Ardını oxu...
2023-cü il məmləkətimiz üçün tarixi bir il oldu, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası məhtəşəm bir hadisədir, Rus və Sovet İmperiyasının basdırdığı separatizm və etnik münaqişələr “minasını” təmizləyə bilən yeganə ölkə Azərbaycan oldu – qürurverici hadisədir. Məmləkətimizin qarşısında olan ən ağır problemi həll etdik, bundan sonra indiki və gələcəkdə qurulacaq hökumətlər heç vaxt bu problemin kölgəsində gizlənib ölkənin fundamental sorunlarını həll etməkdən qaça bilməyəcəklər.
2024-cü il, gözləntilər:
1) Azərbaycan - Azərbaycan və Ermənistan arasında sülh sazişi, və ya sazişin onurğasını təşkil edən müxtəlif protokollar imzalanacaq, bu da bölgəmizdə dayanıqlı sülhün təməlini yaradacaq. Prezident seçkilərindən sonra hökumətin tərkibi ciddi dəyişəcək, amma bu siyasətinin də dəyişməsi anlamına gəlməsi üçün problemləri dürüstcəsinə etiraf edib sistemli dəyişikliklərə getməlidirlər. Çox güman, referendum, ardından da növbədənkənar parlament seçkiləri olacaq, Milli Məclisin indiki tərkibinin, ən azı, yarısı növbəti seçiləcək parlamentdə, çox güman, olmayacaq. Məmləkətin təməl sorunu iqtisadiyyatdır, bu məsələnin həlli yolu isə siyasi və hüquqi müstəvidədir, idarəetmənin təkmilləşdirilməsindədir.
Hə, onu da deyim ki, gələn il manatın devalvasiyası olmayacaq, amma bu mütləq gələcək illərdə baş verəcək, hökumət, iqtisadi sistem isə buna hazır deyil, heç hazırlaşmırlar da,
2) Rusiya-Ukrayna münaqişəsi – Çox güman, gələn il müharibə “dondurulacaq”, sonra hansısa beynəlxalq danışıq qrupu yaradılacaq, mənasız və məzmunsuz danışıqlar sürəci başlayacaq. Ukrayna öz torpaqlarının itirilməsi ilə de-jure barışıb hansısa sənədə imza atmasa da, de-facto barışıb yaşamağa çalışacaq, amma Zelenski və komandasının siyasi səhnədə qalması çox böyük problem kimi görünür,
3) Avropa Birliyi – İllərdir xəbərdarlıq etdiyimiz kimi (hansılar ki, gerçəkləşdi), AB ölkələrinda aşırı sağ-millətçi siyasi qruplar güclənməkdə davam edəcəklər, gələn il AB Parlamentinə və bəzi ölkələrdə baş tutacaq seçki sürəclərini öndə bitirəcəklər. AB ölkələrində siyasi elita dəyişiklikləri başlayacaq, amma, təəssüf ki, yeni iddialı olan siyasi qruplarda da ciddi liderlik keyfiyyəti olan siyasətçilər azdır. Səbəbi çox sadədir – son 20 ildə Qərbdə siyasətin önəmi, pristiji və maddi qazancı azaldı, yaxşı oxuyan, bilikli, bacarıqlı insanlar böyük biznesə üstünlük verdilər, şirkətlərdə işləməyə can atdılar, çünki böyük korparasiyalarda, maaşlar-bonuslar yüksək, daha sərbəst iş qrafiki və medianın, ictimayyətin nəzarətindən kənar yaşamaq imkanı var,
4) ABŞ – Amerika dünyada itirməkdə olduğu yerini qaytarmağa, liderlik funksiyası bərpa etməyə çalışmalıdır. Demokratlar Partiyası bu işi bacarmadı, seçkilərdə Respublikaçıların qalib olması şansı yüksəkdir, əgər bu baş versə, ABŞ-ın dünya siyasətində dəngəyaradan rolu bərpa oluna bilər ki, bu da zatən qaçılmaz olan qlobal dünyadan fraqmental dünyaya keçidi daha rəvan və məntiqli edə, hətta müharibə və münaqişələri səngidə bilər,
5) Dünya İqtisadiyyatı – Dünya iqtisadiyyatı ağır “xəstədir”, 2008-ci ildə başlanan böhran aradan qaldırılmadı, iqtisadi “yanğın” problemlərin sistemli həlli ilə deyil də, ancaq pul çap etməklə “söndürüldü”. Bir anlıq əsl yanğın təsəvvür edin – çoxotaqlı evin, məsələn, 2 otağı yanır, yanğınsöndürənlər su, köpük, qum və s. vasitələrlə yanğını söndürməyə çalışırlar, həmin yanan 2 otaqda yanğın söndürülsə də, su, köpük, qum və s. yanğını söhdürmək üçün istifadə edilənlər digər otaqlara yanğından çox ziyan vurur – 2008-də məhz bu baş verdi, lokal yanğın “söndürüldü”, amma qlobal iqtisadiyyatda “şarlar” yarandı. Sonra 2020-ci ildə “pandemiya” adlanan sürəci bacarıqsız, hətta insanlıq adına rəzalətlə idarə etdilər, nəticədə dünya iqtisadiyyatına əlavə olaraq 18 trilyon dollar pul axıtdılar, bu dəfə də “yanğını” bərbad üsullarla “söndürdülər”, nəticədə “şarlar” daha da şişdi, partlamağa hazır hala gəldi.
Dünya ölkələrinin borcu 310 trilyon dollardır ki, bu da dünya ÜDM-nin 336%-i təşkil edir – heç vaxt belə təhlükəli vəziyyət olmayıb. Açığı, bu vəziyyətdən ağrısız çıxış yolu yoxdur, dünyada ölkələr, şirkətlər və insanlar bankrot olacaqlar.
Dünya ölkələri təməl problemləri həll etməkdənsə mifik prorlemlər uydururlar, bunlardan biri də “iqlim dəyişiklikləri” adı altında insnların başını qatmaqdır. Dünyada ciddi ekoloji problemlər var, insan övladı təbiətlə orqanik yaşamağı, ziyan vurmamağı öyrənməlidir, amma bu vacib məsələni “iqlim dəyişiklikləri” kimi təqdim edərək əsl problemlərdən qaçırlar – bəşəriyyət tarixində iqlim dəyişiklikləri olub, var, olacaq da, Planetin özünü tənzimləmə alətləri var, bunlar işə düşür və problemlər pereodik hal alır. Dünyada insan çox az yaşayanda da qlobal istiləşmə, qlobal buzlaşma olub-olacaq. İnsan övladı təbiəti qorumalı, resurslardan ağılla istifadə etməlidir – bu vacibdir, amma qlobal iqlim dəyişiklikləri adı altında ölkələri, insanları yeni qapanmalara, “gettolara” hazırlamaq cinayətdir. Bir çoxları elə bilirlər ki, məsələn, eloktromobili cərəyana qoşub sürüsən, bununla da iqlim dəyişikliklərinə mane olursan – amma, anlamırlar ki, məsələn, Teslanın 20 batareyası var, onlardan birini istehsal etmək üçün 11-12 element, həmin elementləri əldə etmək üçün isə 560 m2 yer-mədən qazılmalı, həmin elementlər sonra su istifadə edilməklə istehsal olunmalıdır. İndi özünüz hesablayın 1 elektromobil üçün nə qədər yer səthi qazılır, nə qədər ekologiyaya ziyan vurulur. Hələ mən həmin maşını elektriklə təmin etmək üçün enerjinin alınması zamanı baş verən ekologiyaya ziyan vuracaq proseslərdən heç danışmadım. Eyni məsələ günəş panelləri və külək stansiyalarının istehsalı da aiddir, hələ bunların, o cümlədən avtomobil batareyalarının utilizasiya problemini, bu sahələrin ancaq subsidiyalarla ayaqda qalmasının mümkün olduğunu məsələsini də işin içinə qatanda planetə vurulan ziyanın mənzərəsi tam fərqli olur...
Axşam saatlarında pozitiv notlarla hamınızı təbrik edəcəm, nə qədər ki, hələ süfrələr qurulmayıb, başlar dumanlanmayıb, istədim ki, bir az sizi düşündürüm...
Natig Jafarli
Teref: Xocanın Blogu
 
