Kredit ala bilməyən əlillər:“Birinci qrup əlilik deyə etibar etmirlər”
“Hər ay övladımla birgə Beynəlxalq Bank vasitəsilə 870 manat pensiya alırıq. Ancaq illərdir ki, bu müavinətə kredit ala bilmirəm. Birinci qrup əlilik deyə etibar etmirlər. Təqaüdü gəlir saymırlar. İki il öncəyə qədər mübarizə apardıq, etiraz etdik, hətta BMT-yə də şikayət olundu, amma nəticəsi olmadı”.

Bunu Meydan TV-yə Sumqayıt sakini, anadangəlmə görmə məhdudiyyətli I qrup əlil, 35 yaşlı Fariz Hüseynov deyir.

Onun sözlərinə görə, 2014-cü ildən indiyə qədər istehlak kreditlərindən yararlana bilməyib, daha doğrusu, ona bu imkanı tanımayıblar.

Deyir ki, dəfələrlə dövlət və özəl banklara, bank olmayan kredit təşkilatlarına müraciət etsə də, ona kredit ayrılmayıb. Bunun üçün birinci qrup əlillərdən etibarnamə və üçüncü şəxsin şahidliyi tələb olunur. Hətta müddəti bitmiş pensiya kartının yenilənməsi və debet kart imkanlarından yararlanmaq üçün də bu tələb qoyulur.

“Əvvəl 10-12 manata olan etibarnamə indi 18-20 manatdır. Hələ “ASAN xidmət”də etibarnamə ilə yanaşı, üçüncü bir şahidimiz olmalıdır. Xarici ölkədən göndərilən pul belə etibarnaməsiz verilmir. Üstəlik, etibarnamə verilib müqaviləyə imza atanda həmin şəxsin imzası ilə yanaşı, bizim də möhürümüz vurulur. Əgər imzamı tanımırsansa, niyə möhürüm vurulur? 2014-ci ilədək çətin də olsa, kredit ala bilirdik. Ondan sonra nəinki banklar, heç mağaza şəbəkələri bizə kreditlə heç nə vermir. Bu ayrı-seçkiliyə dair bankın daxili nizamnaməsi də göstərilmir”, – deyə o qeyd edib.

Ölkədə yaşayan yarım milyondan çox əlilin 67 000-i görmə əngəlli əlillərdir. Bunun da 15 mini, yəni 22 faizi I qrup əlillərdir. On il öncə isə bu rəqəm iki dəfə az, 7880 nəfər olub. Ümumilikdə isə ölkədə 62.9 min nəfər birinci qrup əlil var. Bu rəqəm on il öncə iki dəfə az – 24.9 min nəfər təşkil edib. Sayları artıqca əlillərin kredit imkanlarından yararlanma cəhdləri də ciddi problemə çevrilir.

Əlilliyi olan şəxslər bildirir ki, onlar üçün işlə təminat çətin olduğundan kredit imkanlarından yararlanmaq mümkünsüzdür. Azərbaycanda əmək bazarında əlilliyi olan şəxslərin cəmi 11-12 faizinin məşğulluğu təmin edilib. Bunların da arasında birinci qrup əlillərin payı heç bir faiz təşkil etmir.

I qrup əlillər dövlət tərəfindən digər qrup əlillərə nisbətən yüksək təqaüdlə təmin edilsə də, banklar bu təqaüdü onların aylıq ehtiyacı kimi qəbul edir. Hətta nəinki Fariz kimi ancaq təqaüdlə dolanan, rəsmi işdə çalışan I qrup əlillər belə kreditgötürmə imkanından yararlana bilmirlər.

“Sabah əleyhimizə işləyər, sübut edə bilmərik deyirlər”

Sonradan görmə qabiliyyətini itirən birinci qrup əlil, 61 yaşlı Famil Hacıyev deyir ki, ali təhsilli müəllim olsa da, heç vaxt kredit götürə bilməyib.

Onun sözlərinə görə, banklar onun görmə qabiliyyətinin olmamasını əsas gətirərək aylıq ödəniş imkanlarına etibar etmir:

“Bir telefona görə o mağazanın rəhbərliyinə qədər gedib mübarizə apardım, sindromu sındırdım. Ancaq kredit götürmək çətindir. Bank əsas gətirir ki, müqaviləni görmürsən, oxuya bilmirsən. Yanımdakı adamı etibarlı şəxs, şahid kimi təqdim etsəm də, onu da problem edib əsaslı sübut, şahid hesab etmirlər. “Sabah əleyhimizə işləyər, sübut edə bilmərik”, – deyirlər. İki övladım var, nə kredit götürə, nə də ipoteka ilə ev ala bildim. Artıq ümidim də qalmayıb, yorulmuşam”.

Banklar niyə kredit vermir?

Meydan TV birinci qrup əlillərə kreditin verilməməsi ilə bağlı bir neçə banka sorğu göndərib.

