Ardını oxu...
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin üzvü və sədr müavini Hikmət Məmmədov işdən azad edilib və fəaliyyətilə bağlı yoxlamalar başlayıb.

İnterpress.az-ın əldə etdiyi məlumata görə, Hikmət Məmmədovun işdən qovulmasına ikinci dəfə ailə qurduğu xanım səbəb olub.

Belə ki, onun 2-ci dəfə ailə qurduğu xanım Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) İdarə Heyətinin sədri Nigar Ələsgərovadır. QHT sədri N.Ələsgərovanın deputatlıq sevdası həyat yoldaşının karyerasının sonunu gətirib.

N.Ələsgərovanın işindəki böyük yeyintilər, artıq xərclər, məsrəflər aşkarlandıqdan sonra Hikmət Məmmədov da şübhə altına düşüb və KOBİA sədri onun fəaliyyətini yoxlamaqla yanaşı, işinə xitam vermək qərarına gəlib.

Nigar Ələsgərovanın bitməyən tamahı, doymayan gözü, ərinin dəstəyi ilə KOB-dan aldığı layihələr hesabına “şişməsi” KOBİA-nın sədr müavinin işdən qovulması ilə nəticələnib.
Hətta N.Ələsgərovanın nəfsi o qədər güc gəlib ki, ard-arda layihələr alıb, dövlətin büdcəsindən öz mənafeyi üçün yararlanaraq, necə deyərlər, “gözü ayağının altını görmürdü”. Bir sözlə, QHT sədrinin acgözlüyü həyat yoldaşının karyerasını məhv etdi.

Məlumata görə, Nigar Ələsgərovanın da fəaliyyəti yoxlanılmağa başlayıb. Ona KOBSKA-nın sosial şəbəkə hesablarını təhvil vermək tapşırılsa da, N.Ələsgərova hikkəsindən qurumun rəsmi səhifəsinin adını “nigar official”a dəyişərək, özü üçün istifadə etməyə başlayıb. Bu isə qurum tərəfindən qəzəblə qarşılanıb və gülüş obyektinə çevrilib.

Adı çəkilən qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

İnterpress.az
 
 

 


Ardını oxu...
Gömrük sistemində tətbiq edilən “Yaşıl dəhliz” Azərbaycanın iqtisadiyyatında ticarət proseslərini sürətləndirmək məqsədini güdür. Bu sistem, əsasən, gömrük bəyannamələri ilə əlaqəli prosedurların sadələşdirilməsi və ixrac-idxal əməliyyatlarının daha sürətli həyata keçirilməsini təmin edir.

“Yaşıl dəhliz” nədir və kimlər yararlana bilər?

Bizimxeber.az bildirir ki, “Yaşıl dəhliz”ə daxil olan şəxslər və şirkətlər, düzgün vergi ödəyiciləri, əvvəlki dövrlərdə heç bir ciddi pozuntuya yol verməyən və müvafiq sənədləşməni düzgün təqdim edən biznes subyektləridir. Bu sistemdən istifadə edənlər, dövlətin müəyyən etdiyi vergi öhdəliklərini yerinə yetirdikdə, mallarını gömrükdən keçirməkdə üstünlüyə malik olurlar. Bununla yanaşı, bu sistem, ticarətçilərə malların sürətli şəkildə bazara çıxarılmasına imkan tanıyır və ticarət əməliyyatlarının asanlaşdırılmasına kömək edir.

Amma... Bəli burda böyük əmmaların izi görünür

"Yaşıl dəhliz”dən sui-istifadə halları da gözdən yayına bilməz. Bu vəziyyət, biznesmenlərin bəzi hallarda yüksək qiymətə malik məhsulları daha ucuz qiymətə bəyan etmələri ilə əlaqədar baş verir. Nəticə etibarilə, bu cür fəaliyyətlər, həm gömrük sisteminə, həm də dövlət büdcəsinə ciddi maliyyə ziyanı vurur.

Məsələn, bahalı elektron cihazlar, lüks məhsullar və digər yüksək qiymətə malik mallar “Yaşıl dəhliz”dən keçərkən ucuz qiymətlə bəyan edilir, lakin bazara çıxarıldıqda bu məhsullar çox daha yüksək qiymətə satılır. Bu cür manipulyasiya, dövlətin gömrük rüsumlarından və vergi gəlirlərindən külli miqdarda ziyan çəkməsinə səbəb olur. Əvəzində kimlərsə milyonlar qazanır...

Ümumiyyətlə, bu sistemin zəif tərəfi, bəyan edilən və həqiqətən gətirilən məhsullar arasındakı fərqləri aşkar etməkdə çətinliklərin yaranmasıdır. Məsələn, bahalı məhsullar ucuz qiymətlə bəyan edildikdə, bunların real qiymətləri çox zaman gizlədilir və dövlətin maliyyə resursları ciddi şəkildə itirilir. Gömrükdə bu cür halların qarşısını almaq üçün daha ciddi nəzarət mexanizmlərinin tətbiqi vacibdir, amma...

Üstəlik, gömrük və vergi orqanları, bəyannamələrə təqdim edilən məlumatları və sənədləri diqqətlə araşdırmalı, risk analizləri əsasında malların qiymətlərini təhlil etməlidir. Beləliklə, gömrük rüsumlarının düzgün şəkildə toplanması və büdcə gəlirlərinin qorunması mümkün olar.

Edilirmi? Bu suallardan çox vermək olar, lakin sual olaraq cavablandırılmasındansa, araşdırılaraq aradan qaldırılması vacibdir.

Bu sahədə əsas məsələ, gömrük sistemindəki nəzarət mexanizmlərinin gücləndirilməsi və şəffaflığın artırılmasıdır. Gömrük orqanları və digər müvafiq qurumlar, idxal-ixrac əməliyyatlarının düzgün şəkildə həyata keçirilməsinə nəzarət etməli, bəyannamələrin doğru və şəffaf şəkildə təqdim olunmasını təmin etməlidir. Bu tədbirlər həm dövlət büdcəsinin inkişafına, həm də iqtisadiyyatın sağlam təməl üzərində irəliləməsinə şərait yaradar. Bu baxımdan, aidiyyəti orqanlar, xüsusilə gömrük komitəsi, bu sahəyə daha çox diqqət ayırmalı və “Yaşıl dəhliz”dən sui-istifadə hallarının qarşısını almaq üçün daha ciddi tədbirlər görməlidir.

