Ardını oxu...
Sumqayıt şəhəri, 17-ci mikrorayon, Niyazi küçəsində fəaliyyət göstərən, fiziki şəxs Ağazadə Cahid Nadir oğluna məxsus “Zəngəzur” restoranında planlı yoxlama keçirilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, müəssisə qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərib. Gigiyena tələblərinə əməl edilməyib, işçi heyətin tibbi müayinədən keçirməyib. Yuyucu maddələr və dezinfeksiyaedici vasitələrin ayrıca saxlanması üçün xüsusi yerlərin və ya dolablar yoxdur. Müəssisədə həmçinin son istifadə müddəti bitən, üzərində markalanması aparılmayan və mənşəyi məlum olmayan müxtəlif növ qida məhsulları aşkarlanıb. Nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.

TEREF.AZ-ın məlumatına görə, mövzu ilə bağlı “Sherg.az”a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, Agentlik planlı yoxlamanı çox yaxşı keçirib:

“ Planlı yoxlamada belə böyük büroktratiya mövcuddur. Yoxlanılan təşkilat öncədən bilir ki, kim və necə araşdıracaq. Hökumət qida sahəsində yoxlamalarda bürokratiyanı aradan qaldırmalıdır. Bu, digər biznes qurumlarına şamil oluna bilər. AİB olaraq biznes qurumları üçün rahat şəraitin yaradılmasının tərəfdarıyıq. Onsuz da Azərbaycanda rahat şərait yaradılıb. Biznes qurumları heç kimə rüşvət verməsin. Çünki verilən rüşvətlərin bədəlini istehlakçılar ödəyir.
Qəfildən yoxlamalar aparılımalıdır. Yoxlanılan tərəf öncədən bilməməlidir. Vətəndaş təhlükəli qidanın satıldığını görəndə müvafiq quruma müraciət etməlidir. Lakin hazırda cəld reaksiya mexanizmi yoxdur.
AQTA əsasnaməsində dəyişikliklər aparılmaldır. AQTA cəld reaksiya mexanizmi səlahiyyəti verilməlidir. Saat 18:00-dan sonra restoranlar, şadlıq evləri fəaliyyətə başlayır, AQTA işçiləri o vaxt istirahətdə olurlar. Sutkanın istənilən vaxtında müraciətə operativ reaksiya vermə mexanizmi qurulmalıdır. İctimai nəzarətə də geniş yer verilməlidir”.

E.Hüseynov bildirib ki, restoran zallarında mətbəxi müşahidə edən monitorlar yerləşdirilməlidir:

“Telelayihə çərçivəsində Bakı şəhərinin mərkəzində ən bahalı restoranlarda müşahidələr apardıq. Şəhərin mərkəzindəki bəzi prestijli restoranlarda zal bərli-bəzəkli gözəldir, amma mətbəx bərbad gündədir. Hardasa bişirilib gətirilən soyuq yeməklər təqdim edilir. Antisanitar və natəmiz şəraitdir. Mətbəxə keçid tamamilə qadağandır.

“Kolorit” adlı restoranda zalda monitor qoymağa nail olmuşduq. Zalda əyləşən istehlakçılar mətbəxdə, hətta anbarda nə baş verdiyini monitordan izləyirdilər. Çox təəssüf ki, bildiyim qədərilə Nizami küçəsində yerləşən filialında həmin monitor götürülüb. Gözəl təşəbbüs idi, davam etmədi. Bütün restoranları belə bir sistemin yaradılmasını çağırırıq. İstehlakçı mətbəxdə və anbarda gedən prosesləri görməlidir.
Restoran sahibindən rüşvət istəyənlərə gəldikdə isə həmin sahibkarlara səslənirəm; heç kimə nə rüşvət, nə də yemək verin. Dövlət orqanları arxanızdadır. Hökumət istehlakçılara qarşı səhv siyasət yürüdür. İstehlakçı hüquqları arxa planda qalıb, yalnız biznes qurumları dəstəklənir”.

E.Hüseynov söyləyib ki, sahibkar istehlakçının istədiyi məlumatı verməyə borcludur:

“AİB alıcı hüquqlarını qorusa da, əhali bizə də məlumat verə bilər. Sizdən alınan rüşvətlərin qarşısını ala bilərik. AQTA qaynar xəttinə (1003) də zəng etmək olar. AQTA-nın əməkdaşlarının rüşvət istədiyini güman etmirəm. Həmin qurumda ictimai şuranın üzvüyəm. Daim AQTA-nı tənqid edirəm ki, onlar mediada yayımlanan məsələləri izləmirlər. Əhalinin telefon zənglərinə adekvat cavab verilməlidir, ictimai nəzarətin böyük rolu var. Xüsusən regionlarda, fəxrlə danışdığımız ipək yolu üzərində olan restoranlarda belə hallara rastlanılır.

İşçilərin tibbi yoxlamadan keçməsi ilə bağlı sənədlərinin əskəriyyəti saxtadır. Sovet vaxtından qalan ənənədir. Restoran xidmətindən istifadə edən istehlakçının malın və xidmətin istənilən parametri barədə məlumat almaq hüququ var.

Bu istehlakçıların hüquqlarının müdafiəsinə dair qanunda öz əksini tapıb. İstehlakçılar zalında monitor, mətbəxi və anbarı açıq izlənilməsi mümkün olan restoranlara üstünlük verməlidilər”.
 
Ardını oxu...
Bakıda məşhur restoranın rəhbərliyi ağacları qanunsuz olaraq kəsdirib.

Bu barədə "Report"a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Belə ki, Xidmətin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Bakı şəhərinin Nizami rayonunda, eyni zamanda Lənkəran, Xaçmaz, Bərdə və Goranboy rayonları ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Nizami rayonu Mikayıl Əliyev küçəsi 9 ünvanında “Neolit” restoranı, Lənkəran rayonu Təngivan kəndində “Profco” MMC, Xaçmaz-Xudat avtomobil yolunun kənarında Nərəcan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Bərdə rayonu Tumaslı kəndində kənd sakini Taleh Orucov, Goranboy rayonu Səfikürd kəndində kənd sakini Arif Yusifov tərəfindən kəsildiyi məlum olub.

Faktlarla bağlı akt tərtib edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.
 
Ardını oxu...
Son günlər Bakı Slavyan Universitetinin (BSU) Əlavə və Qiyabi Təhsil Şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırması mətbuatda geniş müzakirələrə səbəb olub.

Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə barəsində məcburi məhkəməyə gətirilmə qərarı qəbul olunmuş BSU-nun sabiq rektoru Nurlana Əliyevanın ölkədə olmadığı elan olunub. Məlum olub ki, N. Əliyeva məcburi gətirilmə ilə bağlı vəsatət müzakirə olunan vaxt ölkədən gedib. Bir çoxları bunu sabiq rektorun məhkəmədən yayınmaq üçün ölkədən qaçması kimi təqdim etməyə başladılar.

