“İran Rusiyaya 400-ə yaxın "yer-yer" tipli ballistik raket ötürüb”. Yeniavaz.com xəbər verir ki, bu barədə altı anonim mənbəyə istinadən “Reuters” məlumat yayıb. Agentliyin üç həmsöhbətinin sözlərinə görə, bura “Fateh-110” ailəsindən olan qısa mənzilli raketlər daxildir, onlar 300-700 kilometr məsafədəki hədəfləri vurmağa qadirdir. Bildirilib ki, tədarüklər 2024-cü ilin yanvar ayının əvvəlində başlayıb. İran hərbi rəsmisi anonim olaraq “Reuters” agentliyinə bildirib ki, o vaxtdan bəri Rusiya Federasiyasına ən azı dörd raket partiyası çatdırılıb. O əlavə edib ki, yaxın həftələrdə daha çox tədarüklər gözlənilir. Digər hərbçi bildirib ki, raketlər Rusiyaya Xəzər dənizi və təyyarə ilə çatdırılır: “Daha çox təchizat olacaq. Bunu gizlətmək üçün heç bir səbəb yoxdur. İstədiyimiz ölkəyə silah ixrac etmək icazəmiz var”. “Reuters” qeyd edir ki, oktyabr ayında BMT Təhlükəsizlik Şurasının İranın bəzi raketlər, pilotsuz təyyarələr və digər texnologiyaların ixracına məhdudiyyətlər qoyan qətnaməsinin müddəti başa çatıb.
Belarus Prezidenti Aleksandr Lukaşenko xalqı müharibəyə hazır olmağa çağırıb.
O, bu barədə ölkəsinin təhlükəsizlik qurumlarının rəhbərləri ilə iclasında danışıb.
“Belarusa müharibə lazım deyil, amma biz buna həm əqli, həm də strateji cəhətdən hazır olmalıyıq”, – Lukaşenko deyib.
Belarus lideri qeyd edib ki, qlobal münaqişənin diplomatiya yolu ilə həllinin mümkünlüyü ilə bağlı illüziyalardan imtina edilməlidir:
“Çünki kollektiv Qərbin münasibəti belədir ki, onlarla olmayanlar zorla aradan götürülməlidir. Beynəlxalq təşkilatlar da tamamilə gözdən salınıb. Bu gün vəziyyəti real qiymətləndirmək və fəal hərəkət etmək son dərəcə vacibdir, səhvlər yolverilməzdir”.
Lukaşenkonun iddiasına görə, Qərb Belarusu müharibəyə sürükləməyə çalışır:
“Bizi bir hiylə ilə bu savaşa sürükləmək istəyirlər. Əlimizdə məxfi məlumat var. NATO-nun aparıcı üzv ölkələrindən birinin Baş Qərargah rəisinin bu barədə nə düşündüyünü dəqiq bilirik: “Biz Belarusu münaqişəyə cəlb edə bilməzdik. Minskin müharibədə fəal iştirakı Belarusdakı rejimi və Lukaşenkonu sarsıdacaqdı. Bu fürsət hələ də açıqdır”.
Belarus lideri Polşanı da onu devirmək və Belarusdan ərazi qoparmaq niyyətində olduğunu söyləyib.
Lukaşenko qeyd edib ki, bu oyunların arxasında ərazi ambisiyalarını təmin etmək istəyi dayanır.
Belarus lideri hesab edir ki, bu yolla Avropa qitəsinin yenidən bölünməsi üçün ilkin şərtlər formalaşır.
Avropa Komissiyası (AK) Brüsseldəki qərargahında pilotsuz uçuş aparatlarından (PUA) qorunmaq üçün sistem qurmağı planlaşdırır.
Bu barədə AK-dəki mənbələrdən xəbər verilib.
“Həssas hökumət binalarının yaxınlığında icazəsiz PUA uçuşları potensial olaraq təhlükə yarada bilər. Komissiya digər maraqlı tərəflər və (Belçika) hakimiyyət orqanları ilə birlikdə bu təhlükəni aradan qaldırmaq üçün mümkün tədbirləri nəzərdən keçirir”, - deyə AK rəsmisi bildirib.
Bildirilir ki, AK qərargahını pilotsuz təyyarələrdən qorumaq üçün avadanlıqla təmin edə biləcək şirkətlərin axtarışına başlayıb. Bunun hansı avadanlıq ola biləcəyi şərh edilməyib, lakin sistemin mümkün fiziki hücumların, həmçinin PUA-lardan istifadə edərək casusluğun qarşısını almaq üçün hazırlanacağını dəqiqləşdiriblər.
“Helsinki öz ərazisində ABŞ-nin nüvə silahını yerləşdirməyi planlaşdırmır”.
Bu açıqlama ilə Finlandiyanın Baş naziri Petteri Orpo çıxış edib.
Finlandiya rəsmisi bildirib ki, ABŞ-nin nüvə silahlarının Finlandiyada yerləşdirilməsinə ehtiyac yoxdur, çünki NATO nüvə silahlarından istifadədən çəkinməyi təmin edir.
“Nüvə silahları alyansın bir neçə ölkəsində yerləşdirilib və bu kifayətdir”, - deyə Petteri Orpo fikrini tamamlayıb.
Oxşar məzmunlu açıqlama ilə Polşa rəsmisi çıxış edib.
“Mən istərdim ki, bu element (nüvə silahını nəzərdə tutur - red.) ölkəmizin ərazisində olmasın”, - deyə Polşanın milli müdafiə nazirinin müavini Stanislav Vzentek söyləyib.
O qeyd edib ki, hazırkı vəziyyətdə Polşada nüvə arsenalının yerləşdirilməsi ölkənin təhdid potensialının səviyyəsini artırar.
Ukraynadakı müharibə Rusiya üçün “Vyetnam posesi”nə çevrilə bilər.
Teleqraf.com xəbər verir ki, bunu amerikalı analitik Maks Berqman deyib.
"Kiçik ölkələrin daha böyük ölkələrlə döyüşlərdə qalib gəldiyini görmüşük, əsas nümunə Vyetnamdır. Və məncə, müharibəyə ən düzgün baxış budur", - analitik bildirib.
Vyetnam müharibəsi zamanı 58 mindən çox amerikalı həlak olmuşdu. 1950-ci illərdə başlayan müharibə 1975-ci ilə qədər davam etmişdi. Uzun sürən savaş ABŞ ordusunun Vyetnamdan çıxarılması ilə bitmişdi.
"Ukraynalıların təslim olacaqlarını düşünmürəm, çünki onlar üçün bu, ekzistensial müharibədir. Rusiya üçün belə deyil", - Berqman vurğulayıb
Nəhayət ABŞ istehsalı F-16 qırıcıları iyuna qədər Ukraynaya təhvil veriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə "Foreign Policy" məlumat yayıb.
"Düşünürəm ki, iyunda onları Ukrayna səmasında görəcəyik", - Litva müdafiə naziri Arvidas Anusauskas deyib.
Münxen Təhlükəsizlik Konfransında iştirak edən başqa bir Avropa rəsmisi də bunu təsdiqləyib.
Fevralın 15-də Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov bildirmişdi ki, Ukraynanın çoxdan gözlənilən F-16-larla təmin edilməsi məsələsi artıq həll olunub və qırıcılar tezliklə göndəriləcək.
Ümumilikdə Avropa Birliyi ölkələri tərəfindən Kiyevə 24 ədəd F-16 veriləcək. Analitiklər ABŞ qırıcılarının Ukrayna ordusuna havada təşəbbüsü ələ keçirməyə kömək edəcəyini söyləyirlər
ABŞ-nin Ukraynaya dəstəyi dəyişməz olaraq qalır və bundan sonra da davam edəcək.
Bunu ABŞ-nin vitse-prezidenti Kamala Harris Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə deyib.
“ABŞ Prezident Cozef Bayden və mən sizə, Ukrayna xalqına yardım məsələsində qətiyyətliyik”, - o deyib.
Xatırladaq ki, fevralın 13-də ABŞ Senatında Ukrayna, İsrail və Tayvana 95 milyard dollarlıq yardımın nəzərdə tutulduğu qanun layihəsinin alternativ variantını qəbul edib. TASS
Almaniya Ukraynaya 1,1 milyard avro dəyərində hərbi yardım paketi ayıracaq.
Bu barədə Almaniya kansleri Olaf Şolts bildirib.
Hərbi yardım paketinə 36 təkərli haubitsa, 120 min artilleriya mərmisi, iki yeni hava hücumundan müdafiə sistemi, iki IRIS-T zenit raketi sistemi və sair daxildir.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyada səfərdədir.
Rusiya Qara dəniz donanmasının komandanı Viktor Sokolov istefaya göndərilib. Məlumatı “Nexta” yayıb. Bildirilib ki, onu vitse-admiral Sergey Pinçuk əvəzləyib. V.Sokolovun işdən azad edilməsinə səbəb Ukrayna hərbçilərinin Qara dənizdə “Sezar Kunikov” desant gəmisinə uğurlu hücumu göstərilir. Rusiya rəsmiləri informasiyanı hələ ki təsdiqləməyib.