Böyük Britaniyada “TikTok” 4 yeniyetmənin valideynləri tərəfindən məhkəməyə verilib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, valideynlər iddialarında övladlarının “Blackout challenge” adlanan trendə qoşularkən öldüyünü qeyd ediblər.
Cümə axşamı Amerika Sosial Media qurbanları Hüquq Mərkəzi uşaqların valideynləri adından “TikTok”a qarşı qanunsuz ölüm iddiası qaldırıb. Şikayət ərizəsi 3 yeniyetmənin anası, 1-nin atası adından verilib.
Bu iddialarda ölümlərin “ByteDance”ın qəsdən bağımlılıq yaradan proqramlaşdırma dizaynı əsasında” və “uşaqları “TikTok” ilə maksimum dərəcədə əlaqə qurmağa təhrik etmək məqsədi” ilə həyata keçirildiyi bildirilir. Həmçinin “ByteDance”ın hər bir uşaqda zərərli asılılıqlar yaratdığı və onları dayanmadan zərərlədiyi iddia edilir.
İki gün əvvəl az sayda miqrant ABŞ-ın hərbi təyyarəsi ilə Texasdan Kubanın Quantanamo körfəzindəki təcridxanaya köçürülüb. Təyyarə Kubaya çatmadan öncə “Amerikanın Səsi”nə adının anomim qalması şərti ilə danışan ABŞ müdafiə rəsmisi deyib ki, adminsitrasiyasının “yüksək təhlükə” hesab etdiyi 20-dən az miqrant Fort Bliss bazasından Quantanamoya ilk C-17 reysi ilə aparılıb.
ABŞ-ın Daxili Təhlükəsizlik Naziri Kristi Noem çərşənbə axşamı “X” sosial media şəbəkəsində bəzi miqrantların hərbi yük təyyarəsinə minməyə hazırlaşarkən çəkilən fotolarını yerləşdirərək, onları "pislərin ən pisi" adlandırıb və onları deportasiya etmək səylərinin yeni başladığına dair xəbərdarlıq edib.
Daha sonra Daxili Təhlükəsizlik Departamenti Texasdan Quantanamo körfəzinə hərbi təyyarə ilə aparılan miqrantların hamısının Venesuelada transmilli əhatəyə malik olan “Tren de Araqua” küçə qanqster dəstəsinin üzvləri olduğunu bildirib. Rəsmilər onların ilk dəfə nə vaxt və necə saxlandıqlarını açıqlamayıb.
Ağ Ev “Tren de Araqua”nı xarici terror təşkilatı kimi təyin etmək planlarını açıqlayıb. Prezident Donald Trampın ötən ay imzaladığı sərəncamdan bəri, Pentaqon sənədsiz mühacirlərin saxlanma əməliyyatlarını dəstəkləmək üçün Quantanamodakı müəssisələri genişləndirmək məqsədilə ora 300 dəniz piyadasını göndərib. Mətbuatda yer alan məlumatlara görə, onlar miqrantları dəniz bazasının ayrıca hissəsində hasarlanmış ərazinin içərisində yerləşdirmək üçün çadırlar qurublar.
“Fox News” isə xəbər verir ki, həmin müəssisələr hələ miqrantlar üçün hazır deyil. “Amerikanın Səsi”nə danışan ABŞ rəsmisinin sözlərinə görə, çərşənbə axşamı ora aparılan miqrantlar ABŞ təcridxanasında saxlanılacaq. Təcridxanada əsasən hərbi əsirlər və terrorda şübhəli bilinən şəxslər, o cümlədən 2001-ci il 11 sentyabr hücumlarında iştirak edənlər və “Taliban” üzvləri saxlanılıb.
Tramp ötən ay imzaladığı sərəncamda Müdafiə və Daxili Təhlükəsizlik Departamentlərinə ABŞ-ın dəniz bazasını 30 minə qədər miqrantı saxlamağa hazırlamağı tapşırıb.
"Onların bəziləri o qədər pisdir ki, hətta ölkələrin belə onları saxlamasına güvənmirik. Çünki onların geri qayıtmasını istəmirik. Ona görə də onları Quantanamoya göndərəcəyik", Tramp deyib.