Hakim Əli Məmmədov deyib ki, aidiyyəti orqanlar vasitəsilə Nurlana Əliyevanın ölkə sərhədlərinə daxil olmadığı barədə məlumat alıb. Onun hazırda Türkiyənin Ankara şəhərində olduğu bildirilir. Qeyd edək ki, məhkəmə N. Əliyeva barəsində yanvarın 18-də keçirilən iclasda qəbul olunan qərarı qüvvədə saxlayıb. O, ölkəyə daxil olan kimi polis vasitəsilə məhkəməyə gətiriləcək.

Məlumat üçün qeyd edək ki, Baş Prokurorluq Dürdanə Əliyevanın tələbələrin təhsil haqlarını mənimsəməsi ilə bağlı 25 yanvar 2021-ci il tarixdə cinayət işi açıb. D.Əliyeva Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə ittiham olunur.

Onun universitetdə ikinci ali təhsil alan 100 tələbənin 1000-7000 civarında təhsil haqqını xəzinəyə köçürməyərək mənimsədiyi, həmçinin bir sıra şəxslərdən universitetdə işə düzəltmək və başqa adlarla pul alaraq onları aldatdığı bildirilir.

“Aydan arı, sudan duruyam”

Qeyd edək ki, sabiq rektor yerli mətbuata açıqlamasında ölkədə olduğunu, barəsində yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib: “Mən Türkiyədə olduğuma görə, məhkəmə proseslərinə gedə bilməmişdim. Mənim məhkəməyə zorla aparılmağıma lüzum yoxdur, növbəti prosesə özüm gedəcəyəm. Mənim ölkədən qaçmağım barədə deyilənlər yalandır. Mən aydan arı, sudan duruyam, hazırda evimdə oturmuşam. Məhkəməyə də ona görə getməmişəm ki, bu barədə mənə hər hansı rəsmi bildiriş gəlməyib”.

“Təkbaşıma etməmişəm...”

Ötən ilin fevralında keçirilən məhkəmə iclasından sonra BSU-nun eks-şöbə müdiri Dürdanə Əliyeva mətbuata açıqlamasında sözügedən əməli təkbaşına törətmədiyini bildirərək, BSU-nun sabiq rektoru Nurlana Əliyevanın və həmin vaxt mühasib işləyən şəxsin də məsuliyyətə cəlb olunmasını tələb edib.

“Musavat.com”un əldə etdiyi məlumata görə, sabiq rektor mətbuata açıqlamasında “növbəti məhkəməyə gəlib ifadə verəcəm” desə də, ölkəyə qayıtmayıb.

Onu da qeyd edək ki, haqqında yayılan rüşvət məsələləri ilə daim gündəmdə olan sabiq rektor hazırda sözügedən məhkəmə proesində şübhəli şəxs statusunda deyil. Nədənsə 1 ildən artıqdır davam edən istintaq prosesində hadisələrin mərkəzindəki əsas fiqur hesab olunan Nurlana xanım indiyə qədər bir dəfə də olsun məhkəmədə iştirak etməyib. Əvəzində belə qalmaqallı işdə adı hallanan və elə və bu yeyinti faktı əsasında kreslosuyla vidalaşan Nurlana Əliyeva ölkədən qaçaraq, bütün diqqətləri öz üzərinə çəkib.

Bəs, görəsən 77 yaşlı sabiq rektoru bu yaşında Ankaraya aparan səbəb nədir? “Aydan arı, sudan duruyam” deyən N. Əliyeva niyə məhkəməyə gəlməkdən boyun qaçırır? İstər-istəməz belə qənaət yaranır ki, N. Əliyeva vaxtilə vəzifədə olarkən yol verdiyi nöqsanlara görə cəzalandırılmaqdan, korrupsiya cinayətlərinin üstünün açılmasından və bu yaşında ömrünün son illərini dəmir baramaqlıqlar arxasında keçirməkdən qorxur.

Qeyd eək ki, filologiya elmləri doktoru, professor, AMEA Nizami adına Dilçilik İnstitutunda Şura üzvü, Azərbaycan Respublikası Əməkdar Müəllimi, “Şöhrət” ordeni sahibi, 1990-2016-cı illərdə(26 il) M.Ə.Sabir adına Pedaqoji Kollecin direktoru, 2016-2021-ci illərdə Bakı Slavyan Universitetinin rektoru, 2009-2021-ci illərdə (12 il) YAP Qadınlar Şurasının sədri olan N. Əliyeva daim qalmaqallı hadisələrlə gündəmə gəlib.

“Susmaq razılıq əlamətidir”

Sabiq rektor 2016-c ildə BSU-ya təyin olunduğu ilk gündən “adından söz etdirməyi” bacarmışdı. Onun da ilk işi sələfləri kimi, öz kreslosunu və otağındakı mebelləri yeniləmək olmuşdu. Ancaq sabiq rektor öz otağıyla kifayətlənməmiş, binanın fasadını da yeniləməyi qərara almışdı. Rektorun qərarı əsasında BSU-nun giriş hissəsinin fasadında Azərbaycanın tanınmış şair və yazıçılarının - Nizami, Mirzə Fətəli Axundov, Nəsimi, Nəriman Nərimanov və Məhsəti Gəncəvinin təsvir olunduğu mozaika sökülmüşdü.

Böyük narazılığa səbəb olan həmin hadisəyə sabiq rektor bu cür reaksiya vermişdi: “Əvvəl mozaika söküldü, sonra yarıda saxlanıldı. Təhsil nazirinə məktub yazdıq. Fasadın dizaynını da göndərdik. Təhsil Nazirliyində məktuba baxıldı, ancaq bizə cavab gəlmədi. Sözün düzü, mən belə başa düşdüm ki, yəqin, razıdırlar və ona görə cavab vermirlər. Razı olmasaydılar, zəng vurub deyərdilər ki, sökülmə prosesini dayandırın”.

Xatırladaq ki, 2016-cı ilin 2 sentyabr tarixində Təhsil Nazirliyində ali təhsillə bağlı kollegiya iclası keçirilmiş, həmin iclasın yekununda BSU-da aparılan təmir işlərinə zəruri nəzarətin təmin edilməyərək qanunvericiliyin tələblərinin və icra intizamının pozulmasına görə təhsil müəssisəsinin rektoru N. Əliyevaya ciddi xəbərdarlıq edilmişdi.

BSU-da “korrupsiya tüğyanı”

N. Əliyevanın BSU-dakı rektorluğunun birinci ilindən etibarən universitetdə korrupsiya, rüşvət və “tapşırıq” ön plana çıxmışdı. Ümumiyyətlə, bu günün acı reallığı budur ki, bütün təhsil müəssisələrimizdə üzdə olmasa da, rüşvət mövcuddur.


BSU-nun bu təhsil ocaqlarından fərqi onda idi ki, rüşvət açıq-aşkar istənilirdi və alınırdı da. Hazırda qiymətin dəyişib-dəyişmədiyini deyə bilmərik, amma N. Əliyevanın fəaliyyəti dövründə kəsirə görə 200 manat civarında rüşvət alınırdı. İmtahana daxil olmadan ödəniş edən tələbələrə “güzəşt” tətbiq olunurdu və bu zaman 150 manat rüşvət ödənirdi. Korrupsiya şəbəkəsinə isə dekan və dekan müavinləri daxil idi.

