Xəbər verdiyimiz kimi, bu ilin ilk 8 ayı ərzində Bakıda yerləşən ünvanların daha birində – “Bakı şəhəri, Xətai rayonu, Xocalı ev 55”də qanuni təmsilçiləri, nizamnamə kapitalları və qeydiyyat tarixləri arasında bənzərliklər olan onlarla şirkət dövlət qeydiyyatına alınıb. Yeniavaz.com xəbər verir ki, bu şirkətlərin bir çoxu riskli vergi ödəyicisi hesab olunsa da, Dövlət Vergi Xidmətinin açıqladığı məlumatlarda onlar riskli vergi ödəyiciləri sırasına daxil edilməyiblər. Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında Qərarının 2.1.8-ci bəndində göstərilir ki, beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu belə hüquqi şəxslər riskli vergi ödəyicisi hesab olunur. “Bakı şəhəri, Xətai rayonu, Xocalı ev 55” ünvanında qeydiyyata alınan 18 şirkətin 3 nəfər və ya hər 6 şirkətin 1 nəfər qanuni təmsilçisi olub. Qeyd etdiyimiz kimi, belə olan halda (1 nəfər 5-dən çox şirkətə rəhbərlik etdikdə) bu şirkətlər Nazirlər Kabinetinin Qərarına görə riskli vergi ödəyicisi hesab olunur. Lakin maraqlıdır ki, Dövlət Vergi Xidmətinin rəsmi saytında yer alan “Riskli vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsində axtarış aparıldığı zaman adları aşağıda qeyd olunan şirkətlərin heç biri riskli vergi ödəyicisi kimi qeydə alınmayıb. Eyni zamanda Dövlət Vergi Xidmətinin rəsmi saytına yer alan “Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” bölməsində də axtarış aparıldığı zaman adları aşağıda qeyd olunan şirkətlərin riskli vergi ödəyicisi olmadığı bildirilir.
PA-nın Vətəndaş Qəbulu Mərkəzinin qəbula yaz(may)an əməkdaşı Səmayə Əliyevanın son 2 ildə 1-ci dərəcəli Qarabağ əlilinin konstitusion qəbul hüququna kobud qadağa qoymasından, hətta ona işgəncə verdirməsindən media bilgi yayıb. Mərkəzin 39-cu otağında özbaşına, etikadan kənar davranışı ilə xidmətdə olan bu şəxs qəbula yazmaq yerinə, qəbula qadağa qoyur, 2022-ci ildə , ümumiyyətlə, heç bir “ali” məmurun qəbuluna yazmayıb, 2023-cü ilin 30 mayında qazinin növbəsini “yandırıb”, növbədə ondan sonrakı şəxsi otağına salıb. Etiraz edəndə isə əlaltıları 1-ci dərəcəli əlilə yüngül xəsarət yetiriblər. 2024-cü ilin 8 fevralında Səmayə Əliyeva işgəncəyə Prezidentin təhlükəsizlik xidmətinin, DİN-in Post- Patrul Xidmətinin əməkdaşlarını da qoşub, təhlükəsizlik xidmətinin əməkdaşı 1-ci dərəcəli, 68 yaşlı Qarabağ əlilinin altından stulu çəkib, çöldə postda duran iki polis zorla əlili mərkəzdən uzaqlaşdırıblar. 05.07.2024-cü ildə 39-cu otağa “təyinat alan” Qarabağ qazisinin heç 3-cü qatda liftdən düşməsinə imkan verilməyib. Səmayə Əliyeva yenə “növbəni “yandırmaq” “xidmətini” işə salıb. Bu yol əlili 1-ci qatdakı üstündə “psixoloq” yazılan 10-cu otağa yönləndirib. Adını deməyən psixoloq da 1-ci dərəcəli Qarabağ əlilinə psixoloji basqı yapıb, heç vaxt qəbul olunmayacağını bildirib. 