Azər Məmmədovun rəhbərlik etdiyi İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi, “Yaşıl dəhliz” sisteminin fəaliyyətini izləyən əsas qurumlardan biridir. Bu idarə, həmin sistemin daxilindəki əməliyyatları təhlil etməli, bəyan edilən məhsulların həqiqətən də gətirilən mallarla uyğunluğunu yoxlamalıdır. Lakin, məlum olduğu kimi, bəzi hallarda gömrük sistemində bu tip manipulyasiyalar baş verə bilir. “Yaşıl dəhliz”dən istifadə edən şəxslər və şirkətlər, bəzən müxtəlif malları daha ucuz qiymətlə bəyan edərək dövlətin rüsumlarından yayınmağa çalışır. Burada ciddi suallar yaranır: Azər Məmmədovun rəhbərlik etdiyi qurum bu əməliyyatları nə dərəcədə effektiv şəkildə izləyir? Bu əməliyyatlar üzrə nəzarət və yoxlamalar, bu cür manipulyasiyaların qarşısını almağa nə qədər imkan verir? Dövlət büdcəsinə vurulan ziyanı kim qarşılayacaq, yoxsa bu cür halların üzə çıxması hələ də gecikəcək?

Həmçinin, Şahin Bağırovun rəhbərlik etdiyi Azərbaycan Gömrük Komitəsi, “Yaşıl dəhliz” sisteminin tətbiqi ilə bağlı nəzarət mexanizmlərinin gücləndirilməsində mühüm rol oynayır. Bu günə qədər gömrük orqanlarının apardığı yoxlamaların nəticələri sual altındadır. Şahin Bağırov və komitəsi, “Yaşıl dəhliz” sistemindəki potensial sui-istifadələri, bəyan olunan malların həqiqi dəyərini izləyərək və riskli əməliyyatları aşkar edərək, gömrük sistemini daha şəffaf və ədalətli edə biliblərmi?

Məsələn, ucuz qiymətlə bəyan edilən şüşə qabların arasında bahalı məhsulların yerləşdirilməsi, yüksək qiymətlə satılan elektronika məhsullarının ucuz qiymətlə bəyan edilməsi kimi halların qarşısı alınıbmı? Bu cür hallar, bazara qeyri-qanuni daxil olan məhsulların, gömrükdəki bəyan edildiyi qiymətlərlə satışa çıxarılması, dövlət büdcəsinə ciddi ziyan vurur. Bu səbəbdən, gömrük nəzarətini gücləndirməli və bu cür manipulyasiya halları üzərində daha ciddi nəzarət etməlidir. Həmçinin, o da nəzərə alınmalıdır ki, bu manipulyasiyalar yalnız vergi ödəməyən şirkətləri deyil, həm də bazarda ədalətsiz rəqabətə səbəb olur, çünki digər biznes subyektləri düzgün vergilər ödəyərək, hüquqi şəraitdə fəaliyyət göstərirlər.

Azərbaycanın iqtisadiyyatında gömrük sisteminin düzgün işləməsi və şəffaflığın təmin edilməsi yalnız dövlət büdcəsinə deyil, həm də bazar iştirakçılarının ədalətli rəqabət şəraitində fəaliyyət göstərməsinə imkan yaradar. Bu da, nəticə etibarilə, vətəndaşların rifahına müsbət təsir edər. Lakin bunun üçün gömrük nəzarətinin möhkəmləndirilməsi, qanunsuz fəaliyyətlərin aşkarlanması və bunlara qarşı ciddi cəzaların tətbiq edilməsi zəruridir. Bu cür addımlar, həm dövlətin, həm də vətəndaşların maraqlarını qorumaq üçün mühüm əhəmiyyət kəsb edir.

Aidiyyatı qurumlar və şəxslər “Yaşıl dəhliz”də işləyən şirkətlərin fəaliyyətinə bir qədər diqqəti artırçalıdır və onların fəaliyyətini mütəmadi izləməlidir.

Bizimxeber.az
 
Ardını oxu...
...Novruz Həsənovun rəhbərlik etdiyi “Capital City” tikinti şirkəti paytaxtın Nəsimi rayonundakı Mərdanov qardaşları və Abbas Səhhət küçələrinin kəsişməsində yaşayan sakinlərin də sakit həyat tərzini pozmaqdan çəkinmir. "Pilot layihə" adı altında, hətta sakinlər yatarkən, heç bir xəbərdarlıq olmadan başlarına uçurdulub, məhv edilən evləri və xırda obyektləri artıq su altındadır. Belə çıxır ki, şirkət dağıntıda israrlıdır və rəhbərinin dünya vecinə deyil. "Təzadlar"a edilən şikayətdən sonra dağıntı baş verən yerə baş çəkən əməkdaşımız deyilənlərin şahidi olub və sakinlər deyiblər ki, paytaxtın bu ərazisində adıçəkilən tikinti şirkəti xeyli müddətdir mülk sahiblərinin sakitliklərini pozmaqda davam edir. Mediada daha öncələr də bu haqda yazılıb, lakin tikinti şirkəti sakinləri mülklərindən didərgin salmaqda, evləri məhv etməkdə israrlıdır. Onların təbirincə desək, artıq, “Capital City” “hücum səmtini dəyişib, bu istiqamətdə qələbəyə doğru gedir”. Əvvəlki qanunsuzluqlar barədə əlaqədar dövlət qurumlarının hamısı xəbərdar edilsə də, indiyədək dərdlərinə əlac edən tapılmayıb.

“Şübhəsiz, eyni aqibəti biz də yaşayacağıq. Məcburiyyətdən, ölkə rəhbərliyinə – Prezidentə, Birinci Vitse-Prezidentə müraciət edərək, bizə qarşı edilən bu qanunsuzluqların qarşısının alınmasını xahiş edəcəyik. Başqa əlacımız qalmayıb“, — narazı sakinlər deyirlər.