Ardını oxu...
Putin müharibənin taleyinin ABŞ-nin əlində olduğunu yaxşı başa düşür

Rusiya ilə Ukrayna arasındakı müharibənin 22 aydır davam etməsinə baxmayaraq, hələ də heç kim bu qarşıdurmanın gələcəyi barəsində qəti fikir söyləyə bilmir. Cəbhədə böyük dönüş yarada biləcək çapda hadisələr baş verməsə də, hər iki tərəfdən canlı qüvvə itkisi artır.

Qeyd edək ki, bu zaman Ukrayna ilə müqayisədə Rusiyanın canlı qüvvəsinin “əriməsi” prosesi daha sürətlə gedir. Ruslar yerlə yeksan olmuş şəhər tipli kiçik Maryinka qəsəbəsinin alınmasını sevinclə qeyd etsələr də bu, müharibənin gedişinə təsir göstərən hadisə sayıla bilməz.

Digər tərəfdən, Ukrayna Silahlı Qüvvələrinin aktiv fəaliyyəti nəticəsində son bir neçə gündə Rusiyanın ən müasir 4 ədəd “Su-34” və bir ədəd “Su-30” qırıcı bombardmançı təyyarəsi, eləcə də Feodosiya limanındakı “Novoçerkassk” böyük desant gəmisi məhv edilib. Bu cür bahalı və məhdud sayda olan texnikaların məhv edilməsi Rusiya ordusu üçün böyük itkidir.

Bəs, bu münaqişənin gələcəyi necə olacaq? Bununla bağlı yalnız onu demək olar ki, bu müharibədə Qərbin rolu həlledicidir. Qərbin siyasi və hərbi isteblişmentinin liderləri Rusiyaya qarşı sərt addımlar atacaqlarını və Ukraynanı dəstəkləyəcəklərini söyləsələr də son aylar bu istiqamətdə tərəddüdlü davranırlar. Bunu nəzərə alanda münaqişənin dərinliyində başqa mətləblərin yatdığı aydınlaşır.

Böyük geostrateji çəkişməyə cəlb olunmuş Rusiya Ukrayna “problemi”ni həll etməyi özü üçün həyati vacib məsələ sayır.

Kremldən təlimat alan təbliğatçılar korpusunun uzun illər ərzində Ukrayna əleyhinə apardıqları qarayaxma, yalan və ekstremist çıxşlarına əsasən belə nəticə çıxarmaq olar ki, Rusiya rəhbərliyinin hazırkı strateji planı heç də 18-ci əsrdəki imperiya modelindən uzağa getmir.

Əlbəttə, iqtisadi-siyasi və mədəni baxımdan Rusiya ilə Ukraynanın vahid geosiyasi məkan təşkil etməsi məntiqlə rasional görünür. Amma qəribədir ki, ixtiyarında böyük maliyyə və kəşfiyyat resursları olan Rusiya Ukraynaya qarşı daim arxaik və müasir dövrlə ayaqlaşmayan üsullardan istifadə edib. 2014-cü ildə devrilən Viktor Yanukoviç Rusiyaya arxalanırdı və ölkəni Putin kimi idarə etməyə çalışırdı. Rusiya isə öz növbəsində Ukraynada özünə bənzər idarəetmə modelinin qurulmasının tərəfdarı idi. Artıq buradan bəlli idi ki, seçkilərdə mental baxımdan ikiyə bölünmüş Ukrayna mütləq Avropaya tərəf meyylənəcək.

