Həftəlik "L'Express" qəzetinin keçmiş baş redaktoru və naşiri, məşhur fransız jurnalisti Filip Qrumbaxın (1924-2003) sovet kəşfiyyatı ilə 35 il əməkdaşlıq etdiyini üzə çıxaran araşdırma məqaləsi dərc olunub.
Bu yaxınlarda Mitroxin arxivinin sənədləri arasında Filip Qrumbaxın məxfi həyatına dair istinadlar tapılıb. Orda SSRİ DTK-nın Birinci Baş İdarəsinin arxiv şöbəsinin əməkdaşı Vasili Mitroxin tərəfindən oğurlanaraq Qərbə ötürülən sovet kəşfiyyatının məxfi sənədlərinin çoxlu nüsxələri olub.
Kembricdəki (Böyük Britaniya) Çörçill Kollecində saxlanılan bu arxiv üzrə araşdırmalar 1990-cı illərdə başlanıb və tədricən ictimaiyyətə açıqlanıb, Sovet kəşfiyyatının Avropa ölkələrində, xüsusən də Fransada fəaliyyətinin kifayət qədər dolğun mənzərəsini yaratmağa kömək edib.
Filip Qrumbax orada həm öz adı ilə, həm də "Brok" əməliyyat təxəllüsü ilə tanınır.
O, 1946-cı ildə işə götürülüb və o vaxtdan jurnalist kimi fəaliyyətindən və siyasi dairələrdə sıx əlaqələrdən maksimum yararlanaraq, nəinki məlumat toplayıb ötürüb, həm də lazımi insanlara təsir edərək, Fransa siyasətinə təsir göstərməyə çalışıb.
İşğal zamanı "Amerikanın Səsi" radiosunda işləyən bir parisli azad edildikdən sonra parlaq jurnalist karyerasına imza atır. O, AFP (1946-1948), "Liberation" (1948-1949), "L'Express" (1954-1963). "Le Figaro"da (1984-1989) uğurlu karyera qurur. O, həmçinin öz həftəlik nəşri olan "Pariscope"u (1965) da yaradır. Çoxsaylı komissiyalarda və dövlət şuralarında oturur. O, kino prodüseri idi, xüsusən də 1982-ci ildə Klod Şabrolun "Şapkaçının kabusları" filmini nümayiş etdirir, bu filmdə öz təbiətini hörmətli vətəndaş adı altında gizlədən serial qatilindən bəhs edir. Özü də eyni ikili həyatı yaşayır.
Çox sevilən və hörmət edilən, "jurnalistikanın aristokratı" adlandırılan Qrumbax iki prezidentin - Valeri Jiskar d'Esten və Fransua Mitteranın qeyri-rəsmi sirdaşı və müşaviri olur.
Filip Qrumbax ömrünün sonuna qədər bütün şübhələrdən kənarda qalır. O, 79 yaşında vətəni Parisdə mədəniyyət xadimlərinin, siyasi dostlarının və jurnalist yoldaşlarının əhatəsində vəfat edib. "Fransız jurnalistikasının ən görkəmli və ən hörmətli simalarından biri" deyə o vaxtkı mədəniyyət naziri Jan-Jak Ayaqon vida nitqində bildirir.
Dünən onun nekroloqları yenidən yazılmağa başlayıb. "L'Express"in hazırkı baş redaktoru Etyenn Girard redaksiya məqaləsində keçmiş həmkarını "V Respublikada əsas sovet casuslarından biri" adlandırır.... \\Qaynarinfo
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
“Erməni təcavüzünə qarşı Şadlinskinin müqavimət hərəkatı” adlı süjetdə 1918-1920-ci illərdə özünə Qafqazda dövlət qurmaq istəyən ermənilərin Qərbi Azərbaycanda, o cümlədən Vedibasarda yerli əhali olan azərbaycanlılara qarşı soyqırımı törətməsindən, Böyük Vedi hadisələrindən bəhs edilir.
Bildirilir ki, 1918-ci ilin əvvəllərində Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur və digər ərazilərdə daşnak-erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımlarının baş alıb getdiyi şəraitdə xalq içərisində böyük nüfuzu olan Abbasqulu bəy Şadlinski Vedidə erməni-daşnak quldur dəstələrinə qarşı könüllü xalq birləşməsi – gələcək "Qırmızı tabor"u təşkil edib.
