Ardını oxu...
”Deməli, Azərbaycanda bir şəbəkə var (məhkəmə qərarı olmadığı üçün cinayətkar olub-olmadıqlarını deyə bilmərəm), müxtəlif ünvanlarda əcaib adlarla minlərlə şirkət qeydiyyata aldırıb.
Bu şirkətlərin əksəriyyətinin nə işlə məşğul olduqları bilinmir, amma qısa müddətdən sonra yaranan vergi borclarından belə başa düşülür ki, “böyük işlər” görürlər. Bəziləri isə dövlət satınalmalarında (tenderlərdə) qalib olurlar”.

Gununsesi.info bildirir ki, bunu araşdırmaçı Allahverdi Aydın üzə çıxarıb.

Onun yazdığına görə, bu ilin aprel-sentyabr aylarında (6 ay ərzində) həmin ünvanlardan birində – “Nizami rayonu, Məşədi Hilal Kazımov ev 40 m. 40”-da 213 şirkət qeydiyyata alınıb: “Bu ünvanda daha əvvəl də yüzlərlə şirkət qeydiyyata alınıb (fotolar rəydə).
Bu şirkətlərlə bağlı bəzi maraqlı və diqqət çəkən məqamlar:
– Həmin şirkətlərdən 3-nə Eminov Məhəmmədiyə Xəlil oğlu, 3-nə isə onun oğlu Eminov Eşqin Məhəmmədiyə oğlu “rəhbərlik edir”. Məhəmmədiyə Eminov 2017-ci ildə həyətində narkotik bitkilər əkdiyi üçün saxlanılıb (link rəydə).
– Məlikov Zamin Nəzərəli oğlu adlı başqa bir şəxs də 3 şirkətə “rəhbərlik edir” və bu şəxs də 2017-ci ildə oğurluq etdiyinə görə saxlanılıb (link rəydə).
– Başqa bir şəxs – Əfkari Eldar Məhərrəm oğlu da 3 şirkətə “rəhbərlik edir”. Amma, bu şəxs şirkətlər qeydiyyatdan keçəndə (08.05.2023) artıq həyatda olmayıb. Əfkari Eldarın meyiti 4 gün əvvəl (04.05.2023) evində asılmış vəziyyətdə taplıb (link rəydə).
Deyə bilərsiniz ki, keçmişdə oğru və narkoman olanların (ölülər istisnadır) şirkət rəhbəri olmasında qanunsuz nə var ki?
Məsələ burasındadır ki, həmin şəxslərin bir-çoxu adına şirkət açıldığından xəbəri olmur.
– Məsələn, Stanislav Yakushev adlı bir vətəndaş var. İnternat evində böyüyüb. Həbsdə olub. Bu şəbəkə onun da adına şirkətlər açıb və indi 1,5 milyon manat vergi borcu var (foto rəydə).
– Başqa bir şəxs Astara sakini Zaur Məhərrəm oğlu Sovqatov mətbuata açıqlama verib və bildirib ki, onun xəbəri olmadan adına 5 şirkət açılıb və vergi borcu yaranıb. Açıqlamadan 5 gün sonra meyitini meşədə asılmış vəziyyətdə tapıblar (link rəydə).
Bu cür onlarla, yüzlərlə nümunə var. Sosial şəbəkələrdə, mətbuatda istədiyiniz qədər məlumat tapa bilərsiniz.
İndi əsas sual budur ki, bu şirkətlər barəsində ortada bu qədər açıq şübhəli məqamlar olduğu halda niyə heç bir tədbir görülmür?”

Ekspert daha sonra sual edir:

Məni ən çox maraqladıran isə bu şirkətlərə kimin ad qoyduğudur. Minlərlə adı qoymaq üçün hansı alqoritmadan, hansı kompyuter proqramından istifadə edir, adların bir mənası varmı, yoxsa çinlilər kimi qab-qacağı yerə atır, çıxan səslərə uyğun ad qoyur…
Ardını oxu...
 
 
 
Ardını oxu...
Ölkədə hündürmərtəbəli binaların idarə olunması ilə bağlı uzun illərdir ki, problemlər var.

Belə ki, binaların bir çoxunun idarəetməsinə ya nəzarət yoxdur, ya da sakinlər bu idarəetmədən kənar qalırlar. Mənzil Məcəlləsində çoxmənzilli binanın ümumi əmlakının mülkiyyətçilərə məxsus olması, saxlanılması nəzərdə tutulsa da, qanunvericiliyin şərtlərinə MTK-lar tərəfindən əməl edilmir. Belə ki, binaların idarəetməsi şikayətlərə rəğmən, Mənzil Tikinti Korperativlərində qalır.