1-ci dərəcəli Qarabağ əlili cinayətin olduğu yer üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinə Səmayə Əliyevanın xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 148-ci maddəsi əsasında məsuliyyətə alınmasına şikayət verib. İş hakim Vüsal Qurbanovun icraatındadır, hazırlıq iclası 07.11.2024-cü ilə təyin olunub. Yataqda ağır xəstə yatan xüsusinittihamçı Qarabağ qazisi CPM-in 51-2 maddəsi əsasında iclasın videokonfrans əlaqə sistemi vasitəsilə keçirilməsinə vəsatət verib. Ədalət adına deyək ki, elə iclas günü- 07.11.2024-cü ildə məhkəmədən zəng edib, görüntü ilə işə qoşacaqlarını deyiblər. Amma iclasın başlanma vaxtından 2 saat keçib, hələ də məhkəmədən səs-soraq yoxdur. Yəqin barəsində şikayət verilən şəxs məhkəməyə də “yuxarıdan aşağı baxır”. Ölkənin ən yuxarıda olan qanunu- Konstitusiya isə hamının qanun və məhkəmə qarşısında bərabər olduğunu doğrulayır. Qarabağ əlili növbəti addım kimi mülki icraat qaydasında şərəf və ləyaqətin müdafiəsi tələbi ilə PA-nın Vətəndaş Qəbulu Mərkəzini məhkəməyə çəkmək fikrindədir. Qoy yataqdan qalxsın!... Məğrur Bədəlsoy P.S. Yazı çapa gedərkən Nərimanov məhkəməsinin videokonfrans əlaqə sistemi vasitəsilə barəsində şikayət verilən Səmayə Əliyevanın iştirak etmədiyi hazırlıq iclasının qərarı ilə şikayətin icraata qəbulundan imtina etdiyi bəlli oldu.
İllərdir ki, başıbəlalı Cəbrayıl və Xocavənd rayonları barəsində vətəndaş narazılıqları səngimək bilmir.
"Başıbəlalı" ona görə deyirik ki, birinci növbədə 30 ildən çox bu doğma torpaqlarımız öz övladlarına həsrət qalıb, 30 ildən çox düşmən tapdağı altında inləyib. Şükürlər olsun ki, ölkə başçısının müdrik siyasəti və qəhrəman oğullarımızın şücaətləri ilə adı çəkilən rayonlar da daxil olmaqla, işğal altında olan bütün ərazilərimiz 4 ildir ki, azadlığına qovuşub. Amma, hər iki rayonun rəhbəri (icra başçısı) əhalinin bu sevincini qursağında qoyub.
Özü də İstər Cəbrayıl rayon icra hakimiyyətinin başçısı Kamal Həsənov, istərsə də Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynovun barəsindəki vətəndaş narazılıqlarını yayımlayan kimi, sanki ikisinin birlikdə toplayıb saxladığı trol dəstəsi o, dəqiqə keçir "gücləndirilmiş iş rejimi"nə. Doğrusu, Eyvaz Hüseynovun qara-qura işləri və bunu aşkar edən müəllimə qarşı "qisas əməliyyatı"ndan bəhs edəcəyimiz yazının girişində bu iki məmurun adını birlikdə çəkməyimizə səbəb də həmin trolların yanaşmasıdır. Elə ki, bu iki rayondan biri barəsində tənqidi material yayımlandı, dərhal şərh bölməsində ikisinin adını birlikdə çəkərək, hələ bir məntiqsizcə "yeganə" sözünü işlədib, "Kamal Həsənov ilə, Eyvaz Hüseynov yeganə icra başçılarıdır ki, Qarabağ döyüşlərində iştirak ediblər" cümlələrini yazırlar.
Düzü, "yeganə" sözünün işlədildiyi cümlədə, "lar" cəm şəkilçisinin işlədilməsi, hər iki başçının "xalqı sevməsi" iddiası qədər gülünc görünür.
Bu dəfəki mövzumuz Xocavənd rayon sakininin "DogruXeber.az"a müraciətilə bağlı olduğuna görə, hələlik söhbətimizi Eyvaz Hüseynovla davam etdiririk. Kamal Həsənovun vətən və xalq" sevgisi"ni 32 ildir şəhid ailəsinə göstərdiyi "diqqət və hörmətdən" aydın görmək mümkündür ki, bu barədə dəfələrlə portalımızda bəhs etmişik. Qarşıdakı günlərdə həmin mövzunun davamını yayımlayacağıq.