Əksər banklar sorğuya: “Bank tərəfindən birinci qrup əlilliyi olan şəxslərə istehlak kreditlərinin ayrılmasında heç bir məhdudiyyət yoxdur. Birinci qrup əliliyi olan şəxslərə bankın daxili prosedurlarına uyğun olaraq, kredit rəsmiləşdirilir”, – deyə cavab verilib.

Amma bank məsələləri üzrə ekspertlər bu cavabları şablon sayır, onların dedikləri ilə razılaşmır və əksini deyirlər.

“Bu qrup həssas insanların xərcləri çox, gəliri az olur”

İqtisadçı ekspert Elman Sadıqov deyir ki, qanunda ayrı-seçkilik olmasa da, banklar kommersiya maraqlarını və riskləri nəzərə alıb belə həssas qrup insanlara kredit verməkdə maraqlı olmurlar.

Əlillərin aylıq pensiya təqaüdü və işsizliyi ilə yanaşı, borcların gəlirlərə nisbəti əmsalı da nəzərə alınır:

“Onların kreditlərdən yararlanmaq hüququ var. Digər tərəfdən də borclanma məsələsi var. Bu qrup həssas insanların xərcləri çox, gəliri az olur. Nəticədə kredit götürüb iş yerini, ödəniş qabiliyyətini itirəndə banklarla onlar arasında münaqişə başlayır. Bank da çox da bu qrup insanların üzərinə gedə bilmir. Onları məhkəməyə versə, həssas qəbul edilir. Bu səbəbdən bank da ödəniş qabiliyyətini, aylıq gəlirini nəzərə alıb öncədən kreditin verilib-verilməyəcəyini dəqiqləşdirir və bəzən də konservativ yanaşır. Kreditin məsuliyyətdir. Borcların gəlirlərə nisbəti əmsalı var. Bu, 45 faizdən çox olmamalıdır. Buna görə banklar özünü riskə atmaq istəmirlər”.

“Əqli qüsurlu, gözdən əlillər üçün maliyyə sövdələşməsi risklidir”

Ekspertin sözlərinə görə, banklar əlilliyi olan şəxslər arasında görmə əngəlli olanlarla maliyyə sövdələşməsinin riskli sayırlar. Bu mənada da qəyyum, şahid və imza qaçılmaz hesab edilir:

“Əqli qüsurlu, gözdən əlillər üçün maliyyə sövdələşməsi risklidir. Mütləq qəyyumu olmalıdır. Tutalım, şəxs yüksək məbləğli əmlakını girov qoyur, satır. Bunu dərk edən, görən, təsdiqləyən qəyyum lazımdır ki, onun da imzası qaçılmazdır. Bu sonrakı aldadılmanın qarşısını almaq üçündür. Hüquqşünas və bank əməkdaşı vətəndaşa hüququnu, prosesi başa salmalıdır. Mümkündür ki, sabah məhkəmə bankı günahkar çıxarsın ki, pensiya kartını, debet kartını, adına gələn pulu niyə qəyyumsuz, şahidsiz vermisən. Bank bununla risklərini sığortalayır”.

“Bank üçün ödəmə qabiliyyəti önəmlidir, əlilliyi yox”

Dövlət bankı sayılan Beynəlxalq Bankdan da bunu riskli məsələ hesab edirlər:

“Banklar və sığorta üçün də xüsusi müştəri kateqoriyaları var ki, həmin şəxslər riskli sayılır. Söhbət onların əlilliyi ilə bağlı deyil, bəzən kredit verilərkən bu əlillikdən sui-istifadə halı bank üçün problem yaradır. Kredit ödənişini tələb edəndə bəzən əlilliyi əsas gətirib ödənişdən imtina edirlər. Hətta sığorta şirkətləri üçün də xüsusi riskli müştəri qrupu var ki, onu sığortalamırlar. Müştərilər riskli, az riskli və risksiz kateqoriyalara bölünür. Daimi və stabil əməkhaqqına çalışan müştərilər risksiz müştərilərdir. Yəni bank üçün ödəmə qabiliyyəti önəmlidir, əlilliyi yox. Əngəlli şəxslərə verilən təqaüdlər elə onların aylıq sağlamlığı, qidalanması kimi ehtiyaclarının ödənişi üçündür”.

“Dövlət sosial proqramlar vasitəsilə dəstək verə bilər”

Adının açıqlanmasını istəməyən bank mütəxəssisi isə bankın daxili qaydalarını risk departamentinin təmin etdiyini bildirir. O deyir ki, banklar əlillərin təqaüdünü aylıq kredit ödənişinə adekvat gəlir kimi riskli sayırlar.

Mərkəzi Bankın İdarə Heyətinin “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası” Qaydasının 16 may 2024-cü il tarixli qərarına əsasən, əlil şəxslərin kredit imkanlarından yararlanmaq şansı yaranır. Burada müsbət yöndə dəyişiklik qeyd olunsa da, əslində, həmin qərarın 6.5.1 bəndində qeyd olunur ki, sığortalının orqanizminin funksiyalarının pozulması ilə əlaqədar sığorta müqaviləsi bağlananadək əlilliyinin müəyyən olunması sığorta hadisəsi hesab edilmir. Yəni faktiki əlillik dərəcəsi daşıyan şəxslər sığortalanaraq kredit götürmək imkanlarından kənarda qalır.

