Ardını oxu...
Məşhur fransız aktyor Alen Delonun övladları atalarını qəsdən öldürməyə cəhddə ittiham olunublar.

“Report”un “Le Figaro” qəzetinə istinadən məlumatına görə, özünü Fransa kino ulduzunun keçmiş həyat yoldaşı adlandıran Hiromi Rollen bu barədə prokurorluğa ərizə verib.

Rollinin dediyinə görə, o, Delonla birlikdə yaşadığı zaman aktyorun vəziyyəti İsveçrə həkimlərinin müşahidəsi sayəsində sabit olub. Prokurorluğa ünvanlanmış məktuba görə qadın sənətçinin evini tərk etmək məcburiyyətində qaldıqdan sonra, o, həkimlə planlaşdırılan bir neçə görüşü buraxıb.

Rollen Delonun uşaqlarını atalarının müalicəsini dayandırmaqda ittiham edib.

Qadın buna sübut kimi Delon qardaşlarının və bacısı Anuşkanın yazışmalarını da göstərib, burada aktyorun oğlu Enthoni atasının kimyəvi terapiyasını dayandırmağı təklif edib. Vəkil Rollen onun adından yazdığı məktubda Delon uşaqlarının bu cür hərəkətlərinin qətl cəhdi kimi qiymətləndirilə biləcəyinə işarə edib.

Qeyd edək ki, daha əvvəl Alen Delonun oğlu Entoni Delon bacısı Anuşkanı atasının koqnitiv (idrak) pozğunluğu ilə bağlı məlumatı ailədən gizlətməkdə günahlandırıb.

“Bacım heç vaxt qardaşıma (aktyorun kiçik oğlu Alen-Fabien -red) və mənə məlumat vermədi ki, 2019-2022-ci illər ərzində atamla İsveçrədə klinikaya səfər zamanı beş koqnitiv test aparılıb və o, bunların heç birini keçə bilmərz”, - Entoni Delon yerli mətbuata müsahibəsində bildirib.
 
Ardını oxu...
“Xalqımızın qəhrəman övladları ilə bağlı filmlərin çəkilməsində, onların qəhrəmanlığının dünyaya tanıdılmasında, milli hərb tariximizin əbədiləşdirilməsində iş adamları da yaxından iştirak etməli, bu müqəddəs işə öz töhfələrini verməlidirlər”.

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı bildirib. Xalq artisti qeyd edib ki, bu gün xarici ölkələrdə özünə viallalar, restoranlar alan iş adamları bu məsələyə diqqətlə yanaşmalı, tarixi filmlərin, qəhrəmanlıq filmlərinin çəkilməsi üçün vəsait ayırmaqdan çəkinməməlidirlər:

“Dünyanın dörd bir yerində saraylar, villalar, restoranlar tikməklə deyil... Əsl kişi, əsl azərbaycanlı öncə xalqının, dövlətinin, tarixinin qeydinə qalmalıdır.

İş adamlarımız Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhdilərimiz, qazilərimizlə bağlı bədii-sənədli filmlərin çəkilməsi, əsərlərin yazılması üçün vəsaitlər ayırmalı, sənət adamlarına, yaradıcı adamlara bu məsələdə dəstək verməlidirlər. Onlar tarxidə ancaq bununla qala bilərlər.

Qanında bu millətin qanından olan hər bir şəxs imkanı daxilində bu işə dəstək verməli, bu işin içində olmalıdır. Çünki bu, bizim taleyimiz və tariximizdir”.
 
Ardını oxu...
Onun yaşantıları mənə bir həyat fəlsəfəsini xatırlatdı: insan yalnız kefindən, bərbəzəkli, firavan, bahalı həyatdan harınlayıb insanlardan uzaqlaşmır. O, həm də insanlara zərəri toxunmasın, onlara ziyan verməsin deyə özünü təcrid edə bilər. Ramiz Rövşən necə deyir:

Təkcə gücsüzlüyündən

yıxılmır, atam balası,

Arabir gücündən yıxılır adam.

Başını dik tutub gəzdiyi yerdə

içindən yıxılır adam.

Haqqında söhbət açdığım sənətkar dimdik gəzdiyi yerdən yıxılıb. Populyarlığının zirvəsində olduğu, sevdiyi-sevildiyi zaman. Övladının əlindən tutmalı olduğu bir zamanda onun əlini buraxıb, xanımından uzaqlaşıb, mühitini tərk edib, özünü xəstəxanada məhkum həyatına qapadıb, qapadıb ki, xəstəliyi heç kimə keçməsin, yaxınlarına zərəri toxunmasın, oğlu sağlam yaşasın.