Şikayətçilərin sözlərinə görə, müraciətlərində onu da qeyd edəcəklər ki, nizamnamə kapitalı çox aşağı məbləğdə olan, MMC kimi tanınan bu tikinti şirkətinin bu layihəyədək həyata keçirdiyi bütün tikinti işləri səs-küylü olub. Etdikləri özbaşınalıqlara görə, rəhbər kreslosunda oturanlar “dəmir barmaqlıqlar” arxasına da düşüb: “Əmin deyilik ki, MMC başladığı layihəni icra edib, uğurla sona çatdıra biləcək. Çünki bu ətrafda yüzlərlə sakin var, belə bir şirkətin edə biləcəyi iş deyil ki, hamı evlə, kompensasiya ilə təmin edilə bilsin. Habelə, bu, dövlətin uğurlu pilot layihəsi olmadığı üçün, biz işin yekunlaşdırıla bilməsinə inanmırıq. Həm də, bu ərazi çox böyükdür və gələcəkdə bu adamlar evsiz-eşiksiz qalan narazı kontingentə çevrilə bilər.

Üstəlik, bu MMC-nin nə Bakı Şəhər İcra Hakimiyyəti, nə də Nəsimi Rayon icra hakimiyyəti ilə, tikintinin deyilən vaxtda yekunlaşacağına dair müqavilələri yoxdur. Şirkət, sadəcə, BŞİH-dən bu ətrafdakı ərazidə tikinti aparmağa razılıq alıb, heç bir öhdəlik götürməyib. Ölkə mətbuatının da əvvəllər yazdığı kimi, ən pisi odur ki, BŞİH və Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri vətəndaşları qorxutmağa çalışırlar, sanki şirkətin “vəkili” rolunda çıxış edirlər.
Həmin yazılarda da deyildiyi kimi, bu MMC sakinlərdə xof yaratmaq üçün, ərazidəki bir-neçə mülk sahibləri ilə gizli danışıqlara gedərək, bəzilərini aldadaraq, söküntü görüntüsünü yaratmaq məqsədi ilə, həmin evlərin qapı-pəncərələrini, divarlarını söküb. Üstəlik, qəsdən həmin yararsız hala saldıqları evlərə heyvan iç-çalatları ataraq, süni şəkildə üfunət qoxusu yaradıb, sakinləri didərgin salmağa çalışıblar. Həmçinin, burada qapı-pəncərəsi olmayan mənzillər uzun müddət narkomanların və qeyri-əxlaqi hərəkətlər edən ünsürlərin “yuvasına” çevrilib. Uşaqlarımızı həyətə buraxa bilməmişik.

Faktiki olaraq, zorakı şəkildə – bizim razılığımız alınmadan, bu yerin taleyinin də sual altında qalaraq, kompensasiya almadan və qanunsuz şəkildə mülklərimizin söküntüsü davam etdirilib”.

Mövzuya qayıdılacaq.

Şirkət rəhbərliyinin də mövqeyini dinləməyə hazırıq.

"Təzadlar"
 
Ardını oxu...
"Mürsəl İbrahimovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi təyin ediləndən sonra bu qurumda ciddi dəyişikliklərin baş verdiyi həqiqətdir. Mürsəl İbrahimovun SHXÇDX-nin rəisi təyin edilməsindən sonra bu qurumda ciddi qanun pozuntuları aşkarlanıb, xeyli sayda Xidmət əməkdaşı məsuliyyətə cəlb edilib".

"DogruXeber.az" bildirir ki, bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Hərbi xidmətdən yayınan bir çox şəxsin aşkarlanması, onların xidmətə cəlb edilməsi təmin olunub. Rüşvət və korrupsiyaya yol verən şəxslərin Xidmətdən uzaqlaşdırılması və məhkəmə qarşısına çıxarılması da Mürsəl İbrahimovun adına yazılan müsbət yeniliklərdir. Lakin zaman ötdükcə məlum olur ki, Mürsəl İbrahimov sadəcə arxasız komissarların qənimidir. Belə olmasaydı, ucqar rayonlarda qanun pozunusuna yol verən komissarlarln bəd əməllərindən anındaca xəbər tutan Mürsəl İbrahimov, “qulağının dibində” – Bakının Nərimanov rayonunda baş verənlərlə bağlı da hansısa tədbir görər, öznü korluğa, karlığa qoymazdı.

Bilməyənlər üçün deyək ki, SHXÇDX-nin Nərimanov rayon idarəsi yol verdiyi qanunsuzluqların miqyasına görə liderdir. Bu idarənin rəisi olan və “X5 Kənan” adlı ilə tanınan şəxs, səfərbərlik xidmətində işlədiyi müddət ərzində milyonlarla manat məbləğində qanunsuz vəsait qazanıb. SHXÇDX-nin Nərimanov rayon idarəsinin rəisinin özünə və ailə üzvlərinə məxsus avtomobillərin ümumi dəyəri yarım milyon manatdan çoxdur. Elit həyat tərzinə malik olan “X5 Kənan” paytaxtın ən bahalı restoranların və brend mağazaların daimi müştərisidir.

Mürsəl İbrahimovdan soruşuruq: Tabeçiliyindəki şəxsin sahib olduğu bu qədər böyük var-dövlətin mənbəyini niyə araşdırmır? Axı uşaq da bilir ki, ayda 800-1000 manatlıq əmək haqqı ilə dəyəri 150 min dollar olan avtomobul sürmək, mühafizəçilər saxlamaq, xaricə tez-tez səyahət etmək, qiymtələri dodaq uçurdan restoranlarda yeyib-içmək mümkün deyil. 5-10 min manata görə 5-10 il həbs alan şəxslərlə müqayisədə 100 min manatlarla vəsaiti noğul kimi udan “X5 Kənan”ın məsuliyyətdən kənarda qalması hansı məntiqə, hansı qanuna sığır? Belə yarımçıq ədalət kimə lazımdır?"

