Ardını oxu...
Ukrayna 1917-ci ildən bəri ilk dəfə Milad bayramını Rusiyanın qeyd etdiyi 7 yanvar tarixində deyil, dekabrın 25-də qeyd edir.

Bayram tarixinin dəyişdirilməsi Ukraynanı Rusiyadan uzaqlaşdıran növbəti mədəni dəyişikliyi əks etdirir.

Həm Rusiya, həm də Qərb Qriqorian təqvimindən istifadə etsə də, Rusiya bəzi dini tədbirlərdə hələ də Yulian təqviminə istinad edir. Kyivin bu keçidi onun Avropa ilə uzlaşmaq üçün davamlı səylərinin göstəricisidir.

Dekabrın 23-də gündəlik müraciətində Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Milad bayramının bitməsinə bir həftə qalmış Ukrayna güclü olaraq qalır. O, cümə günü cənub cəbhəsində Rusiyanın üç Su-34 qırıcı-bombardmançı təyyarəsinin vurulmasını misal çəkərək, bunu Ukraynanın Rusiyanın işğalına qarşı 22 aydır davam edən müharibəsində uğur kimi qiymətləndirib.

"Bu həftə hava hücumundan müdafiə sistemimizin gücləndirilməsinin effektivliyini bir daha nümayiş etdirdi. Bu, təkcə şəhərləri və kəndləri Rusiyanın pilotsuz təyyarələri və raketlərindən qorumaq üçün deyil, həm də cəbhə xəttindəki əməliyyatlar üçündür", - o deyib və əlavə edib ki, "rus qırıcısını vurmaq qabiliyyəti bu müharibəni ədalətli şəkildə bitirmək üçün açarlardan biridir”.

Rus pilotların və ekipaj üzvlərinin taleyi haqda dərham məlumat verilməyib. Rusiya ordusu hadisə ilə bağlı heç bir açıqlama verməyib.
Ardını oxu...
“Atamın sənətdəki yolunu nəsildən heç kim davam etdirmir. Heç birinin səsi atamın səsi qədər gözəl olmayıb. Olsaydı, bu sənətin ardınca gedərdilər. Atamın əmisi çox yaxşı oxuyan olub. Atam bu haqda kitablarında da yazıb. Elə atamda da sənətə həvəs əmisindən gəlib. Əlibaba müəllimin nəticələri, yəni mənim nəvələrim instrumental alətlərdə ifa edirlər, təhsil alırlar. Oğlan nəvəm klarnet ifaçısı kimi artıq toylara gedir”.

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Əlibaba Məmmədovun qızı Rəqsanə Məmmədli deyib.
Ardını oxu...
O daha sonra əlavə edib:
“Atamın mahnılarının varisi mənəm. Hətta Əqli Mülkiyyət Agentliyindən məni axtarıb tapdılar və bildirdilər ki, atanızın mahnılarından gələn qonorarlara görə mütləq şəkildə hesab açdırmalısınız. Mən də gedib bankda hesab açdırdım. Hələ ki, ora heç bir məbləğ gəlməyib. Mahnı oxuyanda məndən heç kim icazə almır. Heç kimə qadağan da edə bilmərəm ki, oxuma. Yaxşı oxusunlar. Arzum budur ki, atamın mahnılarını onun yazdığı kimi ifa etsinlər, qol-qabırğasını sındırmasınlar. Atamın bütün mahnılarının sözləri yadımdadır, hamısını əzbər bilirəm. İndi axı dəbdədir, cürbəcür ritmlər qatırlar mahnılara. Nəsə improvizə etmək istəyirsinizsə, yeni mahnı yaradın və edin. “Dəşti” təsnifini atam yaradıb. Xalq artisti Simarə İmanova bu mahnını oğlunun toyunda onunla elə gözəl ifa etdi ki. Bir neçə dəfə özüm dinləmişəm. Bilirəm ki, hamının da xoşuna gəlib”.
Ardını oxu...
 