Hüseynağa Hadıyevdən söhbət gedir. 80-90-cı illərin populyar müğənnisi, mahnıları indiki kimi deyil, həqiqətən hitə çevrilən Hüseynağa Hadıyevdən.

Çiçəklər açmasa, gələrsən yaz gələr,

Üfüqlər tutulsa, gülərsən göy gülər

Qəzəblə qışqırsan ulduzlar tökülər…

Hüseynağa Hadıyev 1946-cı ildə Bakıda məşhur “Sovetski” məhəlləsində dünyaya gəlib. Anası, Cəfər Cabbarlının böyük qardaşı Hüseynqulunun qızı olan Törə xanım oğlunu aktyor görmək istəyirmiş. “Sovetski”dən çox aktyor, rejissor, sənətkar çıxıb, amma uşaq vaxtlarında çoxu quşbaz olarmış. Hüseynağa Hadıyev də uşaqlıqdan bu işə aludə olub. Deyilənə görə, tanınmış müğənni olduğu vaxtlarda da hərdən sevimli məşğuliyyətinə qayıdarmış. Musiqi təhsili yalnız “Pionerlər” evində getdiyi qarmon dərnəyi ilə yekunlaşıb. Anasını vaxtsız itirən gələcək müğənni təhsil arxasınca düşə bilməyib.

Dərnəkdən tanıdığı dostları vasitəsilə təsadüfən “Dan ulduzu” ansamblının üzvləri ilə tanış olandan sonra həyatı dəyişir. “Nə gözəldir Azərbaycan”, “Bağçadan gələn səs”, “Gəl, barışaq”, “Köçəri quşlar”, “Bir xumar baxışla”, “Unuda bilmirəm”, “Mehriban insanlar”, “Xalidə”, “Mənim dünyam” və sair kimi mahnılarla ansamblın tarixinə adını yazan müğənni az bir zamanda tanınır və sevilir. O zamanlar dövlət televiziyasının xüsusi qaydaları vardı. Onun efirinə çıxmaq üçün gərək qaydalara əməl edəydin. Hüseynağa Hadıyev isə təbiətcə çərçivələrə, qaydalara sığmayan adam olub. Ona kostyum geyin, qalstuk tax deyirmişlər, o isə gödəkcədə səhnəyə çıxırmış. Bu səbəbdən də bəzən onu konsert proqramlarından uzaqlaşdırırdılar. Azərbaycanda bütün müğənnilərin yalnız Azərbaycan bəstəkarlarının mahnıların ifa etdiyi dönəmlərdə Hüseynağa Hadıyev türk mahnılarını da ifa edirdi. Bu da müğənninin rəsmi tədbirlərdən, konsertlərdən uzaq saxlanması ilə nəticələnirdi, amma tamaşaçının böyük məhəbbəti onu sınmağa qoymurdu. Çünki nə oxuyurdusa, onun adına yazılırdı, özünəməxsus böyük istedadla ifa etdiyi bütün mahnılar indi də onun ifasında qulaqlarda qalıb.

Onu hədsiz sayda toylara dəvət edərdilər, həm də yüksək qonorarla. Hüseynağa Hadıyev nə var-dövlət, nə də maşın həvəskarı olmayıb, qazancını evə, maşına deyil, yalnız brilyanta verərmiş. Daş-qaş həvəskarı imiş. Bir də çoxlu geyimləri olub. Getdiyi toylardan qayıdanda həmişə quşlarına yem alıb gətirərmiş. Sarsılan kimi özünü verirdi sevimli quşlarının yanına, onları yemləyir, onlarla danışır, dərd-qəmi bu minvalla azaldırdı.

Dərdini heç kimlə deyil, quşlarla dağıdan adam həyatının ən böyük ağrısını da heç kimə deməyib. Deyilənə görə, səhhəti ağırlaşanda onlardan da uzaqlaşıb. Hələ hərbi xidmətdə olarkən ağır xəstəliyi olduğunu bilən Hüseynağa bunu hamıdan gizlədib, vaxtlı-vaxtında müalicəsini ala bilmədiyindən xəstəliyi irəliləyib. Bəlkə ailəsindən, oğlundan uzaqlaşmasının da səbəbi xəyanət, başqasını sevməyi yox, məhz bu olub.