DAVAMI OLACAQ...
Ardını oxu...
Nəsimi rayonunun "Kubinka" adlanan ərazisində - Cəlil Məmmədquluzadə küçəsi, 2 ünvanında yaşayan sakinlər başıalovlu redaksiyamıza zəng etdilər: "Evimizi başımıza uçururlar, bizi küçəyə atmaq istəyirlər, gəlin, çəkin". Sakinlərin əlində benzin şüşəsi ilə "özümüzü yandıracağıq" deyib söküntünü aparanlara müqavimət göstərdiyini əks etdirən görüntüləri görəndən sonra adıçəkilən məhəlləyə yollandım.
Məni məhəllənin girəcəyində qarşılayan sakin danışmağa başladı:
- İndicə getdilər, bayaqdan burada idilər. Məhkəmə qərarına əsasən, bu evləri sökə bilməzlər. Bunlar bizim şəxsi mülkümüzdür, onlara satmamışıq, – Məhəllə sakini həyəcanlı bir şəkildə bir neçə cümlə ilə bütün məlumatı verməyə tələsdi, – Verdikləri kompensasiya isə çox azdır. Biz buna etiraz edirik…
Məhəlləyə girməzdən əvvəl problemi lap əvvəldən danışım. "Vialon" MMC-nin həyata keçirdiyi söküntü işləri zamanı bəzi sakinlərin mülklərinə ciddi ziyan dəyib. Şirkət təklif etdiyi kompensasiya ilə razılaşanları köçürüb, lakin kompensasiyanın azlığındna şikayət edən və evini tərk etməyən sakinlərə təzyiq göstərilib. Söküntü zamanı şikayətçilərin evinə ciddi zərər yetirilib - kiminin divarı çat verib, kiminin damı üçurulub, kiminin də həyətindəki ağacları məhv ediblər.
Şikayətçilər deyirlər ki, sentyabr ayında söküntü işləri daha da intensivləşib və onlara evlərini tərk etmək üçün təzyiqlər artıb. Sakinlər dəfələrlə polis çağırsa da, şirkət işlərini davam etdirib.
Məhəllənin ortasındakı nəhəng buldozer, sakinləri nağıllardakı div kimi dərin bir səksəkədə əsir saxlayır. Yaxınlaşıb sakinlərlə maraqlanıram. Hərəsi öz evinin düşdüyü bərbad vəziyyətdən danışır. Cəlil Məmmədquluzadə küçəsi, ev 6 ünvanında yaşayan Yurşimova Milka Lalə qızı “Vialon”un dağıtdığı damından evinə yağış sızdığını bildirir. Evin yan tərəfinə keçirəm. Damın bir hissəsi uçub. Divarda isə böyük çatlar var. Dağıntının fotolarını çəkirəm. M.Yurşimova bildirir ki, çanaq antennasını da onlar qırıb.
- Siz burada necə yaşayırsız? Divar təhlükəli vəziyyətdədir, hər an uça bilər.
- Neçə vaxtdır bu qorxuyla yaşayırıq. Bilmirik nə edək, hara şikayət edək… Keçin içəridən baxın hələ. Bir az yağış yağan kimi evi su basır.
Ayyaqabımı çıxarıb içəri keçmək istəyirəm.
- Çıxarma ayaqqabını, onsuz bütün ev toz-torpaqdır. Söküntünün hamısı başımıza tökülüb.
İçəri keçirəm. Həqiqətən, ev torpaq və söküntü qalıqlarıyla doludur. İçəridən baxanda divardakı çatın nə qədər təhlükəli olduğunu daha aydın görürəm.
Vəziyyətin ağırlığını bir az da M.Yurşimovadan dinləyək:
- Görün evimi nə günə salıblar. Qonşunun evini sökmək adıyla qəsdən bizə təzyiq göstərmək üçün evlərimizə də zərər verirlər. Bunlara kim ixtiyar verib ki, milləti bu günə salsınlar? Daha çox gecələr gəlirlər. Buldozerlə sökməyə çalışırlar evlərimizi. Mən saatlardır Fövqəladə Hallar Nazirliyinə, polisə zəng edirəm. İndiyə kimi bir nəfər gəlib baxmadı ki, bəlkə, bu ev uçub, camaat altında qalıb. Bu gün “Vialon” MMC-nin sahibi Ramil Qasimov mənə ağır söyüşlər söyüb, təhqirlər edib, mənim kimi yaşlı qadınla əlbəyaxa olub. Məni təhdid edir. Adlarını da deyirəm: Ramil Qasımov, Xalid Qasımov, bir də Orxan Şirinov. Deyirlər, kimə istəyirsiz, şikayət edin. 58 ildir ki, mən bu məhəllədə yaşayıram. Görün, mənim evimi nə hala salıblar?!
Qonşu həyətə keçirəm. Daha doğrusu, keçmək istəyirəm. Çünki buldozerlə hasarı söküb qalıntılarını M.Yurşimovanın həyətinə töküblər deyə, hərəkət etməkdə çətinlik çəkirəm. Burada dibindən qopardılmış ağaclar var. Məhəllə sakini Gülşən Ağayeva deyir:
- Bu səhər həyətimdə 50-ə yaxın ağac qopardıblar. O ağaclar hamısı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qeydiyyata alınmışdı. Bu həyət 1927-ci ildən bizim mülkümüzdür. Bizə təklif etdikləri kompensasiya isə buranın bazar dəyərindən çox aşağıdır.
M.Yurşimova isə deyir ki, iki il əvvəl “Vialon” MMC şirkətinin işçiləri xoş üzlə gəldi, sakinlərlə mülayimliklə danışıb tanış oldular:
- Sonra bir-bir insanlara yaxınlaşıb, onlara müəyyən qədər vəsait verəcəklərini bildirdilər. Kimlər ki o ünvanda yaşamırdı, şirkətin verdiyi vəsaitlə razılaşıb evini satdı. Hər kvadratmetrə görə 1700-1800 manat verildi. Onlar razılaşıb çıxdılar. İndi isə qalıb bizim evlər. Qonşular evdən çıxan kimi dərhal söküntüyə başladılar. Biz hazırda şəhərin mərkəzində yaşayırıq. Onların verdiyi kompensasiya ilə biz ancaq şəhərdən uzaq yerlərdən ev ala bilərik. Üstəlik, həyətə görə pul vermirlər. Kompensasiya ancaq evin kvadratmetrinə görə verilir.
Güşən Ağayeva isə deyir ki, çarəsizlikdən özünü yandırmaq istəyib:
- Bayaq evimi yıxmaq istəyirdilər. Bir əlimdə neft, bir əlimdə uşaqla qarşılarına çıxdım. Özümü öldürmək həddinə gəlmişəm. Bütün aidiyyatı qurumlardan kömək istəyirəm.
Məhəllə sakini Ofeliya Hacıyeva da öz evini göstərir. Evin bir tərəfi ciddi zərər görüb. O deyir ki, əslində, damın bir hissəsini tamamilə uçurmuşdlar:
- Mənim evdə xəstə anam var. Hər dəfə təzyiqi qalxır. Evin bir hissəsini tam uçurmuşdular, sonra biliblər ki, mətbuatdan gələcəkər, tez gətirib bir taxta qoydular ora.
-O taxtanı özləri qoyub? – Evin dam hissəsinə qoyulmuş çürük taxtaya baxıb soruşuram.
- Bəli, onu da qoymazdılar, əslində, mətbuat çəkiliş edir, yazır deyə, qoyublar…
Sakinlərin şikayəti ilə bağlı “Vialon” MMC şirkətinin rəsmi nümayəndəsi Ramil Qasımovdan da dinləmək üçün ona zəng edirəm. Telefona cavab verən R.Qasımov mətbuatdan olduğumu öyrənincə, heç bir söz demədən zəngi bağlayır. Yenidən zəng edirəm.
- Alo, bəli.
- Ramil bəy, eşidirsiz məni?
- Qardaş, Ramil müəllim deyil e. Ramil müəllim kimdir?...
Məsələ ilə bağlı FHN-in mətbuat xidməti ilə əlaqə saxladım. Oradan bu məsələnin onların səlahiyyətinə aid olmadığı bildirildi. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti ilə əlaqə saxlamaq cəhdlərim isə baş tutmadı, zənglərə cavab vermədilər.
BakuPost
 
