Quba “Soyqırımı Memorial Kompleksi” – Dəyərini itiribmi?
Təhlükə hardan, ya kimdən gəlir?
Dünən TRT kanalı üçün azərbaycanlıların 1918-ci il soyqırımı mövzusuna həsr olunan sənədli filmin çəkilişləri ilə əlaqədar Qubaya, Soyqırımı Memorial muzey-kompleksinə getmişdik. Bura mənim üçün son dərəcə doğma məkandır, belə ki, uzun illər azərbaycanlıların soyqırımı mövzusu ilə əlaqədar topladığım, araşdırdığım və nəşr etdirdirdiyim sənədlər, şəkillər və tədqiqatlarımın nəticələri məhz bu Memorial Kompleksdə maddiləşmiş, kütləviləşmiş və görüntü şəklində təmsil olunmuşdur. Geniş ərazilərdə yerləşən bu Kompleksin muzey ekspozisiyasının yeganə müəllifi kimi mən özümü bu Qara Yaddaş məbədimizin hər daşı, hər qarışı üçün məsuliyyətli bilirəm. Çünki bu qeyri-adi muzeyin ilkin “eksponatları" – təsadüfi tikinti nəticəsində 400 nəfərin sümükləri basdırılmış kütləvi məzarlığın aşkar edilməsindən başlayaraq, onun qeyri-adi binasının (əsas ekspozisiya zalı yerin altında yerləşir) tikintisi zamanı ortaya çıxan problemlərdən xəbərim var. Heydər Əliyev Fondunun kiçik, lakin olduqca peşəkar və mobil işçi qrupu ilə bir il yarımdan artıq müddətdə Kompleksin muzey ekspozisiysı üzərində bilavasitə iştirakımı da çox yaxşı xatırlayıram. 2013-cü ildə, Muzeyin Açılış mərasimində ölkə başçısını, Heydər Əliyev Fondunun rəhbərini və digər qonaqları muzey ekspozisiyası ilə tanış edərkən, sonrakı illərdə xarici ölkələrdən gəlmiş nüfuzli nümayəndə heyətlərini şəxsən müşayiət edərkən, bu məkanda beynəlxalq konfranslar keçirərkən, xarici və yerli qonaqlarımızla, müxtəlif çəkiliş qrupları və d. ilə bu muzeyə gələrkən – Hər Dəfə (!) onun son 100 illik tariximizin ən faciəvi, ən ağır və ən ağrılı səhifələrinin bitkin elmi-sənədli, mənəvi-insani Təcəssümü olduğunun təsdiqini tapıram. Kompleks açılandan bəri onu milyondan artıq insanın, o cümlədən 200 minə yaxın xarici qonaqların və onlarla rəsmi xarici nümayəndə heyətlərinin ziyarət etməsi, rəylər kitablarının neçə-neçə cilddən ibarət olması, Kompleksə beynəlxalq əhəmiyyətli, dövlət tərəfindən qorunan tarixi memarlıq qoruğu statusu verilməsi ölkəmizdə azərbaycanlıların soyqırımı tarixini əks etdirən yeganə təyinatlı ideoloji mərkəz kimi bu muzey-kompleksin geniş anlamda dəyərini vurğulayan amillərdir.
Amma son illər bu kompleks ətrafında baş verən bəzi hadisələr, düzü məhz bu Dəyərlə bağlı təşvişlərimizi artırır. Bu sıradan ən böyük “hadisə” təbii ki, “Soyqırımı Memorial Kompleksi”n 1918-ci ildə daha geniş miqyasda erməni vandalizmi və vəhşiliklərinə məruz qalmış şəhərlərdə - Bakıda və Şamaxıda deyil, məhz Qubada inşa edilməsini şərtləndirən əsas Sübutun – Kütləvi Məzarlığın “ləğv edilməsi” ilə bağlıdır. Belə ki, 2018-ci ildə, “Azərbaycanlıların soyqırımının 100-cü ilddönümü ərəfəsində müxtəlif yaşlı insanlara mənsub sümüklər açıldığı və 10 il ərzində müxtəlif vasitələrlə qorunduğu məzardan çıxarılaraq elə o ərazidə yenidən torpağa basdırılmış və üstünə də çox sadə bir Xatirə Daşı qoyulmuşdu.