Dekan müavinləri semestr imtahanları dövründə topladıqları pulları dekanlara, onlar da öz növbəsində başdakı şəxsə çatdırırdılar. Bu ənənə 2016-2020-ci illərdə sözügedən formada davam edib. Həmin dövrdə BSU-da rüşvət alınmayan tələbə tapmaq müşkül idi. Çünki suni əngəllərlə (aşağı bal yazaraq, imtahan vərəqini təkrar-təkrar yoxlayaraq və s.) tələbəni əmin edirdilər ki, imtahana girməyin heç bir anlamı yoxdur. Ona görə də tələbələrin əksəriyyəti 50 manatlıq “güzəşti” nəzərə alıb, elə imtahan öncəsi bu pulu verməyə məcbur olurdu.

Rusiya səfirliyinin təlimatı və Yevgeni Primakova həsr olunan müsabiqə...

2019-cu ildə BSU-da böyük rezonans doğuran daha bir hadisə həmin ilin oktyabrında tələbələr arasında Azərbaycan xalqına düşmən münasibət bəsləyən, keçmiş Sovet İttifaqının və Rusiyanın rəhbərliyində təmsil olunan Yevgeni Primakovun 90 illik yubileyi münasibətilə keçirilən esse müsabiqəsi idi.

1990-cı il yanvar ayının 20-də Sovet qoşunlarının Azərbaycan paytaxtına soxulmasında və qanlı hadisələrin törədilməsində, Qarabağ məsələsində, eləcə də ümumilikdə Rusiyanın imperiyaçılıq siyasətində ən aparıcı fiqurlardan olan Primakovun Azərbaycanda görkəmli dövlət xadimi kimi anılması səs-küysüz ötüşməmişdi. O vaxt yerli mətbuat və sosial şəbəkə istifadəçiləri Nurlana Əliyevanı Azərbaycanın milli maraqlarına xəyanət etməkdə suçlayaraq, onun cəzalandırılmasını tələb etmişdilər.

Həmin vaxt BSU rəhbərliyinin bu məsələyə münasibəti isə daha biabırçı olmuşdu: “Yevgeni Primakovun 90 illik yubileyi və onun XX-XXI əsrin qovşağında beynəlxalq münasibətlərdə rolu ilə bağlı keçirilmiş esse müsabiqəsi Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin layihəsi olub. BSU-nun yazı müsabiqəsinin qalibi olmuş tələbələri Səfirliyin BSU-ya rəsmi məktubu əsasında həmin yazı müsabiqəsində iştirak ediblər. Bir faktı da xüsusi qeyd etmək istəyirik ki, Rusiya Federasiyası Azərbaycanın böyük və qüdrətli qonşusudur. Tarixən ölkələrimiz arasında sıx siyasi, iqtisadi, mədəni əlaqələr mövcud olub”.

Göründüyü kimi, sabiq rektorun tapşırığı əsasında hazırlanan açıqlamada Azərbaycan xalqından üzr istəmək əvəzinə, Rusiya səfirliyinin ölkəmiz əleyhinə olan (Həmin vaxt Rusiya səfirliyi Azərbaycan Dillər Universitetinə də Y. Primakovla bağlı müsabiqə keçirməyi təklif etmiş, lakin ADU bu təklifi rədd etmişdi-red.) bu addımına dəstək ifadə olunub.

Onu da qeyd edək ki, N.Əliyevanın bu anti-milli addımından sonra mətbuatda bir sıra ilginc iddialar yayılmışdı. Bu iddialarda hətta N. Əliyevanın erməni kökənli olduğu bildirilmişdi. Qeyd olunmuşdu ki, N. Əliyevanın anası Tamara adlı erməni qadını, atası isə azərbaycanlı olub...

“Harda müxalif düşüncəli adam gördüz, tüpürün üzünə”

Öz çıxışlarında jarqonlara üstünlük verən və bununla da öz səviyyəsini nümayiş etdirən N. Əliyeva universitet tədbirlərindəki çıxışlarında tez-tez müxalif şəxsləri, siyasətçiləri (Əbülfəz Elçibəyi misal göstərərək-red.) aşağılamağa, hətta təhqir etməyə çalışırdı.

Məsələn, 2019-cu ildə universitetdə H. Əliyevə həsr olunan tədbirlərdən birində çıxış edən N. Əliyeva belə bir cümlə işlətmişdi: “Harda müxalif düşüncəli adam gördüz, tüpürün üzünə”.

Bəli, bu, hər hansı küçə adamının yox, universistet rəhbərinin, illərin pedaqoqunun gənc tələbələr qarşısında işlətdiyi cümlədir...

Sadalanan faktlardan da aydın olur ki, sabiq rektor heç də özünün ifadə etdiyi kimi, “aydan arı, sudan duru” olmayıb. Əksinə, onun “BSU macəraları”yla bağlı düzgün araşdrıma aparılarsa, xeyli sayda gizli cinayətlərin üstü açıla bilər.

Elvin Bəyməmmədli

“AzPolitika.info”
 
Ardını oxu...
“Kəndimizə 4 il bundan əvvəl “Kənd İnvestisiya Layihəsi çərçivəsində su xətti çəkdilər. Amma bütün qış su üzünə həsrət qalmışıq”.

Bunu Meydan TV-yə Qax rayonu, İlisu kəndinin sakinləri bildiriblər. Sakinlərin sözlərinə görə, layihə təhvil veriləndən bu yana, bir gün olsa belə qışda su ilə təmin olunmayıblar.

“Kənddə təxminən 200-dən çox ailə hər ilin qış aylarında içməli su üzünə həsrət qalır. Halbuki, borulardan evlərə su xəttinin çəkilişi üçün özümüz pul ödəmişik. Borular yerin altından keçir”,- sakinlərdən biri deyib. O, dövlət müəssisələrinin birində çalışdığından işdən çıxarılma qorxusu ilə adının mətbuatda açıqlanmasını istəməyib.

Sakinlərin sözlərinə görə, kənddə əhalinin 50 faizə yaxını su problemindən əziyyət çəkir.

İlisu Qaxın ən çox turist cəlb edən kəndlərindən biridir. Kəndin 1300-dən artıq sakini var. Şikayətçilər deyiblər ki, layihə çərçivəsində çəkilən borular torpağın altı ilə gedir, problem baş verdikdə müdaxilə etmək mümkün olmur.

Sakinlərdən Zahid Məmmədov isə bildirib ki, İlisunun qışda su problemi illərdir davam edir. Qış kənddə çox sərt keçir, insanlar qarlı-buzlu yollarda vedrələrlə su daşımağa məcbur qalıblar:

“Yayda turist çox gəlir, insafən su problemi də olmur. Hər il nə qədər turistin axın etdiyi kənddə insanlar çətin şəraitdə yaşayırlar. Şikayət edəndə isə Qax Rayon İcra Hakimiyyətinin xoşuna gəlmir. Su olmadığı halda sakinlər su pulu ödəyirlər. Narazılıq edənlərə isə deyirlər ki, yaya kimi birtəhər dözmək lazımdır. Kəndin aşağı tərəfində yaşayanların vəziyyəti daha ağırdır. Kəndin bu başından o biri başına gedb bir vedrə su götürürlər. Su gələn evlərdə də təzyiq o qədər aşağı olur ki, bir vedrə su yarım saata dolur”.

