|
Bakıda qabırğa ağrısı şikayəti ilə xəstəxanaya aparılan 17 yaşlı qız iki gün sonra tibb müəssisəsində vəfat edib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.
Qəsəbə sakini Ümüd Quliyev deyir ki, qızı Nuranə Quliyevanı bu il fevralın 5-də Maşdağada yerləşən 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına aparıb. İki gün sonra, fevralın 7-də qızı dünyasını dəyişib. Ümüd Quliyev iddia edir ki, həkimlər adı bilinməyən iynələri vurduğu üçün qızı dünyasını dəyişib.
Ata qızı xəstəxanda olduğu 2 gün boyunca həkimin tapşırdığı iynə-dərmanların hamısını alaraq xəstəxanaya çatdırdığını deyir.
Ata Ümüd Quliyevin sözlərinə görə, qızı dünyasını dəyişəndə heç həkim xəstəxanada olmayıb, təlimatları tibb bacısına telefonla verib. Valideynləri dərhal gənc qızın cansız bədənini Məhkəmə-Tibb Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparıblar. Ekspertizanın nəticəsinə görə, ölüm səbəbi beyinə qansızması olub.
Ata deyir ki, Sabunçu Rayon Prokurorluğunun araşdırmasında isə açıq şəkildə qeyd olunub ki, tibb bacısı xəstəyə adını bilmədiyi iynəni vurub.
Dəqiq məlumatı öyrənmək üçün hadisənin baş verdiyi ünvana - Maştağada yerləşən 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına yollandıq. Lakin xəstəxanada suallarımızı cavablandıran biri tapılmadı.
Ümüd Quliyev isə tələb edir ki, həqiqət ortaya çıxmalı və səbəbkarlar cəzalandırılmalıdır.
TƏBİB-dən isə bildirilib ki, məsələdən məlumatsızdırlar və hadisə araşdırılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.