Bakıda yaşayış ola-ola bina sökülür. Xezerxeber.az-ın məlumatına görə, 40-a yaxın ailə təhlükə ilə üz-üzədir.
Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi, 4 ünvanında yerləşən binada yaşayan sakinlər iddia edirlər ki, fevral ayından özünü şirkətin əməkdaşları kimi təqdim edən şəxslər binanı sökməyə başlayıblar.
Sakinlər iddia edir ki, binanın bir hissəsi söküldüyündən, qaz və suyun verilişində də problemlər yaranıb. Şirkət binadakı 170 mənzilin böyük bir hissəsinin sahibinə kompensasiya ödəyərək razılığa gəlib.
Amma 40-a yaxın ailə onların şərtləri ilə razılaşmadığından evlərini tərk etmirlər.
Ərazidə söküntü işləri aparan şirkət bildirdilər ki, sökülən binada 122 mənzil sahibi ilə razılaşılıb, müqavilə əsasında bəzilərinə kompensasiya ödənib, bəzilərinin isə kirayə haqqı verilməklə tikiləcək binadan mənzil verilməsi ilə razılığa gəlinib. Şirkətin rəsmi nümayəndəsi əlavə etdi ki, narazı olaraq evlərini tərk etməyən sakinlər bazar qiymətinə uyğun ödəniş tələb etmirlər.
“Onlar hər kvadratmetr sahəyə görə, bizdən 6 min manat tələb edirlər” - deyə şirkət qeyd edib.
Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, sözügedən şitrkət həmin ünvanda bina tikintisi üçün müraciət etsə də, bəzi dövlət qurumlarının rəyi olmadığı üçün tikinti aparmaq üçün onlara müsbət rəy verilməyib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası barəsində yol hərəkəti qaydaları əleyhinə olan (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) inzibati xəta protokolu tərtib olunub.
Valyuta.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər 150 manat məbləğində, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir.
İşə Nərimanov Rayon Məhkəməsində baxılacaq.
Qeyd edək ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevdir. Rektor 2021-ci ildə KİV-də dövlət nömrə nişanı 10 CN 394 olan, 440 min manata (259 min dollar) son model “Range Rover” markalı avtomobil alması ilə gündəmə gəlmişdi. Ehtimal edilir ki, rektorun avtomobilini idarə edən sürücü barədə polisə məlumat verilmədiyi üçün İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə protokol tərtib edilib.
Dövlət Gömrük Komitəsinin sabiq rəhbəri, qalmaqallı fəaliiyətinə rəğmən əl qolunu sallayaraq gedən Səfər Mehdiyevin "qurduğu sistem” hələ sağdır...
Nədir bu sistem? Necə işləyirdi və indi necə fəaliyyətdədir?
Bəs, qurumun yeni rəhbəri Şahin Bağırov bu sistemi dağıda bilmir? Bir başa sonuncu suala cavab verək - Xeyr...
Beləliklə, Gömrükdə baş verən “köhnə qaydalar” indi yenilərin təkrarına çevilib... Nə baş verir?
İlk öncə ondan başlayaq ki, Dövlət Gömrük Komitəsinin sabiq şefi Səfər Mehdiyevin zamanında Gömrük rəsmiləşdirilməsinin bir başqa qaydaları var idi. Pulunu verib, rahatlıqla işini görə bilərdin. Hesab kitab itmişdir, qayda-qanun hamsı pula söykənirdi. Bəyənnamə, rüsum, vergi hamsı öz qaydalarına uyğun həyata keçirilirdi.
Bütün bunlarla yanaşı Gömrükdə “qanunsuz şirkətlər” deyilən bir termin də var idi. Gömrük generalları, nazirlər, icra başçıları, deputatlar yaxın adamlarının adına şirkətlər yaradır və öz bizneslərini bu şirkətlərin üstündən idarə edir, vergidən yayınırdılar.
Belə şirkətlərə “adnarazıvı şirkətlər” də deyirdilər. Anbarı yox, vergi və DSMF ödəmələri yox, işçisi yox. Bir dəfə adına mal vurulur, yükə baxış keçirilmir, bahalı və ya ucuz olduğu nəzərə alınmır, pulu alınıb buraxılır. Bu zaman dövlət büdcəsinə 5 manat, Gömrükdəki məmurun cibinə 1 milyon, adına şirkət açılan şəxsə isə 300-500 manat pul çatırdı. Ən böyük qazanc isə şirkətin əsl sahibinə – məmura çatırdı. Beləcə hamı qazanırdı, dövlət itirirdi.
Biz sözlə, qazanan Gömrük məmuru ilə şirkətin əsl sahibi, yəni hansısa məmur olurdu.
Məhz bu əməllərin aradan qalrıdılması, nəzarətdən çıxmış vəziyyəti düzəltmək, Gömrük rusumlarının doğru-düzgün toplanmasına nail olmaq və gəlirlərin məmurların cibinə deyil büdcəyə yönəlməsini təmin etmək, ən əsası bu biabırçılıqdan qurtulmaq məqsədilə Səfər Mehdiyev gec də olsa görəvdən uzaqlaşdırıldı. Bir neçə general həbs edildi.