Nazirlər Kabineti “Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 1 iyul 2010-cu il tarixli qərarında dəyişiklik edib. Yeni qərara əsasən, bundan sonra çoxmənzilli binaların idarə olunmasında sahə mülkiyyətçiləri ilə yanaşı, kirayəçilər də iştirak edə biləcəklər.

Hüquqşünas Əkrəm Həsənov yaşadığı binada MTK-nı məhkəməyə verib və qalib gəlib. Lakin binanı tikən MTK məsələdən narazı qalaraq Apellyasiya Məhkəməsinə müraciət edib.

Ə.Həsənov Cebhe.info-ya bildirib ki, növbəti məhkəmə baxışı dekabr ayının 5 -də olacaq:

“Qələbə qazanacağıma tam əminəm. Birinci məhkəmədəki qələbədən sonra mənə müraciət edən bina sakinləri ilə yanaşı, vəkillər bu işdə onlara da kömək göstərməyimi istəyirlər. Əlbəttə, mən hər kəsə bu işdə kömək etməyə hazıram. Gərək hər kəs öz hüquqlarını bilsin və haqqını tələb eləsin”.

O qeyd edib ki, binanı tikən şirkətlər tikdikləri binadan çıxmaq istəmirlər:

“Sakinləri talayıb soyurlar və binaya da baxmırlar. Amma qanuna görə, bina sakinlərin idarəetməsində olmalıdır. Mənzil Məcəlləsinə görə, binanın ali orqanı mülkiyyətçilərinin ümumi yığıncağıdır və hətta idarəedici şərtlər, digər məsələlər də sakinlərin öz aralarında həll edilməlidir. Amma təəssüf ki, əksər binaları tikinti şirkətləri qanunsuz idarə edir.

Saxta yolla Mənzil Müştəri Cəmiyyəti yaradır və təəssüf ki, Ədliyyə Nazirliyində bunu təsdiqləyib qeydiyyatdan keçirirlər. Amma qanunla belə olmamalıdır. Mənzil Müştəri Cəmiyyətinin yaradılması üçün bütün sakinlərin imzası notarial qaydada təsdiq olunmalıdır. Bu, ən böyük problemlərdən biridir”.

Müsahibimiz həmçinin sakinlərin bu məsələyə yanaşmasından narazıdır:

“Sakinlər çox zaman birlik göstərə bilmirlər. Passivlik göstərir, qanunu bilmir, onlara təsir və təziqlər olduğuna görə çox zaman birlik ola bilmirlər. Ona görə yaxşı olardı ki, hansısa dövlət qurumu bu işlə məşğul olsun. Məsələn, İqtisadiyyat Nazirliyinin tabeliyindəki bir qurum bununla məşğul ola bilər”.
 
Ardını oxu...
Nədənsə aidiyyatı qurumlar brokonyerlərə qarşı ciddi mübarizə aparmır…

Poliqon xəbər verir ki, bu barədə “Beyləqan xəbərləri” Facebook səhifəsində məlumat verilir. Məlumatı təqdim edirik:

“Əziz oxucular! Hazırda Beyləqan, Füzuli və İmişli rayonlarında fəaliyyət göstərən heyvan bazarında müxtəlif avtomobillərin arxasına yığılaraq satılan balıq məhsulları ilə bağlı sizə azda olsa məlumat verəcəm.

Apardığımız kiçik araşdırmada məlum oldu ki, Beyləqan, Füzuli və İmişli rayonlarında bazarlarda satılan balıq məhsullarının əksəriyyəti brokonyerlər tərəfindən “Ağ Göl” Milli Parkından qanunsuz ovlanan balıqlardır. Sazan. karp, naxa və durna balığı kimi balıqlar Ağ göldən kütləvi şəkildə tutularaq bazarlara müxtəlif qiymətlərə satılır.

Nədənsə “Ağ Göl” Milli Parkından gətirilən qanunsuz balıq satışı ilə məşğul olan şəxslərə qarşı heç bir aidiyyatı orqan tədbir görmür. Qanunsuz balıq ovu ilə məşğul olmağa görə isə Azərbaycan Cinayət Məcəlləsində bir neçə maddə (256, 257, 258) mövcuddur.

Bildirək ki, bu qədər qanunsuz balıq ovu “Ağ Göl” Milli Parkının rəhbərliyindən xəbərsiz olması heçdə inandırıcı deyil. Əraziyə cavabdeh olan digər bir qurum isə 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarləsidir.

Aldığımız məlumata bir çox brokonyerlər “Ağ Göl” Milli Parkının və 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsul şəxsləri ilə anlaşaraq rahat şəkildə balqı ovu ilə məşğul olurlar. Bu belə olmasaydı hər həftə yuxarıda adının çəkdiyimiz rayonların bazarlarına 1 tondan çox balıq məhsulu gətirilməzdi.

