Zaman-zaman "DogruXeber.az" informasiya portalında müxtəlif rayonlarda kənd təsərrüfatı təyinatlı örüş sahələrinin müxtəlif şəxslərin müxtəlif yollarla mənimsədiyi barəsində məlumatlar yayımlanıb.
Şamaxı rayon Böyük Xınıslı kəndində 10 hektara yaxın örüş sahəsini keçmiş bələdiyyə sədrinin oğlu Elxan Quliyevin mənimsədiyi, Goranboy rayonunun Qarasüleymanlı kəndində 21 hektar örüş sahəsini Yaşa Namazovun mənimsədiyi və sair barəsində yayımlanan məlumatlara göründüyü qədərilə, istər yerli bələdiyyə, istər yerli İcra Hakimiyyəti, istərsə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi müdaxilə etmədi.
Qeyd edək ki, vətəndaş müraciəti əsasında, bu kimi məlumatlara daha birini əlavə etmək məcburiyyətindəyik.
Belə ki, "Kanal14" YouTube kanalında yayımlanan "Kamalın zamanı" proqramı efirdə olduğu zaman, Mehrab İsrafilov adlı YouTube istifadəçisi kanala müraciət edib.
Vətəndaş müraciətində bildirir ki, "Göyçay rayon Qaraxıdır kəndində bələdiyyə sədri örüş sahəsini mənimsəyib. Bu barədə də hara müraciət etmişiksə, cavabsız qalıb".
P.S: Mehrab İsrafilovun narazılığı ilə bağlı qarşı tərəf olaraq, açıqlama almaq üçün Göyçay rayon Şəkər bələdiyyəsinin sədri Qurban İbrahimov ilə telefon əlaqəsi saxladıq.
Qurban İbrahimov bildirdi ki, "Bu söhbət artıq 5 ildir davam edir. Məsələ aidiyyatı qurumlar tərəfindən araşdırılıb. Sözügedən ərazi bələdiyyənin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir və hazırda orda Tut bağı salınıb.
Kəndin 40 hektar başqa örüş sahəsi var və sakinlərin tam istifadəsindədir."
Qırmızı Körpü keçid məntəqəsindən Gürcüstana qaçaq yolla 5 kilo qızıl keçirmək istəyən yük maşını və sürücüsünün saxlanıldığı bildirilir. Qızıl, avtomobilin kabinəsindəki döşəyin içərisində gizlədilibmiş. Sürücünün ifadəsi alındıqdan sonra məlum olub ki, az əvvəl, hərəsində 5 kilo qızıl olan iki başqa yük maşını gömrük məntəqəsindən Gürcüstan tərəfə keçə bilib. Sərhədçilərin müdaxiləsindən sonra, həmin yük maşınları sürücüləri ilə birlikdə Azərbaycan tərəfinə təhvil verilib. Hadisə ilə bağlı cinayət işinin açıldığı, hər 3 sürücünün həbs olunduğu bildirilir. DİA.AZ bildirir ki, bu haqda "Gündəlik Naxçıvan"a həbs olunan sürücülərdən birinin yaxın qohumu məlumat verib. Onun sözlərinə görə, həmin qızılların Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbova aid olduğu bildirilir: " Bu iş, Vasif Talıbova yaxın, adını çəkmək istəmədiyim yük daşıma şirkətlərinin biri ilə görülüb. Həmin şirkətin rəhbəri və qızılı daşıyan sürücülər də naxçıvanlıdır. Hadisə bir neçə gün öncə baş verib. Deyilənə görə, bu birinci deyilmiş və indiyə kimi xeyli qızıl Gürcüstana keçirilib. Qızılı Gürcüstanda təhvil alan Vasif Talıbovun adamlarından biridir və onun hadisədən sonra qaçıb, aradan çıxdığı bildirilir. Yazıq sürücüləri inandırıblar ki, bu məsələ yuxarılara razılaşdırılıb. Bu səbəbdən, onlar qızılı keçirməyə razılaşıb. Hər dəfəsində onlara 200 manat söz veriblər. Yəni, 5 kilo qızılı keçirmək üçün cəmi iki yüz manat. Sürücülərin telefon danışığı izlənilib və onlar ələ keçiblər. İşin sonu necə olacaq, bilmirik". Məsələyə münasibət öyrənmək üçün Qırmızı Körpü keçid məntəqəsi ilə əlaqə qurmaq mümkün olmayıb.
Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyevin cinayət işi ilə bağlı məhkəmə araşdırması başlayır.
APA Zahid Niftəliyevin cinayət işi ilə bağlı bəzi məlumatlar əldə edib. İttihama görə, Zahid Niftəliyev N saylı hərbi hissədə gizir kimi xidmət edən Elsevər Niftəliyevlə əlbir olaraq ayrı-ayrı hərbi qulluqçuların xidmət yerinin dəyişdirilməsi və ya ordu sıralarından ehtiyata buraxılmasını təşkil və təmin etməyə görə onlardan müxtəlif məbləğlərdə rüşvət alıb.
Zahid Niftəliyev görəcəyi işlərdə onlara Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun köməklik edəcəyini deyib. Qeyd olunub ki, onunla Nəcməddin Sadıkov arasında dostluq münasibətləri 1-ci Qarabağ müharibəsi zamanı yaranıb. Onlar birlikdə xidmət edib, sonralar isə yaxın dost olublar. Nəcməddin Sadıkov Baş qərargah rəisi olduqdan sonra Zahid Niftəliyevi nazirliyin bütün rəhbər işçilərinə yaxın dostu kimi təqdim ediyi, Zahid Niftəliyevin sözünün onun sözü olduğunu elan etdiyi bildirilir.
Zahid Niftəliyev bir neçə hərbçidən ümumilikdə 40 min manat rüşvət almaqda ittiham olunur.
Bundan başqa, Zahid Niftəliyev 2018-ci ildə N saylı hərbi hissənin beş nəfər hərbi qulluqçusunu qanunsuz olaraq Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən evində fəhlə kimi işlədib. Hərbi qulluqçular 15 gün ərzində hər gün səhər saat 08.00-dan axşam saat 20.00 kimi, heç bir ödəniş almadan fərdi yaşayış evinin qarşısındakı həyətyanı sahənin betonlanmasını və mozaika daşları ilə döşənməsini həyata keçiriblər.
Qeyd olunan əməllərə görə, Zahid Niftəliyevə qarşı Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 341.1 ( rəisin və ya vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
Hərbi Məhkəmənin qərarı ilə Zahid Niftəliyev barəsində həbs qətimkan tədbiri seçilib.
Zahid Niftəliyev verilmiş ittihamlarla özünü təqsirli bilməyib.
Cinayət işi araşdırılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Zahid Niftəliyev Müdafiə nazirliyinin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı hesab olunur. O, "Şlyapa Zahid” kimi tanınır.
Teref.az yazır ki, saytımızda müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənliyə istinadən "Ziyəddin Əliyevin Avstriyada 3.6 milyon avroluq biznesi aşkar edildi - SƏNƏDLƏR..." başlıqlı yazı vermişdik. Xəbərin dərcindən sonra Azpromo şirkəti açıqlama yayaraq yazıda adı çəkilən Ramin Şükürovun AZPROMO-nun Avstriyadakı təmsilçisi olmadığını qeyd etmişdi.
Teref.az xəbər verir ki, jurnalist Cavanşir Həsənli Azpromo-nun açıqlamasına münasibət bildirib.
"Qubanın icra başçısı Ziyəddin Əliyevlə bağlı son yazım ilə əlaqədar AZPROMO-nun ictimaiyyətlə əlaqələr departamentindən bildiriblər ki, yazıda adı çəkilən Ramin Şükürov adlı şəxs AZPROMO-nun Avstriyadakı təmsilçisi deyil və ümumiyyətlə AZPROMO-nun xaricdə heç bir təmsilçisi yoxdur. İlyarım əvvəl AZPROMO fond statusundan agentlik statusuna keçdikdən sonra bütün təmsilçiliklər ləğv edilib. Məlumat üçün bildirim ki, Ramin Şükürovun AZPROMO-nu (fond kimi qeyd olunur) təmsil etməsi barədə məlumat onun Linkedin səhifəsində əksini tapıb. Orada qeyd olunur ki, Ramin Şükürov 2014-cü ildən Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Fondunun Avstriyadakı nümayəndəsidir".