Ardını oxu...
Məşhur küçə rəssamı Benksinin əsəri oğurlanıb.
Tribunainfo.az xəbər verir ki, son zamanlar Ukraynanın Borodyanka şəhərindəki rəsmləri ilə gündəm olan gizli küçə rəssamı bu dəfə Londondakı bir küçədə “Stop” lövhəsi üzərinə “pilotsuz təyyarələr” çəkib.
“Reuters”in yaydığı məlumata əsasən, rəsm əsəri iki saat keçmədən oğurlanıb.
Küçəyə gələn iki naməlum şəxsin Benksinin əsərini aparmağa çalışdığı bildirilib.
Xatırladaq ki, Benski kimliyi dəqiq məlum olmayan ingiltərəli qalmaqallı, məşhur qraffiti-rəssamdır. İsveçrəli sənətçi Maître de Casson-un Banksy ola biləcəyi barədə fərziyyələr var.
Ardını oxu...

Fransanın son zamanlar kəskin şəkildə güclənən antiazərbaycan siyasəti indi mədəniyyət və incəsənət sahəsinə də keçib.

"DogruXeber.az" Fransanın “Le Messager” nəşrinə istinadən xəbər verir ki, hələ 2015-ci ildə Azərbaycanın İsmayıllı şəhəri ilə dostluq və əməkdaşlıq xartiyası imzalayan Fransanın Evian-le Ba şəhərinin meriyası bu yaxınlarda mədəniyyətə düşmən münasibət bəsləyən qərar qəbul edib.

Belə ki, qərara əsasən “Azərbaycan parkı”nın qeyd olunduğu bütün yazılar yığışdırılacaq. Xatırladaq ki, “Azərbaycan Parkı” 2017-ci ildə açılıb.

Fransız nəşrinin məlumatına görə, bazar ertəsi, dekabrın 18-də müxalifət nümayəndələri bələdiyyə şurasından şəhərdə bu parkın adı çəkilən bütün lövhələrin rəsmən götürülməsini tələb ediblər.

Şəhərin meri Jozian Leyin sözlərinə görə, artıq “Azərbaycan parkı” ilə bağlı bütün istinadlar silinib.

Qeyd olunub ki, şəhər rəhbərliyinin son qərarına səbəb Fransanın Ermənistana “sevgisi” olub.

Bu arada, görünən odur ki, Azərbaycan mədəniyyətinin düşmənləri indi diqqətlərini məşhur Azərbaycan şairəsi Xurşidbanu Natəvanın 2017-ci ildə ucaldılan abidəsinə yönəldiblər.

Merin müavini Jan-Pyer Amadio Xurşidban Natəvana ehtiramını bildirərək abidənin müdafiəsinə qalxıb:

“O, azad qadın kimi tanınır və Eviandakı abidədə örtüksüz təsvir edilib. Əlbəttə, biz erməni xalqını dəstəkləyirik, lakin mədəniyyət və incəsənət xalqları və ölkələri birləşdirən ən etibarlı körpüdür. Hər şeyi aradan qaldırıb bu körpüləri dağıtmalıyıq?”.

Fransa şəhərinin meriyasının bu addımı son vaxtlar Fransada hökm sürən mədəni şovinizm, ksenofobiya, qərəz və digər mədəniyyətlərə qarşı dözümsüzlük siyasətini nümayiş etdirir.

Ardını oxu...

 

 
Ardını oxu...
Amerikalı aktyor Çarli Şinin qonşusu onu boğmağa çalışıb.

"DogruXeber.az" xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Hadisə aktyorun evində olub. 47 yaşlı qadın Çarlinin qapısını döyüb və aktyor qapını açan kimi ona hücum edərək döyməyə və daha sonra boğmağa başlayıb.

Şin qadın evinə qayıtdıqdan sonra polisə müraciət edib. Hadisə yerinə təcili yardım da gəlib, lakin aktyor xəstəxanaya yerləşdirilməyib. Aktyor qonşunun niyə belə aqressiv davranması barədə heç bir fikri olmadığını söyləyib.