Bundan başqa Ağcabədi və Bərdə rayon bazarlarında da “Ağ Göl” Milli parkından tutulan qanunsuz balıqlar kütləvi satılır. Hələ Ağcabədi və Qarabağ kanalı ətrafında yerləşən restoranlara verilən balıqları belə saya salmırıq.
Məsələ ilə bağlı araşdırmamız davam edir”.
Ardını oxu...
Haqq-Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanov Ali Məclisinin sədri Zəlimxan Məmmədlini partiyadan qovub.
Bu barədə Z.Məmmədli sosial şəbəkədə yaydığı videomüraciətdə bildirib. Qeyd edib ki, bununla bağlı qərar özünün iştirak etmədiyi İdarə Heyətinin 25 noyabr tarixili iclasında qəbul edilib.
Müraciətində o, HƏP üzv olarkən Əli İnsanovla necə anlaşdıqlarının detallarını açıqlayıb. Z.Məmmədli bildirib ki, son vaxtlar sədr partiyanı nizamnamədənkənar, özü bildiyi kimi idarə edib. “Bu yaxınlarda Rəyasət Heyətini buraxıb, Ali Məclis sədrinin müavinini partiyadan çıxarıb. Bu da zaman-zaman onun və digər üzvlərin ciddi narazlığına səbəb olub. “O qərara gəlib ki, Zəlimxanı sındırmaq lazımdır. Bütün sənədləri paylaşacam... Salam-kəlamı, çörəyi tapdalayıb, hüququ tapdalayıb, xəyanət edib. Cəsarətlə deyirəm, HƏP-də haqq-ədalət yoxdur, hüquq yoxdur. Bu gün yığışıb desələr adam öldürmək lazımdır, onun da qərarını ala bilər...”

 
 
 
Ardını oxu...
Beyləqan rayonundakı mağazaların birindən alınmış çörəyin içindən yara bandı çıxıb.

Bu barədə sosial şəbəkədə paylaşım edilib. Sosial şəbəkələrdə yayılan videoda şikayətçi bunları qeyd edib:

“Neçənci dəfədir, çörək aldığımız zaman içindən yad cisimlər çıxır – saç, tük, kağız və.s. İndi də yara bandı çıxıb. Bu iyrəncliyə son verilsin”.

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib ki, sözügedən çörəkdə fiziki çirklənmə baş verib:

“Fiziki çirklənmə halları çox vaxt təlimsiz və məsuliyyətsiz işçi heyəti tərəfindən reallaşır. Təlimsiz olan işçi heyəti qidaları fiziki, kimyəvi və bioloji çirklənməyə məruz qoya bilir. Maraqlıdır ki, 21-ci əsrdə Azərbaycanda istehsalatda çalışanlar faydalı təlimlərdən kənarda qalırlar. Çünki sahibkarlar çox maliyyə sərf etmədən ancaq öz ciblərini doldurmaq istəyirlər”.

Müsahibimiz bildirib ki, belə hallarda qida zəhərlənmələri qaçılmaz olur: “Burada risk qrupuna xüsusilə uşaqlar, hamilələr və yaşlılar daxildir”.
 
Ardını oxu...
İcbari Tibbi Sığortanın göndəriş ma­xinasiyası
Məlumdur ki, ölkə vətəndaşları icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olub tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilərlər. Azərbaycan vətəndaşının tibbi xidmətə ehtiyacı yarandığı halda TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə, yaxud da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elm­i-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etmək hüququna malikdirl­ər. Qeyd edək ki, tibb müəssisələrində insanlara ixtisaslı həkimlər tərəfindən lazımı tibbi xidmət göstərilir və tibbi zərurət olduqda təminata alınan bütün laborator, diaqnost­ik müayinələr, fizioterapiya, ambulator və stasionar (xəstəxanada yatış) tibbi xidmət ödənişsiz həyata keçirilir. Dövlətin rəsmi qərarında bu belə olduğu halda, İcbari Tibbi Sığorta xəstələrin müalicəsi mümkün olan, eyni zamanda xəstənin öz istədiyi dövlət xəstəxanalarına göndəriş vermir. Misal üçün deyə bilərik ki, bugünlərdə Beyləqan RMX-dan Həmidova Dürrü Şəmsəddin qızına Tibb Un­iversitetinin Tədris Cərrahiyyə Klinikasına göndəriş verməyiblər. Amma, İcbari Tibbi Sığortadan Dünyagöz Kl­inikasına, Badama, Brizelə və digər özəl klinikalara göndəriş verirlər. Bu da onunla bağlı olur ki, həmin özəl klinikal­arda işləyən həkimlə­rlə İcbari Tibbi Sığortada çalışanlar müəyyən işbirliyində olurlar. Hansı ki, mövcud qanunvericiliyə görə xəstə müalicə olunmaq istədiyi səhiyyə müəssisəsini seçməkdə sərbəstdir. Bütün bunlara baxmayaraq, bu gün də İcbari Tibbi Sığorta öz əməllərindən əl çəkmək istəmir. Qeyd edək ki, eyni aqibəti Ağacanova Səyyarə İsmayıl qızı da yaşayıb. Hansı ki, adı çəkilən bu xəstənin sağ gözü Tibb Univ­ersitetinin Tədris Cərrahiyyə Klinikasının göz şöbəsində əməliyyat olunub, hal-hazırda sol gözü də əməliyyat olunmalıdır.Fakt budur ki, bu gün də xəstənin öz seçiminə bir kimsə əhəmiyyət vermir. Niyə, nə səbəbə? Söz yox ki, bütün bunların hər biri insanları düşünd­ürən məsələlərdir.

