Ardını oxu...
“Hər ay övladımla birgə Beynəlxalq Bank vasitəsilə 870 manat pensiya alırıq. Ancaq illərdir ki, bu müavinətə kredit ala bilmirəm. Birinci qrup əlilik deyə etibar etmirlər. Təqaüdü gəlir saymırlar. İki il öncəyə qədər mübarizə apardıq, etiraz etdik, hətta BMT-yə də şikayət olundu, amma nəticəsi olmadı”.

Bunu Meydan TV-yə Sumqayıt sakini, anadangəlmə görmə məhdudiyyətli I qrup əlil, 35 yaşlı Fariz Hüseynov deyir.

Onun sözlərinə görə, 2014-cü ildən indiyə qədər istehlak kreditlərindən yararlana bilməyib, daha doğrusu, ona bu imkanı tanımayıblar.

Deyir ki, dəfələrlə dövlət və özəl banklara, bank olmayan kredit təşkilatlarına müraciət etsə də, ona kredit ayrılmayıb. Bunun üçün birinci qrup əlillərdən etibarnamə və üçüncü şəxsin şahidliyi tələb olunur. Hətta müddəti bitmiş pensiya kartının yenilənməsi və debet kart imkanlarından yararlanmaq üçün də bu tələb qoyulur.

“Əvvəl 10-12 manata olan etibarnamə indi 18-20 manatdır. Hələ “ASAN xidmət”də etibarnamə ilə yanaşı, üçüncü bir şahidimiz olmalıdır. Xarici ölkədən göndərilən pul belə etibarnaməsiz verilmir. Üstəlik, etibarnamə verilib müqaviləyə imza atanda həmin şəxsin imzası ilə yanaşı, bizim də möhürümüz vurulur. Əgər imzamı tanımırsansa, niyə möhürüm vurulur? 2014-ci ilədək çətin də olsa, kredit ala bilirdik. Ondan sonra nəinki banklar, heç mağaza şəbəkələri bizə kreditlə heç nə vermir. Bu ayrı-seçkiliyə dair bankın daxili nizamnaməsi də göstərilmir”, – deyə o qeyd edib.

Ölkədə yaşayan yarım milyondan çox əlilin 67 000-i görmə əngəlli əlillərdir. Bunun da 15 mini, yəni 22 faizi I qrup əlillərdir. On il öncə isə bu rəqəm iki dəfə az, 7880 nəfər olub. Ümumilikdə isə ölkədə 62.9 min nəfər birinci qrup əlil var. Bu rəqəm on il öncə iki dəfə az – 24.9 min nəfər təşkil edib. Sayları artıqca əlillərin kredit imkanlarından yararlanma cəhdləri də ciddi problemə çevrilir.

Əlilliyi olan şəxslər bildirir ki, onlar üçün işlə təminat çətin olduğundan kredit imkanlarından yararlanmaq mümkünsüzdür. Azərbaycanda əmək bazarında əlilliyi olan şəxslərin cəmi 11-12 faizinin məşğulluğu təmin edilib. Bunların da arasında birinci qrup əlillərin payı heç bir faiz təşkil etmir.

I qrup əlillər dövlət tərəfindən digər qrup əlillərə nisbətən yüksək təqaüdlə təmin edilsə də, banklar bu təqaüdü onların aylıq ehtiyacı kimi qəbul edir. Hətta nəinki Fariz kimi ancaq təqaüdlə dolanan, rəsmi işdə çalışan I qrup əlillər belə kreditgötürmə imkanından yararlana bilmirlər.

“Sabah əleyhimizə işləyər, sübut edə bilmərik deyirlər”

Sonradan görmə qabiliyyətini itirən birinci qrup əlil, 61 yaşlı Famil Hacıyev deyir ki, ali təhsilli müəllim olsa da, heç vaxt kredit götürə bilməyib.

Onun sözlərinə görə, banklar onun görmə qabiliyyətinin olmamasını əsas gətirərək aylıq ödəniş imkanlarına etibar etmir:

“Bir telefona görə o mağazanın rəhbərliyinə qədər gedib mübarizə apardım, sindromu sındırdım. Ancaq kredit götürmək çətindir. Bank əsas gətirir ki, müqaviləni görmürsən, oxuya bilmirsən. Yanımdakı adamı etibarlı şəxs, şahid kimi təqdim etsəm də, onu da problem edib əsaslı sübut, şahid hesab etmirlər. “Sabah əleyhimizə işləyər, sübut edə bilmərik”, – deyirlər. İki övladım var, nə kredit götürə, nə də ipoteka ilə ev ala bildim. Artıq ümidim də qalmayıb, yorulmuşam”.

Banklar niyə kredit vermir?

Meydan TV birinci qrup əlillərə kreditin verilməməsi ilə bağlı bir neçə banka sorğu göndərib.

Əksər banklar sorğuya: “Bank tərəfindən birinci qrup əlilliyi olan şəxslərə istehlak kreditlərinin ayrılmasında heç bir məhdudiyyət yoxdur. Birinci qrup əliliyi olan şəxslərə bankın daxili prosedurlarına uyğun olaraq, kredit rəsmiləşdirilir”, – deyə cavab verilib.

Amma bank məsələləri üzrə ekspertlər bu cavabları şablon sayır, onların dedikləri ilə razılaşmır və əksini deyirlər.

“Bu qrup həssas insanların xərcləri çox, gəliri az olur”

İqtisadçı ekspert Elman Sadıqov deyir ki, qanunda ayrı-seçkilik olmasa da, banklar kommersiya maraqlarını və riskləri nəzərə alıb belə həssas qrup insanlara kredit verməkdə maraqlı olmurlar.

Əlillərin aylıq pensiya təqaüdü və işsizliyi ilə yanaşı, borcların gəlirlərə nisbəti əmsalı da nəzərə alınır:

“Onların kreditlərdən yararlanmaq hüququ var. Digər tərəfdən də borclanma məsələsi var. Bu qrup həssas insanların xərcləri çox, gəliri az olur. Nəticədə kredit götürüb iş yerini, ödəniş qabiliyyətini itirəndə banklarla onlar arasında münaqişə başlayır. Bank da çox da bu qrup insanların üzərinə gedə bilmir. Onları məhkəməyə versə, həssas qəbul edilir. Bu səbəbdən bank da ödəniş qabiliyyətini, aylıq gəlirini nəzərə alıb öncədən kreditin verilib-verilməyəcəyini dəqiqləşdirir və bəzən də konservativ yanaşır. Kreditin məsuliyyətdir. Borcların gəlirlərə nisbəti əmsalı var. Bu, 45 faizdən çox olmamalıdır. Buna görə banklar özünü riskə atmaq istəmirlər”.