Bu arada gömrüyə nəzarət mexanizmlərinin həyata keçirilməli olan Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinin rəhbəri Azər Məmmədovu da xatırlamaq lazımdır. Çünki, qanunsuz şirkətlərin fəaliyyətinə göz yuman elə Azər Məmmədovun rəhbəri olduğu qurum idi. Adından da göründüyü kimi, Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamenti bu şirkətlərin fəaliyyətini dərindən yoxlaya, aidiyyatı qurumlar qarşısında məsələ qaldıra, fəaliyyətinə qadağa qoya bilmə səlahiyyətlərindədir. Amma Azər Məmmədov bunu etmirdi. Səbəbləri də aydındır...
Nəhayət, Dövlət Gömrük Komitəsinə bu sistemi bilən, əvvəllər də bu sahədə çalışan Şahin Bağırov gətirildi... Bir müddət sədr əvəzi kimi işləyən Bağırov Gömrük sistemində kadr islahatları həyata keçirməyə başladı. Mehdiyevin təyin etdiyi idarə rəisləri işdən uzaqlaşdırıldı. Hətta yayılan məlumatlara görə, Komitənin bütün işçilərini sərəncama göndərdi və yenidən formalaşdırdı. Bu o demək idi ki, Dövlət Gömrük Komitəsi yenidən quruldu. Nəhayət onu Dövlət Gömrük Komitəsinə sədr təyin etdilər... Bu zamana kimi, onun kadr islahatları bitdi, özünün idarəetmə sistemini qurdu və sairə...
Yəni, Gömrük yeni sistemdə, yeni kadrlarla, yenidən fəaliyyətə başladı Quruldumu? İndiki Şahin Bağırov sistem işləkdirmi?
Bizimxeber.az-a daxil olan məlumata görə, Mehdiyevin zamanında olan problemlər qismən aradan qaldırılsa da bunlar texniki xarakterlidir. Yəni, yüklərin terminallara sistemli qəbulu, sənədləşmə işində tezləşdirmələr, “ciddi yoxlamalar” və sairə... Bir növ ayda ildə bir dəfə Gömrüyə işi düşən vətəndaşların məmnuniyyəti üçündür. Böyük sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərlə bağlı bir başqa sistem var ki, onu sadə vətəndaş görə bilməz... Böyük sahibkarlar üçün böyük qaydalar var...
Məlumata görə, indi Mehdiyevin zamanındakı “qanunsuz şirkətlər sistemi” dövriyyəyə qayıdır. Hətta atrıq qayıdıb.
Məlumata görə, bu kimi şirkətlərin fəaliyyətinə yenə “yaşıl işıq” yandırılıb.
Bildirilir ki, yenə qanuni fəaliyyət göstərən, anbarı, işçisi olan, vergilərini vaxtında ödəyən, düzgün bəyannamə ilə ölkəyə yük gətirən, ödəmələrini edərək büdcəni dolduran əsl şirkətlər, məmurların kimlərinsə adına açdığı “şirkətlərin” əsirinə çevirilir. Üstəlik bu qanunsuz fəaliyyət sürətlə piyasaya qayıdır.
Belə şirkətlərin yükləri yenə yoxlanmır, sayılmır, bəyannaməsi düzgün yazılmır. Nəticədə yenə kimlərsə qazanır və büdcəyə ziyan vurulur. Bu zaman yada yenə Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinin rəhbəri Azər Məmmədovun fəaliyyətsizliyi düşür. Əslində Gömrükdə həbslərin bir ucu Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinə yönəlməli idi. Amma olmadı və bəlkə də yenidən şans verildi...
Yenəmi, Azər Məmmədov? Bu qədər həbslər qorxutmadımı? Bu yekəlikdə etimad azlıqmı edir? Dövlət Gömrük Komitəsinin rəhbəri Şahin Bağırov da belə məmurların oyununa düşəcək, yaxud düşüb?
Axı, cənab Prezidentin ona görsətdiyi etimad Gömrük sisteminin tam şəffavlıqla işləməsi və gəlirlərin yalnız büdcəyə yönəlməsinə nail olmaq üçün edilib. Axı, Şahin Bağırovun öz kadrlarını yüksək postlara yerləşdirib və deyilənə görə, onlar peşəkardılar. Qanunsuz fəaliyyət göstərən şirkətlərlə mübarizə aparmaq, bu məsələni birdəfəlik, kökündən həll etmək çətindirmi? Görünür çətindir, yaxud əvvəlkilər kimi hamı qazanmaq, öz şəxsi büdcəsini artırmaq istəyir. Ya da Gömrük hələ də kimlərinsə yaxşı qazanc yeri olmaqda davam edir.
