Ardını oxu...
Qax şəhər sakini Muxtarova Pərvanə Muxtar qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu göndərilib. Vətəndaş iddia edir ki, səhhətinin bərbad olduğu bir vəziyyətdə qardaşı evinin bir hissəsini qanunsuz olaraq başqa şəxsə satıb:

“Mən, Muxtarova Pərvanə Muxtar qızı, yazıb sizə bildirirəm ki, Nəsimi küçəsi, ev 3 ünvanında qeydiyyatdayam, tək yaşayıram. Qulağıma görə dəfələrlə əməliyyat olunmuşam. Heç bir yerdə işləmirəm. Hazırda çox çətin vəziyyətdə qalmışam. Belə ki, indi də gözümdən əməliyyat olunmalıyam.

Qardaşım Muxtarov Akif Muxtar oğlu mənim yaşadığım evin divarını, tualetini dağıdıb, həyətdəki ağaclara zərər verib. O, özünə aid olan hissəni başqa birinə satıb. Bu şəxsə verilən sənəddə yalnız onun ailə üzvlərinin adı qeyd olunub. Biz bacıların adları yoxdur. Məni yollara salıblar. Bilmirəm, 1 manatı gözümə dərman üçün verim, ya çörək alım. Səhhətim icazə vermir ki, işləyəm.

Vəkil Tahir müəllim məndən prosesi rəsmiləşdirmək üçün 1500 manat pul alıb. Amma sənədləri düzgün verməyib. Ölən insanın adına sənədlər hazırlayıb. Mənim bu işimə baxan yoxdur.

Mən xəstəliyimlə bağlı müavinət almıram. Ona görə, müalicəyə maddi imkanım çatmır. Məşğulluq Xidmətinə dəfələrlə işlə bağlı müraciət etmişəm, amma təmin olunmayıb. Bütün məktəblərə xadimə işi üçün müraciət etmişəm, amma bu işə də təyin olunmamışam”.

Cəmilə ƏZİMOVA

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
 
 
Ardını oxu...
Qadın redaktora işgəncə verməklə onu zorlamağa cəhd etməkdə adı hallanan Naxçıvan Dölvət Televiziyasının baş redaktoru bu gün səhər işdən qovulub. Lakin, yerli rəhbərlikdən gələn göstərişdən sonra, o dərhal işinə bərpa olunub. Bu haqda „Gündəlik Naxçıvan“a Ali Məlcisdəki mənbə məlumat verib. Qərarın dəyişdirilməsində həm də AZƏRTAC-ın rolunun olduğu bildirilir. Təcavüzdə adı hallanan baş redaktor həm də bu qurumun Naxçıvan üzrə bölgə müxbiridir.
Mənbənin bildirdiyinə görə, bu yaxınlarda baş vermiş hadisə „Gündəlik Naxçıvan“da işıqlandırıldıqdan sonra televiziya rəhbərliyi yığıncaq keçirməyə qarar verib:
„Bu gün səhər tezdən yığıncaq keçirilib. Direktorun təklifi ilə baş redaktor işdən çıxarılıb və qərar Ali Məclisə təqdim olunub. Lakin, burada aparılan müzakirələrdən sonra qərar geri qaytarılıb. İşə geri qaytarılmaq ilə bağlı göstərişin niyə verildiyini dəqiq bilmirəm. Ancaq, danışılırdı ki, onu işdən çıxarmaq dövlət orqanıında qadına qarşı əxlaqsızlıq və təcavüzün baş verdiyinin etirafıdır və bu da Naxçıvanın adına ləkə gətirər. Eşitdiyimə görə, AZƏRTAC-dan da bununla bağlı zəng olunub“.
Məsələnin dəqiqləşdirilməsi üçün adı çəkilən televiziya ilə əlaqə saxladıq. Adının çəkilməsini istəməyən direktor müavinlərindən biri məsələ ilə bağlı bu gün qərar verildiyini təsdiqləsə də, ətraflı danışmaq istəmədi.
 
