmişə ölkəni kifayət qədər su ilə təmin edib. Bundan əlavə, Azərbaycanın şimalındakı bütün dağlıq rayonlar çaylardan su alırdı. Böyük çaylara tökülən dağ çaylarını qorumaq lazımdır. Bir çox kiçik çaylar yoxa çıxır. Mövcud su birdən hara getdi? Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi öz mənfi töhfəsini verdi”.

“İqlim dəyişikliyinə gəlincə, mənim bu məsələdə öz fikrim var. Belə dəyişikliklər 20-50 ildən sonra baş vermir və indi baş verənlər normal təbii prosesdir. O, hər an orada olub”, - deyə həmsöhbətimiz söyləyib.

Müəllif: Elya Belskaya
 
Ardını oxu...
Azərbaycanda bir qrup ekspertin fikrincə, əslində Ermənistanla Rusiya oyun oynayırlar, aralarındakı gərgin münasibətlər oyunun bir hissəsidir. Bu qrupun qənaətinə görə, Qərbin sanksiyaları altında olan Rusiya ona lazım olan texnoloji avadanlıqları Ermənistan üzərindən əldə edir və bu hər iki dövlətin maraqlarına xidmət edir, Rusiya texnologiyalara yiyələnir, Ermənistan isə pul qazanır. Qərbin bu sövdələşmədən şübhəsi olmaması üçün Ermənistanın guya Rusiyanın regional siyasətindən narazı qaldığı görüntüsü yaradılır. Belə bir sualı da gündəmə gətirirlər: Kreml Nikol Paşinyandan bu qədər narazıdırsa, indiyənə qədər niyə onu cəzalandırmayıb, axı əlində kifayət qədər alətləri var? Bu yanaşmanı tam bölüşməsəm də, baş nazir Nikol Paşinyanın bir ayağı ilə Qərbdə olduğu, digər ayağını isə Rusiyadan çəkmədiyini düşünürəm. Statistikaya görə, Ukraynaya qarşı işğalçı müharibə başladıqdan sonra Ermənistanla Rusiya arasında idxal-ixrac əməliyyatları şübhəli şəkildə artıb. Bu da onunla əlaqələndirir ki, Ermənistan Rusiyaya lazım olan texnologiyaları Qərbdən alaraq Moskvaya ötürür. Buna baxmayaraq, Rusiyanın “Yuxarı Lars” sərhəd keçid məntəqəsində Ermənistana aid kənd təssərrüfatı məhsullarının keçidinə imkan verməməsi oyun deyil, reallıqdır.
Maraqlıdır ki, bir qrup erməni eksperti oxşar sözləri Azərbaycan-ABŞ münasibətləri haqqında deyir. Guya Azərbaycan-ABŞ gərgin münasibətləri də oyundur, məqsəd Rusiyanın Qərblə yaxınlaşan Ermənistana təzyiqini artırması və İrəvanın Kremllə münasibətlərin gərginləşməsinə nail olmaqdır. Erməni eskeprtləri bunun həm ABŞ-ın, həm də Azərbaycanın maraqlarına cavab verdiyini iddia edirlər. Həqiqət bundan ibarətdir ki, Vaşinqton Azərbaycanla bağlı xarici siyasətini korrektə etməlidir, iki dövlət arasında təhlükəsizlik və enerji sahəsində illərin əməkdaşlığı mövcuddur. Bu oyun deyil, reallıqdır.
Elxan Şahinoğlu
Teref. Xocanın Blogu
 
Ardını oxu...
Şimali Makedoniyanın paytaxtı Skopyedə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclası öz işinə başlayıb. Hər il dekabrın əvvəlində ATƏT-ə həmin müddətə rəhbərlik edən ölkəsində nazirlərin sammiti keçirilir. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Skopyedə artıq ikitərəfli görüşlərə başlayaraq ABŞ dövlət katibi Entoni Blinkenə və Böyük Britaniyanın xarici işlər naziri Devid Kemerona Azərbaycandan şikayət edib, “etnik təmizləmə”dən, “Bakının qeyri-konstruktiv” yanaşmasından danışıb. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da bu gündən Skopyedə görüşlərə başlayacaq.
İrəvanın məqsədi Qərb ölkələrinin Azərbaycanla münasibətlərini daha da gərginləşdirməkdir. Ararat Mirzoyannın Skopyedəki görüşlərinin məqsədi də budur. Fransa ilə məsələ aydındır, ancaq digər Qərb ölkələri ilə təmasları intensivləşdirməyə və izahat işini gücləndirməyə ehtiyac var.
Elxan Şahinoğlu
Teref. Xocanın Blogu
 