Ardını oxu...
Elm və Təhsil Nazirliyi “Study in Azerbaijan” layihəsi çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrinə əcnəbi tələbələrin cəlb edilməsi üzrə bir mənbədən satınalma metodu ilə keçirdiyi açıq tenderə yekun vurub və 25.11.2024-cü ildə “Lumos Consulting Services” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 100.000 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Satınalma Komissiyası “Dövlət Satınalmaları Haqqında” Qanununun tələblərini elə bir mənbədən satınalma metodu ilə keçirdikdə pozub. Sözügedən qanunun 49-cu maddəsinə görə: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda.
Göründüyü kimi Elm və Təhsil Nazirliyi xüsusi hüquqlara malik olmayan, analoji işlərdə təcrübəsi olmayan, çəmi5-6 ay əvvəl dövlət qeydiyyatına alınmış bir MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da satınalmada qanun pozuntusuna yol verildiyinə əsaslı şübhələr yaradır. Sözügedən MMC-nin müvafiq sahədə peşəkarlığı, ixtisas göstəriciləri, texniki və maliyyə imkanların, işçi qüvvəsi, uyğunluğun meyarı tələbləri ilə üst-üstə düşürmü?

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “LUMOS CONSULTİNG SERVİCES” (VÖEN: 1703785571) Məhdud Məsuliyyətli Cəmiyyətinin 10.05.2024-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının , BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, NEFTÇİ QURBAN ABBASOV, ev 5, qanuni təmsilçisi kimi isə Qasımov Adil Faiq oğlu qeyd olunub. Reyestr məlumatlarında MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi kimi Məcidov Nihat Sərvan oğlu göstərilir.

Bəs Nihat Məcidov kimdir? Elm və Təhsil Naziri Emin Əmrullayevin əmri ilə 2024-cü ilin iyulunda “ETN Yüksək Texnologiyalar Parkı” MMC-nin baş direktoru vəzifəsinə təyin etdiyi şəxs. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədr müavini Əminağa Sadıqov yeni baş direktoru kollektivə təqdim edərkən o, yeni vəzifəyə təyinatına görə elm və təhsil naziri cənab Emin Əmrullayevə göstərilən etimada görə minnətdarlığını bildirərək, qurumun fəaliyyətinin gücləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

Qeyd edək ki, Nihat Məcidov 1999-cu ildə Bakı şəhərində anadan olub. 2016-2020-ci illərdə ADA Universitetində təhsil alıb, bakalavriat səviyyəsini iqtisadiyyat ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2019-2024 illər ərzində EY, Procter & Gamble, KPMG, McKinsey & Company şirkətlərində müxtəlif vəzifələrdə işləyib. 2024-cü ilin yanvar ayından etibarən son təyinatadək SABAH.HUB innovasiya mərkəzində strategiya və layihələrin idarə olunması şöbəsinə rəhbərlik edib.

Görsənən odur ki,“Lumos Consulting Services” MMC bundan sonra Elm və Təhsil Nazirliyindən hələ çox tenderlər udacaq, Nihat Məcidov da təsisçisi olduğu MMC ilə Emin Əmrullayevin etimadını doğruldacaq.

Aktualinfo.org
 
Ardını oxu...
Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Mehdizadə uzun illər məmur olaraq çalışmasına baxmayaraq, adında qeyri-yaşayış binası olan biznes obyekti var...

AzFakt.com xəbər verir ki, 5 mərtəbəli biznes obyekti Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində yerləşir və hazırda həmin binadan ARB telekanalı studiya olaraq istifadə olunur.

Binanın reyster sənədi Səbuhi Knyaz oğlu Mehdizadənin adına Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilib. Sənəd 01100003-1-2605-001980/0619 kod nömrəsi ilə qeydiyyatdan keçib.
Sənəddə göstərilir ki, Səbuhi Mehdizadənin adına olan qeyri-yaşayış binası 0.0472 ha ərazidə yerləşir və ümumi sahəsi 1480.8 kvadratmetrdir.
Ardını oxu...
Xatırladaq ki, Səbuhi Knyaz oğlu Mehdizadə Prezident İlham Əliyevin 15 iyul tarixli sərəncamı ilə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevin müavini vəzifəsinə təyin olunub.

Mediada yer alan məlumatlara görə, Səbuhi Mehdizadə bundan əvvəl sözü gedən Nümayəndəlikdə baş məsləhətçisi vəzifəsində çalışıb.
Səbuhi Mehdizadə Xüsusi nümayəndəlikdən öncə bir sıra önəmli dövlət vəzifələrində çalışıb. O, Nümayəndəlikdə çalışmazdan əvvəl Kənd Təsərrüfatı nazirinin müşaviri, “Təmiz şəhər” ASC-nin İdarə Heyəti sədrinin müavini, İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru, Azərbaycan Stolüstü Tennis Federasiyasının Baş katibi, “Azərbaycan Respublikasının Ağır Atletika Federasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini vəzifələrində çalışıb. Hazırda o, Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidentidir.