Boris Yeltsin dönəmində neftin qiyməti aşağı olduğundan Rusiya “yaxın xaric” adlandırılan qonşularına münasibətdə aqressivlik göstərsə də, digərləri ilə müqayisədə daha güclü olan Ukraynaya qarşı sakit davranırdı. Həm də ki, 1994-cü ildə imzalanmış Budapeşt memorandumuna əsasən Ukrayna təhlükəsizliyinin təminatı müqabilində öz ərazilərindəki nüvə silahlarını çıxarıb Rusiyaya vermişdi.

Vladimir Putin hakimiyyətə gələndən sonra karbohidrogenlərin qiyməti yüksəldi, nəticədə Rusiya köhnə əyyamları yeni varinatda geri qaytarmaq arzusuna düşdü.

Bir çox hallarda Rusiyanın apardığı siyasəti əsasən Prezident Vladimir Putinlə bağlayırlar. Lakin unutmayaq ki, Rusiyanın genişlənmək, böyümək, yaxın ölkələri nəzarətdə saxlmaq siyasəti elə hər zaman olub. Bu, Rusiyadakı millətçilərin, imperiyaçıların xəstə təxəyyüllərindən heç zaman silinməyib.

Sadəcə, Putin indiki siyasəti ilə bir müddət yatmış olan bu meylləri həvəsləndirib, şirnikləndirib. Məsələn, rus şovinistlərinin bariz nümayəndələrindən biri olan “Ədalətli Rusiya” partiyasının həmsədri və Ukraynaya qarşı müharibənin qatı tərəfdarı olan yazıçı Zaxar Prilepin postsovet məkanındakı ərazilərin Rusiyaya birləşdirilməsini təklif edib. O, deyib ki, Rusiyanın Kiyevdə parad keçirməsindən sonra Avrasiyada Rusiyaya heç kim, heç nəyi qadağan edə bilməz. Rusiyada Prilepin kimi düşünənlərin sayı az deyil.

Rusiyanın apardığı geosiyasətin mahiyyəti yalnız zahiri olaraq dəyişib, əlverişli fürsət yaranan kimi onun imperiya xarakteri özünü açıq təzahür etdirir. Kreml tam mənası ilə hələ də anlamır ki, dünya artıq 100 il bundan öncəki ilə müqayisədə xeyli dəyişikliyə uğrayıb. İndi Rusiya zor gücü ilə Ukraynanın torpaqlarını zəbt etmək və onu özünə tabe etdirməyə çalışır. Bunun üçün müharibəni ən düzgün vasitə hesab edir. Ukraynanınsa arxası boş deyil və Qərb dünyası onu tam gücü ilə olmasa da maliyyə və hərbi resurslarla dəstəkləyir.

Deməli, artıq Rusiya təkcə Ukrayna ilə yox, eyni zamanda bütün parametrlərinə görə özündən dəfələrlə güclü olan NATO ilə qarşıdurmaya girişib.

Rusiya hələ NATO-nun tam və lazımi səviyyədə dəstəkləmədiyi Ukrayna ilə iki ilə yaxındır ki, döyüşməsinə baxmayaraq, heç cür strateji üstünlük qazana bilməyib.

Qəribəsi odur ki, Rusiyanın mərkəzi televiziya kanallarındakı təbliğatçılar və ştatalı analitiklər fəxrlə deyirlər ki, Rusiya Ukrayna ilə yox, ABŞ-nin rəhbərlik etdiyi NATO ilə mübarizə aparır. Lakin Vladimir Putin və onun əsabələri hər halda həqiqətin nədən ibarət olduğunu dərk edirlər və istər onlar, istərsə də ağıllı siyasi icmalçılar müharibənin gedişinin və taleyinin ABŞ-nin əlində olduğunu çox yaxşı başa düşürlər.

Bəzən Qərb analitikləri qəsdən elə təsəvvür yaratmağa çalışırlar ki, sanki indiyədək Amerikanın illərə hesablanmış strateji planı yox imiş. Putin isə əksinə, düşünlümüş hərəkət edibmiş. Şübhəsiz ki, Putin nələrisə fikirləşib və bəlkə də Rusiya ordusunu güclü bildiyi üçün Ukraynanın öhdəsindən tezliklə gələcəyini zənn edib. Həmçinin, hesablayıb ki, Rusiya Ukraynanı bir həftə ərzində “sındırsa” Qərb Kremlə qarşı daha yumşaq mövqedə dayanacaq.

Beləliklə, 2024-cü ildə kollektiv Qərbin Rusiya ilə əlaqədar hansı məqsədlər güddüyü aydınlaşacaq və müharibənin müqəddəratı da onların yekun qərarından asılı olacaq.

Döyüş meydanında insan resursuna güvənən Rusiyanı maliyyə ilgəyinə keçirmək Qərb üçün çətin problem deyil. İrəlidə Rusiyanın insan resursu da onun işinə yaramaya bilər. Çünki insan yığını hələ heç də güclü ordu mənasına gəlmir. Belə ki, Qərbdəki bir çox generallar Rusiya ordusunun qüdrətinin bir uydurma olduğunu vurğulayırlar.

Məsələn, ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı, NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin keçmiş komandanı Ceyms Stavridis deyib: ”Rusiya Ukarynada ordusunun yarısını itirib və ABŞ bunu bir hərbçisini də itirmədən və illik hərbi büdcəsinin cəmi 5 %-i hesabına bacarıb”.