“Əqli qüsurlu, gözdən əlillər üçün maliyyə sövdələşməsi risklidir”

Ekspertin sözlərinə görə, banklar əlilliyi olan şəxslər arasında görmə əngəlli olanlarla maliyyə sövdələşməsinin riskli sayırlar. Bu mənada da qəyyum, şahid və imza qaçılmaz hesab edilir:

“Əqli qüsurlu, gözdən əlillər üçün maliyyə sövdələşməsi risklidir. Mütləq qəyyumu olmalıdır. Tutalım, şəxs yüksək məbləğli əmlakını girov qoyur, satır. Bunu dərk edən, görən, təsdiqləyən qəyyum lazımdır ki, onun da imzası qaçılmazdır. Bu sonrakı aldadılmanın qarşısını almaq üçündür. Hüquqşünas və bank əməkdaşı vətəndaşa hüququnu, prosesi başa salmalıdır. Mümkündür ki, sabah məhkəmə bankı günahkar çıxarsın ki, pensiya kartını, debet kartını, adına gələn pulu niyə qəyyumsuz, şahidsiz vermisən. Bank bununla risklərini sığortalayır”.

“Bank üçün ödəmə qabiliyyəti önəmlidir, əlilliyi yox”

Dövlət bankı sayılan Beynəlxalq Bankdan da bunu riskli məsələ hesab edirlər:

“Banklar və sığorta üçün də xüsusi müştəri kateqoriyaları var ki, həmin şəxslər riskli sayılır. Söhbət onların əlilliyi ilə bağlı deyil, bəzən kredit verilərkən bu əlillikdən sui-istifadə halı bank üçün problem yaradır. Kredit ödənişini tələb edəndə bəzən əlilliyi əsas gətirib ödənişdən imtina edirlər. Hətta sığorta şirkətləri üçün də xüsusi riskli müştəri qrupu var ki, onu sığortalamırlar. Müştərilər riskli, az riskli və risksiz kateqoriyalara bölünür. Daimi və stabil əməkhaqqına çalışan müştərilər risksiz müştərilərdir. Yəni bank üçün ödəmə qabiliyyəti önəmlidir, əlilliyi yox. Əngəlli şəxslərə verilən təqaüdlər elə onların aylıq sağlamlığı, qidalanması kimi ehtiyaclarının ödənişi üçündür”.

“Dövlət sosial proqramlar vasitəsilə dəstək verə bilər”

Adının açıqlanmasını istəməyən bank mütəxəssisi isə bankın daxili qaydalarını risk departamentinin təmin etdiyini bildirir. O deyir ki, banklar əlillərin təqaüdünü aylıq kredit ödənişinə adekvat gəlir kimi riskli sayırlar.

Mərkəzi Bankın İdarə Heyətinin “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası” Qaydasının 16 may 2024-cü il tarixli qərarına əsasən, əlil şəxslərin kredit imkanlarından yararlanmaq şansı yaranır. Burada müsbət yöndə dəyişiklik qeyd olunsa da, əslində, həmin qərarın 6.5.1 bəndində qeyd olunur ki, sığortalının orqanizminin funksiyalarının pozulması ilə əlaqədar sığorta müqaviləsi bağlananadək əlilliyinin müəyyən olunması sığorta hadisəsi hesab edilmir. Yəni faktiki əlillik dərəcəsi daşıyan şəxslər sığortalanaraq kredit götürmək imkanlarından kənarda qalır.

“Dəyişiklik zaminsiz kreditləşməni həyata keçirmək məqsədlidir”

Banklar Assosiasiyasının hüquq məsələlər üzrə Ekspert Qrupunun rəhbəri Qorxmaz Ağayev deyir ki, yeni qaydalar nə müştərilər, nə də banklar üçün məcburidir.

Onun sözlərinə görə, “Həyat sığortası”na edilən dəyişiklik zaminsiz kreditləşməni həyata keçirməyə şərait yaratmaq məqsədi güdür:

“Bu dəyişiklik zaminsiz kreditləşməni həyata keçirmək məqsədi güdür. Çalışırıq ki, əlillərlə bağlı yanaşmaları ümumiləşdirib banklar üçün tövsiyələr müəyyənləşdirək. Bizdə Bank Ombudsmanı İnstitutu var ki, müştəri problemlərini onlar araşdırır. Müştərinin əslində ödəmə bacarıqları, müqaviləsi daxili prosedura uyğundursa, problem olmur, ancaq fərdi hallarda istisnadır və sığortalanma olmur. Bu qaydaya əsasən, sığortalanan və kredit götürən şəxslərə ölüm və əlillik dərəcəsinə səbəb olacaq istehsalat qəzası baş verəndə xərclər sığorta şirkəti tərəfindən ödəniləcək. Bu sığorta sistemini, həm də bank kreditləşməsini intensivləşdirəcək”.

Banklardan da bildirilib ki, yeni tətbiq ediləcək dəyişilikdə şəxsin müqavilə bağlanan dövrə qədər əlilliyi təsdiqlənərsə, “Həyat sığortası” onlara tətbiq edilmir və nəticədə kredit götürmək imkanı olmur. Banklar bununla zamin və sığorta şirkəti arasındakı məsuliyyəti bölüşdürəcək.

“Əllilik varsa, “Həyat sığortası” bundan imtina edir”

Sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov deyir ki, risk qrupu məsələlərində sığorta şirkətlərinin güzəşti yoxdur:

“Əllilik varsa, “Həyat sığortası” bundan imtina edir, çünki riskdir. Əlillik dərəcəsinin müəyyən olunması sığorta hadisəsi hesab olunur. Tətbiq olunacaq bu dəyişilikdə sığorta şirkətləri qazanacaq, banklar isə zaminlə bağlı qismən problemlərini həll edəcək. Sığorta olunanın ölümü və əlilliyinə dair sığorta hadisəsi baş verərsə, sığorta şirkəti bir hissəsini, ya da tam məbləğini ödənişini həyata keçirəcək. Yaşı çox olan insanlar daha çox sığorta ödənişi edəcəklər və onlar risk qrupuna aiddir. Bu sığorta qeyri-rəsmi məcburidir ki, diqtə edən tərəf bankdır, ancaq rəsmi olaraq könüllüdür”.