Barak Obama və Co Baydenin dövründəki administrasiyalar 2001-ci il 11 sentyabr hücumlarından qısa müddət sonra ABŞ-ın Əfqanıstana müdaxiləsinin ardınca 2002-ci ildə Corc Buş administrasiyası tərəfindən tikilmiş həbs düşərgəsini bağlamağa çalışıb.
“Human Rights First” təşkilatının prezidenti və baş icraçı direktoru Sü Hendrikson açıqlamasında bildirib ki, miqrantları Quantanamoya göndərmək “insan haqları fəlakəti yaradacaq”.
"Tramp administrasiyası miqrantların Quantanamoya göndərilməsinin simvolizmini cəlbedici hesab edə bilər. Amma onun praktiki nəticəsi daha çox ədalətsizlik, israfçılıq və öz-özünə səbəb olduğu etibarın itirilməsi olacaq", Hendrikson deyib.
Terrora Qarşı Qlobal Müharibənin ən qızğın vaxtında təcridxanada 680-ə yaxın məhbus saxlanılırdı. Pentaqonun bildirdiyinə əsasən, yanvarın 6-na olan məlumata görə, müəssisədə cəmi 15 məhbus olub.
Terrorda şübhəli bilinən şəxslərin saxlanması üçün istifadə edilmədən əvvəl ABŞ-ın dəniz bazası həmçinin 1990-cı illərin əvvəllərində Kuba və Haitidən olan miqrantların yerləşdirilməsi üçün istifadə olunub.
Azərbaycan Hava Yolları”na məxsus təyyarənin ötən il dekabrın 25-də qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatı açıqlamasından sonra da Rusiya tərəfi hadisəyə qərəzli yanaşmasını dayandırmır. APA-nın məlumatına görə, İlkin hesabatdan aydın olur ki, Bakıdan Qroznıya J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin təyyarəsi Rusiyanın hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində GPS siqnallarının itməsi halı ilə üzləşib. Hesabatda qeyd olunur ki, hava gəmisi hava şəraitinin əlverişli olmaması səbəbindən Qroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barəsində qərar verib. Bu qərarın qəbul edilməsindən sonra Qroznı üzərində CVR-da 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı qeydiyyata alınıb. CVR və FDR məlumatlarının tutuşdurulması nəticəsində müəyyən edilib ki, birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirməklə sıradan çıxıb. Hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması faktı aşkar olunub və foto, habelə video qeydiyyata alınıb. Həmin zədələr hava gəmisinin füzelyajının arxa hissəsində, xüsusilə şaquli və üfüqi stabilizatorlarında çox sayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunub. Təyyarənin füzelyajında aşkar olunan zədələrin kənar obyektlərin təsiri nəticəsində formalaşması barəsində məlumat təqdim edilib. İlkin hesabatda hava gəmisinin quşlarla toqquşmasına işarə edən hər hansı fakt barəsində məlumat təqdim edilməyib. Təyyarənin qalıqlarının kor zədələrində olan, hava gəmisinə məxsus olmayan kənar obyektlər aşkarlanaraq götürülüb və həmin kənar obyektlərin foto şəkilləri ilkin hesabat mətnində ictimaiyyətə təqdim edilib. Hesabatda bildirilir ki, 05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri itirilir, 05:21:42-də əlaqələndirici dispetçer “Ковер” əməliyyatı barədə Qoznıya məlumat verir. Hesabatda oksigen balonunun partlaması ilə bağlı faktı ehtiva edən hər hansı bir məlumat qeyd olunmayıb. Burada sadalanan faktların təsdiqi ilə bağlı olan foto, habelə audio və rəqəmsal qeydiyyat vasitələrindən çıxarışlar ilkin hesabatın mətnində verilib. Qeyd edək ki, 25 dekabr 2024-cü ildə AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə "Sherg.az"a deyib ki, təyyarənin vurulması ilə bağlı Qazaxıstan rəsmilərinin ilkin açıqlaması artıq bütün əsassız iddialara nöqtə qoymuş oldu:
"Rusiya mətbuatı və rəsmi dairələrindən təlimat almış "siyasətçilər" təyyarənin Rusiyada vurulmasını qəbul etmək əvəzinə, Azərbaycana qarşı əsassız iddialara başladılar. Hətta rus siyasətçilərindən biri çıxış edib ki, bütün azərbaycanlıları Rusiyadan qovmaq lazımdır. Eyni zamanda əsli azərbaycanlı olan Rusiya vətəndaşları isə həbs edilməlidir. Bu açıqlama onu göstərir ki, Rusiya siyasi centlmenlik edərək qəzanın onlar tərəfindən törədilməsini qəbullanmaq, o cümlədən üzr istəyərək konpensasiya ödəməkdən boyun qaçırır. Digər tərəfdən mütəxəssis olmayan hər kəs hesabatdakı fotogörüntülərə baxdıqda qəzanın təyyarəyə kənardan hər hansı obyektin müdaxilə etdiyini bilir. Bu da yalnız raket ola bilər. Nəticədə Azərbaycanın indiyə qədər olan versiyaları öz təsdiqini tapdı".