Burada vurğulamalıyam ki, bu iş əslində yarı-gizli görülmüşdü, müxtəlif, qeyri-ciddi səbəblər gətirilməklə yalnız şaiyələr şəklində yayılaraq, sonda birdən həyata keçirilmişdi. Lakin o da məlumdur ki, torpağın içində qalmaqla yanaşı açıq hava dəydiyindən erroziyaya uğramaq təhlükəsi qarşısında bu məzar-abidənin yeni texnoloji üsullarla saxlanması proyektləri var idi və Memorial Kompleksin açılışı zamanı Fondun sifarişi ilə italiyalı mütəxəssislər tərəfindən hazırlanmış bu proyektlər nümayiş olunmuşdu. Lakin Muzeyin inzibati-idarəçiliyi Azərbaycan Mədəniyyət Nazirliyinə verildikdən sonra bu niyyət reallaşmadı və sonda məsələ ən sadə, ən asan və ən ucuz yolla “həll olundu”.
Bu “həll” Soyqırımı Kompleksinin təsir effektini yarıbayarı azaltdı desəm, inanın ki, səhv etmərəm. Çünki Komplekslə tanışlıq marşrutu elə tərtib olunmuşdu ki, qonaqlar muzey ekspozisiyası, yəni tarixi faktlar, hadisələr, sənədlər, şəkillər ilə tanış olduqdan və məlumatlandıqdan sonra kütləvi Məzarlığı seyr edirdilər və eşitdiklərinin danılmaz sübutunu görərkən sözün əsl mənasında böyük sarsıntı keçirirdilər. Bir nümunə: Görkəmli fizik – alim, Nobel mükafatı laureatı Jores Alferov muzeylə tanışlıqdan sonra məzarlıqdakı sümükləri görərkən əhvalı dəyişmiş və ona ilkin tibbi yardım göstərilmişdi.
Kütləvi məzarlığın ləğv edilməsi və muzeyin ekspozisiyası ilə bağlı bəzi digər məsələlər üzrə məsul şəxslərin indi vəzifələrində olmadığı səbəbindən adlarını çəkməyi lazım bilmirəm. Həm də müəyyən naqislikləri sonradan aradan qaldırmaq mümkün oldu, görünməyən bəzi işlər də görüldü. Bu baxımdan Kompleksin kollektivinin, başda direktor Rəxşəndə xanım Bayramova olmaqla fədakarlığı və əməyi ayrıca qeyd edilməlidir. Sanki hamı bir qədər sakitləşmişdi.
Lakin budur, yeni bir problem, narahatlıq və deyəsən bu dəfə iş yalnız Muzey kollektivinin təlaşı və müdaxiləsi ilə bitməyəcək. Belə ki, bir müddət əvvəl Kompleksin inzibati ofisi, elmi-informasya mərkəzi və kitabxanası, eləcə də yüksək gərginli avadanlıqların yerləşdiyi texniki otaqları əhatə edən binanın üst hissəsində, meşə zolağının kənarından başlayaraq, əslində Kompleksin mühafizə zolağına daxil olan torpaq sahəsindən müəyyən hissə “Spartak” MMC –nin nümayəndələri tərəfindən kiçik həyətyanı sahələrə bölünərək fərdi mənzillərin tikintisi üçün satılmışdır. Bu barədə Kompleksin müdiriyyətinə heç bir məlumat verilməmişdir. Bir müddət əvvəl isə həmin ərazidə qazıntı işlərinə və çoxsaylı fərdi evlərin tikintisinə başlanmışdır.