MEYDAN.tv
 
Ardını oxu...
Cəmiyyətdə adətən “Həci”, “Hacı” titullarını səsləndirən zaman çoxları bu sözləri istehza ilə qarşılayır. Əksər insanlar bu sözü hansısa qadın müğənninin himayədarı, “sponsoru” kimi başa düşür. Bəs onlar niyə bu cür tanınır? Hacıların bu işdə hansısa günahı, məsuliyyəti var?

Millət vəkili Fazil Mustafa “Yeni Sabah”a açıqlamasında məsələyə aydınlıq gətirib:

“Onlar başqa necə tanınmalıdır? Ümumiyyətlə “hacı, həci” adları başqa cəmiyyətlərdə belə populyar deyil. Təkcə orta əsrin feodal dövrünü yaşayan İranda, bir də bizdə, feodalizmin qalıntısını daşıyan Azərbaycanda müəyyən ünsürlər bunu canlandırırlar. Çünki normal və modern bir cəmiyyətdə bu adın işlədilməsinin, açığı, bir mənası yoxdur. Həcca getmək bir ziyarətdir. İnsanlar inancına görə bu yerə gedir. Bu adı anlamadan hallandırmaq sui-istifadə etmək mənasına gəlir. Hacı titulunu məsxərəyə salmaq ölkədə geniş yayılıb. Təkcə bu ad yox, ümumiyyətlə, Məşədi, Kərbəlayi və s. bu adı daşıyanların hamısının arxasında öz səmimi inancı yox, özünü tanıtmaq, reklam etmək, cəmiyyətdə mötəbər insan olaraq qəbul etdirmək ənənəsi dayanır. Bu tarix boyu belə olub. 200-300 il əvvəl də belə idi, indi də belədir. Səmimi müsəlmanlar öz inanclarını bu adlar üzərindən həyata keçirmir. Onlar ziyarətlərini edərək, ölkəyə qayıdırlar. Yoxsa bir adın arxasında özlərini, şəxsiyyətini gizlətmirlər. İndi bəziləri etibarlılığını artırmaq üçün bu adlardan istifadə edir”. dirnaq modelleri

Deputat son vaxtlar isə məhşurlar arasında hacı sözünün lağlağı mövzusuna çevrildiyini də vurğulayıb:

“Bu da onu göstərir ki, Azərbaycan cəmiyyətində ümumiyyətlə bu adın daşınmasında bir çoxları üçün şöhrət, saxtakarlıq amili önə çəkilir. Heç Ərəbistanın özündə insanlar bir-birinə hacı demir. Bunlar bəs haradan o adları tapıblar? Ona görə də belə titullar hamısı bizim bir çox ziyarətgah, nəzir yerləri kimi süni bir format əsasında müəyyən olunub. Savadsız, cahil, nadan, xurafatçı, mövhumatçı insanlar üçün bir inanc yerinə çevrilib. Xurafat virusunu daşıyan insanlar nə qədər mövcud olacaqsa, bu cür adlarla da onları aldatmaq davam edəcək. Ona görə də sözügedən məsələdə təəccüblü heç nə yoxdur. Allaha, İslama, Məhəmmədə və onun dininə bağlılıqla, bütün bunların heç bir əlaqəsi ola bilməz. Peyğəmbəri Məhəmməd olan dində onun davranışı, insanlara mesajı tamamilə fərqlənir. Bəs bu insanlar dedikləri dini haradan uydurublar? Ona görə də, bu simvolik adlar özü insanı düşünməyə vadar edir.

Ermənistana dəstək verən Fransanın silahları İranın Merac şirkəti vasitəsilə həmin ölkəyə daşınır. Merac isə peyğəmbərin adı ilə simvollaşdırılan bir dəyər kimi qəbul olunur. Bu dəyəri necə hörmətdən salmaq olar? Bunun adını İslam simvollarından qoyublar. Müsəlman heç Merac adını qoyar? Heç olmasa Vartan adlandırardılar. Erməniləri belə çox sevirlərsə, Qaragen adını qoysunlar. İslamı, dini bu qədər ələ salmaq biabırçı görüntüdür. Təəssüf ki, cəmiyyətimizdə insanların bu məsələdə savadsızlığı imkan verir ki, bu cür ünsirlər geniş yayılsın və səlahiyyətli şəxslərin bunun qarşısını almağa marağı yoxdur. Maarifləndirici iş çox aşağı səviyyədədir. Ümumiyyətlə dini maarifçilik sahəsində dini və ictimai qurumların fəaliyyəti arzu olunan səviyyədə deyil. Ona görə də insanlar bu cahilliyi davam etdirir”.
 
Ardını oxu...
Bu gün dünya ölkələrində saatlıq minimum əməkhaqqı məbləğinin hansı səviyyədə müəyyənləşməsi və digər amillər mövcuddur.

Orta hesabla Azərbaycanda bir işçi üçün 150 saatlıq fəaliyyət dövrü müəyyənləşir. Bu isə bir saat üçün 2 manat 20 qəpik ekvivalentinə uyğun gəlir.

Əslində isə ölkədə olan mövcud qiymətlər və sosial faktorlar nəzərə alınsa, təxminən 4 manat 50 qəpik və yaxud 5 manat ətrafında bir saat üçün minimum əməkhaqqı tətbiq edilməlidir.

Maraqlıdır, bunu Azərbaycanda tətbiq etmək mümkün olacaq?

İqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”a bildirib ki, ilk olaraq saatlıq minimum əməkhaqqı məbləğinin tətbiq edilməsinin məqsədinə baxmaq lazımdır:

“Məhz hökumət əməkqabiliyyətli əhalinin iqtisadi, maddi maraqlarını daha səmərəli müdafiə etmək üçün həftəlik, günlük, hətta saatlıq minimum əməkhaqqı müəyyən edir. Azərbaycanda bu sırada olan alətlərdən yalnız minimum aylıq əməkhaqqı istifadə edilir. Bu minimum aylıq əməkhaqqı 345 manatdır.