1994-cü ildə ciyərləri vərəm səbəbindən sıradan çıxan vaxt Hüseynağa Hadıyev sevdiyi qadından da uzaqlaşmışdı, amma nə oğlunu, nə də xanımını yanına buraxmayıb. Sənət yoldaşları həkimindən onun ümidsiz olduğunu öyrənəndə yanına getmək istəsələr də razı olmayıb, heç kimlə görüşməyib.

Hamının sevimlisi, fərqli səsi, ifa tərzi, səhnə manerası ilə seçilən Hüseynağa Hadıyev 1994-cü il yanvarın 12-də 47 yaşında Vərəm dispanserində dünyasını dəyişib. Vəfatından iki gün sonra bacısı onu ölüxanadan çıxardıb dəfn edib…

Və arxasınca heç kim deməyib

Dözüm necə, necə sənsiz,

Səni unuda bilmirəm…

Tamaşaçısından qeyri…

Müəllif: Ramilə Qurbanlı - Mənbə: Pressklub.az
Dia-az.info
 
Ardını oxu...
Amazon meşələrində nəhəng qədim şəhər tapılıb. Arxeoloqlar qədim şəhərin 2500 il əvvəl yarandığını və insanların burada min ilə yaxın yaşadığını düşünürlər.

Publika.az xəbər verir ki, Ekvadorun şərqindəki Upano bölgəsindəki Amazon meşəsində nəhəng qədim şəhər aşkar edilib. Tapılan şəhərin torpağı zəngindir. Lakin cəmiyyətin məhvinə səbəb ola biləcək bir vulkanın yaxınlığında yerləşir. Elm adamları orada 10 min insanın yaşamış ola biləcəyini təxmin edirlər.

Fransa Milli Elm Araşdırma Mərkəzindən Prof. Dr. Stephen Rostain bu kəşfin Amazon mədəniyyətinə baxışı dəyişdiyini bildirib:

"Çox sayda insan kiçik qruplar halında, çox güman ki, çılpaq halda ovçu kimi təsvir edilmişdir, lakin bu kəşf insanların mürəkkəb şəhər həyatı yaşadıqlarını göstərir".
Ardını oxu...
Arxeoloqlar kəşf üçün 300 kvadrat kilometr ərazini qazmağa, eləcə də sıx bitki örtüyü və ağacların altındakı qalıqları müəyyən etməyə imkan verən hava lazer texnologiyasından istifadə ediblər.

Roza Şəfiyeva
 
Ardını oxu...
“Avroviziya 2009” beynəlxalq musiqi müsabiqəsinin qalibi, məşhur “Fairytale” mahnısı ilə bütün dünyada tanınan müğənni Aleksandr Rıbak ilk dəfə Bakıda fevralın 28- və 29-da Heydər Əliyev Sarayında solo konserti ilə çıxış edəcək.

Rıbakın Bakı konsertində “Avroviziya”dakı həmkarı, Azərbaycanın Əməkdar artisti Səbinə Babayevanın da çıxış edəcəyi bildirilir.

Konsertdə azərbaycanlı müğənnilərdən sırf Səbinə Babayevanın iştirakı hər kəs tərəfindən maraqla qarşılanıb.

Oxu.Az-ın əməkdaşı Əməkdar artist Səbinə Babayeva ilə danışıb.
Ardını oxu...
O, təklifin təşkilatçılardan gəldiyini qeyd edib:
“Mən bu layihə ilə bağlı ətraflı məlumat verə bilmərəm. Yalnız təşkilatçılar bu barədə danışa bilər. Diqqətinizə görə, təşəkkür edirəm”.

Konsertin təşkilatçısı Mətin Nəsirli Aleksandr Rıbakın Səbinə Babayeva ilə dost münasibətində olduğunu qeyd edib:

“Səbinə xanım Rıbakın dostlarından biridir. Müəyyən tədbirlərdən tanışdırlar. O cəhətdən də düşündük ki, maraqlı konsepsiya yaradaq. Onların duet ifaları gözlənilir.

Fərqli konsepsiya olacaq. Azərbaycandan müğənnilərdən bir tək Səbinə Babayeva səhnə alacaq. Rıbak 22 nəfərlik heyət ilə çıxış edəcək. Xüsusi şou, maraqlı musiqilər olacaq. Tamaşaçılara xoş anlar yaşadacaqlar. Konsert iki gün olacaq”.