Ardını oxu...
Bəzi hallada məhkəmələr tərəfindən inzibati orqanlara göndərilən sorğulara vaxtında cavab verilməməsi hallarına rəst gəlinir. Bu da öz növbəsində işlərin baxılma müddətinin uzanmasına və nəticədə tərəflərin narazılığına səbəb olur.

Sözügedən problemdən ən çox şikayətlənənlərdən olan vəkillər bu barədə fikirlərini bölüşüblər.

Hikmət Əmiraslanov deyib ki, sorğulara vaxtında cavab verilməməsi süründürməçiliyə gətirib çıxarır: "Məhkəmələr tərəfindən inzibati orqanlara göndərilən sorğulara vaxtında cavab verilməməsi məhkəmələrin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə işləri yekunlaşdıra bilməməsinə və süründürməçiliyə səbəb olur. İstər məhkəmə işçisi fəaliyyətim dövründə, istərsə də vəkil kimi çalışdığım müddətdə müşahidə etmişəm ki, tez-tez sorğu olunan qurumlar arasında əsasən Ədliyyə Nazirliyi, Penitensiar Xidmət, Daxili İşlər Nazirliyi, prokurorluq orqanları və icra hakimiyyətlərindən başqa digər qurumlar məhkəmə tərəfindən verilmiş sorğuları vaxtında cavablandırmırlar. Əksərən məhkəmələr təkrar-təkrar sorğu etdikdən sonra cavab əldə edilir. Məsələn, Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin sorğulara gec cavab verməsi məhkəmənin ən azı 3-4 dəfə təxirə düşməsinə səbəb olur. Əsaslandırma çox zaman bu olur ki, dövlət rüsumu ilə bağlı ödənişlər olunmalıdır, sonra sorğuların cavabı verilməlidir. Lakin unutmaq olmaz ki, məhkəmə qərarları dövlətin adından çıxarılır və icrası məcburidir. Məhkəmə məsrəfləri ilə bağlı onsuzda məhkəmənin yekun aktında qərar qəbul edilir".

İlkin Ukalayev isə icraatında olan işlərlə bağlı verilən sorğulara adətən vaxtında cavab verildiyini söyləyib: "Öz icraatımda olan işlərlə bağlı deyə bilərəm ki, məhkəmənin verdiyi sorğulara zamanında cavab verilib. Bizdə elə hallara rast gəlinməyib ki, inzibati orqanlar tərəfindən məhkəmənin sorğularına cavab verilməsin. Təbii ki, sorğuya vaxtında cavab verilməməsi işin araşdırmasına mənfi təsir göstərir. Çünki sorğuda göstərilən məlumatlar işin obyektiv araşdırılması və zəruri halların müəyyən olunması üçün vacibdir".

Nərmin Əliyeva inzibati orqanlar tərəfindən məhkəmə sorğularına vaxtında cavab verilməməsini vətəndaşların hüquqlarının pozulması kimi qiymətləndirib: "İşin hərtərəfli araşdırılması üçün müxtəlif orqanlara sorğular verilir. Sorğulara vaxtında cavab verilməyəndə məhkəmə prosesinin uzanmasına və süründürməçiliyə gətirib çıxarır. Burada əziyyət çəkən vətəndaşlar olur, onların hüquqları pozulur. Ona görə də hər bir halda həm vəkillərin, həm də məhkəmələrin sorğularının vaxtında cavablandırılması mütləqdir. Nadir hallarda olur ki, məhkəmələrin sorğularına cavab verilməsin. Cavab verilmədiyi halda qanunvericlilikdə cərimə nəzərdə tutulub. Vəkil sorğularına gəldikdə isə deyə bilərəm ki, icra hakimiyyətlərindən cavab almaq mümkün olmur, çox nadir hallarda sorğulara cavab verilir. Dövlət Yol Polisi İdarəsi sorğuları çox gec cavablandırır. Daşınmaz Əmlakın Kadastrı və Reyestri isə sorğuları vaxtında cavablayır. Ən tez sorğuya cavab verən Milli Arxiv İdarəsidir, olduqca operativ işləyirlər. Eyni zamanda Notariat Qeydiyyat Baş İdarəsi də sorğularımızı vaxtında cavablandırır".