Məsələn, 4 nəfərdən ibarət ailə üzvü var, 1 uşağı 4 yaşındadır, digəri 1 yaşındadır. Ana da bu iki uşağa baxır. Vətəndaş da 345 manat minimum əməkhaqqı alır. Bu 4 nəfərdən ibarət ailənin minimum istehlak səbətini qarşılamaq üçün 1000 manat vəsait lazımdır. Biz ən primitiv alətlə öz əməkqabiliyyətli əhalimizin iqtisadi və maddi maraqlarını necə qoruyuruq?

Onun tələbatının üçdə birini verməyi tələb edirik. Sahibkardan tələb edirik ki, “sən mənim vətəndaşıma 345 manatdan az əməkhaqqı verə bilməzsən”. Digər tərəfdən bizim həyata keçirdiyimiz sosial müdafiənin fəlsəfəsinə, minimum istehlak səbətinə görə bu vətəndaşın gəliri 1000 manat olmalıdır.

Biz ən primitiv alətlə əməkqabiliyyətli əhalinin iqtisadi maraqlarını bu cür qoruyuruqsa, artıq həftəlik, günlük, saatlıq minimum əməkhaqqına keçməyimiz əhəmiyyətsizdir. İlk olaraq biz bu primitiv, yəni saatlıq minimum əməkhaqqı modelini inkişaf etdirməliyik.

Qeyd edim ki, hökümət də buna cavab olaraq deyə bilər ki, vətəndaş həm də müraciət edib ünvanlı sosial yardım ala bilər. Sadə vətəndaşın əsaslı olaraq müraciət edib asanlıqla ünvanlı sosial yardım alması mümkün deyil. Gərək bir neçə ay “sürünəsən”, sənəd toplayasan.

Əgər vətəndaş uşaqların doğum şəhadətnaməsi, özlərinin şəxsiyyət vəsiqəsi və nikahın surəti ilə asanlıqla ünvanlı sosial yardım ala bilirsə, minimum əməkhaqqının o səviyyədə qalmasını haradasa izah etmək olar. Ancaq bu, belə deyil, hazırda asanlıqla ünvanlı sosial yardıma müraciətlə, onu asanlıqla əldə edib, öz istehalk səbətini bərpa etmək mümkün deyil.

Ona görə də Azərbaycanın sosial müdafiə sistemini o hədəflərdən, minimum həftəlik, günlük, saatlıq əməkhaqqından hələ çox uzaqlarda görürəm.

Xatırladım ki, Azərbaycan 2001-ci ildə "Yerli özünüidarə haqqında" Avropa Xartiyasına üzv olanda öhdəlik götürmüşdü ki, minimum əməkhaqqını 5 il ərzində orta aylıq əməkhaqqının 60 faizinə çatdıracam.

Artıq 2024-cü ildir və minimum əməkhaqqı hazırda orta aylıq əməkhaqqının təxminən 34,5 faizinə bərabərdir. Nəzərə alsaq ki, minimum əməkhaqqı 1000 manatdan çoxdur. Bakıda artıq bu rəqəm 1150-1200 manata yaxınlaşır”.
 
Ardını oxu...
Milli Məclisin 2-ci çağırış deputatı olmuş Cahangir Hüseynov pensiyasından 36 min 112 manat tutulmasına görə Dövlət Sosial Müdafiə Fondunu məhkəməyə verib.

TEREF Qafqazinfo-ya istinadən məlumatına görə, keçmiş deputat iddia edib ki, ondan xəbərsiz pensiyasından 56 min 525 manat tutulması barədə sərəncam qəbul edilib. Sərəncam belə əsaslandırılıb ki, 2007-2017-ci illər ərzində C.Hüseynova sabiq deputat kimi əlilliyə görə əmək pensiyası ödənildiyi dövrdə eyni zamanda hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası ödənildiyi aşkar edilib. (əvvəllər daxili işlər orqanlarında işləyib-red) Ümumilikdə isə 10 il ərzində ona 56 min 525 manat artıq pensiya ödənilib. Həmin pensiya məbləğinin 36 min 112 manat hissəsi 2017- 2021-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə əmək pensiyasından tutulub. Qalıq borcu isə 22 min 8 manat təşkil edib.

Eks-deputat Bakı İnzibati Məhkəməsində cavabdeh qismində iştirak edən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qalib gəlib.

Birinci instansiya məhkəməsi belə qənaətə gəlib ki, iddiaçı Hüseynova ödənilmiş artıq pensiya onun səhvi deyil. Belə olan halda ondan pul tutulması qanunsuzdur. Qərar qəbul edilib ki, iddiaçıdan tutulmuş 36 min 112 manat geri qaytarılmalı, qalıq məbləğin onun pensiyasından çıxılması dayandırılmalıdır.

Bu qərarı Bakı Apellyasiya Məhkəməsi qüvvədə saxlasa da, Ali Məhkəmə DSMF-nin şikayətini əsaslı hesab edib. Yüksək instansiya məhkəməsi yenidən baxılması üçün şikayəti geri qaytarıb.

Bakı Apellyasiya Məhkəməsindəki ikinci icraat zamanı isə fərqli qərar qəbul edilib. Budəfəki məhkəmə tərkibi hesab edib ki, bu işdə hər iki tərəf təqsirlidir. Belə olan halda tərəflərin məsuliyyəti bərabər bölünməlidir.

Bu səbəbdən tərəflərin şikayətləri qismən təmin edilib.

Qərara əsasən, Cahangir Hüseynovun pensiyasından 15 min 52 manat məbləğində pulun tutulması qanunsuz hesab edilib. Həmin pulun ona qaytarılması cavabdehə həvalə edilib. Həmçinin iddiaçıdan başqa pul vəsaitinin tutulması qadağan edilib. Ali Məhkəmə qərarı qanunauyğun hesab edib.

Beləliklə, C.Hüseynovun pensiyasından tutulan 36 min 112 manat məbləğdən yalnız 15 min 52 manatı ona qaytarılıb. Nəticədə 21 min 60 manatı ondan geri alınmış olub.