Burada məsələyə tam aydınlıq gətirmək üçün bir məqam xüsusi vurğulanmalıdır. Heydər Əliyev Fondu tərəfindən Kompleksin tikinti layihəsi həyata keçirilərkən 1918-ci ildə yaşanmış hadisələrin məzmunu əsas götürülərək soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti kimi nəinki hər hansı dekorasiya və bəzəkli elementlərdən istifadə edilməmiş, həmçinin əraziyə sərhəd zolagi və ya hasar çəkilməmiş, bununla da Kompleks ərazisində matəm sükutunun təbiətlə ünsiyyətdə təcəssüm etdirilməsinə nail olunmuşdur. Bu baxımdan Komplekslə təbii görüntünün ahəngini qorumaq məqsədilə ətraf ərazilərdə hər hansı tikilinin inşasına icazə verilməmiş, əksnə, kütləvi məzarlığın yerləşdiyi təpənin arxasındakı bir yaşayış evi və yeməkxana, sahibləri ilə razılaşma əsasında buradan köçürülmüşdür. Beləliklə, ətrafda yalnız sanki qanlı hadisələrin günahsız qurbanlarının ruhlarını qoruyan şam ağacları saxlanılmış və artırılmışdır.
Lakin bu gün yeni yaşayış sahəsi üçün ayrılan ərazi birbaşa Kompleksin muzey binası ilə üzbəüzdə, İnzibati binanın isə düz başında yerləşir. Belə ki, inzibati binanın bir hissəsi təbii qayalığın içinə salındığı üçün, evlərdən bir neçəsinin artıq qazılmaqda olan bünövrəsi Kompleks ofisinin damına söykənməli olacaq.
Yeni yaşayış massivinin hələ suyu, kanalizasiya xətti, elekrik şəbəkəsi və s. kimi işlərin görülmədiyi, lakin artıq evlərin tikintisinə başlanıldığı nəzərə alınarsa, öz suallarına cavab üçün bu işə məsul olan şəxsləri axtaran Kompleks əməkdaşlarının narahatlığı anlaşılandır.
İlk nəzərdə bu ərazinin Soyqırımı Kompleksinin tam səlahiyyətində deyil, yalnız “mühafizə zolağına” daxil olduğu əsas götürülərsə bu narahatlığın nə dərəcədə qanunauyğun olduğu sualı ortaya çıxa bilər. Lakin burada konkret bir məsələ də var: artıq tikintisinə başlanmış yaşayış məskəninin ərazisinə heç yol da yoxdur və bu problemin həlli kimi “İnşaatçılar” tərəfindən artıq Kompleksin birbaşa ərazisinə aid və ona məxsus olan qapalı avto-dayanacaq meydanını sökməklə, 0.15 ha, 5 metr enində 2 yeni yol salmaq nəzərdə tutulur. Bu yol salınana qədər isə, tikinti materiallarını daşımaq üçün hazırda həmin ərazidə Kompleksin elektrik təchizatını təmin edən yüksək gərginlikli 6 min kvat elektrik xəttinin və internet kabel xəttinin üzərində qeyri-qanuni torpaq yol salınmışdır və ağır tonnajlı yük avtomobilləri qeyd olunan xəttlərin üzərindən hərəkət edərək Kompleksin elektrik təchizatı üçün böyük təhlükə törədirlər. Bir müddət əvvəl buna oxşar bir qəza nəticəsində Kompleks 2 gün tam işıqsız qalmış və ziyarətçilərin qəbulunu dayandırmalı olmuşdu.
Kompleksin əsas binaları ilə üzbəüz və biri ilə bitişik ərazidə yeni yaşayış məhəllələrinin salınmasının digər fəsadları da vardır. Belə ki, yer səthindən 19 metr hündürlükdə xüsusi konstruksiyalı divarları olan muzey ilə üzbəüz yaxınlıqda yerləşən, təxminən 11-12 metr hündürlüyündə olan meşə zolağında və eyni hündürlüklü pilləkənlərdə hər hansı bir cüzi səs olduqda muzey divarları vasitəsilə həmin səs yüksəlir və əmələ gələn dissonans - gurultu bəzən hətta yerin alt qatında yerləşən əsas zalda da eşidilir. İndi həmin meşə zolağında ağacların kəsilib fərdi evlər, tövlələr, hinlər və digər təsərrüfat obyektləri daxil yaşayış məhəllələrindən bütün gün ərzində gələn çoxsəsli hay-küyün Kompleksin uzun illər qorunan müqəddəs sükunətilə nə qədər “ahəngdarlıq” yaradacağını özünüz təsəvvür edin.
Bu səs-küylə yanaşı həm də xüsusi əhvalla muzeydən çıxan ziyarətçilərin nəzərləri ilk olaraq qarşı təpədə öz gündəlik həyatını yaşayan insanların ev-məişət görüntüləri, paltar zivələri, mal-qarası, toyuq-cücəsi, uşaqların oyun meydançaları və s. ilə qarşılaşacaq. Bu mənzərənin də Kompleksin təlqin etdiyi hisslər və fikirlərlə nə dərəcədə həmahəng olacağını təsəvvür etməyi yenə sizlərin öhdəsinə buraxıram.
Əlbəttə, mümkündür ki, bəziləri, xüsusilə bu əraziyə yalnız pul qazanmaq mənbəyi kimi baxanlar və onları dəstəkləyənlər Komplekslə yanaşı təsvir edilən mənzərə və səs-küyü “həyat davam edir” məntiqi ilə izah etsinlər. Amma həyat tək pul və məişət rahatlığından ibarət deyil. Quba “Soyqırımı Memorial Kompleksi” də bu məntiqi tamam başqa hissiyyat və zehniyyatla qavramaq üçün yaradılıb.
Düzü, Kompleksin əməkdaşları ilə bu yeni yaşayış məkanına “baxış” keçirərkən və burada həqiqətən tikinti işləri getdiyini öz gözlərimlə görərkən yenə də bu məsələlərə ən azı aydınlıq gətirməli olan səlahiyyətli qurumların – ilk növbədə Quba İcra Hakimiyyətinin və Azərbaycan Mədəniyyət Nazirliyinin hələ də susduğuna inana bilmirəm... Amma Kompleksin rəhbərliyinin və əməkdaşlarının bu ciddi təşvişini da anlayıram və bu səmimi ürəkyanğısı müqabilində onlara onsuz da böyük olan rəğbətim daha da artır.
Mümkündürmü ki, hansısa MMC şirkəti dövlət ərazisi sayılan bu torpaqları beləcə rahat (Quba şəhəri üçün o qədər də baha qiymətə yox) satsın, sənədləşdirsin, dərhal evlərin tikintisinə başlanılsın və...
Kimdir bu “layihənin” müəllifləri və havadarları ki, “qonşuluqdakı” mühüm bir Dövlət qurumunun – Dövlət tərəfindən qorunan tarixi memarlıq-qoruğunun maraqları ilə heç hesablaşmır, üzə çıxmır və verilən adi sualları cavablandırmağı belə lazım bilmir... Vəziyyət belə qalarsa deyəsən Qubadakı Soyqırımı Memorial Kompleksi tədqicən yaşayış məhəllələri ilə əhatə olunacaq...
Bu reallığın adını nə qoyaq, dostlar?
Bir daha vurğulayıram, mən hələ də inanmıram ki, adı çəkilən səlahiyyətli qurumlar, son nəhayətdə Soyqırımı Kompleksinin qurucusu olan Heydər Əliyev Fondu tarixi yaddaşımızın ən ağır Abidəsinin bu qədər dəyərdən salınmasına biganə qalsınlar...
Amma bu tarix hamımızın qan yaddaşıdır, biz biganə qalmayaq... Qalanları da oyadaq...
Dəstəyinizə ehtiyacımız var...
Hər birinizin...
Solmaz Rustamova-Togidi
Teref.az