Sakinlər onu da deyiblər ki, yağan qarı əridib, onun suyu ilə yuyunanlar var. Suya ehtiyaclarını ya qar, ya yağışın hesabına ödəməyə çalışırlar.

İlisu Kənd Bələdiyyəsindən isə Meydan TV-yə bildiriblər ki, hazırda kənddə qar yağır, nəinki borular hətta torpaq donub. Buna görə də, suyun verilməsində müəyyən çətinliklər var:

“Hava şəraiti düzələndən sonra isə su gəlir. Ümumiyyətlə kənddə içməli su çətinliyi yalnız hava şəraiti ilə bağlıdır”.
 //Meydan TV//

Ardını oxu...
Regional Təhsil İdarələri yaranan ilk günlərdən sanki təhsil idarələri deyil də, təsərrüfat idarələri yaradılıb… Bütün gücü səfərbər ediblər təsərrüfat işçilərinin üzərinə. Lənkəran-Astara Regional Təhsil İdarəsinin günü təsərrüfat işçilərini pusmaqla keçir… Bunların təbirincə Təsərrüfat işçisi yerindədirsə təhsilin keyfiyyəti 100%-dir demək… Nə təhsilin keyfiyyəti ilə maraqlanırlar, nə məktəbin şəraiti ilə, nə də ki, invertar çatışmazlığı ilə. Və yaxud təsərrüfat işçisinin sanitar-qovşaq otağı varmı, onların xidməti otaqları, əmək şəraiti hansı vəziyyətdədir? Bunlarla maraqlanan yoxdur. Ən acınacaqlı vəziyyət Yardımlı rayonundadır desək yanılmarıq. Çünki Yardımlı rayon təhsilini küncə elə sıxışdırıblar ki, sadəcə onun Kəlimeyi-Şəhadətin oxuyan lazımdır. Məsələn: digər rayonlarda dərnəklərin pulu tam ödənildiyini halda, Yardımlı rayonunda bu hələ də ödənilməyib. Digər rayonlarda idman qrupları artdığı halda, Yardımlı rayonunda bu qruplar kütləvi şəkildə azaldılıb. Bəlkə də düşünürlər ki, Yardımlı dağ rayonudur, fiziki cəhətdən sağlamdırlar, orada idmana ehtiyac da yoxdur bəlkə bilmirik. Bircə onu bilirik ki, Yardımlı təkcə Allahın ümidinə qalıb… Yardımlıda milyonlarla vəsait xərclənərək tikilən məktəb binaları hələ də balansa keçirilməyib. Çünki, bu hal tikinti şeflərinə sərf etmir və Lənkəran-Astara Regional Təhsil İdarəsinin maliyyə sektorunun müdiri Rəhim Rəhimli də buna cürət belə edə bilmir. Rəhimin gücü təsərrüfat işçilərinə çatır. Onu də əlindən gələni əsirgəmir… O boyda maliyyəni tapşırıblar Respublikanı talayıb-somuran Ziya Məmmədovun kəndçisi Rəhim Rəhimliyə ki, sən də buradan tala getsin… İmkan da düşən kimi işçini ixtisar edirlər ki, get acından öl… Sanki Lənkəran-Astara Regional Təhsil İdarəsi deyil də antiməşğulluq mərkəzidir…Bəlkə də bu işləri bilərəkdən Elxan müəllimə “badalaq”atmaq üçün təşkil edirlər? Lənkəran- Astara Regional Təhsil İdarəsində sanki insanları dövlətdən narazı salmaqdan ötrü, bir “şəbəkə” yaradıblar. Məktəblərə daxil olanda hay-həşir salıb pedaqoji kollektivi qorxu altında saxlamaqçün gedişlər edirlər. Nəzərinizə çatdırırıq ki,Regional Təhsil İdarəsi 6 rayonun Təhsil şöbələrinin bazası hesabına yaradılıb. Bunlar unutmuşlar ki, korrupsiya hallarını özləri yaxşı bilirlər harada axtarmaq lazımdır.Rəhim Rəhimov bunu daha yaxşı bilir,güman edirik. Bu yaxınlarda Yardımlı rayon təhsil sektorunun müdiri müvəqqəti işə çıxmadığına görə təcrübəsi olmayan, heç yerdə tanınmayan Şəhriyar adlı birini onun yerinə cəsusluq etməyə göndəriblər ki, get sən də bir az xaraba qoy gəl… Elə bil təhsil işçiləri qırılmışdı, bircə bu qalmışdı, çarəsizlikdən bunu görəv başına göndəriblər… Çox çətindir, çox çətin. Yardımlı təhsilini məhv etməyə çalışanların arzusu ürəklərində qalacaq bilirik. Amma etibarlı əllərdə olsaydı Yardımlı kimi qızılbaşlar məkanından neçə-neçə alimlər, düşünən beyinlər, istedadlar yetişəcəkdi… Çox təəssüf ki, Yardımlı camaatı da bu işlərə etinasız yanaşır. Sonra güc olacaq əfəndim gec olacaq… Bax onda dizlərimizə döyməyin heç bir faydası olmayacaq… Nə deyirik: Allah bəlaların versin təhsilimizi bu günə qoyanların…

araz.az
Ardını oxu...
Azərbaycanda bir çox insan özəl əmlaka sahib olasa da, ondan istifadə etmək və onun barəsində sərəncam vermək imkanları məhduddur. Mənzil haqqının məbləğinin müəyyənləşdirilməsindən tutmuş yaşadığı mənzilin yerləşdiyi torpaq sahəsi üzərində sərəncam verməyə qədər olan məsələləri mülkiyyət sahibi yox, Mənzil-Kommunal Təsərrüfatları (MTK) verir. Əhalidən davamlı olaraq zibil pulu, mənzil haqqı, lift pulu yığdıran MTK-lar qanunvericiliyin ona verdiyi vaxt limiti tələbini pozaraq süni surətdə ömrünü uzadır.
Halbuki MTK-lar hüquqi statusuna görə istehlak kooperativi hesab olunur. Kooperativ binanın tikintisi başa çatıb çoxmənzilli bina istismara veriləndən sonra MTK-lar ömrünü başa vurmalı, binanın idarə edilməsi ilə bağlı qərarı bina sakinləri verməlidir. Mənzil Məcəlləsinə görə, dövlət mənzil fondu müvafiq dövlət qurumları, bələdiyyə mənzil fondu bələdiyyələr tərəfindən idarə olunur. Özəl mənzil fondu isə mülkiyyətçinin birbaşa özü və ya onun seçimi əsasında idarəedici təşkilat tərəfindən idarə olunur. Amma praktikada qanunun bu tələbinə əməl olunmur. Təsadüfi deyil ki, mənzil tikintisi artdıqca dövrü mətbuatda və sosial şəbəkələrdə MTK-ların fəaliyyətindən narazılıqların artdığını görürük.