“Dəyişiklik zaminsiz kreditləşməni həyata keçirmək məqsədlidir”

Banklar Assosiasiyasının hüquq məsələlər üzrə Ekspert Qrupunun rəhbəri Qorxmaz Ağayev deyir ki, yeni qaydalar nə müştərilər, nə də banklar üçün məcburidir.

Onun sözlərinə görə, “Həyat sığortası”na edilən dəyişiklik zaminsiz kreditləşməni həyata keçirməyə şərait yaratmaq məqsədi güdür:

“Bu dəyişiklik zaminsiz kreditləşməni həyata keçirmək məqsədi güdür. Çalışırıq ki, əlillərlə bağlı yanaşmaları ümumiləşdirib banklar üçün tövsiyələr müəyyənləşdirək. Bizdə Bank Ombudsmanı İnstitutu var ki, müştəri problemlərini onlar araşdırır. Müştərinin əslində ödəmə bacarıqları, müqaviləsi daxili prosedura uyğundursa, problem olmur, ancaq fərdi hallarda istisnadır və sığortalanma olmur. Bu qaydaya əsasən, sığortalanan və kredit götürən şəxslərə ölüm və əlillik dərəcəsinə səbəb olacaq istehsalat qəzası baş verəndə xərclər sığorta şirkəti tərəfindən ödəniləcək. Bu sığorta sistemini, həm də bank kreditləşməsini intensivləşdirəcək”.

Banklardan da bildirilib ki, yeni tətbiq ediləcək dəyişilikdə şəxsin müqavilə bağlanan dövrə qədər əlilliyi təsdiqlənərsə, “Həyat sığortası” onlara tətbiq edilmir və nəticədə kredit götürmək imkanı olmur. Banklar bununla zamin və sığorta şirkəti arasındakı məsuliyyəti bölüşdürəcək.

“Əllilik varsa, “Həyat sığortası” bundan imtina edir”

Sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov deyir ki, risk qrupu məsələlərində sığorta şirkətlərinin güzəşti yoxdur:

“Əllilik varsa, “Həyat sığortası” bundan imtina edir, çünki riskdir. Əlillik dərəcəsinin müəyyən olunması sığorta hadisəsi hesab olunur. Tətbiq olunacaq bu dəyişilikdə sığorta şirkətləri qazanacaq, banklar isə zaminlə bağlı qismən problemlərini həll edəcək. Sığorta olunanın ölümü və əlilliyinə dair sığorta hadisəsi baş verərsə, sığorta şirkəti bir hissəsini, ya da tam məbləğini ödənişini həyata keçirəcək. Yaşı çox olan insanlar daha çox sığorta ödənişi edəcəklər və onlar risk qrupuna aiddir. Bu sığorta qeyri-rəsmi məcburidir ki, diqtə edən tərəf bankdır, ancaq rəsmi olaraq könüllüdür”.

MEYDAN.tv
 

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü
15 Aprel 2025 "Taksi parkları sürücüləri hədsiz dərcədə istismar edir"
14 Aprel 2025 Aldadıcı satışların qurbanına çevrilməyin - Vətəndaşlar mənzil alarkən nələrə diqqət etməlidirlər?
13 Aprel 2025 "Google" yüzlərlə əməkdaşını işdən çıxardı
12 Aprel 2025 Kompensasiya miqdarının yaratdığı problem: hüquq vətəndaşdan yanadır, amma... - NƏ ETMƏLİ?
12 Aprel 2025 Son bir ayda dövlət sektorunda işləyən min nəfər öz işini itirib
12 Aprel 2025 Pensiya ilə bağlı VACİB XƏBƏR
11 Aprel 2025  İxtisarlar növbəsi Penitensiar Xidmətə çatdı - İLGİNC...
10 Aprel 2025 Çox bayram, çox qənaət : 165 milyon manat nədən yaranıb? .
09 Aprel 2025 "İcra Hakimiyyətinə müraciət edirəm, mənə “dilənçi gəldi" deyirlər..." - Qarabağ veteranından PREZİDENTƏ MÜRACİƏT
09 Aprel 2025 Sələmçilərin qarşısını alsa da: İnsanları borca salan bahalı "çıxış yolu" - ARAŞDIRMA
09 Aprel 2025 TOVUZ SAKİNİ İŞDƏN HAQSIZ YERƏ ÇIXARILDIĞINI İDDİA EDİR, AMMA... - Sosial Təminat Agentliyindən vətəndaşın şikayətinə reaksiya
09 Aprel 2025 "Dövlət bu cür müavinətlərin marağında olmalıdır" — Uşaqpulu yenidən GÜNDƏMDƏ

Dünyapress TV

Xəbər lenti