Babalarım, onların qardaşları, əmiuşaqları cümhuriyyətçi, müsavatçı olublar. Cümhuriyyət qurulanda müəllimlik, həkimlik, tərcüməçilik, zərgərlik edənlər olub aralarında. Bəziləri 20-ci ildə, bir neçəsi 37-də güllələnib, sürgün edilib. Ona görə nəsil-nəcabətimdə 1 nəfər də II Dünya Savaşında iştirak edən yoxdur - kommunistlər babalarıma müsavatçı, pantürkist, qolçomaq damğası vurduqlarından silah verib cəbhəyə göndərməyib. Görünür, “doğru” ünvana tuşlayacaqlarından, ya da əsir düşüb kommunistlərə qarşı vuruşacaqlarından ehtiyat ediblər. Fəxr edirəm onlarla. Amma mən nənəmin 1988-ci ildə xalqlar həbsxanası dağılandan cəmi 3 il öncə vəfat etməsinə daha çox üzülürəm. Necə sevinərdi Şura Hökumətinin yıxılmağına... Atası Abdulhəsən Əlizadəni 1920-ci ildə aparıblar bolşeviklər. Vətəgələri varmış, Müsavat Partiyasına bağlı imiş... 4 yaşı olub onda nənəmin. Sonra göz həkimi dayısı Əli bəyə sıra gəlib. 4 övladını bacısına, əri aparılandan sonra tək qızıyla - nənəm Zabitəylə qalan Güllü xanıma tapşırıb. Çünki, ondan sonra sıranın qardaşlarına gələcəyini bilirmiş. Elə də olub, Əziz, Adil adlı qardaşlarını da müsavatçı olduqları üçün gedər-gəlməzə aparıblar. Ailələrə onların taleyi ilə bağlı heç nə deyilməyib. Oxşar hekayələr babamın ailəsində yaşanıb. Babamla nənəmin evlənmə hekayələrinin kökündə də kommunistlərin qorxusundan qolçomaq ailələrinə “təmiz”lərin yaxın durmaması olub. Elə “qolçomaqlar” da bu durumdan məmnun imişlər. Nənəm cümhuriyyət dağılandan sonra baş verənlər haqqında bəlkə də ildə 1 cümlə deyərdi. Onda biz heç nənənin nədən danışdığını düz-əməlli anlamırdıq. Suallar verəndə söhbəti yayındırırdı. Bəy atasının, dayılarının, qayınlarının gedər-gəlməzə göndərilməsinin xofu canından çıxmamışdı. Amma mən onun Şura hökumətindən öncəki dönəm haqqında necə xoş sözlərlə danışdığını, hər dəfə bu söhbətləri “ağzımızın dadı Şura hökumətiynən getdi” deməsini çox yaxşı xatırlayıram. Bir “supnik”i vardı - çox zərif çinidən, çəhrayı-bənövşəyi xırda güllü. Qapağı qoyulanda verdiyi cingiltili səs indi də qulağımdadır. Deyirdi, atam bunu bir fransızla kürüyə dəyişib. Necə əzizləyirdi onu… Çox nadir əşyaları vardı. Xına qoxusu verən daraq, muncuqla işlənmiş yastıq üzləri, tirmələr… Amma bu əşyalar onun üçün daraq, tirmə, “supnik” deyildi, atasının xatirəsi idi. Şura hökumətinin yarım qoyduğu, dərbədər etdiyi ailələrdən qalan xatirələr… Minlərlə ailədə milyonlarla belə xatirələr var... 9 may sovetlərin qırğına verdiyi sayı 600 min soydaşımızın anım günüdür. Bəs, 1920-40-cı illərə qədər güllələnən, sürgün edilən babalarımızın anım günü niyə yoxdur? Kommunist repressiyalarının millətimizə vurduğu zərbə faşizmin zərərindən daha böyükdür. Nə qədər parlaq sima, savadlı, elmli aydın itirmişik. Ziyanını bu gün də çəkirik. Təqvimdə onların da xatirə günü olmalıdır. Aygün Muradxanlı TEREF