Mədail Fərzəliyev də sorğulara gec cavab verilməsindən şikayətlənib: "Həm məhkəmələr, həm də vəkillər tərəfindən verilən sorğulara inzibati orqanlar tərəfindən vaxtında cavab verilmir. Çox nadir hallarda olur ki, tez cavab verilsin. Sorğulara cavabın gecikməsi məhkəmələrdə işin uzanmasına gətirib çıxarır. Bu vətəndaşların narazılığına səbəb olur. Belə olması təbii ki, yaxşı hal deyil".

Moderator.Az
 
 
 
Ardını oxu...
Novxanı qəsəbəsində yerləşən köhnə " Ləman" yeni adı ilə "Santo mare restaurant" kimi tanıdığımız dəniz kənarı ailəvi istirahət mərkəzindən bəzi qonaqları narazı qalıb. Onlar bildirirlər ki, istirahət üçün getdikləri adı çəkilən məkanda əyləşdikləri masa üçün əvvəlcədən 20 azn ödəniş tələb edilib. Günün sonunda isə ümumi hesab gəldikdə 20 azn nəzərə alınmadan həm servis üçün ödəniş tutulub,həm də sifarişlərinin ödənişi tam hesablanıb.

Bir sözlə, əgər bu məkanda istirahət etmək fikriniz olarsa, əyləşəcəyiniz masa üçün şifarişlərinizdən asılı olmayaraq əlavə ödəniş etməli olacağınızı nəzərə alın. Çünkü restoranın personalı narazılıq edənlərə "bizdə belədir" deyə kobudcasına açıqlama verib.

Patrul.Az

 
Ardını oxu...
Bakının Suraxanı rayonu Binə qəsəbəsində özünü İcra Hakimiyyətinin işçisi kimi təqdim edən Ariz adlı şəxs bir qrup mülki geyimli şəxslə gəlib, vətəndaşın tikdiyi, hətta üstünü belə bağladığı evi söküb. Azinforum.az-a şikayət edən vətəndaş bildirir ki, tikintiyə icazə yoxdursa, onda niyə ətraf evlərlə doludur? : “Evi tikəndə buna mane olardılar. Hazır tikilini sökmək üçün məhkəmə qərarı olmalıdır. Buna məhəl qoymadılar. Əminəm ki, yeni təyin olunan icra başçısı Adil Əliyevin Ariz və onun dəstəsinin əməllərindən məlumatı yoxdur. Onlarla bağlı mütləq mənada hüquqi ölçü götürülməlidir”.
Bildirilir ki, Suraxanı ərazisində bütün tikinti və söküntü işlərinə Ariz adlı şəxs baxır. Videoda göy kostyumlu, telefonla danışan şəxs Arizdir…

 
Ardını oxu...
Prezidentin köməkçisi Zeynal Nağdəliyev bildirib ki, Azərbaycanda 6 milyon 334 min 444 seçici var. Bu, təxminən ölkə əhalisinin 60 faizindən bir qədər artığının adının seçici siyahısında olması deməkdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü il may ayının 1-nə olan vəziyyətə görə, Azərbaycanda 10 milyon 193 min 571 vətəndaş mövcuddur. Həmin qurum bildirir ki, 2023-cü ildə 0-17 yaşlı uşaqların sayı 2 milyon 634 milyon nəfər olub. Lakin Komitənin təqdim etdiyi rəqəmlər arasında 17-18 yaşadək yeniyetmələrin sayı ilə bağlı məlumat yoxdur. Dövlət qurumu bu yaşdakı yeniyetmələrin statistikasını aparmayıb. Bu yaş qrupunu orta məktəb məzunlarının sayı ilə təqribi müəyyənləşdirmək mümkündür. 2024-cü ildə və daha əvvəlki illərdə Azərbaycanda hər il 11-ci sinfi 100 minə yaxın şagird bitirib.