Qeyd edək ki, Cahangir Hüseynov 90-cı illərdə bir müddət Abşeron, sonradan Ağdaş, Biləsuvar, Sabirabad rayonlarında polis rəisi işləyib. 1994 cü ildə onun həyatına sui-qəsd təşkil olunub. Həmin vaxt azyaşlı oğlu və yaxın qohumları qətlə yetirilib.

2000–2005-ci illərdə millət vəkili olmuş Hüseynov sonradan bizneslə məşğul olmağa başlayıb.
 
 
 
Ardını oxu...
“Ali təhsil müəssisələrinin qəbul planı 95.27 % dolub”.

Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransı zamanı deyib. O xatırladıb ki, Dövlət İmtahan Mərkəzi avqustun 22-də 2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib:

“Müsabiqənin nəticələrinə əsasən 55656 nəfəri (o cümlədən 7287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27117 (o cümlədən 1579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28539 (o cümlədən 5708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Ali təhsil müəssisələrinin qəbul planı 95.27% dolub”.

O deyib ki, qeyd olunan rəqəmləri ötən ilin müvafiq məlumatları (I mərhələdən sonra qəbulun nəticələri) ilə müqayisə etsək, bu il tələbə adını qazananların sayının daha da artmasını müşahidə edə bilərik:

“Ötən ilə nisbətən bu il tələbə olanların sayı 3715 nəfər daha çoxdur.

Bu il həmçinin dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötənilki göstəricidən 2523 nəfər çoxdur. Ümumiyyətlə son illər qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması nəticəsində ödənişsiz oxumaq imkanı əldə edən tələbələrin sayı çoxalmaqda davam edir”.

Beləliklə, bu il 55 min nəfərdən artıq abituriyent ali məktəbə qəbul olub və ümumilikdə qəbul sayında artım var. Qeyd edək ki, həm buraxılış imtahanı, həm II cəhd imtahanında iştirak zamanı yüksək nəticə əldə etmək üçün şagirdlərin əksəriyyəti repetitor yanına gedir. Məhz bu baxımdan da son illər “məktəbin deyil, repetitorun uğuru” ifadəsi meydana çıxıb.

Keçid ballarının daha da yüksəlməsi abituriyentlərin repetitordan asılı vəziyyətə düşməsinə şərait yaratmırmı?

Təhsil üzrə ekspert Rizvan Fikrətoğlu “Cebheinfo.az”-a bildirib ki, məktəblə repetitorun fərqi var, yəni məktəbin missiyası ali məktəbə uşaq hazırlamaq deyil:

“Uşağa təlim tədrisdən başlayır. Repetitor şagirdləri sırf testə fokuslayır. Bu, elə bir yaddaşdır ki, qısa bir müddətdə unudulur. Bu gün 500 bal toplayan bir abituriyent 4 il sonra həmin testdən 100 balı keçə bilməyəcək.

Çünki bu, müvəqqəti, əzbərçi yaddaşdır. Ancaq məktəb şagirdə vətənpərvərliyi, dünyagörüşü, ictimai davranışı öyrədir. Bu gün repetitorluq institut kimi formalaşıb, geniş yayılıb.

Hazırda Elm və Təhsil Nazirliyi nə qədər inkar etsə də, repetitorların nəticəsi göz qabağındadır. Ancaq mən düşünürəm ki, şagird müəyyən bazanı məktəbdə toplayır, repetitor onu tamamalayır. Bu gün “məktəb heç nədir”, “məktəb lazım deyil” fikri ilə də çıxış edə bilmərik. Təhsildə inqilablar baş verir. Nazirliyin tərkibində agentliklər yaranıb, regional təhsil idarələri var, nəzarət xüsusiləşib”.

Ekspert hesab edir ki, yaxın gələcəkdə repetirorluq ləğv olunmayacaq:

“Bizim təhsil sistemi repetitorlara borcludur. Ancaq qəbul da buna şərait yaradır. Müəyyən qədər açıq testlərin olması, test üsulunun qismən azaldılması ola bilsin ki, gələcəkdə repetitorluğu müəyyən qədər azaltsın. Lakin repetitorluğa da düşmən kimi baxmamalıyıq. Çünki o da şagirdin yüksək nəticə almasını istəyir.

Repetitorun öyrətdiyi aldadıcı, müvəqqəti yaddaşdır. Ancaq Dövlət İmtahan Mərkəzi abituriyentdən bunu istəyir. Sabah DİM abituriyentdən öz dünyagörüşünü ortaya qoymasını istəsə, repetitorluğu ləğv etmək olar.

Ancaq bu da alınmır. Çünki rüşvət, korrupsiyaya yol aça bilər. Bu gün hər şeyi repetitor etdiyini demək də, onların haqqını itirmək də düzgün deyil. Repetitor sanki əlavə bir dərs vəsaitidir”.

Ekspertin sözlərinə görə, ali məktəbə qəbulun nəticəsində repetitorların əməyi böyükdür: “Repetitorsuz ali məktəbə qəbul çox az hallarda mümkündür. Repetitorluq olmasa, nəticə aşağı düşəcək, suallarda primitivlik yaranacaq.

Abituriyent yüksək bal toplamaq üçün repetitordan asılı olur. Bizim valideynlər də bir qədər repetitora həvəslidirlər. Bir ailədə uşaq repetitor yanına gedirsə, “məninki də getməlidir” deyə düşünürlər.

Minlərlə şagird var ki, 5-6 il repetitor yanına getsə də, heç bir nəticəsi yoxdur. Bu il imtahandan kəsilənlər arasında da repetitor yanına gedənlərin sayı az deyil. Yəni “repetitor yanına getdim, xilas oldum” demək deyil. Repetitor dərsini keçir, pulunu alır, şagirdi müvəqqəti yaddaşla təmin edir. Ancaq orta məktəbin missiyası tək bu deyil.

Məktəbə gəlməyi, yazı yazmağı, Vətənə sevgini öyrədir. Eləcə də məktəb o bazanı qoymalıdır ki, şagird repetitor yanına getsin. Məsələn, riyaziyyat elə bir fənndir ki, orta məktəbdə baza olmasa, yuxarı siniflərdə repetitor yanına getsə də, artıq gec olacaq. Repetitor dərs vəsaitidir, dərslik deyil”.
 