Bura Bakının 20 Yanvar dairəsidir. Adətən axşam və səhər saatlarında dairədə nəqliyyat sıxlığı yaşanır.
Həllini tapmayan problemdən həm sürücülər, həm də sərnişinlər təngə gəldiklərini söyləyirlər.
“Xırdalandan şəhərə olan 15 dəqiqəlik yolu mən bir saata gəlirəm. Əziyyət çəkirik, çətindir. Hökumət istəsəydi bu problemi çoxdan həll edirdi.
Ona görə manatlıq taksilər də 2 manatdan işləyir. Yol açıq olsun, biz də qiyməti qaldırmayaq”,- deyə 20 Yanvar dairəsində taksi sürücüsü gileylənir.
“Saatlarla marşrut gözləyirik burda. Vaxtlı-vaxtında işə çata bilmirik. Enerjimiz tıxacda tükənir. Axşam iş bitəndə adam evi getmək istəmir. Körpü tikiləndə gözləyirdik ki, irəli düşərik, amma geri düşdük”, -avtobus gözləyən başqa bir vətəndaş isə belə deyir.
2007-ci ildən başlayaraq 20 Yanvar dairəsində nəqliyyat infrastrukturunun qurulması üçün layihələr gerçəkləşdirilib.
Məsələn, Prezident İlham Əliyevin tapşırığı ilə tikilən ilk körpünün təkcə smeta dəyəri 24,1 milyon manat olub.
Eyni zamanda Tbilisi prospektində tunel də inşa edilib, uzunluğu 332 m, hündürlüyü 5,5 metrdir. Ümumilikdə körpü və tunelin tikintisinə 31,5 milyon manat xərclənib.
Tikinti işləri yekunlaşdıqdan sonra dövlət agentlikləri körpünün uğurla sınaqdan çıxdığını yazırdı.
Ancaq 2011-ci ildə Dövlət Yol Polisinin nəqliyyatın hərəkətinin təşkili şöbəsinin rəis müavini, polkovnik-leytenant Tofiq Hacıyev “20 yanvar” körpüsünün o qədər də uğurlu olmadığını dolayısı ilə etiraf etdi. O bildirdi ki, “20 yanvar” körpüsünə əlavə olaraq yeni tunelin tikilməsi planlaşdırılır.
Nəqliyyat eksperti Elməddin Muradlı uğursuzluğun səbəbini belə izah edir:
“Çox güman ki, bu layihə hansısa kabinetdə qəbul olundu. Çıxıb araşdırma, hesabalma aparmadılar. Biz o vaxt düşündük ki, bu körpü hər şeyi həll edəcək. Amma etmədi. Bu körpünün ötürücülük gücü yoxdur. Bütün nəqliyyat vasitələri gəlib tuneldə ilişib qalır”.
Sözügedən ərazi Bakı Nəqliyyat Agentliyinin də diqqətindən kənar qalmayıb.
2017-ci ildə Agentlik 20 Yanvar dairəsi ilə bağlı uğurlu layihə həyata keçirdiyini elan edib.
Altı istiqamətdə gerçəkləşdirilən bu layihənin məqsədi bir sıra küçələri genişləndirilmək, Moskva və Tbilisi prospektində hərəkət edən nəqliyyat vasitələrini müxtəlif istiqamətlərə yönləndirmək idi.
Bir il sonra Avtomobil Yolları Dövlət Agentliyi nəqliyyat sıxlığını aradan qaldırmaq üçün növbəti layihəyə Bakı-Sumqayıt yolunun genişləndirilməsinə başladı.
Bu dəfə də Şamaxinka deyilən tuneldən başlayaraq dörd zolaqlı avtomobil yolu genişləndirilib. Sıxlığı azaltmaq üçün 130 metrlik piyada keçidi çəkilib. Bundan başqa ərazidə olan ekologiya postu sökülüb, bir az arxada yenisi tikilib.
