Azərbaycanda muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 1741800 nəfərə olub.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, muzdla çalışan işçilərin 899,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 842,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Qeyd edək ki, muzdla işləyənlərin 19,1 faizi təhsil, 18,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 13,0 faizi sənaye, 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi tikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 faizi maliyyə və sığorta fəaliyyəti, 14,5 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar. 2023-cü ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 11,2 faiz artaraq 933,8 manat olub.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Maraqlıdır, 933,8 manat dəyərində orta əmək haqqı alan şəxs özünün və ailə üzvlərinin maddi-sosial ehtiyaclarını, tibbi zərurətlərini və ayda bir dəfə istirahət xərclərini qarşılıya bilər?
Məsələ ilə bağlı iqtisadçı ekspert Asif İbrahimov “Cebhe.info”-ya açıqlamasında qeyd edib ki, indiki orta aylıq əmək haqqı sosial rifahı tam təmin etmir:
“Azərbaycanda aktiv əmək qabiliyyətli əhalinin 55 -60% - i dövlət qurumlarında və dövlət büdcəsi hesabına maliyyələşən təşkilatlarda, əhalinin 35% - 40% - i isə özəl sektorda, iaşə obyektlərində və sabihkarlıq subyektlərində çalışır. Bu baxımdan görürük ki, çoxluq dövlər sektorunda fəaliyyət göstərir.
Bu kateqoriyaya müəllimlər, həkimlər, dəmir yolu işçiləri, polis əməkdaşları, hərbçilər və digərləri daxildir. O ki qaldı orta aylıq əmək haqqının qənaətli xərclənməsinə, qeyd edim ki, ərzaq məhsullarının qiymətləri durmadan artır. 2021-2022 – ci ildəki qiymətlərlə 2023-2024 – ci ildəki qiymətlər arasında fərq var. Yəni bu vaxta qədər ərzaq məhsullarının qiymətlərində 50% və ya 70% artım müşahidə olunub”.
Ekspertin fikrincə, bunun obyektiv və subyektiv səbəbləri var:
“Ölkədə inflyasiya göstəricisinin artması gözlənilir. Təbii ki, hər hansı bir şəxsin 933,8 manat dəyərində orta aylıq əmək haqqı ilə özünün və ailə üzvlərinin maddi-sosial və tibbi ehtiyaclarını qarşılaması mümkündür. Amma bu, çox ciddi çətinliklər yaradacaq. Həmin çətinliklərin öhdəsindən gəlmək lazımdır.
İndiki orta aylıq əmək haqqı şəxsin və ailəsinin sosial rifahın tam təmin etmək üçün o qədər qaneedici deyil. Bu əmək haqqı ilə normal istirahət eləmək qeyri-mümkün olur. Əgər inflyasiya aşağı düşərsə, bəlkə də, bu əmək haqqı ilə bütün ehtiyacları qarşılamaq olar”.