Vaqif Nəsibov

“AzPolitika.info”
 
Ardını oxu...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri dekabrın 26-da başa çatıb.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Səfər barəsində “Sherg.az”a danışan politoloq Turan Rzayev bildirib ki, MDB dövlət başçılarının görüşü simvolik xarakter daşıyır:

“Tədbirdə ümumi regional məsələlər və dövlətlərarası münasibətlər müzakirə olunub. MDB bir təşkilat kimi dünya siyasi sistemində o qədərdə mühim yer tutmur. Bununla belə son illərdə Rusiyanın MDB ölkələrini ətrafında cəmləməsi və Rusiya Ukrayna müharibəsinin fəsadlarına baxmayaraq müəyyən mənada gücünü toparlamaq cəhdləri diqqət çəkir. Azərbaycan MDB təşkilatına üzvdür və digər ölkələrlə qarşılıqlı əlaqələri mövcuddur. İlham Əliyevin Sankt-Peterburqa səfərinin xüsusilə Ermənistan Azərbaycan arasında sülh prosesinin davam etdiyi və sülh müqaviləsinin imzalanması istiqamətində vacib addımların atıldığı bir dövrə təsadüf etməsi müsbət bir haldır. Çünki tədbir zamanı Nikol Paşinyanla qeyri-rəsmidə olsa görüş mümkün olub. Təbii ki, Paşinyan üçün Qərb platformalarında görüş daha rahat və təhlükəsiz xarakter daşıyır. Amma Azərbaycan üçün görüş məkanının, zamanının fərqi yoxdur. Rəsmi Bakı Ermənistan tərəfinin atacağı addımlara uyğun şəkildə mövqe nümayiş etdirilir. Əgər Ermənistan sülhə maraqlıdırsa, Azərbaycanda addımları dəstəkləyəcəkdir.Əks münasibətdə Azərbaycan tərəfindən lazimi tədbirlər görüləcəkdir. Ümumən bu görüşdən hər hansı mühim nailiyyətin əldə olunması çətindir. Lakin sülh istiqamətində müəyyən danışıqların aparılması mümkündür”.
 
Ardını oxu...
Dəfələrlə ölkə ərazisində mənşəyi məlum olmayan heyvan ətlərinin satışı ilə rastlaşmışıq. Daxili İşlər Nazirliyi və digər aidiyyəti qurumlar bu məsələ ilə bağlı qabaqlayıcı tədbirlər görür, mənşəyi məlum olmayan heyvan ətlərini satmaq istəyən şəxsləri yaxalayır, məsuliyyətə cəlb edir. Amma bəzi işbazlar hələ də ölmüş heyvan, uzunqulaq ətlərini rayonlardan yığaraq ucuz qiymətə xüsusi alverçilərə satır. Məlumata görə, həmin ətlər paytaxt ərazisindəki dönərxana və ucuz kafelərə də satılır.

Bakının "8-ci kilometr” bazarındakı ət bazarında müşahidə apardıq. Bazarın ət satışı cərgəsindəki mənzərə heç də ürəkaçan deyil, elə antisanitar şəraitdə fəaliyyət göstərən ət cərgəsində satılan ətlərin vəziyyəti də. Ətlərin harda kəsilib gətirildiyi də məlum deyil.

Ən maraqlı məsələ isə burada satılan ətlərin qiymətidir. Məlumdur ki, 1 ildən çoxdur ölkədə mal ətinin qiyməti 14-15 manat arasıdır. Sümüksüz mal ətinin qiyməti isə 16-18 manatdan ucuz deyil. "8-ci kilometr” bazarında isə rast gəldiyimiz qiymətlər adamı diksindirir.

Ət satılan ilk piştaxtaya yaxınlaşanda satıcı dərhal qarşımı kəsərək, "əmoğlu, bir dənə ətə bax, kişmişdi e...” dedi və piştaxtanın üstündən sallanan ətləri yelləməyə başladı: "Bir saatdı kəsmişəm, hələ buxarı üstündədir. Gəl bura, elə qiymət deyəcəm ki, başqasına baxmayacaqsan. 90 kiloluq danadır, rayon heyvanı, yağlı. Nəyə istəyirsən and içim, bazarda belə ət tapa bilmərsən. Təmiz yağdı, öz yağında bişəcək”.

Satıcının dediyi "kişmiş ət”in rəngi sapsarı idi. Satıcı elə qiymət dedi ki, həqiqətən də inanmırsan ki, bazarda o qiymətə ət ola: "Bax, səhər 9 manata satdığım ətdi, sənə 8 manata verəcəm. Ətə söhbət yoxdu, körpə danadı. Neçə kilo çəkim?”
Ətraflı

Satıcının bu "endirim” qiymətindən sonra dərhal başqa piştaxtaya yaxınlaşmaq istəyəndə bu dəfə 55-60 yaşlı kişi yolumuzu kəsir. Bu satıcı da bəndənizi öz piştaxtasına çəkərək "bazarın ən ucuz əti məndədir” deyib reklama başladı: "Bərdə heyvanıdır. Mən başqa yerdən heyvan almıram, özüm gətirib kəsirəm, tanıdığım adamın fermasındandı. Bir dəfə ət alsan, həmişə məndən alacaqsan, başqa yerə getməyəcəksən. Nömrəmi də verirəm, pis ət olsa zəng edərsən. Sümüyü də maksimum çıxarmışam”.

Bu satıcıdan da ətin qiymətini soruşuram. Qiymət dəyişmir. Dediyinə görə, səhər ətin kiloqramını 9 manata satıb, indi isə 8 manata qədər "endirim” edəcək.

Satıcıdan belə ucuz qiymətin səbəbini soruşanda isə cavabı bu oldu: "Bilirəm, qiyməti ucuz olduğuna görə almaq istəmirsən. Hər yerdə ətin qiyməti 14-15 manatdı. Mən özüm gətirirəm heyvanı, ona görə ucuz satıram. Əhalini nəzərə almaq lazımdı. Camaatda pul yoxdu, ona görə ucuz satıram. Həm də bizim bazarda hamı ucuz satır deyə, rəqabət var”.

Qarşıma çıxan daha bir piştaxtada müştəri axtarmayan satıcıya yaxınlaşıb onda satdığı ətin qiymətini soruşuram. Satıcı ağızucu "10 manat 50 qəpik” deyib yenə işinə davam edir. Niyə bu ətin qiymətinin digərlərindən baha olduğunu soruşanda isə satıcı "demək ki fərq var ətdə” dedi. Onu da dedi ki, ucuz olan ətlər hamısı qoca inəklərdir: "Mən isə rayondan cavan danalar gətirirəm, baha satıram. Ətin fərqinə də bax, göz qabağındadır”.