Qanunsuz fəaliyyət göstərən şirkətlərin yaratdığı başqa bir problem də var. Ölümə aparan yol... Belə ki, məmurların kasıb insanları aldadaraq adlarına açdıqları bu şirkətlərin milyon manatlarla vergi borcu yaranır. Bu məmurlar pul qazanır və vergi ödəmir. Külli miqdarda borc kasıb adamın adına açılmış şirkətə yazılır. Nəticədə borcunu verə bilməyən insanlar intihar belə edirlər. Belə hallara dəfələrlə rast gəlinib.
Həmçinin, belə qanunsuz şirkətlərin “Yaşıl Dəhliz” sisteminə ayaq açdığı ilə bağlı məlumatlar da var. Bu barədə daha ətraflı növbəti yazılarımızda məlumat verəcəyik...
Qanunsuz fəaliyyət göstərən şirkətlərin “Yaşıl Dəhliz”ə buraxılması əsl cinayətdir...
Yaşıl Dəhliz” nədir?
"Yaşıl Dəhliz" buraxılış sisteminin əslində məqsədi qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyini artırmaq, könüllü riayət mədəniyyətini formalaşdırmaq, risk qiymətləndirilməsi və gömrük auditi əsasında gömrük nəzarətini və rəsmiləşdirilməsini daha çevik və şəffaf həyata keçirməklə fiziki gömrük yoxlamalarını minimuma endirmək, ölkənin ixrac potensialını gücləndirmək, məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsiplərinə uyğun olaraq inkişaf etdirmək və mövcud resurslardan daha optimal istifadəni təmin etməkdir.
Beləliklə, bir daha xatırladaq ki, Gömrükdə yenə qanunsuz fəaliyyət göstərən şirkətlərin sayı artmaqdadır. Üstəlik bu şirkətlərin fəaliyyəti dövlət büdcəsinə böyük ziyan vurur, Belə şirkətlərin vergi borclarını, vurduqları ziyanı hesablamaq, geri almaq və diğər fəaliyyətləri həyata keçirmək mümkünsüzdür. Bu şirkətlərin auditini aparmaq belə müşküldür. Çünki gətirdikləri yüklərin miqdarı bəyannamədə az göstərilir, dərhal da buraxılır və satıça yönəlir. Bundan sonra bu şirkətlərin fəaliyyətini araşdırmaq, vurduqları ziyanı müəyyənləşdirmək mümkünsüz olur.
Sayları artdıqca, dövlətə xeyir vermək istəyən, qanuni fəaliyyət göstərən şirkətlərin fəaliyyətinə əngəllər yaranır. Gömrükdə monopoliya sistemi geri qayıdır və bunu kimsə görmək istəmir, hətta Şahin Bağırov da...
Daşkəsənin icra başçısı Əhəd Abıyevin işdən çıxarılması hakimiyyət komandasında dəyişikliklərin davam edəcəyilə bağlı ehtimalları daha da qüvvətləndirdi. Kadr islahatlarının icra strukturlarından da yan keçməyəcəyi, "kiçik padşah"ların bir çoxunun vəzifəsi ilə vidalaşacağı bildirilir.
DİA.AZ bildirir ki, yenisabah.az-ın əldə etdiyi məlumata görə, Əhəd Abıyevdən sonra yola salınacaq növbəti icra başçısı Eyvaz Hüseynovdur.
Qeyd edək ki, Eyvaz Hüseynov Xocavənd rayon icra hakimiyyətinin başçısıdır. O, bu vəzifəyə 2 iyul 1992-ci ildə mərhum eks-prezident Əbülfəz Elçibəyin sərəncamı ilə təyin olunub. Hüseynov Azərbaycanda 31 ildən çox eyni vəzifədə çalışmağı bacaran yeganə yüksək rütbəli məmurdur.
Eyvaz Hüseynovun işdən çıxarılması dəyişikliklər prosesinin tərkib hissəsi kimi qiymətləndirilir. Əslində, onun fəaliyyətilə bağlı hər hansı ciddi narazılıq yoxdur. Eyvaz Hüseynov adı rüşvət və korrupsiyada hallanmayan azsaylı icra başçılarındandır. Həmişə qalmaqallardan uzaq olub, ailəsini və yaxın ətrafını insanları qıcıqlandıracaq hərəkətlərdən kənar saxlayıb. Üstəlik, hələ pensiya yaşına çatmayıb. Onun 65 yaşı gələn ilin fevralında tamam olacaq.
Məlumatlı şəxsin saytımıza bildirdiyinə görə, bütün müsbət cəhətlərinə baxmayaraq, ölkənin ən stajlı icra başçısının yola salınmasına qərar verilib. Hakimiyyətin bir məmurun uzun illər eyni vəzifəni tutmasıyla bağlı mənfi tendensiyanı aradan qaldırmaqda israrlı olduğu bildirilir.
Buna baxmayaraq, Eyvaz Hüseynovun xidmətlərindən tamamilə imtina olunmayacaq. Onun Xocavənd rayon Ağsaqqallar Şurasının sədri kimi xocavəndlilərin doğma yurda dönüş prosesinə rəhbərlik etməsi nəzərdə tutulub.