Ardını oxu...
Son illərdə ölkəmizdə abituriyentlərin attestatla xarici ölkələrə, xüsusən Türkiyə universitetlərinə oxumağa getməsi halları artıb. Daha çox DİM qəbul imtahanlarında yetərli balı yığa bilməyənlər bu yola əl atırlar. Xaricdə təhsil şirkətlərinin də attestatla təhsillə bağlı reklamlarını hər yerdə görmək mümkündür. Bəs, sözügedən formada təhsil nə dərəcədə effektlidir?

TEREF xəbər verir ki, metbuat.az məsələ ilə bağlı mütəxəssislərin rəyini öyrənib. Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, attestatla tələbə qəbul edən universitetlər reytinqli və prestijli universitetlər deyil və onların verdiyi təhsil də keyfiyyətli olmur:

"Onlarla, yüzlərlə abituriyentimiz attestatla Türkiyə universitetlərinə qəbul alırlar. Mən hesab etmirəm ki, attestatla qəbul edən universitetlər Türkiyənin tanınmış universitetləridir, bu, bir mənalı olaraq belə deyil. Dövlət universitetlərinə qəbulla bağlı təbii ki, şərtlər var. Türkiyənin nüfuzlu ali təhsil müəssisələri var ki, dünya reytinqində yer alırlar və həmin universitetlər qəbula da beynəlxalq standartlar çərçivəsində yanaşırlar, kimi gəldi attestatla qəbul etmirlər.

Attestatla qəbul edən müəssisələr özəl universitetlərdir və onların bu siyasətinin arxasında daha çox pul qazanmaq dayanır. Baxmayaraq ki, bu universitetlərdə təhsilin səviyyəsi elə də yüksək deyil, lakin bizim tələbələrin çoxu heç orada təhsillərini davam etdirə bilmirlər. Çünki Türkiyədə ali təhsildə güzəşt yoxdur, digər neqativ hallar yoxdur. Çoxu heç universiteti bitirə bilmirlər".

İlqar Orucov onu da vurğulayıb ki, Azərbaycanda valideynlər övladlarının ali təhsil almasını həyati məsələyə çeviriblər və xaricdə təhsil şirkətləri bundan istifadə edir:

"Azərbaycanda bu sahədə böyük bazar formalaşıb, bu şirkətlərin qurbanına çevrilənlər də var. Təkcə Türkiyəyə yox, Gürcüstan, Ukrayna, Rusiya universitetlərinə göndərilən tələbələr də görürük. Bir çox hallarda onlar diplomların tanınması ilə bağlı ciddi problemlərlə qarşılaşırlar. Düzdür, son illərdə diplomların tanınması ilə bağlı qaydalar yumşaldılıb və mən bunun tərəfdarı deyiləm. Diplomların tanınması ilə bağlı yanaşmalar fərqli olmalıdır və hamıya eyni münasibət düzgün deyil.

Hansısa ölkəyə övladını göndərən valideyn bilməlidir ki, mənim övladımın savadı yoxdursa, mən bu pulları nahaq xərcləyirəm, zamanını da nahaq alıram. Bu məsələdə valideynlər maarifləndirilməlidir. 100 bal yığa bilməyən şəxs necə gedib xaricdə keyfiyyətli təhsil ala bilər? Bu, özünü aldatmaqdan başqa bir şey deyil".

Mövzu ilə bağlı fikirlərini bölüşən təhsil üzrə ekspert Elmin Nuri Azərbaycanda fəaliyyət göstərən xaricdə təhsil şirkətlərinin fəaliyyətinə toxunub:

"Hər il ixtisas seçiminin nəticələri açıqlanandan sonra, universitetə qəbul ola bilməyən yüzlərlə şəxs yeganə çıxış yolu kimi xaricdə attestatla təhsil almağa üz tutur. Məhz bu məqamda xaricdə təhsil şirkətləri gücləndirilmiş rejimə keçirlər. Təsəvvür edin elə şirkətlər var ki, onlar ixtisas seçimi açıqlanandan dərslər başlayana qədər 1 aylıq müddətdə fəaliyyət göstərirlər və ondan sonra artıq o şirkətləri görən olmur.

Xaricdə təhsil şirkətlərinin işi çox ciddi və məsuliyyətlidir. Tələbələrin göndərildiyi universitetlərin tədris keyfiyyəti, diplomların tanınması, hüquqi məsələlər diqqətdə olmalıdır. Bizdə şirkətlər əsasən Türkiyə, Ukrayna, Polşa, Rusiya, Gürcüstan, Çexiya universitetlərinə tələbə göndərməklə məşğuldurlar və burada həmin ölkələrin prestijli universitetləri yer almır".

Ekspert qeyd edib ki, ölkəmizdə valideynlərin övladlarının ali təhsil almasına yanlış yanaşmaları da problemin digər tərəfidir:

"Uzun illərdir bu bazarda fəaliyyət göstərən şirkətlər olsa da, məsələnin hüquqi tərəfinə o qədər də diqqət etməyən, ən əsası gənclərimizin həssas durumundan, onların valideynlərinin narahatlığından istifadə edərək, nə olursa-olsun onların övladlarını ali məktəb tələbəsi edəcəklərinə söz verən, amma işlərini qətiyyən etibarlılıq prinsipi üzərində qurmayan "şirkətlərə" də rast gələ bilirik.

Bu sahədə müəyyən işlər görülür. Lakin təəssüf ki, hələ də övladını attestatla xaricdə oxumağa göndərənlər var. Xaricdə təhsil üçün dövlət proqramları var, ora müraciət etsinlər, öz bilik və bacarığına görə fərqlənən uşaqlar dövlət hesabına gedib təhsil ala bilərlər.

Mən attestatla təhsil məsələsini qətiyyən qəbul etmirəm. Reytinqli universitet ümumiyyətlə attestla tələbə qəbul etməz. Təəssüf ki, bizdə universitetə qəbul valideynlər üçün rəqabət mövzusu olduğuna görə, "övladım təki çöldə qalmasın" düşüncəsinə görə bütün yollara əl atırıq. Xaricdə təhsil şirkətləri də bundan istifadə edərək pul qazanır və bir çox gənclərimizin təhsil talelərini sual altında qoymuş olurlar".
 