Urbanist Elşən İsmayıl deyir ki, yolu genişləndirmək də problemi həll etmir:
“Məsələn, 20 Yanvar küçəsindən, Yasamaldan gələn nəqliyyat axını var. Nizamsız parklanma, dayanacaq problemi var. 2017-ci ildə Bakı Nəqliyyat Agentliyi layihə keçirdi, amma onun bir hissəsi icra olundu. Bəzi yerlərdə svetoforlar qoyuldu. Amma o layihə də yarımçıq qaldı”.
Urbanist söyləyir ki, parklanma və nizamsız ictimai nəqliyyat tənzimlənsə və ərazidə olan iri obyektlər sökülsə, sıxlığın azaldılması mümkündür:
“Sumqayıt qatarları qismən fəaliyyət göstərir. Amma onların sayı kifayət qədər deyil. Manatlıq taksilər isə ona görə var ki, ictimai nəqliyyat qənaətbəxş deyil. Bu səbəbdən insanların ictimai nəqliyyata üz tutması prioritet olmalıdır.
Eyni zamanda ərazidə tikilmiş bir neçə böyük ticarət mərkəzi sıxlığın artmasına şərait yaradır, insanlar bura girmək üçün parkinq edirlər. Adətən, belə böyük yol qovşaqlarında parkinq olmamalıdır, hərəkət axını daimi olmalıdır”.
Sözügedən ərazidə davamlı olaraq layihələrin icrası bir məsələni qabardır. Görəsən, bu layihələr icra edilməzdən qabaq sözügedən ərazidə hər hansı araşdırma aparılmışdımı? Buraya insan axını, nəqliyyatın hərəkəti hesaba qatılmışdımı?
Toplum TV bu sualı Bakı Şəhər İcra Hakimiyyətinə, Bakı Nəqliyyat Agentliyi (BNA), Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) və Daxili İşlər Nazirliyinin (DİN) tabeliyində olan Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə ünvanlayıb.
BNA, DİN və Bakı Şəhər İcra Hakimiyyətindən deyilib ki, bu suallar onların fəaliyyət sahəsinə aid deyil.
Bakı Nəqliyyat Agentliyi isə araşdırma ilə bağlı ünvanlanan suala cavab verməyib. Agentlikdən yalnız o bildirilib ki, günün müəyyən vaxtlarında “20 Yanvar” metro stansiyası ətrafından şəhərin müxtəlif istiqamətlərinə 27 sayda marşurut fəaliyyət göstərir. Sözügedən marşrutlarla gün ərzində təxminən 340 mindən çox sərnişin daşınır.
Cavabdan görünən odur ki, BNA sadəcə faktı konstatasiya etməklə kifayətlənib, ərazidəki nəqliyyat sıxlığını söyləməklə işini bitmiş sayıb, problemdən çıxış yolu kimi hansı işlərin görülüb-görülməməsi haqqında heç nə deməyib.
Bakı Şəhərinin Baş Planında isə 2040-cı ilə qədər “Bakı-Sumqayıt” şosesində, Xırdalan və “20 Yanvar” dairələrində yeni layihələrin icrası nəzərdə tutulub. Amma bəzi ekspertlər bunun da problemi köklü şəkildə həll edəcəyinə şübhə edirlər.
“Baş planda 20 Yanvar dairəsində söküntü və yaxud da tikinti ilə bağlı hər hansı layihə nəzərdə tutulmayıb. Sadəcə olaraq, dairənin yükünü azaltmaq üçün 20 Yanvara alternativ yollar, girişlər salınacaq. Amma bu yüngülləşdirici tədbirdir və düşünmürəm ki, planda göstərilənlər problemi həll etsin”, - urbanist Elşən İsmayıl belə deyir.
Üstəlik Bakı Şəhərinin Baş Planında 2040-cı ilə qədər yeni layihənin gerçəkləşdiriləcəyi qeyd olunur. Hazırda 2023-cü ildir.