Qeyd edək ki, Eyvaz Hüseynov Birinci Qarabağ Müharibəsi veteranı, qardaşı İbad Hüseynov isə Azərbaycanın Milli Qəhrəmanıdır.
Bakının Binəqədi və Yasamal rayonlarında küçə ticarəti problemi bitmək bilmir. Qaynarinfo-nun araşdırmasına görə, Binəqədi rayonunda Azadlıq prospekti metrosunun ətrafında bütün küçə və səkilər bazara çevrilib. Bu da insanların ciddi narazılığına səbəb olur. Belə ki, ticarətçilər səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirir, küçələrdə antisanitariya yaradaraq pərakəndə ticarətlə məşğul olurlar. Binəqədi rayon İcra Hakimiyyətinin bir addımlığında yerləşən sözügedən ərazi nədənsə icra başçısı Elxan Allahverdiyevin gözündən yayınır. Eyni anda bu məsələyə cavabdehlik daşıyan Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədov da bu məsələyə görməzdən gəlir. Onu da deyək ki, bir neçə gün əvvəl Yasamal Rayon İcra hakimiyyətinin başçısı Elşad Həsənovun tapşırığı ilə rayonda yerləşən metro əraziləri və digər küçə və səkilərdə qanunsuz küçə ticarətinə qarşı mübarizə çərçivəsində müvafiq qurumlarla birgə profilaktik tədbirlər həyata keçirilməsi ilə bağlı açıqlama yayılmışdı. Bildirildiki, həmin şəxslərlə izahedici söhbətlər apararaq yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmağın mümkünlüyü diqqətə çatdırıb. Bu kimi reydlər Yasamal rayonunda mütəmadi olaraq keçiriləcək.
Azərbaycanda “Azərlotoreya” adlandırılan fırıldaq sürətlə yayılır. Bu bəla xalqımızı talamaqla məşğul olan dağıdıcı məmurlara havayı qazanc verir. “Poz, qazan” adlı fırıldaq ölkəni tam işğal etməkdədir.
Hər kəs bilir ki, ölkədə xeyli vaxtdır ki, mərhum Ümummilli Lider H. Əliyev zamanında qumar oyunları qadağan edilib. Buna baxmayaraq, “Poz qazan” qumarını qızışdıranlar heç bu qadağaya belə əhəmiyyət vermirlər. Ölkədə qumar kütləvi xarakter almaqdadır. Respublikanın paytaxt və bölgələrini cənginə alan bu lotereya oyunu qısa zamanda əhalini qumarbaza, ölkəni qumarxanaya çevirib.
Çünki “Azərlotereya” ASC birmənalı şəkildə insanları məhvə sürükləyən, onları maddi nemətlər istehsalından ayırıb, zəngin həyatdan məhrum edən mərc oyunlarına vərdiş təşviq edir.
“Azərlotereya” ASC aşkar formada və sadə yollarla insanları fırıldaq oyunlara cəlb edir; küçələrdə, məhəllələrdə, metro çıxışlarında, bazarlarda, dayanacaqlarda, az qala hər tində bucaqda, o cümlədən rayonlarda “Poz, qazan” oyunlarını genişləndirir. İnsanlar da küçələrdə bu mərci gördükcə şirniklənir, həvəslənir, nəticədə hər gün uduzurlar.
Lakin “Poz, qazan” və “Misli” ölkənin bütün küçələrini zəbt edib və ölkədə açıq qumarxanaya çevrilib. Avtobus dayanacaqlarında, lotoreya satış nöqtələrində hər gün, xüsusilə kasıb təbəqənin “Qızıl 2”, “Şans ulduzu” və “Brilliant” adlı lotereyaları böyük həvəslə almasının şahidi oluruq. Belə lotereyaların satılması sosial problemlərin artdığı və işsizliyin ölkədə hökm sürdüyü dövrə təsadüf etdiyi üçün daha çox insanı cəlb edir.
Deputatlardan biri açıq deyir ki, Azərbaycanda bu cür oyunlara yer verilməsi, insanların zəhmətsiz gəlir əldə etməyə alışdırılılması və milli psixologiyada dərin çatlar yaradan qumar oyunları dərhal küçələrdən yığışdırılmalıdır: “İnsanlar bu kimi oyunlar nəticəsində var-yoxdan çıxaraq evini, maşınını, həyatını qurban verir və hətta öz ailə üzvünü belə gözə almayaraq qumarda uduzurlar, faciələr baş verir”.
Diqqət yetirəndə, görürük ki, “Azerlotereya” rəsmi səhifəsində udulan böyük məbləğlər barədə məlumatlar versə də, qalib olan şəxslərin adlarını açıqlamır. Qurumun belə qaranlıqdan xəbər verən hərəkətləri isə əksər insanlarda ciddi şübhələr yaradır.
Azərbaycanda kazino və qumar çoxdan qadağan olunub. Qumarın ölkədə təşkili ciddi məsuliyyət yaradır. Lakin “Azərlotereya” ASC Bakı küçələrini qumarxanaya çevirib. Şəhərdə total şəkildə “Poz qazan” qumarı gedir.