Çarli polisə açıqlamasında bildirib ki, bu yaxınlarda qonşusu onun maşınına naməlum yapışqan maye səpib və evinin qapısının önünə zibil qoyub.

Silahlı hücum və quldurluqda ittiham olunan qadın həbs olunub.
Ardını oxu...
Xalq artist Mələkxanım Eyubovanın qardaşı, müğənni Ramal İsrafilovun xanəndə atası Əliyaqub bəy vəfat edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Mələkxanım Eyubova sosial şəbəkədə paylaşım edib:

"Böyük kədər hissi ilə bildirirəm ki, bu gün mən ata əvəzi, böyük qardaşım, elimizin-obamızın tanınmış xanəndəsi Əliyaqubu itirdim. Allah rəhmət eləsin. Torpağı nurla dolsun".
 
Ardını oxu...
Gecənin gec vaxtlarında fb-də ard-arda qarşıma statuslar çıxdı:
“Bu gün Ali Məhkəmə Rza Rzayev haqqında Bakı Apellyasiya Məhkəməsinin çıxardığı ədalətsiz, qanunsuz, qərəzli qərarı (həbs edilmə haqqında) qüvvədə saxladı!”
Rza Rzayev – Rza Drakon... 70-ci illərdə Paolo Rossi italyan futbolunda (eləcə də Eduard Streltsov SSRİ çempionatında) kim idisə... istedadına görə... elə Odur!
Rza Rzayev – Rza Drakon... 60-70-ci illərdə SSRİ bəstəkarları arasında kim idisə... istedadına görə... elə Odur!
İtaliya Məhkəməsi Paolo Rossini etdiyi (eləcə də sovet məhkəməsi Eduard Streltsovu etmədiyi), Sovet Məhkəməsi Mikael Tariverdiyevi etmədiyi yanlışa görə azadlıqdan məhrum edəndə hansı ağılda olmuşdusa, bizim bugünkü məhkəmə də elə o ağıldadır! YƏNİ: Şəxs(iyyət)in Cəmiyyətdəki Yeri, Nüfuzu, İctimai-Siyasi Mövqeyi, Ailədə və Kollektivdə, İş Yerində GƏRƏKLİLİYİ, MÖVCUDLUĞU, VACİBLİYİ, Professionallığı nəzərə alınmadan... hökm çıxarılmışdı!
Amma, amma, amma, amma... nə italyan, nə də sovet ədalət məhkəməsinin qərarları Paolo Rossini dünya çempionu, Mikael Tariverdiyevi sovet bəstəkarlıq məktəbinin Metri olmaqdan məhrum edə bilmədi!
Dünya 1982-ci ildə bir ay qabaq türmədən çıxmış 26 yaşlı Paolo Rossinin başıyla Braziliyanın qapısına vurduğu qələbə qollarının həzzini 41 ildir yaşayır!
Mikael Tariverdiyevin uzaq 60-cı illərdə məhdudiyyətlər və məhrumiyyətlər yaşaması (sevgilisi Maksakova maşınla vurub piyadanı öldürsə də, görkəmli bəstəkar cinayəti öz boynuna götürmüş və tam iki il məhkəmə qapılarında sürünmüşdür – iki illik cəza təyin ediləndə isə azad olunmuşdur: məhkəmə iki il çəkdiyi üçün!) “Baharın on yeddi anı” filminin musiqisindən zövq almaqdan və ona minnətdar olmaqdan heç kimi məhrum etmir! Heç bir məhdudiyyət olmadan özü də!
Bəli, Rza Drakon iki ilə qədər azadlıqdan məhrum edildi, amma və lakin... bu, Onun İstedadına, Cəmiyyətdəki Yerinə, Nüfuzuna, İctimai-Siyasi, Sosial Mövqeyinə, Ailədə və Kollektivdə, İş yerlərindəki Gərəkliliyinə, Vacibliyinə xələl gətirmir, məhrum etmir Onu Ucaldığı Yüksəkliklərdən! Əksinə, Xarakterini-Xarizmasını (“Mən ölərəm ikimizin yerinə” artıq pafos və populistlik şkalası sayılmır Onun dilindən) Cilalayır, Tərcümeyi-halını Zənginləşdirir!
TƏSƏLLİM(iz) təkcə budur: ölkənin ləyaqətli ziyalıları italyan futbol və sovet mədəniyyət xadimləri kimi, özlərində cəsarət taparaq, Müzəffər ABK cənab Prezident İlham Əliyevə ayrıca müraciət ünvanlayacaq, Rza Drakonun Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə əfvini xahiş edəcəklər!
BU, ƏN AZINDAN ona görə lazımdır ki... Rza Rzayev oynadığı ROLun AKTYORU yox, həm də Həyatda Özü olduğunu nümayiş etdirib!
ÇOX istəyərdim ki, AZADLIQDAN MƏHRUM ETMƏ onun üçün cəza olaraq qalsın – hökm şəklində, AMMA Rza Rzayevin ƏFVİ onun Vətən və Dövlət, Mədəniyyət Qarşısında Xidmətlərinə görə MÜKAFATI olsun!
Rza Drakon bu mükafatı haqq edir!
Aydın Can
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır

Ardını oxu...
“Xankəndi haqda danışmaq üçün uzaq-uzaq geriyə qayıtmaq lazımdır. Çox uzaqlara.. 55-56 il öncəyə. Son dəfə burada olduğum zamana. 12-14 yaşıma. Ən-ənəvi olaraq hər yay gəlib kəndimiz Həsənabadda dincələrdik. Həsənabadda yaşayırdıq, amma doğum evi Xankəndində olduğu üçün mən elə mərkəzdə dünyaya gəlmişəm. Bakıya köçsək də hər yay gəlib-gedirdik. Bacımgili o kənddə qalırdılar, yaşayırdılar. 14 yaşımdan sonra gərgin məktəb həyatı başladı, dərslərim çoxaldı, oxumaq lazım idi. Ondan sonra Xankəndinə gedə bilmədim. Sonra isə bu hadisələr baş verdi”
 
 
 
Bunu Moderator.az -a özəl açıqlamasında xalq artisti Fəxrəddin Manafov deyib. Aktyor bildirib ki, sabah Xankəndi stadionunda olacaq.                                                                                                                                                         
“Mən Şuşada olmuşdum. Həyəcan yalnız Xankəndinə getmək və futbol oyununa baxmaq deyil. Həqiqətən də həyəcan bizi tərk etmir, buraxmır. Çox həyəcanlıyıq. Füzulidən avtobusla gəlib Xankəndinin yanından keçib Şuşaya qalxdıq. Xankəndinə sabah gedəcəyik. Bu hissləri sözlərlə ifadə edə bilmirəm. Mən yolboyu, Füzulidən bura gələnə qədər düşünürdüm ki, bu torpaqlar bizim torpaqlardır. Biz fiziki olaraq o torpaqlarda deyildik, ruhən isə orada idik. Hər bir azərbaycanlı burada idi. Yolboyu gözümün qabağına olmadığım, amma eşitdiyim o döyüşlər gəlirdi. Şəhidlər gəlirdi. Füzulidə qalmış o xarabalıqlara gedib baxdım. Mən başa düşdüm ki, bu böyük bir tarixdir, böyük bir andır. Bunun başında əlbəttə ki, bizim Ali Baş Komandanımız, cənab prezidentimiz dayanmalı idi. Biz düşünürdük, bilirdik ki, torpaqlarımız nə vaxtsa bizə qayıdacaq” deyə sənətkar bildirib.
 
Fəxrəddin Manafov bildirib ki, ilk dəfə olaraq oyunda qalib gəlib-gəlməməkləri önəm daşımır.
 