Naxçıvan prokurorluğu, "Naxçıvan Dəmir Yolları" MMC-nin vəzifəli şəxslərinə qarşı dövlət vəsaitini mənimsəmə maddəsi ilə cinayət işi açılması ilə bağlı məlumat yayıb. Lakin, açıqlamada söhbətin konkret olaraq, hansı cinayətlərdən getdiyi ilə bağlı məlumat verilmir. TEREF.AZ yazır ki, MMC-də çalışan bir qrup əməkdaşının "Gündəlik Naxçıvan"a verdiyi məlumata görə, artıq, qurumun rəhbəri Mahir Əliyev də cinayət işinə cəlb olunub. Onun vəzifə saxtakarlığı, dövlət vəsaitini mənimsəmə və başqa saxtakarlıqlara günahlandırıldığı bildirilir. Əməkdaşlardan M. Babayev deyir ki, M. Əliyev həm də işçilərin maaşlarını mənimsəməkdə günahlandırılır: “Yoxlamalar zamanı küllü miqdarda yeyinti aşkarlanıb. Onlardan biri də maaşların mənimsənilməsidir. M. Əliyev bir neçə il əvvəl işçilərinə ixtisar olunduqlarını bildirərək, maaş kartlarını əlindən almışdı. Onları təhdid edərək, işdən çıxmaqla bağlı ərizə yazdırmışdı. İndi məlum olur ki, onlar rəsmən işdən çıxarılmayıblar. Mahir müəllim onların maaşını hər ay karata köçürərək mənimsəyib. Bu çür maaş kartlarının sayı 500-dən artıqdır" Yoxlamalar zamanı, MMC-sədrinin istifadəyə yaralı vaqonları gizlətdiyi, bir müddət sonra isə, onları satdığı ortaya çıxıb: "MMC sədri 10-larla istifadəyə yararlı vaqonları öncə oğurlayaraq gizlədib, bir müddət sonra isə, doğradaraq, satdırıb". Əvvəllər dəmir yolu idarəsində işləyən Qurbanəli Məmmədov da kart oyununun qurbanı olduğunu deyir: "2019-cu ildə onu idarəyə çağıraraq ixtisara düşdüyümü bildirirdilər və kartını əlimdən aldılar. Aidiyyəti qurumlara şikayətm etsə də nəticəsi olmadı. Əksinə, şikayət etdiyim üçün məni dəmir yol polisinə çağırdılar. Rəis qəbul edərək təhdid etdi. Dedi ki, şikayətimi davam etdirsəm həbs olunacağam. Bildirdi ki, dəmir yolu bağlı olduğu üçün ziyanla işləyir. Bu səbəbdən işçilər ixtisar olunur. Sonradan öyrəndim ki, bizi işdən çıxarsalar da maaş kartlarımız aktiv qalıb və hər ay pul köçürülüb. Şəxsən mənim kartıma hər ay 450 manat köçürülüb. Mahir müəllim bu pulları mənimsəyirmiş." İşçilər bildirir ki, MMac sədrinin yaxın günlərdə həbs olunacağı gözlənilir.
Bu dəfə Naxçıvan şəhərində fəaliyyət göstərməyə çalışan “Qızıl dağ” mətbəəsi ilə bağlı araşdırmamız var. Ona görə “fəaliyyət göstərməyə çalışan” deyə ifadə edirik ki, müstəqilliyimizin ilk illərindən fəaliyyətə başlayan və ölkəmizdə ilk özəl mətbəələrdən biri olan “Qızıl dağ” illərdir ki, bürokratik əngəllərin və məmur özbaşınalığının qurbanı olub. Bəs buna səbəb nə olub? Sahibkarın üsyan dolu müraciəti araşdırılıb.