Mənbə: GundemXeber.Az
Ardını oxu...
Lənkərançayın ətrafı müxtəlif tullantılarla, xüsusilə də plastik qablarla çirkləndirilir. Yağışlı havalarda çay daşan kimi tullantılar ətraf kəndlərə qədər yayılır.

Bu barədə Meydan TV-yə Lerik və Lənkəran sakinləri tərəfindən edilən müraciətdə deyilir.

Sakinlərdən Elçin Babayev bildirib ki, tullantılar əsasən Lerikdə istirahət mərkəzləri tərəfindən atılır. Çayin səviyyəsi yüksələn kimi tullantılar Lənkəranın Təngivan kəndinə axır.

“Görüntülər Lənkəranın Təngivan kəndi ərazisində çay kənarında çəkilib. Çay çirkləndirilir. Bütün çay sahili boyu zibilliyə rast gəlmək olur. Bir hissəsi də təbii ki, Xəzər dənizinə tökülür. Dəniz sahilinə baş çəkməklə real mənzərəni görə bilərlər”,-Babayev deyib.

Ardını oxu....
Lənkərançayın Təngivan kəndi ərazisindən keçən hissəsi

Sakinlər deyirlər ki, kənddə ayda bir dəfə qazlı, şirəli içki alan tapılmaz. Çay kənarında isə çoxlu sayda plastik qablar olur. Bu da tullantıların daşınmadığı, çay kənarına atıldığını söyləməyə əsas verir.

Lənkəran İcra Hakimiyyətindən Meydan TV-yə bildiriblər ki, tullantılar rayon mənzil kommunal təsərrüfat tərəfindən, kəndlərdə isə bələdiyyələr tərəfindən daşınır. Çay Lənkəran tərəfindən çirkləndirilmir.

Lerik Rayon İcra Hakimiyyətindən isə suala cavab verilməyib. Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyindən sualı cavablandırmayıblar. Nazirliyin “qaynar xətti”nə də müraciət edilib və araşdırılacağı deyilib.

Mənbə: Meydan TV
 
Ardını oxu...
DogruXeber.az: - Bu günlərdə gundemxeber.az xəbər portalının redaksiyasına Birinci Qarabağ müharibəsi şəhidi Musayev Saleh Sabir oğlunun anası, hansı ki, Yevlax şəhərində şəhid Saleh Musayevin adını daşıyan küçədə yaşayan Musayeva Qənifə Vəli qızı tərəfindən video-müraciət daxil olub. Qənifə Musayeva müraciətində qeyd edir ki, “Həyat yoldaşım Musayev Sabir Saleh oğlu ağır dializ xəstəsi olduğundan, onun ciddi müalicəyə ehtiyacı var idi. Maddi vəziyyətimizin ağır olması səbəbindən, həyat yoldaşımı lazımi səviyyədə müalicə etdirə bilmirdik. Ona görə də məcbur olub 03 noyabr 2015-ci il tarixdə qızım Təranə Musayevanın adına 19%-lə, 48 ay müddətinə “Xalq Bank” ASC-dən 17.000 ABŞ dolları məbləğində kreditə pul götürdük. Götürdüyümüz bu kredit pulun qarşılığında şəhərin Ərəş küçəsində şəxsi mülkiyyətimizdə olan 0,045 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 209,60 kvm sahəsi olan 12 nömrəli fərdi yaşayış evimizi banka girov qoyduq. Qeyd edim ki, girov qoyduğumuz ev həyat yoldaşımın - şəhid atası Musayev Sabir Saleh oğlunun adına idi. Həmin vaxtlarda evimiz ipoteka predmeti olaraq bank əməkdaşları tərəfindən 28 min manat dəyərində qiymətləndirildi. Hansı ki, bizə məxsus evin bazar qiyməti ən azından 70 min manatdan çox idi və həmin vaxtlarda həyat yoldaşım Sabir Musayevin səhhəti o qədər ağırlaşdı ki, biz düçar olduğumuz problemlərdən heç cür çıxa bilmirdik. 2015-ci ildə dollarla bağlı devolvasiyanın baş verməsi və ailəmizdə əmələ gələn hədsiz çətinliklərin varlığı səbəbindən, banka cəmi 500 dollar məbləğində ödəniş həyata keçirə bildik. Onu da bildirim ki, həyat yoldaşımı bir neçə il müayinə və müalicə etdirsək də, o, xeyli müddət bundan əvvəl dünyasını dəyişdi. Əlavə olaraq onu da qeyd edim ki, oğlum İsmayıl Musayevin həyat yoldaşı da şəhid qızıdır.