Ekspert əlavə edib ki, GPR sisteminin söndürülməsi və təyyarəyə müdaxilə isə qəzanın səbəbləri haqqında olan şübhələri iki versiya üzərinə daşıyır: "Aviasiya haqqında beynəlxalq qanuna görə bunlar cinayətin tərkib hissəsidir. "Kavyor əməliyyatı"na gəlincə səmada uçan təyyarələri təcili yerə endirmək məcburiyyətində qalır. Yəni, bu, təyyarənin vurulmasından sonra olsaydı belə, onu yerə endirə bilərdilər. Ümumiyyətlə Rusiya tək bu məsələdə yox, hər zaman qərəzli davranır. Rəsmi Moskva özünün imperiya siyasətindən əl çəkək istəmir. Azərbaycan Respublikasının rəhbəri milli və dövlət maraqlarına söykənən siyasət yürüdür. Nə qədər dost münasibətlərimiz və strateji tərəfdaşlıq müqavilələrimiz olsa da, Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar".
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
Oxu.Az xəbər verir ki, "Paşinyan yeni müharibəyə sürüklənir" adlı süjetdə Ermənistanın sabiq prezidentlərinin vaxtaşırı öz cinayətlərini dilə gətirməsindən və erməni siyasi elitasının daşnak-faşist mahiyyətindən söz açılıb.
Bildirilib ki, erməni iqtidarlarının faşist mahiyyətinin dilə gətirilməsi İrəvanın siyasi və mətbuat mühitində növbəti isterikaya səbəb olub: "Erməni siyasətçilər, politoloqlar mahiyyət üzrə danışıb, keçmiş rəhbərlərinin faşist düşüncə və addımları, Azərbaycanın və Türkiyənin guya Ermənistanı təhdid etməsinə görə müdafiə olunmaq üçün faşistsayağı hərəkət etdiklərini deyirlər. Əslində, onlar bu çıxışları ilə tarixi gerçəyi, Qərbi azərbaycanlıların qayıdış haqqını etiraf edirlər".
Süjetdə İrəvanın mərkəzində "Qarabağ" mahnısının Güney azərbaycanlılar tərəfindən səsləndirilməsi ilə bağlı erməni isterikasına, eləcə də hərbi ekspert Hayk Nahapetyan, politoloqlar Arman Abovyan, Arutyun Mkrtçyan, Argişti Kiviryan, deputat Arsen Torosyan, təhlükəsizlik üzrə ekspert Hraçya Arzumanyanın Qərbi Azərbaycan və Zəngəzur məsələsi barədə müxtəlif səpkili fikirlərinə yer verilib.
