Bu gün Dünya Mətbuat və Söz Azadlığı Günü imiş...
Yazdıqları "yazı"ya imza atmağa utanan biriləri var. Təbi ki, tezislər sifarişdir, şərhləri həyasızlıqdır... ona görə utanırlar.
Bəs utandıqları işi niyə tuturlar? Əgər bir jurnalist yazdığı yazıda adını gizlədib qəzetin (saytın) adını imza olaraq qoyursa, demək, həm də nə etdiyini dərk edir, gördüyü işdən sıxılır, utanır.
Onlara nə deyək, nə ad verək?
Söz Azadlığını itirmişlərmi, deyək?
Hər halda durumları xoş deyil...
Əlbəttə, etdiyindən utanmayan, adlarını gizləməyən, qızıl-qırmızı yazanlar da var.
Deyir, kənddə iki yalançı varmış. Bir gün kəndin lotuları yalançının birini sorğu-suala çəkirlər. Deyirlər, de, görək, sən daha yalançısan, yoxsa o? Deyir, o. Deyirlər, nədən bilirsən? Deyir, mən yalanı deyib qaçıram, dirəşmirəm. Amma o, deyir, dibində dim-dik durur. O, məndən daha yalançıdı.
İndi.. yalanı yazıb adını gizlədənlər həmin o "yalanı deyib qaçan"lardır, tutduğu işdən dediyi yalandan utananlardır. Vicdanında vicdan qırıntısı, üzündə azcıq su qalanlardır.
Qızıl-qırmızı yazanlar isə... o kəslərdir ki... qırıntısı belə qalmayıb vicdanda... su heç qalmayıb üzdə...
Onlar yalanı deyir və dim-dik dibində durur, yəni "ad" yazır.
Onlar "söz azadlığı"dan muaf olanlardır. Muaf, yəni vergidən azad, vicdan vergisi verməyənlər, Allahdan qorxmayanlar, bəndədən utanmayanlardır.
Nə isə... bu gün Söz Azadlığı Günüdür...
Mehriban Vezir
TEREF

Dünyapress TV

Xəbər lenti