Bundan əlavə, qızım Təranə Musayevanın adına “Xalq Bank” ASC-dən kreditə götürdüyümüz pulla bağlı 2016-cı və 2017-ci illərdə ödəniş həyata keçirə bilmədiyimizdən, bank bu problemlə bağlı 28 aprel 2017-ci il tarixdə Yevlax Rayon Məhkəməsinə müraciət etdi və bu məhkəmə instansiyası 26 may 2017-ci il tarixdə (İş № 2(039)-1899/2017) qətnamə çıxartdı. Çıxarılmış qətnamədə cavabdeh Təranə Musayevanın “Xalq Bank” ASC qarşısında üstüstə 21.057.69 ABŞ dollar məbləğində borcunun olması qeyd olundu. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası isə, 30 noyabr 2017-ci il tarixdə (İş № 2 (107) -2537/2017) çıxarmış olduğu qətnaməsi ilə, Yevlax Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxladı. Bu məsələdə cavabdeh Musayeva Təranə Sabir qızı, mən və vəkilimiz Bəkirova Sevda Həbib qızı iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 noyabr 2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verdik. Kassasiya şikayətinin verilməsinə səbəb o oldu ki, apellyasiya instansiya məhkəməsi də işin faktiki hallarını tam və hərtərəfli araşdırmadı, maddi və prosesual hüquq normalarının tələblərini pozdu, bir sözlə düzgün olmayan nəticəyə gəlinmişdir. Beləliklə, 18 aprel 2018-ci il tarixdə Ali Məhkəmənin Mülki Kollegiyası da (İş № 2 (102) -2660/2018) bu problemlə bağlı qərar çıxartdı. Qeyd olunan bu qərarda bir daha cavabdeh Təranə Musayevanın “Xalq Bank” ASC qarşısında üstüstə 21.057.69 ABŞ dollar məbləğində borcunun olması qeyd olundu. Bəli, biz hər bir instansiya məhkəməsinin çıxarmış olduğu qətnaməyə, qərara, qərardada və s. hörmətlə yanaşırıq və “Xalq Bank” ASC-nə borclu olduğumuzu da anlayırıq. Amma, məsələnin digər tərəfi də var ki, kiçik oğlum İsmayıl Musayev qohum-əqrəbadan, yaxın dost-tanışdan borc alıb 24 min manat pul düzəltdi və o, 01 noyabr 2023-cü il tarixdə qeyd olunan məbləğ pulu götürüb “Xalq Bank” ASC-nə getdi. Oğlum banka olan borcumuzla bağlı ödəniş etmək istəsə də, bank əməkdaşları həmin məbləğ pulu qəbul etməkdən imtina edirlər. Hətta, oğlum bank əməkdaşlarına bir daha şəhid ailəsi olmağımızı xatırladır və qalan borc pulu isə, yaxın iki-üç ay ərzində ödəniləcəyinə vəd verir. Buna baxmayaraq, qarşı tərəf öz israrından dönmür ki, dönmür. Hətta, bank əməkdaşları banka 30 min ABŞ dollar məbləğində pul ödənilməsini qəti şəkildə tələb edirlər. Baxmayraq ki, Ali Məhkəmənin Mülki Kollegiyası da cavabdeh Təranə Musayevanın “Xalq Bank” ASC-nə üstüstə 21.057.69 ABŞ dollar məbləğində borcunun olması haqda qərar çıxarıb. Bir sözlə, bank əməkdaşları belə bir qərarın varlığına da əhəmiyyət vermirlər ki, onlar bizdən 30 min dollar pul tələb edirlər.
Onu da bildirim ki, 2019-cu ilin dekabr ayında kiçik oğlum İsmayıl Musayev üzüzə qaldığımız belə bir problemlə bağlı MM-in deputatı Musa Quliyevin qəbulunda olur və ona bu problemimizlə bağlı ətraflı məlumat verir. Düzdür, Musa Quliyev “Xalq Bank” ASC-i ilə əlaqə saxlayır və problemin qaydaya salınması üçün, hətta qarşı tərəfdən şəhid ailəsinin üzvlərinə köməklik göstərilməsini xahiş də edir. Həmin vaxtlarda oğlum ASC-i ilə aramızda əmələ gələn problemin aradan qaldırılacağına ümid etdiyindən o, 2019-cu ilin dekabr ayında və 2020-ci ilin yanvar - fevral aylarında hər ay 300 manat olmaq şərtilə, banka 900 manat məbləğində pul