Nəzrin Vahid
 
 
 
Ardını oxu...
1989-cu ildən ABŞ-da yayıma başlayan "Simpson"lar cizgi serialı böyük hadisələri baş verməmişdən öncə proqnozlaşdırmağı ilə tez-tez gündəmə gəlir.

32gun.az musavat.com-a istinadən bildirir ki, serialda illər öncəki bəzi səhnələrin yaxın gələcəkdə baş verən hadisələrlə oxşarlığı tamaşaçıları təəccübləndirir.

Beləliklə, "Simpson"lar həqiqətən gələcəyi bilirlərmi? Yoxsa bütün bunlar təsadüfdür?

YouTube kanalı "Chuppl" "Simpsons" filminin sirrini açdığını iddia edir.

Kanalın hazırladığı "How They Predict the Future" başlıqlı videoda serialın yazar qrupunun təhsil səviyyəsi diqqət çəkir.

Videoda deyilir:

"Digərlərindən fərqli olaraq, "Simpson"lar filminin yazar heyəti əsasən riyaziyyatdan sosial elmlərə qədər müxtəlif sahələrdə yüksək təlim keçmiş yazıçılardan ibarətdir. Bu səbəbdən onlar texnoloji inkişaflarla sıx bağlıdır və bir-biri ilə qarşılıqlı əlaqədədirlər".

Videoda o da bildirilir ki, serialın müəlliflərindən olan Devid Koen Harvard Universitetində fizika üzrə təhsil alıb.

Bundan əlavə, komanda serialın verdiyi proqnozun gerçəkləşməsi üçün orta hesabla 13 il lazım olduğunu qeyd edib.

Bildirilib ki, ən doğru proqnozları riyaziyyat diplomu olan yazıçılar verir.

"Simpson"un ssenaristlərindən olan El Cin serialın gələcəyi proqnozlaşdırdığı iddialarına daha ehtiyatlı yanaşır.

"Trampın prezident olması və ya Braziliyanın Dünya Kubokunu qazanması kimi digər hadisələrin çoxu savadlı təxminlərdir", - o deyib.

Onun sözlərinə görə, Tramp 90-cı illərdə prezident olmağı düşünürdü. Dünya çempionatında favoritlər isə həmişə dəyişə bilər:

"Beləliklə, proqnozlaşdırdığımız hadisələr əslində gerçəkləşdiyini görə biləcəyiniz şeylərdir".

E.Cin bəzi proqnozların təsadüf olduğunu da etiraf edir.

Məsələn, 1997-ci ildə yayımlanan serialın bir bölümündə COVİD 19-a bənzər bir epidemik xəstəlikdən bəhs edilir.

Cin bunun tamamilə təsadüf olduğunu deyir:

"Bu epizodda Çindən gələn qutuda virus daşıyan milçək var idi. Bu, real həyatda baş verə biləcək bir şey deyil, sadəcə komediya elementi kimi istifadə edilib".
 
Ardını oxu...
“Məni ilk təbrik edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov oldu”.

Bunu Qaynarinfo-ya nəğməkar şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu 70 illik yubileyindən danışarkən deyib.

Baba Vəziroğlu Kəmaləddin Heydərovun ona yubileyində etdiyi hədiyyəni də açıqlayıb:

“Ünvanıma xoş sözlər dedi. Əlbəttə, onun dilindən belə sözlərin səslənməsi məni çox sevindirdi və yubileyimə yeni mahnılar hədiyyə etdi. Vaxt tapan kimi bir araya gəlib mahnıların üzərində işləyəcəyik. Həmin mahnıların hansı müğənnilərin ifasında səslənəcəyini müzakirə edəcəyik”.

Baba Vəziroğlu 70 illik yubileyinin dövlət səviyyəsində keçirilməməsində də münasibət açıqlayıb:

“Təmtərağı sevmirəm. Yubileyimi evimdə qeyd elədik, bütün dostlar-tanışlar, mənə yaxın olan adamların hamısı evimdə idi. Evdə güldən addım atmaq olmur, sağ olsunlar əziyyət çəkiblər, məni sayıblar. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, mədəniyyət naziri Adil Kərimli zəng etdi. Adil Kərimli ilə mədəniyyətin problemlərindən danışqıq. Nazirliyin adından evimə böyük bir buket göndərildi və Mədəniyyət Nazirliyinin fəxri doplumu ilə təltif olundum”.
 