Qanunvericiliyə görə 18 yaşına çatmış Azərbaycan vətəndaşları seçkilərdə səsvermə hüququna malikdir. Beləliklə, vətəndaşların ümumi sayından 0-17 yaş qrupunda, 17-18 yaş aralığında olanları və adları seçici siyahısında olan vətəndaşları çıxsaq, belə mənzərə yaranır

10 milyon 193 min 571:

- 6 milyon 334 min 444

- 2 milyon 634 min

- 100 min nəfər

= 1 milyon 124 min 556 min nəfər.

Deməli seçki hüququ olan vətəndaşların 1.1 milyondan çoxunun adı seçici siyahısında yoxdur. Dərhal ağıla gəlir ki, onlar Rusiya və başqa MDB ölklərinə, eləcə də Türkiyəyə, bəzi Avropa ölkələrinə üz tutmuş əmək miqrantlarıdır. Amma paradoksal vəziyyət yaranır: əgər ölkəni tərk etmiş insanlar Azərbaycan vətəndaşları kimi statistikada qalırsa, onların adları seçici siyahısında da göstərilməlidir.

O da mümkündür ki, neft bumu illərində Bakıya və digər iri şəhərlərə əyalətlərdən köçən vətəndaşların bir qismi seçici siyahılarından kənarda qalıb. Statistika qurumları və Mərkəzi Seçki Komisiyyası onların uçotunu düzgün aparmayıb. Hər halda seçki hüququ olan 1.1 milyon nəfərin adlarının seçici siyahısında hansı səbəbdən olmaması araşdırılmalı və ictimaiyyətə bu barədə dolğun məlumat verilməlidir. (AzPolitika.info)
 
Ardını oxu...
Azərbaycanda sahibkarlığın inkişafına dəstək verməli olan bir sıra dövlət qurumlarının imkan düşən kimi onlara problem yaratdığı heç kimə sirr deyil. Son vaxtlar belə qurumlar arasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi xüsusilə seçilir: Sahibkarlıq subyektlərində yoxlamalar qadağan olunsa da, AQTA-ya qida təhlükəsizliyi ilə bağlı monitorinqlər aparmaq, bir çox sahələrdə icazələr vermək və sair səlahiyyətlər həvalə olunub.

Bu gün Azərbaycanda qida məhsullarının istehsalı, idxalı və ixracı ilə məşğul olan bütün sahibkarlar AQTA-dan tam asılı vəziyyətdədirlər. Belə sahibkarlıq subyektləri arasında broyler fabrikləri də var. Ötən ilin payızında Rusiyada yumurta qiymətləri kəllə-çarxa çıxanda Rusiya hökuməti Azərbaycandan yumurta idxalına icazə verdi. Bir neçə iri quşçuluq müəssisəsi də ixraca başladı, üstəlik, prosesin yarım ildən çox davam edəcəyini nəzərə alıb yumurta istehsalının artımına sərmayə qoydular. Aldığımız məlumata görə, yumurta istehsalı artmağa başlayan kimi AQTA ixracın qarşısını alıb.
Bununla ürəyi soyumayan Qoşqar Təhməzli indi də sahibkarlara təzyiq üçün başqa səlahiyyətindən sui-istifadə edir. Belə ki, quşçuluq təsərrüfatlarında istifadə olunan yem qatqılarının hamısı xaricdən idxal olunur və bu prosesə AQTA icazə verməlidir. İndi AQTA idxalına icazə vermiş olduğu belə yem qatqılarının ölkəyə girişini əngəlləyir. Onlarla maşın yem əlavəsi artıq bir neçə həftədir giriş icazəsini gözləyir. AQTA həmin əlavələrin istehsalçılarından Azərbaycanda qeydiyyatdan keçmələrini tələb edir. Halbuki bundan əvvəl həmin əlavələrin idxalına icazə verib. Lakin indi icazəni nəzərə almadan, malların ölkəyə girişinin qarşısı alınır.
Maraqlıdır ki, Azərbaycanda qəbul edilmiş və 2023-cü ilin yanvarından qüvvəyə minmiş “Qida təhlükəsizliyi haqqında” qanuna əsasən ölkəyə idxal olunan qida əlavələrinin istehsalçılarının Azərbaycanda qeydiyyatdan keçməsi tələbi var. Bu, sırf insanların istifadəsi üçün nəzərdə tutulan qida əlavələrinə qoyulan tələbdir. İndi AQTA qanunun tələbini heç bir hüquqi əsas olmadan heyvanlar və quşlar üçün gətirilən yem əlavələrinə də aid etməyə çalışır.
Onu da qeyd edək ki, quşçuluq sahəsi ərzaq təhlükəsizliyi baxımından mühüm rola malik sahədir. Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa diqqətində olan bu sahənin inkişafı üçün dövlət tərəfindən çoxsaylı dəstək mexanizmləri tətbiq olunur. Son illərdə Azərbaycanın yerli müəssisələri ölkəni tamamilə yumurta ilə təmin edəcək səviyyədə istehsal artımına nail olublar.
İndi isə Prezidentin dəstək verərək inkişafına nail olduğu bir sahə AQTA və onun rəhbərliyinin müəmmalı maraqlarının qurbanına çevrilir.