Paytaxtın hansı nöqtəsinə getsən, qumarla qarşılaşırsan. Küçə ticarətinin, səyyar satışın qadağan edildiyi ölkədə “Azərlotereya” rahatlıqla qumar nöqtələrini qurub. Beləcə, “Azərlotereya” kasıb əhalini qumarla soyub talamaq və evini yıxır.
Bəziləri deyilə bilər ki, “Misli” leqal lotereyadır, dövlət icazə verib, heç kəs də oynamağa məcbur edilmir. Lakin bir məsələ unudulur ki, ASC şəhərin bir çox ünvanlarında bu biznesi təşkil etməklə insanları oynamağa təşviq edir, şirnikləndirir. Halbuki küçədə meyvə-tərəvəz satmağa icazə verilmir, amma “Poz qazan” qumarı oynamaq olar?!
Buna baxmayaraq, küçələrdə qumar şiddətlə gedir, əksəriyyət də bu tələyə düşür, hər gün milyonlar dövr edir və qazanan məhz “Poz qazan” təşkil edənlər olur. Ağıllı adamlar bir şey çox düşündürür, görəsən, küçələrdə kasıb təbəqəni qumara cəlb etmək kimlərə lazımdır?! Ölkədə hərə bir lotereya düzəldir, “Poz Qazan”, “Misli.az” yalandanlar deyirlər ki, adını çəkmədiyi qonşusu 20 min udub, xalasıoğlu 40 min udub və sairə.
Lotereya oyunları güclü inkişaf etmiş, əhalisi varlı və zəngin yaşayan Amerikadan tumuş Avropa ölkələrinə qədər dünyanın hər yerində oynanır. Amma əhalisinin 80 faizi kasıb həddə yaşayan Azərbaycanda qumar oyunları təşkil etmək xalqı məhv etməyə xidmət edir. Lotoreya oyunlarının prinsipinə görə, qazancın 70-80% uduşa vurulur, yığılan pulun vergisi verilir, 20 faiz qazanc qazanır. “Azərloteriya” ASC isə qazancın 10 faizini uduşa buraxırlar, qalanını isə özü mənimsəyir. “Azərlotoreya”nın “Poz Qazan” lotoreyalarında kuponların arxasında rəqəmlər var, onlar bir-birindən fəqlənir, nəticə öncədən məlumdur.
İqtisadçı Nazim Bəydəmirli qeyd edib ki, “Azərlotereya” ASC keçən ildən Türkiyə şirkətinə idarəetməyə verilib, nəticə göz qabağındadır – küçələr, prospektlər mərc oyunlarının, mobil qumarxanaların əsarətindədir: “Kasıb təbəqə, dövlətin himayəsində olan qumarxana ilə oyuna girir və hesab edir ki, nə vaxtsa “cek-pot” udub həyatını dəyişdirəcək, yazıq kasıb, bir də cahillikdən əziyyət çəkir!”
Qeyd edək ki, Azərbaycanda rəsmən lotereya oyunlarını keçirən yalnız bir qurum var. Bu, “Azərlotereya” ASC adlanır və Prezident İlham Əliyevin fərmanı ilə 2001-ci ildə yaradılıb, dövlətə məxsusdur. Fərmana əsasən, “Azərlotereya” ASC-nin təsisçisi İqtisadi İnkişaf Nazirliyidir.
2021-ci ilin fevralında isə bu qurumun Türkiyənin “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə müəssisəsi olan “YMT Şans B.V.” şirkətinə 10+5 illik idarəetməyə verilməsi ilə bağlı müqavilə imzalanıb. Sitat TV
DİA.AZ: - "Deməli, bu Astara yolunda "Yolüstü" restoranında dedik bir tikə yemək yeyək. Yeməkləri soruşduq (iş yerlərində olduğu kimi) qiymətləri normal dedilər..." DİA.AZ bildirir ki, bu barədə" Müştərinin Səsi" sosial qrupundakı paylaşımında İsa Nəcəfov adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra yazır: "5 ədəd spagetti götürdük (2 manat idi) dedik üstünə 1qaşıq ət qulyaj qoysunlar və birinində üstünə qaymaqlı toyuq əlavə etdirdik (bircə qaşıq sadəcə) və beləliklə adamlar bircə qaşıq qaymaqlı toyuğa 6 manat hesab yazıblar.
Deməli, 1 qab spagetti 2 manat 1 qaşıq toyuq 6 manat.... Yəni o yolu gedəndə həmişə "Hacıoğlu"da yemişdik... Amma bu dəfə fərqlilik edək dedik və həqiqətən də fərqlilik oldu..."
DİA.AZ bildirir ki, yerli KİV-də sözügedən restoranın bu günlərdə vəzifəsindən alınmış Ədliyyə Nazirinin keçmiş müavini, eyni zamanda Penitensiar Xidmətin keçmiş rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənovun oğluna məxsus olduğu iddia olunub. Və həmin restoran düz bir il əvvəl istifadəyə verilib.