Ardını oxu...
Əməkdar incəsənət xadimi Cavanşir Quliyev Musavat.com-a açıqlamasında bildirib ki, mərhum Əməkdar artist Aygün Bəylərlə vida mərasimində işlətdiyi bəzi ifadələr təhrif olunub.

“Aygün Bəylərlə vida mərasimində mediaya açıqlamamda söyləmişdim ki, Aygün xanımın həyatı çətinliklərlə dolu olub, çünki daxilən azad insan idi. Bu azadlığı ona müxtəlif problemlər yaradırdı – məişətdən tutmuş, sənətə qədər. Aygün Bəylərin həyatı ideal olmayıb, təbii ki, çətinlikləri olub. Kənddə yaşayan bir qız şəhərdə özünə yurd-yuva düzəldənə qədər zaman keçib.

Lakin bu xəstəlik heç nəyə baxmır. Dünyada ən doğru yaşayan adam da xəstələnir. Bu xəstəliyin səbəbini heç kim bilmir”, - C.Quliyev qeyd edib.

“Aygün Bəylər sağlığında lazımi dəyəri gördümü?” sualına isə Cavanşir Quliyev belə cavab verib:

“Xalq tərəfindən dəyər gördü. Ölümündən sonra bu qədər sevgi seli olan başqa bir sənətkar yadıma düşmür. Bəlkə də Səməd Vurğun olub, Üzeyir bəy olub. Ancaq bizim günlərimizdə bu qədər sevgi seli görməmişdim. İnsanlar dizlərinə vururdular. Bu, sevgidən irəli gəlir. Xalq elə ilk gündən Aygün Bəylərin dəyərini verib.

O ki qaldı hökumətin dəyərinə, fəxri adları dəyər hesab edək? Fəxri adlar boş şeydir. Mən hər müsahibəmdə deyirəm – gərək hökumət onu ümumiyyətlə ləğv etsin. Nə Avropada, nə Amerikada var. İnkişaf etmiş ölkələrin heç birində fəxri ad yoxdur. Nə İranda, nə Ərəbistanda var. Yalnız bolşeviklər, kommunistlər olan bəzi ölkələrdə olub, vəssalam. Mənasız bir şeydir. Stalinin vaxtında icad olunan, sənətkarları boyunduruqda saxlamaq üçün kəşf olunan üsullardan biri olub. Fəxri adlar, ordenlər, təltiflər və s.

Fəxri adlar ləğv olunmalıdır. Çünki sənətçilər də əsəbiləşir, iki dostun birinə fəxri ad verirlər, o birinə vermirlər, nəticədə dostlar bir-birinə düşmən olur. Ən əsası, fəxri adlar incəsənətin inkişafına ziyan vurur. Tutaq ki, xalq artisti adı aldı, onu alandan sonra bütün sənətkarların, yazıçıların ən yaxşı əsəri artıq arxada qalır. Bütün yadınıza düşən sənət adamlarının yüksək fəxri ad alana qədər yaradıcılıqlarına və alandan sonrakı yaradıcılıqlarına diqqət edin. Görəcəksiniz ki, ən yaxşı əsərini, ən yaxşı rolunu, ən yaxşı kitabını ona qədər yazıb. Amma məsələn, sənətçi 45-50 yaşında xalq artisti olur, hələ ömrü uzundur, məsələn, qarşıda 20-30 ili var, həmin illərin içində heç bir şey etmir. Yəni etdiklərinin keyfiyyəti belə ondan əvvəlkilərdən aşağı olur. Çünki o fəxri adı aldı və düşündü ki, vəssalam, bundan o tərəfi, bundan böyüyü yoxdur. Yəni insan yaradıcılıq baxımından rahat olur. Çünki bu cəmiyyətdə sənətkarların çoxu gəncliyindən fəxri ada köklənərək yaşayır. İşini, yaradıcılığını, hər şeyini ona yönəldir ki, mən o adları, o ordenləri alım. Hökumət konsertlərinə çıxırlar, hökumətin bütün tədbirlərinə gedirlər, aktiv olmaq istəyirlər ki, onları görsünlər, dəyərləndirsinlər və o adları, medalları onlara versinlər. Onları da alıb bitirəndən sonra deyir ki, vəssalam, mənim daha nə işim var. Nə konsertə gedir, nə də əvvəlki kimi aktiv olur, yaradıcılığı da geriləyir. Bu o deməkdir ki, fəxri adlar institutu Azərbaycanda incəsənətə zərər vurur”.