Əsas şikayət isə mənzillərə xidmətə görə haqların yüksək olması və ya onun sakinlərin rəyi nəzərə alınmadan dövrü olaraq artırılması ilə bağlıdır. Digər problem sahə mülkiyyətçiləri tərəfindən yaşayış sahəsinin saxlanması haqqı ödənilmədiyi təqdirdə MTK tərəfindən mənzilin elektrik və istilik enerjisi, qaz və su təminatının dayandırılması ilə bağlıdır. Bir sözlə, tikinti şirkətləri qanunvericiliyin bütün tələblərini gözardı edərək özəl mənzil sahiblərinin idarəetmədən kənarda qalmasına nail olublar. Lakin bu özbaşınalıqla razılaşmayan sakinlərin müraciətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb və iddiaçıların tələbinə uyğun olaraq tikinti şirkətinin binadan çıxarılması ilə bağlı qətnamə qəbul edilib.

TEREF.AZ-ın məlumatına görə, hüquqşünas Əkrəm Həsənov “Şərq”ə açıqlamasında bildirib ki, Mənzil Məcəlləsinə görə, çoxmənzilli binaları sakinləri ümumi yığıncaqla idarə etməlidir. Lakin tikinti şirkətləri buna imkan vermir:

“Sakinlərin savadsızlığı və birləşməyi bacarmamasından istifadə edərək binanı idarə etməyə və sakinlərdən pul sovurmağa davam edirlər. Hətta onlara ödəniş etməyən sakinlərə zülm edir, məhkəməyə müraciət edərək ödəniş də tələb edirlər. Əksəriyyət elə düşünür ki, guya, çoxluğa malik olmayan sakinlər məhkəməyə müraciət edə bilməz. Bu yanaşmanı alt-üst etmək üçün yaşadığım binadan başladım. Binanı guya sakinlərin çoxu ilə müqavilə bağlamış Novruz Zeynalov adlı tikinti maqnatına məxsus “Komfort Yaşam” MMC idarə edir. Halbuki ümumi yığıncağın və ya bələdiyyənin qərarı olmadan sakinlərlə müqavilə bağlanıla bilməz. Çünki söhbət binanın ümumi mülkiyyətdə olan əmlakının idarə edilməsindən gedir. İddia tələbimi də sırf bunun üzərində qurdum.

Xətai Rayon Məhkəməsi (hakim Aygün Həsənova) iddiamı təmin etmədi. 10 fevral 2023-cü il tarixdə isə Bakı Apellyasiya Məhkəməsi hakim Xumar Mərdanovanın sədrliyi ilə qərara aldı ki, ümumi yığıncağın iradəsi olmadığı üçün “Komfort Yaşam” MMC binanı qanunsuz idarə edir, buna görə də binadan çıxarılmalı və onun idarəetməsindən kənarlaşdırılmalıdır. Qətnaməni dərc edirəm.

Düzdür, məhkəmə indiyədək guya faktiki xidmət göstərdiyi üçün MMC-yə ötən dövr üçün ödənişlərin edilməsi qənaətində də qaldı. Yanlış mövqedir, çünki binanı zəbt etmiş şəxsə hansı ödənişdən söhbət gedə bilər axı! Amma bu, əsas məsələ deyil. Əsas odur ki, ölkədə ilk dəfə cəmi bir neçə (dörd) sakinin iddiası ilə tikinti şirkəti idarə etdiyi binadan çıxarılacaq. Yəqin ki, tikinti şirkəti Ali Məhkəməyə şikayət edəcək.

Amma bu, artıq heç nəyi dəyişə bilməz. Düzgün yanaşma öz təşəkkülünü tapacaq. Bu qətnamə digər binaların sakinləri üçün örnək olacaq. Odur ki, tikinti şirkətlərini binalarınızdan qovun, idarəetməni öz əlinizə alın”.
 
Ardını oxu...
TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri olmuş Elmir Bəşirovun Respublika Klinik Xəstəxanasının baş həkimi təyin olunması ilə Əmək Məcəlləsinin pozulduğu iddia edilir.

Qaynarinfo-ya daxil olan məlumatda bildirilir ki, Elmir Bəşirovun hazırda 71 yaşı var. Əmək Məcəlləsinin 10-1.1 maddəsinə görə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.

Məcəllənin 10-1.2-ci maddəsində isə qeyd edilib ki, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

Beləliklə, qanun 71 yaşlı Elmir Bəşirovun baş həkim təyin olunmasını qadağan edir. Bəs TƏBİB nə deyir?

Qurumdan Qaynarinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, Elmir Bəşirovun təyinatı qanun pozuntusu deyil:

"Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarının 1.3-cü bəndinə əsasən işlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması 70 yaşdan yuxarı işçinin fəaliyyətinə davam etdirilməsi üçün imkan yaradır. Qeyd edək ki, Elmir Bayram oğlu Bəşirov professordur”.

Əmək Məcəlləsinin 10-1.3 maddəsində də qeyd edilir ki, elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər.

Əmək Məcəlləsinin 10-1.3.-cü maddəsindən də göründüyü kimi, hətta nəzərdə tutulan xüsusi halda belə söhbət işçinin işlədiyi HƏMİN müəssisədə əmək müqaviləsinin uzadılmasından gedir. Qanunun heç bir maddəsində 71 yaşlı işçinin yeni müəsisədə yeni vəzifəyə təyinatına icazə verilmir. TƏBİB sədrinin 71 yaşlı professorun müşavirliyinə ehtiyacı var idisə, onunla müqaviləni daha 1 il uzada bilərdi. Amma onun başqa bir müəssisədə hər hansı vəzifəyə təyin olunması yolverilməzdir. Bunu biz demirik, qanun deyir. Elmir Bəşirovun Respublika Klinik Xəstəxanasına baş həkim təyin olunması, onun çalışma müddətinin uzadılması anlamına gəlmir. Bu, yeni təyinatdır və qanunaziddir.
Ardını oxu...
Hər kəsin “Sabunçu”xəstəxanası kimi tanıdığı 3 saylı Şəhər Klinik Xəstəxanasından şikayətlərin ardı-arası kəsilmir. Xəstəxanada çalışan tibbi personalın xəstələrə laqeyd münasibətindən və xidmətin keyfiyyətindən gileylənənlər kifayət qədərdir. Öz qanunları ilə fəaliyyət göstərən bu tibb müəssisəsini el arasında “morq” da adlandıranlar var. “Bu xəstəxanaya sağ girib, ölü çıxırsan” deyə fikirlər isə ictimaiyyətin ən məşhur statusuna çevrilib...

TEREF.AZ bildirir ki, sözügedən xəstəxana ilə bağlı Bizim.Media-ya bu dəfə Bakı sakini Sara Kərimova şikaytlınib.