Qeyd olunur ki, ermənilər törətdikləri cinayətləri, qətliamları qarşı tərəfin ayağına yazmaq vərdişini milli xüsusiyyətə çeviriblər və 1919-cu ildəki Vedi hadisələri buna nümunədir.
Süjetdə “Böyük Vedi əməliyyatı”nın uğursuzluğuna aydınlıq gətirilir: “1918-ci ilin payızında daşnaklar Yaycı kəndinə basqın zamanı məğlubiyyətə uğrayırlar. Bundan qəzəblənən daşnaklar Əmovu kəndinə hücum edir, qadınlara, qocalara və uşaqlara qanlı divan tutub qılıncdan keçirir, 200-dən çox adamı öldürüb quyulara atırlar. Daşnaklar basqın etdikləri kəndləri viran qoyurdular. 1918-1920-ci illərdə Zəngibasarda 48, Vedibasarda 118, Dərələyəzdə 74, Şərurda 76 kənd dağıdılıb yandırılıb. Azərbaycan kəndlərində yarım milyondan çox əhali pərən-pərən düşüb”.
Vurğulanır ki, erməni mənbələrində Böyük Vedi hadisələri ilə bağlı məlumatların yalan olduğu üzə çıxır: “Azərbaycanlılar Abbasqulu bəy Şadlınskinin komandanlığı ilə ciddi müqavimət göstərib erməniləri yerlərində oturdublar. Daşnaklar törətdikləri cinayətlərə, qətliamlara baxmayaraq Vedi əhalisini ram edə bilməyiblər. Məhz bu acığa görə bu hadisəni üsyan kimi qələmə verib, azərbaycanlıların erməni və assurlara qarşı soyqırımı etdiklərini uydururlar. Gerçək budur ki, 1918, 1919, 1920-ci illərdə Vedibasar, Dərələyəz və Naxçıvan dinc əhalisini, bütövlükdə Qərbi Azərbaycanın hər yerində soyqırımı ermənilər törədib. Bunu elə Ararat hökümətinin başçısı da etiraf edib. Daşnak hökümətinin Baş naziri Kacanzuni yazır ki, biz Ağbaba kimi maldarlıq rayonunu, Şərur kimi taxıl mənbəyini, Vedibasar kimi bağlı-bostanlı meyvəli kəndləri darmadağın etdik. Ermənilər isə öz gerçək tarixini yox, nağılları öyrənmək və təbliğ etməklə məşğuldular”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında fevralın 14-də saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.
Paytaxtın Nəsimi rayonu, Rəşid Behbudov küçəsində, bahalı avtomobilin sürücüsü maşının şüşələrinə plyonka vurduğu üçün saxlanılıb.
“Unikal”ın məlumatına görə, “Mercedes Maybach” markalı, 10-RF-010 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü polis əməkdaşlarına müqavimət göstərməyə cəhd edib.
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib ki, “Mercedes” markalı 10-RF-010 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkdiyi üçün ərazidə xidmət aparan yol polisi əməkdaşları tərəfindən saxlanılıb.
“O, “saxla” əmrinə məhəl qoymayaraq hərəkətini davam etdirib. Görülən tədbirlər nəticəsində həmin nəqliyyat vasitəsi saxlanılaraq cərimə meydançasına yerləşdirilib. Məsələ ilə bağlı ətraflı məlumat veriləcək. Sürücünün şəxsiyyəti araşdırılır”, - deyə qurum rəsmisi qeyd edib.
Sumqayıt şəhərində özünü 5-ci mərtəbədən atan şəxs sağ qalıb.
“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 41-ci məhəlləsində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 2003-cü il təvəllüdlü Elvin Vüqar oğlu Mürvətov yaşadığı mənzilin eyvanından özünü ataraq intihara cəhd edib. Binanın 5-ci mərtəbəsindən düşməsinə baxmayaraq, o sağ qalıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Bakının Nizami rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, avtomobil yolu keçən 1994-cü il təvəllüdlü Kamran Bayram oğlu Dəmirovu vurub.
Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma və açıq kəllə-beyin travması diaqnozları qoyulub. Hadisənin təfərrüatı araşdırılır.
Bu gün Bakıda oğlu tərəfindən qətlə yetirilən 59 saylı məktəbin direktoru Əhmədova Bikə Bədəl qızı ilə bağlı redaksiyamıza yeni məlumat daxil olub.