Naxçıvan şəhərinin gözəl bir guşəsində ucalan və 700 kvadratmetrlik ərazini əhatə edən böyük bir mətbəə fəaliyyət göstərirdi. Həmin bina el arasında “mətbəənin binası” kimi tanınır. Çünki bu binada vaxtilə Naxçıvanda müasir mətbəənin qurulmasında əhəmiyyətli xidmətləri olan Hüseyn Orucəliyev müstəqilliyin ilk illərində Naxçıvanın ilk özəl mətbəəsini qurub. Vurğulayaq ki, görkəmli ziyalı, Əməkdar müəllim və pedaqoq Nəriman Orucəliyevin ailəsində doğulub-böyüyən Hüseyn müəllim Naxçıvanda həm də xeyirxah insan kimi tanınıb.
Onun təşəbbüsü ilə 1991-ci ildə “Qızıldağ” MMC fəaliyyətə başlayır. İllər ərzində fəaliyyətini genişləndirən mətbəədə 100-ə yaxın əməkdaş çalışsa da, indi burada demək olar ki, mətbəənin sadəcə adı qalıb. İndi yalnız bir otaqdan ibarət olan müəssisənin bir əməkdaşı var. Hüseyn Orucəliyev deyir ki, indi özü müəssisənin həm rəhbəri, həm də işçisidir. O, aldığı tək-tük sifarişi özü yerinə yetirir ki, heç olmasa, illərdir üzərində böyük əməklər sərf etdiyi mətbəənin adı tarixin arxivinə yazılmasın.
Ovaxtkı iqtisadiyyat naziri, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin rəhbəri, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisində çalışan digər şəxslərin əli ilə böyük sıxıntılara sövq edilən mətbəənin işi zəifləməyə başlayır. Məqsəd isə “Qızıldağ”ın inkişafını ləngitməklə onun bütün sifarişlərini əllərində olan dövlət mətbəəsinə yönəltmək və qazanc əldə etmək olub.
Nəticədə kifayət qədər borclanan sahibkar müəssisəyə məxsus otaqları dəyər-dəyməzinə satır, işçilərin də böyük əksəriyyətini azad etməyə məcbur olur. O qeyd edir ki, həmin illərdə Naxçıvan Bələdiyyəsinin sədri işləməsi mətbəənin fəaliyyətinə süni maneə törədənləri daha da qıcıqlandırır və ona qarşı sıxışdırmalar daha da artır.
Hüseyn Orucəliyev bundan sonra başını götürüb Bakı şəhərinə qaçmaq qərarına gəlir ki, işlərini orada davam etdirsin. Lakin Naxçıvan rəhbərliyi tərəfindən daha böyük binada fəaliyyətini davam etdirməsi təklifi sahibkarı işlərinə qaldığı yerdən davam etməyə ümidləndirir. Elə bu məqsədlə də bir neçə əmlakını və avtomobillərini də sataraq yeni binanın tikintisinə yönəldir.
Hüseyn müəllim əslində hərdən bu ərazidən keçərkən həmin yarımtikili binanı yox, vaxtilə böyük ümidlərlə qurduğu xəyalları həsəd və həsrətlə seyr edir.
Az bir zaman keçmir ki, ona qarşı təzyiqlər daha geniş xarakter almağa başlayır. Ondan müxtəlif adlar və süni yaradılan bəhanələr fonunda yüz minlərlə vəsait tələb olunur. Nəticədə vəsaitinin çatmadığını görən sahibkar 6 milyon manat kredit götürərək işini davam etdirməyə can atır. Almaniyadan binada qurulacaq avadanlıqların bir qismini alsa da, ona kreditlə də bu işi başa çatdırmağa imkan verilmir.
Hətta 6 ay müddətində qanun-qaydasız, məhkəmə hökmü belə olmadan Böyükdüz təcridxanasına salınaraq fiziki və mənəvi işgəncələrə məruz qalan, Hüseyn Orucəliyevin ümidləri həmin bina kimi yarımçıq qalsa da, indi o ümidlər yenidən canlanıb. Ölkə başçısının Naxçıvanda apardığı köklü islahatlar, Prezident yanında səlahiyyətli nümayəndəlik institutunun yaradılması, təhlükəsizlik və digər hüquq-mühafizə orqanlarındakı yenilənmələr, şəffaflıq mühitinin yaradılmasına doğru ciddi addımlar indi Naxçıvanda maddi və mənəvi terrora məruz qalan yüzlərlə digər iş adamları kimi onda da böyük ümidlər yaradır. Öz qanuni haqları uğrunda hüquqi prosedurlara da başlayan Hüseyn Orucəliyevin tələbi isə odur ki, ötən illər ərzində ona vurulan milyonlarla manat zərər qarşılansın, “şabka” adı ilə ondan alınan pullar geri ödənilsin. Hazırda bu iş üzrə Naxçıvan MR Prokurorluğunda istintaq başlayıb və proses davam etdirilir.