Üzləşdiyi problemlərdən danışan şikayətçi yanvarın 30-da 3 saylı Şəhər Klinikasına yerləşdirilən anası 1966-cı il təvəllüdlü Lalə Kərimovanın yanvarın 31-də həkim laqeydliyi və xidmətsizliyi ucbatından vəfat etdiyini iddia edib, ölümə səbəb olanların cəzalandırılmasını tələb edib:

“Yanvarın 30-da anamın vəziyyəti gərginləşdiyi üçün evə təcili yardım çağırdıq. Anamın təzyiqi 240-a çatmışdı. Tibbi müdaxilədən sonra təzyiqi 170-ə düşdü. Sadəcə şəkəri ilə bağlı narahatlığı vardı.

Təcili yardım həkimləri onun 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilməsini məsləhət bildilər. Əslində anamın “Sabunçu” xəstəxanasına aparılmasını istəmirdik. Çünki o tibb müəssisəsi barədə çoxsaylı neqativlər eşitmişdik. Nə yazıq ki, real şahidi olduq.

Xəstəxanaya yerləşdiriləndən sonra anamın özəl xəstəxanalardan birinə köçürülməsini istəsək də, həkimlər “tərpətmək olmaz” dedilər. Razılaşıb, gözlədik. 1 saat 40 dəqiaədən çox vaxt keçdi, anamı müayinə etmək üçün həkim tapılmadı.

Elə anam da o halı ilə dəhlizdəcə gözləməli oldu. Xeyli müddət keçəndən sonra bir həkim aqressiv şəkildə yaxınlaşaraq “mən tək, xəstə çox” deyə deyinməyə başladı. Çox çətinliklə və “hörmət” qarşılığında anamı palataya yerləşdirə bildik.

Orada vəziyyəti daha da pisləşdi, şəkər və yüksək təzyiqə görə insult keçirdi. Dəfələrlə həkim tələb etdik, reaksiya verən olmadı. Arada tibb bacısı yaxınlaşaraq sidikqovucu dərman verib gedirdi. Həkim isə ümumiyyətlə gözə dəymədi”.

Şikayətçinin sözlərinə görə xahişləri ilə xəstə reanimasiya şöbəsinə yerləşdirilib. Amma anaya orada da laqeyd münasibət göstərilib:

“Təsəvvür edin, anamı reanimasiya şöbəsinə aparmaq üçün tibbi personal yoxdur. Onu özümüz daşıdıq. Reanimasiyaya yerləşdiriləndən sonra şöbə müdiri Anar həkim içəridə xəstələrin kamera nəzarətində olduğunu deyərək, bizə gözləməyə icazə vermədi.

Reanimasiya həkimi Gülayə Əbilova isə anamın müalicəsi üçün 200 manatlıq resepti əlimizə verib, “bu dərmanları “Elite” aptekdən alıb gətirin. Başqa aptekdən almayın, mən yazdığım dərmanlar yalnız oradadır” deyə bildirdi.

Həkimə anama yaxşı baxması üçün “hörmət” edib, xəstəxanadan çıxdıq. Saatlarla həkimin dediyi aptekləri axtardıq. İş vaxtı bitdiyi üçün həmin aptelin bütün filialları bağlanmışdı. Həkimə zəng etdik ki, “Elite” apteklər bağlıdır. Təkid etdi ki, “mütləq oradan almalısınız.

Yaxşı gözləyin, səhər alarsıznız” dedi. Gözümüzə həmin günü yuxu getmədi. Anamın vəziyyətindən çox narahat idik. Bir neçə dəfə xəstəxanaya zəng etdik ki, durumu öyrənək, götürən olmadı. Gecə saat 4-də həkim zəng edib anamı ürək aparatına qoşduqlarını məlumat verdi.

Özümüzü xəstəxanaya çatdıranda həkim “ananız çoxdan keçinib, sadəcə özüm demirdim. Zatən ananızı reanimasiyaya gətirəndə bilirdim ki, o keçinəcək” dedi. Sual yaranır, əgər anamın ölümünü həkim əvvəlcədən bilirdisə, əlimizə dərman siyahısı niyə vermişdi? Dövlət məgər xəstəxanaları dərmanla təchiz etmir? Şəkəri ölçmək üçün lazımi avadanlıqlar niyə xəstəxanada olmasın ki? Heç kimi günahlandırmıram, ola bilər ki, anamın taleyi o yaşa qədər yazılıb. Amma dəqiq əminəm ki, anamı ölümünə məhz həkim laqeydliyi, məsuliyyətsizliyi, xəstəxana özbaşınalığı və tibbi xidmətsizlik səbəb oldu. Dediyimdə yalnışamsa, əksini sübut etsinlər”.

Sara Kərimova qeyd edib ki, dəfələrlə reanimasiya şöbəsinin müdirindən anasının ölüm anı ilə bağlı kamera görüntüsünü tələb etsə də, qarşı tərəf nala-mıxa vuraraq, bu görüntüləri ailədən gizlədib:

“Anamı dəfn edəndən sonra Anar həkimin qəbuluna getdim. Bildirdim ki, reanimasiya qarşısında gözləməyə məhz kamera görüntüsünə görə icazə vermədiz. İndi bizə bu görüntüləri təqdim edin, əmin olaq ki, anama orada xidmət göstərilib. Anar həkim isə “bizdə kameralar yoxdur” deyib. Yəni əvvəl dediyi sözü təkzib edib.

Məsələ ilə bağlı polisə müraciət edəcəyimi deyib xəstəxanadan çıxdım. Bir ay keçəndən sonra Anar həkim mənə zəng edərək, “gəlin görüntülərə baxın” dedi. Çox güman ki, polisə müraciıtimdən ehtiyatlanmışdı. Getdim, 2 dəqiqəlik videoda anama aid heç nə görmədim. Çarpayıdakı xəstənin anam olduğunu sübut edəcək fakt təqdim olunmadı.

Bəlkə də başqa xəstəyə aid kəsilib hazırlanmış kiçik bir videogörüntülər idi. İndi də tələbim odur. Anamın reanimasiya şöbəsində olduğu müddətin bütün görüntülərinə aydın şəkildə baxmaq istəyirəm. O zaman xidmət barədə rəy verəcəyəm. Bunu mənə təqdim etsinlər, başqa heç nə istəmirəm”, - deyə şikayətçi əlavə edib.

Qeyd edək ki, Sara Kərimova məsələ ilə bağlı Sabunçu Rayon Polis Şöbəsinə və Sabunçu Rayon Prokurorluğuna müraciət edib. Rayon Prokurorluğundan şikayətçiyə cinayət faktı baş vermədiyi üçün müraciətin əsassız olduğu bildirilib. Şikayətçi tələbi ilə bağlı fevralın 27-də Tibbi Ərazi Bölmələri İdarəetməsi Birliyinə (TƏBİB) də müraciət edəcəyini də vurğulayıb.

3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya həkimi Gülayə Əbilova barəsindəki ittihamlara isə belə cavab verib:

“Mən növbədəydim. Lalə Kərimovanı saat 1-də Nevrologiya şöbəsinə yerləşdirmişdilər. Mənə məlumat gəldi ki, xəstə orada pisləşib. Onu təcili baş-beyin qan dövranının ilkin diaqnozu ilə reanimasiya şöbəsinə köçürdük. Xəstə yaxınlarına heç bir dərman-filan aldırmamışıq.