Musavat.com

Ardını oxu...
“Qara arxeologiya”nın mövcudluğu yeni məsələ deyil. Hələ XIX əsrin sonlarında Fransadan olan Jak de Morqan qardaşları Azərbaycan ərazisindəki tarixi abidələrdə qanunsuz “axtarışlar” aparmaqla tariximiz üçün son dərəcə əhəmiyyətli olan çoxsaylı maddi mədəniyyət nümunələrini, xüsusən də bir çoxunun analoqu olmayan nadir əntiq əşyaları Avropaya daşıyaraq erməni və ya fars maddi mədəniyyət nümunələri adı ilə muzey və kolleksionerlərə satmışlar. Azərbaycan tərəfinin təkrar-təkrar müraciət və etirazlarına baxmayaraq, həmin materiallar bu gün də Fransa muzeylərində erməni və ya fars mədəniyyəti nümunələri adı ilə nümayiş və təbliğ olunmaqdadır. Hələ yüz il öncə birbaşa ermənilərin fitvası ilə “qara arxeologiya” ilə məşğul olanlar Şirvan ərazisində Makedoniyalı İskəndərin xəzinəsinin axtarışı adı altında çoxsaylı abidələrimizi dağıdaraq məhv etdilər. Vətənimizin bütün guşələrindəki daş qoç fiqurları guya içərisində qızıl var imiş kimi sındırılaraq məhv edildi. Bu cür ürəkağrıdan misalların sayı həddən artıq çoxdur. Bir neçə il öncə Mədəniyyət Nazirliyi, Arxeologiya İnstitutu və Goranboy Rayon İcra Hakimiyyəti rəhbərləri sövdələşərək külli miqdar qızıl tapmaq ümidilə respublikamız ərazisindəki ən nəhəng kurqanlardan birini - Osmantəpə kurqanını ağır texnikadan istifadə etməklə yerlə-yeksan etdilər. Cəlilabad, Lerik, Qəbələ, Oğuz, Şəki, Zaqatala və digər rayonların ərazisində də çox ciddi dağıntılara yol verildi. Əfsuslar olsun ki, “qara arxeologiya”nın qaradan da qara olan “ənənə” və əməlləri bu gün daha geniş miqyasda tüğyan etməkdədir.

Son vaxtlar ən azı sosial şəbəkələrdə yer alan həyəcanlı siqnal və xəbərlər “qara arxeologya” ilə məşğul olanların yenə də intensiv iş başında olduğunu deməyə əsas verir. Bununla bağlı bir neçə konkret fakt üzərində dayanmaq istərdik. Məsələn, ötən ilin avqust ayında Basqalda arxeoloji tədqiqatlara rəhbərlik etdiyim vaxt İsmayıllı rayonunun Sulut kəndi üzrə meşəbəyi işləyən Rövşən Cəlilov mənə telefon açaraq, haradasa, kimlər tərəfindənsə, hansısa abidənin dağıdıldığı barədə məlumat verdi. Ekspedisiya üzvü Fariz Xəlilli ilə birlikdə ləngimədən, elə səhəri günü Rövşən Cəlilovun bələdçiliyi ilə həmin əraziyə baxış keçirdik. Söhbət Sulut kəndindən təqribən 1.5-2 km şimalda, məşhur Sulut buzxanası yaxınlığında olan və yerli sakinlərin “məscid yeri” kimi tanıdığı abidədən gedir. Məlumat üçün bildirək ki, orada abidə olduğunun heç bir yerüstü əlaməti nəzərə çarpmır. Doğrusu, hələ ötən əsrin 80-ci illərində özüm o yerləri qarış-qarış gəzmişəm, Sulut abidələri barədə dəfələrlə mətbuatda çıxışlarım olub. Yəni, orada hansısa abidə olduğunu mən özüm belə hiss etməmişdim. Amma “qara arxeologiya” ilə məşğul olan dəstə çox güman ki, müasir texniki vasitələrdən isdifadə etməklə ərazidə abidə olduğunu bilib və orada üzdəniraq axtarış aparıblar. Müşahidələrimiz onu deməyə əsas verir ki, orada 4-5 nəfər olmaqla, həm də motorlu vasitələrdən istifadə olunmaqla ən azı bir həftə “iş gedib”. Təqdim olunan fotolardan da göründüyü kimi, məscidin əsrlər boyu torpaq altında qalan divarları, giriş qapısı və mehrabı açılaraq vandalcasına dağıdılıb. Təəccüblüdür, yəni, bir neçə gün ərzində orada iş getdiyindən Sulut kəndində heç kəsin xəbəri olmayıb?! Hadisə ətrafında araşdırma apararkən məlum oldu ki, hətta dəstə tərəfindən ərazidə istifadə olunan motorlu qurğu da polis sahə müvəkkili tərəfindən götürülüb. Bəs sonrası?! Sonrası da heç nə! Vətən sağ olsun! O ki qaldı vəzifə borcu, məsuliyyət, milli heysiyyət, vətənpərvərlik və olanlarımıza sahiblik hissi... bax, burada artıq deməyə söz tapmıram.