Ardını oxu...
Vaşinqtonun Bakı qarşısında geri çəkilməsi ABŞ-ın yeni layihəsi və sülh sazişinə dair təkliflərinin qəbul edilməsi planından qaynaqlanır. ABŞ-da anladılar ki, Azərbaycanı təzyiqlə razı sala bilməyəcəklər və Blinkenin zəngi ilə “təmas strategiyasına” qayıdırlar. Bu təklifləri Bakıya Blinkenin Əliyevdən səfərinə icazə verilməsini istədiyi Ceyms Obrayn gətirəcək.
Vaşinqtonun planının nədən ibarət olduğunu Obraynın açıqlamasından müəyyən etmək mümkündür: ABŞ Mərkəzi Asiyadan başlayan, Azərbaycan, Ermənistan və Türkiyədən keçərək, Avropaya çıxan ticarət yolunu təklif edir və bununla Orta dəhlizi (Çindən başlanan, Mərkəzi Asiyadan keçərək, Azərbaycana çatan, buradan Türkiyə üzərindən Avropaya çıxan) nəzarətə götürmək istəyir:
- Dəhlizin başlanğıcını Mərkəzi Asiyadan götürməklə Çini kənarlaşdırır;
- Marşrutun Ermənistan halqasında kommunikasiyanın suverenlik prinsipi ilə açılmasını dəstəkləyir və bununla Zəngəzur dəhlizi layihəsini sıradan çıxarır;
- Zəngəzurdan keçəcək yolun suverenlik prinsipinə əsasən açılması ilə Rusiyadan burada nəzarət imkanını əlindən alır;
Cənubi Qafqazda Moskvaya qarşı görünən bu planın əsas hədəfi Pekindir və Vaşinqton Mərkəzi Asiyadan Avropaya çıxan marşrutla həm də Çinin sərhədinə qədər təsir imkanlarını genişləndirməyi planlaşdırır. Vaşinqton buna nail ola bilməsə - Orta dəhliz Pekinin planına uyğun reallaşarsa, bu Çinin qlobal sistemdə ikinci qütb olması, eyni zamanda, ABŞ-ın Avropa üzərindəki təsirinin azalması ilə nəticələnə bilər.
Bu planda Vaşinqton üçün Azərbaycan və Türkiyə açar ölkələr, Bakı və İrəvanın Moskvanın çətirindən kənarda sülh müqaviləsi imzalaması əsas vasitədir: Obrayn Bakıda Azərbaycan rəhbərliyini bu layihəyə və sülh danışıqlarının Qərb platformasında aparılmasına inandırmağa çalışacaq;
Ermənistan parlamentinin spikeri Alen Simonyanın “15 gün ərzində Azərbaycanla sülh sazişi imzalana bilər” açıqlaması da bununla bağlıdır. İrəvanda hesab edirlər ki, ABŞ Azərbaycanı razı salacaq və sülh müqaviləsinin ermənilərin istəyinə uyğun imzalanmasına nail olacaqlar.
- Kommunikasiyalar suverenlik prinsipi ilə açılacaq;
- Delimitasiya prosesində işğal altındakı 8 kəndin qaytarılması sual altına düşəcək;
- Və Bakıdan “Qarabağ ermənilərinin hüquqlarının” təmin edilməsini də istəyə bilərlər;
Azərbaycan bunu istəmir, mövcud vəziyyətdə gözləmək və proseslərin inkişafını görmək daha məqsədəuyğundur, xüsusilə ABŞ-Avropa-Rusiya-Çin qarşıdurmasında tərəf və meydan olmamaq baxımından. Bu situasiya isə kənar təzyiqləri gücləndirir. Məlumdur ki, Bakı Vaşinqtonun layihəsini qəbul etməcəyi təqdirdə, ABŞ yenidən təzyiq siyasətinə keçə bilər. Lakin burada önəmli bir məqam var: Azərbaycan və Türkiyəni açar ölkə olaraq görən ABŞ planını yerinə yetirmək istəyirsə, sülh sazişində Bakının tələblərini prioritet olaraq görməli, razı olması üçün İrəvana təzyiq etməlidir;
Azərbaycan həm təzyiqlərdən yayınmaq, həm də proseslərin inkişafını görə bilmək üçün Ermənistan qarşısında maksimum tələblər qoya və ABŞ-dan bunun təmin edilməsini istəyə bilər.
Asif Nerimanli
Teref. Xocanın Blogu
 
v
”Deməli, Azərbaycanda bir şəbəkə var (məhkəmə qərarı olmadığı üçün cinayətkar olub-olmadıqlarını deyə bilmərəm), müxtəlif ünvanlarda əcaib adlarla minlərlə şirkət qeydiyyata aldırıb.
Bu şirkətlərin əksəriyyətinin nə işlə məşğul olduqları bilinmir, amma qısa müddətdən sonra yaranan vergi borclarından belə başa düşülür ki, “böyük işlər” görürlər. Bəziləri isə dövlət satınalmalarında (tenderlərdə) qalib olurlar”.

Gununsesi.info bildirir ki, bunu araşdırmaçı Allahverdi Aydın üzə çıxarıb.