Qeyd edim ki, bütün piştaxtalardakı ətlərin üzərində baytarlıq möhürü var. Maraqlı məqam odur ki, həmin ətlərin sağlam kəsim olmasını hansı baytarlıq labaratoriyası təstiqləyir, necə təstiqləyir və hansı əsasla möhür vurur? Kiloqramı 8 manata satılan ətin hansı keyfiyyətindən danışmaq olar? Şəhərin ən tanınmış ticarət mərkəzlərindən olan bu bazarda bu cür şəraitə göz yumanlar hansı məqsədi güdür?//qaynarinfo
 
Ardını oxu...
Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Sankt-Peterburqa səfər edib. Bu, Rusiyaya üçtərəfli görüşün keçirilməsi fürsəti verir. Hətta üçtərəfli formatda görüş rəsmi şəkildə baş tutmasa belə, Putinin Əliyev və Paşinyanla sülh sazişi üzərində müəyyən müzakirələr aparacağı mümkündür.
Lakin Rusiyanın hazırda tərəflərlə nəyi müzakirə edə biləcəyi sual altındadır. Moskvanın sülh sazişində vasitəçiliyini şərtləndirəcək iki məsələ mövcuddur:
- sərhədin delimitasiyası: sovet xəritələri Rusiya Baş Qərargahındadır;
- kommunikasiyanın açılması: Azərbaycanın bununla bağlı istəyi və rusların “istinad nöqtəsi” 10 noyabr bəyanatıdır;
Hərçənd, hər iki məsələ üzərində artıq kifayət qədər korrektlər edilib, ikitərəfli formatın önə çıxması fonunda Bakı və İrəvan delimitasiyanı sonraya saxlamaq haqda müzakirə aparır. 10 noyabr bəyanatı de-fakto qüvvədən düşüb və Bakı Naxçıvana “maneəsiz çıxış” məsələsində “Azərbaycandan Azərbaycana prinsipini” irəli sürür.
Bu baxımdan, Putinin Əliyev və Paşinyanla sülh sazişi üzərində müzakirə aparacaq konkret məsələsinin qalmadığı görünür. Lakin Putinin tərəflər arasında “hakim” rolunu yenidən ön plana çıxarmaq fürsətindən istifadə etməyə çalışacağı da aydındır. Və əsas müzakirəni kommunikasiyanın açılması, açılacaq yollarda Rusiyanın iştirakçılığını təmin etmək üzərində qura biləcəyi ehtimalı var.
Sankt-Peterburqda üçtərəfli formatda rəsmi, yaxud qeyri-rəsmi təmaslar olarsa, bu, sülh sazişi üzərində hansısa irəliləyişin əldə edilməsi yox, Rusiyanın Qərb qarşısında “bir addım” önə çıxması ola bilər, xüsusilə Qərb platformasında görüşə nail ola bilmədikləri təqdirdə, Moskvanın bunu etməsi fonunda. İstisna deyil ki, Peterburqda mükün görüş Qərbi üçtərəfli təmasların təşkili istiqamətində hərəkətləndirəcək.
Lakin bu mübarizədə ən mümkün həll yolu Bakının irəli sürdüyü variant ola bilər:
Əliyev ikitərəfli formatın üzərində dayanmaqla Qərbə Rusiya vasitəçiliyinin önə çıxamayacağını göstərdi və müəyyən qədər də olsa, razılaşdırdı, eyni yanaşma ilə - Qərb platformasına getməməklə Moskvanın da Bakı-İrəvan sülh danışıqlarına aktiv müdaxiləsinin qarşısını ala bilər.
Asif Nerimanli
Teref. Xocanın bloqu
 
Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinin Sankt-Peterburqda keçirilən zirvə toplantıısnda deyib ki, ölkəsi təşkilatı siyasi deyil, iqtsadi qurum kimi qiymətləndirir. Ermənistanın baş naziri Avrasiya İqtisadi Birliyini siyasiləşdirməyə imkan verməyəcəyini də bildirib. Paşinyan belə bir açıqlamaya nədən ehtiyac duyub? Məsələ burasındadır ki, gələn il Avrasiya İqtisadi Birliyinə sədrlik Ermənistana keçəcək. Görünür, Paşinyan açıqlamasıyla Rusiya prezidenti Vladimir Putinə izah etmək istəyib ki, Ermənistan sədrlik dövründə Rusiyanın Avrasiya İqtisadi Birliyini anti-Qərb strukturuna çevirməyə imkan verməyəcək. Paşinyan həm də onu izah etməyə çalışıb ki, İrəvanın istəyinə rəğmən, Kreml Avrasiya İqtisadi Birliyini siyasi struktura çevirərsə, Ermənistan qurumu tərk edəcək. Əslində Avrasiya İqtisadi Birliyinə üzv olan Mərkəzi Asiya ölkələrinin liderləri də təşkilatı anti-Qərb strukturuna çevrillməsinin əleyhinədirlər. Çünki Mərkəzi Asiya ölkələri Rusiya ilə tərəfdaşlığa rəğmən, Qərb ölkələri ilə bütün istiqamətlərdə əməkdaşlığı davam etdirmək istəyirlər.
Elxan Şahinoğlu
Teref. Xocanın bloqu
 
Ardını oxu...
Proseslərə daha praqmatik və qlobal baxmaq lazımdır, məsələ bu günlə bitmir

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastırına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

Mənə elə gəlir ki, nəsə düz getmir bizim mətbuatda. Hansısa yolla vəsiqə əldə edib, qapı-qapı düşən jurnalistlərimizdən tutmuş, qələm əhlinin payına düşən evlərin başqalarına verilməsinə qədər KİV-lərimizdə olan problemlər barədə çox danışılır. Uzun müddət mediamızın bir dirijorun çubuğu ilə idarə edilə bilən xora çevrilməsinin günahını Prezident Administrasiyasının keçmiş ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovda görmüşük. Əslində elə düz də düşünürdük. Mediada bu gün yaşanan xaosun və özbaşınalığın əsl səbəbkarı və banisi o idi.

Artıq Əli Həsənov 4 ildir ki, yoxdur, amma necə xor qurubsa, ondan sonra gələnlər də bu xora heç nə edə bilmədilər. Trollar da qalır, PA-dan gələn “dərin mənalı” tezislər də. Hətta, Həsənovdan sonra mediamızı ağ günə çıxaracağı sözünü verənlər əl-qolumuzu daha da bağlayan “Media haqqında” yeni qanun da qəbul etdilər. İndi MEDİA Agentliyi müəyyən edir ki, kim jurnalistdir, kim yox.

Nəticədə absurd vəziyyət yaranır: jurnalistikanın şirin balına yığılan dünənin uşaqları əsl jurnalistlərdir, amma Prezident tərəfindən “Əməkdar jurnalist” adı alan insanlar media reyestrinə düşmədikləri üçün dövlətin gözündə artıq tamhüquqlu jurnalist sayılmırlar...

Bu sahədə hər şey ya əvvəlki kimidir, ya da əvvəlkindən də bir az pisləşib. Heç Həsənovun qəzet satışını əngəlləmək üçün sinka-soska satdırdığı qəzet köşklərinin də sayı azalmayıb. Bütün dünyada KİV-lərin əsas dolanışıq mənbəyi olan qəzet satışı və reklam bazarı da düzəlməyib.

Gördüyü işlərə görə ondan heç xoşum gəlməsə də, baş verənləri görəndə, insanda avtomatik bir sual yaranır: hər şey belə davam edəcək və bir az da pisləşəcəkdisə, daha onda bu Əli Həsənova niyə dəyirdiniz ki? Oturmuşdu yerində və ən azından jurnalistləri tanıyır, loru dildə desək, kiminlə nəyi və necə danışmalı olduğunu yaxşı bilirdi. İndi isə kütləvi olaraq, atın qabağına ət qoyulur, itin qabağına ot…

Amma bu yazımın məqsədi Həsənov və post-Həsənov dövrünün mediasını müqayisə etmək deyil. Sadəcə, Şekspirin dili ilə desək “Danimarka krallığında nəsə düz getmir”. Axı niyə belə hesab edirəm, izah edim.

Yuxarıda adını çəkdiyim xor bu gün başqa bir dirijorun çubuğu ilə idarə edilir, amma ya bu dirijor nəyisə düz etmir, ya da bilə-bilə edir. Söhbət son zamanlar mediamızda Ermənistan hakimiyyətinin Rusiyaya necə xəyanət etməsindən, Moskvanın sədrliyi ilə keçirilən MDB iclaslarından uzaqlaşmasından, KTMT-yə demarş etməsindən və s. kimi həvəslə dərc edilən yazılardan gedir.

Məlumdur ki, ümumi tendensiya Ermənistanı, Paşinyan hakimiyyətini rusların gözündən salmaq, bədnam qonşularımızın “böyük qardaşlarına” necə xəyanət etdiklərini göstərmək üzərində qurulub. Yəni, erməni həmişə ona çörək verənə xəyanət edib və bizim yaşadıqlarımızı bu gün başqa bir formada ruslar yaşayırlar.

Burası düzdür, amma, məsələyə bir az qlobal baxmaq lazımdır axı. Məsələ bu günlə bitmir. Onsuz da Ermənistan hakimiyyəti özü-öz siyasəti ilə ruslarla arasını çox əla şəkildə vurur.

Zənnimcə, biz bu məsələdə erməniləri tənqid və ifşa etmək yox, dəstəkləməliyik. Hamımız bilirik və ən azı tariximizdən bizə verilən dərslərdən görmüşük ki, regionda Rusiya və İranla bizim maraqlarımız yalnız situativ olaraq üst-üstə düşə bilər. Qlobal mənada, ruslardan və farslardan bizə xeyir gəlməyib və gəlməyəcək də.

ABŞ-da seçkilər bitəcək və bu gün gərgin olan münasibətlər yenidən öz məcrasına düşəcək. Paşinyan hakimiyyəti isə Rusiyanı regiondan çıxarmaq da olmasa, heç olmasa təsirini azaltmağa çalışır. Biz bu işdə, əgər dövlət və Cənubi Qafqaz regionunun maraqlarından baxırıqsa, onları dəstəkləməliyik. Çünki regionda ruslar zəifləyirsə, İran da zəifləyir. Müqəddəs yer boş qalmır. ABŞ uzaqdadır və regionda Qərbin maraqlarının ifadəçisi Türkiyə olacaq. Ruslar zəifləyən kimi Ankara ticarət, turizm və digər rıçaqlarla onların yerini tuta bilər.

Gürcüstanda Türkiyənin mövqeyi güclüdür, Azərbaycanda isə təbii olaraq çox güclüdür. Qalır bir Ermənistan. Oradan da ruslar çıxarılsa, məsələ bitir. Bunu Rusiyanı regiondan çıxarmaq istəyən ermənilər də bilir. Elə ona görə Fransanı bu regiona soxmaq istəyirlər. Amma Fransa da Ermənistan sərhədinə Türkiyə qədər yaxın deyil.

Yəni, qlobal mənada biz Rusiyanın regiondan çıxarılmasına, Türk dünyasının nəzarətində olan Böyük İpək Yolunun bərpasına çalışmalıyıq. Mən politoloq deyiləm və ola bilər ki, dediklərim analitiklər üçün bayağı səslənsin. Amma ümumi konturlar aydındır axı.

Bizim hakimiyyət də, Allaha şükür, bunları başa düşür və bu istiqamətdə işləyir. Və belə bir şəraitdə mediamız kiminsə dirijor çubuğu ilə Ermənistanın, Paşinyan hakimiyyətinin Rusiyaya xəyanət etməsinə görə sanki narahatlıq keçirir, özümüz də istəmədən bizi Moskvanın maraqlarının ifadəçisinə çevirir.

Pyotrdan başlayaraq Rusiya ilə münasibətlərin bizə verdiyi minus və plyuslar ortadadır. Bu gün biz ya müəyyən dairələrdə ruspərəstlərin söz sahibi olduğuna görə, ya da bilməyərəkdən, tariximizdən dərs götürə bilmirik.

Heç kim Rusiyaya müharibə açmağı təklif etmir, amma yavaş-yavaş Moskvanın regionda zəifləməsi və onun yerini Türkiyənin tutmasına çalışmalıyıq.

Biz neynirik? Xaçmaz kimi etnik baxımından təhlükəli olan şimal regionunda hansısa rus dili mərkəzi açılır, BDU-da “Rusiya mərkəzi” yaradılır. Mediamız da bunları müsbət bir xəbər kimi yaymaqda davam edir.

Və nəzərə alınmır ki, bütün bu tədbirlər Rusiyanın yumşaq desantı sayılan “Rossotrudnuçestvo”nun patronajı və iştirakı ilə keçirilir. Bu təşkilatın sədri isə bizim hamımıza yaxşı bəlli olan, “20 yanvar” faciəsinin günahkarlarından biri Yevgeni Primakovun eyni adı və soyadı daşıyan nəvəsidir. Yeri gəlmişkən, nəvə Primakov Rusiyanın Ukraynaya qarşı müharibəsini və təcavüzünü dəstəklədiyi üçün bütün Aİ ölkələri, Kanada, Ukrayna və İsveçrənin “qara siyahı”sına düşən bir şəxsdir.

“Dövlət və dövlətçilik” şüarlarını əsas tutaraq hayqıran reyestrli mediamız bütün bunları nəzərə almalıdır. Elə dirijor da çubuğunu düz yelləməlidir. Əlavə şərhə ehtiyac varmı? Məncə, yox. Bəs sizcə?

Müəllif: Yoldaş Mircəfər
 
Ardını oxu...
Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı işğalçı müharibəni və Qərbin ölkəsinə qarşı sərt sanksiyalarını əsaslandırmaq üçün tez-tez belə bir ifadə səsləndirir: “Kollektiv Qərb SSRİ-dən sonra Rusiyanın dağılmasını istəyirdi”. Həqiqətənmi Putinin təbirincə desək, “kollektiv Qərb” yaxın keçmişdə və indi Rusiyanın dağılmasında maraqlı olub? Əlbəttə, “kollektiv Qərb” Rusiyanın bölgədə hegemonluğuna son qoymaq istəyir və bunun üçün mümkün alətlərdən istifadə etməyə çalışır. Ancaq Rusiyanın dağılmasını nə “kollektiv Qərbin”, nə də Rusiyaya qonşu olan ölkələrin bir qisminin maraqlarına cavab verir. “Kollektiv Qərb” Rusiyanın dağılmasını ən azı ona görə istəməz ki, nüvə düyməsinin kimin və ya hansı radikal qüvvələrin əlinə keçəcəyindən narahat olacaq. Qonşu ölkələrin də bir qismi Rusiyanın dağılmasını ona görə istəməz ki, bu böyüklükdə ölkədə başlana biləcək xaos ətrafa daha çox problem yaradacaq. “Kollektiv Qərb” və Avrasiya bölgəsinin bir qisim dövləti Rusiyanın dağılmasını deyil, o dərəcədə zəiflməsini istəyir ki, bu dövlət beynəlxalq aləmə problemlər yaratmasın, yalnız daxili sabitlik və iqtisadiyyatı barədə düşünsün.
Elxan Şahinoğlu
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
 
Ardını oxu...
Kreml Ermənistanda Nikol Paşinyanı devirə bilmədiyi kimi onun yerinə namizəd də tapa bilmir. Robert Köçəryan və Serj Sərkisyan artıq bu rola yaramırlar, ermənilər arasında nüfuzları qalmayıb, o biri müxalifət təmsilçilərin də cəmiyyətdə dəstəyi yoxdur. Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı Paşinyanın simasında tərəfdaş qazansalar da, Vaşinqton və Brüssel də Ermənistanda vəziyyətin gərginləşəcəyi halında alternativ barədə düşünmək məcburiyyətindədir. Yəni Vaşinqton və Brüssel Paşinyanın bu və ya digər səbəbdən hakimiyyətdən uzaqlaşacağı və ya uzaqlaşdırılacağı halda onu əvəz tapmalıdır. Bu elə bir siyasətçi olmalıdır ki, Paşinyan kimi
1) Qərblə tərəfdaşlığı davam etdirsin;
2) Rusiyadan məsafə saxlasın.
Fikrimcə, Nikol Paşinyana gələcəkdə alternativ ola biləcək siyasətçi parlamentin hazırki sədri Alen Simonyandır. O həm Qərblə sıx tərəfdaşlığı dəstəkləyir, həm də Rusiyanın qatı tənqidçilərindədir.
Elxan Şahinoğlu
Teref. Xocanın Blogu
 
Ardını oxu...
Erməni politoloq: “Demək olar ki, bütün ermənilər sülh istəyir, daha döyüşmək istəmirlər”

Ermənistanın “FactInfo” “YouTube” kanalında Azərbaycanla imzalanacaq sülh müqaviləsinin Ermənistan üçün sülhə zəmanət verib-verməyəcəyi ilə bağlı əhali arasında sorğu keçirilib. Sorğunun nəticələrinə əsasən məlum olub ki, ermənilərin əksəriyyəti sülhə inanmır. 8100 nəfərin iştirak edtdiyi sorğuda respondentlərin 66 faizinin fikrincə, Azərbaycan qoşunları “Ermənistan ərazisində olduğu” müddətdə sazişin bağlanması sülhə zəmanət verməyəcək. Respondentlərin yalnız 4 faizi sülhün mümkün olduğuna inanır. 19 faiz hesab edir ki, Ermənistan ilkin şərt irəli sürməli və guya Ermənistan ərazisində olan Azərbaycan qoşunlarının çıxarılmasını tələb etməlidir.

Erməni analitik Tevos Arşakyan isə hesab edir ki, sözügedən sorğu reallığı əks etdirmir. Politoloq qeyd edib ki, bütün dünyada insanların müəyyən bir məsələ ilə bağlı fikirlərini öyrənməyin ən asan yolu hesab edilən sosioloji sorğulara münasibəti skeptikdir: “Bu, sorğulara qəti şəkildə etibar etmədiyimdən deyil. Amma çox vaxt, xüsusən də Ermənistanda sorğuların nəticələri şübhəli görünür. Burada söhbət təkcə respondentlərin qeyri-səmimi cavablar verə bilməsindən getmir, həm də sorğunun kimin sifarişi ilə keçirildiyi, səsləri kimin və necə sayacağı ilə bağlıdır. “FactInfo” “YouTube” kanalının sorğusunun nəticəsinə inansaq, o zaman belə çıxır ki, Baş nazir Nikol Paşinyanın hökumətinə cəmi 4 faiz dəstək var və onun qərarları legitim sayılmır. Müxalifət mediası da bu qənaəti bölüşür. Müxaliflər iddia edir ki, indiki hakimiyyət onların səsvermə hüququ olmayan siyasət yürüdür. Guya etimad və dəstək müxalifətədir. Amma bu, yanlışdır. Birincisi, 8 min vətəndaş bütün ölkə əhalisi deyil. İkincisi, belə çıxır ki, kiçik bir qrup hakimiyyətə müxalif olan bir kanalda hökumətin sülhlə bağlı siyasətini dəstəkləmədiklərini açıqlayırlar. Yəni burada manipulyasiya var. Çünki eyni sorğunu hakimiyyətə yaxın bir saytda aparsaq, təbii ki, tamam fərqli nəticələr alacağıq”.

“Aydındır ki, “Faktİnfo” sorğunu internetdə aparıbsa, o zaman sorğuda əsasən radikal gənclər iştirak edib. Onlar müharibənin nə olduğunu, hansı bəlalar və bədbəxtliklər gətirdiyini anlamırlar. Amma hərbiyə gedəcək yaşda övladı olan orta və yaşlı insanlar, yaxud oğullarından biri birinci və ikinci Qarabağ müharibələrində itirən valideynlər arasında sorğu keçirsəniz, sülh tərəfdarlarının çox olduğunu görəcəyik”, - analitik əlavə edib.

Arşakyan hesab edir ki, ermənilər artıq sevdiklərini müharibədə itirmək istəmirlər: “Ona görə də sülh tərəfdarıdırlar. Hər gün soydaşlarımızla internetdə yox, real həyatda ünsiyyətdə oluram. Eyni mikroavtobuslarda, müxtəlif bölgələrdə söhbət edirəm və aydın olur ki, onların demək olar ki, hamısı sülh və əmin-amanlıq istəyir. Bəli, onlar Qarabağı unutmurlar, amma daha döyüşmək istəmirlər. Onların arasında həm hazırkı hakimiyyətin tərəfdarları, həm də əleyhdarları var. Ona görə də, açıq deyim ki, sorğunun nəticələrinə inanmıram. Çünki sorğu sifarişçinin tələblərinə uyğun olaraq, asanlıqla tənzimlənə bilər”.

“Aydındır ki, Paşinyanın sülh təşəbbüslərinə zərbə vurmaq üçün qarşıya aydın məqsəd qoyulub. Onun sülh gündəminin azlıq tərəfindən dəstəkləndiyini iddia edirlər. Amma bu, sırf manipulyasiyadır. Ermənistanda yaşamaqla bunu asanlıqla təkzib etmək olar. Tam əminəm ki, sorğuda sülhün əleyhinə səs verənlər arasında diaspor nümayəndələri çox olub. Bilirik ki, xaricdəki ermənilər arasında əhval-ruhiyyə həmişə müharibədən yanadır. Bəs 44 günlük müharibə zamanı bu əhval-ruhiyyə bizə kömək etdimi? Nə qədər diaspor nümayəndəsi Ermənistana, Qarabağa döyüşmək üçün gəldi? Buna cavab vermək çətindir. Ermənistandan minlərlə kilometr uzaqda təhlükəsiz şəraitdə hökumətin sülh proqramına qarşı çıxmaq asandır. Döyüşmək istəyirlər, lap yaxşı. Gəlsinlər özləri döyüşsünlər, niyə bizi yeni müharibənin ağuşuna atırlar?”, - erməni analitik sual edib.

Arşakyan vurğulayıb ki, sorğudan əldə edilən rəqəmlər özlüyündə heç nə ifadə etmir: “Bu rəqəmlər - daha doğrusu, onlara sponsorluq edənlər, onların arxasında duranlar sadəcə olaraq yeni mitinqlər, etirazlar yaratmaq üçün erməni cəmiyyətini çaşdırmağa çalışırlar. Sponsorlar dedikdə, təbii ki, illərdir qanımızı içmiş “Qarabağ klanı”nı nəzərdə tuturam. Onların manipulyasiyasına və təbliğatına uysaq, qanımızı içməyə davam edəcəklər. Ən əsası odur ki, yeni müharibə olsa, döyüşən, ölən Moskvada, Krasnodarda, Parisdə və Los-Ancelsdə məskunlaşan ölkədən qaçmışlar yox, Ermənistanda yaşayan adi insanlar, kasıblar olacaq. Döyüşən, ölən Levon Köçəryan və ya Mikael Minasyan deyil, kasıb-kusubun balası olacaq. Ona görə də, onlara demək lazımdır – “sülh istəmirsən, o zaman silaha sarıl, sərhədə doğru get və hücum et”. Bunu etsələr, bəlkə bundan sonra ölkədə kimsə onlara inanar.

Müəllif: Turan Abdulla
ayna.az

Dünyapress TV

Xəbər lenti