ödəyir. Daha sonra bank əməkdaşı zəng edib oğluma deyir ki, “Etdiyiniz ödənişin heç bir əhəmiyyəti yoxdur”. Bütün bunlara baxmayaraq, 2022-ci ilin may ayından bu günə kimi qızım Təranə Musayevanın aldığı əmək haqqından hər ay 230 manat olmaq şərtilə pul tutulur və həmin pul “Xalq Bank” ASC hesabına köçürülür. Hal-hazırda da ödənişin həyata keçirilməsinə baxmayaraq, bank əməkdaşları icra məmurlarının iştirakı ilə 01 noyabr 2023-cü il tarixdə mənim, oğlumun və onun ailə üzvlərinin yaşadığı evi boşaldıblar və ev əşyalarını isə “Xalq Bank” ASC-nə məxsus depoya yığıblar. Bu da onu göstərir ki, bank əməkdaşları üçün şəhid adı, şəhid ailəsinin üzvləri və s. kimi anlayışın onlar üçün heç bir əhəmiyyəti yoxdur”.
“Xalq Bank” ASC-i əməkdaşlarının şəhid anasına, şəhid ailəsinin üzvlərinə göstərdikləri belə bir yanaşmadan fərqli olaraq, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə, əlillərə və müharibə veteranlarına yüksək diqqət və qayğının göstərilməsi hər zaman dövlət siyasətində prioritet olub. Yəni, birbaşa möhtərəm Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və nəzarətində olan bu məsələ ilə bağlı, məhz ən ali səviyyədə göstərişlər verilir və bu kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində mühüm tədbirlər də həyata keçirilir. Faktdır ki, indiyə kimi Prezident İlham Əliyevin imzaladığı müvafiq fərman və sərəncamlar, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm rol oynayıb. Hal-hazırda bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşımaqdadır. Unutmaq olmaz ki, ölkə Prezidenti hansı şəxsi rəhbər vəzifəyə təyin edirsə, ilk növbədə həmin şəxsə şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına xüsusi diqqət və qayğının göstərilməsini tapşırır. O, halda sual oluna bilər ki, ölkə başçısı ilə bərabər, hörmətli Mehriban xanım da ortaya belə bir mövqe qoyduqları halda, səbəb nə olur ki, “Xalq Bank” ASC-nin əməkdaşları şəhid anasına və onun ailə üzvlərinə qarşı fərqli mövqe nümayiş etdirirlər?. Görəsən ola bilməzmi ki, bügünkü qış fəslində, hansı ki, havaların soyuq keçdiyi vaxtlarda bank əməkdaşları bir qədər humanistlik göstərsinlər və şəhid qardaşı İsmayıl Musayevin topladığı 24 min manat pulu qəbul etsinlər. Qalan borcun ödənilməsi üçün isə, təqribən 3-4 ay müddətinə möhlət vaxtı versinlər. Yəqin ki, o halda hər kəs xəbərdar olar ki, ölkə rəhbərinin şəhid ailələri, qazilər, müharibə veteranları və s. ilə bağlı verdiyi tapşırıqlara “Xalq Bank” ASC-nin rəhbər şəxsləri və əməkdaşları hörmətlə yanaşırlar. Ümidvarıq ki, bu məqalənin yayımlanmasından sonra bank əməkdaşları şəhid anasına və onun ailə üzvlərinə qarşı humanistlik göstərəcəklər və bu ailəyə məxsus yaşayış evinin geri qaytarılması, həmçinin əmələ gələn problemin həlli yöndə lazımi addımlarını da atacaqlar. Qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.//GundemXeber.Az
Ardını oxu...
Hazırda Azərbaycan hakimiyyət sistemində dövlət resursları hesabına oliqarxa çevrilmiş məmurlar demək olar ki, yoxdur. Uzun müddət yüksək dövlət vəzifələrini tutan şəxslər var, amma onları nəhəng biznesi, hökumətin müxtəlif qollarında “kadrları” ölkədə və xaricdə geniş əlaqələri olan keçmiş nazirlərlə müqayisə etmək olmaz. Belə oliqarxları əsasən xaricdə təhsil almış yeni kadrlar əvəz edib...