Hər şey şöbədən olunub. Xəstənin kürəkəni Arifə tez-tez məlumat vermişəm və Lalə Kərimovanın vəziyyətinin ağır olduğunu, hətta telefonu 2-3 saat ərzində “açıq qoyun” demişəm. Mən 16 ilin işçisiyəm və xəstəyə baxanda bilirəm ki, durumu nə yerdədir. Xəstə bizə koma vəziyyətində qusaraq daxil olub.

Mən xəstəni süni tənəffüs aparatına belə qoşmuşam və o da bizim kameralarda öz əksini tapıb. Onlarla heç bir konfliktim olmayıb və heç bir dərman alınmayıb. Mən öz işimi yüksək səviyyədə və protokola uyğun şəkildə yerinə yetirmişəm. Bütün xəstələrə necə lazımdırsa, baxılır”.

Gülayə Əbilova reseptlə bağlı məsələyə də münüasibət bildirib. O, xəstə yaxınlarının ona şər-böhtan atdığını deyib:

“Ağ yalan danışırlar. "MediSmart Diabet" şəkər ölçən aparatı da başqa xəstədən götürmüşəm. Bizdə “MediSmart” yoxdur. Gətirsinlər o resepti mənə göstərsinlər. Yalana və şantaja görə mən də onları məhkəməyə verəcəyəm. Bu qədər ağ eləməsinlər. Hər şeyimiz var. Bir dərman belə alıb verməyiblər”, - deyə həkim özündən çıxıb.

TƏBİB-dən saytımıza isə məsələ ilə bağlı araşdırma aparıldığı bildirilib.
Ardını oxu...
ABŞ-da çirkli pulların yuyulmasına görə həbs edilən məşhur İranlı iş adamı Rza Zərrab hansısa şərtlər müqabilində zaminə buraxılsa da, onun Türkiyəyə qarşı alətə çevrilməsi, İranda və Azərbaycanda olan biznes şəbəkələri hələ də medianın gündəmindədir. Zərrabı Azərbaycanla bağlayan təkcə güneyli olması, Təbrizdə doğulması deyil, həm də ölkəmizdə olan və ona milyardlar qazandıran böyük şirkətləridir. O şirkətlər ki, bu gün İranla sıx bağlılıqda, molla rejiminə işləməkdə ittiham olunurlar. Zərrab həbs ediləndə də, həbsdə olduğu müddətdə də, elə indi də...

Zərrab əvvəllər qəzetlərin əyləncə bölmələrində tanınsa da, o, 2013-cü ildə nəhəng korrupsiya qalmaqalı ərəfəsində həbsilə daha da məhşurlaşdı.

Rza Zərrabın Azərbaycandakı şirkətlərini və onların “fəaliyyətlərini” təqdim etməzdən əvvəl iş adamının həbs olunma səbəblərinə, müsadirə olunan şirkətlərinə diqqət yetirək.

O, ABŞ-da İrana qarşı maliyyə sanksiyalarını pozmaqda, qeyri-leqal pulyuma əməliyyatları təşkil etməkdə güanhlandırılıb. Lakin Zərrab istintaqla anlaşaraq Türkiyənin dövlət bankı “Halkbank”ın idarə heyətinin sədr müavini, iş üzrə ABŞ-da həbs edilmiş Hakan Atillanın əleyhinə ifadə verməyə razılaşıb. Habelə İran pullarını yumaq üçün Türkiyəli bəzi nazirlərlə rüşvət qarşılığında anlaşdığını iddia edib. Bu da onu göstərir ki, o, elə əvvəlcədən ABŞ-da FETÖ-nü idarə edən çevrələrə bağlı olub. Zərrabın hay-küylü həbsində əsas məqsəd də ictimai rəyə onun Türkiyə hökumətinə bağlı, məxfi məlumatları bilən biri kimi sırımaqdı. Buna nail olduqdan sonra Zərrabı müttəhimdən şahidə çeviriblər. Bundan sonra Türkiyə hüquq-mühafizə orqanları Rza Zərrabın barəsində cinayət işi qaldırıb, onun bütün mülkünü İstanbul Cümhuriyyət Baş Prokurorluğu müsadirə edib. Belə ki, Zərrabla bərabər ona yaxın 23 nəfərin mülkü də müsadirə edilib.

Onlardan biri də “NAB Holding”in kiçik səhmdarı, holdinqin icraçı direktoru Omid Mohaghegh Eromidir. “NAB Holding”ə Nadir Mohaghegh Eromi, Bəhram Mohaghegh Eromi və Şahram Mohaghegh Eromi tərəfindən nəzarət edilir.

Şirkət Azərbaycan mətbuatında tez-tez gündəmə gətirilir, fəaliyyətində şübhəli məqamların olduğundan bəhs edilir. “NAB Holding” adı azərbaycanlılara bir qədər yad olsa da, ora daxil olan şirkətlər, əminik ki, hər kəsə tanışdır. 1988-ci ildə yaradılan holdinq 1994-cü ildən Azərbaycanda geniş biznes şəbəkəsinə malikdir. “Bank of Baku”, “Baku Electronics”, “Qafqaz Lizinq”, “Auto Azərbaycan” kimi şirkətlərin əsas sahibi “NAB Holdinq”-dir. Türkiyənin “İlgazetesi” nəşri “NAB Holdinq”-in Azərbaycanda fəaliyyət göstərən və adlarını qeyd etdiyimiz bu şirkətlərin səhmdarı olduğunu yazıb.

Ölkəmizə, onun zəif, böhranlı vaxtlarında – 1994-cü ildə gələn və bu günədək milyonlar qazanan “Baku Electronics” hazırda respublika üzrə 30 mağazada 60-dan çox rəsmi distribütoru olduğu brendlərin satışını həyata keçirir. Hətta iddia olunur ki, şirkət xarici ölkələrin kəşfiyyat orqanları ilə birgə çalışıb. Son günlər İranda baş verən olaylardan sonra möhkəm təşviş içərisində olduqları da qeyd olunur. Bir sözlə, onların təkcə biznes qurumları olmadığı söylənilir.

Bank fırıldaqçılığında ittiham olunan Rza Zərrab işini əvvəldən bildiyi üçün Azərbaycandakı şirkəti olan “Baku Electronics”i bacısının və onun həyat yoldaşının adına sənədləşdirib. Amma son günlər İranda ölkəmiz əleyhinə baş verənlər “Baku Electronics”-də ciddi təlaş yaradıb.

Eromi ailəsinin - Nadir, Şahram, Bəhram (Rza Zərrabın bacısının əri), Amid (Rza Zərrabın bacısının oğlu), o cümlədən də əmlakı müsadirə olunan Omid Erominin (Behram Erominin qardaşı oğlu) adları şirkətin rəsmi sənədlərində də yer almaqdadır.