Bundan başqa Səbuhi Məmmədov “Hovers Group” MMC şirkətinin təsisçisilərindən biridir. 2011-ci ildə yaradılan bu çirkət isə on milyonlarla manat dəyəri olan tenderlərin qalibi olub.

“Hovers Group” MMC son olaraq yerli mətbuatda bir neçə gün əvvəl Naxçıvandan 12 milyonluq tender udması ilə gündəmə gəlib.
Həmin məlumatda bildirilir ki, Naxçıvan Muxtar Respublikasi Dövlət Su Ehtiyatlari Agentliyi tərəfindən 06.09.2024-cü il tarixində “Əlincəçaydan su götürən və Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması”nın satınalınması ilə əlaqədar elan edilmiş açıq tender prosedurunda Bakı şəhəri, Nəcəfqulu Rəfiyev, 17 ünvanında qeydiyyatda olan “Hovers Group” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunmuş və həmin Cəmiyyətlə 12.430.027,54 manat məbləğində müvafiq satınalma müqaviləsinin bağlanması nəzərdə tutulur.
Məlumat Naxçıvan Muxtar Respublikasi Dövlət Su Ehtiyatlari Agentliyi tərəfindən dövlət satınalmalarının vahid internet portalına 14.11.2024-cü il tarixdə yerləşdirilib.

Dövlət qurumundan 12 milyon manatdan çox sifariş udan bu MMC-nin rəsmi veb saytında qeyd olunan məlumatlara görə HOVERS GROUP Məhdud Məsuliyyətli Cəmiyyəti 1 iyul 2011-ci ildə İlqar Zeynalov tərəfindən təsis edilib. Sürətlə inkişaf edən şirkət bərpa və tikinti, eləcə də dizayn layihələri xidmətlərinin həyata keçirilməsi ilə məşğul olur. Bir çox müxtəlif miqyaslı və mürəkkəb layihələrin arxasında “Hovers Group”un adı var. Qeyd edilir ki, tikinti və bərpa işləri müasir tikinti texnologiyalarından və avadanlıqlarından istifadə edən yüksək ixtisaslı mütəxəssislər tərəfindən aparılır. Şirkət həmçinin Bakıda, “Hovers Beton” zavodunda hər növ markalı beton istehsalını, Metal zavodunda isə istənilən formalı metal tir istehsalını həyata keçirir və bu tikinti materiallarının lazımi istiqamətlərə çatdırılmasını təmin edir.
Dövlət satınalmalarının vahid internet portalından görünür ki, MMC son 5 ildə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə ümumi dəyəri 7 653 800 manat dəyəri olan 3 satınalma müaviləsi, Mənzil İnşaatı Dövlət Agentliyi “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ümumi dəyəri 41 626 681 manat dəyəri olan 3 satınalma müaviləsi bağlayıb.
Bunlardan əlavə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti ilə ümumi dəyəri 2 552 433 manat dəyəri olan 2 satınalma müaviləsi, Gənclər və İdman Nazirliyi ilə Yevlax şəhərində Olimpiya İdman Kompleksinin tikintisi üzrə malların (işlərin və xidmətlərin) satın alınması üzrə 18.197.058,59 manat dəyəri olan 1 satınalma müaviləsi, Kənd Təsərrüfatı Nazirliyi ilə Qobustan rayon Cəngi ərazisində yararsız “Pestisid” dərman tullantılarının mövcud saxlanılma Poliqonunun təmiri üzrə 552.437,95 manat dəyəri olan 1 satınalma müaviləsi bağlanıb.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “HOVERS GROUP” (VÖEN: 1501843641) Məhdud Məsuliyyətli Cəmiyyətinin 01.07.2011-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 345 720.00 manat olan MMC-nin hüquqi ünvanının , BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ABBAS SƏHHƏT, ev 73, qanuni təmsilçisi kimi isə Zeynalov İlqar Adıgözəl oğlu qeyd olunub.
Dövlət Vergi Xidmətinin reyestrində edilmiş dəyişiklikdə isə “Hovers Group” MMC-nin BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, AZADLIQ PR., ev 114, mənzil 76 ünvanında Səbuhi Knyaz oğlu Mehdizadə tərəfindən təsis edildiyi göstərilir. O 2015-ci ilin fevralına qədər MMC-nin qanuni təmsilçisi olub. Ondan sonra MMC-yə müxttəlif vaxtlarda Hümbətov Cəmşid Ellər oğlu, Rəhimov Şəhriyar Kamal oğlu qanuni təmsilçilik edib.

Göründüyü kimi Səbuhi Mehdizadə bir sıra dövlət qurumlarında yüksək vəzifələrdə çalışıb. Təsisçisi olduğu “Hovers Group” MMC isə işlədiyi qurumlardan son beş ildə 70 milyon manata yaxın dövlət sifarişi alıb.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

AzFakt.com
Ardını oxu...
“10 ildən çoxdur ki, İmişli Şəkər Zavodundan metal alıb satıram. Bu yaxınlarda tələb etdim ki, bu proses sənədləşdirilsin, alqı-satqı qanuni şəkildə aparılsın. Bundan sonra zavod rəhbərliyinin göstərişilə zavoda girişimi əngəllədilər. Zavodun mənə olan borcu da ödənilməyib. İndi mənimlə nə alqı-satqı edirlər, nə də borcumu ödəyirlər”.

Bunu Meydan TV-yə İmişli rayon sakini Qədir Ağayev deyir. Onun sözlərinə görə, indiyədək zavoddan qeyri-rəsmi aldığı metala görə son vaxtlar müqavilə imzalanmasını tələb etdiyi üçün zavod rəhbərliyi onunla davam edən on illik iş birliyinə son verib:

“Aramızdakı metal alqı-satqısının sənədsiz olması mənə həmişə problemlər yaradıb, əlavə xərclərə düşmüşəm. Çünki aldığım metalı İmişlidən Bakıya daşıyanda yolboyu saxlanılıram, cərimələnirəm. Nəticədə zavodla gördüyüm işdən zərərli çıxıram. Bu yaxınlarda zavodun qarşısında məsələ qaldırdım ki, mənə satdıqları metalı sənədləşdirsinlər. Həmin gündən zavodun direktoru Ceyhun Salmanov zavoda girişimi qadağan etdi. Mən də şikayət etməyə başladım. Gördülər ki, qanunsuz əməllərinin üstü açılacaq, məni zavoda dəvət etdilər, 3 aylıq müqavilə bağladılar və bildirdilər ki, dəymiş 17 min manat zərəri şirkət mənə 3 ay ərzində güzəştli metal satmaqla qarşılayacaq. Ancaq iki həftədən sonra müqaviləni ləğv elədi”.