Sulutda və digər yerlərdə törədilən dağıntılar cəzasız qaldığından “qara arxeologiya” ilə məşğul olanlar növbəti ünvanlarda “işə” başlayıblar. Bu dəfə İsmayıllı rayonunun Gəndob kəndi yaxınlığındakı abidəni dağıdaraq, tapıntıları məhv edərək Girdimançayın yatağına töküblər. Bununla da kifayətlənməyərək daha sonra Lahıc ətrafı abidələrə hücuma keçiblər. Qızıl axtarışında olan dəstənin Lahıc ətrafındakı orta əsr yaşayış yerində törətdiyi dağıntılarla bağlı görüntülər sosial şəbəkələrdə tirajlanaraq yayıldı. Bu nə vəhşilikdir?! Bu nə rəzalətdir?! Bu əməlləri törədənlər doğrudanmı Azərbaycan vətəndaşlarıdır?! Nəhayət, onların kimliyi aidiyyəti dövlət orqanları və yerli hakimiyyət strukturları tərəfindən nə vaxtsa müəyyən edilərək bütün bunlara hüquqi qiymət veriləcəkmi?! Doğrusu, yerli orqanların - kənd bələdiyyəsinin, kənd və qəsəbə icra nümayəndəliklərinin, yerli ziyalıların, bütövlükdə ictimaiyyətin bu dərəcədə həssas məsələyə prinsipiallıqdan çox-çox uzaq olan biganə və seyirçi münasibəti narahatçılıq doğurmaya bilməz. Rayon və şəhərlərimizdəki mədəniyyət müəssisələrinin, ilk növbədə də tarix-diyarşünaslıq muzeylərinin passiv davranışı, ətrafda baş verənlərdən xəbərsiz qalmaları da başadüşülən deyil. Belə təəssürat yaranır ki, sanki hamıya və hər kəsə aid olan tarixi-mədəni irs nümunələrinin taleyi üçün heç kəs məsuliyyət daşımır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 40-cı maddəsində qeyd olunduğu kimi, “Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır”. Dövlətimizin əsas qanunun bu tələbinə əməl edirikmi?!!

Bilənlər bilir, bilməyənlər də qoy bilsinlər ki, “qara arxeologiya” ilə məşğul olanlar, yəni xalq arasında deyildiyi kimi, “qızılaxtaranlar” abidələri dağıdaraq, talan edərək əldə etdikləri nadir tarixi əşyaların xeyli qismini müxtəlif yollarla yenə də xaricə ötürür, o da mümkün olmayanda birbaşa qara bazara çıxarırlar.

Onu da deməliyəm ki, bu gün Azərbaycanda əntiq əşyalar alveri ilə məşğul olan şəxslər və alqı-satqı məntəqələri də yetərincədir. Əfsuslar olsun ki, onların da fəaliyyətinə və mal dövriyyəsinə nəzarət yox dərəcəsindədir. Bəli, nə qədər acı həqiqət olsa da, XIX əsrin sonlarında Avropadan olan dələduz-işbazlar tərəfindən tarixi-mədəni irs nümunələrimizin talan edilərək alver predmetinə çevrilməsi işi indi də şəxsiyyəti və kimliyi hələ ki, bəlli olmayan bir para özümüzkülər tərəfindən, həm də daha geniş miqyasda davam etdirilməkdədir.