“NAB Holdinq” şirkəti Türkiyədə rəsmi qeydiyyatdadır və baş ofisi İstanbulun Sarıyer məhəlləsindəki Heydər Əliyev küçəsində yerləşir. Ancaq buna rəğmən Eromi qardaşları bu ölkədə hansı sahədə fəaliyyət göstərdiklərini qabartmağa çalışmırlar. Bunu “NAB Holdinq”-in rəsmi veb-saytı olan “www.nab.com.tr”də yerləşdirilən məlumatlardan da görmək mümkündür. Saytda yer alan məlumatlardan belə başa düşülür ki, şirkətin fəaliyyəti tamamilə Azərbaycanla bağlıdır. Şübhəsiz ki, “NAB Holdinq”ın Azərbaycandakı əsas fəaliyyəti “Bank of Baku” və “Baku Electronics”-lə bağlıdır. 1994-cü ildən fəaliyyət göstərən “Bank of Baku”da “NAB Holdinq”-in əsas ortaqları keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyev olub. Fərhad və Rafiq Əliyev qardaşları 2005-ci ildə ağır ittihamlarla həbs olunsalar da, holdinq öz fəaliyyətini davam etdirib. Elə bu səbəbdən də “NAB Holdinq”-in arxasında daha böyük güclərin dayandığı söylənilir.

“NAB Holdinq”-in “Buta Sığorta”-nı ləğv etməsi, “Bank of Baku”-dakı payının bir hissəsini satmasından sonra bütün diqqətlər holdinqin sahib olduğu əsas şirkətə - “Baku Electronics”-ə yönəlib. Pərakəndə satış sektorunda fəaliyyət göstərən “Baku Electronics” isə “Samsung”, “Sony”, “Huawei”, “Xiaomi”, “Rowenta”, “Panasonic”, “HP”, “Acer”, “Philips”, “Lenovo”, “Kenwood”, “Braun”, “Delonghi”, “Bosch”, “Tefal”, “Canon” kimi tanınmış markaların ölkəmizdəki rəsmi təmsilçisidir.

“Baku Electronics” ölkənin ən böyük texnoloji və məişət avadanlıqlarının satışını həyata keçirən şirkət olmaqla yanaşı, həm də məhkəmə qalmaqalları, tez-tez müştəri hüquqlarını pozan, keyfiyyətsiz və saxta məhsullar satan şirkət kimi də “məşhurdur”.

Hələ 2018-ci ildə Zərrabın Azərbaycanda olan biznes şəbəkələrinə əl qoyulacağı ilə bağlı xəbər yayılmışdı. Lakin “Habertürk” qəzetinin müxbiri Vəli Sarıboğanın yazdığına görə, holdinqin icraçı direktoru Omid Mohaghegh Eromi bildirib ki, şirkətin Zərrabla heç bir ticari bağlılığı yoxdur: “Yanlış anlaşılma var. Mənim və şirkətimizin Zərrabla heç bir ticari əlaqəmiz yoxdur. Mən onu son on ildə bir-iki dəfə görmüşəm. Bu görüşlər dəvətnamələrdəki görüşlər şəklində idi. Onunla nə işgüzar münasibətimiz var, nə də səmimiyyətimiz”.

Eromi ailəsi Rza Zərrabla heç bir biznes əlaqələrinin olmadığını bildirsə də, Türkiyə mətbuatı yazır ki, Zərrab, bacısı Şeyda Eromi (Bəhram Erominin həyat yoldaşı) ilə birgə 2013-cü ildə “Arkla Otelcilik ve Turizm A” adlı şirkət qurub. 135 milyon lirə sərmayə yatırılan bu şirkət, Zərrab ABŞ-a getməzdən əvvəl bacısının, daha sonra isə digər qardaşı Can Zərrabın adına rəsmiləşdirilib.

İran əsilli azərbaycanlılar olan Eromi qardaşlarının Azərbaycandakı biznesinə dair ABŞ-ın Azərbaycanda səfiri olmuş Enn Dersi vaxtilə Vaşinqtona – Mərkəzi Kəşfiyyat İdarəsinə, Dövlət Departamentinə, Pentaqona və digər strukturlara 2009-cu ilin martında göndərdiyi məxfi teleqramda sensasion faktlar göstərmişdi.

Həmin teleqramı 2011-ci ilin yayında “WikiLeaks” yayıb. Sənəddə bildirilirdi ki, Eromi qardaşları da əslən Təbrizdəndir, hazırda Türkiyə vətəndaşıdır, Azərbaycan və İranda fəal biznes fəaliyyətləri ilə məşğuldur.

Diplomat məktubunda Rza Zərrabın bacısının əri - “Baku Electronics”-in hissə sahiblərindən biri Şəhram Eromi haqqında daha geniş məlumat verir: “O, İran inqilabından sonra Türkiyə vətəndaşlığı alıb. Bununla belə, İranda təhsil alıb. O və qardaşı Bəhram 1988-ci ildə Türkiyədə “Dış Ticarət Limited” şirkətini təsis edib. İstanbulda yerləşən bu şirkətin Türkiyə, Yaxın Şərq və İranda geniş biznesi var. Bu şirkət Azərbaycanda da fəaldır. 1995-ci ildən şirkət “Hyundai” avtomobillərinin Azərbaycandakı rəsmi distribütoru olub. Mənbə deyir ki, Erominin biznes metodu müxtəlif ölkələrdəki nüfuzlu hökumət adamları vasitəsilə inhisar yaratmaq, rüşvət və hədiyyələrlə vəzifəli şəxsləri ələ almaq üzərində qurulub”.

Bu qardaşların adı sənəddə başqa bir iranlı iş adamı - Cəmşid (“Juşkar”) Mahmudoğlu ilə birlikdə keçir. Cəmşid Mahmudoğlu kimi göstərilən iranlının da milliyyətcə azərbaycanlı olduğu bildirilir. O və qardaşları Türkiyə vətəndaşlığı alıb: “Mahmudoğlu qardaşları əslən Təbrizdəndir, varlı ailədən çıxıblar, qızıl və valyuta alveri ilə məşğul olublar, ancaq İran inqilabından sonra biznesləri əllərindən çıxıb. Ailə Türkiyəyə qaçıb və bu ölkənin pasportlarını alıb. Onların Azərbaycan və Türkiyədəki biznes sövdələşmələrində tez-tez Eromi qardaşlarının adları yer alır. Mahmudoğlunun oğlu İranın keçmiş prezidenti Haşimi Rəfsəncaninin oğlu ilə biznes ortağıdır. Həmçinin Cəmşidin Azərbaycanın tanınmış biznes xadimləri və rəsmi şəxsləri ilə yaxın münasibətləri var. Çox güman ki, o, İran hakimiyyətinin təmsilçiləri üçün pulları yuyulması əməliyyatlarını, xaricdən lazım olan malların alınıb daşınmasını təşkil edir”.

Adı çəkilən şəxslər “Baku Electronics” şirkəti ilə ortaqdır. Şəhram Eromi həm də İranın Bakdakı keçmiş səfiri Əhəd Qəzayinin yaxın dostudur.

Bütün bunlar isə onu deməyə əsas verir ki, bu şəxslər təkcə Azərbaycanda şirkət qurub milyardlar əldə etmir, həm də İrana milyardlar ötürür, bu milyardları qazandıqları ölkədən məlumatlar çatdırır, casusluq edirlər.

Publika.az

Dünyapress TV

Xəbər lenti