Bununla belə keçmiş oliqarxlar və ümumiyyətlə yüksək vəzifə tutmuş məmurlar ictimaiyyətin, medianın diqqət mərkəzindədirlər, onlar kölgəyə çəkilsələr də barələrində çıxan xəbərlər geniş oxucu auditoriyası toplayır. Maraqlıdır, vəzifədən getsələr də əllərində geniş imkanları, əlaqələri və s. qalan bu şəxslər indi nə işlə məşğuldurlar? Onların arasında hazırda həbsdə olanlar da, azadlıqda şad-xürrəm yaşayanlar da var. Bu adamların bəzilərinin hazırkı durumuna nəzər salaq.

Keçmiş Nəqliyyat naziri Ziya Məmmədov əsasən doğulduğu Ucar rayonundakı villasında yaşayır, özünün dediyinə görə təsərrüfatla məşğul olur, ibadət edir... Oğlu Anar Məmmədovun daimi yaşayış yeri isə Böyük Britanyanın paytaxtıdır. Bununla belə, ABŞ-da da işgüzar əlaqələri var. Mediada yayılan xəbərlərə görə restoran və əmlak sahəsində bizneslə məşğul olur.

Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov vəzifədən çıxarıldıqdan sonra barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə cinayət işi açılaraq həbs olunub. Səbail məhkəməsi onun barəsində 26 may 2022-ci ildə həbs qərarını dəyişib. Keçmiş nazir dövlət büdcəsinə vurduğu ziyanın əvəzinə 30 milyon manata yaxın vəsait ödəyib. Hazırda şərti məhkumluğu davam edir.

Keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov hazırda “Qərb” Universitetinin təsisçisidir, onun ailə üzvlərinin Avropa paytaxtlarında, Türkiyədə şirkətləri olduğu bildirilir. Bununla bərabər yerli mediada Bakıda və Azərbaycanın Şimal bölgələrində də onun daşınmaz əmlakı, biznes obyektlərinin olması barədə yazılıb.

Ləğv edilmiş Milli Təhlükəszilik Nazirliyinə 10 ilə yaxın rəhbərlik etmiş Eldar Mahmudov 2015-ci ildə vəzifədən kənarlaşdırıldıqdan sonra bir müddət istintaqa cəlb olunub. Hazırda Bakıda yaşayır və ictimai yerlərdə az-az görünür. Sonuncu dəfə Milli Qərhrəman Riad Əmədovla vida mərasimində kameralara tuş gəlib. Eldar Mahmudovun vaxtı ilə nəzarət etdiyi böyük biznes sahələrinin bir qismi ayaqdadır, onun oğlu Anar Mahmudov isə Böyük Britaniyada və Avropanın bir neçə ölkəsində şirkətlərə rəhbərlik edir.

11 illik nazir vəzifəsindən çıxarıldıqdan sonra həbsdən güc-bəla ilə yaxa qurtarmış keçmiş Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov hazırda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İdarəetmə Sistemləri İnstitutunun baş direktorudur. Bundan başqa, sabiq nazir həm də AMEA Prezidentinin müşaviri postunu tutur. Eks-nazir Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrasının müdiridir.

Keçmiş xarici işlər naziri Elmar Məmmədyarov özü Bakıda, övladları isə ABŞ-da yaşayır. Nazir son vaxtlar xarici siyasət məsələləri ilə bağlı yerli mediaya tez-tez şərhlər verir.

Nazirlər Kabinetinin keçmiş sədrləri və məşhur müavinləri hazırda təqaüddədirlər. Onlardan Bakı şəhər icra hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov paytaxtda böyük biznesə və daşınmaz əmlaka sahibdir. Onun oğlu İsrafil Abutalıbov isə Türkiyənin ən məşhur otel şəbəkələrindən olan “Ajva”nı idarə edir.

“Qaçqınkom”un keçmiş sədri Əli Həsənov da təqaüdçü həyatı yaşayır. O, nəvəsi Nail Allahverdiyevin törətdiyi cinayət olayı ilə gündəmə gəlsə də bir müddət sonra “unuduldu”. İki nəfərin ölümünə bais olmuş Allahverdiyev isə qısa müddət sonra həbsdən azadlığa buraxıldı.

Oliqarxlardan Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmov hazırda Baş nazir Əli Əsədovun müşaviridir. Onun bu vəzifəni yerinə yetirib-yetirmədiyi, işə gəlib-gəlmədiyi məlum deyil. O, yerli medianın gündəminə nikahdan kənar övlad sahibi olması ilə bağlı gəlsə də keçmiş baş bankir iddialara münasibət bildirməyib. Qeyd edək ki, Rüstəmovun övladı Süsən Rüstəmova Britaniya paytaxtında, bir sıra Avropa ölkələrində iri biznesə sahibdir. Elman Rüstəmovun digər qızı Günel Rüstəmova da həyat yoldaşı Cümə Əhmədzadə ilə birgə Londonda bahalı mülkə, Azərbaycanda və Çexiyada otellərə sahibdir. Onların Londonda sahib olduqları “Gyunel Limited” in aktivləri 2022-ci ilin maliyyə hesabatına görə 6 milyon funt-sterlinqdən artıqdır

Keçmiş Kənd Təsərrüfatı naziri İsmət Abbasovun da sorağı ölkə xaricindən gəlir. Onun övladı Yunis Abbasovun Londonda əmlak sektorunda şirkətlərə sahib olduğu bildirilir. Bir neçə il əvvəl o, 2 milyon dollara daşınmaz əmlak alması ilə gündəmə gəlmişdi.

Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyev həbsdə, onun həyat yoldaşı Zamirə Hacıyeva isə mənbəyini izah edə bilmədiyi sərvətlərə görə hələ də məhkəmə çəkişməsindədir. Z. Hacıyeva Britaniya paytaxında dəbdəbəli villalara sahibdir, araşdırmaçı jurnalistlər onun dəyəri on milyonlarla ölçülən sərvətindən, alış-verişindən bəhs edirlər. 2018-ci ildə İngiltərənin Cinayətkarlığa qarşı Milli Agentliyi onun 40 milyon manata yaxın dəyəri olan zinət əşyalarına həbs qoyub...

Beləliklə, vaxtı ilə Azərbaycanın sərvətləri hesabına milyarderə çevrilmiş məmurların bu gün də dəbdəbəli həyat tərzinə malik olduğunu görürük. Hətta həbsdə olanların belə, böyük sərvətə malik olduğu şübhə doğurmur. İndi bu adamlar əsas etibarilə estafeti və məlum yollarla ələ keçirdikləri sərvəti övladlarına ötürməklə məşğuldurlar...

Rasim Əliyev

“AzPolitika.info”
Ardını oxu...
Milli Məclisin futbol komandası noyabrın 23-27-də Türkiyənin Antalya şəhərində Türkiyə Respublikasının 100-cü ildönümünə həsr olunmuş beynəlxalq parlamentlərarası futbol turnirində iştirak edib və 7 komanda arasında 3-cü yeri tutub.

Turnirdə Türkiyə, Azərbaycan, Rumıniya, Bolqarıstan, Bosniya və Herseqovina, Macarıstan və Gürcüstan parlamentlərinin komandaları iştirak ediblər. Azərbaycan parlamentini həmin turnirdə deputatlar və Milli Məclis Aparatının işçiləri təmsil edib.

Artıq yarışda tarixi nəticə(!) göstərən “bürünc medallı” deputatların az qala hamısı öz sosial şəbəkə səhifələrində əsl qalib görkəmi ilə fotolar paylaşırlar. Onların qürur və sevinc hissləri gözlərinin parıltısından hiss olunur.

Millət vəkillərimizin bu sevincini anlamamaq və paylaşmamaq mümkün deyil. Çünki deputatlarımızın ümumilikdə parlamentdəki fəaliyyətinin effektivlik səviyyəsilə müqayisə etsək, onların futbol komandasının 7 komanda arasında üçüncü yeri tutması olduqca böyük və ciddi(!) nailiyyətdir...

Maraqlıdır ki, komandamızın heyətində Milli Məclisin Qusardan olan üzvü Azər Badamov da var. 2010-cu ildən bu yana dəfələrlə deputat olmuş Badamovu ölkə ictimaiyyəti hələ 2018-ci il futbol üzrə Dünya Çempionatına dair verdiyi “proqnoz”dan tanıyır.

Həmin vaxt deputat “Real Madrid” klubunun dünya çempionu olacağını demişdi: “Dünya çempionatını izləyəcəyəm. Favoritim “Real Madrid”dir. O komandanın qalib olacağını düşünürəm. Argentina və Meksika da qalib ola bilər. Ancaq bu, artıq sürpriz olar”.

Yəni ki, Meksika və Argentinanın dünya çempionu olması sensasiya olardı, “Real” isə ən real çempionluğa namizəd imiş. Doğrudur, o vaxt Badamovun “proqnozu” özünü doğrultmadı. Çünki nə iş idisə, “Real” ümumiyyətlə, Dünya Çempionatına gəlməmişdi...
Ardını oxu...
İndi isə həmin Badamov Türkiyədə Milli Məclisin futbol komandasında top qovur. Bu ”möhtəşəm irəliləyiş” onu göstərir ki, hörmətli deputatımız öz üzərində xeyli işləyib və indi nəinki “Real”-ın futbol klubu olduğu üçün Dünya Çempionatına qatılmadığını bilir, hətta özü də futbol meydançasında xaruqələr yaradır. Yəqin, bu irəliləyişi Badamovun Qusardakı azarkeşləri, daha doğrusu, seçiciləri də görməmiş, hiss etməmiş deyillər...

Bizə gəlincə, sonda bizə Badamov başda olmaqla, deputatlarımızdan ibarət komandamızı ürəkdən təbrik etmək düşər. Əmin olsunlar ki, bütün seçiciləri onlara ürəkdən azarkeşlik edirlər. O gün olsun dünya çempionu olsunlar!!!

Cəlal Məmmədov

“AzPolitika.info”
 

Dünyapress TV

Xəbər lenti