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
2022-ci ildə Azərbaycandan Almaniyaya 1400 həkim gedib. Başqa sözlə, ölkədən həkimlərin beyin axını güclənib.
Məsələni tanınmış kardioloq, tibb üzrə fəlsəfə doktoru Üzeyir Rəhimov gündəmə gətirib. Bu statistik göstərici Almaniyada həkimlər üçün aparıcı iş birjası sayılan "aerztestellen.de” saytından əldə olunub.
Kardioloq bu sayın zamanla artacağına əmindir.
TEREF.AZ yazır ki, Üzeyir Rəhimov həkimlərin beyin axınının səbəblərini Teleqraf.com-a şərh edib.
Professor deyir ki, azərbaycanlı həkimlərin ölkəni tərk etməsinin bir neçə səbəbi var: "Burada həkimin maddi durumunu ilk sıraya qoymaq olar. Onların aldıqları əməkhaqqı çox gülünc görünür. Məsələn, 18 manatlıq tibbi sığorta ilə keçirilən müayinədən həkimə 1 manat 10 qəpik pul ayrılır. Demək olar ki, bütün belə müayinələrdən həkimlərə xırda qəpik-quruş verirlər.
Bütün cərrahi əməliyyatlarda xəstənin ağırlaşması və uzunmüddətli reanimasiyada qalması kimi ehtimallar var. İnfarkt keçirən 100 xəstədən 10-u öləcək. Bu rəqəmi dəyişdirə bilməzsən və sayı özümüzdən uydurmuruq. Bunlar Qərb ölkələrində aparılan araşdırmalar nəticəsində ortaya çıxan faktlardır. On nəfərin başına bu hadisə gələndə və yaxud da onların bir hissəsi xəstəxanada artıq yatanda sığorta bunu qarşılamır. Həkim də xəstəni yarımçıq evə çıxara bilmir. Evə çıxaranda da bütün media qurumlarından tutmuş, xəstə yaxınları və sosial şəbəkə istifadəçilərinə qədər hər kəs həkimin üzərinə tökülüb onu linç edir.
Birincisi, heç bir həkim bu şərtlər altında çalışmaq istəməz. İkincisi, xəstənin xəstəxanaya olan borcu həkimdən çıxdığı üçün onlar maddi olaraq da itirirlər. Həkim niyə bu stress altında yaşasın? Ona görə də həkimlərimiz Azərbaycandan qaçıb getmək istəyirlər. Bəlli bir müddətdən sonra həkimlər riskli xəstələri qəbul etməməyə başlayırlar. Məsələn, ölüm, ağırlaşma ehtimalı olan xəstələri əməliyyata götürmürlər. Halbuki tibbi olaraq fayda görən xəstələr elə bu xəstələrdir. Yəni standart apendisit xəstəsi istənilən halda yaşayacaq. Onu ən təcrübəsiz cərrah belə əməliyyat etsə, yaşayacaq. Amma ən ağır xəstənin həyatını qurtarmaq lazımdır. İşlər belə olduğu üçün həkimlər ağır xəstələri almırlar. Buna görə də əksər halda ağır xəstələr itirilir”.
Üzeyir Rəhimovun qənaətincə, həkimlər maddi və mənəvi olaraq rahat deyillər, stress altındadırlar: "O qədər böyük yük altında çalışırlar ki, oxuyub özlərini yetişdirməyə əlavə vaxtları qalmır.
Bundan əlavə, universitetdə təhsil alan zaman gənclərimiz mənəvi olaraq alçaldılır. Psixoloji travmalarla tibb fakültəsini bitirən azərbaycanlı tələbə ölkənin səhiyyə sisteminə nifrət edir. Bu hisslə də bir an öncə ölkədən qaçıb getmək istəyirlər. Sistem olmadığı üçün onların bəlli bir yerə gəlməsi çox uzun zaman tələb edir. Əksər hallarda da onların oxuduqları və gözləntiləri həyatda gördükləri ilə eyni olmur. Qəbul etmək lazımdır ki, bugünkü gənclərimiz geniş dünyagörüşlü və çox istedadlıdırlar. Belə olan halda təbii ki, onlar Azərbaycan şərtləri ilə razılaşmır. Nəticədə xaricə gedən həmin gənclər sonradan ölkəmizə qayıtmaqda maraqlı olmurlar”.
Mütəxəssis deyir ki, xaricə getmək çox da narahatlıq yaratmamalıdır: "Ancaq ölkə üçün əhəmiyyətli sayılan sahədə təmsil olunan şəxslərinin kütləvi xaricə getməsi təhlükəlidir. Təbii ki, həkimlərin beyin axını işin pis tərəfidir, eyni zamanda bu, o qədər də problem deyil. Çünki xarici ölkələrdə çalışan azərbaycanlı həkimlər də olmalıdır və onlar getdikləri ölkələrdə güclənməlidirlər. Məsələn, xaricdə çalışan azərbaycanlı həkimlər var ki, buradakı gənc məsləkdaşlarımızı onların yanına kursa göndəririk. Biz bu addımı xaricdə tibbi praktika keçmiş gənclərin qayıdıb ölkəyə öz töhfələrini verə bilmələri üçün atırıq”.