TEREF bildirir ki, Bakupost.az-a verilən məlumata görə, mərhum Bikə Əhmədova Moskvadakı "Bakı bulvarı" restoranlar şəbəkəsini işlədən Niyaz Bədəlovun bacısıdır.
O da bildirilir ki, Niyaz Bədəlov tanınmış azərbaycanlı milyarder Qod Nisanovun Moskvadakı biznesini idarə edir.
Əslən Neftçaladan olan Niyaz Bədəlovun imkanlı və uğurlu iş adamı olduğu qeyd olunur.
Bu gün Bakıda ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədovla bağlı daha bir fakt bəlli olub.
TEREF bildirir ki, Bakupost.az-a daxil olan məlumata görə, Əhməd bir müddət bundan əvvəl də cinayət törədib.
Belə ki, onun yaxın dostunu bıçaqladığı bildirilir. Deyilənə görə, hadisəyə səbəb dostunun Əhmədin ünvanına söyüş söyməsi olub.
Məlumatda o da bildirilir ki, o zaman tərəflər məsələni öz aralarında həll ediblər.
Qeyd edilir ki, güləşlə məşğul olan Əhməd vaxtilə Azərbaycan çempionu olub. Onun qətlə yetirdiyi və əslən Qazax rayonundan olan atası Mehman Əhmədovun da idmançı olduğu bildirilir.
52 yaşı olmasına baxmayaraq, güclü və fiziki cəhətdən sağlam olan Mehman Əhmədovun oğlu tərəfindən necə qətlə yetirməsi də ailəni tanıyanların təəccübünə səbəb olub.
Dağıstanın Kazbekovski rayonunda 15 nəfər kafedə yeməkdən zəhərlənib.Foodinfo.az xəbər verir ki, bu barədə rayon icra hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.“Hazırda dördü uşaq olmaqla, ümumilikdə yeddi nəfər xəstəxanada müalicə alır. 5-i uşaq olmaqla 8 nəfər evdə ambulator müalicə alır. Bütün xəstələr Dılım kəndindəki iaşə məntəqələrindən birində yemək yeyib” deyə məlumatda bildirilir.
Bakıda qətl baş verən ailənin daha iki üzvünün öldürüldüyü məlum olub.
APA xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib. Xəbərə görə, davam etdirilən araşdırmalarla paytaxtın Xətai rayonunda valideynlərini və qardaşını qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədovun bu cinayəti törətməzdən əvvəl başqa bir ünvanda bacısı - 1997-ci il təvəllüdlü Əhmədova Elmira Mehman qızını və onun azyaşlı övladını eyni üsulla qətlə yetirməsi müəyyən edilib.
Qətlə yetirilən qız uşağının 5 yaşı olub.
***
18.20
Bakıda 3 nəfər ailə üzvünü qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Xətai rayon prokurorluğundan APA-ya verilən məlumata görə, fevralın 13-də saat 16 radələrində paytaxtın Xətai rayonu ərazisində 3 nəfərin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası 1972-ci il təvəllüdlü Mehman Əhmədova, anası 1977-ci il təvəllüdlü Bikə Əhmədovaya və 2015-ci il təvəllüdlü azyaşlı qardaşına balta ilə xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
***
17.27
Bakıda oğlu tərəfindən qətlə yetirilən qadın məktəb direktoru olub.
APA xəbər verir ki, qətlə yetirilən Bikə Əhmədova Xətai rayonu 59 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışıb.
Hadisə ailənin Xətai rayonu, General Şıxlinski küçəsi 29 ünvanında olan evlərində qeydə alınıb. Ailədə olan münaqişənin qətllə nəticələndiyi bildirilir.
Ailənin böyük oğlu, 1999-cu il təvəllüdü Əhməd Əhmədov balta ilə anası Bikə Əhmədovanı, atası Mehman Əhmədovu və 2015-ci il təvəllüdlü Məhəmməd Məmmədovu qətlə yetirib.
Hadisə barədə polisə qonşular məlumat verib.
Hazırda hadisə yerinə hüqüq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, istintaq hərəkətləri aparılır.
***
16.58
Fevralın 13-də saat 16:30 radələrində paytaxtın Xətai rayonunda 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlunun, 1977-ci il təvəllüdlü Əhmədova Bikə Bədəl qızının və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətindən bildirilib. Xəbərə görə, ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.