Prezidentin şəhid və qazi ailələrinə verdiyi evləri kimlər onların əlindən almaq istəyir? Naxçıvan şəhəri, Heydərabad qəsəbə sakinləri tərəfindən Hurriyyet.az saytının redaskiyasına şikayət məktubu daxil olub. Şikayətçilər iddia edirlər ki, Heydər Əliyevin şəhid və qazi ailələrinə verdiyi evləri onlardan geri almaq istəyirlər:
“1988-ci ildə, müharibədən qabaq Sədərəkdə - Ermənistanla sərhəddə təxminən 40 yaşayış evindən ibarət balaca qəsəbə salınıb. Həmin evlər aşağı qiymətə yeni sakinlərə satılıb. Müharibə başlıyan kimi, həmin sakinlər qorxaraq evlərini tərk ediblər. Belə ki, 33 ailə Naxçıvanı tərk edərək, Bakıya gəliblər.
Müharibə bitdikdən xeyli sonra həmin şəxslər və ailələri dövlət tərəfindən geri çağrılıb. Amma onlar getməyiblər. Sədərək rayonunda məhkəmə prosesləri yekunlaşdıqdan sonra bu evlər dövlətin hesabına daxil edilib. Köhnə sakinlərin evlər üçün ödədikləri məbləğlər də onlara geri qaytarılıb və sənədlər ləğv edilib.
Həmin ərazidə yerləşən evlər Heydər Əliyevin dövründə şəhid, qazı, əlil ailələrinə verilib. Xeyli zaman keçməsinə baxmayaraq, köhnə sakinlər yeni sakinləri narahat etməyə başlayıblar. Belə ki, müharibə vaxtı evlərini tərk etmələrindən, evlərinin əvəzinə aldıqları pullardan utanmayaraq, yenidən o evlərə sahib çıxmaq üçün Naxçıvanda, Bakıda müxətlif qurumlara şikayətlər edirlər. Bu işi dövlətin özü edib, bizlər, yəni yeni sakinlər heç kəsin evinə girməmişik. Dövlət bizi evlə təmin edib. İndi bu şikayətlər biz şəhid, qazi, əlil ailələrini qorxudur. Köhnə sakinlərin başlarında duran şəxsin özü də o vaxt müharibədən qaçanlardan olub. Həmin Qədimov Kəmaləddin deyilən şəxs və 33 nəfər gəlib rayonda aksiya keçirir, ev sahiblərini narahat edir. Müharibə vaxtı evini, torpağını satıb qaçanlar indi ev istəyirlər.
Qəsəbə mərhum Prezidentimiz Heydər Əliyevin adı ilə bağlı olduğundan, 2010-cu ildə yeni salınmış binalarla birlikdə bu evləri də təhvil verən zaman Prezident İlham Əliyevin özü də bu mərasimdə şəxsən iştirak etmişdir.
Həmin köhnə sakinlər illərdir qaçqın kimi Bakıda yaşayıb, qaz, işıq pulundan azad olublar. İllərdir dövlətin hesabına yaşayıblar, indi də şəhid və qazi ailələrinə verilən evləri istəyirlər. Bu ərazi dağa və posta yaxın olduğu üçün, müharibə vaxtı evlərini qoyub qaçmışdılar.
Sizin redaksiya heyətindən xahiş edirik ki, bu məsələni işıqlandırın. Heydər Əliyevin imzaladığı sənədlər necə ləğv oluna bilər?! İİllərdir burada yaşayan ailələr niyə evsiz qalmalıdır?!”
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin də mövqeyini dərc etməyə hazırıq. //Hurriyyet.az//