Eyvaz Hüseynova gəldikdə isə, torpağı sevməsi barəsində heç bir fikrimiz yoxdur, doğrusu buna heç zərrə qədər şübhəmiz də yoxdur. Çünki, onun torpağa olan sevgisini yaxınlarının adına rəsmiləşdirib qamarladığı yüzlərlə hektar torpaq sahələrinə baxanda da aydınca görmək mümkündür.
Halbuki, vətən, torpaq uğrunda canını qurban verən yüzə yaxın şəhid ailələri və qazilər təsərrüfatla məşğul olmaq üçün torpaq sahələrinin olmadığı iddiası ilə illərdir müraciət etmədikləri dövlət qurumu qalmadığını deyirdilər.
Əlqərəz...
Bu barədə Eyvaz Hüseynov fəaliyyətində müsbətə doğru heç nə dəyişməsə də dəfələrlə bəhs etmişik.
Hansısa yollarla Milli qəhrəman adı alan qardaşını, ozünün müharibə iştirakçısı olmasını müxtəlif yollarla hər fürsətdə xalqa sırıyan Eyvaz Hüseynovun bir neçə ay əvvəl bir çıxışı yayımlanmışdı. O, birinci Qarabağ savaşında itkin düşmüş 7 şəxsin cənazələrinin ailələrinə təhvil verildiyi zaman etdiyi həmin pafoslu çıxışında tez-tez "biz" ifadəsini işlədərək, öz keçdiyi döyüş yoluna diqqət çəkməyə çalışırdı. Hansı ki, ertəsi günü cənazəsi təhvil verilən şəhidlərdən birinin xanımı agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalı ilə canlı bağlantı yaradaraq, icra başçısı Eyvaz Hüseynovun 7 cənazə arasında belə ayrıseçkilik saldığını iddia etdi.
İndi ay Eyvaz müəllim, o, odlu-alovlu çıxışın hara, narazı saldığın üçün gözünün yaşını tökərək ah-nalə edən şəhid xanımının söylədikləri hara?
Hələ kommunal təsərrüfat birliyinin işçilərini şəxsi işləriniz üçün işlətdiyinizi yayımlayan müharibə veteranının döyülməsini demirik. Üstəlik, işsiz qaldığı üçün ailəsini dolandıra bilmədiyindən gileylənən daha bir veteran - Natiq Axundovun dərdi də dərdiniz olmadı ki, bir yol çarəsinə baxasınız.
15-16 ildir qisas uğruna işsiz qoyduğunuz ali təhsilli müəllim olan Vəzifə Bayramova ilə intriqanızın səbəbi heçolmasa bəllidir. Bu barədə xanımın redaksiyamıza danışdıqlarını aşağıda təqdim edəcəyik. Bizə daha çox maraqlı olan, sizin cəbhə yoldaşlarınız sayılan şəhid, qazi və veteranlara qarşı bu qədər soyuqqanlı, hətta, onların iddialarına əsaslanaraq desək, qəddar olmanızın səbəbidir.
Xocavənd rayon Muğanlı kənd sakini və eyni zamanda həmin kəndin orta məktəbində uzun illər Azərbaycan dili-ədəbiyyatı müəllimi işləyən, lakin 15-16 il əvvəl məhz Eyvaz Hüseynovun tapşırığı ilə özündən xəbərsiz işinə xitam verilən, Vəzifə Bayramova iddia edir ki, "Mən 2005-ci ildə rayonumuzda cərəyan edən haqsızlıqlara etirazımı ictimailəşdirmək üçün, məktub şəklində "Ədalət" qəzetinə göndərdim. Bununla da Eyvaz Hüseynovun mənimlə ədavəti başladı. Məni işimdən azad etdirib, yerimə öz dostunun gənc qızını işə aldırdl. İllərdir işimə qayıtmaq üçün müraciət etmədiyim aidiyyatı qurum qalmayıb, hamısı da baxılması üçün rayona göndərirlər, rayon da Eyvaz Hüseynovun tapşırığından çıxa bilmir. Amma, Eyvaz Hüseynovun özü və onun "əmrlərini icra edən" bütün səlahiyyətlilər ölkə başçısının nəinki etimadını doğrultmurlar, hətta, tapşırıqlarına ümumiyyətlə məhəl qoymurlar.
Bir neçə dəfə müraciət etdiyim sözdə millət vəkili olan keçmiş deputat Elman Məmmədov da Eyvazın ona peşkəş verdiyi torpaq sahələri və digər "qarşılıqlı hörmətlər" xatirinə mənim müraciətlərimə gözünü, qulağını bağladı.
İndi yenicə deputat edilən Polad Bülbüloğlunun qəbulunda olub, "bəlkə ilk addımlarını müsbət işlərlə atmaq istər" ümidilə, ondan mədət ummaq istədim, o, da başqa deputatlar kimi "əlyetməz"ə çəkildi.
Qəbuluna düşmək üçün Milli Məclisə belə getdim, amma nəticə 0."
Bəli, Xocavəndin qara bəxtinə urcah edilmiş Eyvaz da belə Eyvazdır. Araz aşığından, Kür topuğundan olan və gənc yaşda bu vəzifəyə gəlib, 32 illik taxt-tacda qocalan Eyvaz müəllim bu davranışları ilə deyir ki,"burda mənəm, Bağdadda kor xəlifə".
Binəva sakinlərin dərdini təsəvvür etdikcə adamın ürəyi ağrayır. Nə yazıq ki, yuxarıda sadalanan narazılıqlar nə birincidir, nə də sonuncu. Odur ki, mövzuya qayıdacağıq.
Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb Kolleci tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 31 min 100 manat olan tender müsabiqəsinin qalibi “Megastin LN” MMC (VÖEN - 1203616891) olub. “Megastin LN” MMC 2 nömrəli Bakı Baza Tibb Kollecinin sifarişilə bu quruma tibbi avadanlıqlar satacaq. Nizamnamə kapitalı 10 manat olan “Megastin LN”in hüquqi ünvanı Xəzər rayonu, Əli İsazadə (Binə qəs.), ev 23-də yerləşir. MMC-nin qanuni təmsilçisi Səfərzadə İsağ Arif oğludur. Tender müsabiqəsinin maraqlı və qəribə tərəfi odur ki, qalib şirkət – “Megastin LN” MMC tender müsabiqəsinin başlamasından cəmi 3 ay əvvəl dövlət qeydiyyatına alınıb. Tender müsabiqəsi 2024-cü ilin 9 oktyabr tarixində başlayıb, tenderin qalibi olan “Megastin LN” MMC isə 2024-cü ilin 1 iyul tarixində dövlət qeydiyyatına alınıb. Qeyd edək ki, 1 iyul tarixində dövlət qeydiyyatına alınan şirkət bugünə kimi 8 tender müsabiqəsinin qalibi olub. Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Belə ki, həmin maddənin 23.4.-cü bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması, texniki imkanlarının və maddi-texniki bazasının olması, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması lazımdır. Cəmi 2 ay əvvəl yaranan şirkətin xüsusi peşəkarlıq və təcrübə tələb edən tender müsabiqələrində (kimyəvi maddələr, tibbi avadanlıqlar və s.) qalib olması başa düşülən deyil. “Megastin LN” MMC barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. Qısa müddətdə ümumi dəyəri 185 min manat olan 8 tenderi udan şirkətin nəinki rəsmi saytı, hətta sosial şəbəkə hesabı belə yoxdur. Onu da bildirək ki, “Megastin LN” MMC ilə bağlı diqqət çəkən başqa bir məqam isə odur ki, şirkətin qanuni təmsilçisi Səfərzadə İsağ Arif oğlu eyni tarixlərdə fərqli ünvanlarda qeydə alınan daha 2 MMC-yə rəhbər təyin olunub. Bunlardan biri Xətai rayonu Məzahir Rüstəmov ev 11, m. 14-də qeydiyyata alınan “Şafin RR” MMC (VÖEN – 2008648171), digəri isə Nərimanov rayonu Mustafa Kamal Atatürk ev 35, m. 35-də qeydiyyata alınan “Fosfor RDC” MMC (VÖEN – 1506846651) olub. Sonda onu da bildirək ki, qeyd olunan ünvanlarda daha əvvəl də çoxsaylı şirkətlər qeydiyyata alınıb və bu şirkətlər də qısa müddətdə çoxsaylı tenderlərdə qalib olublar.
Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisi Cəfər Cabbarlı küçəsində antisanitar vəziyyət yaranıb. Ərazidə yaşayan sakinlər məişət tullantılarının vaxtında daşınmamasından şikayətçidirlər. "DogruXeber.az"ın məlumatına görə, Bizim.Media-ya danışan sakinlər iddia edirlər ki, ərazidəki zibillərin günlərlə daşınmaması tez-tez baş verir. Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Qurumdan Bizim.Media-ya bildridilər ki, maşınlarla bağlı tullantıların daşınmasında gecikmə olub:
“Məişət tullantıları hər gün daşınır və belə problem yarananda dərhal həll olunur. Yəni artıq problem aradan qaldırılıb, həmin ərazidəki tullantılar yığışdırılıb”.
Ağstafa rayon İcra Hakimiyyəti ilin sonuna doğru daha bir tenderin nəticələrini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, abadlıq işlərinin satınalınmasını əhatə edən tenderə əsasən rayonda 199 min manatlıq işlər görüləcək. Qeyd edək ki, İcra Hakimiyyəti bu müsabiqədə “”HARMONY İNDUSTRİAL CONSTRUCTİON AND ENGİNEERİNG GROUP” MMC ilə satınalma müqaviləsi imzalayıb. Açıq mənbələrdən belə görünür ki, bu şirkət son illər həddindən artıq sayda tenderlərin iştirakçısı olub. Məsələn, təkcə, 2020-2023-cü illərdə şirkətin iştirak etdiyi tenderlərin sayı 162 olub. Bu müsabiqələrin əksəriyyəti isə milyonluq layihələri əhatə edib. Tribunainfo.az-ın apardığı araşdırma zamanı məlum olub ki, “HARMONY İNDUSTRİAL CONSTRUCTİON AND ENGİNEERİNG GROUP” MMC 28.02.2005-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyata alınıb. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəylu küçəsi, ev 52, mənzil 20-də yerləşir. Şirkətin qanuni təmsilçisi isə Orucov Əlövsət Bilal oğludur. Bundan başqa, Dövlət Vergi Xidmətinin reystr məlumatlarına edilən dəyişiklikdə isə göstərilir ki, MMC ilk olaraq “PİRAMİDA-F.R.” kimi dövlət qeydiyyatına alınıb. Adı 19.06. 2020-ci ildə dəyişdirilərək “HARMONY İNDUSTRİAL CONSTRUCTİON AND ENGİNEERİNG GROUP” olub. Buna səbəb isə çox güman ki, “PİRAMİDA-F.R.” MMC-nin adının bir sıra şübhəli satınalmalarda hallanması olub. Çünki bəzi qaynaqlarda “Piramida F.R” MMC-nin təkcə 2020-ci ildə dəyəri 1 milyon manatdan çox olan şübhəli satınalma müqavilələri imzaladığı iddia olunur. Maraqlıdır ki, həmin vaxt şirkətin 542 min manat vergi borcu olub. Bu barədə yerli mediada da yazılıb. Daha sonra isə məlum olub ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin MMC -yə vergi öhdəliklərini vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq ediB. Məsələn, səyyar vergi yoxlamaları üzrə 1 622 631.02 manat əlavə vergi, 878 867.47 manat maliyyə sanksiyası hesablanıb. Bundan başqa vergi bəyannamələrini vaxtında təqdim etməməyə görə MMC -yə dəfələrlə maliyyə sanksiyası tətbiq edilib. MMC-nin 22.01.2024-cü il tarixdə dövlətə 1 473 252.55 manat vergi borcu olub. Hazırki günə isə bu borc qismən ödənilib və 1 028 504.33 manat təşkil edir. Amma “Harmony İndustrial Construction and Engineering Group” MMC-nin adı bir başqa qalmaqallı məsələdə də hallanır. Tribunainfo.az xəbər verir ki, bu ilin yayında Mərkəzi Bank “Harmony İndustrial Construction and Engineering Group” MMC-yə cərimə protokolu yazıb. Şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati protokol tərtib olunub. Bu o deməkdir ki, şirkət avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal etməyib. Yəni, ölkədən valyita çıxarılıb, lakin onun müqabilində heç bir mal və məhsul alınmayıb. Maraqlıdır ki, Ağstafanın icra başçısı Seymur Orucov bu qədər vergi borcu olan və ölkədən dolayı yollarla valyuta çıxardığı üçün cərimə edilmiş şirkətlə niyə anlaşıb? Məntiqlə icra başçısı hətta öhdəliklərini yerinə yetirə bilməyən və dəfələrlə məhkəməyə verilən “Harmony İndustrial Construction and Engineering Group” MMC-dən uzaq durmalıydı. Lakin bunun əksi baş verdiyindən, preosesdə maraqların üst-üstə düşməsi şübhələri yaranmamış deyil. Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Sumqayıt Gömrük İdarəsində süni süründürməçilik halları ilə rastlaşan, yüklə dolu avtomobilləri aylardır qurumda gözləyən bir neçə şirkətin səlahiyyətli nümayəndəsi Qocamanov Ayaz İlyas oğlu, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə, Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Gömrük Komitəsinin sədri Şahin Bağırova növbəti müraciətini edib.
TEREF bizimxeber.az-a istinadla müraciəti olduğu kimi təqdim edir:
Şirkətlərin təsisçisi və direktoru Qocamanov İlyas Ayaz oğludur. Şirkətlər lojistikanın təchizatı ilə məşğuldur.
Burdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Vitse-prezident Mehriban xanım Əliyevaya və Gömrük Komitəsinin sədri Şahin Bağırova növbəti dəfə müraciət edirəm.
1 aydan artıqdır ki, bizim şirkətlərə məxsus yüklə dolu 10-dan artıq maşın Sumqayıt Gömrük İdarəsində saxlanılıb. Yüklərin bəyannaməsi edilib, müəyyən ödəmələri də olunub. Amma qurumun aidiyyatı şöbələrində çalışan şəxslər, şöbə müdirləri sənədləri süni şəkildə geçikdirərək yükləri yoxlamaya buraxmırlar. Bu isə yüklə dolu avtobobillərin aylarla gömrükdə qalması ilə nəticələnir. Nəticədə həm biz sahibkarlara, həm də dövlət büdcəsinə böyük ziyan dəyir. Bu problemlərin həlli üçün dəfələrdə aidiyyatı qurumlara, Komitə sədri Şahin Bağırova müraciətlər etsəm də, nəticəsi yoxdur.
"İşlərimiz çoxdur, çatdıra bilmirik" deyən şəxslərin hansı fəaliyyətlə məşğul olduğunu isə biz yaxşı bilirik.
Kimdir bu şəxslər?
Şöbə müdirləri Emin Həsənov, Musa, Rizvan və Xocasəh terminalında yük inspektoru işləyən Mirzə Sadıqov. Onlar köhnə komandanın qalıqlarıdır ki, Sumqayıt Gömrüyündə istədiklərini edirlər. Necə olur ki, onlar birləşib özlərinə aid olan şirkətlərə məxsus yükləri bir neçə saata buraxanda vaxtları olur, amma bizim yüklərimizə gəldikdə vaxtları olmur?
Necə olur ki, qanunsuz fəaliyyət göstərən şirkətlərə dəstək verəndə, özlərinə yaxın olan şəxslərin şirkətlərini bizim adımıza bağlayanda vaxtları olur, bizim qanuni yüklərimizə gələndə vaxtları olmur?
Bu şəxslər çatdıra bilmirik deməklə işləyə bilmədiklərini etiraf edirlər. Onların bacarıqsızlığı və özlərinə işləmələri üzündən yüklə dolu avtomobillər aylarla gömrükdə gözləyir. Elədirsə, Şahin Bağırov bu şəxsləri nədən bu idarədə saxlayır? İşləyə bilməyən adamların Sumqayıt Gömrüyündə nə işi var?
Elədirsə, rotasiya edilsinlər, onların əvəzində daha təcrübəli, daha savadlı, gənc və düzgün işləməyi bacaram kadrlar gətirilsin. Əgər, Şahin Bağırov bu şəxsləri dəyişə bilmirsə bu artıq başqa məsələdir. Çıxıb etiraf etsinlər ki, bu şəxsləri dəyişə bilmirik. Nədir bu adamların Sumqayıt Gömrüyündə saxlanmasının səbəbləri? Niyə illərdir onlar öz əməllərini davam etdirirlər və Şahin Bağırov başda olmaqla hər kəs onların bu əməllərinə göz yumur.