Ardını oxu...
"Mənim şikayətim "Aztelekom"dandır". Dia-az.İnfo bildirir ki, bu barədə şikayətçi düşən "Aztelekom" müştərisi Elnar Hacıyev olduqca ilginc bir məqamı diqqətə çatdırır və haqlı suallarına sözügedən qurumdan cavab tələb edir.

Narazı vətəndaş bildirir: "Avqustun 15 dən aylıq internetin qiyməti 25 manat oldu. 27 manat ödəyəndən sonra internet açıldı. Yəni 25 manat də yox... 27 manat.

Söz deyən kimidə deyirlər "Biz müqavilə bağlamışıq, müqavilənin vaxtı bitməmiş bu provayderdən çıxa bilməzsiz"

Amma bir adam demir ki, əgər bu müqavilədirsə, onu birinci elə siz pozursunuz. Müqavilə aylıq 21 manata bağlanıb. Indi 27 manata qaldırmaqla müqaviləni birinci siz özünüz pozmuş olursunuz. Və məni cərimələməyə, əlimdən ev telefonunu almağa sizin ixtiyarınız yoxdur.

Bu bir...

İkincisi də odur ki internetin surətində heç bir dəyişiklik yoxdur. Yəni göz görə-görə bizi qazlayırlar...

Əgər normal ölkə olsaydı, "Aztelekom"u məhkəməyə verib, məhz müqaviləni pozduğuna görə, kütləvi qaydada cərimələtdirmək olardı..."
 

          

Ardını oxu...
Dövlət Sosial Müdafiə Fondu son illər pensiyaçı sayında azalmanın olmasına dair yayılan məlumatlara münasibət bildirib.

Qurumdan Redaktor.az-a bildirilib ki, əslində Azərbaycanda sosial təminat növləri üzrə ödənişlə təmin olunanların dairəsi azalmayıb, əksinə, son illərdə xeyli genişlənib:

"Buna misal olaraq, DSMF tərəfindən müavinət və Prezidentin aylıq təqaüdü ilə təmin olunanların sayı son 5 ildə 60 faizə yaxın və ya 310 min nəfər artaraq 850 mini ötüb.

O cümlədən, bu dövrdə Prezidentin aylıq təqaüdü ilə təmin edilənlərin sayında 6,3 dəfə artım baş verib.

Digər tərəfdən, son illər humanist yanaşmalar əsasında aparılan islahatlar həm pensiya təminatı proqramına əlçatanlığın artırılmasına, həm də daha erkən dövrdə yaşa görə pensiya hüququ olan kateqoriyaların sırasının daha da genişlənməsinə imkan verib.

Pensiyaçıların sayında müəyyən azalma isə əlillik müddəti bitən şəxslərin bir qisminin əlillik müddətinin uzadılması üçün təkrar müraciət etməməsi, habelə əlilliyin təkrar qiymətləndiriilməsi zamanı bir sıra şəxslərin artıq reabilitasiya olunduqlarının müəyyən edilməsi səbəbdən pensiya sistemini tərk etməsi ilə bağlıdır.

Onu da bildirək ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2,7 milyon şəxs sosial təminat növləri üzrə ödənişlərlə təmin edilir”.
Ardını oxu...
Azərbaycanda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri öncəsi təbliğat-təşviqat kampaniyası davam edir. Namizədlər seçicilərin diqqətini cəlb etmək üçün əsasən sosial problemlərin həllinə yönələn vədlər verir. İşsizlik, təhsil, səhiyyə və digər sosial məsələlər seçki kampaniyasında ön planda yer alır.

Seçkilərdə iştirak edən namizədlərin əksəriyyəti VI çağırış Milli Məclisin hazırkı deputatlarıdır, lakin namizədlər arasında tanınmış simalarla yanaşı, ilk dəfə bu yarışa qatılan, geniş ictimaiyyət tərəfindən tanınmayan şəxslər də var. Siyahıda işsizlər, təqaüddə olanlar, hətta xadimə kimi namizədlərin olması bu seçki kampaniyasını daha “rəngarəng” edir.

Seçkilər və onların nəticələri Azərbaycanın siyasi səhnəsinə təsir edəcək mühüm hadisələrdən biridir və seçicilərin sosial problemlərin həllinə dair gözləntilərinin necə qarşılanacağı maraqla gözlənilir.

Yenicag.az olaraq, bu seçkilərdə heç kimin tanımadığı namizədlərlə bağlı araşdırmanı təqdim edirik. Araşdırmaya Sumqayıt və Abşeron üzrə davam edirik.

43 saylı ikinci Sumqayıt seçki dairəsində deputatlığa namizədliyini YAP-dan irəli sürmüş VI çağırış Milli Məclisin deputatı Mirkişili Tahir Famil oğludur.

Bu seçki dairəsində namizədliyini Ağ Partiyadan irəli sürən partiyanın sədr müavini Abbaslı Nərmin İkram qızıdır. Sözügedən seçki dairəsində də adı tanınmayan şəxslər var. Belə ki, namizədliklərini öz təşəbbüsü ilə irəli sürən fərdi sahibkar Əlicanov Taleh Əkrəm oğlu, kinorejissor Rəcəbov Zaur Güləhməd oğlu, namizədliyini Musavat partiyasından irəli sürən pensiyaçı Cavadlı Cavad Adışirin oğludur.

44 saylı Sumqayıt üçüncü seçki dairəsində namizədliyini YAP-dan irəli sürmüş namizəd hazırda MÜTDA-da direktor müavini vəzifəsində çalışan Vəliyeva Mehriban Hidayət qızıdır. Bu seçki dairəsində də tanınmayan namizədlər yer alıb. Onlar namizədliklərini öz təşəbbüsləri ilə irəli sürən Mansurzadə Mansur Elxan oğlu, Şükürov Saleh Məhzun oğludur.

45 saylı Sumqayıt dördüncü seçki dairəsində namizədliyini YAP-dan irəli sürən namizəd hazırda Sumqayıt Dövlət Universitetində çalışan Hacıyev Naib İsmixan oğludur.

