Tanınmış psixoloq Nizami Orucovun Bakının Nəsimi rayonu, Cavadxan küçəsi, 15 ünvanında 3 il 5 aydır, hərəkətsiz qalan avtomobilinə yazılan 290 manat cərimə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən silinib.
N.Orucov bu barədə Pravda.az-a özü məlumat verib.
“Sosial şəbəkədə etdiyim müraciətimə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən dərhal həmin gün cavab verildi. Sözün açığı, buna çox təəccübləndim ki, belə operativ əlaqə saxladılar. Həm Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev, həm də Müayinə mərkəzinin baş dövlət avtomobil müfəttişi, polis mayoru Kamal Əhmədli mənimlə əlaqə saxladı. Ətraflı məlumat verdilər ki, niyə belə bir hadisə qeydə alınıb. İzah etdilər ki, “İ-Patrul” sistemi hərəkətdə oldu-olmadı, hansı vəziyyətdə olmasından asılı olmayaraq texniki baxışdan keçməyən bütün maşınların nömrələrini avtomatik oxuyub qeydə alır. Bildirdilər ki, texniki cəhətdən nasaz olduğu üçün həmin avtomobillə bağlı BDYPİ-yə məlumat verilməli idi, belə halda qeydiyyat nömrəsi cəriməyə düşməzdi. Həmçinin bildirdilər ki, çəkilişlər avtomatik baş verib, maşın istifadə edilmədiyi üçün qərarlara xitam veriləcək. Elə ilk iş günü, yəni yanvarın 22-də cərimələrlə bağlı qərarların hamısına xitam verildi. Mən də polis övladıyam, buna baxmayaraq, bilirəm ki, cəmiyyətimizdə polislər haqqında müəyyən stereotiplər çoxdur. Amma biləsiniz ki, tam qanun çərçivəsində hamısı həll olundu. Buna görə BDYPİ-nin rəhbərliyinə, əməkdaşlarına təşəkkürümü bildirirəm”, - o deyib.
15-ə yaxın kəndin sakinlərinin mütəmadi istifadə etdiyi Göyçay-Bərgüşad avtomobil yolu getdikcə bərbad hala düşür.
2017-ci ildə yolda təmir işləri start götürsə də, bu günə qədər başa çatmayıb.
Sürücülər də bu yararsız yoldan istifadə etmək məcburiyyətində qalırlar.
Onların sözünə görə, yolun bu vəziyyətdə olması səbəbindən tez-tez avtoqəzalar da baş verir. Məsələ ilə əlaqədar Avtomabil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli “Xəzər Xəbər”ə açıqlama verib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Liberiya bayrağı altında üzən “Peria” neft tankerinin nasazlığı Bosfor boğazında nəqliyyatın hərəkətini dayandırıb.
Məlumata görə, Türkiyə Sahil Mühafizəsi tanker təhlükəsiz yerə çəkilənə qədər boğazdan keçən nəqliyyatın hər iki istiqamətdə dayandırıldığını bildirib.
“Peria”nın İstanbul vilayətinin Qara dəniz limanından İzmirin Əliağa limanına getdiyi məlum olub. 250 metrlik tanker şimal-cənub istiqamətində hərəkət zolağının mərkəzi hissəsində qalıb. Onu kənara çəkmək üçün iki yedək və bir sahil mühafizə gəmisi göndərilib. “Peria”nın sahilə doğru çəkilməsindən sonra hərəkətin bərpa ediləcəyi qeyd olunub.
Beynəlxalq axtarışda olan şəxs Kolumbiyada tutularaq Azərbaycana ekstradisiya edilib.
Bu barədə Ədliyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Belə ki, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin (AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi) törədilməsində ittiham edilərək beynəlxalq axtarışa verilmiş Sənan Şəkərlinin yeri Kolumbiya Respublikasında müəyyən olunub və o, həbs edilib.