Yuxarıda artıq qeyd olunduğu kimi, “qara arxeologiya” ilə məşğul olanların əksəriyyətinin əlində müasir cihazlar var. Halbuki, arxeoloji tədqiqatlarla məşğul olan yeganə rəsmi qurumun - AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun bir ədəd nəinki müasir, heç köhnə nəsildən olan texniki avadanlığı belə yoxdur. Maraqlıdır, həmin cihazlar hansı kanallarla ölkəyə gətirilir?! Necə olur ki, kifayət qədər bahalı qiymətə olan o cihazlar ayrı-ayrı imkansız insanların əlinə keçir?! Hesab edirik ki, bütün bu qanunsuzluqların arxasında bir para vəzifəli və imkanlı şəxslər durur. Qızılaxtaranları “silahlandıraraq” abidələrimizi dağıtmağa sövq edən, şirnikləndirən də məhz həmin sapı özümüzdən olan baltalardır.

Məlum olduğu kimi, ölkə ərazisindəki tarixi-mədəni irsin qorunması işinə birbaşa olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti cavabdehdir. Həmin qurumun isə rayonların hər birində ən çoxu 3-4 əməkdaşı var. Təbiidir ki, bir ədəd xidməti maşını belə olmayan həmin əməkdaşlar gecə-gündüz hərəkətdə olsalar belə, xidməti ərazilərindəki çoxsaylı tarixi abidələrin mühafizəsini təşkil edə bilməzlər. Odur ki, bu sahədə nəzarət və idarəçiliyi təkmilləşdirmək məqsədilə təcili olaraq effektli tədbirlər görülməlidir. Amma bununla da kifayətlənmək olmaz. Maarifçilik işi də gücləndirilməlidir. Uşaqdan böyüyədək hər kəs əcdadlarımızın tikdiyi, qurub yaratdığı, qoruyaraq, yaşadaraq, əzizləyərək nəsildən-nəsilə ötürmüş olduğu bu dəyərləri gələcək nəsillər üçün yaşatmağın məsuliyyətini dərk etməlidir. Rayon rəhbərləri də, bələdiyyələr də, yerli icra nümayəndələri də, sahə müvəkkilləri də, kənd ziyalıları da, bir sözlə, bütün ictimaiyyət tarixi-mədəni irsimizə sahib durmağı özünə borc bilməlidir. Əfsuslar olsun ki, hələlik real vəziyyət heç də belə deyildir.

Tarixi-mədəni irsimizin “qara arxeologiya” ilə məşğul olanlar və qızılaxtaranlar tərəfindən dağıdılmasının miqyasının sürətlə artması, bu cür neqativ hallara münasibətdə aidiyyəti dövlət orqanlarının və yerli hakimiyyət strukturlarının, yumşaq desək, səsiz qalmaları ondan xəbər verir ki, artıq həyəcan təbili səsləndirmək vaxtıdır. Biz göz görə-görə tarixi-mədəni irsimizin ayrı-ayrı dələduzlar və işbazlar tərəfindən dağıdılmasına yol verə bilmərik. Qoy, hər kəs zəhmət çəkib vəzifə və vətəndaşlıq borcunu yerinə yetirsin. Bunu etməyənlərlə isə qanunun dili ilə rəftar olunmalıdır.

Qafar Cəbiyev,
AMEA Arxeologiya və Antropologiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor
azpolitika.info
 
Ardını oxu...
Xalq artisti Flora Kərimova həmkarı, "Şöhrət" ordenli xanəndə Zeynəb Xanlarovanın müdafiəsinə qalxıb. O, 88 yaşlı müğənninin ünvanına səslənən tənqidlərlə razılaşmadığını bildirib.

Flora Kərimova bu barədə "Elgizlə izlə" verlişində danışıb.

Xalq artisti Zeynəb Xanlarovanın Azərbaycan mədəniyyətinin yorulmaz təbliğatçısı olduğunu bildirib: "Zeynəb Xanlarova təkcə Amerikada deyil, hətta Afrikada da Azərbaycanı təbliğ edib. İndi Zeynəb xanımın haqqında yüz fikir yazırlar. Guya uşaq pulunun verilməsinə qarşı çıxıb, nəyəsə etiraz edib. Bunlar hamısı yalandır. Zeynəb Xanlarova həmişə xalqın sözünü deyib".

Verlişin aparıcısı Elgiz Əkbər də Flora Kərimovanın fikirlərini dəstəkləyib. O, Zeynəb Xanlarovanın müsiqi dühası olduğunu bildirib. //Yenisabah.az

Dünyapress TV

Xəbər lenti