Qədir Ağayevin sözlərinə görə, zavod metalı “Whatsapp” üzərindən satır:

“İllərdir ki, “Whatsapp”da bir qrup yaradılıb, zavod metalın fotolarını həmin qrupa yerləşdirir, məlumatları qeyd edir, kim çox pul verirsə, ona da satır. Belə deyək də, metalı “Whatsapp” üzərindən hərraca çıxarır. Qrupda mənim kimi yüzlərlə müştəri var. Kim çox pul verir, metal ona da satılır. Zavoddan sonuncu dəfə metal alanda baxdım ki, məni aldadıblar. Depozit qoyandan sonra malların içərisindən lazımlı metalların götürüldüyünü anladım. Bu da məni 17 min manat zərərə saldı. Tələb etdim ki, ya malı versinlər, ya da zərəri ödəsinlər. Bunlar da mənimlə müqavilə imzaladılar. Ancaq 11 dəfə metal götürəndən sonra direktor mənə metal satışını dayandırdı”.

Qədir Ağayev deyir, onunla əməkdaşlığı dayandırmalarının səbəbi vergi ödəməmək məqsədi güdür:

“Bir vətəndaş olaraq mənim istədiyim odur ki, qanuni işləyək, vergisini ödəyək. Alıb apardığım metalın sənədi olsun ki, polis də yolda saxlayıb məni cərimələməsin. Bu tələbi dilə gətirməyim xoşlarına gəlmədi. Zavoda girişimi əngəllədilər, özümü də “Whatsapp” qruplarından kənarlaşdırdılar. Təkcə mən əməkdaşlıq etdiyim 10 il ərzində onlardan milyon yarım manatlıq metal götürmüşəm. Axı mən tək deyiləm, xeyli adamla illərdir ki, sənədsiz, sübutsuz metal alqı-satqısı edirlər. Araşdırılsa, ortaya çıxar ki, zavodun yüz minlərlə manat vergidən yayınma halları var”.

Qədir Ağayev deyir ki, İmişli Rayon Prokurorluğuna şikayət edəndən sonra “Azərsun Holding”in baş ofsinə dəvət olunub:

“Şirkətin hüquqşünasıyla görüşdüm, başıma gələnləri danışdım. Dedi “ərizə yaz, hamısı yoluna qoyulacaq”. Tələbimi soruşdular, dedim, bir ay güzəştli qiymətlə metal satsınlar, borclarımı qaytarım. Bildirdilər ki, 14 gündən sonra zavoda gedim, orada məni dinləyib, məsələni həll edəcəklər. 14 gün keçdi, getdim zavoda, direktorun köməkçisi qəbul etdi, dedi, get, metal satışı olanda xəbər edəcəyik”.

Bir həftə əvvəl Qədir Ağayev yenə “Azərsun Holding”ə gedib, ancaq orada onu qəbul edib dinləyən olmayıb.

Meydan TV “Azərsun Holding”in məsələ ilə bağlı mövqeyini öyrənmək üçün şirkətin mətbuat xidmətinə müraciət edib. Bir neçə gün sonra mətbuat xidmətindən bildirilib ki, şirkətin vətəndaşın dedikləri ilə bağlı hər hansı açıqlaması olmayacaq.
 
Ardını oxu...
Bakıdakı apteklərdən birində müdirin xanım işçini döydüyü iddia olunur. Bununla bağlı Meydan TV-yə təqdim edilən videogörüntülərdən də aydın olur ki, hadisə aptekin içində baş verib. Görüntülərdə bir kişi xanım işçini yerə yıxıb təpikləyir, döyür.

Hadisənin iyulun 7-də Rəşid Behbudov küçəsindəki aptekdə baş verdiyi bildirilir. İddiaya görə, görüntülərdə Aysel adlı işçisini döyən aptekin müdiri Elnur Cabbarovdur.

Elnur Cabbarov hazırda eyni aptekdə çalışan başqa bir xanım əməkdaşının həyat yoldaşı ilə də problem yaşayır. Bu barədə Meydan TV-yə danışan Qabil Quliyev deyir ki, bu məsələnin də kökü aptek müdirinin xanım işçisini döyməsinə gedib çıxır:

“Aptekdə iş yoldaşı Ayselə “müəllim dovşana oxşayır” mesajı yazıb. Aysel də ona gülüş işarəsi atıb. Elnur Cabbarovun apteklərinə nəzarət edən qadın da bunu müdirə çatdırıb ki, sənin haqqında belə deyirlər. Bu da Ayseli o cür döyüb, təpikləyib. Aysel evə gedəndə anası o vəziyyətdə onu görüb, soruşub ki, sənə nə olub? Deyib ki, müdir döyüb. Anası inanmayıb ki, nə danışırsan, belə şey olar? Qardaşımın yoldaşı da onunla aptekdə işləyir, Aysel ondan xahiş eləyib ki, kameradakı görüntüləri monitordan çəkib göndərsin. Qardaşımın yoldaşı da göndərib. Ayselin anası bundan sonra qızının döyülməsilə əlaqədar Ailə, Qadın Komitəsinə və 22-ci polis bölməsinə şikayət edib”.

Qabil Quliyev danışır ki, polis bölməsində bir müddət araşdırma gedib, sonradan Ayseldən barışıq ərizəsi alıb, işi bağlayıblar. Bunu Meydan TV-yə Ayselin digər yaxınları da təsdiqləyib.

