Sara Həsənova hamını xamlaya-xamlaya gedir…

Sara Həsənovanın milyonluq tenderləri və rayonlara, mərkəzi aparata ayrılan milyonların  hesabını niyə soran yoxdur?… 

Sara deyən kimi  hamımızın yadına  məşhur xalq mahnısındakı  Sara və Xan çoban düşür. 

Gedin deyin Xan çobana, 
Gəlməsin bu il Muğana...

Amma haqqında bəhs edəcəyimiz  Saranın  Xan çobanlarının sayı bir deyil, iki deyil...daha doğrusu, Sara üçün XAN deyil, XAM çobanlar var, hamısı da yekə-yekə vəzəfələrdə olublar və bu gün də  vəzifədədirlər. 
Söhbət  hazırda Səhiyyə Nazirliyinin tabeçiliyində olan Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM)  direktoru vəzifəsində çalışan Sara Həsənovadan gedir. 
Sara Həsənova  1-ci dəfə, yəni o zamankı səhiyyə naziri Əli İnsanovun zamanında Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru olub. 
Sonradan 2-ci dəfə Oqtay Şirəliyevin zamanında daha böyük vəzifəyə, yəni Respublika Sanitar-Karantin Müfəttişliyinin ( SKM )  rəisi vəzifəsinə təyin olunub. 
Təsəvvür edirsiniz Əli İnsanov dövrünün Sarası bir gecənin içində dönüb oldu Oqtay Şirəliyev dövrünün Sarası. 
Qadında fərasətə bax ee…
Yəni Sara Həsənova  qısa vaxtda  rayon ( Səbail ) səviyyəsindən respublika səviyyəsinə keçə bildi. 
Hətta  sonra Saranın vəzifəsi daha da böyüdü və Səhiyyə Nazirliyinin tabeçiliyində olan Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM)  direktoru vəzifəsinə təyin olundu. 
Bu gün Sara  Həsənova yeni səhiyyə naziri  Teymur  Musayevin tabeçiliyi altında  çalışır. 
Çalışır deyiləndə…gəlin görək Sara xanım işlədiyi yerlərdə  necə  çalışıb.
Sara Həsənova əvvəlcə Səbail  rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində çalışanda rayondakı bütün aidiyyatı obyektləri qanunsuz ödənişə məcbur edirdi, tabe olmayanları  isə...VAHİMƏLİ  bir şəxslə hədələyərdi. 
Sonradan Sara Həsənova  respublikada SKM rəisi olarkən 3 ayda  respublika ərazisinə məhsul gətirən sahibkarlara 4006 ədəd  gigiyenik sertifikat verib və hərəsindən nə isə alıb. 
Təsəvvür edirsiniz  hər aya təxminən 1335, hər günə 44  sertifikat...İndi  bazar, şənbə və bayram günlərini çıxın və...
Görün Sara Həsənova 1 gündə nə qədər sertifikat paylayıb. Bu, ümumiyyətlə, fiziki cəhətdən mümkün deyil. Çünki hər məhsul laboratoriyada analizdən keçməli, keyfiyyəti bəlli olmalı və s. 
Deməli,  Sara Həsənova  sadəcə sertifikatları verib və sahibkarların gömrükdən keçməsinə yaşıl işıq yandırıb. Və bunun nəticəsidir ki, ölkəmizə keyfiyyətsiz qidalar, vaxtı keçmiş un məhsulları, hətta Saranın sayəsində Çindən sintetik-kimyəvi düyülər gətirilib. Sonra da deyirik ki, ölkədə bu qədər xəstə olar...
Sara Həsənova təkcə  sertifikat verməklə məşğul olmayıb. 
Sara Həsənova  SKM-ə rəis təyin olunan kimi mühasibləri, təsərrüfat müdirini və digər vəzifəli şəxsləri dəyişib. Və  300-400 manat maaş alan işçilərə 3000-4000 manat, hətta katibəsinə 2500 manat mükafat yazıb. 
Sonra Sara Həsənova  Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin  direktoru oldu. 
Məlumat üçün qeyd edək ki, Sara Həsənova  təkcə təmizlik-gigiyena işlərinə baxmır e, 
ictimai-iaşə  obyektlərinə, ölkəyə gətirilən  mineral sulara, hətta tikinti-inşaat sahəsinə də nəzarət edir. 
Bəli, tikinti-inşaat…
Yəqin ki, 2015-ci ildə Binəqədi rayonu Azadlıq prospektində yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən və 15 nəfərin ölümü ilə nəticələnən yanğın  çoxlarının yadındadır. Həmin faciədən sonra Bakıda tikintidə geniş istifadə edilən poliuretan örtüklər qadağan edildi. Və binaların çoxundan yığışdırıldı. 
Həmin poliuretan örtüklərin Azərbaycanda tikintidə istifadəsinə kim icazə vermişdi ? 
Əlbəttə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin o zamankı direktoru  həmin inşaat materialına  keyfiyyət sertifikatı vermişdi. Yəni bu sahə çox geniş sferaları əhatə edir. 
Sara Həsənova  GEM-in hesabına milyonlar qazanıb, övladını Avropada ən bahalı universitetdə oxutdurur, Avropada mülkləri, villaları, bahalı avtomobilləri və s. 
Sara  Həsənovanın ən həssas yeri isə...
Hətta deyilənə görə, yeni nazir əvəzi  Teymur Musayev bu barədə ona xəbərdarlıq da edib. 
Sara Həsənovaın  GEM adı altında keçirdiyi  bahalı tenderlərin  siyahısını burada dərc etsək  oxucunun onu axıradək oxumağa hövsələsi çatmaz. 
Təkcə onu qeyd edək ki, Sara Həsənova Dəftərxana və təsərrüfat xərcləri üçün 150 min  347  manat 85 qəpik, avtomobil sürtkü materialları üçün  51 887.55 manat, avtomobil üçün ehtiyyat hissələri almağa  140 min  515 manat 58 qəpik puı xərcləyib. 
Ay Sara xanım, sən  avtomobil  hissələrinə bu qədər pul xərcləmisənsə,  niyə GEM-in maşınlarının təkərləri “keçəl”dir ? 
Təkərlər  “keçəl” olduğu üçün dəfələrlə GEM-in sürücüləri qəza vəziyyətinə düşüb. 
Qaraj müdiri  Yaşar müəllim buna etiraz  etdiyi üçün dəfələrlə  Sara xanım onu kabinetinə çağırıb danlayıb, işdən çıxmasını tələb edib. Axırda yazıq Yaşar müəllimin kabinetində ürəyi partlayaraq ölüb. 
İndi isə  Prezidentin sabiq köməkçisi  Əli Həsənovun yaxın qohumu olan Sara  Həsənovanın bir ildə  rayonlara ayırdığı pulun məbləğinə nəzər salaq -  7 MİLYON 409 MİN 814 MANAT 98 QƏPİK. 
Mərkəzi Aparat üçün isə  2 MİLYON 610 MİN 220 MANAT 94 QƏPİK. 
İndi  gördünüzmü Sara Həsənova  təkcə mərkəzi aparata ildə 2-3 milyon pul xərcləyir. Vallah heç ABŞ-ın  Gigiyena Mərkəzi bu qədər pulu israf etmir. 

Bəs görəsən, Səhiyyə Nazirliyi, yaxud Hesablama Palatası, Korrupsiyaya qarşı Mübarizə İdarəsi nə üçün Sara Həsənovadan  hesabat tələb etmir..?