“Sabah Xankəndi stadionunda Qurban qardaşım başda olmaqla sevimli “Qarabağ”- MOİK matçı baş tutacaq. Bunlar hamısı əlbəttə ki, çox gözəldir. Amma bir şeyi bilirəm ki, baxacağım o futbol oyununda başqa həyəcanlar keçirəcəyəm. Mənim üçün orada fərq olmayacaq ki, kim qalib gələcək, kim məğlub olacaq?! Biz artıq qalib gəlmişik. Bilirəm ki, stadionda olub oyunu izləyəcəm, amma fikrim-zikrim 55 il öncə uzun-uzun illərdən əvvəldə olacaq. Bu hissləri sözlə ifadə etmək mümkün deyil” deyə aktyor bildirib.
 
Xalq artisti məhəllələrindən də danışıb.
 
“Əlbəttə ki, yadımda qalan bəzi şeylər var. İnanmıram ki, daha çoxunu yadıma salım. Bir şeyi bilirəm ki, Həsənabad kəndimizi görsəm hər şeyi xatırlayacam. Bu günlərdə mənə bir video göstərdilər. Mən uşaqlıqda o kəndi necə qoyub getmişdimsə, heç bir dəyişiklik yox idi. Həmin meydan, həmin küçə idi. Bu torpaq öz yiyəsini tanıyır. Biz çox xoşbəxtik. Xoşbəxtliyi bizə cənab prezident, ordumuz yaşatdı. Mən hara gedirəmsə, nə edirsəmsə sevincimi ömür-gün yoldaşım Vahidə xanımla bölüşürəm. O gözümün qarşısındadır. 48 il biz bir yerdə olmuşuq. Əlbəttə ki, o da sevincini mənimlə bölüşə bilsəydi sevincimin həddi-hüdudu olmazdı. Amma nə edə bilərik? Ruhu yəqin ki, şaddır, mənə görə sevinir. Bir mənə görə deyil, bütün Azərbaycana görə sevinir” deyə xalq artisti bildirib.
Ardını oxu...
 

 

Bu ölkədə hansısa fərdə və ya quruma ünvanlanan haqlı-haqsız tənqidlərə cavab olaraq verilən çox populyar bir cavab var, deyərlər: “İt hürər, karvan keçər”.

Yüzdə doxsan halda tənqidçi mütləq və mütləq it yerinə qoyulur, it adlandırılır. Sanki dünyada başqa bir obraz yoxdur və tənqid edən başqa bir məxluqa bənzədilə bilməz.

Nədən bir kəlmə nəyisə bəyənmədiyini deyən, dilə gətirən şəxs mütləq təhqir olunmalıdır? Yəni o adamın dediyi haqlı ola bilməzmi? Nə olar, tənqid olunanlar bir dəfə də, heç olmasa, qismən razılaşalar ki, deyilən iradlar düzdür?

Belə reaksiyalar nadir hallarda ola bilər. Yerdə qalan hallarda isə tənqid edən “hürür”, tənqid olunan isə acıqlanmış olsa da, öz yoluyla gedir – düşüncə budur.

Bir neçə gün öncə tanınmış teleaparıcı Kamran Həsənlinin ölkə televiziyalarını tənqid etməsinə verilən reaksiyalar zamanı bu cür ifadələrə rast gəlinirdi.

Hətta elə adamlar vardı ki, tənqid oxunu götürüb, ucluğuna zəhər sürtüb, öz yayından Kamranın ürəyinə tuşlamışdı, deyirdi, bayağılığı, şitliyi, səviyyəsizliyi Azərbaycan ekranına ilk gətirənlərdən biri sən olmusan.

Belə deyənlərə haqq verənlər, vaxtilə gerçək bir teleulduza çevrilmiş aparıcıya ünvanlanmış tənqid kampaniyasına qoşulanlar da vardı, onu müdafiə edənlər də.

K.Həsənlini ən çox qınayanlar və ona sərt, təhqiramiz cavab verənlər isə hazırda “teleulduz” olmaq istəyənlər, “tv çörəyi” yeyənlərdir. Onlar, sadəcə, öz teştlərini qoruyurlar, çörək yedikləri qaba artıq-əskik söz deyilməsini istəmirlər.

Ancaq baxaq, görək, Kamran Həsənli haqsızdırmı?