Onun yazdığına görə, bu ilin aprel-sentyabr aylarında (6 ay ərzində) həmin ünvanlardan birində – “Nizami rayonu, Məşədi Hilal Kazımov ev 40 m. 40”-da 213 şirkət qeydiyyata alınıb: “Bu ünvanda daha əvvəl də yüzlərlə şirkət qeydiyyata alınıb (fotolar rəydə).
Bu şirkətlərlə bağlı bəzi maraqlı və diqqət çəkən məqamlar:
– Həmin şirkətlərdən 3-nə Eminov Məhəmmədiyə Xəlil oğlu, 3-nə isə onun oğlu Eminov Eşqin Məhəmmədiyə oğlu “rəhbərlik edir”. Məhəmmədiyə Eminov 2017-ci ildə həyətində narkotik bitkilər əkdiyi üçün saxlanılıb (link rəydə).
– Məlikov Zamin Nəzərəli oğlu adlı başqa bir şəxs də 3 şirkətə “rəhbərlik edir” və bu şəxs də 2017-ci ildə oğurluq etdiyinə görə saxlanılıb (link rəydə).
– Başqa bir şəxs – Əfkari Eldar Məhərrəm oğlu da 3 şirkətə “rəhbərlik edir”. Amma, bu şəxs şirkətlər qeydiyyatdan keçəndə (08.05.2023) artıq həyatda olmayıb. Əfkari Eldarın meyiti 4 gün əvvəl (04.05.2023) evində asılmış vəziyyətdə taplıb (link rəydə).
Deyə bilərsiniz ki, keçmişdə oğru və narkoman olanların (ölülər istisnadır) şirkət rəhbəri olmasında qanunsuz nə var ki?
Məsələ burasındadır ki, həmin şəxslərin bir-çoxu adına şirkət açıldığından xəbəri olmur.
– Məsələn, Stanislav Yakushev adlı bir vətəndaş var. İnternat evində böyüyüb. Həbsdə olub. Bu şəbəkə onun da adına şirkətlər açıb və indi 1,5 milyon manat vergi borcu var (foto rəydə).
– Başqa bir şəxs Astara sakini Zaur Məhərrəm oğlu Sovqatov mətbuata açıqlama verib və bildirib ki, onun xəbəri olmadan adına 5 şirkət açılıb və vergi borcu yaranıb. Açıqlamadan 5 gün sonra meyitini meşədə asılmış vəziyyətdə tapıblar (link rəydə).
Bu cür onlarla, yüzlərlə nümunə var. Sosial şəbəkələrdə, mətbuatda istədiyiniz qədər məlumat tapa bilərsiniz.
İndi əsas sual budur ki, bu şirkətlər barəsində ortada bu qədər açıq şübhəli məqamlar olduğu halda niyə heç bir tədbir görülmür?”

Ekspert daha sonra sual edir:

Məni ən çox maraqladıran isə bu şirkətlərə kimin ad qoyduğudur. Minlərlə adı qoymaq üçün hansı alqoritmadan, hansı kompyuter proqramından istifadə edir, adların bir mənası varmı, yoxsa çinlilər kimi qab-qacağı yerə atır, çıxan səslərə uyğun ad qoyur…
Ardını oxu...
 
 
 

Ardını oxu...
ABŞ dövlət katibi Entoni Blinken köməkçisi Ceyms O`Braynın noyabrın 15-də Nümayəndələr Palatasının alt komitəsinin dinləmələrində Azərbaycan əleyhinə söylədiyi fikirlərin iki ölkə arasındakı münasibətlərə necə böyük zərbə vurduğunu anladığından prezident İlham Əliyevə zəng edib. Bu zəngə ehtiyac var idi, əks halda münasibətlər gərginləşməkdə davam edəcəkdi ki, bu nə ABŞ-ın, nə də Azərbaycanın maraqlarına cavab verir. Ceyms O`Braynın çıxışı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda planlaşdırılan görüşün ləğvinə və rəsmi Bakının ABŞ-ın vasitəçiliyindən fakitiki imtinasına səbəb oldu. Böyük ehtimalla Ceyms O`Brayn Konqresdəki çıxışının qırmızı çizgiləri aşdığını anladığından bundan bir neçə gün sonra Azərbaycanın ABŞ-dakı səfiri ilə görüşməyə qərar verib. Ceyms O`Brayn dekabrda Azərbaycana səfəri zamanı elə açıqlamalar verməlidir ki, münasibətləri əvvəkli axarına qaytara bilsin. Hər halda Ceyms O`Brayn və digər amerikalı diplomatlar Azərbaycanla bağlı açıqlamalarında dövlət katibi Entoni Blinkenin təlimatlarından kənara çıxmamalıdırlar. Blinkenin özü açıqlamalarında Azərbaycanla Ermənistan arasında balansı qorumağa çalışır. ABŞ dünyanın əsas güclərindən biridir, təhlükəsizlik və enerji sahəsində illərin əməkdaşlığımız var, bu ölkə ilə münasibətlərin normallaşmasına ehtiyac var. Öz növbəsində Vaşinqton Cənubi Qafqaz siyasətində Parisin səhvlərini təkrarlamamalıdır. Gözlənti bundan ibarətdir.

Müəllif: Elxan Şahinoğlu
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)
 

Dünyapress TV

Xəbər lenti