Onların sözlərinə görə, azərbaycanlılar Qərbi Azərbaycan adlanan əraziyə qayıtsalar, ermənilər onların quluna çevriləcək: "Biz məhv olmaq istəmiriksə, silahlanmalı və döyüşməliyik. Bizim başqa seçimimiz yoxdur. Biz başa düşməliyik ki, azərbaycanlılar Qarabağda və Qərbi Ermənistanda olduğu kimi, bizim evlərimizdə də yaşamaq istəyirlər. Bu gün bizim əsas məqsədimiz Azərbaycanla sülh müqaviləsi imzalamaqdır. Azərbaycan Zəngəzur dəhlizinin açılmasını tələb edir. Azərbaycanlılar Naxçıvandan Zəngəzura getmək istəyirlərsə, Ermənistan vətəndaşları da bu yoldan istifadə etməlidirlər. Azərbaycan tərəfi bildirir ki, Ermənistan hakimiyyəti Qərbi Azərbaycanın nümayəndələri ilə görüşməlidir. Azərbaycan belə bəyanatlar verməklə bizi yolumuzdan yayındırmaq istəyir. Biz artıq Rusiyaya arxalana bilmərik. 2020-ci ildən sonra həm hakimiyyət, həm də sadə vətəndaşlar özlərini Rusiya tərəfindən xəyanətə uğramış hiss edirlər. Bu gün Ermənistanda bəzi dairələr Nikol Paşinyanı yeni müharibəyə sürükləməyə çalışır. Onların əsas məqsədi baş naziri devirmək və hakimiyyəti ələ keçirməkdir".
Sonda vurğulanıb ki, dünyanın siyasi düzəni dəyişib və Azərbaycan güclü dövlət kimi regionda öz gündəliyinə uyğun düzən yaradır: "Ermənistanda Qərbi Azərbaycan sözündən qorxu keçmiş sakinlərin qayıdışı faktının yox, sürətlə boşalan Ermənistan ərazisinin öz əzəli sahiblərinə geri dönəcəyi ilə bağlıdır".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Macarıstanın baş naziri Viktor Orban 35 milyon avro dəyərində elan edilməmiş mülkün sahibidir.
Mülk Fransanın "France 2" telekanalının çəkiliş qrupu tərəfindən lentə alınıb. Qeyd edilib ki, hökumət başçısının rəsmi sərvəti Hatvan şəhəri yaxınlığında inşa edilmiş dəbdəbəli mülkə sahib olmağa imkan vermir. Fransızlar bu malikananı dəbdəbəsinə görə miniVersal adlandırırlar
Rəsmi açıqlamaya görə, Orban və həyat yoldaşının bank hesablarında 14 min avro var və iki evə sahibdirlər. Lakin Macarıstanın baş naziri Avstriya-Macarıstan dövründən qalma qədim malikanədə yaşayır. Mülk Orbanın atasının adınadır.
Malikanə 15 milyon avroya alınıb, daha 30 milyon avro isə bərpaya xərclənib.
Zaxarova Bakıdakı “Rus Evi”ndən danışdı“Moskva Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (“Rus Evi”) Azərbaycan paytaxtında qeydiyyata alınması ilə bağlı Bakının tələblərini yerinə yetirməyə hazırdır”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.
Diplomat təsdiqləyib ki, Rusiya hakimiyyəti qurumun fəaliyyətinin dayandırılması ilə bağlı Azərbaycandan nota alıb.
“Buna cavab olaraq Rusiya tərəfi “Rus Evi”nin qeydiyyatının başa çatdırılması və bunu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq etmək üçün lazımi tədbirlər görməyə hazır olduğunu bildirib”, - o qeyd edib.
Dünən Ermənistanın paytaxtı İrəvan meriyasında aparılan həbslər rüşvət işi ilə bağlı olub.
Bu barədə “Report” “News.am”a istinadən xəbər verir.
Ermənistanın Antikorrupsiyaya Komitəsindən bildirilib ki, qurum tərəfindən araşdırılan cinayət işi çərçivəsində istintaq hərəkətləri həyata keçirilib. Saxlanılanlar şəhər meriyasının əməkdaşlarıdır.
Daha əvvəl meriyanın mətbuat katibi Ayk Kostanyan bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları paytaxt meriyasının bir neçə əməkdaşını saxlayıb. Antikorrupsiya Komitəsinin mətbuat katibi Marina Ohancanyan isə deyib ki, işlə bağlı araşdırmalar aparılır.
Argentina hakimiyyəti ABŞ-nin ardınca ölkənin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxdığını elan edib.
XALQ.AZ xəbər verir ki, bu barədə Prezident Xavyer Mileyin rəsmi nümayəndəsi Manuel Adorni məlumat verib.
“Prezident Miley Xarici İşlər Nazirinə Argentinanın Ümumdünya Səhiyyə Təşkilatında iştirakını dayandırmağı tapşırıb. Biz, argentinalılar, beynəlxalq təşkilatın suverenliyimizə müdaxilə etməsinə icazə verməyəcəyik”, – deyə Adorni bildirib.
