Hakimiyyət düşərgəsindəki kadr dəyişiklikləri ən müxtəlif sferaları əhatə etməkdədir. Rəsmi mətbuat orqanları da bu dəyişikliklərdən kənarda qalmır.
Yenisabah.az xatırladır ki, "təmizləmə əməliyyatı" iqtidarın təbliğatı ilə məşğul olan rəsmi qəzetlərdən də yan keçməyib. Əvvəlcə hakim Yeni Azərbaycan Partiyasının orqanı olan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru dəyişdi. Uzun illərdən bəri qəzetin sükanı arxasında əyləşən YAP-çı deputat Hikmət Babaoğlu könüllü şəkildə vəzifəsindən istefa verdi. Onun ölkənin ən stajlı YAP-çılarından olan sabiq baş redaktor Alqış Həsənoğlu əvəzlədi.
Ötən ilin payızında isə Prezident Administrasiyasının təsis etdiyi "Xalq qəzeti" birinci şəxsi ilə vidalaşdı. Baş redaktor Həsən Həsənov yerini Azərbaycan Mətbuat Şurasının sabiq sədri Əflatun Amaşova verdi. Bu təyinat mətbu cameə üçün əsl sürpriz olsa da, növbəti dəyişikliklərin anonsu kimi qiymətləndirildi və maraqla qarşılandı.
"Yeni Sabah"ın əldə etdiyi məlumata görə, hakimiyyətin əsas təbliğat tribunalarından biri olan "Azərbaycan" qəzeti də dəyişikliklərə hamilədir. Yaxın günlərdə bu qəzetin baş redaktoru Bəxtiyar Sadıqovun da vəzifədən gedəcəyi bildirilir.
Məlumatlı şəxs deyib ki, Bəxtiyar Sadıqova hələ ötən ilin oktyabrında istefa vermək təklif olunub. Amma o, deputat olmağın qazandırdığı üstünlüklərdən yararlanaraq, bu təklifi qulaqardına vurub. Sonrakı dövrdə də ona könüllü şəkildə vəzifədən getmək təklif olunub. Sadıqov isə hər dəfə bir bəhanə ilə baş redaktor kürsüsündəki ömrünü uzatmağa nail olub.
Mənbə deyib ki, bu günlərdə deputat-jurnalistə sonuncu dəfə xəbərdarlıq olunub. Getmək lazım olduğunu bu dəfə ona Milli Məclis rəhbərliyi çatdırıb. Məhz bundan sonra Sadıqov çamadanını hazırlamağa qərar verib. Onun mart ayının əvvəllərində könüllü şəkildə baş redaktor vəzifəsindən istefa verəcəyi bildirilir.
B. Sadıqovu əvəzləyəcək şəxsin kimliyi isə hələlik məlum deyil. Yeni baş redaktorun kənardan gətiriləcəyi güman edilir. //Yenisabah.az//