AQTA-nın mövqeyini verməyə hazırıq.
hurriyyet.az
 
Ardını oxu...
Azərbaycanın inşaat sektorunda fəaliyyət göstərən və ən iri şirkətlərdən biri hesab olunan "Azinvest İnşaat" Qapalı Səhmdar Cəmiyyəti (QSC) qeyri-qanuni işçi çalışdırmaqda ittiham edilir.

Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edilib.

İşə Səbail Rayon Məhkəməsində baxılacaq. Ülviyyə Şükürova iş üzrə hakim təyin edilib.

192.1-ci maddədə qeyd edilir ki, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimələnir.

"Azinvest İnşaat" QSC 23 fevral 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 manat olan şirkətin qanuni təmsilçisi Seyidməmmədov Anar Tofiq oğludur.

Mediada gedən məlumatlara görə, şirkətin sahibi Azərbaycanın gənclər və idman naziri olmuş mərhum Azad Rəhimovun bacısı oğlu Teymur Teymurovdur.

Azad Rəhimov 2006-2021-ci illərdə Azərbaycanın gənclər və idman naziri olub. O, 30 aprel 2021-ci ildə nazir vəzifəsində olarkən dünyasını dəyişib.
 
Ardını oxu...
Səmayə Əliyeva və anonim əlaltıları qazilərə növbədənkənar şiddət göstərirlər

Fuad Ələsgərovun səlahiyyətinə xitam verilib?

Qədim dönəmlərdən qalma deyimdir, deyərlərdi insanlar dəli olanda mollanın yanına gedər, bəs molla dəli olanda hara getsin? İndiki çağla elə çulğaşır ki! Vətəndaşlar, qazilər, şəhid ailələri, əlillər hüquqsuzluqlarını, dərdlərini deməyə Prezident Administrasiyasına üz tutur, PA-nın Vətəndaş Qəbulu Mərkəzində isə zorakılıqla, kobud hüquq pozuntusu ilə üzləşirlər. Kobud insan hüququ pozuntusuna baxın, PA-nın qəbul mərkəzinin 39-cu otağında xidmət edən Səmayə Əliyeva 2 ildir 1-ci dərəcəli Qarabağ qazisinin qəbul hüququna qaziyə xəsarət yetirtməklə, növbəsini “yandırmaqla” qadağa qoyub.

2022-ci ildə Səmayə Əliyeva ümumiyyətlə heç kəsin qəbuluna yazmayıb. Elə bil, PA bunun şəxsi obyektidir!(?) 2023-cü ilin 30 mayında və ya mayın 30-da bu dövlət xidmətçisi qazinin növbə nömrəsini “yandırıb”, ondan sonra gələn şəxsi otağına çağırıb. Etiraz edəndə isə əlaltıları 1-ci dərəcəli Qarabağ qazisinə yüngül xəsarət yetiriblər. Bu ilin 8 fevralında Səmayə Əliyevanın şiddət metodu daha da “püxtələşib”. Qəbula yazmaq adı ilə telefonla Prezidentin Təhlükəsizlik Xidmətinin əməkdaşını və çöldən 2 polis çavuşunu çağırıb, qəbula yazmaq yerinə, qaziyə zor tətbiq etdirib. Təhlükəsizlik Xidmətinin əməkdaşı atası-babası yerində olan 1-ci dərəcəli Qarabağ qazisinin altından stulu çəkib, 2 çavuş qazini zorla qəbul otağından çıxarıb. 5 aydır bu zorakı xidmətə nə Prezidentin Təhlükəsizlik Xidməti, nə DİN, nə Ombudsman, nə MM-in insan hüquqları komitəsi, nə PA-nın özü, nə məhkəmə qiymət verir.