Burdan bir daha ölkə Prezidenti İlham Əliyevə, vitse-prezident Mehriban xanım Əliyevaya və bir başa bu işlərə aidiyyatı olan Gömrük Komitəsinin sədri Şahin Bağırova müraciəöt edirəm. Yuxarıda adlarını çəkdiyim şəxslər Emin Həsənov, Musa, Rizvan və Xocasən terminalında yük inspektoru işləyən Mirzə Sadıqov dövlətin bütün qanunların pozaraq sahibkarları bezdirməklə məşğuldurlar. Bu şəxslərin fəaliyyətinə hüquqi qiymət verilməlidir. Bu şəxslər açıq şəkildə öz cibləri üçün çalışır və bununla da sahibkarları bezdirlər,- deyə müraciətdə qeyd olunur.
"22 avqust 2024-cü ildə ölkənin və xüsusilə təhsil siyasətinin həyatında aparıcı dəyişiklik baş verdiyini düşünmək olardı. Əsrin 1/4 hissəsini Təhsil İşçiləri Həmkarlar Komitəsinə, eyni zamanda Həmkarlar İttifaqlarına sədrlik etmiş Səttar Möhbalıyev nəhayət “səhhəti ilə əlaqədar” istefa verdi. İlk baxışdan ölkə gündəminə bomba kimi düşmüş bu xəbər bir çoxlarında islahat ümidi yaratsa da, sonradan baş verən proseslər bir daha “gedənin atasına rəhmət” fikrini təsdiq etdi..." Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Uzun illərdir müəllimlərin, bağça işçilərinin, müəllim-professor heyətinin və nəhayət tələbələrin təqaüdlərindən həyasızcasına tutulmuş 2 % vəsaitləri yumşaq tərzdə desək darmadağın edən Səttar Möhbalıyev və onun başının cinayətkar dəstəsindən hamının canı qurtardığını düşünüldü. Lakin seçkidən 2 aydan bir az artıq zaman keçməyi kifayət edirmiş ki, bir daha əmin olaq ki, növbəti yalnış kadr siyasəti özünü bir üzə verdi. Araz Paşayev haqqında sosial şəbəkələrdə apardığımız araşdırmalar nəticəsində, onun ziddiyətli karyerası, qarışıq işləri bizi sözün əsl mənasında heyrətə gətirdi. Araz Paşayev yazan kimi qarşımıza ilk olaraq Cənab Prezident İlham Əliyevin Şəmkir rayonuna səfəri, orda Gənclər Mərkəzi və Bayaraq Meydanı sosia obyektlərinin açılışı çıxır. Xatırladaq ki, 2000-2017-ci illərdə Vergilər naziri işləmiş Fazil Məmmədov Şəmkir rayonundan idi və bu rayon uzun illər onun işğalı altında olmuşdur. Şəmkir rayonunda icra başçıları, hüquq-mühafizə orqanları rəhbərləri məhz onun “xeyr duası” ilə təyin olunurdur. Maraqlıdır əslən Şəki rayonundan olan Araz Paşayev hara, Fazil Məmmədov hara ?! Bu barədə növbəti yazılarımızda ətraflı yazacağıq......