Nazirlik tərəfindən həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı müvafiq sorğu göndərilib, Kolumbiyanın səlahiyyətli orqanları ilə danışıqlar aparılıb və beynəlxalq prosedurlara əsasən bütün tələb olunan zəmanətlər təqdim edilib, bu işdə diplomatik korpusumuz tərəfindən lazımi dəstək göstərilib. Kolumbiya tərəfi ekstradisiya sahəsində müqavilə-hüquq bazasının olmamasına baxmayaraq, Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi yüksək nüfuzunu və qarşılıqlıq prinsipinə dönmədən riayət edilməsini nəzərə alaraq təslimetmə ilə bağlı müsbət qərar verib və Latın Amerikasından ilk dəfə ekstradisiya həyata keçirilib. S.Şəkərli Kolumbiyadan birbaşa uçuş reysi olmadığından Türkiyə ilə razılığa gəlinərək qardaş ölkə vasitəsilə tranzit olunaraq yanvarın 21-də nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Azərbaycana gətirilib və o, məhkəmənin həbs qərarına əsasən Bakı İstintaq Təcridxanasına yerləşdirilib.
Bununla da cinayətkarlıqla mübarizədə müstəsna rolu olan cəzanın labüdlüyü prinsipi təmin edilməklə cinayətkarların özlərini istənilən yerdə azad və təhlükəsizlikdə hiss etmələrinin qarşısı alınır.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.
Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, fevralın 7-də keçiriləcək prezident seçkilərindən sonra hökumətin tərkibi yenidən formalaşacaq. Bu proses həmişə dəyişikliklərlə müşahidə olunduğu üçün hökumət üzvlərindən kimin gedib, kimin qalacağı yenə müzakirə mövzusudur.
Yenisabah.az hakimiyyətdəki mənbələri sayəsində vəzifəsini itirəcək hazırkı hökumət üzvlərindən birinin adını dəqiqləşdirə bilib. Elm və təhsil naziri Emin Əmrullayevin yeni hökumətdə təmsil olunmayacağı məlum olub. Gənc nazirin daha təcrübəli elm adamlarından biri ilə əvəzlənməsinə qərar verilib. Mənbə E.Əmrullayevin "vurulmasını" təhsil sektorunda köklü islahatların aparılmaması ilə əlaqələndirib. Onun sözlərinə görə, imitasiya xarakteri daşıyan islahatlar bu sektorda ciddi dəyişikliyə səbəb olmadığı üçün gənc nazirin yola salınmasına qərar verilib. Qeyd edək ki, təhsil sahəsindəki problemlər son vaxtlar daha yüksək səslə dilə gətirilir. Artıq Milli Məclisin tribunasında da bu barədə açıq mətnlə danışılır. Ötən gün isə bu məsələ prezidentliyə namizədlərin İTV-də baş tutan debatında əsas müzakirə mövzusu olub. Prezidentliyə namizəd, Milli Məclisin bitərəf deputatı Zahid Orucun problemə geniş yer ayırması təsadüfi sayıla bilməz. Digər opponentləri ilə müqayisədə hakimiyyətin mətbəxinə daha yaxından bələd olan Zahid Orucun öz çıxışında elm və təhsil sektorunda mövcud olan problemlərə geniş yer ayırması, repetitorluq institunun genişlənməsindən danışması, "müəllimlər və şagirdlər məktəbə qayıtmalıdır" məzmunlu bəyanat səsləndirməsi analitiklər üçün uzağagedən nəticələr çıxarmağa əsas verib. Siyasətdə çoxillik staja malik olan Orucun hədəfi düz vurub-vurmadığı isə yaxın vaxtlarda bəlli olacaq.
Azərbaycan Tibb Universiteti (ATU) “Progress İnşaat EN” MMC-dən 88 146 manatlıq hədiyyə alacaq.
Valyuta.az xəbər verir ki, şirkət bununla bağlı ATU-nun elan etdiyi tenderin qalibi seçilib.
Şərtlər toplusundan məlum olur ki, universitetin alacağı hədiyyələrə bloknot, qələm, qələm üçün qutu, karandaş dəsti, flayşkart, fincan, armudu stəkan dəsti, suvenir boşqab, paket və qovluqdan ibarətdir.
“Proqress İnşaat EN” MMC haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinməsə də, adından da göründüyü kimi inşaat şirkətidir.
Dövlət satınalmalarının vahid elektron portalında yerləşdirilən elanlardan da görünür ki, şirkətin qalib gəldiyi tenderlər əsasən təmir-tikinti işləri ilə bağlıdır.
Şirkət bundan əvvəl ATU-nun da təmir işləri ilə bağlı tenderinin qalibi olub.
Belə aydın olur ki, inşaat şirkəti həm də dəftərxana ləvazimatlarının satışını həyata keçirir. Bu bir qədər inandırıcı görünmür.