Professor bütün sahələrdə bənzər problemin olduğuna diqqət çəkib: "Tibb sözünü çıxarıb yerinə istənilən sahəni qoysaq, hamısında eyni problem yaşanır. Vəziyyətdən çıxış yolu üçün Amerikanı yenidən kəşf etməyə gərək yoxdur. 1991-2003-cü illərdə Türkiyədə təhsil almışam. İndi ölkəmizdə baş verən hadisələrin əksəriyyəti həmin dövrdə Türkiyədə də yaşanırdı. Bu mərhələləri keçmiş və inkişaf etmiş ölkələrin praktikasını Azərbaycanda tətbiq etmək olar. Bu, problemə çox bəsit yanaşmadır. Dünyanın bütün ölkələri bu yolu keçib. Həmin ölkələrin səhiyyə sistemini bu ölkədə tətbiq etmək lazımdır. Həkimə necə dəyər verilir, həkim-pasiyent əlaqələri necə tənzimlənir, ayrı-ayrılıqda həkimlər və xəstələr necə qorunur, həkimin maaşı nə qədər olmalıdır kimi bütün nüanslar öyrənilməli və ölkəmizdə icra olunmalıdır”.
Üzeyir Rəhimovun sözlərinə görə, həkimlərin ən böyük problemi tibbi təhsilini bitirəndən sonra başlayır: "Rezidenturaya daxil olan həkimə çox gülünc məbləğdə maaş verilir. Düşünün, 6 il gecə-gündüz oxuyan bir insana 300-400 manat əməkhaqqı verilir. Həmin həkim əsla ölkədə qalmaz, mütləq gedəcək.
Avropada rezidentlər 3 min avro maaş alır. Rezidentura müddəti artdıqca əməkhaqqıları daha da artır, hətta aylıq 5 min avroya qədər əməkhaqqı verilir. O niyə Azərbaycanda işləsin ki?.. Çalışdığı yerdə həkimə dəstək verilmir. Həkimin özünü yetişdirməsi üçün maddi rifahı və mənəvi əminliyi olmalıdır. Ona görə də tibb təhsilini bitirənlərə və rezidentlərə çox ciddi maaş verilməlidir, eləcə də onların yaşaması üçün şərait yaradılmalıdır”.
Xəbər verdiyimiz kimi, Qurban bayramı günlərində Bakının Yasamal rayonu, Yeni Yasamal adlanan ərazisində (Əsəd Əhmədov küçəsi) gecə saat 00:20 radələrində küçənin mərkəzi hissəsində yol bağlanaraq, iri dəmir köşk qoyulub.
Qaynarinfo-nun məlumatına görə, bu gün FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti məlumat yararaq, digər yerlərlə yanaşı Əsəd Əhmədov küçəsində heç bir icazəverici sənəd olmadan qanunsuz qoyulan köşkün söküldüyünü bəyan edib.
Əsəd Əhmədov küçəsində qoyulan köşkün həqiqətən sökülüb-sökülməməsini araşdırdıq. Və məlum oldu ki, köşkün FHN əməkdaşları tərəfindən müəyyən bir hissəsi uçurlsa da, yenidən bərpa edilib. Hətta köşkün şüşələrinə ağ pərdə də salınıb.
Əldə etdiyimiz məlumata görə, köşk sahibi Yasamal Rayon İcra Hakimiyyəti və digər müvafiq qurumlardan müəyyən razılşaşmalar hesabına razılıq alsa da, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidmətindən heç bir razılıq alınmayıb.
Məsələni diqqətdə saxlayacağıq.... Qeyd edək ki, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov, Yanğın Nəzarəti Xidmətinin yeni rəisi, daxili xidmət polkovnik Aqşin Kazımovdur.
Son vaxtlar böyük supermarketlərdə müxtəlif şirkətlər tərəfindən istehsal olunan və qablaşdırılmış toyuq əti məhsulları fərqli və digər məhsullara nisbətən yüksək qiymətlərlə istehlakçılara təklif olunur.
Belə ki, “Mərcan Broyler” şirkətinin istehsalı olan bütöv toyuq əti “Bravo” marketlər şəbəkəsində 6.59 manat, “Bazarstore” marketlər şəbəkəsində 5,69 manat, yaxud “Neptun” marketlər şəbəkəsində isə 6,50 manatdan təklif olunur. Yaxud da “Səba Broyler” şirkətinin məhsulu olan bütöv toyuq əti “Bravo”da 6.75 manat, “Bazarstore”də 6.45 manat, “Neptun”da isə 6.20 manatdır. Digər şirkətlərə məxsus toyuq ətləri də eyni marketlərdə müxtəlif qiymətlərlə satılır.