Ardınca Elnur Cabbarov videonu ona göndərənin kimliyini araşdırmağa başlayıb və Şəhanə Quliyeva olduğunu müəyyənləşdirib:

“Bizdə Elnur Cabbarovun səs yazısı var, deyir ki, polisə, jurnalistlərə 50 minə qədər pulum çıxdı. Mənə heç kim heç nə eləyə bilməz. Beləcə, işi bağlayır. Başlayır, qardaşımın həyat yoldaşına nalayiq, heç bir əxlaqa sığmayan, təhqir dolu mesajlar yazmağa. Axırda elə bir şey yazır ki, heç bir həyat yoldaşı onu götürməzdi. Qardaşım da onun yazdıqlarını oxuyurdu. Dilə gətiriləsi ifadələr deyil. Hansı kişinin yoldaşına, bacısına o sözləri desələr, o, qəbul edərdi? Ümumiyyətlə, kiminsə yoldaşına onu yazmağı kimsə özünə necə rəva görə bilər? Bundan sonra qardaşım durub gedir onun yanına ki, nə istəyirsən? 7 ildir qardaşım Şəhanə Quliyeva ilə evlidir. Qardaşımla əlbəyaxa olurlar. Sonra gedib qardaşımdan polisə şikayət edir. Nəticədə qardaşımı tuturlar. Ona deyirəm ki, qardaşımın həyat yoldaşına niyə belə şeylər yazmısan? Deyir, yaxşı eləmişəm…”.

Zamin Quliyev haqqında cinayət işi başlanıb, ona qarşı Cinayət Məcəlləsinin 127 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb. Hazırda Nərimanov Rayon Polis İdarəsində istintaq davam edir.

Qabil Quliyev deyir ki, qardaşı təqsirsizdir, qarşı tərəf öz hərəkətlərilə onu təhrik edib:

“Bu adam cəzasızlıq mühitində istədiyini edir. Zərərçəkmiş kimi tanınıb. Mənə deyir ki, bir şərtlə barışıq ərizəsi yazaram, qardaşın o qadını boşasın. Deyirəm, siz nə danışırsınız? Niyə boşanmalıdır? Mənim qardaşım elektrikdi, gündəlik çörəkpulu qazanmaqla məşğuldu. Belə bir adam dayandığı yerdə başına iş açıb”.

Meydan TV Elnur Cabbarovun ünvanına səslənən ittihamlar, həmçinin görüntülərlə bağlı şərh almaq üçün onunla əlaqə saxlamağa dəfələrlə cəhd göstərib. Onun 211-– nömrəli telefonuna çoxsaylı zənglərimizə cavab verməyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Meydan TV-nin əldə etdiyi məlumata görə, paytaxtda Maliyyə Nazirliyinin qarşısında, “Dostluq” kinoteatrının yaxınlığında, Ayna Sultanovanın heykəlinin yanında, Əhmədli qəsəbəsində “Bakı” kinoteatrının ətrafında və s. yerlərdə Elnur Cabbarova məxsus çoxsaylı apteklər fəaliyyət göstərir.
 

Ardını oxu...
"Kristal Abşeron" şirkətinin Nizami rayonu Məshəti Gəncəvi küçəsi 130A və 130C ünvanında yerləşən binalarında yaşayan sakinlər "Aznet" intenet provayderindən şikayətçidirlər.

Sakinlər "Arqument.az"a deyiblər ki, "Aznet" faktiki olaraq dələduzluqla məşğuldur. Şirkət aylıq internet abunəçilərindən 25 manat xidməthaqqı alsa da, heç 40 mbit/s sürət internet vermir. Halbuki yeni internet tariflərinə görə, 25 manat ödənişə görə 100 mbit/s sürət verməlidir.

Maraqlıdır ki, sakinlərin istifadə etdiyi Wifi modem də "Aznet" tərəfindən verilib və sakinlərə bildirilib ki, bu, ən son model modemdir və 5G sürəti dəstəkləyir, amma hazırda əksi baş verir. Şirkət hazırda sakinlərdən 25 manat alıb 20-25, bəzən bundan da aşağı sürət verir.

Sakinlər dəfələrlə "Aznet"ə müraciət etsələr də, problemləri həll olunmur. Onların sözlərinə görə, "Kristal Abşeron" bu provayderlə anlaşıb, faktiki hər iki monopolist şirkət sakinləri informasiya blokadasında saxlayır.

"Əvvəllər 40 mbit internet sürəti üçün "Aznet" intenet provayderinə 18 manat ödəyirdik. İnternetin qiyməti qaldırılandan sonra abunəçisi olduğumuz "Aznet" intenet provayderi bizə 100 mbit əvəzinə 10, 15, 20, 25 mbit intenet verir. Bunu sübut edən görüntülər var əlimizdə. Dəfələrlə bu monopolist şirkətə müraciət etsək də, nəticə yoxdur. Faktiki bizim hüquqlarımızı pozur, intenet demək olar ki, yoxdur. Bizdə Wifi modem en son modeldir. Bütün binada Kristal Abşeronun binalarına ancaq Kristal Abşeronun rəhbərliyinin icazə verdiyi internet provayderlər xidmət göstərməsi vətəndaşların haqlarının pozulmasıdır", - sakinlər belə deyirlər.

Onlar bildiriblər ki, "Kristal Abşeron"un anlaşdığı keyfiyyətsiz "Aznet" - internet provayderi hazırda onları boğaza yığıb.

Bundan əvvəl də "Rahat Telecom" İnternet provayderi sakinlərə eyni problemi yaşadıb. Çoxlu etirazlardan sonra "Rahat Telecom" "Aznet"lə əvəzlənib, amma problem irin salan yaraya çevrilib, getdikcə dərinləşir...

Sakinlər digər provayderlərə müraciət etsələr də, şirkət onların mənzillərə internet çəkməsinə imkan verməyib.

Bildiriblər ki, yalnız bizimlə "razılaşan" provayderlər mənzillərə internet çəkə bilərlər.

Dəfələrlə saxta mandatla Milli Məclisə düşən və ölkənin əsas tikinti monopolistlərindən olan Ağalar Vəliyev 21-ci əsrdə insanların ifadə azadlığını, internetə çıxışının qarşısını alır.

Sakinlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etsələr də, nəticə yoxdur. Qurum onlara rəsmi cavabında bildirib ki, şikayət aidiyyəti üzrə göndəriləcək, amma heç bir addım atmayıb.

Son olaraq sakinlər həm "Kristal Abşeron", həm "Aznet" - internet provayderinin özbaşınalığı, həm də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yarıtmaz fəaliyyətindən "supernazir" Mikayıl Cabbarova müraciət ediblər.

Görünür, Mikayıl Cabbarovun da başı daha "ciddi işlər"ə qarışdığından onların tələblərinə məhəl qoymur.

Dünyapress TV

Xəbər lenti