Düzdür, o da vaxtilə aşağı səviyyəli verilişlər aparıb, orada aşağı səviyyəli qonaqları danışdırıb, aşağı səviyyəli söhbətlərə moderatorluq edib, amma bu, o demək deyil ki, təcrübəli teleaparıcı indiki səviyyəsizliyə göz və ağız yumsun.

Adam təmayülün daha pis, daha iyrənc yerə getdiyini görür və həyəcan təbili çalır, dediyinin mənası odur ki, tv-lər bundan da rəzil günə düşəcəklər, düşməsinlər. Əgər bu, xəbərdarlıq kimisə qane etmirsə, prinsipial olaraq bu durumu normal qəbul edirsə, buyursun, getsin, girdaba qədər yolu var.

7-8 il ildən bəri yerli telekanallarda futboldan başqa bir şeyə baxmayan tamaşaçı olsaq da, elə çıxmasın ki, telekanalların xalqa təqdim etdiyi verilişlərdən xəbərsizik. O verilişlər ya bütöv, ya da fraqmental şəkildə hər gün internet resurslarında, saytlarda qarşımıza çıxır və ən azı 3-4 dəqiqə baxırıq (bundan artıq baxmaq mümkün olmur). Bu, kifayət edir, çünki dənizin suyunun şor olmasını bilmək üçün ondan bir vedrə yox, bir qurtum içmək də bəsdir. Bayağı söhbətlər, əttökən xitablar, özlərini masaj salonunun divanında oturanlar kimi aparanlar, qulaq cırmaqlayan səs tonu, ədabaz tələffüzlər, şit zarafatlar, yalançı dramatizmlər və s, və i.a. – plintus, palaz-kilim səviyyəsi.

Müxtəlif səbəblərdən buna baxmağa məcbur olanlar artıq öyrəşib. Onlar belə şeyləri normal qəbul edirlər. Ancaq səviyyəsizliyə təhəmmülü olmayanlar asudə vaxtlarını tamam başqa məşğuliyyətlərə səf edirlər. İllərdir belədir.

Kamran Həsənli deyirdi ki, gəlin, indən belə o cür etməyək. Ona dedilər ki, sən sus, vaxtilə özün də bu bataqlığa girmisən. Doğrudur, K.Həsənli də o bataqlıqda olub, amma o, oradan çıxmağı təklif edir. Ona cavab isə belədir: “Bura bizə xoşdur”.

İnsaf və ədalət naminə deyək ki, belə verilişlər dünyanın bütün ölkələrində var. Hətta bəzi ölkələrdə daha beşbetər səviyyəsiz, əxlaqsız, iyrənc verilişlər, realiti-şoular təqdim edən telekanallar mövcuddur. Məsələn, İtaliyada, Rusiyada, İspaniyada, Hollandiyada, Fransada elə telekanallar var ki, realiti-şouya topladıqları insanların məhrəminə belə girir, onların necə yatıb-durduqlarını, cinsi əlaqədə olduqlarını milyonlara göstərirlər (təbii ki, bəlli saatlardan sonra). Bir ara belə verilişlərin kopyasını bizdə də etmək istəyirdilər, amma bu təşəbbüs yüksək səviyyədə boğuldu.

Fəqət bu ölkələrdə hər saatbaşı xəbərlərlə, siyasi icmallarla efir açan ciddi telekanallar da mövcuddur, o cümlədən sırf idman verilişləri verənlər də, uşaqlar üçün fəaliyyət göstərənlər də var.

Heç kim tələb edə bilməz ki, bir telekanal bütün günü politoloqları, sosioloqları, iqtisadçıları tok-şouya dəvət etsin və onlar səhərdən axşamacan, necə deyərlər, “millətin dərdi”ndən danışsınlar. Bu, hamını bezdirər. Futboldan maraqlı oyun yoxdur, iki matça ard-arda baxmaq olmur. Son illərdə isə oturub 90 dəqiqə boyunca futbola baxanlar azalıb, xeyli adam (xüsusilə də gənclər) sonradan 10-15 dəqiqəlik icmala baxır.