Bu seçki dairəsində namizədliyini öz təşəbbüsü ilə irəli sürən hazırda Azərbaycan Respublikası Prezident Administrasiyasında işləyən Salmanova Səbinə Qədir qızı da yer alıb. Sözügedən seçki daiərsində namizədliyini ƏHD-dən irəli sürən və hazırda heç bir yerdə çalışmayan Qasımov Azər Məhərrəm oğlu da var.

46 saylı Sumqayıt beşinci seçki dairəsində namizədliyini YAP-dan irəli sürmüş və hazırda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda çalışan Akimova Elnarə Seydulla qızı da yer alıb. Bu seçki dairəsində namizədliyini özü tərəfindən irə sürmüş “365-ci qəzet”də müxbir kimi çalışan Məmmədov Rəşid Məmməd oğlu da yer alıb.

47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsində namizədlərdən biri namizədliyini YAP-dan irəli sürən və hazırda Sumqayıt Dövlət Universitetində Kimya Kafedrasının müdiri vəzifəsində işləyən Mustafayev Musa Musa oğludur. Bu seçki dairəsində də tanınmayan bəzi adlara rast gəlmək mümkündür. Belə ki, namizədliyini özü tərəfindən irəli sürən və hazırda SMM kimi çalışan Nəzərova Sona Rəşad qızı, hüquqşunas Nəbiyev Emin Tofiq oğlu da var.

48 saylı Abşeron birincim seçki dairəsində namizədliyini YAP-dan irəli sürmüş və hazırda DOST İnklüziv inkişaf və yaradıcılıq mərkəzində direktor vəzifəsində çalışan Məmmədova Nigar Fikrət qızının adı siyahıda özünə yer tapıb. Bu seçki dairəsində də işləməyən xeyli namizəd var. Belə ki, namizədliklərini öz təşəbbüsləri ilə irəli sürmüş və hazırda heç bir yerdə çalışmayan Alıyev Yalçın Məmiş oğlu, Mikayılzadə Sevda Vasif qızı, namizədliyini AXP-dan irəli sürən İsrafilov Məzahir İsrayıl oğlu da yer alıb.

Mövzunu davam etdirəcəyik.

www.yenicag.az
 
 

 


Ardını oxu...
2023-cü ilin sentyabr ayında Qarabağda keçirilən antiterror əməliyyatlarında qəhrəmancasına şəhid olmuş oğullardan biri Məhərrəmov Cavad Sadiq oğlu Lerik rayonunun Almu kənd qəbristanlığında uyuyur. Ümumilikdə Almu kəndi Qarabağ uğrunda 6 şəhid verib, onlardan daha ikisi – Məlikov Vüsal Bəxtiyar oğlu və Tahirli Natiq Namiq oğlu da kəndin məzarlığında dəfn edilib.

Lənkəran-Lerik magistralından sola ayrılan 5 km-lik qum-çınqıllı yolla, meşənin içərisi ilə, dəniz səviyyəsindən təqribən 900 metr yüksəkliyə qalxıb Almuya yetişirik. İlk üz tutduğumuz ünvan şəhidimizin məzarı olur. Elə Cavidin atası Sadiq Məhərrəmovla birgə şəhidimizin məzarı başında qurulmuş evini – əbədi məkanını ziyarət edirik. Gələn ay şəhidliyinin birinci ildönümü qeyd olunacaq Cavid Məhərrəmov Müddətdən Artıq Xidmət Edən (MAXE) olaraq xidmətdə olub, Vətən torpaqlarının azad olunması uğrunda döyüşlərdə cəngavər kimi döyüşüb və Ağdərənin azad olunması əməliyyatında düşmən snayperi onu ürəyindən vurub. Qəhrəmanımızın atası Sadiq bəy oğlunun keçdiyi döyüş yolundan danışarkən məlum olur ki, ikinci oğlu da 8 aydır hərbi xidmətdədir, üçüncü oğlu isə oktaybrda Vətən borcunu ödəmək üçün əsgər gedəcək. Amma üzücü hal budur ki, Vətənə sipər oğulların atası özü borc içərisindədir. Elə “Yeni Müsavat”a dərdini danışmaq üçün müraciət etməsinə səbəb də məhz atanın öz borcu – bank kreditinə görə məhkəməyə verilməsi olub.

Belə ki, şəhid Cavid Məhərrəmov şəhadətə qovuşmazdan öncə ev tikdirmək üçün “Yelo bank”dan 15 min manat kredit götürməyi tövsiyə edib. Bildirib ki, krediti aybaay öz maaşından ödəyəcək, təki atası evin inşaasına başlasın. Köhnə, yağış, qar yağarkən otaqlarına su daman iki otaqlı evi təmir etdirməyin mənasız olduğunu görən Cavid məsləhət görüb ki, ikimərtəbəli ev tikilsin, ata-anası və qardaşları ilə bir yerdə yeni evdə yaşasınlar. Qismət olmayıb, kredit götürülüb, ilk mərtəbə tikilib, iki aylıq ödənişdən sonra Cavid şəhid olub. Heç yerdə işləməyən Sadiq kişinin imkansız vəziyyətdə olması səbəbindən kreditin sonrakı ayları ödənməyib və iş məhkəməyə gedib çıxıb. Məzar başında atanı dinlədikdən sonra evə baş çəkirik, həm qəzalı vəziyyətdə olan, xüsusi təyinatlı Cavidin son yadigarlarının da toplandığı köhnə mənzilə, həm də şəhidimizin kreditlə binovrəsini qoyduğu yarımçıq tikiliyə… Daha yaxşısı budur oxucularımız şəhid atasının özünü dinləsinlər.

Musavat.com şəhid atası Sadiq Məhərrəmovun göz yaşları içərisində əlaqədar qurumlardan dəstək müraciətini, ümumiyyətlə, şəhid ailəsinin gerçək durumunu təqdim edir. Ümid edirik ki, müvafiq qurumlar məsələyə humanizm nöqteyi-nəzərindən yanaşacaqlar, əliqabarlı şəhid atasının müraciətinə biganə qalmayacaqlar.

P.S.Adı çəkilən bank rəhbərliyinin və digər əlaqədar qurumların mövqeyini dərc etməyə hazırıq.

AFN.az
 

Dünyapress TV

Xəbər lenti