Bəs buna səbəb nədir? Niyə bu məhsulların qiyməti marketlərə görə dəyişir?
“Qiymətlər arasındakı fərq bazar iqtisadiyyatı şəraitində normal haldır”
TEREF.AZ bildirir ki, məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli qiymətlər arasındakı fərqin bazar iqtisadiyyatı şəraitində normal olduğunu bildirib:
“Hazırda “Səba”nın və başqa bir şirkətin, “Tarqovı” küçəsində və Ramanı qəsəbəsində satış məntəqələri fəaliyyət göstərir. “Tarqovı”dakı mağazada qiymət bir qədər baha, Ramanıdakı mağazada isə qiymət ucuz olur. Yəni, şirkət kontingentin imkanlarını nəzərə alaraq, qiymətlər üzərində “hərəkətlilik” siyasəti aparır. Bu da normal bir prosesdir. Bakıda elə məhsullar var ki, bütün mağaza və maketlərdə eyni qiymətə satılır. Əslində, bu, ölkə bazarı üçün anormal hal sayılmalıdır”.
Belə fikir var ki, toyuq ətinin istehsal prosesi baha başa gəldiyi üçün təchizatçı şirkətlər məhsulun satış qiymətini qaldırmağa məcbur olurlar...
Onun sözlərinə görə, bir məhsulun maya dəyərinin artması və azalması şirkətin qiymət strategiyasına təsir edən amillərdəndir:
“Son 6-7 ay ərzində toyuq yemlərində elə də ciddi bahalaşma qeydə alınmayıb, əksinə hazırda yerli arpa və buğda ucuz olduğu üçün məhsulun maya dəyəri ucuzlaşmalıdır. Əgər bazar rəqabətyönümlü olsaydı, bu özünü dərhal göstərməliydi. Yay mövsümündə toyuq ətinin qiyməti aşağı düşməlidir, ancaq biz əksini görürük”.
Azərbaycanda sayı kifayət qədər olan broyler şirkətləri öz aralarında müsbət yönümlü rəqabət mühiti formalaşdırmaq əvəzinə, bunu mənfi istiqamətdə inkişaf etdirir və qiymətləri qaldırmağa səy göstərirlər. Bu da son nəticədə istehlakçının cibinə təsir edir”.
“Azərbaycanda toyuq əti təminatı çox az olan sahələrdən biridir”
Digər iqtisadçı-ekspert Rəşad Həsənov, Azərbaycanda istehlak bazarının qiymətlər məsələsində sərbəst olduğunu diqqətə çatdırıb:
“Bir məhsul üzrə qiymətlərin hər yerdə eyni olması üçün mütləq qayda yoxdur. Ölkəmizdə bazar iqtisadiyyatı tam liberallaşmasa da, burda da heç bir problem yoxdur və normal bazar belə işləməlidir”.
Ekspert, bunun rəqabətli mühitlə bağlı olduğunu açıqlayıb:
“Ölkəmizdə bu sahədə kifayət qədər şirkət var. Müəyyən dövrlərdə qiymətlərin aşağı düşməsi üçün təşəbbüslər göstərilsə də, qısa müddətli olub. Çünki, istehlak bazarı çox həssasdır, həmin şirkətlərin isə ciddi likvitlilik problemi olduğu üçün düzgün strategiya həyata keçirə bilmirlər və kimlərsə bunu pozur”.
Müsahibimiz qeyd etdi ki, istehsalçıların məhsulun maya dəyəri ilə bağlı yaşadıqları vəziyyətə də baxmaq lazımdır:
“Bu gün istehsal olunan quş ətinin maya dəyərinin təxminən 60-65 faizi idxaldan asılıdır. Yemlər, damazlıq yumurtalar, istifadə olunan dərmanlar, avadanlıqlar, hətta peşəkar mütəxəssislər xaricdən idxal olunur. Su, qaz, işıq kimi kommunal xərclər və işçi əməyindən istifadə istehsalın maya dəyərinə təsir edir. İndiki şərtlər daxilində buğda, arpa, qarğıdalı, soya kimi dənli bitkilərin qiymətinin də bahalaşmasını nəzərə alsaq, bu da məhsulun maya dəyərinə təsir edir”.
“Qiymətin bahalaşması marketlərin siyasəti ilə bağlıdır”
“Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov, fərqli qiymətlər məsələsində başqa prolemlərin olduğunu diqqətə çatdırıb:
“İri marketlər məhsulu qəbul etmək üçün təchizatçıdan əvvəlcədən böyük miqdarda pul alırlar ki, bu da satılan məhsulların üzərinə gəlir. Üstəlik, özləri də məhsulun üzərinə 20 faizlik qiymət qoyurlar. Nəticədə isə süni qiymət artımı baş verir. Səbəbi də odur ki, marketlər heç bir hüquqi sənədi və Nazirlər Kabinetinin heç bir qərarı olmadan biznes etikasına əməl etmir və şirkətlərlə istədikləri kimi davranırlar”.
Müsahibimiz bu cür halların yolverilməz olduğunu vurğulayıb.