Qayıdaq Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə ! Araz Paşayev özü heç vaxt həmkarlar təşkilatlarında, xüsusi ilə bu sahədə heç vaxt fəaliyyət göstərməmişdir. Bu sahəni öyrənməyə bir müddət tələb etdiyi halda, özü ilə yumşaq dildə desək “yığıb gətirdiyi komandası” bundan betər mənzərə nümayiş etdirdi. Bir neçə gündür ki, Komitənin bir neçə əməkdaşı tökülüşüb respublika ərazisində fəaliyyət göstərən rayonların canına. Bu işlərə birbaşa rəhbərliyi TehranAğa Abdullayev adlı şəxs edir. Bu təhdidlərə rəhbərlik edən, yerli həmkarlar Komitələrinə təzyiqin başında Komitəyə özü ilə gətirdiyi, Məclisinin iclası olmadan qeyri-qanuni olaraq sədrin 1 ci müavini təyin etdiyi, əvvəllərdə Araz Paşayevin Təhsil Tələbə Kredit Fondunda maliyyə və iqtisadiyyat şöbəsinin müdiri işləmiş və aydındır bütün qara işlərinin icraçısı TehranAğa Abdullayev dayanır. Araz Paşayevlə eyni gündə Komitəyə gələn TehranAğa Abdullayev əvvəl DSMF və özəl sektorlarda fəaliyyət göstərib. Yerli Komitə sədrlərini qəbul edərək, onlara hədə qorxu gəlib, təhdid etməklə 5 000-dən 100 000-dək vəsait toplamışdır. Bu vəsaiti o qədər peşakarlıqla toplamışdır ki, bu gün də yerli təşkilat sədrləri başa düşmür bu vəsait hara köçmüşdür. Onlara hesab verilmişdir ki, apar bu məbləğdə vəsaiti mədaxil elə bu hesaba. Əldə etdiyimiz məlumata görə Araz Paşayevin “komandasında” təhsil işini bilməyən, həmkarlar işini bilməyən, ümumiyyətlə ölkənin ictimai-siyasi gündəmindən xəbəri olmayan gənclər toplaşaraq, yalnız öz mənfəətlərini gözləməkdədir. Hal-hazır Respublika Komitəsi üçün son 2 ayda alınmış xeyli sayda yeni və bahalı marka avtomobillərin nömrələrini dəqiqləşdiririk. Görəsən müəllimin, tələbənin boğazından kəsilən bu 2% vəsaitlər niyə kimlərinsə komfortu üçün niyə dağıdılmalıdır ? Bu qədər müavin, bu qədər müşavir vəzifələri nə üçün təsis olunmuşdur, özü də qanunsuz olaraq?.."
"Bu gün öyrənmişəm ki, dünyada Vanuatu adında bir ada dövlət varmış, Orxan Nəsibov adlı bir həmyerlimiz gedib oranın vətəndaşlığını alıb..." "DİA-AZ" xəbər verir ki, bu barədə tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat paylaşıb. Orxan Nəsibovun çirkli pulların - Azərbaycanın dövlət büdcəsindən ayrı-ayrı məmurlar tərəfrindən oğrulanmış vəsaitin yuyulmasında iştirakçı ola biləcəyinə ehtimal edən Cavanşir Həsənli daha sonra əlavə edir: "Orxan Nəsibov Azərbaycanda, İngiltərədə, ABŞ-da və Türkiyədə onlayn bank xidməti (pul köçürmələri) həyata keçirən şirkətlər yaradıb.
Britaniyadakı şirkətinin aktivləri 14,5 milyon funt-sterlinq dəyərindədir.
Diasporla İş üzrə Dövlət Komitəmiz məlumat yayıb ki, həmyerlimizin qardaşına (Elxan Nəsibov) Britaniya paytaxtının “Freedom of the City of London” mükafatı verilib". "DİA-AZ" qeyd edir ki, elə dünən bu barədə məlumat paylaşılıb. Həmin məlumatı təqdim edirik:
"Londonda yaşayan soydaşımız, “Guavapay” şirkətinin direktoru və komplayns üzrə baş inzibatçı Elxan Nəsibov Londonda yüksək dərəcəli “Freedom of the City of London” fəxri adına layiq görülüb.
Fəxri adın təqdimetmə mərasimində London şəhərinin lord meri Alastair Kinq iştirak edib, bu mükafatın əhəmiyyətini bir daha vurğulayıb.
"Freedom of the City of London" ən qədim və ən prestijli fəxri adlardan biridir. 1237-ci ildən başlayaraq hər il müxtəlif sahələr üzrə öz fəaliyyətində əhəmiyyətli nailiyyətlər qazanmış insanlara təqdim edilir. Bu fəxri adla təltif olunanlar sırasında II Elizabet, Uinston Çörçill, Nelson Mandela, Tim Berners-Li, Stiven Hokinq kimi tanınmış və nüfuzlu şəxslərin adlarını çəkmək olar". Yəni göründüyü kimi Nəsibov qardaşları heç də təsadüfi adamlar deyillər...