MTK-ların qazanc yolu:
"Günəş enerjisindən istifadə hazırda ölkəmizdə qeyri-neft sektorunda fəal olan tikinti sektorunda Mənzil-Tikinti Kooperativləri (MTK) üçün sərfəli seçimdir. Bakı və Abşeron yarımadasında MTK-ların Günəş enerjisindən istifadəsi üçün əlverişli imkan var".

Bunu ölkədəki tanınmış enerji şirkətlərindən birinin direktoru deyib.

O qeyd edib ki, yaşayış komplekslərinin saxlanması üçün hər gün xeyli elektrik enerjisi sərf olunur – blokların, həyətlərin, qarajların işıqları, liftlər, su motorları və bu kimi başqa enerji sərfiyyatçıları üçün bərpa olunan enerjidən istifadə mümkündür.

O əlavə edib ki, bu, yaşayış komplekslərinin kommunal xərclərini azaltmaqla bərabər, kompleksin əmlak dəyərini artıraraq daha cəzbedici edə, ətraf mühitə həssas sakinlərin rəğbətini qazana bilər:

"Qeyd olunan üstünlüklərdən əlavə, MTK-lar ölkə qanunvericiliyindəki dəstək mexanizmindən faydalanaraq, istifadə edilməyən enerjini şəbəkəyə sata da bilər. “MTK-ların günəş enerjisindən istifadəsi böyük sahələrdə günəş panelləri quraşdırmaqla, Azərbaycanın yaşıl enerji ilə bağlı hədəflərinə çatmasına dəstək göstərər”.

Qeyd edək ki, bu gün ölkədə fəaliyyət göstərən MTK-lar binalara Günəş panellərinin yerləşdirilməsində heç də maraqlı deyil. Bu da yəqin ki, onların yüksək məbləğdə kommunal haqq toplamasına şərait yaradır.

Bəs vətəndaşlar nə vaxt MTK-ların bu "oyunundan" azad ola biləcəklər?

REAL Partiyasının sədri, iqtisadçı-ekspert Natiq Cəfərli "Cebheinfo.az"-a bildirib ki, bu istiqamətdə səslənən fikirlər doğrudur, sadəcə niyə həyata keçirilməməsi sual doğurur:

"Dünyanın bir çox ölkəsində binaların ən azından fasadlarının, daxildə ümumi istifadə məkanlarının işıqlandırılmasında Günəş enerjisindən istifadə ilə bağlı çoxlu nümunələr var. Azərbaycan isə bu anlamda idealdır. Çünki Azərbaycanda günəşli hava günlərinin sayı təqribən 250-300 gün arası dəyişir. Yəni, bunun üçün ölkədə kifayət qədər təbii şərait var. Onda bu prosesin həyata keçirilməsinə nə mane olur? Günəş panellərinin quraşdırılması o qədər də çətin deyil. Deməli, lisenziyalaşma, icazələrin verilməsi, texniki şərt kimi amillər sadələşdirilməlidir. Vətəndaşların Günəş enerjisini əldə etmək imkanları sadələşdirilməlidir”.

Ekspert bildirib ki. Azərbaycanda bununla bağlı ciddi problemlər var:

“Aran rayonlarının birində vətəndaş öz evinin damını Günəş panelləri ilə örtüb, özü üçün elektrik enerjisi istehsal etmək istəyirsə, bununla bağlı o qədər icazələr, prosedurlar var ki, insan o fikirdən imtina edir. Deməli, istiqamət, düşüncə doğrudur, onun həyata keçirilməsi üçün qaydalar hazırlanmalıdır. Yəni, sadə prosedurlarla insanlar həm texniki şərt, həm icazə almalı, həm öz binaları, evləri, həyətyanı sahələrinin işıqlandırılmasında Günəş enerjisindən istifadə etməyə imkanları olmalıdır.

Bundan başqa, təşviq siyasəti də olmalıdır. Dünyanın bir çox yerlərində, o cümlədən qardaş Türkiyədə vətəndaş öz istifadəsindən artıq Günəş panelləri vasitəsilə elektrik enerjisi istehsal edirsə, onu dövlətə, yaxud elektrik enerjisi şəbəkəsinə sata bilər. Bu da çox vacib məsələdir. Bu zaman vətəndaşın özü üçün lazım olan elektrik enerjisini istifadə etdikdən sonra yerdə qalan depolanmış enerjini şəbəkəyə geri qaytara və bundan pul qazana biləcəksə, stimul yaranacaq. Yəni, ideyalar yeni deyil, sadəcə həyata keçirilmə mexanizmləri ilə bağlı problemlər olduğundan lənğiyir”.

MTK-ların kommunal xərclərlə bağlı indiki vəziyyətdən faydalanmasına gəldikdə isə ekspert bunu da mümkün sayır:

"Qanun icazə verir ki, orada yaşayan vətəndaşlar idarəetməni öz əllərinə götürsünlər. Bu prosedur da asanlaşmalıdır. Məm şəxsən bunun da nə qədər çətin prosedur olduğunu gördüm. Sadə prosedur olmalıdır, qanun icazə verir, amma həyata keçirilmə mexanizmləri çətindir. Yəni, vətəndaş öz binasına idarə heyəti seçəcəksə, onlar daha maraqlı olacaqlar ki, bütün xərclər aşağı düşsün. Həm bloklar, hətta liftləri Günəş enerjisi ilə çalışdıraraq ümumi binanın xərclərini aşağı salmaq mümkündür".
 

Dünyapress TV

Xəbər lenti