05.07.2024-cü ildə saat 11-40 radələrində PA-nın Vətəndaş Qəbulu Mərkəzində qəbula yazılmağa yenə də 39-cu otaq nişan verilib. Qazini 3-cü mərtəbəyə liftlə müşayiət edən xanım əməkdaşa Səmayə Əliyevanın zəngi bu yol liftdən düşməyə imkan verməyib. Artıq Səmayə Əliyeva özbaşınalığını daha da təkmilləşdirib, əvvəllər liftdən çıxandan sonra növbəni “yandırırdısa”, indi “yandırma” liftdən çıxmamış gerçəkləşir. Əlqərəz, Səmayə Əliyevanın qərəz xidməti 1-ci dərəcəli qazini 1-ci mərtəbədəki 10-cu otağın qarşısında yarım saata yaxın gözlətməyə məcbur edib. Yarım saatlıq Səmayə Əliyevanın instruktajı sonucunda adını deməkdən imtina edən 10-cu otaq xidmətçisi qəbula yazmaqdan imtina edib. “Səbəb” də bu olub ki, Prezidentin hüquq mühafizə orqanları ilə iş üzrə köməkçisi Fuad Ələsgərov artıq səlahiyyətsizdir, səlahiyyətinə MHŞ üzvü kimi 2023-cü ilin dekabrından xitam verilib.(?) Bəs səlahiyyət yiyəsi kimdir? Heç kim. Bəs hərbi məsələlər üzrə köməkçinin qəbulu? Ona da olmaz, nədən məhkəmə məsələlərinə Fuad Ələsgərov baxır, o da ki səlahiyyətsizdir. (?) İndi gəl bu “növbədənkənar şiddət xidməti”ndən nəsə anla görək, necə anlayırsan? Məhkəmələrlə bağlı şikayətlərə Fuad Ələsgərov məsuldur, amma həm də məsul deyil, səlahiyyəti əlindən alınıb.(?)

Əlqərəz, yenə Səmayə Əliyevanın qərəz xidməti Konstitusiyadan üstün oldu, 1-ci dərəcəli Qarabağ qazisinin qəbul hüququna qadağa qoyuldu. Qazinin baş prokurorluğun 161 -əlaqə mərkəzinə (961 dəstəyi götürməməklə xidmətdən imtina etdi), PA-nın 1111 , Ombudsmanın 916 qaynar xəttinə Səmayə Əliyevanın və anonim özbaşınalıq yardımçılarının qəbul hüququna qadağadan şikayətləri qeydə alındı və tədbir görüləcəyi bildirildi. Görək də... Hələ ki ölkədə özbaşınalıq, “növbədənkənar şiddət xidməti” gerçək səlahiyyət yiyələridir. Prezident isə bütün məmurların xalqa xidmət etməli olduğunu, özünün də 1 nömrəli xidmətçi olduğunu illərdir vurğulayır. Görəsən, xalqa xidmətdə 1 nömrəli şəxs olduğunu bildirən Prezidentin Administrasiyasında qəbul hüququna necə və neçəyə qadağa qoyulur? PA-nın sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bu suala cavab verməkdə çətinlik çəkməz yəqin. Axı onun səlahiyyətinə xitam verilməyib!

Məğrur BƏDƏLSOY

P.S. Təhlükəsizlik postundan girəndə kor gözlüyüm “şübhəli” kimi saxlanıldı. Əvvəllər astma dərmanım postdan buraxılmırdı...
/hurriyyet.az/
 

Dünyapress TV

Xəbər lenti