Azərbaycan Bolqarıstanla “yaşıl enerji kabeli” layihəsi istiqamətdə fəal iş aparır
Azərbaycan və Bolqarıstan arasında əməkdaşlıq münasibətləri Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1995-ci il iyunun 29-30-da Bolqarıstan Prezidenti Jelyu Jelyevin dəvəti ilə həmin ölkəyə rəsmi səfərindən sonra daha da genişlənib. Heydər Əliyev və Jelyu Jelyev bir çox sahələrdə əlaqələrin yaradılmasını nəzərdə tutan dostluq və əməkdaşlıq haqqında müqavilə imzalayıblar. Ümumilikdə isə həmin səfər zamanı iki dövlət arasında ticarət - iqtisadi və elmi - texniki əməkdaşlıq haqqında, iki dövlətin müvafiq əraziləri arasında və hədlərindən kənarda hava əlaqəsi haqqında, cinayət işləri üzrə hüquqi yardım haqqında, dostluq münasibətləri və əməkdaşlıq haqqında və digər saziş və müqavilələr imzalanıb.
2003-cü ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev Azərbaycan - Bolqarıstan münasibətlərinin genişlənməsinə xüsusi diqqət yetirib. Bolqarıstan Prezidenti Georgi Pırvanov 2004-cü ilin oktyabrındaAzərbaycana rəsmi səfər edib. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətində hər iki ölkənin mövcud əlaqələri daha da inkişaf etdirmək niyyəti ifadə olunub. Bolqarıstan prezidentinin bu səfəri zamanı tərəflər arasında birgə bəyannamə, səhiyyə, iqtisadiyyat, nəqliyyat sahələrində yeni sazişlər imzalanıb.
8 may tarixində Prezident İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında bildirmişdir ki, “Bu gün Bolqarıstan-Azərbaycan əlaqələrinin geniş spektri müzakirə edilmişdir və gələcək addımlarımız haqqında fikir mübadiləsi aparılmışdır. Son vaxtlar ticarət dövriyyəsi bir neçə dəfə artmışdır. Bunun əsas səbəbi təbii ki, enerji sektorundakı əməkdaşlıqdır. Bu əməkdaşlığın bugünkü səviyyəsi və perspektivləri də çox müsbətdir. Təkcə onu demək kifayətdir ki, təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır. Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. Müqayisə üçün deyə bilərəm ki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Bizim hesablamalarımız onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir. Yəni, bu gün Azərbaycan Avropa Komissiyasının dili ilə desək, Panavropa qaz təchizatçısı kimi fəaliyyətini Avropa məkanında genişləndirir və enerji təhlükəsizliyi məsələlərinin həlli üçün öz dəstəyini əsirgəmir.
Bolqarıstan, eyni zamanda, qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilibdir. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və şübhəsiz ki, gələcəkdə bu ölkələrin sayı daha da artacaq. Yəni, bu, əməkdaşlığımızın konkret nəticələridir, çox güclü ikitərəfli əlaqələrimizin məntiqi nəticəsidir. Çünki bizim əməkdaşlığımız gərək konkret nəticələrlə sonuclansın. Yəni, əməkdaşlığın əsas məqsədi daha yaxşı nəticələri əldə etməkdir və biz həm ticarət dövriyyəsinin artımında, eyni zamanda, energetika sahəsindəki əməkdaşlıqda bunu görürük.
Prezident həmçinin iki ölkə arasında əməkdaşlığın gələcək inkişafına dair fikirlərini bildirmişdir “ Bildiyiniz kimi, Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla bu istiqamətdə çox fəal iş aparır. Hesab edirik ki, bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırma işlərin başlanması üçün gözəl zəmin olacaq. Beləliklə, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək. Potensial kifayət qədər genişdir və biz bu barədə, eyni zamanda, ilin sonunda COP29 konfransında da danışacağıq. Mən Prezident Radevi bu tədbirdə iştirak etmək üçün Azərbaycana dəvət etmişəm”.
Bir önəmli istiqamət isə nəqliyyatla bağlıdır. Bu da müzakirə edildi. “Mən Prezident Radevə məlumat verdim ki, Azərbaycanın sərmayəsi sayəsində bir neçə gün bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi tam başa çatmışdır. Onun ötürmə qabiliyyəti bir neçə dəfə artırılmışdır. Vaxtilə Azərbaycan tərəfindən təşəbbüs kimi irəli sürülmüş, bu gün isə artıq imkanları genişləndirilmiş bu layihə Orta Dəhlizin önəmli seqmenti kimi təbii ki, mühüm rol oynayacaq. Həm Şərq-Qərb istiqaməti və həm də əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması bizim münasibətlərimizi daha da gücləndirəcək”.

Aynur Xəlilova - politoloq

 

Dünyapress TV

Xəbər lenti