O qeyd edib ki, ÜST Buenos Ayresi maliyyələşdirmir, ona görə də təşkilatdan çıxmaq respublikanın səhiyyə sisteminə təsir etməyəcək.
Yunanıstanın Santorini adasına 8 kilometr məsafədə yerləşən və Egey dənizinin dərinliklərində mövcud olan Kolumbo vulkanı tarixdə dağıdıcı təsirləri ilə yadda qalıb. Sonuncu dəfə 1650-ci ildə püskürən bu vulkan, bölgədə böyük bir fəlakətə səbəb olub. O dövrdə baş verən hadisələr Santorini xalqının yaddaşına o qədər dərin iz buraxıb ki, nəsildən-nəslə "Şər zamanı" olaraq keçib.
1650-ci ildə Ege dənizində nələr baş verdi?
"DogruXeber.az" xəbər verir ki, tarixi qeydlərə görə, 1650-ci ilin sentyabr ayında Kolumbo vulkanının aktivliyi artmağa başlayıb. Yerli əhali dəniz suyunun qaynamağa başladığını, rənginin dəyişdiyini və suyun səthində bir konus yüksəldiyini müşahidə edib. Ardınca göyə qalxan qatı tüstü, alov və yanan qayalar bölgəni qorxuya salıb.
Vulkanın püskürməsi zamanı atmosferə yayılan zəhərli qazlar Santorini adasında onlarla insanın və yüzlərlə heyvanın ölümünə səbəb olub. Eyni zamanda, püskürmənin yaratdığı 20 metr hündürlüyündəki sunami dalğaları bölgədə ciddi dağıntılara yol açıb. Vulkanik kül və pemza daşları isə Anadolu sahillərinə qədər çatıb.
Kolumbo vulkanı niyə bu qədər təhlükəlidir?
Cənubi Egey Vulkanik yaylasında yerləşən Kolumbo bölgədə ən aktiv vulkanlardan biri hesab olunur. Aparılan elmi araşdırmalar nəticəsində bu vulkanın hələ də aktiv olduğu və gələcəkdə təhlükə yarada biləcəyi müəyyən edilib.
2022-ci ildə elm adamları Kolumbo vulkanının altında daha əvvəl məlum olmayan bir maqma kamerasının olduğunu və hər il təxminən 4 milyon kubmetr böyüdüyünü aşkar ediblər. Bu templə davam edərsə, 150 il ərzində vulkanın yenidən böyük bir püskürmə həyata keçirə biləcəyi proqnozlaşdırılır.
2020-ci illərdə aparılan SANTORY layihəsi çərçivəsində alimlər vulkanın üçölçülü xəritəsini hazırlayıblar. Kraterin 500 metr dərinlikdə və 2,5 kilometr enində olduğu müəyyən edilib ki, bu da böyük bir püskürmənin nəticəsi hesab olunur.
Gələcəkdə Santorini və ətraf bölgə üçün risk varmı?
Yunanıstan hökuməti və elm adamları hazırda Santorini və Amorgos bölgələrində seysmik aktivliyi yaxından izləyir. Son illərdə qeydə alınan yeraltı təkanlar və dəniz dibindəki istilik dəyişiklikləri vulkanik aktivliyin artdığını göstərə bilər. Bununla belə, sismoloqlar bu aktivliyin Kolumbo vulkanı ilə əlaqəli olub-olmadığını dəqiq müəyyən etməyib.
Santorini adasının tarixində daha əvvəl də güclü vulkanik püskürmələr olub. Məsələn, eramızdan əvvəl 1630-cu ildə baş verən Santorini püskürməsi nəticəsində Minoa mədəniyyəti demək olar ki, məhv olub. Lakin ekspertlər bildirirlər ki, Kolumbo vulkanının böyük bir püskürməyə səbəb olması üçün hələ yüz illərlə vaxt var.
Santorini və ətraf bölgələrdə yaşayanlar üçün vulkanik fəaliyyət hər zaman potensial təhlükə yaradır. Buna görə də alimlər bölgəni daima izləyərək mümkün püskürmə risklərini qabaqcadan təxmin etməyə çalışırlar.