Ancaq sənət, şou-biznes adamlarının da səhərdən axşamacan ekranda görünməsi, “toy tutmaq”, “qarderob”, “tətil” söhbəti etmələri, bir-birilə süni “qalmaqal” yaratmaları da eyni dərəcədə bezdirici, hətta iyrəncdir.

Telekanalların veriliş proqramları rəngarəng olmalıdır. Necə ki, köhnə vaxtlarda televiziyada xəbərlər bülleteni də verilirdi, siyasi icmallar da, yumoristik verilişlər də, konsertlər də, filmlər də, uşaq verilişləri də. Hər verilişim öz yeri, vaxtı, auditoriyası vardı. Səviyyəsizlik, iyrənclik, şitlik isə yox idi.

Dediyim odur ki, tənqidi top-tüfənglə qarşılamaq düzgün deyil. İmkan varsa, tənqiddən nəticə çıxarın, yoxdursa, canınız sağ olsun, davam edin, amma unutmayın ki, o cığır uçuruma aparır.

Ardını oxu...
Azərbaycanda ümumölkə yerüstü televiziya yayımında olan kanalların 2023-cü ilin noyabr ayında informasiya və analitik proqramların özəl çəkisi ən çox olmaqla ümumi payın 25 faizini təşkil edib.

Bu barədə Audiovizual Şuranın təqdim etdiyi televiziya proqramlarının janrlar üzrə bölgüsü və hər bir kanal üzrə ayrı-ayrılıqda statistikasında qeyd olunub.

Statistikaya əsasən, reklam və sponsor proqramları 16,6%, idman 15,3 %, musiqi və əyləncə janrında olan proqramlar 12,1%, mədəni-maarif janrında olan proqramlar 9,7%, sosialyönümlü proqramlar 5,7%, bədii filmlər 3,9%, anons və elanlar 3,4%, seriallar (xarici istisna olmaqla) 2%, sosial reklamlar 0,8%, cizgi filmləri və bədii filmlər (yerli istehsal) 0,6%, teleticarət xarakterli proqramlar 0,5%, uşaq proqramları 0,4% təşkil edib.

Ayrı-ayrı telekanalların statistikasına əsasən, Azərbaycan Dövlət Televiziyasında efirin ən çox hissəsi informasiya və analitik proqramlardır. Onların özəl çəkisi 43,8% təşkil edib. Reklam və sponsor təqdimatları 18,7%, mədəni-maarif janrında olan proqramlar isə 7,2%-dir.

“İctimai Televiziya”da ümumi efirin ən çox hissəsini 25,5 faizlə informasiya və analitik proqramları təşkil edir. Mədəni-maarif janrında olan proqramlar 21,9%, bədii filmlər (xarici istehsal) isə 8,3%-dir.

ATV-də musiqi və əyləncə janrında olan proqramlar üstünlük təşkil edir. Onlara ümumi efirin 18,5% ayrılıb. Bu kanalda reklam və sponsor təqdimatları 17,7%, sosialyönümlü proqramlar 15,5%-dir.
“Space TV”də reklam və sosial təqdimatları efir vaxtının 20%-ni təşkil edir, musiqi və əyləncə proqramları 19,4%, sosialyönümlü proqramlar 18, 5%-dir.

“Xəzər TV”də ən çox pay reklam və sponsor təqdimatlarıdır. Onların çəkisi 20,10 faiz təşkil edir. Musiqi və əyləncə janrında olan proqramların payı 19,4%, informasiya və analitik proqramlar 15,9%, mədəni-maarif janrında olan proqramlar isə 10,5%-dir.

ARB televiziyasında ən çox pay sahibinə malik 24%-lə musiqi və əyləncə janrında olan proqramlardır. Sosialyönümlü proqramlar 16,4%, informasiya və analitik proqramlar isə 12, 9%-dir.

“Real TV” və “ARB24” telekanalları informasiya istehsalı üzrə ixtisaslaşdıqlarından efir vaxtının ən çox özəl çəkisi informasiya və analitik proqramlar təşkil edir - müvafiq olaraq 61,6% və 79,8%.
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti