Tacikistanın axtardığı cavablar Azərbaycandadır - TƏHLİL
Mayın 23-də Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana dövlət səfərinə gəldi. Onun Azərbaycan Prezident İlham Əliyevlə apardığı müzakirələrin kifayət qədər geniş və məhsuldar gündəliyə söykəndiyini qeyd edə bilərik.
Tacikistanın xarici siyasətinə ümumi baxış
Emoməli Rəhmonun Azərbaycana səfərinin alt qatını Tacikistanın xarici siyasətindəki ştrixlərə baxmaqla daha yaxşı başa düşmək olar.
Tacikistan mürəkkəb coğrafiyada yerləşir. Ölkə dünya güclərinin iti baxışları altında olan Mərkəzi Asiya regionunda yerləşdiyindən münaqişələrdən yayınmaqda, bunun əvəzinə qonşuluq, dostluq münasibətləri axtarmaqdadır.
Çin ilə mehriban qonşuluq və dostluq əlaqələri, qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi Tacikistanın Asiya sektorundakı xarici siyasətinin ən mühüm istiqamətlərindən biridir. Bununla belə, Tacikistan Rusiya ilə əlaqələrə də xüsusi diqqət ayırır və ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunur. Tacikistan Qərblə münasibətlər qurarkən Çin və Rusiyanın iradəsini nəzərə almaq məcburiyyəti ilə üzləşir, buna görə də daha incə balans ipi üzərində manevrlər etmək çağırışı ilə qarşı-qarşıyadır.
Azərbaycan Tacikistan üçün cəlbedici görünür
Tacikistan Respublikasının Xarici Siyasət Konsepsiyasına əsasən, Ukrayna, Belarus, Moldova, Azərbaycan, Gürcüstan və Ermənistanla əməkdaşlığın genişləndirilməsi xarici siyasətin ən mühüm məqsədlərindən biridir. Ancaq Azərbaycan Ermənistan üzərində qələbə qazandıqdan və bundan sonra Rusiya-Ukrayna müharibəsinin başlamasından bu yana Tacikistanın məqsədlərində Azərbaycanın çəkisi artmaqdadır. Çünki Tacikistanın qarşılıqlı fəaliyyət və geniş regional inteqrasiyası, Mərkəzi Asiyada davamlı sülh, həqiqi sabitlik yaratmaq üçün axtardığı alətlər həm də Azərbaycanın əlində mövcuddur. Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi, Rusiya, Qərb və Çinlə genişlənən əlaqələri, o cümlədən təhlükəsizlik münasibətlərində yeni mərhələnin başladılması Tacikistan kimi ölkə üçün cəlbedici görünür.
"Orta Dəhliz"in artan əhəmiyyəti
Üstəlik, Azərbaycanın Transxəzər nəqliyyat dəhlizindəki ("Orta Dəhliz") rolu artır ki, bu da Çindən Avropaya uzanan ticari koridorların şaxələndirilməsini prioritetləşdirir. Tacikistan da həmin şaxələndirmə xəttində yer alaraq Mərkəzi Asiya regionu üçün getdikcə daha çox əhəmiyyət kəsb edən ölkə ola bilər. Bu mənada İlham Əliyevin Emoməli Rəhmon ilə geniş tərkibdə görüşündəki bu mövqeyi diqqət çəkir. Sitat: “Təbii ki, bizim müzakirə etdiyimiz mövzulardan biri də Tacikistanın və Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun yeni imkanlarının nəzərə alınması ilə nəqliyyat sektorunda əməkdaşlıqdır. Hesab edirəm ki, bu istiqamətdə səylərimizi birləşdirmək, addımlarımızı daha sıx əlaqələndirmək faydalı olacaq. Çünki Transxəzər nəqliyyat dəhlizi Avropa regionu və Mərkəzi Asiya regionu üçün getdikcə daha çox əhəmiyyət kəsb edir. Azərbaycan isə Avropa ilə Asiyanın qovuşuğunda yerləşən birləşdirici ölkə kimi özünün nəqliyyat infrastrukturu ilə, əlbəttə ki, bu məsələdə mühüm rol oynayır”.
Təhlükəsizlik üçün reseptlər
Deməli, Tacikistanın indi beynəlxalq əlaqələrini şaxələndirmək xətti həm də Azərbaycanın Mərkəzi Asiyanın geosiyasi mənzərəsində böyüyə biləcək rolları ilə uzlaşdırılır. Emoməli Rəhmonun Bakıya səfərinin bu amillər fonunda strateji mənalandırılmasını qeyd etmək mümkündür.
Səfər zamanı iki dövlət arasında Strateji Tərəfdaşlıq Bəyannaməsi başda olmaqla, müxtəlif sahələrdə əməkdaşlığı əhatə edən digər sənədlərin də imzalanması Azərbaycan-Tacikistan əlaqələrinin inkişafına töhfə verir.
Regional problemlər, geosiyasi dəyişikliklər
Təbii ki, səfər zamanı təkcə ikitərəfli əlaqələrin məzmunu deyil, eyni zamanda regional problemlər, geosiyasi dəyişikliklər, dünyadakı vəziyyətə də diqqət yetirilib. Prezident İlham Əliyev həmkarı ilə mətbuata birgə bəyanat zamanı deyib: “Bu gün, həmçinin geosiyasi dəyişikliklər, dünyadakı vəziyyət, regionlarımızdakı şərait ilə bağlı məsələləri müzakirə etdik. Biz təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və bu sahədə əməkdaşlığın inkişafı, təhsil, mədəniyyət və kənd təsərrüfatı ilə bağlı məsələləri ətraflı nəzərdən keçirdik”.
Emoməli Rəhmon da birgə bəyanat zamanı oxşar mövqe səsləndirib: “Danışıqlar zamanı təhlükəsizliklə bağlı risklər və təhdidlər müzakirə edildi. Öz növbəmdə onu qeyd etmək istərdim ki, beynəlxalq aləmdə mövcud vəziyyət mürəkkəb və gərgin olaraq qalmaqdadır. Fürsətdən istifadə edərək vurğulamaq istəyirəm ki, Tacikistan bütün ziddiyyətlərin və münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır. Biz Azərbaycanla təhlükəsizlik sahəsində səmərəli əməkdaşlığın səviyyəsindən və məzmunundan məmnunluğumuzu bildiririk”.
Düşənbə Bakının təcrübəsindən yararlanmaq istəyir
Deməli, Tacikistan özünü Cənubi Qafqazda Azərbaycan-Ermənistan münasibətlərinə nisbətdə yaranan post-müharibə reallıqlarına transformasiya etməklə məşğul olur. Burada məqsəd Tacikistanın mümkün təhdidlərlə üzləşdiyi zaman Azərbaycanın təhlükəsizlik və müdafiə qüdrəti ilə əlaqədar təcrübələrini öyrənməkdir.
Çünki Azərbaycanın regionda tutduğu mövqeyi nəzərə alaraq, bu ölkə ilə ənənəvi dostluq münasibətlərinin, strateji tərəfdaşlığın intensivləşdirilməsi və möhkəmləndirilməsi Tacikistan üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan da Tacikistanın siyasi cəhətdən stabil qalmasının və ölkənin ümumilikdə təhlükəsizlik mühitinin gücləndirilməsinin tərəfdarıdır.
Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri ilk olaraq iki ölkənin müasir dünyanın geosiyasi mənzərəsində baş verən dərin siyasi və iqtisadi dəyişikliklərdə əməkdaşlıq modellərini qurmağa hesablanıb.
Aqşin Kərimov,
"Kaspi" qəzeti üçün
 

Dünyapress TV

Xəbər lenti